EYVAZ BORÇALI YARADICILIĞI: POEZİYASI (KİÇİK VƏ BÖYÜK NƏZM FORMALARI), SSENARİLƏRİ VƏ TƏRCÜMƏLƏRİ (II hissə)

EYVAZ BORÇALI YARADICILIĞI: POEZİYASI (KİÇİK VƏ BÖYÜK NƏZM FORMALARI), SSENARİLƏRİ VƏ TƏRCÜMƏLƏRİ  (II hissə)

(ƏVVƏLİ BURADA:)

2. EYVAZ BORÇALININ SSENARİLƏRİ

Eyvaz Borçalının 1971-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində təsis edilmiş “Mozalan” satirik kino-jurnalı üçün yazılmış ssenariləri yaradıcılığında qələmə almış olduğu nəzm nümunələri kimi maraq kəsb edir. “Mozalan” satirik kino-jurnalında indiyə qədər 180-dən çox nömrə istehsal olunmuşdur ki, onlardan onu “Mozalan” satirik kino-jurnalının ilk baş redaktoru olmuş Eyvaz Borçalıya aiddir. Eyvaz Borçalının “Müstəntiq və məntiq” (Mozalan № 4, 1971, rejissoru Oqtay Mirqasımov), “İki dəfə iki” (Mozalan № 11, 1973, rejissoru Fikrət Əliyev), “Yolum düşdü” (Mozalan № 20, 1974, rejissoru Pərviz Cəfərov), “Yanğın” (Mozalan № 27, 1975, rejissoru Teymur Bəkirzadə), Vidadi Paşayevlə ssenarisini birgə qələmə almış olduğu “Məşədi İbad-80, yaxud köhnə tanışlar” (Mozalan № 54, 1980, rejissorları Şamil Mahmudbəyov, Ceyhun Mirzəyev), “Bumeranq” (Mozalan № 69, 1982, rejissoru Vaqif Mustafayev), “Sübut” (Mozalan № 70, 1982, rejissoru Vaqif Mustafayev), “Yanlış da bir naxışdır” (Mozalan № 84, 1984, rejissoru Ceyhun Mirzəyev), “Bəhrə” (Mozalan № 90-91, 1984, rejissorları Ziyafət Abbasov, Rasim Ocaqov), “Özünü ifşa” (Mozalan № 104, 1986, rejissoru Cahangir Zeynalov) kimi ssenarilərin süjetləri bədii və sənədli olması ilə diqqəti cəlb edirlər. Ədibin əsas məqsədi “Mozalan” satirik kino-jurnalı üçün qələmə almış olduğu ssenarilərdə cəmiyyətdəki neqativ halları açıqlamaq, ictimai əyər-əksiklikləri komik şəkildə, satirik dillə ictimaiyyətin nəzərinə çatdırmaq idi. Eyvaz Borçalı “Mozalan” satirik kino-jurnalının onun həyatına etdiyi təsiri müsahibələrinin birində ürək ağrısı və təəssüf hissi ilə vurğulamışdır: “Əslində, mən sırf ədəbiyyatla məşğul olmalı idim. Təəssüf ki, “Mozalan” satirik kino-jurnalı bu gün mənim ədəbiyyatçı kimi tanınmağıma imkan vermədi”. [18]
E. Borçalının ssenari müəllifi olduğu “Azərbaycan tütünü” (1976, rejissoru Oqtay Babazadə) qısametrajlı sənədli televiziya filmi adından göründüyü kimi Azərbaycan tütünçülərinin fəaliyyətini əks etdirir.
Eyvaz Borçalının Arif Qazıyevlə birgə yazdığı “Kəpəz” (1972, rejissoru Arif Qazıyev) qısametrajlı sənədli televiziya filmi güclü zəlzələ nəticəsində yaranmış, 3030 metr hündürlüyü olan, Ağsu çayının mənbəyində yerləşən Kəpəz dağından, Göygöl, Maralgöl və digər dağ göllərindən bəhs edir.
Ədibin “Qəhrəmanlara eşq olsun!” (1981, rejissoru Xamiz Muradov) qısametrajlı sənədli filminin ssenarisini də qələmə almışdır. Film Sovet İKP-nin XXVI və Azərbaycan KP XXX qurultaylarını əks etdirmişdir. Sənədli filmdə kənd əməkçilərinin onuncu beşillikdə sosializm yarışına başçılıq edən və rekord məhsul götürülməsini təmin edən respublikamızın Abşeron, Bərdə, Sabirabad və Ağcabədi rayonlarının partiya təşkilatları, həmin rayonların əmək qəhrəmanları olmuş İ. Məmmədov, T. Hümbətova, R. Səfərəliyev və digər əmək qəhrəmanlarını ictimaiyyətə tanıdır.
Eyvaz Borçalının Abdulla Şaiqin müəllifi olduğu “Tülkü həccə gedir” eyniadlı nağılı əsasında “Tülkü həccə gedir” (1971, rejissorları Nazim Məmmədov, Bəhmən Əliyev) cizgi filminin ssenarisini qələmə almışdır. Cizgi filmi də A. Şaiqin qələmə aldığı kimi qocalıb əldən düşmüş tülkünün özünə yem əldə etməsi üçün fikirləşib həyata keçirdiyi məkrli fəndi əks etdirir. Cizgi filmi əsərdə olduğu kimi məkrli insanların cilddən-cildə girə bilməsini göstərməyə nail ola bilir. Qeyd etmək lazımdır ki, Eyvaz Borçalının “Tülkü həccə gedir” cizgi filminin ssenarisi ekranlaşdırılmışdır.
“Usta Aslan” (1972, rejissoru Zeynəb Kazımova) qısametrajlı sənədli filmin ssenarisi də Eyvaz Borçalıya məxsusdur. Film tanınmış inşaatçı, Sosialist Əməyi Qəhrəmanı, Sumqayıt şəhərinin fəxri vətəndaşı, bu şəhərin ilk inşaatçısı Aslan Osmanov haqqındadır. Film Aslan Osmanovun əmək fəaliyyətinə geniş nəzər sala bilir.


3. EYVAZ BORÇALININ TƏRCÜMƏÇİLİK FƏALİYYƏTİ, TƏRCÜMƏLƏRİ

Aleksandr Puşkinin “Yevgeni Onegin” mənzum romanı, “Baxçasaray fontanı”, “Qaraçılar”, “Tunc atlı”, “Qafqaz əsiri”, “Ruslan və Lüdmila” poemalarını, “Peyğəmbər”, “Kazak”, “Çaadayevə” və s. şeirlərini, “Oxuma gözəl” romansını, Sergey Yeseninin “Fars havaları” kitabını, “İran nəğmələri” silsiləsinə daxil olan on beş şeirini, yəni «Улеглась моя былая рана...», «Я спросил сегодня у менялы...», «Шаганэ, ты моя, Шаганэ...», «Ты сказала, что Саади...», «Никогда я не был на Босфоре...», «Свет вечерний шафранного края...», «Воздух прозрачный и синий...», «Золото холодное луны...», «В Хороссане есть такие двери...», «Голубая родина Фирдуси...», «Быть поэтом– это значит то же...», «Руки милой – пара лебедей...», «Отчего луна так светит тускло...», «Глупое сердце, не бейся...», «Голубая да веселая страна...» şeirlərini, M.Y. Lermontovun “Qannı”, “Fərari”, “Hacı Abrek”, “Mtsıri”, “İblis” poemalarını, “Qafqaz” və digər şeirlərini ana dilimizə çevirmişdir. S. Yeseninin “İran nəğmələri” silsiləsinə daxil olan şeirlərdən beşi şairin Bakıya son səfəri zamanı, yəni 28 iyul - 3 sentyabr 1925-ci il tarixlərində qələmə alınmış, nəşr edilmişdir.
S. Yeseninin yaxın dostu P.İ. Çaqinin qızı Rozaya həsr olunmuş “Голубая да веселая страна...” şeiri ana dilimizə “Nəşəli məmləkət, mavi məmləkət” kimi tərcümə edilərək ictimaiyyətə təqdim edilmişdir. Eyvaz Borçalı tərcümə zamanı hərfi tərcümədən uzaq olmağa çalışmış, şeiri özünəməxsus şəkildə tərcümə etmişdir. Məsələn, şeirin elə ilk bəndinə nəzər salaq:
Голубая да веселая страна.
Честь моя за песню продана.
Ветер с моря, тише дуй и вей
– Слышишь, розу кличет соловей?

Nəşəli məmləkət, mavi məmləkət,
Şərəfim nəğməyə satıldı xəlvət.
Eşit ey gilavar, yavaşı, sökül,
Gülünü səsləyir o yanda bülbül.
Şeirin bu bəndinə nəzər saldıqda, tərcümənin dəyişikliyə uğrayaraq tərcümə edilməsi diqqətdən qaçmır. “Голубая да веселая страна” “mavi, həm də meһriban diyar” mənasını ifadə edir. “Şərəfim nəğməyə satıldı xəlvət” kimi tərcümə edilən sətirdə xəlvət sözü işlənilməmişdir: “Честь моя за песню продана.” Halbuki, tərcümə edilsə “Şərəfim nəğmə üçün satılıb” kimi tərcümə edilməli idi. “Слышишь, розу кличет соловей?” sətrində isə “Eşidirsənmi, bülbül gülü çağırır?” kimi məna ifadə etməsinə rəğmən, Eyvaz Borçalı “eşidirsənmi” sözünü işlətməmiş, “Gülünü səsləyir o yanda bülbül” kimi tərcümə etmişdir.
E. Borçalı “Ветер с моря, тише дуй и вей” misrasını “Eşit ey gilavar, yavaşı, sökül” kimi tərcümə etmişdir. Şeirin “İran motivləri” silsiləsindən olmasını nəzərə alsaq, S. Yeseninin işlətdiyi “Ветер” sözünü “gilavar” kimi vermək olar. Bəllidir ki, gilavar il ərzində, əsasən yay aylarında müşahidəsi mümkün olan, Azərbaycanın şərq ərazisində, xüsusən də Abşeron yarımadasında, Şamaxı rayonu ərazisində qurudan dəniz istiqamətinə əsən isti cənub küləyidir. Tədqiqatçılar Eyvaz Borçalının “Ветер” sözünü “gilavar” kimi tərcümə edilməsinə siyasi don geyindirməyə cəhd etmişdilər: “...küləyin gilavar kimi verilməsi. Bu, lazımsız “azərbaycanlaşdırma” kimi diqqəti cəlb edir”. [16, 8] Qeyd etmək lazımdır ki, bu məqamda Eyvaz Borçalını süni şəkildə “azərbaycanlaşdırma”ya cəhd etməsi kimi göstərilməsi doğru deyil. Misranın bu cür tərcümə edilib təqdim edilməsi müəllif interpretasiyası kimi də, müəllif təxəyyülünün məhsulu kimi dəyərləndirmək lazımdır.
Rus şairinin “Глупое сердце, не бейся...» adlı şeir isə “Dəli könlüm, abdal könlüm, uçunma!” kimi tərcümə edilmişdir. Şeirin adının tərcüməsində “Глупое сердце” kimi təqdim edilən söz birləşməsi müəllif tərəfindən “dəli könlüm, abdal könlüm” kimi tərcümə edilərək təqdim edilmişdir. Yəni ya “dəli könlüm”, ya da “abdal könlüm” kimi söz birləşməsinin biri ilə kifayətlənməli idi. Qeyd etmək lazımdır ki, Eyvaz Borçalının “Dəli könlüm” adlı şeiri var. Şair həmin şeirdə də tərcümə etdiyi şeir nümunəsindəki kimi “bəsdi, abdal könül, belə uçunma” fikrini qələmə almışdır:
Bəsdi, abdal könül, belə uçunma,
Nə mən Yeseninəm, nə sən o ürək;
Kürəyə sancılan ağrı ucundan
Yaralı sığırtək bör-bör böyürək. [5, 55]
Müəllif qələmə aldığı şeirdə S. Yeseninin də adını çəkir. Sergey Yeseninin “Глупое сердце, не бейся...» şeirinin tərcümə nümunəsinə diqqət yetirək:
Глупое сердце, не бейся!
Все мы обмануты счастьем,
Нищий лишь просит участья
Глупое сердце, не бейся.

Dəli könlüm, abdal könlüm, uçunma!
Hamımızı umsuq qoyub səadət.
Dilənçi də umur ancaq mərhəmət,
Dəli könlüm, abdal könlüm, uçunma!
Sergey Yeseninin qələmə aldığı bu şeirdə “Все мы обмануты счастьем” sətri “Səadət tərəfindən hamımız aldanılmışıq” mənasında işlədilməsini nəzərdə tutsa da, Eyvaz Borçalı tərəfindən “Hamımızı umsuq qoyub səadət” kimi tərcümə edilmişdir. “Umsuq” sözü də ümidini boşa çıxarmaq, aldatmaq, umsundurmaq mənalarını bildirir.
Eyvaz Borçalı dahi rus şairi A.S. Puşkinin “Я вас любил” şeirini “Mən sizi sevirdim” kimi tərcümə edərək ictimaiyyətə təqdim etmişdir. Şeirin tərcümə variantı şeirin orijinal variantı kimi gözəl nəzm nümunəsinə çevrilmişdir. A.S. Puşkinin bu şeirinin Azərbaycan dilli oxucularuna sevdirilməsində Eyvaz Borçalının əməyi böyükdür:
Я вас любил: любовь еще, быть может,
В душе моей угасла не совсем;
Но пусть она вас больше не тревожит;
Я не хочу печалить вас ничем.

Я вас любил безмолвно, безнадежно,
То робостью, то ревностью томим;
Я вас любил так искренно, так нежно,
Как дай вам бог любимой быть другим

A.S. Puşkinin şeirini Eyvaz Borçalı belə tərcümə etmişdir:
Mən Sizi sevirdim: eh, kim bilir, kim
Bəlkə də sönməyib hələ o eşqim.
Sizə qəm yetirmək istəməyib mən,
Eşqimdən əl üzdüm daha bu gündən.

Mən Sizi sevirdim: ümidsiz, həzin,
Qısqana-qısqana, həm ürkək-ürkək;
Mən Sizi sevirdim: allah eləsin,
Sizi bir özgəsi sevsin mənim tək! [1]
Xalq yazıçısı Elçin Eyvaz Borçalının A.S. Puşkin yaradıcılığından etdiyi tərcümələri yüksək dəyərləndirmişdir: “Tərcümə edərkən orijinalın tam surətini əldə etmək uzun yaradıcılıq prosesi tələb edir və elə buna görə də mən bizim görkəmli şairimiz Eyvaz Borçalının Puşkinlə bağlı tərcüməçilik fəaliyyətini yüksək qiymətləndirirəm”. [3] Xalq yazıçısı Elçinin fikirlərində haqlı olmasını E. Borçalının A.S. Puşkindən etdiyi tərcümələrlə yaxından tanış olduqda əmin olmaq mümkündür.
Eyvaz Borçalının Mixail Lermontovun “Пленный рыцарь” şeirini də tərcümə etmiş, “Məhbus cəngavər” kimi ictimaiyyətə təqdim etmişdir. Beş bənddən ibarət şeirə nəzər saldıqda, müəllifin tərcümənin öhdəsindən sənətkarlıqla gəlməsinin şahidi oluruq.
Молча сижу под окошком темницы;
Синее небо отсюда мне видно:
В небе играют все вольные птицы;
Глядя на них, мне и больно и стыдно.

Pəncərə altında dinməz oturub,
Məhbəsdən göyləri seyr edirəm mən.
Orda azad quşlar əndişə qurub,
Baxdıqca yanıram xəcalətimdən.
Şeirin bu bəndində müəllif şeirin mənasını saxlamaqla hərfi tərcümədən uzaq ola bilmişdir. Məsələn, bu bənddə “Синее небо отсюда мне видно» sətri tərcüməçi şair tərəfindən “Məhbəsdən göyləri seyr edirəm mən” kimi tərcümə edilmişdir. Hərfi tərcümə isə “buradan mənə mavi səma görünür” kimi olunmalı idi.
Нет на устах моих грешной молитвы,
Нету ни песни во славу любезной:
Помню я только старинные битвы,
Меч мой тяжелый да панцирь железный.

Elə bir duam yox, – dilimdə ola,
Susub, dodağımda nəğməm də dinmir.
Köhnə döyüşlərdi yadımda qalan,
Qılıncım ağırdı, zirehim dəmir.
Şeirin ikinci bəndindəki “Нету ни песни во славу любезной” sətri isə “Susub, dodağımda nəğməm də dinmir» kimi tərcümə edilmişdir. Hərfi tərcümə edilsə idi “lütfkar şöhrət vəsf edən nəğmə yoxdu” kimi olmalı id. Şeirin tərcüməsində sözlərin verilməməsi və ya mənalarının dəyişdirilərək təqdim edilməsi şeirə xələl gətirməmişdir.
Eyvaz Borçalının tərcümə fəaliyyətinə kölgə salmağa cəhd edənlər də olmuşdur. Məsələn, M.Y. Lermontovun “Dilənçi” adı ilə tərcümə edilmiş “Нищий” adlı şeirinin Eyvaz Borçalı tərəfundən düzgün tərcümə edilməməsi amili Nazim Nəsrəddinov [17] tərəfindən iddia edilmişdir. Müəllif “şeirin yazılması haqqında müxtəlif rəvayətlər, açıqlamalar, incələmələr olsa da, onlardan danışmaq fikrimiz yoxdur. Məqsədimiz diqqəti tərcümə məsələlərinə önəltməkdir” fikrini yalnız “Dilənçi” şeirinin tərcümə probleminə nəzər salacağına oxucusunu hazırlayır. Bu maraq kəsb etsə də, daha sonra müəllif üç bənddən ibarət olan şeirin Eyvaz Borçalı tərəfindən düzgün tərcümə edilməməsi kimi fikrini irəli sürməsi absurddur: “Mənə elə gəlir ki, tərcümə alınmayıb.16 yaşlı gəncin hiss və həyəcanları oxucunu təsirləndirmir.
Azərbaycan dilində tərcümə, hər nəsnədən əvvəl, dilin axıcılığı və incəliyi ilə diqqəti cəlb etməlidir.
Əlbəttə, bu fikir doğrudur ki, hər bir tərcümə orijinalla müqayisədə nöqsanlı görünür. Lakin nöqsanın faizinin az olması naminə bəzi klassik tərcümələrdə olduğu kimi, tərcüməçi yaradıcılıq nümunəsi də göstərməli, Azərbaycan dilinin gözəlliyini oxucuya hiss etdirməlidir.” Eyvaz Borçalının M.Y. Lermontovun “Dilənçi” şeirindən tərcümə etdiyi ilk bəndi müqayisə edək. M.Y. Lermontovun qələmə alındığı
У врат обители святой
Стоял просящий подаянья
Бедняк иссохший, чуть живой
От глада, жажды и страданья.
bənd Eyvaz Borçalı tərəfindən belə tərcümə edilmişdir:
Müqəddəs bir kilsə önündə biri
Sədəqə umurdu gəlib-gedəndən.
Bir sümük qalmışdı yazıq, bir dəri,
Aclığın, əzabın, dərdin içində.
Daha sonra Nazim Nəsrəddinovun oxuculara öz ümzası ilə olan tərcüməsini təqdim etdiyi şeirin ilk bəndinə nəzər salaq:
Bir kilsənin önündə
Dilənirdi dilənçi.
Ölü kimi diriydi,
Dəhşətliydi çöhrəsi.
Əksinə, Nazim Nəsrəddinovun tərcüməsi poetik baxımdan sönük alınmış, müəllifin demək istədiyi ideyanı tam şəkildə çatdırmağa nail ola bilmir. Bu Nazim Nəsrəddinov tərəfindən tərcümə edilmiş “Dilənçi” şeirinin digər bəndlərində də özünü göstərməkdədir.
Eyvaz Borçalı rus dilindən Azərbaycan dilinə yalnız Aleksandr Puşkini, Mixail Lermontovu, Sergey Yesenini deyil, həm də Aleksandr Blokdan, Mustay Kərimdən poetik tərcümələr etmişdir. Şairin gürcü ədəbiyyatından da tərcümələri diqqəti cəlb edir. Onun gürcü şairi Nikoloz Barataşvilinin yaradıcılığından etdiyi tərcümələr Azərbaycan-gürcü ədəbi əlaqələrinin öyrənilməsinə töhfədir.
Eyvaz Borçalı həmçinin Azərbaycan ədəbiyyatına tərcümə edilmiş əsərləri təkrar ana dilimizə tərcümə etmişdir. Belə əsərlərdən biri də A.S. Puşkinin “Yevgeni Onegin” mənzum romanıdır ki, ilk dəfə Xalq şairimiz Səməd Vurğun tərəfindən ana dilimizə tərcümə edilmişdir. Səməd Vurğun kimi dahi şairdən sonra Eyvaz Borçalının bu əsəri təkrar tərcümə etməsi ictimaiyyətdə müsbət qəbul edilmişdir. Xalq yazıçısı Elçin bunu cəsarətli addım hesab edərək, uğurlu alınmasına da toxunmuşdur: “…Səməd Vurğunun ədəbiyyatda, ictimai fikirdəki böyük nüfuzunu da yada salsaq, ondan sonra yenidən “Yevgeni Onegin”ə müraciət etmək, bu böyük poemanı yenidən Azərbaycan dilinə çevirmək, şübhəsiz ki, sənətkar cəsarəti tələb edir. Sən gərək bu poemanı elə bir ilhamla, elə bir bədii səviyyədə tərcümə edəsən, deməsinlər ki, Səməd Vurğundan sonra Eyvaz Borçalı bunu nə üçün tərcümə edib.
Və deməliyəm ki, Eyvaz Borçalı bu çətin işin öhdəsindən layiqincə gəlib”. [3]
Elçin həmçinin Eyvaz Borçalının tərcüməsini orijinala yaxın olmasını, həmçinin də istadadlı bir şair olmasını da qabarda bilmişdir: “Səməd Vurğun professional tərcüməçi deyildi və ilham bəzən onu mətndən uzaqlaşdırırdı. Eyvaz isə eyni zamanda professional tərcüməçidir və yeri gəldikdə ilham pərisini, bir az kobud da desəm, cilovlaya bilir, görünür, elə buna görə də onun tərcüməsi orijinala daha yaxındır.
Burası da məlum məsələdir ki, “Yevgeni Onegin” kimi bir poemanı və ümumiyyətlə, Puşkin kimi bir şairi tərcümə etmək üçün həm də istedadlı şair olmalısan”. [3]


İstifadə olunmuş ədəbiyyat

1. A.S. Puşkin. Şeirlər, poemalar, povestlər. Dünya ədəbiyyatı kitabxanası, 32-ci cild. Bakı, 1987;
2. Dünya ədəbiyyatı kitabxanası, 33-cü cild. Bakı, “Yazıçı”, 1989;
3. Elçin. Bir qartal da havalanıb zirvə qaşından... (Tərcüməçi məsuliyyəti və istedadı haqqında söz) // 525-ci qəzet. - 2012.- 17 noyabr. - S.20-21. // http://www.anl.az/down/meqale/525/2012/noyabr/278017.htm;
4. Elçin. Borçalıdan gələn yollar. 1984 // http://www.anl.az/down/meqale/525/2012/noyabr/278017.htm;
5. Eyvaz Borçalı. Boylandığım pəncərə. Bakı: Mütərcim, 2019, 196 səh.;
6. Eyvaz Borçalı. Durnalı göylər. Bakı: Yazıçı, 1991, 360 səh.;
7. Eyvaz Borçalı. Dünyanın tərkində. Bakı: Yazıçı, 1986, 160 səh.;
8. Eyvaz Borçalı. İki mən. https://aydinyol.aztc.gov.az/newsview/1839/Ters-dushub-konlumde-qemin-duyunu;
9. Eyvaz Borçalı. İllər... pillələr. Bakı: Gənclik, 1975, 175 səh.;
10. Eyvaz Borçalı. İnsan, zaman, izlər. Bakı: İşıq, 1974, 109 səh.;
11. Eyvaz Borçalı. Qızıl anlar. Bakı: Azərnəşr, 1970, 99 səh.;
12. Eyvaz Borçalı. Sevgi radiusu. Bakı: Gənclik, 1967, 89 səh.;
13. Eyvaz Borçalı. Şah və qoca. Bakı: Gənclik, 1968, 12 səh.;
14. Eyvaz Borçalı. Üfüq yananda. Bakı: Azərnəşr, 1964, 36 səh.;
15. Eyvaz Borçalı. Dünya, məni tərkinə al. Bakı: Gənclik, 1983, 168 səh.;
16. İsaxan İsaxanlı. Yesenin Azərbaycan dilində: Bir şeirin üç tərcüməsi. səh.8 //http://81.17.84.10/bitstream/20.500.12323/2084/1/Bir%20%C5%9Feirin%203%20t%C9%99rc%C3%BCm%C9%99si%20haqq%C4%B1nda.pdf;
17. Nazim Nəsrəddinov. Mixail Yuryeviç Lermontovun “Нищий” (Dilənçi) adlı maraqlı bir şeiri vardır // https://kiriminsesigazetesi.com/mixail-yuryevic-lermontovun-%D0%BD%D0%B8%D1%89%D0%B8%D0%B9-dil%C9%99nci-adli-maraqli-bir-seiri-vardir/;
18. Nəriman Əbdülrəhmanlı. Eyvaz Borçalı: səksənə doğru // https://kulis.az/news/17903

EYVAZ BORÇALI YARADICILIĞI: POEZİYASI (KİÇİK VƏ BÖYÜK NƏZM FORMALARI), SSENARİLƏRİ VƏ TƏRCÜMƏLƏRİ  (II hissə) Salidə Şərifova
professor, filologiya elmləri doktoru


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: