Almaniyada professor adını qazanmış ilk azərbaycanlı: Pərvanə Hacıyeva əslən Borçalıdandır

Almaniyada professor adını qazanmış ilk azərbaycanlı: Pərvanə Hacıyeva əslən Borçalıdandır Zim.Az xəbər verir ki, Teleqraf.com-un "Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Həmin şəxslərdən biri də Almaniyada professor elmi adını qazanmış ilk azərbaycanlı alim - Pərvanə Hacıyevadır.

Almaniyanın Mayns Universitetinin tibb üzrə professoru olan Pərvanə Hacıyeva 1973-cü il avqustun 11-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli şəhərində anadan olub. İlk təhsilini də elə Marneuli şəhərindəki orta məktəbdə almağa başlayıb.
1989-cu ildə Borçalıda yaşayan azərbaycanlılara qarşı baş vermiş məlum təqib və təzyiqlərdən sonra minlərlə soydaşımız kimi, onlara da Azərbaycana pənah gətirməyə məcbur olublar. Təhsilini Gəncədə davam etdirib.
1989-cu ildə Gəncə şəhərindəki 17 nömrəli orta məktəbini fərqlənmə ilə - gümüş medalla bitirib.

1991-ci ildə Bakı Dövlət Universitetinin Tibbi bilologiya fakültəsinə daxil olub.
1996-cı ildə BDU-nun Tibbi biologiya fakültəsində tibbi biologiya ixtisasına yiyələndikdən sonra elmi tədqiqatla məşğul olmaq qərarı verib. Həmin dövrdə professor Ralfrid Həsənovun dəvəti ilə Azərbaycan Milli Elmlər Akamdemiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiya İnstitutuna baş elmi işçi vəzifəsinə gəlib. AMEA-da çalışdığı dönəmdə elmi tədqiqat layihələri üzərində işləyib. Amma burada elmi ideyaları həyata keçirmək üçün laboratoriya və texniki avadanlıqlar məhdud olduğundan aspirantura və doktoranturanı Avropada oxumaq qərarı verib.

1998-ci ildə ali təhsilini və elmi tədqiqatlarını davam etdirmək üçün İtaliyaya gəlib. Florensiya Universitetinin Kimya fakültəsinin nəzdnində fəaliyyət göstərən Nüvə Maqnit Rezonansı Spektroskopiya Mərkəzinin aspiranturasına daxil olub. 2000-ci ildə Florensiya Universitetində "Təbii və modifikasiya olunmuş sitoxromların struktur və çeviklik xassələri” mövzusunda elmi işini müdafiə edərək, doktor elmi dərəcəsinə yüksəlib.

2001-ci ildə Nüvə Maqnit Rezonansı Spektrokopsiya Mərkəzində elmi işçi kimi fəaliyyətə başlayıb.
O, bu elmi mərkəzdə italyan alim, professor İvano Bertininin rəhbərliyi altında metalproteinlərin struktur-bioloji araşdırılması ilə məşğul olub.

İtaliyada doktorantura təhsilini başa vurduqdan sonra Almaniyaya gedib. 2001-2002-ci illərdə elmi fəaliyyətini Münhendə yerləşən Maks Plank Elmi-Tədqiqatlar İnstitutunun Psixiatriya fakültəsində davam etdirib. Pərvanə Hacıyeva burada qocalma prosesində hüceyrələrdə baş verən dəyişikliklərlə bağlı tədqiqatlar üzərində işləyib. Azərbaycanlı alimin tədqiqatlarının əsas istiqamətini sinir sistemindəki neyronların qocalması prosesi təşkil edir.

Bundan sonra isə Mayns Tibb Universitetinin Fizika-Kimya İnstitutunda elmi işçi kimi işə başlayıb. 2006-cı ildə Mayns Universitetinin Biokimya İnstitunda elmi işçi qrupuna rəhbər təyin olunub. Bununla yanaşı, burada oksidativ stress, antioksidantlar və mitofagiya sahəsindəki araşdırmalara və elmi layihələrin hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib.

Pərvanə 2016-cı ildə Mayns Tibb Universitetində biokimya sahəsi üzrə hazırladığı dissertasiya işini müdafiə edib və biokimya üzrə "venia legendi” elmi adını alıb. Həmin il bu universitetin professoru elmi adını qazandıqdan sonra Tibb fakültəsində hüceyrənin adaptasiya və metobalizmi üzrə elmi tədqiqat qrupunu yaradıb.

Həmçinin univeristetin tədris prosesinə də cəlb olunub. Bu gün də burada "Müalicə işi” fənni üzrə mühazirələr oxuyur, biologiya, kimya, əczazlıq və müalicə işi üzrə elmi-praktiki işlərə rəhbərlik edir.

Pərvanə Hacıyeva 2009-cu ildən Mayns Universitetində müalicə işi və stomotologiya ixtisaslıarı üzrə buraxılış imtahan komissiyasının üzvüdür.

Pərvanə Hacıyevanın elmi sahəsi tibbi biologiyadır. Mitoxondriyalarda elekrton nəql sistemi, mitoxondriya xəstəlikləri (altseymer, parkinson və s.) sahələrində tədqiqatlar aparır. Onun elmi fəaliyyəti əsasən "Selülar adaptasiya və metabolizm” mövzusuna yönəlib.

Məşğul olduğu sahələr və elmi problemlər üzrə Almaniyada onlarla elmi məqalə çap olunub. Bundan başqa, "Journal of Alzheimer’s Disease” elmi nəşrinin redaksiya heyətinə daxildir. Bu jurnalın baş redaktorunun müavini və elmi qrupunun rəhbəridir. "Journal of Neurochemistry”, "European Journal of Biochemistry”, "Journal of Neuroscience”, "Free Radicals in Biology and Medicine”, "Neurobiology of Aging”, "Journal of Psychiatry”, "Molecules”, "Journal of Visualized Experiments” və "Neuroscience” kimi elmi nəşrlərdə rəyçi kimi fəaliyyət göstərir.

Almaniya Mitoxondrial Xəstəliklər Birliyinin (mitoNET) mütəxəssilər qrupunun və Biokimya və Molekulyar Biologiya Cəmiyyətinin (GBM) üzvüdür.

Pərvanə Hacıyeva Almaniyada elm sahəsində işləyən həmvətənlərimiz arasında professor elmi adına layiq görülmüş ilk azərbaycanlıdır. İngilis, alman, italyan və rus dillərini mükəmməl bilir.

Biz də dəyərli soydaşımız, gənc və istedadlı alim, çox hörmətli professor Pərvanə Hacıyevaya yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: