NƏSİMİ POEZİYASI RUHUN QİDASIDIR Elmi Məqalələr, "Elm və Təhsil" 6 Aralık 113 0 1 2 3 4 5 Cananə, mənim sevdiyimi can bilir ancaq,Könlüm diləyin dünyada canan bilir ancaq. İmadəddin Nəsimiİmadəddin Nəsimi XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan şeir mədəniyyətinin ən görkəmli nümayəndələrindəndir. Dövrünün görkəmli şairlərindən olan Nəsimi poeziyası Azərbaycan ədəbiyyatının incilərindən hesab edilir. Nəsimi Azərbaycan ədəbiyyatı tarixinə böyük şair və mütəffəkkir kimi daxil olmuş, məhəbbət və gözəllik şairi kimi şöhrət tapmışdır. O, mükəmməl biliyə malik olmaqla bərabər, klassik Şərq və qədim yunan fəlsəfəsinə, dünya ədəbiyyatına və digər elmlərə dərindən bələd idi. Nəsiminin tarixi xidmətlərindən biri onun doğma Azərbaycan dilində yazması, Azərbaycan dilini, şeir dilini zənginləşdirməsi və bu şeirlərin xalq danışıq dilinə yaxın olması onu geniş oxucu kütləsinə sevdirmişdir. Onun fars və ərəb dillərində də çoxlu qəzəlləri vardır. Yaradıcılığının əsasını atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər təşkil etsə də, qəzəllərində sevgi, eşq, hicran, ayrılıq kimi sözlərin ifadə olunması, onun ilahi bir eşqə ruhən yaxın olduğunu, bu eşqi yalnız özünün dərk etdiyini təsdiq edir. Seyid Əli İmadəddin Nəsimi - 1369-cu ildə seir, sənət ocağı hesab edilən Şamaxıda dünyaya göz açdı, kiçik yaşlarından ustad alim və loğmanlardan dərs alaraq böyüdü, ozan-aşıq sənətinə vuruldu. O, balaca yaşlarından “Seyid”, “Hüseyni” təxəllüsləri ilə şeirlər yazmağa başlamışdır. Qaynaqlarda İmadəddin (dinin dirəyi) Nəsiminin ləqəbidir, ona hörmət əlaməti olaraq verilmiş, şair Nəsimi, Seyid Nəsimi, İmadəddin deyə anılır. Seyid Əli İmadəddin, Fəzlullah Nəimi ilə tanışlıqdan sonra məsləkdaşının təxəllüsü ilə həmahəng səslənən Nəsimi təxəllüsü götürür və ömrünün sonuna kimi bu təxəllüsünə sadiq qalır:Adımı haqdan Nəsimi yazaram,Bil bu mənidən ki, siməm, ya zərəm? Məsələn, Əlyar Səfərlinin Nəsimi yaradıcılığından bəhs edən “Seçilmiş əsərləri” bu nöqteyi-nəzərdən maraqlı mənbədir.Nəsiminin gənclik illərində Azərbaycanda qarmaqarışıq siyasi vəziyyət yaranmış, böyük sərkərdə Teymurun İrana və Qafqaza hücumu başlamışdır. Bir tərəfdən Qızıl Orda xanı Toxtamışın Azərbaycanı darmadağın etməsi, o çəkildikdən sonra Teymurun ordusunun Azərbaycana hücumu, Naxçıvanın yaxınlığındakı Əlincə qalasını mühasirədə saxlaması, Teymurun oğlu Miranşahın Azərbaycanda hakimiyyəti ələ alaraq günahsız insanları, qadın, uşaq, qoca demədən qılıncdan keçirməsi Nəsimi yaradıcılığına təsirsiz ötüşmədi. Belə bir ağır dövrdə Azərbaycanda Teymurilərə qarşı üsyanlar artmağa başlayır və dini-siyasi hərəkat olan hürufilik meydana gəlir. Nəsimi 1394-cü ildə hürufiliyi yaymaq üçün Bakıya, oradan Şirvana gələn Fəzlullah Nəimi ilə tanış olur və hürufiliyi qəbul edir, elə o vaxtdan da hürufilik fikirlərini şeirlərində qələmə alaraq təbliğ etməyə başlayır. XIV-XV yüzilliklərdə hürufilik ideyalarının geniş yayılması Nəimi və Nəsiminin adı ilə bağlıdır.Bütün həyatını həqiqət uğrunda mübarizəyə həsr edən, şeirlərində baş verənlərə narazılığını bildirən, yazdıqlarının siyasi motiv daşıdığını düşünənlərin təqib və təzyiqlərinə məruz qalan Nəsimi məşəqqətli ömür yaşayırdı. O, edamdan özünü qorumaq üçün vətənindən uzaqlara getmək məcburiyyətində qalır, ömrünü yollarda, səfərlərdə keçirir, ağır və işgəncəli bir həyat sürür.Miranşahın əmri, Şeyx İbrahimin fitnəsi ilə tutularaq Naxçıvana aparılan və Əlincə qalasının yaxınlığında edam olunan Nəiminin ölümündən sarsılan Nəsimi nəinki Bakını, birdəfəlik vətəni Azərbaycanı tərk edərək Anadoluya üz tutur. “Ey Nəsimi, Allah deyib ki, yer üzü genişdir, Bakı torpağını tərk et, bura sənin yerin deyil” sözlərindən onun təqib olunduğunu anlamaq olur. Nəsiminin Şamaxıda doğulduğu deyilsə də, Naxçıvanı, Təbrizi, Hələbi, Bağdadı, Şirazı, Bursanı, Anadolunu, Diyarbəkiri və bir çox Yaxın Şərq ölkələrini gəzib dolaşmasından sonra onun doğulduğu yer haqqında müxtəlif əfsanələr yaranmağa başlayır. Əksər mənbələr isə onun Şamaxıda doğulduğunu təsdiqləyir.XVI yüzillikdə yaşamış təzkirəçi Lətifi şairin Julidəmu(dağınıq saçlı) ləqəbi ilə tanınan Şah Xəndan adlı qardaşının olduğunu qeyd etmiş, daha sonra isə Səlman Mümtaz və digər ədəbiyyatşünaslarda bunu təsdiqləmişdilər. Nəsiminin şəriət qaydalarına zidd olan fəlsəfi şeirini oxuyan qardaşı:Gəl bu sirri kimsəyə faş eyləmə,Xanü xası aməyə aş eyləmə beytini yazıb Nəsimiyə göndərir, Nəsimi isə cavabında:Dəryayi-mühit cuşa gəldi,Kövn ilə məkan xuruşa gəldi...məsnəvisini yazmışdır. Nəsiminin qardaşının dəfn olunduğu qəbirstanlıq Şamaxının cənub-qərbində yerləşir və onun adı ilə Şahxandan adlanır. Bu gündə o türbə mövcuddur, sadəcə adı təhrif olunaraq “Şaxanda” kimi tanınır.Azərbaycanın görkəmli şairlərindən olan Seyid Əzim Şirvani də öz şeirlərinin birində belə söyləmişdir:Mən öləndə Şaxandanda basdırın,Çünki onun şahidi-Xəndanı var.Nəsimi yaşadığı dövrə görə mükəmməl təhsil görmüş, doğma ana dili ilə bərabər fars, ərəb dillərini, məntiq, riyaziyyat, təbiət və astronomiya elmlərinə də yiyələnmişdir.Şeirə, sənətə sonsuz məhəbbəti olan Nəsiminin sorağı təkcə Azərbaycanda deyil, vətənindən uzaqlarda yayılmışdı. O, Nəiminin ruhuna hörmət əlaməti olaraq cəsarətlə hürufilik ideyalarını yayır, təriqətinin genişlənməsi qorxusunu aləmə səs salaraq təhlükə yaradırdı. Şeirləri xalq arasında hava ilə oxunur, bədii dil üslubu qəlbləri fəth edirdi. Seirlərinin təsiri altına düşənlərin sayı artmaqda idi:Biz ki, Rum içində abdal olmuşuz,Bu cahandan fariqül-qal olmuşuz.- söyləməklə insanlara sətiraltı eyhamlarla işarə edirdi. Nəsimi poyeziyasını duyğulanmadan dinləmək və yaxud təsirlənmədən oxumaq mümkün deyil. Nəsiminin poeziyası insanın ruhunu oxşayır, ona mənəvi qida verir, hiss və həyəcanı oyadaraq cuşa gətirir, sevgilərin ən uca məqamı olan eşqin nə olduğunu anladır. Onun dillər əzbərinə çevrilmiş:Məndə sığar iki cahan, mən bu cahana sığmazam!Gövhəri laməkan mənəm, kövrü məkanə sığmazam!.. - misraları yuxarıda sadalananların bariz nümunəsidir, bu misraları həyəcansız oxumaq olmur. Nəsiminin yaşadığı ağır həyat, acımasız dövr göz önündə canlanır. Balaca bir ürəyə iki cahanı sığdıran şair şeiriyyətlə döyünən ürəyini heç bir cahana sığdıra bilmir. Zamanında Nəsimi haqqında həqiqəti yazmaqdan çəkinən bəzi müəlliflər olsa da, bir çox cəsarətli müəlliflər də olmuşdur ki, onların yazdıqlarından müfəssəl məlumatlar əldə etmək olur. Nəsiminin, 1985-ci ildə “Maarif Nəşriyyatı” tərəfindən nəşr olunmuş “Seçilmiş əsərləri”ndə qeyd olunur: Teymurun nəvəsi Bayqara mirzənin oğlu sultan Hüseyn Bayqaranın vəziri astronom, riyaziyyatçı və eyni zamanda yazıçı olmuş Əmir Kəmaləddin Hüseyn “Məcalisül-üşşaq”(“Aşiqlər-məclisi”) əsərində belə yazır: “Nəsiminin könül dənizi dalğalananda onun kəlmə və hərfləri incilər kimi dağıldı. Şairin sözlərini başa düşmədilər. Hələbdə bir nəfər zahiri alimlərdən soruşur:- Bu cavanın üzündə nə görürsünüz ki, bu qədər həyəcan və məstlik göstərirsiniz? Cavab verdi:- Onun üzünün güzgüsündə tanrının surətini görürəm.Münkir dedi:- Biz də o cavanı görürük, bəs nə üçün o surət bizim gözümüzə görünmür?Şair dedi:- Bu dövlət quşu sizin qabiliyyətinizi özünə yuva etmədi və bu səadət quşu sizin hümmətinizin başına kölgə salmadı. Seyid Nəsimi ilə münkir arasında olan bu söhbətdən sonra şairin düşməni daha da çoxalır və valiyə Nəsimi haqqında yalanlar uydurularaq məlumatlar verilir. Günü-gündən təqib və təzyiqlərə məruz qalan Nəsimi bu səbəbdən yaşadığı şəhərləri tez-tez dəyişməli olurdu. Milyonlarla insanların rəğbətini, sevgisini qazanan şairi əqidəsinə görə sevməyənlər də var idi. Ali bir eşqi tərənnüm edən şair insan-Allah anlayışını irəli sürür. O, insanın əsrarəngiz sirlər mənbəyi olduğunu və yüksək bir eşqlə kamala çatan insanın həyat yoluna işıq saçaraq öz yaradıcısı ilə qovuşdurur. Nəsimi yaradanın varlığını inkar etmirdi, sadəcə sonrakı proseslərdə insanın özünün yaradıcı olduğunu nəzərə çatdırmaq istəyirdi. Cahil cəmiyyət bunun əksini düşünərək, onu kafir kimi qələmə verirdi. Nəsimi insanın yaradan deyil, yaradıcı olduğunu, həqiqətin insanın özündə olduğunu dərk edirdi. O, bunun üçün öz varlığında yaradanla yaradıcının vəhdətini anlatmağa çalışırdı. Nəsiminin fikrinə görə kamil insan Allah kimi sevilməyə, alqışa layiqdir. Utanır arifin əqli, sənə insan demək neyçün-Ki, insandır deməz kimsə sənə ya xaliqəl-insan.Nəsimi Allahı təkcə səmada deyil, baxdığı, toxunduğu hər bir canlıda, əşyada görürdü, duyurdu. O, ən çox Allahın insan təbiətində mövcud olduğunu və bu səbəbdən insanın pərəstişə layiq olduğunu deyirdi. Nəsimi özünü bu dünyada deyil, özünün dərk etdiyi bir dünyada görürdü. O, haqqın axtarışında idi. Nəsiminin şeirlərində aşiq, haqqı tapmış bir insandır. Şairə görə kim ki, insanda haqqı görmür, o heç zaman həqiqəti görə bilməz. Haqqı yalnız kamil və yetkin insan görə bilər. Bütün canlılardan fərqli olaraq yalnız insan öz xəyalı ilə səmanı, günəşi, ayı və bütünlüklə kainatı gəzib dolaşa bilir. Nəsimi Allahı ilkin, yaradan qüvvə kimi tanıyırdı: Kaf ilə nundan yaratdı aləmi,Ərbəin gündə yoğurmuş adəmi.Dəm bu dəmdir, dəm bu dəm, bil ki, bu dəmi,Adəmə vurdu bu dəmdən həq dəmi.O, Allahın təcəssümünü yerdə görünən hər bir əşyada axtarırdı. Nəsimiyə görə ən kamil insan öz əqidəsi və məsləki uğrunda mübarizə aparmaq üçün meydana atılan insandır. Nəsimi şeirlərində ay da, günəş də, yerlər də, müqəddəs insan və ruhlar da insanın gözəlliyindən, insanın böyüklük və əzəmətindən danışır, onun ağlı, zəkası və gözəlliyi qarşısında baş əyirlər. Nəsimi insanları misralarda bu cür ifadə edirdi:Səni bu hüsni cəmal ilə, bu lütf ilə görən,Qorxdular haq deməyə, döndülər insan dedilər. – deməsi ruhanilər tərəfindən birmənalı qarşılanmırdı. Onu yaşadığı ictimai-ədəbi mühitdə dinsiz kimi göstərsələr də, bu fikirlərin heç bir elmi əsası olmayıbdır. Nəsimini təxəllüs olaraq özünə götürən şair elə nəsim kimi əsərək dünyaya zərrələrini səpələyə bildi. Nəsiminin yaşadığı ictimai-ədəbi mühitdə sufizm xeyli yayıldığı üçün onun yaradıcılığında Fəzlullahdan hürufiliyi qəbul etdiyi vaxtlarda sufizm təsiri də qüvvətlənmişdir. Sonralar Nəsiminin sufizmə meylli olduğu qeyd edilir. İdrak anlayışı Nəsimi yaradıcılığında xüsusi əhəmiyyət kəsb edir. Nəsimi sədaqətli, etibarlı bir dost tapmağın da müşkül olduğunu söyləyirdi. Şair özünə yalnız öz könlünü dost, yaxın bilirdi:Sən sana gər yar isən var, ey könül, dildar istəmə,Yarü dildar ol sana, sən yarü dildar istəmə.Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa?Bivəfa aləmdə sən yari-vəfadar istəmə.Gül bulunmaz bu dikənli dünyanın bağında çün,Əbsəm ol bihudə gülsüz yerdə gülzar istəmə.Əslində Nəsiminin şikayəti dünyaya və onun etibarsız insanlarına idi. Çünki şairə görə bu həyatın saflığı yalanlara qarışmış, düzü yalan üzərində qurulmuş, şəkərinə, balına acı zəhər qatılmış, sevgisi isə cəhənnəm odunu xatırladırdı. Rəngindən oldu münfəil hər kim boyandı alına,Arısı yalandır saqın, dadlusuna aldanma kim,Acıdır anın şəkkəri, ağu qatılmış balına,Əsli dənidir dünyanın, zatında yoxdur bir əlif.Nəsimi yaşadığı dövrün ictimai mühitini görür, anlayır, lakin qəbul edə bilmirdi. Şeirlərində şəri, böhtanı, rəzaləti qələmə alırdı. Bütün bunlara rəğmən Nəsimi poeziyasında fəlsəfi axtarışlar, fikirlər daha poetik, əzəmətli səslənir, insanı düşündürür, həyatı dərk etməyə çağırırdı. Nəsimi poeziyası ümmanı xatırladan həyat sevgisi ilə doludur. Onun poeziyası Azərbaycan ədəbiyyatına yeni üslub, yeni tərz gətirdi. Qəzəllərində işlətdiyi bədii bənzətmələr olduqca əlvan və rəngarəngdir, aydın və səlisdir, saf və şəffafdır, dəniz incisi kimi parlaq və dəyərlidir: Üzünü məndən nihan etmək dilərsən, etməgil;Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!.Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,Aşiqi bixaniman etmək dilərsən, etməgil.Qaşların qövsində müjganın xədəngin gizləyib,Ey gözü məstanə, qan etmək dilərsən, etməgil!Bu misralarda sevgi o qədər poetik, həzin, təbii tərənnüm edilmişdir ki, həmin gözəli aydın şəkildə görmək, duymaq olur. Sanki bir rəssam kimi vəsf etdiyi gözəli göz önündə canlandırır, bir musiqi ahəngi yaradır, daxilən qəlbində çağlayan saf duyğuları üzə çıxarır, sanki ruhunun səsini duyur, öz daxilində ruhu ilə danışır. Nəsimiyə görə canlı cəmiyyətdə qadın ən gözəl və ən yüksək varlıqdır. Nəsimi insan gözəlliyinin vurğunu idi. Misralarından göründüyü kimi insan gözəlliyini təbiət gözəlliyindən daha ülvi və mənalı sayırdı. Təbiətdə olan bütün gözəlliklərin insan gözəlliyindən qidalandığını göstərirdi. Hilalə döndü qəmər qaşların hilalından,Boyandı qanə qızıl gül yanağın alından.Nəsimi qəzəllərində sevginin ecazgar qüdrətini, insan hislərinə qalib gələn qüvvətini olduqca lirik notlarla ifadə etmişdir. O, aşiqin eşq yolunda axıtdığı göz yaşlarını gül üstünə düşən şehə, tərənnüm etdiyi gözəllərin yanağını qızıl gülə, qaşlarını ayparaya, tellərini müşk ətirli, rayihəyəli çiçəyə bənzədir və incə, zərif duyğularını yüksək bir şeiriyyət dili ilə ifadə etməklə poeziyanın kamil nümunəsini yaratmışdır.Nəsiminin dil üslubu çox zəngindir. O gözəllərin gözəlliyini tərənnüm etdiyi bu beytdə adını gizlin saxlamaqla öz sevdiyini vəsf edir:Ayın hilalı əgərçi günəşdən alır nur,Bu ayı gör ki, günəş nur alır hilalından. – söyləyir.Şair öz sevdiyini o qədər cazibədar, məlahətli, təsvir edir ki, ay onu görəndə həsrətindən gah bütövləşir, gah incələrək ayparaya çevrilir. Nəsiminin yaradıcılığını araşdırdıqda onun gözəllik və sevgi aşiqi olduğunu görmək olur. Həyatda olan bütün gözəlliklərdə insan gözəlliyinin olduğunu, insanın sevmək hüququnu, mənəvi sərbəstliyini, könül azadlığını bəyənirdi, aşiqanə təqdir edirdi. Hər baharın gəlişində torpaq oyandığı kimi, insanının ruhunun da baharda oyandığını, yeniləndiyini qələmi ilə anladırdı:Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə,Buraxdı qönçələr pərdə, bəşarət bülbülü-zarə.Nəsiminin qəzəllərində tez-tez rast gəldiyimiz şəha, ey könül, ey pəri, dilbəra, ey həbib, cana və.s. müraciətləri aşiq olmuş qəhrəmanın dünya və insanlara müraciətidir. Onun hər bir misrasının ilahi bir fəlsəfəsi vardır. Bu qəzəllərdə vəsf olunan aşiqani misralar doğrudan da Nəsimi qəlbinin, ruhunun səsidir. Nəsiminin poeziyası qəlbin məlhəmi, ruhun qidasıdır. Bu şeirləri dərindən dərk etdikdə insan sanki başqa bir aləmdə olur, mənən saflaşır, yüngülləşir. O, məhəbbəti duymayan zahidləri, fəqihləri daş qəlbli adlandırırdı. Onun ruhunun qidası olan eşq insani eşqdir, eşq insan ruhuna həyatilik, sadəlik və coşqunluq gətirir. Nəsimi lirik şair olub. Onun yaradıcılığında lirik poeziyanın əsas janrları, qəzəl, qəsidə, rübai inkişaf etmişdir. İlk dəfə fəlsəfi məzmunlu qəzəli Azərbaycan ədəbiyyatına gətirən Nəsimidir. Nəsimi poeziyasında şeiri musiqiləşdirmək, onun misralarına, adətən musiqi ahəngi vermək şairin yaradıcılığının ideya məzmununa bağlıdır. Şair kütlələrə xitab edərək, şeirlərini məclislərdə, dillərdə geniş yaymaq üçün bu üsullara müraciət etmişdir.Ey gülüm, ey süsənim, ey sünbülüm, ey şəkkərim,Ey mənim noğlum, meyim, həbbü nəbbatü şəkkərim,Ey həbibim, ey təbibim, ey bütüm, ey həmdəmim,Ey rəfiqim, ey şəfiqim, ey ənisim, dilbərim. Nəsimi Azərbaycan şeirini bədii dil, ifadə vasitələri, vəzn, janr etibarilə zənginləşdirərək, Azərbaycan xalq dilinin ifadə xüsusiyyətlərini şeirə gətirən görkəmli sənətkardır. Onun qəzəlləri rəngarəng olduğu qədər də mənalı və axıcıdır.Nəsimi yaradıcılığı ilə alimlərimizdən: S.Mümtaz, M.Quluzadə, H.Araslı, Mir Cəlal, Z.Quluzadə, İbrahim Olğun, K.Ə.Kürkçüoğlu, C.Qəhrəmanov, Y.Seyidov, R.Azadə, V.Aslanov və başqaları elmi araşdırmalar apararaq şairin əsərlərini tədqiq etmişdilər. Nəsiminin farsca yazılmış şeirlərinin ana dilimizə Ə.Mübariz, M.Seyidzadə, M.Soltan və A.Sarovlu tərcümə etmişdir.Nəsimi öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixində, Azərbaycan şeir mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. O, şifahi xalq ədəbiyyatında mərdlik, cəsarət, qəhrəmanlıq simvolu kimi şöhrət qazanmışdır. İmadəddin Nəsimi 1417-ci ildə cahil ruhanilərin hökmü ilə Hələb şəhərində edam olunmuşdur. PƏRİXANIM MİKAYILQIZI“Şərqin Səsi” və “Elm və Təhsil” qəzetlərinin baş redaktoru, şair, nasir və publisist, AJB-nin üzvü, F.b.Köçərlinin tədqiqatçısı, Dövlət qulluğunun baş müşaviri, “Xarıbülbül”, “X.b.Natəvan, “Zirvə” medalları və bir çox media mükafatları laureatıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.