Xəlil Zeynalov: "İnsan! O, müqəddəs bir kainatdır!.." Ədəbiyyat, Müsabiqə, Köşə yazılar 19 Şubat 1036 100 1 2 3 4 5 S.Vurğun deyib: İnsan dünyası da, insan duyğuları, hissləri də müqəddəsdir. Müqəddəs insan isə sevgi ilə yaşamalı, sevgi ilə yaşatmalıdır.İlahi insanı da sevgidən yaradıb, sevgidə yaşadır, sevgiyə də qovuşduracaq. Şairlər də bu sevgini poeziyada yaşadanlardır. Özləri təpədən-dırnağa sevgiyə çevrilməyənlər Böyük Müqəddəs Sevgini yaşada bilməzlər. Bu sətirləri oxuyarkən sanki qarşımda Xətai kəlməsi, Məhsəti naləsi, Nəsimi ənəlhəqqi, Nətavan şərqisi, Ə.Sabir çağırışı, Ə.Cavad ülviyyəti, Molla Pənah gözəlləri, Nizami dünyası, S.Vurğun vüqarlığı və adını bilib yaza bilmədiyim, Azərbaycan ədəbiyyatına mədəniyyətinə, incəsənətinə biri-birindən maraqlı, bəzən düşündürücü, xəyallara daldıran əsərlər qoyub gedən şairlər canlanır. Ruhları şad olsun ustadların.İçi mən qarışıq biz şeir yazmırıq ki. Gözəl şairimiz Ramiz Rövşən demişkən: “yazılan şeirlərin tozunu silirik. Bir neçə kitabın müəllifi olsam da, mən şair deyiləm. Yenə də məni ilhamlandıran bu müqəddəs torpaqda, Vətən uğrunda şəhid olmuş oğulların ruhuna dönə-dönə baş əyib, bağrımın içində məni göynədən, közərən hisslərimi qələmə alıb bir növ sakitləşmişəm. Onların şərəfinə milyon əsərlər də yazılsa, azlıq təşkil edər. O şəhidlərimizi boya-başa çatdıran anaların bu torpaqda qoyduğu, addım-addım yeridiyi izlərindən öpürəm. Hər kəs şair ola bilməz. Ancaq şairlik ömrünü yaşamaq çox ağır və üzücüdür.1965-ci ildən Bakıda yaşasam da Bakılaşmamışam. Boya-başa çatdığım ata yurdum, büdrəyə-büdrəyə yeriyib, yıxıldığım, ağlaya-ağlaya ayağa durub, üstündə gəzdirdiyim müqəddəs torpaq daim məni qoynuna çəkib, indi daha çox çəkir. Hər bir vətəndaşa anadan və torpaqdan əsla heç nə əziz ola bilməz. Bu iki müqəddəs varlığın, ananın laylası, yerin gücü bizi məsuliyyətliylə, ciddiyətiylə saf ömür yaşamağa, qeyrətli ömür yaşamağa çağırır. Yerinə düşərdi şair dostumuz Əflatun Cəfərlinin“Qeyrət olub bu torpağın baratı,Vətən bizə oğul deyir, qardaşım”- deməsi çox mətləblərdən xəbər verir və yetişməkdə olan gənc nəsli vətənpərvər ruhda yetişməyə səsləyir. Şairə bacım Tamella Poladlı deyir:“Cəbhədən qayıdıb üstümə gəlsən,Papağı, silahı ver mənə oğul.”“Aslanın erkəyi, dişisi olmaz” atalar bu zərb məsəli təsadüfü çəkilməyib. Ümumiyyətlə şairlər gənclərin vətənpərvər ruhda yetişməsində hər zaman öndə gedirlər. Mənə kimsə: “müəllim, sizin bir vətənpərvərlik haqqında şeirinizi oxudum, çox xoşuma gəldi” deməsi məni zirvələrə ucaldır. Mənə bundan qiymətli hədiyyə ola bilməz. Əsas odur ki, oxucuların rəğbətini qazanasan. Əlbəttə ədəbiyyat tənqidi sevir. Tənqid cəmiyyətimizdəki insanın formalaşmasında mühüm rol oynamalıdır. Səhf etmir o şəxs ki, heç bir fəaliyyəti yoxdur. Mən özümə həmişə tənqidi yanaşmışam.44 günlük Vətən müharibəsində zəfərimizlə bir xalq və millət olaraq birliyimizi, comərdliyimizi dünyaya sübut etdik. Neçə illərdi başımıza gətirilən haqsızlıqlara son qoyduq. Dövlətimizin başçısı aparıcı dünya telekanallarının müxbirlərinin verdiyi suallara verilən sanballı, tutarlı cavabları, erməni mifi və yalanlarını darmadağın etdi. Bu savaşda bizə mənəvi dəstək olmuş Türkiyə dövlətinin Prezdentinə və xalqına minnətdarlığımı bildirirəm. Mənim ədəbiyyata gəlmək, şeiriyyatı sevmək və ədəbiyyatımızda bəzi mövzularda - gəraylı, qoşma, təcnis, povest, hekayə yazmağımı bir neçə amillə izah etmək olar. Hədsiz dərəcədə publisist əsərləri oxumağım, ancaq ilk şeirimi 1962-ci ildə yazmışam: Əmri belə imiş yəqin fələyin...Səni görən gündən itib dincliyim,Bilmirəm dəmirmi,daşmı ürəuin?Mənə "yox!"deyərək salmısan oda,Ya qəsdən edirsən,var bir kələyin?!.Xəyalən Bisutin dağın sökürəm,Məcnun tək başıma gah qum tökürəm.Gör neçə müddətdi əzab çəkirəm,Düşmüşəm seyrinə sən tək mələyin.Xəlilə neyləyər,çağır Löğmanı,Çəkdiyi dərd-qəmdir ürək dərmanı,Səndən incimirəm,varmış fərmanı,Əmri belə imiş yəqin fəlyin...(1962-ci il)Təbii ki, o zamanlar sənədli hekayə də yazırdım, iki-üç gün qalırdı, yenidən onu oxuyurdum. Çox təəsüflər olsun ki, onları cırıb atırdım, saxlamırdım, bilmirəm nədən?Əsgəri xidmətdən tərxis olunandan sonra Qərbi Azərbaycandan – doğma yurdumdan küləklər şəhəri Bakıya üz tutdum. Ailə həyatı, məişət və ev qayğıları məni yaradıcı şəxslərin əsərlərini oxumaqdan məhrum etmirdi. Çox bədii əsərlər oxuyurdum. İndi hörmətli Anar müəllimdən soruşasan ilk yazdığın hekayə necə adlanırdı? Təbii ki, bəlkə də unudub. “Sandıqca”nı. 1988-ci il məlum hadisələrdən sonra cismimdə sanki zəlzələ baş verdi və Vətən həsrətli şeirlər yazmağa başladım. İlk şeirim:Yağış yağırYağış yağır, buludların göz yaşı,Güc aldıqca dərələrdə sel aşır.Sığallanır sel yuduqca çay daşı,Dağlarım hey, küləklərim, talam hey.Duman gəlib Əşrəf dağı qucaqlar,Yaylağında ötər kəklik, turaclar.Qaya üstə mamır, yaşıl yamaclar,Barmaqlarda iz salardı xınam, hey.Vaxtsız solub, yarpaqları bükülür,Ulduzu yox, danı erkən sökülür.Ellər qaçqın, dağ arana köçülür,Dərd əlindən tez qocalan qocam, hey.Vətən sevdim torpağını, daşını,Seyr elədim dağlarının başını.Kim siləcək gözlərimin yaşını,İşıq düşməz, viran komam, bacam, hey.Göyçə gölü, Göyçə tökür göz yaşı,Nələr çəkir bu millətin gör başı.Bir məbəddir hər məzarı, hər daşı,Kümbəzim hey, ozanım hey, babam hey.Allah qəzəlxan şairimiz Məmməd Məcidoğluna rəhmət eləsin. Əlimdən çəkə-çəkə poeziya məclislərinə apardı, dərdə saldı.Poeziya məclisində “Funukulyor” bağı çayxanada (təzə təmir olunmuşdu) ilk bu şeirimi oxudum. Məclisi aparan rəhmətlik Hacı Rafik Şirvanlıydı. Həmin dövrdə yazdığım şeirlərdən bir neçəsini sizə təqdim edirəm, əzi oxucular:Həsrətin əlləri gəzir saçımdaHəsrətin əlləri gəzir saçımda,Şəvə saçlarıma qar ələyirsən.Qara bəxtim kimi qara saçların,Ürək qanımlamı sürmələyirsən?Başım üstündəsən çəkdiyim ah tək,Gəzirəm dağları tənha səyyah tək.Niyə kərəmsizsən zülmkar şah tək,Qolu bağlı qulam, zülm eyləyirsən.Canımı desəm də sənə sadağa,Qoyursan min cürə qoruğ, qadağa.Mən həsrət çəkdiyim dilə, dodağa,Hardandı bu qədər bal bələyirsən?..“Gələcəm körpətək elə özümdə” Qeyrətim, Qüdrətim, Azərbaycanım,Günbəgün bəzənir şəhəri, kəndi.Yox olsun yurduma kəc baxanları,Dağıtdın illərdi qurulmuş bəndi.Ucal pillə-pillə anamız Vətən,Ayaqlaş zamanın sürətlərinə.Halına yanmışam hər an ürəkdən,Baxıram keçmişin o illərinə.Köhnə gözəllikdən əsər qalmayıb,İçində kövrələn Bakı gözəlim.Geyinir hər vədə bahar donunu,Darayır zülfünü bulvar əzəlim.Xəzər təbəssümlü özündən çıxır,Ləpə əl uzadır sahilə doğru.Səmada tənhadı bir topa bulud,Mavi üfüqləri sulardan duru.Obamdan çəkilsin dağların qəmi,“Heyratı” çalınsın zəfər köçümdə.Bir ana laylası çağırsa məni,Güləcəm körpə tək elə özüm də.Dağlar (gəraylı)Talalardan keçəndə mən,Hər yanımı bürüyə çən.Laləli döş, şehli çəmən,Hərdən dəyə dizə, dağlar.Bulaqlardan öpə-öpə,Gəzəm dağ-dağ, təpə-təpə.Mehin gələ ləpə-ləpə,Sığal çəkə üzə, dağlar.İllər ötdü aram-aram,Sağalmadı canda yaram.Səndə gəzir indi haram,Mən həsrətəm sizə, dağlar.Qara bulud getmir səndən,Qəmgin baxır Xəlil gendən.Nə gedirsə, gedir məndən,Dərd iz salır üzə, dağlar. ArazSahilində yanar ətək,Tez qoynuna alar Araz.Zaman-zaman qəm içində,Hey kövrəlib dolar Araz.Ötənlərdən yoxdur əsər,Gah darılar, gah tələsər.Gah da yolun qısa kəsər,Kükrəyib boşalar Araz.Keçən keçdi, olan oldu,Vətənimi yarı böldü.Demüdi: - Saram necəoldu,Balam laylay çalar, Araz.Ləpələrdən yollar axar,Təbrizim də qəmli baxar.İldən-ilə həsrət yaxar,Yaz-baharı çağlar araz.Əsirlərdi ağlar Araz.Bu qısa yazılarımı oxucularla bölüşməyimin səbəbi var. Hələ 2008-ci ildən əvvəl qəlbimin çırpıntısı ilə qələmə aldığım şeirlərim, hekayələrim qəzetlərdə çıxırdı. Təbii ki, mətbuatda çıxan qəzetləri AYB-də oxuyurdular. Nəhayət 2008-ci ildə ilk kitabım çapdan çıxdı. 1 ədəd aparıb AYB-nin mətbuat katibi vardı, rəhmətlik Ədalət Əsgəroğluna verdim. Məni təbrik etdi və dedi: “Qəzetlərdə şeirlərini oxuyuram, xoşuma gəlir, gəl, ərizəni yaz, səni AYB-nə üzv qəbul edək. Mən, “Ədalət müəllim, Aşıq Ələsgər, Nətavan, Qasım bəy Zakir, Ələkbər Sabir, Seyid Əzim Şirvani zamanında AYB vardı? – üzvlük haqqına verəcəyim pulu sizinlə şəhərdə görüşəndə bir yerdə əyləşib adama bir fincan qəhvə içərik” dedim. Gülümsündü və dedi: “Yenə də bax”. – “Yaxşı, fikirləşərəm”. Xudafizləşib ayrıldım.Zaman keçdi. 2016-cı ildə 2-ci kitabım çapdan çıxdı. Ümumi qayda üzrə sənədlərimi toplayıb AYB-nə təqdim etdim. AYB-nə üzv olmaq üçün.Aradan neçə illər keçməsinə baxmayaraq bu günə kimi vəsiqəmi vermədilər. Allah bilir verdiyim ərizəni harda toz basıb. Vermədilər, vermədilər, neyləmək olar? Onsuz da pis-yaxşı ədəbiyyat tariximizdə mənim də yazılarım qalacaq. Necə olur ki, bir kitabin muəllifi AYB-in üzvü olur?Nə isə...Oxucuların düşüncəsini neqativ fikirlərdən uzaqlaşdırmaq məqsədilə son zamanlar yazdığım şeirlərdən biri ilə bitirirəm:YaradanCərrah çəkdi bədənimə bıçağı,Sən sağaltdın məni neçə yaradan.Bir qətrədən bu cahanı xəlq edən,Zülmət itə, işıq saça, yaradan.Eşqim dolu ürəyimdən gözəcən,İlhamlanır, könül dinir, qızır can.Rəvadırmı əcəl vaxtsız ala can?Sevgi dolu bu dünyanı yaradan.Xoş olar ki, el dərdini ara, san,Ərən üçün namərd bağrın yar asan.Xəlil dostu hey yaxından sora san,Uzaq salma sən aranı Yaradan. Xəlil ZEYNALOV,şair-publisistZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.