XALİDƏ NURAY POEZİYASINDA LİRİK “MƏN”İN BƏDİİ İNİKASI Humanitar elmlər, Elmi Məqalələr 14 июня 2026 187 0 1 2 3 4 5 Rus ədəbiyyatının klassiki Nikolay Alekseyeviç Nеkrаsоva görə, hər şey poeziyadır, “müqаyisə pоеziyаdır, mənzərə pоеziyаdır, hаdisə də şаirаnə оlа bilər, təbiət pоеziyаdır, hiss – pоеziyаdır, fikir isə təhlillərin, nəyisə öyrənmənin, sоyuq mühаkimələrin məhsulu kimi həmişə nəsrdir. Аncаq bundаn bеlə bir fikir hаsil еtmək yаnlışdır ki, pоеziyа fikirsiz kеçinməlidir. Оnsuz hеç bir həqiqi pоеziyаnın mövcudluğundаn dаnışmаq оlmаz”. Poeziya və şeir... Bu iki kəlmə çox vaxt eyni mənada işlənsə də, aralarında incə bir fərq var. Poeziya sənətin ruhu və məzmunu, hisslərin, həyəcanın və xəyalların müəyyən bir ölçü, ritm və ahənglə ifadə olunması, “dilin ali mövcudluq formasıdır” (İ.Brodsky), “bilgidir, ruhun qurtuluşudur, gücdür, özünü unutmadır” (Oktavia Pas). Şeir isə onun formasıdır, “sözlərlə gözəl şəkillər yaratmaq sənətidir” (C.S.Tarancı). Sözə yеni bоyаlаr, tərаvətli çаlаrlаr gətirmək gərgin pоеtik ахtаrışlаrın uğurudur. “Pоеziyаdа sаnki həyаtın özü özü hаqqındа dаnışır” (Hеgеl). Hegelin bu fikri sanki müasir Azərbaycan poeziyasında daha çox insan ruhunun dərinlikləri, Vətən sevgisi və vətəndaşlıq duyğuları, təbiət lirikası ilə tanınan Xalidə xanım Nurayın poeziyasını xarakterizə edir. Şairənin yaradıcılığını bir gül baxçasına bənzətsək, bu baxçada hər rəngdə gül, hər mövzuda şeir var. Bu şeirlər bağçadakı güllər qədər gözəl, həyatın özü qədər möcüzəli, insanlar qədər fərqlidir. Mövzulara gəlincə, bağçadakı güllər qədər rəngarəngdir. Yəni şairənin şeirlərində həyatın özü, dünyanın rəngi, insanın taleyi var. Əslində, insаnın tаlеyi dünyаnın, həyаtın, zаmаnın, dünyаnın, zаmаnın tаlеyi isə insаnlаrın tаlеyidir. Kaleydeskopa (hər dəfə çevriləndə fərqli və təkrarsız naxışlar yaradan bir cihaz) bənzətdiyimiz həyat, şairənin şeirlərində “həyat kaleydoskopu” kimi inikas edir, sevinc, kədər, ümid və həsrət bir-birini əvəz edir. Yəni, Xalidə Nurayın poeziyası həyatın müxtəlif rənglərini əks etdirən bir kaleydoskopdur və onu hər dəfə çevirdikdə oxucu fərqli-fərqli hallarla: sevgi ilə yaşayanla, sevgisizlikdən ölənlə, gülə-gülə ağlayanla, ağlaya-ağlaya gülənlə, həsrətlə, hicranla, kədərlə, qədərlə, olumla, ölümlə, qınaqla, sınaqla qarşılaşır... Bütün bunları Xalidə xanımın poeziyasında izləməyə çalışacağıq. Bu baxımdan şairənin “kiminə cəza, kiminə bəraət, ”kiminə zillət” verərək hər an sınağa çəkən” həyatın çətinlikləri, insanın tale qarşısında sınanması haqqında fəlsəfi fikirlərini ifadə etdiyi “Qəribə həyat” şeiri çox düşündürücüdür:Ömür karvanını qəmlə bəzəyib, Dərdi dərd üstünə qalayar həyat.Nəfsiylə insanı daşdan keçirib, Günahkar adıyla qınayar həyat.Şairə bu şeirində həyatı həm cəza verən, həm də sınağa çəkən bir qüvvə kimi təsvir edərək, insanın nəfsi və taleyin ironiyası ilə mübarizəsini tərənnüm edir.Eşqin əllərində həsrət çırağı, Süzər badəsinə zəhəri, ağı, Çəkdirib köksünə məhəbbət dağı, Sevginin qəsdinə dayanar həyat.Xalidə Nurayın təqdim olunan şeiri, insanı min kərə küsdürüb qəlbini alan, bəzən ürəyindən kədəri silən, bəzən də “vədəsiz bir anda məhv edən, çılğın qisasıyla öyünən həyatın çətinlikləri, sevgi sınaqları və vətən sevgisi üzərində qurulmuşdur. Amansız və qısqanc bir qüvvə kimi təsvir edilən həyatda sonda “haqq deyib susmayan qələm”, qalib gələn isə Vətən eşqi olur:Xalidə Nurayam bir əlində qəm,Birində haqq deyib susmayan qələm.Vətən aşiqiyəm vətənsiz ölləm,Bu dəli sevdama qısqanar həyat.Şairə görə, həyat sadəcə keçib gedən zaman deyil, insanı daim “dara çəkən” və “sınayan” bir prosesdir. Tale isə burada insanın iradəsindən asılı olmayan qərarları (kiminə var, kiminə zillət verməsi) təmsil edir.Şeirdə ən çox nəfs və tale toqquşması maraqlı bir məqam olaraq diqqət çəkir: “Nəfsiylə insanı daşdan keçirib / Günahkar adıyla qınayar həyat.” Burada həyat və ya tale tale insanı öz nəfsi ilə sınağa çəkir. Yəni həyat həm tələni qurur, həm də həmin tələyə düşən insanı günahkar çıxarır. Həyat taleyin icraçısı kimi insanın ən zəif və ən güclü nöqtələrini hədəf alır. İnsan nə qədər mübarizə aparsa da, sonda həyat “çılğın qisasıyla öyünür”. Bu, taledən qaçılmazlığı və həyatın insan üzərindəki mütləq hakimiyyətini göstərir. Beləliklə, şeirdə həyat taleyi yazan deyil, taleyin acı imtahanlarını insana yaşadan, onu daim əzən, sıxışdıran bir qüvvədir. İnsan bu “ömür karvanında” yalnız “haqq deyən qələmi və vətən sevdası ilə” həmin taleyə qarşı dura bilir. Şeirdəki “həyatın insanı öz nəfsi ilə sınağa çəkib sonra qınaması”, - fikrini insanın öz taleyindəki günah payı kimi də izah etmək olar. Eyni duyğuları Xalidə xanımın “Taleyimin rəngi...” adlı şeirində də izləmək mümkündür. Taleyin rəngi, həm fəlsəfi baxışda, həm də ədəbiyyatda insanın həyata münasibətindən asılı olaraq dəyişən bir simvoldur. Xalidə Nurayın şeirində taleyin rəngini bir neçə tərəfdən görmək olar:Rəssam, elə rəng seç solmasın izi,Əzəldən gülməyib bəxtimin üzü, Açılmır yağmurdan sevdamın gözü,Nəmli gülüşlərim bəm ahəngdədi,Bildinmi, taleyim hansı rəngdədi?...Yazan qismətimi əzabdan yazıb,Vədəsi fələyin əlində azıb,Ruhumu bir ahın dilindən asıb,Nəfəsim elə bil dar səhəngdədi,Bildinmi, taleyim hansı rəngdədi?...Bu misralarda izlədiyimiz taleyin rəngi, əzablı ruh halını təsvir edən dumanlı bozluq və ağır tonlarla bənzədilən nəmli kədərin rəngidir. Bu rəng zamanla silinməyən, fələyin əliylə yazılmış, çətinliklə nəfəs alınan dar bir məkandakı (dar səhəng) kədərli mənzərəni, “əzəldən gülməyən bəxtin üzü”nü, “yağmurdan açılmayan sevdanın gözünü, nəmli gülüşlərin bəm ahəngdə” olmasını ifadə edir. Şeir kədərli və iztirablı bir taleyin rəsmini və rəngini təsvir edir. Bu, həm də iztirabın rəngi kimi də qəbul edilə bilər:Toxunur əlimə şehi üşüdür,Saçımı darayan mehi üşüdür,Yalın arzuları ahı üşüdür,Sazaqdan dil açan qəm ürəkdədi,Bildinmi, taleyim hansı rəngdədi?...Bu misralarda taleyin rəngi sazaqdan dil açan qəmlə dolu ürəyin, xəzanın qonur çalarları və yağışın bozluğunu birləşdirən kədərli təsvirlə hiss edilir. Şairə həsrətin, tənhalığın və ümidlərin itirilməsini sazaq kimi kəsici və soyuq bir şəkildə təsvir edir:Sinib xatirəmin buz baxışına,Xəzan ilmə salıb yaz naxışına,Əyni islanıbdı söz yağışına,Bir ömür nəğməsi bu çələngdədi.Bildinmi, taleyim hansı rəngdədi?...Bu misralar həsrət, zamanın amansızlığı və yaradıcılıq ağrısı ilə yoğrulmuş lirik bir lövhədir. Şeirdə insan taleyi təbiət hadisələri və sənət elementləri (ilmə, naxış, nəğmə) vasitəsilə simvolizə olunur. Müəllif xatirələri “buz” kimi soyuq və donmuş təsvir edir ki, bu da keçmişin artıq dəyişməz olduğunu, ruhda bir üşütmə, tənhalıq yaratdığını göstərir. “xəzan ilmə salıb yaz naxışına”- misrasında şairə güclü bir təzad (antitez) yaradaraq, “Yaz”la ümidi və gəncliyi, “Xəzan”la itkini və qocalığı simvolizə edir. Payızın bahar naxışına “ilmə salması” isə taleyin gözəlliklərini pozan qaçılmaz sonu və kədəri ifadə edir. “Əyni islanıbdı söz yağışına” misrasında “lirik mən”in taleyi və ya obrazı sözlərlə bütövləşib. Buradakı “söz yağışı” həm ilhamı, həm də çəkilən mənəvi iztirabları təmsil edir. Bu, ömrün yaradıcılıqla, bəlkə də deyilməmiş sözlərin ağırlığı ilə keçdiyinə işarədir. “Bir ömür nəğməsi bu çələngdədi”, - misrasındakı “çələng” həyatın yekunudur. Bu çələngdə acılı-şirinli bütün xatirələr, sözlər və hadisələr birləşərək bir bütövü – insanın ömür nəğməsini yaradır. Bütün bunlardan sonra şairə taleyinin hansı rəngdə olmasını sanki sual şəklində oxucuya ünvanlayır: “Bildinmi, taleyim hansı rəngdədi?...” Sual oxucunu düşünməyə sövq edir. Şeirin ümumi ruhuna (xəzan, buz, yağış) əsasən, bu rəngin boz, solğun və ya qəmgin bir rəng olduğu hiss olunur, lakin bu, həm də sirli bir rəngdir. “Lirik mən” taleyinin hansı rəngdə olmasının sözlə təsvirini vermək üçün bədii təsvir vasitələrindən istifadə edir. Buradakı metaforalar: “buz baxış”, “söz yağışı”, “xəzanın ilmə salması” – hissləri vizuallaşdırır. Oxucu sanki film kimi bir həyat hekayəsi izləyir. Xalidə Nurayın bütün şeirləri gözəldir və həyatın müəyyən anlarından alınmış fraqmentlər kimidir. Bu baxımdan, “Xatirələrin üşüyür” şeiri diqqətçəkicidir. Elə xatirələr var, insanı yaşadır, xatırlandıqca üzünə gülüş qondurur. Elə xatirələr də var ki, insanı üşüdür. Çünki bu xatirələr “lirik mən”in “ümidlərini gözüyaşlı qoyub, “bəxtinin qapısını üzünə çırpıb gedən”, “ömür kitabının sinəsinə basılmış dağı” xatırladır:günahlarınla üzləşmədən,xəyallarımı yıxıb getdin.Yanağından şeh süzülən talehimə acımadın.Bəxtimin qapısınıüzümə çırpıb, getdin.Ömür kitabımındağ çəkilmiş sinəsində xatirələrin üşüyür.Oxucu düşünür: xatırələr insanı üşüdə bilərmi? - Xalida Nurayın şeirindəki “xatirəmin buz baxışı” obrazı bu suala ən poetik və kədərli cavabdır. Bəzən xatirələr insanı sadəcə üşütmür, dondurur. Şairənin təbirincə desək, xatirələr “xəzanın yaz naxışına ilmə salması” kimidir. Bir zamanlar isti olan hisslər (yaz) bitdikdə, onlardan qalan boşluq ruhda soyuq bir külək (xəzan) yaradır. İnsan o anın istiliyini itirdiyini dərk edəndə mənəvi olaraq üşüyür:Yollarda ayaq izlərin,əyni yalın həsrətinin qəddi əyilmiş kölgəsini,arxasınca sürüyür.Divarda intiharaqəribsəmiş şəkillərin,məhkum libası geyinib,asıldığı ümidindən üşənir.İtirdiklərini axtarırmış kimi,peşman olmuş baxışlarınsəba yeli,saçlarıma toxunur.Toxunuşu əzab verirduyğularımın hənirinə.Daha dözmək istəmirəm,bu sevgisiz həyatın dərdi-sərinə.Misralarda itirilmiş eşqin və çarəsizliyin yaratdığı psixoloji sarsıntı çox tünd rənglərlə təsvir edilir. Əvvəlki bənddəki “xəzan” və “buz” motivi burada daha ağır bir depressiv havaya, tənhalıq və məhv olma hissinə keçid edir. Bu dəfə həsrətin vizual obrazı oxucunun gözü önündə canlanır. Şeirdəki “əyni yalın həsrət” və onun “qəddi əyilmiş kölgəsi” ifadələri daxili ağrının insanı necə fiziki olaraq çökdürdüyünü göstərir. Şeirin ən ağır və təsirli obrazı “intihara qəribsəmiş şəkillər”dir. Divardan asılmış şəkillər sadəcə xatirə deyil, “məhkum libası” geyinmiş dar ağacı fiqurlarını xatırladır. “Ümidindən asılmaq” ifadəsi isə ümidin artıq bir xilas deyil, işgəncə alətinə çevrildiyini simvolizə edir. “Lirik mən”i üşüdən xətirələr deyil, hatırladıqca yaşadığı hisslərin fiziki ağrısıdır. Peşman baxışların “səba yeli” kimi saçlara toxunması normalda romantik bir hərəkət olmalı ikən, “əzab verir”. Bu, ruhun yaralı olduğunu, hətta ən yumşaq xatirə və ya toxunuş belə “duyğuların hənirini” (isti nəfəsini) yandırdığını göstərir. Son misralarda oxucu “lirik mən”in taqətdən düşdüyünü hiss edir, “dözmək istəmirəm” fəryadı ilə, artıq sevginin olmadığı bir dünyada yaşamağın mənasızlığına münasibət bildirir. Şeirdə sürrealist detallar (şəkillərin ümidsizlikdən üşənməsi) və ekzistensial böhran var. Müəllif sanki bir ayrılığın ardından gələn “boşluq mərhələsini” qələmə alıb. Sanki misralarda hər şey - divarlar, yollar, şəkillər belə canlanıb insanın üzərinə gəlir. Yalanlarıyla bəslədiyi məhəbbətdən,əllərimi üzmüşəm.Qadınlığın ismətinə qısılıb,susmaqdan üzülmüşəm.Nəhayət anladım ki...İçimi göynədən tənhalığın ulayan sazağında,ovunduğum xatirələri üşüdən,sənin yoxluğun deyil...Ruhumu udmuş yalqızlığın ağzında,canı soyumuş nəfəsim imiş!“Yalanlarıyla bəslədiyi məhəbbət” ifadəsi göstərir ki, “lirik mən” artıq münasibətin süni olduğunu qəbul edib, “əllərini üzüb”, keçmişlə olan bağını qoparıb. Burada çox zərif və dramatik bir məqam diqqətimizi çəkir: “Qadınlığın ismətinə qısılıb susmaq”. Müəllif cəmiyyətin və ya mənəviyyatın qadına diktə etdiyi “səbirli olmaq, susmaq” yükünün onu necə tükətdiyini ifadə edir. Bəlkə də “lirik mən”i yoran ömrünün bu “Qadınlığın ismətinə qısılıb, susmaqdan üzülməsi”dir, “içini göynədən tənhalığın ulayan sazağında ovunduğu xatirələrin üşüməsidir”. “Ruhunu udmuş yalqızlığın ağzında, canı soyumuş nəfəsin” yorğunluğu hopmuş “lirik mən”in bu qədər ağır xatirələrlə yaşaması onu yorğun salıb. “Canı soyumuş nəfəs”miş. Şeirin finalı çox sarsıdıcıdır. İnsan adətən, başqasını günahlandırar, lakin burada “lirik qəhrəman” anlayır ki, əsl faciə onun öz ruhunun “yalqızlığın ağzında” qalması və artıq öz nəfəsinin belə onu isitməyə yetməməsidir. Bu, insanın öz daxilindəki həyat enerjisinin (hənirin) sönməsidir. Əvvəlki misralarda günahkar “yollar”, “şəkillər” və “taleyin rəngi” idisə, burada mərkəzə lirik qəhrəmanın özü keçir. Bu, bir növ mənəvi soyuqluq və “özünü itirmə”dir. “Lirik mən”in sadəcə bir ayrılıq deyil, həm də daxili bir “yorğunluq” etirafıdır. Bu misralarda artıq kədər və depressiya mərhələsi bitib, yerini acı bir həqiqətə və özünüdərkə verib. Şeirin əvvəlindəki “sevgisiz həyatdan bezmək” hissi burada dərin bir fəlsəfi yekunla əvəz olunur.“Nəhayət anladım ki...” hissəsindən sonra şeirin kulminasiyası gəlir. Müəllif illüziyanı dağıdır. Məlum olur ki, onu üşüdən və göynədən qarşı tərəfin yoxluğu deyilmiş. Xatirələrin üşüməsini tənhalığın ulayan sazağında canı soyumuş nəfəslə əlaqələndirən şairə, yoxluğun deyil, daxili boşluğun ağrısını ifadə edir. “İntihara qəribsəmiş şəkillər” və susqunluğun gətirdiyi yorğunluq şeirin emosional nöqtələridir. Şairənin finaldakı etirafı ruhun donmasını, insanın özüylə qarşı-qarşıya qalmasını göstərir. Şairənin bu şeiri ayrılıq və özüylə üzləşmənin təsirli tərənnümüdür.Xalidə Nurayın yaradıcılığında xatirə sadəcə yaddaş deyil, həm də “əyni islanmış söz yağışı”dır. İnsan o yağışın altında tək qalanda ruhən titrəməməsi qeyri-mümkündür. Bunu “Yorğun ömür” şeirində də izləmək olar. “Lirik mən” bu şeirdə ömrünü “təlatümlü dəniz”ə bənzədir. Bu dənizin “fırtınalı dalğaları, “əjdaha qasırğalar”ı zaman-zaman ondan qisas alır”, “lirik mən”in “yaz ətirli illərini udur”. “Yelkənsiz tənha qayıqda ummanların qucağında” üzüb gedən “lirik mən” həyatdan ümidsizdir, çünki “görünməyir liman izi”...Kölgəm üzür,ləpələrin yanağında.Qağayılar ov axtarır,saf sulara əksim düşən,yönü azmış baxışımda.Dəli sevdam məni asır,inçimdəki yalqızlığın,qəm toxuyan yalnışından.Kədər qonur boz sulara...Qara bulud leysan-leysan nəm ələyir.Xalidə Nurayın bu şeiri, təbiət mənzərələri fonunda insanın daxili tənhalığını, kədərini və yorğunluğunu bədii şəkildə ifadə edir. Qara buludlar, yağış altında həsrət hissi, xatirələrin çətinliyi, fədakar hisslərin gətirdiyi yorğunluq əsərin əsas mövzusudur.Yuyulduqca həsrət axır,illərimin üst-başından.Mürgüləyən ümidlərim,göz açammır,xatirələr yağışından.Bürünmüşəm tənhalığın İç göynədən qınağına.Yorğun ömür daha dözmür,Zalımlara məlhəm olan,hislərimin sınağına.Misralarda tükənmə və mənəvi yorğunluq artıq son həddə çatır. Şeirin əvvəlindəki kədərli obrazlar burada yerini öz taleyini başqalarının insafına (sınağına) buraxmış bir insanın fəryadına verir. Müəllif zamanın keçməsini “illərin üst-başından həsrətin axması” kimi təsvir edir. Lakin bu yuyulma təmizlik gətirmir; əksinə, xatirələr yağışı ümidlərin “göz açmasına” imkan vermir, onları boğur. Burada tənhalıq sadəcə bir vəziyyət deyil, həm də “lirik mən”I daxildən mühakimə edən, onu “göynədən” bir qınaq obyekti kimi çıxış edir. İnsan öz-özü ilə qaldıqda, özünü daha çox günahkar və ya çarəsiz hiss edir.Bu, bəndin ən düşündürücü misrası, “Zalımlara məlhəm olan hisslər”dir. Şairin təmiz və səmimi duyğuları, sanki ona əzab verənlər üçün bir “məlhəmə” çevrilib. Onun çəkdiyi acı başqalarının (zalımların) bəlkə də qürurunu oxşayır, onlara güc verir. Finalda “lirik mən”in bu mənəvi “sınaqlara” dözə bilməyəcək qədər ruhən yorulduğunu görürük. “Lirik mən”in duyğularını şairənin bir başqa şeirində (Səninlə sənsiz yaşadım) izləyək:Ehh... daha yoxdur,gözlərindən axan sevgininyanağımda busəsi...Məni bağrına basan ülviməhəbbətin,ruhumu qarsalayan nəfəsi...Dilində əsib-titrəyən,“Səni dünyalar qədər sevirəm” kəlməsi...Sevdamızın canına hopdu həsrət.Yaşadığımız illər,əzabına qalandığımız eşqimizi şam kimi əritdi.Ayrılıq yağmuruna əyni islanmış gecələri,pəncərəmdə damcı-damcı sabahladım.Bu artıq bir vidadır. O soyuq, yağışlı və sarsıdıcı atmosfer burada bir “yoxluq” nöqtəsinə çatır. “Ehh... daha yoxdur”, - ünvanlanması (nida) bütün o ağrılı prosesin bitdiyini və qəti bir itki ilə üzləşildiyini göstərir. Keçmiş zamanla (sevginin busəsi, ülvi məhəbbət) indiki zaman (həsrət, ərimək) arasındakı uçurum bu nida ilə açılır. ”Şam kimi əritdi” təşbehi çox klassik olsa da, burada çox yerində işlədilib. Şam yanaraq tükəndiyi kimi, illər və əzablar da eşqi damla-damla bitirib. Artıq ortada yanan bir alov yox, sadəcə o alovun izləri qalıb. Əvvəlki şeirlərdəki “söz yağışı” və “xəzan yağışı” motivi burada “ayrılıq yağmuru”na çevrilir: “Ayrılıq yağmuruna əyni islanmış gecələr”. Müəllif gecəni də canlı kimi təsvir edir: Gecənin “əyni islanır”. Bu, kədərin artıq fərdi olmaqdan çıxıb bütün zamana və məkana yayıldığını göstərir. ”Pəncərəmdə damcı-damcı sabahladım” misrasında göz yaşları ilə yağış damcılarının bir-birinə qarışdığı, yuxusuz və ümidsiz bir gecənin bitmək bilməyən ağırlığı ifadə edilir. Burnumun ucu göynədi, sevgimizin didərgin düşdüyünü anladım.Anladım ki, sevgisizlik ağır dərddi...Soyuqluğu...gülüşümün dodağını çatlatdı.Sığal çəkən sazağısaçlarımı ağartdı, Hisslərimi dara çəkən biganəliyi,Mənə....səninlə, sənsiz yaşamağı öyrətdi.Xalidə Nurayın şeirlərindəki o ağır tənhalıq və həsrət ruhu ilə bu suala cavab versək, “səninlə sənsiz yaşamaq” - varlığın içində yoxluğu yaşamaq, hər gün xatirələrin “buz baxışına” tuş gəlməkdir. Səninlə sənsiz yaşamaq, nəfəs aldığını zənn edib, əslində o nəfəsin çoxdan donduğunu fərq etməkdir, “tənhalığın iç göynədən qınağına” bürünməkdir. İnsan həm sevdiyini yanında hiss edir (duyğularının həniri ilə), həm də onun yoxluğunun gətirdiyi “ulayan sazaqda” tək qalmaqdır. Yanında olmayanda belə, onun kölgəsi həmişə divardadır. Amma o kölgə isitmir, əksinə, şeirdə deyildiyi kimi, “əyni yalın həsrətini” arxasınca sürüyür. Bu hiss, divardan asılmış şəkillərin “məhkum libası” geyinməsi kimidir. O şəkillərdəki gülüşlər var, amma reallıqda o gülüşlərin səsi yoxdur. Bu, ümidin asıldığı yerdən hər an qırılacağını gözləməkdir. Ən sarsıdıcı hiss isə şeirdəki sonuncu kəşfdir: “Sənin yoxluğun deyil, ruhumu udmuş yalqızlığın ağzında canı soyumuş nəfəsim imiş!” Şairə görə, bu hiss, dənizdə qağayı kimi yorulmaq, amma heç bir sahilə çıxa bilməməkdir. “Səninlə sənziz yaşadım” şeiri o qədər təsirlidir ki, sadaladığımız bütün parçaları bir araya gətirsək, belə bir hekayə qura bilərik: Giriş (ekspozisiya): Taleyin rəngini sorğulayan və keçmişin buzuna baxan lirik qəhrəman. Rabitə (düyün): Şəkillərin intihara qəribsəməsi və yalqızlığın ruhu udması. Kulminasiya: Yalanların ifşası və daxili “nəfəsin” soyuması. Final: Hər şeyin damcı-damcı əriyib yox olması və qalan tək şeyin “ayrılıq yağmuru” olması.Bütün bunlara rəğmən, “lirik mən” onu əzib-sıxan, ağrıdan xatirələrdən silkinib çıxa bilmir. bəzən oxucuya elə gəlir ki, “lirik mən”ı xatirələr yaşadır, “düşündükcə ötənləri” “həsrətinin soyuq mehi saçlarını sığallayır”, onu “ovunduran yuxusu”na dönür: “Ovunduran yuxumsan”. “Baxışınla ovsunlanan,/ Gözlərim səni arayır, /Həsrətinin soyuq mehi / Saçlarımı sığallayır”.Düşündükcə ötənləri,Xəyalların yaxır məni,Xatirələr yana-yana,Buz köksünə sıxır məni.Xalidə Nurayın bu şeiri, itirilmiş sevginin yaratdığı kədərli sakitliyi, unuda bilməməyin ağrısını əks edir. İntizarla dolu baxışlar, xatirələrin “buz köksü” ilə simvolizə olunan həsrət, “lirik mən”in reallıqdan uzaqlaşaraq yuxularda təsəlli tapdığını göstərir. “Yuxunu son təsəlli” kimi görməsi isə “lirik mən”in artıq reallıqla barışdığını, hələ də keçmişin dustaqlığından çıxa bilmədiyini ifadə edir. Bu misralar unutmağı bacarmayan, “hələ də keçmişin dustaqlığından çıxa bilməyən” “lirik mən”in “hərdən ona son təsəlli”, hərdən onu “ovunduran xoş yuxusu” olan, həm var, həm yox olan sevdiyinə, vərəqlərə etiraflarıdır. Bəzən “lirik mən” özü-özünə sual ünvanlayır, bu “sınaqmı, yoxsa cəza”… Daha səbri qalmayıb, öz-özünə ünvanladığı suallar “daş kimi asılıb yaxasından” (L.Əsgərzadə). “Ögey baxışları ox kimi, qəlbinin gözünü oyur”, ”Misra-misra dara çəkilən ötən günlərin xatirəsi”, “Bir film kimi... xəyallarına yansıyır”. Daha səbrimin yaxasıgün vurmuş tül kimiilmələnib, salxır.Örpəkli yalanların, əsir olmuş sevgimin,gözlərində vurnuxur.Biganə nəfəsin,itirmək qorxusundan,ürpənmiş ürəyimi,buz bağlamış hənirininköksünə sıxır.Ögey baxışların ox kimi, qəlbimin gözünü oyur. Misra-misra dara çəkilən ötən günlərin xatirəsi,Bir film kimi...xəyallarıma yansıyır. Xalidə Nurayın bu sarsıdıcı misraları sevgidəki səbrin son həddini, mənəvi çöküşü təsvir edir. Şairənin üslubunda “buz bağlamış hənir”, “gün vurmuş tül” və “qəlbinin gözünü oyan ögey baxışlar” kimi orijinal təşbehlər hisslərin nə dərəcədə amansızca zədələndiyini göstərir. Bu təşbehlər o qədər güclüdür ki, oxucunun gözü önündə “gün vurmuş tül” vizualalşır. Soluxmuş, rəngini və keyfiyyətini itirmiş tül ən kiçik bir toxunuşla cırıla bilər. Diqqətimizi çəkən digər bir məqam isə biganəliyin soyuqluğudur. Ətrafdakı insanlara və ya cəmiyyətə qarşı maraqsızlıq, laqeydlik mənasına gələn bu söz şəxsə münasibətdə “yadlıq” və ya “özgələşmə”, “soyuqluq” vəziyyətini ifadə edir. Qəribə bir ziddiyyət var. İnsan normalda “isti hənirə” sığınar, amma burada hənir “buz bağlayıb”. Bu, qarşı tərəfin fiziki olaraq var, ruhən yad və soyuq olmasının ən kəskin ifadəsidir. Aşağıdakı şeirdə isə artıq bir sevginin vəsfi deyil, can vermə prosesi təsvir edilir. İnsan bu misraları oxuduqca sevgisizliyin insana verdiyi cəzanın nə qədər açı və “ox kimi” sarsıdıcı olduğunu duyur.Tənhalıqdangözləri dörd olmuşümidlərim, çarəsizcə özüylə dərdləşir...Səksəkəli duyğular,bağrımı didir.Səbri tükənmiş sevgim,arxansınca sürüklənən günahların ətəyində can verir.Ruhum canımın bir udumluğunda...Düşünürəm İlahi, bu sevgi...yolunu azmış etibarla,düyünlənmiş ahın,son nəfəsini verən bir ömürçün,sınaq, yoxsa cəzamı?Şeirin sonu fəlsəfi sualla bitir: “Bu sevgi sınaq, yoxsa cəzamı?” “Lirik mən” şeirin sonundakı “sınaq, yoxsa cəza”, - sualdan asılı qalıb. “Asılı qalmaq” vəziyyəti əslində, insan ruhunun ən ağır çəkisizliyidir. “Lirik mən” üçün bu sevgi “yolu azmış etibar”dır. Etibar yolunu azanda artıq nə sınaq öz mənasını qoruyur, nə də cəza öz ədalətini. O, sanki bir edam kürsüsündədir (misra-misra dara çəkilən xatirələr) və bu edamın sınaq yoxsa, cəza olmasının artıq “son nəfəsini verən bir ömür” üçün heç bir fərqi qalmayıb. Şairə yolu azmış etibarın və ömrün son nəfəsində gələn ahın arasındakı bu ağır mənzərəni bir hökm kimi təqdim edir.Xalidə Nurayın yaradıcılığında təkcə lirik duyğular tərənnüm edilmir, “həyatın mahiyyəti, insanın taleyi haqqında dərin düşüncələr inikas edir, “fəlsəfi fikirlər və etik-fəlsəfi məqamlar geniş yer tutur”. Akademik İsa Həbibbəylinin qeyd etdiyi kimi, “onun poeziyasında təzadlı dünya, həyatın qəribəlikləri və fərqli insan simaları haqqında kamil bir insanın fəlsəfi baxışları duyulur”. Bütövlükdə, sözü insanlığa xidmətə çevirən, ülvi duyğularla yaşayan, könlünü sözə verən, Xalidə xanımın şeirlərində mənəvi dəyərlər, əxlaq və haqq-ədalət axtarışı, insanlığa xidmət ön plandadır. Xalidə xanımın “insanlıq xətrinə” etdikləri yazdığı şeirlərdə öz əksini tapır. “Ömür boyu doğma-yada, ümid olduğu”, “hər acını dada-dada insanlıq xətrinə böldüyü”, “öz-özüylə barışmasa da, “insanlıq xətrinə qəlbindən kini daşlayıb sildiyini” və etmək istədiklərini aşağıdakı şeirində sıralanır: Tutub ömrün yaxasından,Can sökdükcə çuxasından, Üzülsəm də, arxasından,Güldüm insanlıq xətrinə.Yandım, içimdə qışladım,Bitdiyimi bilə-bilə,Qopub düşdüm gilə-gilə,Gözümdə nəm gülə-gülə,Öldüm insanlıq xətrinə.Xalidə Nurayın bu misraları fərdi ağrıları “insanlıq xətrinə” qurban verərək, fədakarlığın və daxili çətinliklərin bədii təsvirinin təqdimidir. “İçimdə qışladım”, - ifadəsi daxili soyuq sınağı tənhalıqda yaşamağı, “gözümdə nəm gülə-gülə” isə ruhun ən ağır təzadı ilə başqaları üçün gülümsəməyi ifadə edir. Bu, şairənin insanlıq dəyərini qorumaq üçün özünü fəda etmənin nəcib bir formasıdır. Son olaraq qeyd edək ki, Xalidə xanımın poeziyası zəngin, mövzu etibarıyla rəngarəngdir. Yazımızı, bir başqa məqalədə davam etdirmək diləyi ilə, “Dərd önündə duruşuyla, /Qəm örpəkli gülüşüylə, /Naz-qəmzəli yerişiylə, /Boğçası dolu, sirr qadın”ın - Xalidə xanım Nurayın “Güzgülənir, şair qadın!” şeiri ilə bitirmək istəyirik. Şeir həyatın sınaqlarından keçmiş, iztirablarını ləyaqətlə daşıyan və yetmiş illik ömür yolunu şərəflə tamamlamış, “bu zirvəni pillə-pillə”, “hər əzabı bilə-bilə, gülə-gülə qarşılayan, “ismətinə, əsir bir qadına”, “sirr, “qəsr”, “sehr qadına”, yaxın həmkarına həsr olunub.Dərd önündə duruşuyla,Qəm örpəkli gülüşüylə,Naz-qəmzəli yerişiylə,Boğçası dolu, sirr qadın!Oldun bəxtin zər, incisi,Gövhər libaslı qönçəsi.Tanrı verib ləl külçəsi,Sözünlə tik, qəsr qadın!Qəmxar, sirdaş oldun hər an,Xalidə Nurayı duyan.Rəfiqəmdi mənə həyan,Nur simalı, sehr qadın!Şair qadının mənəvi zənginliyini “zər, inci, ləl külçəsi” kimi dəyərli daşlarla müqayisə edən şairə özünü də şeirə daxil edərək (Xalidə Nurayı duyan), bu qadının onun üçün sadəcə bir obraz deyil, real bir sirdaş, həyan və rəfiqə olduğunu vurğulayaraq, şeirə səmimiyyət və fərdi bir ruh qatır. Tövsiyə edir ki, Allah vergisi olan istedad və daxili gövhərlə özünə “sözdən qəsr” tiksin. Çəkilən ağrıların təsəllisi və əbədiyyəti ancaq yaradıcılıqdadır. Bu şeir, bütün kədərlərin fövqündə dayanan, sözün gücü ilə özünü yenidən yaradan, əzabı zərifliklə (naz-qəmzəli yerişlə) maskalamağı bacaran müdrük qadın obrazının poetik heykəlidir.Meksika şairi və Nobel mükafatçısı Oktavia Pas yazır ki, “Poeziya – uşaqlıq dünyasına qayıdışıdır, itirilmiş cənnət üçün xiffətdir, cənnətdə cəhənnəm arzusudur. Oyundur, işdir, asketlikdir. Etirafdır. Anadangəlmə qabiliyyətdir. Görüntüdür, musiqidir, simvoldur. O - analogiyadır”. Biz də bütün bunları Xalidə Nurayın poeziyasında mümkün qədər izləməyə çalışdıq. Özü də bir “şeir qadın”, “sehr qadın”, “boğçası söz dolu” qadın olan şairə Xalidə xanım Nuray “qələmə borclu düşüb”, poeziyası ilə sözə xidmət etmək missiyasını seçib. Bu yolda Xalidə xanım Nuraya tükənməz ilham, yaradıcılıq uğurları arzulayırıq. Yazın, yaradın, Xalidə xanım!!! Ruhunuza əhsən, qələminizə qüvvət!!!LÜTVİYYƏ ƏSGƏRZADƏFilologiya elmləri doktoruZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.