TAHİRƏ ƏLİYEVA: "ZİYARƏTGAHIM, ZİYARƏT ETDİKLƏRİM" Məktəblər, Köşə yazılar 4 мая 2025 86 0 1 2 3 4 5 TAHİRƏ ƏLİYEVA(1958)Əliyeva Tahirə Baloğlan qızı - 1958-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur. 1964-cü ildə Dünyamalılar kənd orta məktəbinin birinci sinfinə daxil olmuş və 1974-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir.1977-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun biologiya fakültəsində daxil olmuş, 1982-ci ildə həmin İnstitutu bitirmişdir. Həmin vaxtdan etibarən Dünyamalılar kənd 1 saylı tam orta məktəbdə biologiya müəllimi işləmişdir. 1997-ci ildə İbtidai Tədris üzrə direktor müavini təyin olunmuş, lakin Bakıya köçməklə əlaqədar olaraq, 1998-ci ildə öz ərizəsi ilə həmin vəzifədən azad edilmiş və pedaqoji fəaliyyətini Bakı şəhəri, Yasamal rayonu A.Ağaverdiyev adına 31 saylı tam orta məktəbdə biologiya müəllimi olaraq davam etdirmişdir. 1999-2001-ci illərdə isə həmin məktəbdə tərbiyə işləri üzrə direktor müavini və biologiya müəllimi işləmişdir. Tahirə müəllimə ömrünün əsas hissəsini şagirdlərin təlim-tərbiyəsinə həsr etmişdir. O, hazırda təqaüdçüdür. Bədii-publisistik yaradıcılıq və ictimai fəaliyyətlə məşquldur.Biz də Tahirə Əliyevaya uzun ömür, möhkəm cansağlığı, bədii-publisistik yaradıcılığında, həmçinin, ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir məqaləsini dəyərli oxucularımıza təqdim edirik.ZiM.Az ZİYARƏTGAHIM, ZİYARƏT ETDİKLƏRİM“Cərcis Peyğəmbər” ziyarətgahı (el arasında ona “Zəncirli Pir” deyirlər) Beyləqan rayonunun 3-4 kilometrliyində, Şəfəq qəsəbəsi ərazisində yerləşir. Cərcis Peyğəmbər ziyarətgahı tarixi abidədir, Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Ziyarətgahın ərazisində qəbiristanlıq da mövcuddur və burada IX-X əsrə aid qədim qəbirlər var. Bu ziyarətgahın tarixi səmavi dinlərin yayılması və təbliği dövrlərinə gedib çıxır. Bildiyimiz kimi üç səmavi din var (yəni təkallahlığı təbliğ edən). Bunlar İslam, İudaizm (Yəhudi) və Xristian dinləridir. Ən qədim təkallahlı din e.ə.I minillikdə Fələstində meydana gəlib. Bu səmavi dinlərin ümumi cəhəti odur ki, bu dinlər fəlsəfəni, siyasəti, hüququ, etikanı, məntiqi, psixologiyanı, pedaqogikanı birləşdirib insanlara əxlaqi dəyərləri aşılayır. Hər üç dində valideynə hörmət, əxlaq, vətən məhəbbəti, vicdan, təmkinli olmaq, mülayimlik, yaxşılıq, təvazökarlıq, qonaqpərvərlik, həya, elm, şərəf, bəşər övladına qayğı, qatillikdən, oğurluqdan uzaq olmaq kimi əxlaqi dəyərlərin insanların mənəvi tərbiyəsində rol oynaması ön plana çəkilib. Cərcis Peyğəmbər ziyarətgahının haqqında bir sıra rəvayətlər mövcuddur. Bu rəvayətlər barəsində ziyarətgahın xuddamı Hacı Mirsəməd ağanın fikirləri bizim üçün çox maraqlıdır:“İslam mənbələrinə görə Cərcis Peyğəmbərin əsl adı Cərcis bin Anaq olub. O, 315-ci ildə tacir ailəsində anadan olub. O da atası kimi ticarətlə məşğul olub. Ticarətlə məşğul olan müddətdə həm də təkallahlığı təbliğ etmişdir. Cərcis Peyğəmbər Mil torpağına gəldiyi zaman ərazidə atəşpərəstlik hökm sürürdü. Atəşpərəstlər onun yaydığı təkallahlıq ideyasını qəbul etməyib və onu təqib edərək məhv ediblər.Başqa rəvayətə görə qədim ipək yolunun üstündə olan Beyləqana gələn Cərcis Peyğəmbər ticarətlə əldə etdiyi gəlirləri təkallahlığı təbliğ etmətə sərf edib. Deyilənə görə, həmin ərəfədə o ərazidə Dərziyanə adlı bütpərəst bir şah yaşayırmış və o, Cərcis Peyğəmbərin nüfuzundan qorxaraq onu təqib etdirib. Cərcis Peyğəmbərin ətrafında çoxlu insan toplanıb və onların sayı 13000 və ya 33000 olub. Dərziyanə şah nəhayət Cərcis Peyğəmbəri doğratdırıb indiki türbənin olduğu yerdə quyuya tökdürüb, lakin o, əfsanəyə görə dörd dəfə ölüb dirildikdən sonra miladi təqvimi ilə 392-ci ildə 77 yaşında vəfat etmişdir. (“Cərcis” sözünün mənası da farsca “Caharcur”, yəni “dörd dəfə ölüb-dirilən” deməkdir)”.Bəzi mənbələrə görə Cərcis Peyğəmbər ziyarətgahı Çingiz xan dövründə də mənfi təsirlərə məruz qalıb. Qədim Beyləqan şəhəri XIII əsrdə Çingiz xan dövründə monqol-tatarların hücumuna məruz qalarkən, bu ziyarətgah da dağıdılıb. Ziyarətgah 1905-ci ildən istifadədədir. Hacı Mirsəmədin söylədiyinə görə Türbənin təmiri ilə Hacı Qurban Hacı Nəbi oğlu məşğul olub və sifarişlər verərək işi başa çatdırmağa çalışıb. Lakin Hacı Qurban vəfat etdiyinə görə onun oğlu Hacı Qulu işi davam etdirib.Türbənin memarı Həsən Təbrizi olub. Bu türbə memarın son əl işi olub. Türbə 6 ilə başa gəlib, milli ornamentlidir və səkkizguşəli tarixi abidədir. Türbəni inşa edən memar yay aylarında Təbrizə gedib dincələr, sonra payızda gəlib işini davam etdirərdi. Payızda memar gəlib çıxmadığına görə əhali maraqlanıb və memar Həsən Təbrizinin vəfat etdiyini öyrənib. Onlar türbənin mərkəzində zəncir asıldığını görüblər (Zəncir çırağın asılması üçün olub).İllərdir ki, bu zəncir haqqında müxtəlif fikir və düşüncələr yaranıb. İnsanlar bu zəncirin ecazkar qüvvəsinə inanıb və niyyət edib yaylıq atırlar. Bu proses qədim inanclardan irəli gəlir. Həmişə insanların inancına hörmətlə yanaşılıb.Ziyarətgahda insanların namaz qılmağı üçün məscid inşa edilib. Azərbaycanın müxtəlif bölgələrindən, hətta xarici ölkələrdən də insanlar bu ziyarətgaha gəlirlər. Ziyarətçilərin istirahəti və ziyarəti üçün normal şərait yaradılıb. Türbənin ətrafında Beyləqan əhalisinin qəbiristanlığı yerləşir. Bəzi məlumatlara görə, Cərcis Peyğəmbərin qəbri Beyləqan şəhərində olsa da, İraqın Mosul (Cərcis Peyğəmbər Mosulda da təkallahlığı təbliğ edib), Yunanıstanın Afina şəhərində və Türkiyənin Urfa vilayətində də məqbərələri var.Dediyim kimi, ziyarətgahdakı qəbiristanlıqda yerli əhalinin vəfat etmiş yaxınları dəfn olunub. Biz də 2016-cı ilin aprel ayının 9-da qızımın ildönümü ilə əlaqədar Cərcis Peyğəmbər ziyarətgahına gəldik. Bu gəlişim Aprel döyüşlərindən sonraya təsadüf olunmuşdu. Aprelin birindən ikisinə keçən gecədən başlayaraq dörd gün müddətində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksək-liklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksək-liyi, Cocuq-Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi düşməndən azad olundu. Vətənin yüzlərlə oğulları torpaq uğrunda ermənilərlə mübari-zədə şəhid oldu. Bu ərəfədə ziyarətgaha tez-tez şəhidlər gətirilir, dəfn olunurdu.Həmin gün ziyarətgaha daxil olanda başqa bir fərqli ah-hava olduğunu fərq etdim. Sanki hansısa qonağı qarşılamağa hazırlıq görülmüşdü. Hər yer süpürülüb sulanmışdı. Ətrafda tam bir səliqə var idi. Biz qəbirləri ziyarət edib səliqəyə salır və çiçəklərə qulluq edirdik ki, birdən....Ziyarətgaha insan seli axışmağa başladı. Qadınlar, kişilər, cavan oğlanlar. Öndə üçrəngli Azərbaycan bayrağına bürünmüş bir şəhid cənazəsi gətirirdilər. Ani olaraq bədənim titrədi. Həyəcan məni bürüdü. İnsan seli bizdən 100-150 metr aralıda toplandı və dəfn prosesi başladı.Biz qeyri-ixtiyari həmin topluya doğru getdik. Mən bu zaman qızım üçün gətirdiyim qızılgüllərdən ikisini götürdüm və gəlib qəbrin yanına çatdıq. Şəhidi qəbrə yerləşdirmişdilər. Mənim gözlərimdən göz yaşı sel kimi axmağa başladı, lakin səsimi çıxarmırdım. Çünki bütün qadınlar qəbirdən kənarda toplaşıb göz yaşı tökürdülər, lakin vay-şivən qoparmamaq tövsiyə edilmişdi. Düşmən bizim göz yaşımızı görməməlidir. Mən gətirdiyim çiçəkləri qəbrin üzərinə qoydum.Qəbirdən uzaqlaşdıq. Biz qadınların yanından keçərkən onların pıçıltısını eşitdim: “Bu qadın kimdir?”Tanımırdım şəhidi, üzünü görməmişdim. Lakin mən bir ana idim. Cavan qızını itirmiş, qəlbi yaralı və gözləri yaşlı ana.Qızımın qəbrinə doğru gedə-gedə düşünürdüm: “Cavan, ömrünün bahar çağında vətən uğrunda canını fəda etmiş şəhid bala. Bəlkə bir sevdiyin, gözləyənin vardı, arzuların bitməz, tükənməz idi. Bəlkə də sən qırmızı, tər qızılgülləri sevdiyin qıza qəlbinlə birlikdə bağışlayacaqdın. Nə bilim, bəlkə də bu səadət sənə nəsib olub. Axı mən sənin haqqında heç nə bilmirəm. Amma dünyanı dəyişəndə sənə ilk qismət olan yaralı bir ananın qızılgülləri oldu. Məhəbbət rəmzi olan bu çiçəklər bir ananın bir balaya məhəbbət rəmzi oldu.”Şəhid oğlanın dəfnində nitqlər söyləndi, əsgərlər yaylım atəşi açdılar. Hamı şəhidi ziyarət etdikdən sonra qəbrin ətrafı boşaldı.Mənimlə birlikdə gələn qohumlarımla birlikdə həmin şəhidin qəbri üstünə gəldik. Qəbrin üzəri çiçək və əklillərlə bəzənmişdi. Qəbir sanki çiçəklərin altında gizlənmişdi. Qəbrin baş daşındakı yazıları oxumağa başladım:“Şahin Yaşar oğlu Cavadzadə”. 1995-ci ildə anadan olub, 2016-cı ildə dəfn olunub. Nə yaş edir ki. Vətən uğrunda, torpaq uğrunda canını əsirgəməyən şəhidim. Bəlkə də göz yaşını içinə axıdacaq anan, atan. Sənin torpağına dəfələrlə özlərini qurban deyəcəklər. Qəbir daşını, torpağını duz kimi yalayacaqlar. Sənin ətrini, qoxunu qəbrindən, şəklindən, otağından almaq istəyəcəklər:“Ətrin dolub otağıma,Səsin gəlir qulağıma,Tez ol yetiş harayıma,Sənsiz səhər açılmayır”.Hər gün göz yaşlarında boğulan ananı mən çox yaxşı başa düşürəm. Onun balasının vətən uğrunda şəhid olması qürur-verici haldır. Necə deyərlər, “Torpaq uğrunda ölən varsa, Vətən-dir”. Lakin anaın gözləri həmişə axtaracaq balasını insanların içində, üzündə, gözlərində. “Gözlərim” mahnısında deyildiyi kiimi:“Sözlərinin hər kəlməsi qəlbimdə,Nalə çəkib kaman kimi sızladı,Sənə bənzər, sənə oxşar görəndə,Bu gözlərim gizli-gizli ağladı”.Bir müddət keçdikdən sonra internet səhifələrində Şahin Cavadzayə aid videofilmlər, mövzular, şəkillər paylaşıldı. Bir xəbər məndə qürur hissi yaratdı: Kiçik gizir Şahin Yaşar oğlu Cavadzadə ölümündən sonra Azərbaycan Respublikası Prezi-denti cənab İlham Əliyevin adından Azərbaycan Respublikası Müdafiə Naziri General-Polkovnik Zakir Həsənovun 19 May 2016-cı il əmrinə əsasən “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif olunub. Beyləqan torpağı bu cür qəhrəman, vətənini sevən oğullar diyarıdır desəm, yanılmaram.Ölkədə mətbuat, televiziya kanalları, bütün insanlar aprel döyüşlərinə, onun törətdiyi faciələrə köklənmişdi. Televiziya kanallarında demək olar ki, tez-tez şəhidlər haqqında məlumat və onların dəfni göstərilirdi. Bir gün yenə verilişə baxanda Azərbaycan bayrağına bürünmüş daha bir tabut gördüm. İçimdən bir hiss keçdi: “Nə gözəldir, şərəflidir, öləndə də Azərbaycan bayrağına bükülmək”.Belə bir şərəfli ölümlə şəhidlik zirvəsinə qalxan eloğlumuz 16 dekabr 1993-cü ildə Dünyamalılar kəndində anadan olmuş, böyümüş Məhəbbət Ədalət oğlu Mirzəyevdir. Orta məktəbdə oxuyarkən hərbiyə olan marağı onun hərbi qulluqçu kimi ixtisaslaşmasına səbəb olmuş və Azərbaycanda hərbi qulluqçu kimi dövlətinə xidmət etmişdir. 2015-ci ildə isə Çin Xalq Respublikasına təlimə gedən Məhəbbət atıcı-snayper kimi ixtisaslaşmışdır. Həmçinin Çində idmana da yiyələnmişdir. Yüksək nəticəyə malik Məhəbbət yenidən Vətənə dönüb hərbi işini davam etdirmişdir. Aprelin 4-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulmuşdur. Aprel döyüşlərində qəhrəmanlıqla döyüşərək yaralanmış və vətəni uğrunda şəhid olmuşdur. 23 yaşında şəhid olan çavuş, Xüsusi Təyinatlı Qüvvələrimizin hərbi qulluqçusu Məhəbbət Mirzəyev ölümündən sonra Azərbaycan Respublikası Müdafiə Naziri General-Polkovnik Zakir Həsənovun əmrinə əsasən “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunmuşdur. Hər dəfə “Youtube” kanalında Məhəbbətə aid videofilmləri izləyərkən məni həm fəxarət hissi, həm də təəssüf hissi bürüyür. Fəxr edirəm, çünki yurdumun belə layiqli oğulları var. Təəssüf edirəm, çünki Məhəbbətin görməli gözəl günləri hələ qabaqdaydı. Bəlkə onun yollarına gözlərini dikmiş bir sevgilisi var idi. Pərvanə ananın gözləri isə ömür boyu oğlu Məhəbbətin yolunu göz yaşları ilə silib-süpürəcək. Hər yolda görünən kölgəni oğlu biləcək. Hər toyu olan bəyə baxıb xəyallar quracaq. Hər hərbi paltarlı oğlanın arxasınca baxacaq. İçin-için yanacaq, lakin qürurlu davranacaq. Göz yaşlarını içinə axıdacaq, yanacaq, lakin tüstüsünü görməyəcəklər. “Təmkinli qadındır”, deyəcəklər. “Dərdini çəkə bilir” deyəcəklər. Balasının qəbrinin ətrafına pərvanə kimi dolanan Pərvanə ana həmişə oğlunun bu cümləsini fikrində dolandıracaqdır: “Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur.”Dönəcək evinə ana, içində bu səsləri duya-duya:“Gözlərim gəzəcək səni həmişə,İçimdə bir ümid, ölməmisən sən.Dünən öz əlimlə dəfn eləmişəm,Bu gün axtarıram, bəlkə evdəsən”.Anaların göz yaşı qurumamış yenidən 2020-ci il 12 iyul tarixində Ermənistan Silahlı Qüvvələri Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hücum, təxribat törətdilər. Ermənistan Silahlı Qüvvələri dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək üçün artilleriya atəşindən istifadə edərək hücuma keçdilər. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun Milli Qəhrəmanı general-mayor Polad Həşimov başda olmaqla 11 nəfər hərbi qulluqçusu şəhid oldu. Xalqımız bu şəhidlərimizə mahnılar, şeirlər qoşdular, küçələrə axışdılar. İnsanlar Azərbaycan Silahlı Qüvvələrinə dəstək aksiyaları keçirdilər. Şəhidlərin xatirəsini ehtiramla yad etdilər. Həmçinin bir sıra xarici ölkələrdə də aksiyalar keçirildi və erməni təcavüzünə qarşı etirazlar, bəyanatlar səsləndirildi.Qana susayan, özgə torpağına göz dikən Ermənistan Silahlı Qüvvələri 27 sentyabr 2020-ci il tarixində yenidən Tərtər istiqamətindən ölkəmizə basqın etdilər. Qəhrəman ordumuzun sayəsində əvvəlcə Tərtər rayonundakı Suqovuşan su anbarı və yeddi kənd azad olundu. Bundan qəzəblənən erməni işğalçıları Gəncə, Mingəçevir, Xızı, Abşeron, Füzuli, Beyləqan, Tərtər və Cəbrayıl ərazilərini raket atəşinə tutdu. Oktyabrın dördündə Cəbrayıl rayonu və doqquz kəndi azad olundu. Sonra, oktyabrın doqquzunda Hadrut qəsəbəsi və bir neçə kənd düşmən tapdağından azad edildi.Oktyabr ayının sonunda Ermənistanla Azərbaycan arasında birinci atəşkəs sazişi imzalansa da, bir neçə dəqiqə sonra erməni tərəfdən pozuldu. Atəşkəsin səhəri günü Gəncə şəhərinə, dinc əhaliyə qarşı raket atılması nəticəsində 42 nəfər öldü və 200-dən çox insan yaralandı.Bundan sonra ordumuz oktyabrın 17-də Füzuli rayonunu, 20 oktyabrda isə Zəngilan rayonunu işğaldan azad etdi. Qəzəbdən titrəyən düşmən həmin vaxtlar Qəbələ, Kürdəmir, Siyəzən ərazisinə raket atsa da tələfat olmadı. Qubadlı rayonunun 25 oktyabrda azad olunmasından sonra erməni vandallarının Bərdə şəhərinə atdığı raket nəticəsində 21 nəfər öldü və 40 nəfər yaralandı.Müharibəni yekunlaşdıran Şuşa şəhərinin 8 noyabrda azad olunması oldu. Şuşanın azad olunmasında Azərbaycan döyüşçüləri əlbəyaxa (bıçaq, tapança) döyüş həyata keçirdilər. Onlar sıldırım qayalara yalın əllə, kəndirlə dırmaşıb, artilleriyasız bir halda Şuşanı azad etdilər. General Hikmət Mirzəyevin düzgün koordinatları sayəsində, hər şey zərgər dəqiqliyi ilə ölçülüb-biçilərək döyüşçülərimiz tərəfindən Şuşa erməni vandallarından təmizləndi. Şuşanın alınmasında elə heyət seçildi ki, heç bir səhvə yol verilməsin. Yüksək peşəkarlıq, Türkiyənin pilotsuz uçuş aparatları (PUA), Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti sayəsində Qarabağın “Üzük qaşı” hesab edilən Şuşa özgürlüyünə qovuşdu.Hər dəfə rayonlar azad edildikdə pandemiyaya görə karantin rejimi olsa da, əhali Bakının küçələrinə axışıb sevinclərini bölüşürdülər. Şuşanın, Xarıbülbülümüzün vətəninin azad olunması daha böyük coşqu ilə bayram edildi. Elə həmin gün Azərbaycanın müxtəlif rayonlarının 70-ə yaxın kəndi işğaldan azad edildi.Noyabrın 10-da gecə gözlənilmədən Azərbaycan, Ermənistan və Rusiya Qarabağda müharibənin bitməsi və atəşkəs barədə birgə bəyanat imzaladı. Ermənistan kapitulyasiyaya uğradı. Atəşkəs razılaşmasına əsasən 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər düşmən tapdağından azad olundu. Erməni silahlı qüvvələri bu ərazilərdən çıxarıldı. Laçın rayonu, Xankəndi rus sülhməramlılarının yerləşdiyinə görə müvəqqəti olaraq sülhməramlıların nəzarətində qaldı. Xocalı isə 10 noyabr bəyannaməsinə əsasən Azərbaycana qaytarıldı.44 günlük müharibə dövründə Azərbaycan xalqı da arxa cəbhədə əlindən gələni əsirgəmədi. Döyüşçülərə sovqatlar göndərildi, mənəvi dəstək oldu, sosial şəbəkələrdə haqq sözləri deyildi. Müharibədə qalib gəlməyimizdə Azərbaycan xalqının Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşməsi və dəstək olması, onun usaqgörən siyasi bacarığı, ordumuzun rəşadətli döyüşməsi mühüm rol oynadı. Müharibə xalqımıza dost və düşməni tanıtdı. 44 günlük müharibədə qalib gəlməkdə qardaş Türkiyə əvəzolunmaz dəstək verdi. Türkiyəli mühəndis, texniki direktor və Bayrak Makinanın ortaq sahibi Səlcuq Bayraktarın öz komandası ilə yaratdığı Bayraktar TB2 pilotsuz uçuş aparatları (PUA) ikinci Qarabağ müharibəsinin qələbə çalmasında mühüm rol oynadı. Həmçinin Azərbaycanın öz istehsalı olan silahlar, Türkiyədən aldığı digər silahlar sayəsində XXI əsrin müharibəsini yaşadı Azərbaycan.Bu müharibədə Azərbaycana dəstək verən ölkələr Pakistan, Əfqanıstan, Şimali Kipr, Bosniya və Hersoqovina, Gürcüstan, Ukrayna, İsrail, Macarıstan, Moldova oldu. Burada Pakistanın rolu daha böyükdür.Ermənistana açıq şəkildə dəstək verən ölkələr ABŞ, Almaniya, Rusiya, Yunanıstan, Fransa, Suriya, Yunan Kipridir. Dolayısı ilə Ermənistana bu dövlətlər dəstək verdilər: İran, Qazaxıstan, Kanada. Azərbaycana qarşı soyuqluq edən, Azərbaycanın müharibədə mövqeyini düzgün qiymətləndirməyən, orta mövqe tutan dövlətlərə isə Mərakeşi, Səudiyyə Ərəbistanını, İndoneziyanı, Misiri göstərə bilərik. Halbuki biz dini dinimizdən olan ölkələrdən dəstək gözləyirdik.Bütün bunlara baxmayaraq Azərbaycan ordusu erməni ordusu üzərində qələbə çaldı. Azərbaycan döyüşçüsü döyüş qabiliyyətini bütün dünyaya sübut etdi və “Azərbaycan əsgəri döyüşə bilmir” mifini məhv etdi.Azərbaycan XXI əsrin müharibəsini həyata keçirdi və şanlı qələbə çaldı. Azərbaycan əsgərlərinin möcüzəvi döyüşlərini erməni əsgərləri özləri dəhşətlə xatırlayır və onlardan qorxduqlarını etiraf edirdilər. Erməni əsgərinin etirafı: “Azərbaycan əsgərinin gəlişi ölüm mələyinin gəlişi kimi idi. 3-4 əsgər (qarapaltarlı) ilə gəlirdilər və 20-30 silahlı erməni əsgərini öldürüb yox olurdular. Onlar ən çox qaranlıq və dumanlı havada gəlirdilər. Biz onların gəldiyini bilmək üçün sipərlərin, səngərin önünə “kartof cipsisi” tökürdük. “Qarapaltarlılar”ın (Xüsusi təyinatlı Qüvvələrin əsgərləri) gəlişi ac qurdun gəlişinə bənzəyirdi. Biz çalışırdıq ki, bu “qarapaltarlılar”ın ölüsünü əldə edək və bunların necə adam olduğunu bilək. Biz onları vururduq, ayağa qalxıb yenidən üstümüzə gəlirdilər. Sanki ölümsüz idilər. Onlar ölmüş əsgər yoldaşlarını da çiyinlərinə alıb yox olurdular, döyüş bölgəsində qoymurdular. Çox dəhşətli idilər”.Bu müharibədə 3000-dən çox şəhidimiz əbədiyyətə qovuşdu. Vətən uğrunda ölən vətən oğullarımız ölməzlik qazanırlar. Bu yerdə Məmməd Arazın bu şeiri yadıma düşür:“Vətən mənə oğul desə nə dərdim,Mamır olub qayasında bitərdim.”Vətən oğulları mamır olub bitdilər vətənin qayalarında, daşlarında, insanların yaddaşlarında.İkinci Qarabağ müharibəsində Beyləqan rayonundan 220 və Dünyamalılar kəndindən isə 6 nəfər vətən yolunda, torpaqlarımızın geri qaytarılması uğrunda şəhidlik zirvəsinə qalxdılar. O zirvəyə ki, ondan uca heç bir zirvə ola bilməz. Vətənin dağına, qayasına, torpağına hopdu şəhidlərimizin ruhları. Vətən sevgisi, ana sevgisi onları şəhidlik zirvəsinə qaldırdı və ölməzliyə qovuşdular.İllərdir davam edir bu ölməzlik. “Şəhidlər ölməzdir”, deyirlər. Şəhidlər vurulduqlarında deyil, unudulduğunda ölür. Unutmayacaq vətən sizləri, vətən oğulları:Əzizim vətən səni,Unutmaz vətən səni,Öldün vətən yolunda,Ağlayır vətən səni!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.