ARİF ABDULLAZADƏNİN “SINAQ KÜRƏSİ” ROMANI VƏ MÜƏLLİFİN ROMAN EKSPERİMENTİ Elmi Məqalələr, ADPU 23 декабря 2025 42 0 1 2 3 4 5 Pakizə İsrayıl qızı ƏLİYEVAAzərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı ORCID: 0000-0003-3769-6198[email protected]XÜLASƏTəqdim olunan məqalədə alim-şair Arif Abdullazadənin (1940-2002) “Sınaq dünyası” romanı tədqiqata cəlb olunmuşdur. “Arzular”, “Könüllərin dünyası”, “Sevin Azərbaycanı!”, “Səninlə sənsiz”, “Bəxtimizin kitabı”, “Ulu Qorqud” və s. şeir kitablarının, “Şair Cəfər Cabbarlı”, “Şairlər və yollar”, “Od nə çəkdi...”, “Novatorluq və üslub” kimi monoqrafiyaların müəllifi kimi daha çox tanınan A.Abdullazdə həmçinin beş romanın müəllifidir. Onun roman yaradıcılılğı 1980-2000-ci illərdə qələmə alınmış beş romanı əhatə edir: “Bir ovuc torpaq”, “Duyum”, “İşıq zolağı”, “Sınaq kürəsi”, “Qanlı yaddaş”. 1984-1986-cı illərdə qələmə alınan “Sınaq kürəsi” romanı müəllifin izahına görə, uzun müddət nəşriyyatların diqqətini cəlb etməmiş, əsərdə səsləndirilən fikirlər redaktorlar tərəfindən birmənalı qarşılanmamışdır. Roman yalnız 2000-ci ildə “Azərbaycan” jurnalında işıq üzü görmüşdür. Yazıçın kitab halında çap olunmayan yeganə romanıdır. Romanda Sınaq kürəsinin əhalisinin məskunlaşması, zaman-zaman daha təkmil həyat tərzinə nail olması, çoxsaylı savaşlar, hakimiyyət iddiaları, dinlərə və fəlsəfəyə münasibət və zamanla kürə sakinlərinin yarılarını axtarmaq uğrunda çabalarının tükənməsi, tənhalaşma kimi məsələlər sanki Yer kürəsində bəşəriyyətin keçdiyi “təkamül” prosesini xatırladır. Roman müəllifin qeyd etdiyi kimi, olduqca mürəkkəb struktura və məzmuna malikdir. Min illər ərzində səslərin eksperimentləri nəticəsində formalaşmış Sınaq kürəsinin məhv olma səbəbi isə tənhalaşmadır. Ən maraqlısı da budur ki, “Sınaq kürəsi”ndəki yaşamla bərabər, müəllif əsərin yazıya alınma zamanına uyğun olaraq roman janrının tələbləri ilə bağlı eksperiment aparır və əsərin “müzakirəyə açıq” olduğunu qeyd edir. Açar sözlər: Arif Abdullazadə, roman, eksperiment, qeyri-ənənəvi roman, nəsrARIF ABDULLAZADA'S “SINAQ KÜRƏSİ” (“TRIAL SPHERE") NOVEL AND THE AUTHOR'S NOVEL EXPERIMENTAliyeva Pakiza Israyil giziSheki branch of ADPUORCID: 0000-0003-3769-6198[email protected]SUMMARYThe novel “World of Trials” by scientist-poet Arif Abdullazada (1940-2002) was involved in the research. A.Abdullazada, better known as the author of “Arzular”, “Könüllərin dünyası”, “Sevin Azərbaycanı!”, “Səninlə sənsiz”, “Bəxtimizin kitabı”, “Ulu Qorqud” and other books of poetry and monographs such as “Şair Cəfər Cabbarlı”, “Şairlər və yollar”, “Od nə çəkdi...”, “Novatorluq və üslub” is also the author of five novels. His novel activity includes five novels written in 1980-2000: “Bir ovuc torpaq”, “Duyum”, “İşıq zolağı”, “Sınaq kürəsi”, “Qanlı yaddaş”. His novel “Sınaq kürəsi”, written in 1984-1986, according to the author's explanation, did not attract the attention of publishing houses for a long time, and the opinions expressed in the work were not well received by the editors. The novel was published in “Azerbaijan” journal only in 2000. It is the only novel by the writer that has not been published in the form of book. In the novel, such issues as the settlement of population of the Trial Sphere, achieving a more advanced way of life from time to time, numerous wars, claims to power, attitudes towards religions and philosophy, exhaustion of efforts to search for halves of inhabitants of the sphere over time, loneliness, as if remind of the process of “evolution” the humanity has gone through on the Earth. The novel, as the author remarks, has a rather complex structure and content. And reason of destruction of the Trial sphere, which has been formed over thousands of years as a result of experiments with sounds, is loneliness. The most interesting point is that, along with the life in the “Trial sphere“, the author provides an experiment on requirements of the novel genre according to the time of writing the work and remarks that the novel is ”open to discussion". Keywords: Arif Abdullazada, novel, experiment, unconventional novel, prose* * *Arif Abdullazadənin bədii, eləcə də publisitik yaradıcılığı mövzu baxımından rəngarəng olub, Vətən, doğma yurd, milli kimlik, mənəvi dəyərlər, insan yaşantıları, Yaradan və insan münasibətləri və s. kimi istiqamətlər daha çox diqqətimizi çəkir. Altmışıncılar ədəbiyyatı üçün xarakterik olan forma axtarışları, eksperimentçilik, intellektual və fəlsəfi poeziyanın üstünlüyü Arif Abdullazadənin yaradıcılığı üçün də keçərlidir. Ədib məhdud mövzu seçmir. Vətən, doğma yurd, milli kimlik, mənəvi dəyərlər, insan yaşantıları, Yaradan və insan münasibətləri, həyat və ölüm, tənhalıq və təklik Arif Abdullazadənin əsərlərində maraqlı poetik dillə oxucuya çatdırılır. Həmçinin ədibin poetik istedadı mövzular arasında kəskin fərqin ortaya çıxmasına imkan verməmiş, bəzən bir nümunə daxilində bir neçə mətləbi ustalıqla birləşdirməyə nail olmuşdur. A.Abdullazadənin 60-cı illərdən başlayan ədəbi fəaliyyəti sonrakı onilliklərdə yüksələn xətlə inkişaf etmiş, əsərlərinin mövzu və mündəricəsində nəzərəçarpacaq dəyişikliklər baş vermişdir. Xüsusilə, 80-ci illərdən başlanan milli azadlıq uğrunda mübarizə, Meydan hərəkatı, 1990-cı ilin 20 Yanvar hadisəsi, ermənilərin ərazi iddiaları, həmvətənlərimizin Qərbi Azərbaycandan dədə-baba torpaqlarından didərgin düşməsi, Qarabağ müharibəsi Arif Abdullazadənin yaradıcılığında əsas xətti – Vətən xəttini təşkil etmişdir. Onun son dövr yaradıcılığında peşmançılıq və kədər notlarının üstünlüyü Azərbaycan ədəbiyyatının həmin zaman kəsiyində tipik durumundan kənarda qalmır. Ənənəvi, çoxlarının müraciət etdiyi mövzularda yazmaq heç bir halda Arif Abdullazadənin yaradıcılığında təkrarçılıq və yeknəsəqliyə səbəb olmamış, şair özünəməxsus poetik təhkiyəsi ilə lirik və epik poeziya nümunələri yaratmışdır. Qeyd etdiyimiz kimi, Arif Abdullazadənin yaradıcılığı çoxşaxəli olub, poeziya, nəsr, dramaturgiya kimi istiqamətləri özündə birləşdirir. Lakin nədənsə müəllif daha çox şair kimi tanınmış, yaradıcılığına münasibət əksər hallarda poeziyasına əsasən formalaşdırılmışdır. Abdullazadənin roman yaradıcılığı dağınıq da olsa tədiqata cəlb olunmuş, romanları haqqında ümumilikdə onun yaradıcılığından bəhs olunan məqalələrdə və romanların ayrılıqda təhlili verilmişdir. Məs, H.Nəsibova, V.Yusifli, K.Hacının məqalələrində əsasən yazıçının “Duyum” romanına yer ayrılmışdır. [7; 8] Araşdırmamız müddətində XX əsrin 80-ci illərindən sonrakı Azərbaycan romanının tədqiqinə həsr olunmuş samballı monoqrafiyalara müraciət etsək də, təəssüflə qeyd etməliyik ki, həmin istiqamətli tədqiqatlarda Arif Abdullazadənin romanlarının nəinki təhlili yer alır, ümumiyyətlə, dövrə aid icmal xarakterli məlumatlarda da nadir hallarda hansısa bir romanının sadəcə adı çəkilir. Arif Abdullazadənin roman yaradıcılılğı 1980-2000-ci illərdə çap olunmuş beş romanı əhatə edir: “Bir ovuc torpaq” [1], “Duyum” [2;3], “İşıq zolağı” [2], “Sınaq kürəsi” [5; 6], “Qanlı yaddaş” [4]. Demək olar ki, heç bir mənbədə qeyd olunmasa da, müəllifin az sayda və ədəbi fakta çevrilməyən və tədqiqatçıların diqqətini cəlb etməyən hekayələri də var (“Ağ yaylıq”, “Toy”, “İçərişəhər yuxusu” və s.). Ümumilikdə, romanlarla tanışılıq zamanı diqqəti çəkən aparıcı iki məqamdan söz açmağımız yerinə düşərdi ki, bunlardan birincisi, ədibin roman yaradıcılığında yer alan bütün mövzuların onun poeziyasında dəfələrlə müraciət etdiyi məsələlərlə bağlı olması, poeziyasını nəsrə daşımasıdır. İkinci diqqəti çəkən məqam isə bundan ibarətdir ki, mövzusunun nə ilə bağlı olmasından asılı olmayaraq, romanlarda ana xətti tənha qəhrəmanın taleyi – insan təkliyi təşkil edir. Yazıçının 1984-1986-cı illərdə qələmə aldığı “Sınaq kürəsi” romanı müəllifin izahına görə, uzun müddət nəşriyyatların diqqətini cəlb etməmiş, əsərdə səsləndirilən fikirlər redaktorlar tərəfindən birmənalı qarşılanmamışdır. Bu səbəbdən də roman yalnız 2000-ci ildə “Azərbaycan” jurnalında işıq üzü görmüşdür. [5; 6] Qeyd edək ki, “Sınaq kürəsi” romanı müəllifin kitab halında çap olunmayan yeganə və tədqiqatçıların ən az müraciət etdiyi əsəridir. “Azərbaycan” jurnalında romanın ilk hissələri çap olunarkən verilmiş “Müəllifdən” hissəsində oxuyuruq: “Oxucuların müzakirəsinə təqdim edilən bu roman 1984-86-cı illərdə qələmə alınıb. Burada müzakirə sözünü mən təsadüfən işlətmirəm. Çünki janr baxımından ənənəvi roman kanonları qəliblərinə o qədər də uyuşmayan bu əsərdə bir neçə ədəbi meyil və formaların müəyyən elementləri yanaşı şəkildə təzahür olunur”. [5, s.44] Həqiqətən də, əsrlə tanış olduqda tarixi, fantastik, psixoloji roman kimi bir neçə roman tipinin təzahürlərinə rast gəlirik. Eyni zamanda, Sınaq kürəsinin əhalisinin məskunlaşması, zaman-zaman daha təkmil həyat tərzinə nail olması, çoxsaylı savaşlar, hakimiyyət iddiaları, dinlərə və fəlsəfəyə münasibət və zamanla kürə sakinlərinin yarılarını axtarmaq uğrunda çabalarının tükənməsi, tənhalaşma kimi məsələlər sanki Yer kürəsində bəşəriyyətin keçdiyi “təkamül” prosesini xatırladır. Müəllif bunu belə əsaslandırır: “Romandakı hadisələr Yer kürrəsinə bənzər başqa bir planetdə cərəyan edir. Ancaq kainatda hələ ki, belə bir insan məskəni qeydə alınmadığına və təbii ki, hamı kimi mənim də onu yaxından müşahidə etmək imkanım olmadığına görə doğma planetimizdə baş verən və ya baş verə biləcək hadisə və faktlardan istifadə edilib . Bəli, məhz istifadə, məlum və qeyri-məlum faktların təkrarı yox”. [5, s.44] Müəllifin özünün də həmin hissədə verdiyi açıqlamadan bizə aydın olur ki, məhz Yer kürrəsində baş verənlərə yaxın hadisələrin əks olunduğu əsas gətirilərək nəşriyyatlarda əsərin çapa qəbul olunmadığı da faktdır. Fikrimizcə, ədəbiyyatşünas alim olan Arif Abdullazadə bədii əsələrdə təxəyyül sərbəstliyi və elmi fantastikanın incəliklərinə yaxından bələd idi və hər şeyi “uydura” bilərdi. Lakin onun məqsədi sakini olduğumuz planetin taleyi, gələcəyi ilə bağlı narahatlığı dilə gətirməkdən ibarət idi. Belə ki, o yazır: “...roman konkret bir məqsədə - ümumbəşəri miqyasda təcili tədbirlər görülməsə, bizim planetimizi də gözləyə biləcək faciələrin dəhşətlərini göstərmək təşəbbüsünə yönəldiyindən, buradakı hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən daxili mexanizmin sükanını öz əlində saxlamağı zəruri hesab etmişəm”. Planeti gözləyən təhlükənin xəbərdarlığı şəklində qələmə alınan roman ideyası fikrimizcə, ideya olaraq müsbət qarşılanmalı idi, lakin roamanın işıq üzü gördüyü zaman kəsiyində dövri mətbuatı araşdırsaq da, roman haqqında hansısa bir şəkildə söylənən fikirlərə rast gəlmədik. Halbuki, Abdullazadən daha əvvəl çap olunmuş “Bir ovuc torpaq”, “Duyum”, “İşıq zolağı” romanları haqqında “Ədəbiyyat Qəzeti”ndə (“Ədəbiyyat və incəəsənət”) məqalə-resenziyalarla rastlaşırıq. [7; 8]“Sınaq kürəsi” romanına Aristotelin məşhur “Sənət həqiqəti uydurmaqdan ibarətdir” fikri epiqraf olaraq seçilmişdir. [5, s.44] Hadisələr Səslər ulduzunda küləkdən doğulan Görünən səslər barəsində xəbərin yayılması ilə başlanır. Bu planetdə yağışdan, küləkdən, zəlzələdən, vulkandan doğulan səslər var, yağışa, vulkana və s.bənzərlər: “Bu səslər təkcə doğulduqları təbiət hadisələrinə görə bir-birindən seçilir, çox güclü, az güclü, zəif və gücsüz. Səəslər ayrılır, zəiflər güclülüərə tabe olur, çünki əks halda güclü Səslər zəif Səsləri boğa və ya uda bilərdi...” [5, s.45] Elə buradaca qeyd etmək yerinə düşərdi ki, SƏS-ə biz müəllifin “Duyum” (1982) romanında da rast gəlirik. Romanda adsız qəhrəmanın 4 gecəsi, 4 yuxusu və 4 gündüzü verilmişdir ki, bunların əksər hissəsi SƏS-lə həmsöhbət olduğu zamanlarda söylədiyi xatirələrdən ibarətdir. Zamanına görə psixoloji nəsrin yaxşı nümunələrindən biri kimi dəyərləndirilən romanda SƏS bir vasitə olaraq seçilmişdir. Qərhrəmanın iç səsi və daxili duyumu şəklində təzahür edir. [2; 3] Həmçinin SƏS-lə dialoqlardan birində insan nəslinin nə vaxtsa başqa planetdən gəlməsi və ya gətirilməsi barədə fikirlərin səslənməsidir ki, bu fikirləri daha sonra A.Abdullazadə “Sınaq kürəsi” adlı romanınında inkişaf etdirmişdir. Diqqət çəkən məqamlardan biri də küləkdən doğulan səslərdir ki, sanki dini ədəbiyyatda Adəmə verilən nəfəsi, ruhu yadımıza salır (ruh-səs görünmür, ruh Görünən səsə çevriləndə insan yaranır?). Görünən səslərin yeni bir planetə - Sınaq kürəsinə göndərilməsi yaradılarkən Cənnətdə olan, lakin günınaha görə Yerə sürgün olunan Adəm nəslini xatırladır: “Məsələ burasında idi ki, Görünən Səslərin hamısı onları eyni dərəcədə eşitmir, eşidənlər bəzən tam anlamır, anlayanlar isə çox vaxt bu idarə istiqamətindən yayınırdılar”. Roman boyunca Sınaq kürsəinə göndərilən Görünən səslərin bu planetdə sabitləşməsi, tənha səslərin öz “yarı”larını axtarıb-tapması, doğub-törəməsi, zamanla güclənən səslərin digərlərini boğması, hakimiyyət iddiaları və s. əks olunub. Səslər ulduzunda səslər doğulur və zəifləyir, səslər ölmür, Sınaq kürəsindəki səslər isə öləridir və çox vaxt biri digərinin ölüm səbəbidir. Abdullazadə yazır ki, Səslər ulduzundakı səslər görünən səslərə öz törəmələri kimi baxırdılar, lakin bir zaman sonra Görünən səslər nəzarətdən çıxmağa başladı. Min illər ərzində səslərin eksperimentləri nəticəsində formalaşmış Sınaq kürəsinin məhv olma səbəbi isə tənhalaşmadır. Xoşbəxt olmayan, öz içinə qapanıb tənha qalan səslərin nifrəti günü gündən artır və Sınaq kürsəi məhv olur. Roman bu fikirlərlə tamamlanır: “Və yenicə partlayıb son zərrələri kainatın boşluqlarına səpələnən Sınaq kürəsi özünün şüurlu-şüursuz canlıları, məskənləri, topluları, kəşfləri, ixtiraları, tapıntıları, tarixi və bu tarixin yollarında səpələnmiş ömür taleləri, insan, heyvan, təbiət adları, uğurları, uğursuzluqları, sevgiləri, həsrətləri, sevincləri, qüssələri...ilə necə də bizim ana yer kürrəmizə bənzəyirdi...” [6, s.109] Deməli, müəllif Yer kürəsini də məhvə aparacaq tək şeyin tənhalaşma, yadlaşma olduğuna əmindir. Ümumiyyətlə, roman müəllifin də qeyd etdiyi kimi, olduqca mürəkkəb struktura və məzmuna malikdir. Əsərdə Yer kürrəsinin tarixinə sanki improvizələr var, bəzi ölkə, şəhər, yer, xalq, eyni zamanda şəxs adları qismən uyğunlaşdılrılmışdır: Perro – Pyotr, Azak dənizi – Azov dənizi, Musra Keyhar – Mustafa Kamal, Altaran – Atatürk, İnirsələ – İngiltərə, Suraba – Stalin, Hamer – Hitler, Anraka – Amerika və s. Diqqətli oxucu əksər adlarla müəllifin kimlərə işarə etdiyini anlaya bilər. Fikrimizcə, müəllifin məqsədi tarixi roman yazmaqdan daha çox, dəyişdirilmiş adlarla təqdim olunan bir çox tarixi hadisələrə fərdi və fərqli mövqeyini ifadə etməkdən ibarətdir. Geniş şəkildə olmasa da, əsərdə Azərbaycan tarixi ilə bağlı müəyyən məqamlara eyham var. Romana janrın tələbləri baxımından diqqət yetirdikdə tarixi təfəkkür məcrasında hadisələrə baxış diqqəti çəkir, lakin daha əvvəl də qeyd olunduğu kimi, Yer planeti ilə analogiya aparılsa da, sözün həqiqi mənasında tarixi romanın tələblərinə, ilk növbədə tarixi həqiqətlərə sədaqət prinsipinə əməl olunmamışdır. Lirik-psixoloji məqamlar əsərdə yetərincədir. A.Abdullazdənin bütün romanlarında tez-tez onun poeziyası üçün xarakterik olan lirik psixoloji məqamlar yer almaqdadır. Məs, “Bu tərddüdlər, fikir qarışıqlığı içində bir də gözünü açıb gördü ki, yenidən yay gəlib, lakin nədənsə günlər ikiqat uzanmayıb, gecələr ikiqat qısalmayıb, dünya ikiqat isinməyib, ayılar hələ yuxudan oyanmayıb. Uzun gündüzlər, qısa gecələr, yuxusuz aylar axtarmaq niyyətiylə məzuniyyətə çıxdı”..; “Axı kimin, nə vaxt, haradan ağlına gəlib və bəşəriyyət üçün belə bir adət, qayda yaradıb ki, gecələr yatmaq üçündür?”; “...Bu qayğısız, qarşılıqlı anlayışsız kimləsə birlikdə eyni tavan altında yaşamaq özünü də, başqalarını da aldatmaq deməkdir”...kimi fikirlər Abdullazadənin poeziyasının mövzuları, ümumi ruhu ilə həmahəngdir. Romanda insan və cəmiyyət, insanın varlığı və mövcudluğu, əqidə və məqsəd, vətənə bağlılıq, milli kimlik, azadlıq uğrunda mübarizə kimi məsələlərə yer ayrılsa da, ana xətti tənhalıq təşkil edir Romanın dili obrazlılıqdam məhrum olmasa da, sanki fikir poeziyasının təmsilçisi olan ədib romanda da bəzi təsvirlərdə quruluğa yol verir, uzun-uzadı bənzətmələrdən qaçır. Ümumilikdə, müəllifin yeni roman yaratmaq cəhdi uğursuz hesab oluna bilməz. Və elmi-nəzəri ədəbiyyatda yeni romanlardan söz açıldıqda “Sınaq kürəsi” romanına da müraciət olunmasında fayda var. Beləliklə, “Arif Abdullazadənin “Sınaq kürəsi” romanı və müəllifin roman eksperimenti” mövzusu üzərində tədiqiqat zamanı gəldiyimiz qənaəti qısaca belə ifadə etmək mümkündür: - Abdullazadənin romanları 80-90-cı illərində Azərbaycan romanının ümumi inkişaf qanunauyğunluqları ilə səsləşir; - “Sınaq kürəsi” romanının tədqiqi həmin zaman kəsiyində nəsrdə baş verən yeni meyilləri dərk etmək baxımıdan maraq doğurur; - əsərin əvvəlində verilən “Müəəlifdən” hissəsi romanın açarı hesab oluna bilər və oxucuda yaranacaq sualların açılmasına xidmət göstərir; - romanda Sınaq kürəsində baş verən hadisələr misalında bəşəriyyəti gözləyən ən böyük faciənin – tənhalaşmanın qorxunc fəsadları qələmə alınmışdır; - tarixi təfəkkür məcrasından hadisələrə baxış əsas alınsa da roman bütün tələblər baxımından tarixi roman sayıla bilməz; - romanlarda insan və cəmiyyət, insanın varlığı və mövcudluğu, əqidə və məqsəd, vətənə bağlılıq, milli kimlik, azadlıq uğrunda mübarizə kimi məsələlərə yer ayrılsa da, ana xətti insanın təkliyi təşkil edir; - roman üçün dərin psixologizm xarakterikdir; - bir sıra hallarda Abdullazadə poeziyasının xüsusiyyətləri nəsrə də sirayət etmişdir, romanda yer alan lirik-psixoloji məqamlarda şairin poeziyasının ruhu duyulmaqdadır və s. Əlavə olaraq qeyd etmək istərdik ki, A.Abdullazadənin romanları, o cümlədən “Sınaq kürəsi” romanı haqqında mövcud araşdırmalar onların mövzu və janr rəngarəngliyi baxımından geniş təhlili üçün yetərli deyil və gələcəkdə daha genişplanlı aşdırmalara ehtiyac var və bu istiqamətdə araşdırmamızı dərinləşdirmək qənaətindəyik. İstifadə edilmiş ədəbiyyat1. Abdullazadə A. Bir ovuc torpaq: roman. Red. S.Zeynalova. Bakı: Gənclik, 1982, 286 s. 2. Abdullazadə A. Duyum (roman və şeirlər). Bakı: Aspoliqraf, 2022, 352 s. 3. Abdullazadə A. Duyum. Red. V.Quliyev, Bakı: Gənclik, 1986, 365 s. 4. Abdullazadə A. Qanlı yaddaş: roman. Red. S.Qasımlı. Bakı: Elm və təhsil, 2010, 398 s. 5. Abdullazadə A. Sınaq kürəsi: roman. “Azərbaycan” jurnalı, 2000, № 3, s.44-89 6. Abdullazadə A. Sınaq kürəsi: roman. “Azərbaycan” jurnalı, 2000, № 4, s.56-110 7. Nəsibova H. 1970-1980-ci illər Azərbaycan romanında insan və cəmiyyət (Arif Abdullazadənin “Duyum” romanı əsasında). Filologiya məsələləri, 2016, № 5, s. 277-285 8. Yusifli V. Döngələr, dayanacaqlar. “Ədəbiyyat və incəsənət” qəzeti, 20 mart 1987, № 12, s. 6ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.