OQTAY ZƏNGİLANLI (1939)

OQTAY ZƏNGİLANLI (1939) Oqtay Zəngilanlı (Oktay İsgəndər oğlu Ələkbərov) - 1939-cu ildə Zəngilan rayonunun Veysəlli kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Geolo-giya-coğrafiya fakültəsini bitirib.
Uzun müddət Zəngilan rayonunun Mincivan qəsəbəsindəki 36 saylı məktəbdə müəllim, məktəb direktoru işləyib.
1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra Bakıda məskunlaşar, pedaqoji fəaliyyətini Zəngilanın Bakıda fəaliyyət göstərən 21 saylı məktəbində davam etdirib.
O, eyni zamanda, bədii yaradıcılıqla da məşqul olub.
Şeirləri müntəzəm olaraq Azərbaycanın, eləcə də, Türkiyənin müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə çap olunub.
Müəllifi olduğu “Dağlar üz döndərib məndən”, "Bir tənhalıq axtarıram", "Çəkir öz dərdini özündə dünya", “İç dünyama səyahət” və digər kitabları ilə oxucularının rəğbətini qazanan Oqtay Zəngilanlının poeziyasında əsas yeri vətən-yurd sevgisi tutur.

Biz də Oqtay Zəngilanlıya yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Müşfiq BORÇALI,
"Ziya" qəzetinin,
zim.az, ziya.info.az və
elm.info.az saytlarının
Baş redaktoru,
AYB-nin, AJB-nin və
TURAN Yazarlar Birliyinin üzvü,
Filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü

ZiM.Az




OQTAY ZƏNGİLANLI (1939) ULU HEYDƏR

Müstəqil Azərbaycanın tarlxləşən şəxsiyyəti, ölməz öndəri, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə

Çətin gündə Ulu Öndər dayaq oldu Vətəninə,
Polad kimi bərkiyərək tufanlara gərdi sinə.
Bir çağırış etdi xalqa, xalq səs verdi haqq səsinə,
Xalq Öndərə ehtiramın sədaqətlə daşıyacaq,
Ulu Öndər hər bir zaman ürəklərdə yaşayacaq!

***

Tarixləşən şəxsiyyətdir, əsərləri yadigardır,
Nəsillərə örnək olan şanlı ömür yolu vardır.
Söylənəcək zaman-zaman Heydər xalqa xilaskardır,
Xilaskara məhəbbəti xalq hörmətlə daşıyacaq,
Ulu Öndər hər bir zaman ürəklərdə yaşayacaq!

***

O son qoydu ölkəsinin, millətinin əzabına,
Qızıl xətlə həkk olundu insanlığın kitabına,
Günəş olub işıq saldı zülmətlərin girdabına.
Xalq qəlbində Heydər adın şərafətlə daşıyacaq,
Ulu Öndər hər bir zaman ürəklərdə yaşayacaq!

***

Dahiliyi yollar açdı Bakı-Ceyhan kəmərinə,
Davamçısı oğlu İlham arxalanır hünərinə, -
Azərbaycan uğurlarla addımlayır səhərinə,
Nəsillər Heydər irsini ləyaqətlə daşıyacaq,
Ulu Heydər hər bir zaman ürəklərdə yaşayacaq!


OQTAY ZƏNGİLANLI (1939) ULU HEYDƏR YOLU,
İLHAM ZƏKASI


Oldu el-obaya dar gündə dayaq,
Qurtardı bəladan elin-obasını.
Sabitlik yaratdı, ucaltdı bayraq,
Ulu Heydər yolu, İlham zəkası.

Şumer-akkat soylu ünvanlı yoldur,
Xətai yoludur səsi-sədası.
Cümhuriyyət yolu davamlı yoldur,
Ulu Heydər yolu, İlham zəkası.

Güclü Milli Ordu qurdu ölkədə,
Qoruyur torpağın, dincdir səması.
Yaradıb ən güclü ordu bölgədə,
Ulu Heydər yolu, İlham zəkası.

İnsanlıq yoludur, həyat səsidir,
Bu yol ürəklərdə yuva salası.
Vətən tarixinin salnaməsidir,
Ulu Heydər yolu, İlham zəkası.

Olub sülh elçisi bəşəriyyətin,
Kamillik yoludur hikmət dəryası.
Artırıb Vətənin şanın-şöhrətin,
Ulu Heydər yolu, İlham zəkası.

Keçir səngərləri, keçir qalanı,
Bu yol yer üzündə zəfər çalası.
İfşa edir neçə böhtan, yalanı,
Ulu Heydər yolu, İlham zəkası.

Zülmətdən işığa boy atan yoldur,
Azadlıq yoludur, qeyrət qalası.
Yatmış vicdanları oyadan yoldur,
Ulu Heydər yolu, İlham zəkası.

Sevdirir hər kəsə ana dilini,
Azərbaycan adlı var öz dünyası.
Ürəkdə yaşadır oba-elini,
Ulu Heydər yolu, İlham zəkası.

Qəhrəmanlıq yolu güvənc yoludur,
Paklıqdan yoğrulub yolun mayası.
“Dədə Qorqud” yolu, “Manas” yoludur,
Ulu Heydər yolu, İlham zəkası.

Oyadır insanda həyat həvəsi,
Gün-gün cənnət olur bağı-bağçası.
Bəxş edir insana zəfər töhfəsi,
Ulu Heydər yolu, İlham zəkası.

Od-alov yoludur, tufan yoludur,
Həqiqət yoludur, Tanrı duası.
Ulu türk məkanlı, divan yoludur,
Ulu Heydər yolu, İlham zəkası.

TAP, TANAP xəttidir, Şərq-Qərb yoludur,
Var neçə dövlətə bu yolun faydası,
İnkişaf yoludur, sülh simvoludur
Ulu Heydər yolu, İlham zəkası.


ƏYİLMƏZDİR TÜRK OĞLU

Türkiyədə baş vermiş zəlzələ (deprem) nəticəsində
doğmalarını itirənlərə, bizdən ayrı düşənlərə
ithaf edirəm


Bu zəlzələ, fəlakət səni sındıra bilməz,
Ürəyində od yanır, dərya söndürə bilməz.
Tutduğun haqq yolundan kimsə döndərə bilməz,
Əyməzdir türk oğlunu zamanın sərt sınağı,
Ucalır, ucalacaq türkün ulu bayrağı!

Ölümün gözlərinə qorxmaz, məğrur baxırsan,
Dağılmış binalardan ölü-diri yığırsan.
Zaman imtahan edir, sən şərəflə çıxırsan,
Əyməzdir türk oğlunu zamanın sərt sınağı,
Ucalır, ucalacaq türkün ulu bayrağı!

Dünyanın dövlətləri şərik bu dərd-kədərə,
Zamanın bu sınağı dönər gəldi-gedərə.
Qeyrətli insanların gəlməz saya, qədərə,
Əyməzdir türk oğlunu zamanın sərt sınağı,
Ucalır, ucalacaq türkün ulu bayrağı!

Qüdrətli dövlət kimi öz səsin-sorağın var,
Yenilməz insanların, ulu türk bayrağın var.
Anan qədər sevdiyin müqəddəs torpağın var,
Əyməzdir türk oğlunu zamanın sərt sınağı,
Ucalır, ucalacaq türkün ulu bayrağı!

Türkün dərdi böyüksə, özündən böyük olmaz,
Qalxar uçan binalar, zərərlər böyle qalmaz.
Türkiyə açan bahar, baharda güller solmaz.
Əyməzdir türk oğlunu zamanın sərt sinağı,
Ucalır, ucalacaq türkün ulu bayrağ!


Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!

06 fevral 2023-cü ildə qardaş Türkiyədə 21-ci əsrin ən dağıdıcı dəhşətli, fəlakətli zəlzələsi baş vermişdir.
Zəlzələ nəticəsində doğmalarını, əzizlərini, qohum-əqrəbasını itirənlərə, kimsəliyə, kimsəsizə, bir sözlə, bu hadisəyə biganə qalmayan insanlara ithaf edirəm. Ölənlərə rəhmətlər, yaralılara Uca Tanrıdan şəfa diləyirəm.
Başın sağ olsun Türkiyə!


Bu zəlzələ, fəlakət səni sındıra bilməz.
Ürəyində od yanır, dərya söndürə bilməz.
Tutduğun haqq yolundan kimsə döndərə bilməz.
Hər zaman gur yanacaq, Türkün odu-ocağı.
Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!

Ölümün gözlərinə qorxmaz məğrur baxırsan,
Dağılmış binalardan ölü-diri yığırsan,
Zaman imtahan edir, sən şərəflə çıxırsan,
Bir cənnətə dönəcək türkün aranı-dağı,
Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!

Dünyanın dövlətləri şərik bu dərd-kədərə,
Zamanın bu sınağı dönər gəldi-gedərə,
Qeyrətli övladların gəlməz saya qədərə,
Çətinlikdən çıxmağa var türkün bacarığı,
Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!

Qüdrətli dövlət kimi öz səsin sorağın var,
Yenilməz insanların, ulu Türk bayrağın var,
Anan qədər sevdiyin müqəddəs torpağın var,
Parlayacaq evlərin, küçələrin çırağı,
Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!

Söykəmişəm çiynimi çiyninə can Türkiyə,
Can qardaşım, sirdaşım, alqış belə birliyə,
Əcdadlardan alıb Türk zəka, bilik, tərbiyə,
Haqq üçün Türkə xasdır zəncirləri qırmağı,
Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!

Ulu Heydər söyləmiş - Bir millət, iki dövlət,
Bu dostluq, qardaşlığı Tanrı etmişdir qismət,
Qardaşlar arasında var dostluq səmimiyyət,
Abad olacaq gün-gün ulu Vətən torpağı,
Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!.

Azərbaycan-Türkiyə bir ürəkdir, bir candır,
Türkiyənin dayağı qardaş Azərbaycandır,
Bu birlik qarşılıqlı şərəfdir, şöhrət-şandır,
Yanacaq binaların söndürülmüş çırağı,
Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!

İlham deyir qardaşım sədaqətlə Ərdoğan,
Azərbaycan Türkiyə günəşdir şərqdən doğan,
Tanrı türkləri edib insanlığa Ərməğan,
Bir dəryaya çevrilir dağın zümrüd bulağı,
Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!

Türkiyə canım qanım, bu diyara bağlıyam.
Türkün ruhu canımda aranlıyam dağlıyam.
Öz dünyama sığmayan, Oqtay Zəngilanlıyam.
Özün ol ey türk, ey türk, başar qalib çıxmağı
Sındırmaz Türk oğlunu zamanın sərt sınağı!


OQTAY ZƏNGİLANLI (1939) 90 YAŞIN MÜBARƏK!..

Uzun illərdən bəri tanıdığım,
şəxsiyyətinə, mənəviyyatına, vətənpərvərliyinə,
sadəliyinə və səmimiyyətinə böyük hörmət bəslədiyim,
yüzlərlə məqalənin müəllifi Əməkdar jurnalist,
el ağsaqqalı və gözəl ailə başçısı
Bəbir Qüdrət oğlu Hüseynovun
90 illik yubileyinə dost təbriki


Göstərir həyat yolunu
ömürdən qalan izlərin,
Boyun uca, qamətin şux,
həyat eşqlidir gözlərin,
Söz-söhbətin dadlı-duzlu,
baldan şirindir sözlərin,
Şərəfli ömür sürdün
doxsanını vurdun başa,
Ürəklərdə iz salmısan,
arzum budur yüz yaşa!

1988, yanvar ayı,
dincəlirdik Şuşamızda,
Dolaşırdıq Cıdır düzün,
nələr varmış başımızda,
İndi Şuşamız azaddır,
gedək qoca yaşımızda,
Danışırıq, kövlərilik xatirələrlə baş-başa,
Qələm dostum, qəlb sirdaşım,
arzum budur yüz yaşa!

Başı uca bir övladsan,
rəhmətlər atan Qüdrətə,
İmzan ilə, qələminlə
çatmısan şan-şöhrətə,
İnsanlığın, şəxsiyyətin
yetiribdir hörmətə,
Ağsaqqal bir ziyalısan,
ad-sanlı, şöhrətli,
Həyat eşqli bir insansan,
arzum budur yüz yaşa!


MÜƏLLİM

Elmin qapısına açır cığır, yol,
Yollara bələdçi olur müəllim.
Bənzəyir Günəşə, nur saçır bol-bol,
Min bir ürəklərə dolur müəllim.

İdrak süzgəcindən keçirir sözü,
Gah tutqun görünür, gah gülür üzü,
Ömrünü şam edir, əriyir özü,
Dönür bir heykələ, qalır müəllim.

İnsanlıq elmini öyrədir bizə,
Vicdanın itirmir, dik baxır gözə.
Min bir ehtiyacla qalır üz-üzə,
Sirli xəyallara dalır müəllim.

Yolu örnək olur gənc nəsillərə,
Sorağı yayılır neçə ellərə.
Nurlu xatirəsi düşür dillərə,
Qəlblərə izini salır müəllim.

Bəşər alisidir böyük cahanda,
Vətənə sevgisin yaşadır canda.
Türk dünyam adlanan Azərbaycanda
Əbədi qiymətin alır müəllim.


MÜƏLLİM ÖMRÜ

Verir şagirdlərə tərbiyə, təhsil,
Yetirir ömrüylə təzə bir nəsil,
Ağardır saçların gün-gün, ilbəil,
Hikmətli söz olur müəllim ömrü.

Günəş nuru kimi düşür hər qəlbə,
Öyrədir minlərlə şagird, tələbə,
Görüb zəhmətində sevinc, qələbə,
Çiçəkli yaz olur müəllim ömrü.

Yanır ürəyində Vətənin odu,
Sevir, həm sevdirir bu ata yurdu,
Min bir ürəklərdə həkk olur adı,
Qəlblərdə iz salır müəllim ömrü.


МӘKTƏB İLLƏRİ

Buraxılış sinif şagirdləri üçün


“Ana”, “Vətən” sözün bizə andırıb,
Sevdirib məktəbi, müəllimləri.
Həyat yolumuzda çıraq yandırıb,
Acılı-şirinli məktəb illəri.

Bizimlə ömr edib yaşa dolacaq,
Olub keçənləri yada salacaq.
Dönüb xatirəyə qəlbdə qalacaq,
Acılı-şirinli məktəb illəri.

Bizi əzizləyib anamız qədər,
Hərdən sevinc verib, hərdən qəm-kədər.
Xəyal pərisitək baş alıb gedər,
Acılı-şirinli məktəb illəri.

Hərdən özümüzü uşaqlaşdırır,
Bəzən uşaqlıqdan uzaqlaşdırır,
Ömrün on bir ilin pasportlaşdırır
Acılı-şirinli məktəb illəri.

Bizlə sağollaşır, durub üz-üzə,
Sevinc yaşlarını doldurub gözə,
İlk zəngi, son zəngi pay verib bizə
Acılı-şirinli məktəb illəri.


SON ZƏNG

Məktəbdə öyrəndiniz ana-Vətən sözünü,
Biliklə dərk etdiniz həyatın hər üzünü.
Ürəkdə məşəl edin Vətənin od, közünü,
Olun Vətənə layiq, yaradın dürr, incilər,
Son zənginiz mübarək, əziz onbirincilər.

On bir il əvvəl siz də verirdiniz gül-çiçək,
Arzunuz pərvazlanır qanadlı göyərçintək.
Alacaq uşaqlığı, sizdən indicə son zəng,
Təbrikə gəlib sizi şən, kövrək birincilər.
Son zənginiz mübarək, əziz onbirincilər.

Vətənə keşik çəkən, yenilməz əsgərsiniz,
Vətənə arxa, dayaq, uçulmaz səngərsiniz.
Gələcəyi yaradan cəsur cəngavərsiniz,
Gətirib sizlər üçün tər çiçək birincilər,
Son zənginiz mübarək, əziz onbirincilər.

Olun Babək, Koroğlu, çapın qeyrət atını,
Olun yurdun Tomrisi, Həcər kimi qadını.
Zirvələrə ucaldın Azərbaycan adını,
Bayrama sevinc verir, bər-bəzək birincilər,
Son zənginiz mübarək, əziz onbirincilər.

Sirli şagird dünyanız, sahilsiz bir dənizdir.
Məktəb, hər bir müəllim, qəlbinizdə əzizdir,
Gözlərə sevinc, qüssə verən son zənginizdir,
Fərəhlə çalacaqlar, son zəngi birincilər,
Son zənginiz mübarək, əziz onbirincilər,
Bayramınız mübarək, əziz onbirincilər.


SON ZƏNGİ ÇAL

Deyir min-min onbirinci,
Ana məktəb, salamat qal!
Əli zəngli şən birincim,
Son zəngi çal, son zəngi çal!

Müəllimlər bu gün kövrək,
Sağollaşır neçə ürək,
Səsli-küylü zəng mübarək,
Son zəngi çal, son zəngi çal!

Son zəng məktəb nəğməsidir,
Al sabahın nəfəsidir.
Şagirdlərin gur səsidir,
Son zəngi çal, son zəngi çal!

Son zəng bilik mayasıdır,
Sirli şagird dünyasıdır,
Şirin ana laylasıdır,
Son zəngi çal, son zəngi çal!

Son zəng Günəş, Ayımızdır,
Payız, qış, yaz, yayımızdır.
Onbirillik payımızdır,
Son zəngi çal, son zəngi çal!


Oqtay ZƏNGİLANLI,
ZiM.Az,
elm.info.az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: