Salidə Şərifova: "Zaur Cavanşirin “Qanlı qar” əsərinin janr xüsusiyyəti, problematikası, kompozisiyası, xronotopu, obrazlar qalereyası" Humanitar elmlər, Elmi Məqalələr 25 июля 2026 45 0 1 2 3 4 5 Salidə ŞərifovaFilologiya elmləri doktoruRusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüAzərbaycan Milli Elmlər AkademiyasıNizami Gəncəvi adına Ədəbiyyat İnstitutuMüstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçi Zaur Cavanşirin “Qanlı qar” əsərinin janr xüsusiyyəti, problematikası, kompozisiyası, xronotopu, obrazlar qalereyasıMüasir Azərbaycan ədəbi mühitində hərbi ədəbiyyat bir neçə dövrdə sürətlə inkişaf etmişdir. Hələ 1918-1920-ci illər Azərbaycanda hərbi ədəbiyyat formalaşmışdır. Bu zaman şeir və hekayələrə, yəni nəzm və nəsrin kiçik formalarına üstünlük verilmişdir. Birinci Dünya müharibəsi (1914 - 1918) dövründə Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş “Qardaş köməyi” təşkilatının orqanı olan və bir nömrədən ibarət olan “Qardaş köməyi” jurnalı fikrimizə əyani sübutdur. Burada H.Cavid, A.Şaiq, Ö.F.Nemanzadə, Ə.Nəzmi, M.Ə.Rəsulzadə, Ə.Cavad, A.Səhhət, S.Hüseyn, M.S.Ordubadi, T.Ş.Simurq, F.Köçərli, C.Cabbarlı, Ə.Haqverdiyev kimi tərəqqipərvər ədiblərimizin nəşr olunmuş bir sıra hekayə və nəzm nümunələri bu dövrdə baş verən müharibənin dəhşətlərini özlərində əks etdirir. Daha sonra II Dünya Müharibəsi dövrünə aid hərbi ədəbiyyat Azərbaycan ədəbiyyatında inkişaf edir. Bu zaman ədəbiyyatımızın bir sıra şedevrləri yaranır. Məsələn, Ənvər Məmmədxanlının “Buz heykəl” hekayəsi, Süleyman Rüstəmin “Ana və poçtalyon” şeiri və s.Müstəqillik dövrümüzdə isə hərbi ədəbiyyat Birinci Qarabağ müharibəsi, 2016-cı ildə dördgünlük İkinci Qarabağ müharibəsi, Üçüncü Qarabağ, yəni Vətən müharibəsi olaylarını əhatə edir. Birinci Qarabağ müharibəsi, dördgünlük İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi olaylarını əhatə edən ədəbiyyatlar özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu dövrlərin siyasi mənzərəsi fərqli hərbi ədəbiyyatın yaranmasına səbəb olmuşdur. XX əsrin 90-cı illərindən başlanan, yaşadığımız günə qədər davam edən Qarabağ uğrunda vuruşmanın bədii ədəbiyyatda əks etdirilməsi baxımından Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi və xalqın tarixi yaddaşına yazılmış Aprel döyüşləri, daha dəqiqi bu iki müharibə arasında keçid rolunu oynayan 2016-cı ildə dördgünlük İkinci Qarabağ müharibəsi kimi dövrlərə bölünməsi diqqəti cəlb edir. Qarabağ müharibəsi Azərbaycan xalqının milli şüuruna, mədəni irsinə təsirsiz ötüşmədi. 44 günlük Vətən müharibəsinin xalqın qan yaddaşına zəfər, qalibiyyət kimi daxil olması danılmaz faktdır. Zaur Cavanşirin “Qanlı qar” adlı romanoçerki də 44 günlük Vətən Müharibəsindən sonra qələmə alınmış Birinci Qarabağ Müharibəsini əks etdirən bədii nümunədir. Əsərin janr xüsusiyyətiZaur Cavanşirin 21 bölümdən ibarət olan “Qanlı qar” əsərinin janrı ilk növbədə diqqəti cəlb edir. Əsərin janrı tədqiqatçılarımızın diqqətini cəlb etmişdir. Professor Asif Rüstəmli kitaba yazdığı “Müharibə ədəbiyyatının dəyərli nümunəsi – “Qanlı qar”” adlı ön sözündə əsərin janrını sənədli povest kimi təqdim edir: “O, (Zaur Cavanşir-S.Ş.) sənədli povestində 1993cü ilin fevral ayında 59 nəfər kursantın və 6 nəfər zabitin Ağdərə ərazisində, Həsənriz, Qozlukörpü bölgələrində iki həftə ərzində pusquya düşmələrindən, ağır şəraitdə qeyri-bərabər döyüşlərindən, gənc kursantların vətənpərvərlik mübarizəsindən, əfsanəvi şücaətlərindən bəhs edir”. Əsərin ictimaiyyətə sənədli povest kimi təqdim edilməsi əsərin epik növə aid bədii nəsr nümunəsi olmasını təsdiqləyir. Əsərin roman, povest, oçerk, xatirə və s. janrlarda olması haqqında iddialar mübahisələrə sabb blur.Zaur Cavanşirin “Qanlı qar” adlı əsərində bədii reallığın formalaşmasını tipik hadisə və səhnələrin bədii təsvir vasitəsi ilə həyata keçirilməsinin şahidi oluruq ki, bu da roman-oçerklərə xas bir xüsusiyyətdir. Roman-oçerkin təsviredici xarakter daşıması onun kompozisiya quruluşuna təsir edir. Roman-oçerkdə hadisələrin təsviri ilə yanaşı bədii mətnə publisistik mühakimələr, elmi ümumiləşdirmələr, bəzən statistik materiallar daxil edilir. Eyni zamanda, roman-oçerkə elmi-tədqiqatçılıq xas deyil. Struktur baxımından, roman-oçerk bölümlərdən ibarət olan bədii əsər təqdim edir ki, bu da romanı silsilə hekayələrə yaxınlaşdırır. Azərbaycan ədəbiyyatında roman-oçerklər mövcuddur ki, İlqar Fəhminin “Bakı tarixindən kollaj” romanı məhz belə əsərlərdən biridir. Zaur Cavanşirin də müəllifi olduğu “Qanlı qar” əsəri bədii - publisistik əsər kimi etnoqrafik xarakter daşıyır və güclü oçerk təsirinə məruz qalır. Maraqlıdır ki, roman daxilən bir-biri ilə bağlı olmayan parçalardan ibarətdir.Roman-oçerkin yaranmasında ilk növbədə, romanın publisistik janrlarla qarışıqlığı səbəbindən formalaşmasının şahidi oluruq. Bu zaman epistolyar roman, roman-esse, romanoçerk, roman-reportaj, roman-müsahibə, roman-etiraf roman-pamflet və s. kimi roman növlərini şərti olaraq publisistik roman da adlandırmaq olar. Publisistik romanda publisistika romanın bütün bədii mahiyyətinə nüfuz etməyə qadirdir. Bununla yanaşı publisistika romanın süjet xətti, obrazlar sistemi, detalları üzərində üstünlük də təşkil edir. Asif Rüstəmlinin əsərin məziyyətinə toxunarkən vurğuladığı kimi əsər “mövzu, süjet xətti, obrazlar bədii təxəyyülün məhsulu deyil, gercək həyatın, real hadisələrin çoxçalarlı, polifonik mənzərəsidir”. Bu baxımdan, əsərdə romanın publisistik janrla qarışıqlığa məruz qalmasını nəzərə alaraq, roman-oçerk nümunəsi kimi təqdim etməliyik. Əsərin problematikası“Qanlı qar” əsərinin problematikası zənginliyi ilə diqqəti cəlb edir. Əsərdə müəllif bir çox siyasi məsələlərə aydınlıq gətirir. Bir hərbçi kimi Birinci Qarabağ Müharibəsi zamanı Ordumuzun zəif olması məqamını əsərinin problematikasında qabartması həm o dövrün siyasi mənzərəsini, həm də müəllifin siyasi olayları analiz edə bilməsinin göstəricisidir. Zaur Cavanşirin Azərbaycanın müdafiə qüvvələrinin ağır itki verməsinin səbəblərini lakonik şəkildə aydınlaşdırmağı bir ziyalı kimi həyata keçirir: “Ordu hələ tam formalaşmamış, təşkilatlanma prosesi tamamlanmamışdı. Koordinasiya yox səviyyəsində idi, təchizat cəhətdən isə ciddi çatışmazlıq var idi”.Zaur Cavanşir qələmə aldığı əsərinin problematikasında Birinci Qarabağ Müharibəsi zamanı baş verən xəyanətlərə də incəliklə toxunur. Akademik Bəkir Nəbiyevin qeyd etdiyi kimi “Qarabağ müharibəsi qanında, içində Vətən sevgisi olan bütün Azərbaycan xalqını dilə gətirdi”. Məsələn, yazıçı döyüş meydanına göndərilən təcrübəsiz kursantların Ağdərəyə, daha dəqiqi düşmən tərəfindən ələ keçirilmiş Qozlukörpüyə göndərilməsi tapşırığını xalqımıza, vətənimizə olan xəyanət kimi təqdim edir. Müəllif həmçinin oxucusunu taqım komandirlərinin kursantlara Qozlukörpüyə gedəcəklərini bildirmələrinə onların düşüncüləri ilə məhz həmin məsələnin dərinliyinə varmağa vadar edir: “Bir anlıq hamımız bir-birimizə baxdıq. Axı bayaqkı əsgərlər bir gün əvvəl Qozlukörpünün düşmənə verildiyini söyləmişdilər. Yəni komandanlıq bu məlumatdan xəbərsiz idi? Yoxsa biz düşmənin içərisinə göndərilirdik?”. Zaur Cavanşir bu xəyanətin bağışlanmaz olmasını və faciəsini “Ölümə göndərilən kursantlar” başlıqlı bölümdə incəliklə təqdim edir. Müəllif bu bölümdə çatdırmaq istədiyi ideyanı təqdim etdiyi epiqrafla, yəni Georgi Jukova aid “Əsgər döyüşdə ölər, amma ordunu komandirin səhvi öldürər” fikirləri ilə də açıqlamağa cəhd edir. Məhz əsərdə təcrübəsiz kursantların düşmən tərəfindən ələ keçirilmiş Qozlukörpüdə pusquya düşmələri və qətlə yetirilmələri acı reallıq kimi təsvir edilir. “Qurtuluş” batalyonunun döyüşçülərinin dedikləri həqiqətləri qulaqardına vurub, əsgər və zabitlərini düşmən pusqusuna salınması, düşmənlərin “artıq hazır yem olaraq gözlədiyi qurbanlara” çevrilmələri əlbəttə də vətənimizə, xalqımıza qarşı edilən, törədilən xəyanətdir. Zaur Cavanşir Əvabil Əbdürrəhmanov, Sərvan Məmmədov, Eldəniz Mehdiyev, Afiq Əsədov, İlqar Əmiraslanov, Okean Seyidov, Aydın Hüseynov, Emil İsmayılov və digər şəxslərin məhz Qozlukörpüdə pusquya düşərək şəhid olduqlarını xatırlamaqla gühahsız itkilərimizi də yada salır.Gənc kursantların Qozlukörpüdə pusquya düşmələrinin bilərəkdən həyata keçirilməsi müəllif tərəfindən əsərdə müntəzəm vurğulanmaqdadır. Məsələn, pusqudan canlarını qurtarıb geri qayıdarkən yol üstündə yardım istədikləri 703 nömrəli briqadanın hərbçilərinin dediklərində hərbçilərimizin xəyanətə uğradıqlarının bir daha şahidi oluruq. Zaur Cavanşir həm bir yazar, həm də bir hərbçi, həm də bir vətəndaş kimi uğradığı bu xəyanətin ağırlığını anlayır, istifadə etdiyi epiqraflarının birində Çingiz xanın fikirləri ilə də aydınlıq gətirir: “Mənim üçün ən böyük düşmən çöldəki deyil, içimizdəki satqındır”. Belə satqınlığın təsvirini əsərin digər epizodlarında da təsvir edilməsinin şahidi oluruq. Məsələn, “Alatoranlıqdan başlayan cəhənnəm” başlıqlı bölümdə müəllif daşmən tərəfinin dəqiqliklə mövqelərimizi atəşə tutmasının təsvirində də xəyanətkarlığın olmasına işarə edir: “Atəş nizamsız deyildi, konkret hədəfə atırdılar – düşmən hansı səmtə, hansı sipərə nə vaxt atəş açacağını dəqiq bilirmiş kimi dəhşətli dəqiqliklə atırdı”.Əsərin problematikasında döyüşçülərin ağır bir zamanda insanlıq keyfiyyətlərini itirmədikləri, bir-birilərinin qayğılarına qalmaları xüsusi olaraq təqdim edilir. Əsərin müxtəlif epizodlarında bunun şahidi oluruq. Məsələn, müəllifin özünün döyüş yoldaşları tərəfindən bu kimi hadisələrə tez-tez məruz qalması incəliklə təqdim edilir: “Mən olmayanda Əliyev Rəşad buşlatının cibindən üç ədəd “taxta” peçenye tapmışdı. Saymışdılar – doqquz nəfər idik. O üç peçenyeni doqquz yerə bölmüşdülər. Və hər kəs öz payından bir tikə kəsib leytenant Şərifzadəyə vermişdi. Mənim və Aydınov Həsənin payını isə peçenyeninin kağızına büküb qoruyaraq saxlamışdılar”. Müəllifin əsərində təqdim etdiyi bu epizodda əsgərlərin birbirilərinin qayğılarına qalmaları yer alır. Müəllif əsgərlərin bu alicənablığını əsərində öz münasibətini sərgiləyərək də bildirir: “Bu, aclıq içində insanlıq və yoldaşlıq adına əvəzsiz bir jest idi. ... O peçenyenin dadını, o paylaşımın verdiyi istiliyi heç zaman unuda bilmərəm”.Müəllif əsərin problematikasında qələbə əzmini “Şəhidlərin ruhunu azad edən qələbə” adlı bölümdə və həmin bölümə Heydər Əliyevin epiqraf kimi təqdim etdiyi “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Torpaqlarımız azad olunacaq və şəhidlərimizin qanı yerdə qalmayacaq” kimi fikirlərində əks etdirməyə nail olur. F.e.d. Elçin Mehrəliyevin qeyd etdiyi kimi, “Qarabağ uğrunda müharibə xalqımız üçün vətən müharibəsidir və buna görə də müasir ədəbiyyatımızda onun çox mühüm bir mövzu - xalq mövzusu səviyyəsində işlənməsi son dərəcə zəruri bir yaradıcılıq vəzifəsidir”.Əsərin kompozisiyası“Qanlı qar” əsərinin süjet və kompozisiyası əsərdə təsvir olunan mahiyyəti, hadisələri müəyyən xətt üzrə inkişaf etməsini, hadisələrin bir-birilə əlaqələndirilərək bir sistem şəkilində qabarıq əks etdirməsi ilə də diqqəti cəlb edir. Roman-oçerkin süjet xəttində ekspozisiya, zavyazka, kulminasiya, razvyazka və finalın yer almaları əsərin süjet xəttinin yüksələn və enən xətlə inkişaf etməsini əks etdirir. Əsərin “Əsirlikdə qələbəni gözləmiş armud ağacı” və “Qarabağın acı taleyi: 1993-cü ilin soyuq, qanlı qışı” başlıqlı bölümləri romanoçerkin ekspozisiyası kimi çıxış etdiyini müşahidə edirik. Əsərin zavyazkası isə artıq “Ölümə göndərilən kursantlar” adlı başlıqda özünü göstərir və hadisələrin getdikcə mürəkkəbləşməsini göz önündə canlandırır. Əsərin kulminasiya nöqtəsi isə “Ölümlə üz üzə - alov içində” başlıqlı bölümündə əksini tapır. Məhz bu bölümdə əsərdəki hadisələrin ən ziddiyyətli inkişaf mərhələsini izləmək mümkündür. “Müharibədən çıxış – Ən uzun gecə” başlıqlı bölüm isə əsərdə münaqişənin zəifləməsini, yəni ziddiyyətlərin aradan qaldırılmasını əks etdirir. Zaur Cavanşir “Qanlı qar” əsərində artıq “Şəhidlərin ruhunu azad edən qələbə” başlıqlı bölümündə hadisələrin müəyyən sonluğa çatdığını təsvir edir. Bu sonluq xalqın qələbəsini, Zəfər təntənəsini də əks etdirir.Zaur Cavanşirin 21 bölümdən ibarət olan “Qanlı qar” roman-oçerkində müəllifin kompozisiyanın ünsürlərindən məharətlə istifadə etməsinin şahidi oluruq. İlk növbədə, diqqəti əsərdə kompozisiyanın ünsürlərindən biri olan epiqrafların müntəzəm şəkildə sənətkarlıqla istifadə edilməsi nəzərdən qaçmır. Müəllif hər bölümün başlanğıcında məhz müxtəlif tarixi şəxsiyyətlərin, sərkərdələrin, siyasi xadimlərin müəyyən hikmətli fikirlərini ifadə edən cümlələri epiqraf kimi təqdim edir. Zaur Cavanşir təqdim etdiyi epiqraflarla oxucunun diqqətini əsərdəki həmin bölümün ümumi məzmun və ideyasına diqqətini yönəldir.Zaur Cavanşirin əsərdə istifadə etdiyi epiqraflar dünya şöhrətli tarixi şəxsiyyətlər olan Napoleon Bonopartın “Qələbə ən çox dözümlü olanların payına düşür”, Çingiz xanın “Dövlətin zəifliyi xalqın parçalanmasından yaranır, Xalq bölünübsə, dövlət də dağılır”, Nadir şah Əfşarın “Döyüş meydanı namusun qorunduğu yerdir”, İsgəndər Zülqərneyn “Qorxaqlar heç vaxt qələbə dadını bilməz”, Əmir Teymur “Əsgərin dostu silahdır. Onu qorumaq, dostuna sədaqət deməkdir”, Yuli Sezarın “Cəsarət-taleyin qapısının açarlarıdır”, Sun Tzunun “Bəzən geri çəkilmə məğlubiyyət deyil, daha böyük qələbəyə gedən yoldur”, Franklin D.Ruoseveltin “Faciələri unutmaq, onları yenidən yaşamaq deməkdir” və s. hikmətli fikir və deyimləridir. Bu epiqraflara diqqət yetirdikdə, müəllifin demək istədiyi ideyaları oxucusuna daha aydın şəkildə anlatmaq məqsədi güdməsi diqqətdən yayınmır. Onu da vurğulamaq lazımdır ki, müəllifin istifadə etdiyi epiqraflar sadəcə hikmətli sözlər və fikirlər deyil. Müəllifin qələmə aldığı əsərin hər bölümündə təqdim edilən həmin epirqflar bölümün problematikası, ən əsası isə süjet xətti ilə, həmçinin müəllifin çatdırmaq istədiyi ideya və fikirlərlə sıx bağlıdır.“Qanlı qar” əsərində müəllif təbiət təsvirinə, yəni peyzaja da geniş yer verir. Müəllif “Əsirlikdə qələbəni gözləmiş armud ağacı” başlıqlı yazısında armud ağacının timsalında xalqın qələbəsinin təntənəsini peyzaj vasitəsi ilə açıqlamağa nail olur. Zaur Cavanşirin xalqın Zəfər təntənəsini ağacın timsalında təqdimi maraqlı bədii priyom kimi diqqəti cəlb edir. Ancaq zəfərin təntənəsinin peyzajla təqdimi isə xüsusi olaraq diqqəti cəlb edir: “Bəli, o armud ağacı hələ də yerində idi. Amma bu dəfə o, sanki daha vüqarlı, daha qüdrətli görünürdü. Sinəsini irəli vermiş, budaqlarını göylərə açmışdı. O, indi azadlığın və dirənişin simvoluna çevrilmişdir”.Zəfərdən sonra xalqımızın milli sülh bayramı olan Novruz bayramının məhz doğma, qələbə əldə etmiş məkanlarda qeyd edilməsinin vurğulanması da rəmzi məna daşıyır. Müəllif bu məqamı bir cümlədə qeyd edir: “Novruz bayramını ailəmlə birlikdə Qarabağın ürəyi, ata-baba ocağımız olan Xankəndində qeyd etmişdik”.Əsərin xronotopuZaur Cavanşirin əsərində xronotop ardıcıllığı, zamanın, məkanın dəqiqliklə təsviri maraqlı ədəbi priyom kimi baş verən olayları oxucuya çatdırılmasına yardım edir. Məsələn, “Qarabağın acı taleyi: 1993cü ilin soyuq qanlı qışı” başlıqlı yazıda müəllif məhz həm zamanı, həm də məkanı başlığa çıxarır. Hadisələrin Birinci Qarabağ müharibəsinə aid olması, 1993-cü ilin qış fəslində baş verməsi, məkan kimi də məhz Qarabağda həyata keçirilməsi qabardılır. Qarabağın Ağdərə ətrafındakı yüksəklikləri, Tərtər çayı üzərində yerləşən Sərsəng su anbarı, Heyvalı (o vaxtkı Drombon) istiqaməti, Qozlukörpü, Həsənriz, Umudlu, İmarət Qərvənd, Qozlu, Çapar, Zərdaxaç, Zəylik və s. kəndlərində, yaşayış məkanlarında döyüşlərin getməsinin vurğulanması əsərdə məkanlarımızı da açıqlayır. Müəllif, hətta həmin məkanların yerləşməsini də dəqiqliklə təsvir edir. Qeyd etmək lazımdır ki, əsərdə müəllif tərəfindən “Həsənriz kəndi Kəlbəcər rayonunun şimal-şərqində, Murovdağ silsiləsinin ətəyində, Sərsəng su anbarının qərb sahilində yerləşir”, “Tərtər çayı üzərində yerləşən, 560 milyon kubmetr su tutumu ilə Azərbaycanın ən böyük su anbarlarından biri olan Sərsəng su anbarı” və s. məkanlarımız haqqında ətraflı şəkildə məlumat verilir.Zaur Cavanşir “Səhər tezdən isə Ballıca, Ballıqay, Çıldıran kəndlərindən keçməklə Kəlbəcər istiqamətinə yola düşdük” fikri ilə xalqımızın doğma el-obalarını göz önündə canlandırmaqla bərabər, bu məkanlarda baş vermiş qanlı olayları xatırladır. Yazıçı xalqımızın qan yaddaşına həkk olunmuş həmin hadisələrin dəqiq tarixini göstərməklə, təsvir etdiyi hadisələrin məhz tarixin reallığı olmasını, həmin hadisələrin xalqın qan yaddaşında yaşamasını əks etdirir: “...1993-cü ilin fevral ayında ilk dəfə ölümün nəfəsini burada hiss etmişdim, burada yoldaşlarımı itirmişdim, şəhid olmuş və yararlanmış yoldaşlarımın qanı burada üstümə sıçramışdı...”Müəllif təsvir etdiyi hadisələri dəqiqliklə təqdim edir: “13 fevrall 1993-cü il, gecə saat 22:00-da altı avtomobil və bir PDM-2 dən ibarət kolonumuz Ağdərəyə yola düşdü”. İlk növbədə sadə görülən bu məlumat özlüyündə tarixi faktdır, xalqımızın qan yaddaşına dönmüş səhifəsidir. Müəllif bu səhifəni xalqımızın alnına sürülmüş “qara bir ləkə” kimi dəyərləndirir: “Qarın üstündəki qarın izləri, partlayış çuxurları və yaranmış texnikalar ağ örpəkdə ləkə kimi görünürdü. Ancaq bu ləkə yalnız o torpağın üstündə deyildi - o gün orda yaşayanlar Azərbaycanın hərbi tarixində silinməyəcək QARA BİR LƏKƏ kimi həkk olunacaqdır. Unudulmayacaq bağışlanmayacaq, bir ləkə kimi”.Müəllifin əsərdə təqdim etdiyi zaman anlayışı maraq doğurur. Əsərdə təqdim edilən zamana diqqət yetirdikdə hadisələrin konkret hansı zamanda baş verdiyinin şahidi olursan: 1993cü ilin əvvəli, 1993-cü il fevralın 12-si, 1993-cü il fevralın 13-ü, 13 fevral 1993-cü il gecə saat 22:00, 14 fevral 1993-cü ilin səhəri,15 fevral 1993-cü ilin səhəri, 1993-cü il 20 fevralına qədər, 1993-cü il fevralın 20-si saat 16:00, 23 fevralın səhəri, 23 fevral 1993-cü il, 1993-cü il fevralın 24-də, səhərisi gün 25 fevralda, 25 fevral səhərə yaxın, səhərisi gün 26 fevralda, 27 fevralda, 27 fevral səhər hava işıqlananda,1993cü il martın 1-i, 1994-cü ilin yanvarında və s. Əsərdə təsvir edilən hadisələrin zaman axarında diqqət yetirdikdə, məhz 1993-cü ilin fevral ayında baş verməsinin şahidi oluruq. Hadisələr sanki, bir şəxsin gündəliyi şəklində inkişaf edir. Hadisələrin bu şəkildə nəqli əsərdə təsvir edilən hadisələrin tarixi bir reallıq olmasını bir daha təsdiqləyir. Bütün bu amilləri nəzər alaraq qeyd etmək lazımdır ki, əsər müəllifin özünün vurğuladığı kimi “Vətən uğrunda son gülləsinə, son nəfəsinə qədər döyüşənlərin, şaxtada donaraq can verənlərin və yaşamaq uğrunda insan iradəsinin haraya qədər müqavimət göstərə biləcəyinin canlı salnaməsidir”. Birinci Qarabağ müharibəsi zamanı kursantların şücaəti fonunda tarixin “canlı salnaməsi” olan bu olaylar zaman və məkan baxımından xalqımızın qan yaddaşına çevrilmişdir.Əsərin bədii obrazlar qalereyası“Qanlı qar” roman-oçerkində müəllif təsvir etdiyi hadisələri məhz qələmə aldığı obrazları vasitəsilə əks etdirir. Müəllifin əsərindəki obrazlar həm məhdud, həm də geniş mənada təqdim olunmaqdadır. Məhdud mənada Zaur Cavanşirin təqdim etdiyi obrazlar konkret şəxsləri bildirir. Müəllifin geniş mənada təqdim etdiyi surətlər bədii şəkildə əks olunan müxtəlif faktları özündə əks etdirməsi ilə diqqəti cəlb edir. Bu zaman təbiət lövhələri ilə yanaşı əşyaların da surət kimi təqdim edilməsini müşahidə edirik. Məsələn, 18 yaşlı əsərin baş qəhrəmanının sürdüyü piyadanın döyüş maşını yəni “PDM” qəhrəmanların xarakteri və əsərin ideyası ilə yaxından bağlı olması ilə özünü göstərir.Zaur Cavanşir əsərində təsvir etdiyi hadisələrin mahiyyətini həm də PDM ilə də açıqlamağa nail olur. Torpaqlarımıza göz tikənlərlə mübarizə aparmağın çətin olması məqamına aydınlıq gətirməklə yanaşı, onlara qarşı dayana bilməyin özünün də bir mübarizə olmasına toxunur: “PDM daha döyüş maşını deyil, yük maşını idi. Güllə yerinə corab, mərmi yerinə ərzaq daşıyırdı. Amma bu heç kimin vecinə deyildi. Burada yaşamaq – özü bir döyüş idi. Atışsız, partlayışsız, lakin ən amansız döyüş...”. Bu fikirlərdə həmçinin doğma torpaqların tərk edilməməsinin necə bir ali hiss, həm də PDM-in surət kimi təqdiminin şahidi oluruq.Zaur Cavanşirin əsərdə fərdiləşdirmə və ümumiləşdirmə yolu ilə yaratdığı insan surətləri yaddaşlara əks olunur. Müəllif bu zaman təsvir etdiyi obrazını həm başqalarından fərqləndirən və ya da başqalarına oxşayan xüsusiyyətlərinə də toxunur.Bədii əsərin qəhrəmanı müəllifin təsvir etdiyi hadisələrin mərkəzində dayanmağı bacaran 18 yaşlı gənc və canlarını torpaq uğrunda qurban verməyə hazır olan döyüşçülər, canlarını Vətənə qurban vermiş şəhidlərimiz, Azərbaycan xalqı və kursantlardır. Əsərdə hadisələri nəql edən 18 yaşlı bir azərbaycanlı gənc müəllifin prototipi olmaqla yanaşı, irəli sürdüyü ideyanın da əsas ifadəçisinə çevrilmiş obrazdır.Zaur Cavanşirin mütərəqqi ideyalarını təbliğ edən müsbət qəhrəmanları, şəxsi mənafeyini xalq mənafeyindən üstün tutan mənfi surətləri, əsərdə təqdim edilən münaqişənin həllindəki rollarına görə əsas və epizodik surətlərin təsvir etməsi də diqqətdən yayınmır.Zaur Cavanşirin qələmə aldığı əsərində həm Birinci Qarabağ Müharibəsinin, həm də Vətən müharibəsinin zabit və əsgərlərinin obrazları yaddaşlara həkk olunur. Əsərdə təqdim edilən Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş şəhid və qazi obrazları Bakı Ali Hərbi Birləşmiş Komandirlər Məktəbinin (BABKM), indiki Heydər Əliyev adına Hərbi institutun müdavimlərinin, kursantlarının ümumiləşdirilmiş obrazlarıdır. Zaur Cavanşir qazi və şəhidlərin obrzını bəzən qısa bir cümlə ilə, bəzən də geniş şəkildə təsvir etməklə açıqlamağa nail olur. Məsələn, qazi, mayor Bakir Abdullayevi təqdim edərkən qeyd edir ki, “müharibənin bütün mərhələlərini yaşamış, bir gözünü və ağciyərinin bir hissəsini itirmiş” döyüşçüdür. Müəllifin Vətən üçün şəhid olmağa hazır olan gənc kursantların ümumiləşdirilmiş obrazı isə oxucunu etinasız buraxmır. Müəllifin “...bu yoldan sağ qayıtmayacağımız ehtimalı çox idi. Lakin kimsə bu fikri dilə gətirmirdi, hətta beynindən belə uzaqlaşdırmağa çalışırdı. Ölüm bizdən bir addım məsafədə olsa da, onu qəbul etməyə hazır idik”. Müəllif şəhidlərin ölməz olduğunu, onların əməllərinin yaşadığını da adi bir cümlə ilə ifadə etməyə nail olur: “Bizə veriləcək PDM-in əvvəlki ekipajı şəhid olmuşdu”. Bir cümlə ilə böyük bir ağrını ifadə etməyə qadir olan müəllif xalqımızın Vətənin azadlığı üçün həmişə canlarını qurban vermələrini əks etdirir. Təbii ki, bu cümlədə əksini tapmış fikir bizlər üçün nə qədər ağır olsa da, ürəkləri dağlasa da, həm də qürurvericidir. Şəhidlərimizin unudulmadığını, qəlblərdə yaşadığını, əməllərinin davam etdirildiyini qabarıq şəkildə əks etdirir.Zaur Cavanşir “Vəzifələr ağır idi, zaman isə bizim əleyhimizə işləyirdi. Amma geriyə yol yox idi – ya bacaracaqdıq ya da hamımız orada qalacaqdıq” fikirləri ilə əsərdə Vətən uğrunda döyüşən, canını qurban verməyə hazır olan qazilər və canını qurban vermiş şəhidlərin keçdiyi həyat yolu ilə yanaşı, yaddaşlarda yaşayan əbədi obrazlarını da həkk edir.Əsərdə 703 nömrəli briqadanın komandiri polkovnik Nəcməddin Sadıkovun obrazı da müəllif tərəfindən təsvir edilir. Yüksək vəzifəli şəxsin əsərdə mənfi xüsusiyyətlərdə təqdimi diqqətdən yayınmır. İlk növbədə, briqada komandirinin ana dilində danışa bilməməsi haqqında “Azərbaycan dilində danışa bilmirdi” fikri haqlı olaraq irad kimi səsləndirilsə də, onun öz tabeliyində olanlara söyüş işlətməsi, yəni “rus dilində isə - yalnız söyüşlə danışırdı” fikrini səsləndirməsi isə təsvir edilən surətin məhz mənfi keyfiyyəti kimi xarakterizə olunur. Zaur Cavanşir Nəcməddin Sadıkovun tabeliyində olan, həmçinin Milli Ordunun əsgərlərinə biganə yanaşmasını, onlara olan münasibətlərini əsərin müxtəlif epizodlarında canlandırır. Məsələn, polkovnik Sadıkovun polkovnik-leytenant Zakir Kərimovun təhqir edib alçaltması Qozlukörpü hadisəsində ayaqları və əlləri donmuş bir çox yaralı kursantın təkrar döyüş meydanına yollaması, onların sağlığının bərpasına imkan verməməsi və s. hadisələri təsvir edən epizodlarda şahidi oluruq.Zaur Cavanşir əsərdə qəhrəman obrazını təqdim edərkən, onu uzun-uzadı təsvir etmir, Azərbaycan döyüşçüsünün qəhrəmanlığını bir cümlə ilə də ifadə edir. Məsələn, Qozlukörpü kəndinin içindən keçib Tərtər çayı üzərindəki körpüyə çatan düşmən tankını tank əleyhinə raketlə sıradan çıxaran azərbaycanlı döyüşçüsünün şücaətini belə təqdim edir: “Sonradan öyrəndim ki, həmin tankı vuran artilleriya divizionundan leytenant Quliyev Azər imiş”. Təbii ki, döyüş meydanlarında şücaət göstərmiş döyüşçülərin qəhrəmanlıqlarının belə qısa şəkildə təsviri müəllifin əsgərlərimizin sücaətinin təsvirindəki xəsisliyi ilə əlaqəli deyil. Sadəcə müəllif bir cümlə ilə həmin fədakarlığın əsas məqamını açmağa nail olur. Az sözlə böyük mətləbləri açıqlayır. Akademik Bəkir Nəbiyevin vurğuladığı kimi “döyüşçü surəti ədəbiyyatımızda müharibənin ilk günləri ilə müvazi olaraq meydana çıxmış və doğulduğu gündən etibarən də öz əsgəri borcunu yetirməyə başlamışdı”. Əsərdə şəhid anasının və şəhid atasının obrazı da müəllif tərəfindən incəliklə, qısa bir epizodda təqdim edilir. Məsələn, oğlu şəhid olmuş ananın obrazı Zaur Cavanşir tərəfindən tam açıqlanır. Qısa epizodda şəhid anasının dolğun obrazını gözümüzdə canlandıran nüəllif bunu belə təqdim edir: “Birdən, qəfil biri qolumdan yapışdı. Çevriləndə qarşımda gözləri ağlamaqdan qan çanağına dönmüş, saçları külək kimi dağılmış, dərdi üzünə yazılmış bir ana dayanmışdı. Elə bir fəryad qoparırdı ki, sanki torpaq yarılacaq, göy yerə çökəcəkdi. Səsinin içində elə bir ağrı vardı ki, insanın qanını dondururdu. O “oğlum!” deyə qışqıranda, ətrafdakı hər şey sanki dayanırdı.Gözlərinin içində heç bir işıq qalmamışdı, orada yalnız sonsuz bir boşluq vardı”.Zaur Cavanşirin 24 fevral 1993-cü il tarixində Gəncə batalyonuna qoşulub döyüş meydanına gedən Məmmədov Yalçının, yəni donaraq dünyasını dəyişmiş döyüşçünün həlak olmasını təsvir edən epizodu oxucunu etinadsız buraxmır. Həmin epizodun təsviri döyüşçülərimizin keçdikləri ağır, məşəqqətli yolu da göz önündə canlandırır: “Axşama yaxın dar bir cığırın kənarında, bir nəfərin kiçik qaya parçasına sığınaraq oturduğunu gördük. O, bizə doğru baxırdı. Məmmədov Yalçın idi. Əvvəlcə onun sadəcə isinmək və bizi gözləmək üçün daşın dibinə qısıldığını düşündük. Amma ümidimiz tez dağıldı – o daha nəfəs almırdı. Donaraq həlak olmuşdu...” Azərbaycan Silahlı Qüvvələrinin generalmayoru, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Şuşanın ilk komendantı, Vətən Müharibəsi Qəhrəmanı (2020) Zaur Cavanşirin “Qanlı qar” roman-oçerki Vətən Müharibəsində əldə etdiyimiz zəfərdən sonra qələmə alınmış bədii nümunə kimi maraq doğurur. Buna baxmayaraq, əsər Birinci Qarabağ Müharibəsi zamanı Ağdərə ərazisində, Həsənriz, Qozlukörpü bölgələrində iki həftə ərzində aparılan hücum əməliyyatlarını əks etdirməsi ilə də əhəmiyyət kəsb edir. Birinci Qarabağ Müharibəsinin ilk illərində döyüşçülərimizin, xüsusilə də kursantlarımızın Vətən torpağının müdafiəsinin təşkilində müstəsna qəhrəmanlıq göstərmələrinin bədii dillə təsviri xalqımızın qan yaddaşını əks etdirir. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.