Milli musiqi irsimizin gənc təmsilçiləri: Aysu və Dəniz İsmayılova bacıları Gəncə, Sumqayıt, Mədəniyyət 18 июня 2026 5 0 1 2 3 4 5 Azərbaycanın qədim və zəngin musiqi irsi olan muğam sənəti əsrlər boyu istedadlı sənətkarların fəaliyyəti nəticəsində yaşadılaraq bu günümüzə qədər gəlib çatmışdır. Bu sənətin davamçıları sırasında özünü inkişaf etdirməyə çalışan gənc ifaçılar və istedadlı musiqiçilər arasında Azərbaycan Milli Konservatoriyasının tələbələri Aysu və Dəniz İsmayılova bacıları xüsusi yer tuturlar. Aysu və Dəniz İsmayılova bacıları 30 oktyabr 2004-cü ildə Gəncə şəhərində anadan olmuşdlar. Kiçik yaşlarından hər ikisi musiqiyə, xüsusilə də, Azərbaycan milli musiqisinə, xalq və bəstəkar mahnılarına böyük maraq göstərmiş, bu sahədəki istedad və həvəsləri ilə seçilmişdir. Musiqiyə olan bağlılıq onların təhsil və gələcək fəaliyyət istiqamətinin formalaşmasında mühüm rol oynamışdır. Elə buna görə də orta təhsillərini Xırdalan şəhərində başa vurduqdan sonra musiqiyə olan maraqlarını peşəkar təhsil istiqamətində davam etdirmək qərarı vermişlər. Muğam sənətinə olan sevgisi və bu sahədə özünü inkişaf etdirmək istəyi Aysun İsmayılovanı musiqi təhsili almağa sövq etdiyi kimi, musiqi təhsilini peşəkar səviyyədə davam etdirmək istəyən Dəniz İsmayılova da bacısı ilə birlikdə Sumqayıt Musiqi Kollecinin Xanəndəlik ixtisasına qəbul olmuş, 2021–2024-cü illərdə orta ixtisas təhsili almışlar.Aysu İsmayılova təhsil aldığı müddətdə muğam sənətinin əsaslarını, ifaçılıq mədəniyyətini və səhnə təcrübəsini peşəkar müəllimlərin rəhbərliyi altında mənimsəmişdir. Bu illər ərzində onun müəllimləri tanınmış xanəndələr Sədəf Budaqova və Bünyamin İmayev olmuşdur. Onların rəhbərliyi ilə Aysu müxtəlif muğam dəsgahlarının quruluşunu, zərbi muğamların xüsusiyyətlərini, təsniflərin və xalq mahnılarının ifa qaydalarını öyrənmiş, öz səs imkanlarını və ifaçılıq bacarıqlarını inkişaf etdirmişdir.Aysu İsmayılova 2024-cü ildən etibarən Azərbaycan Milli Konservatoriyasında ali təhsil alır və xanəndəlik ixtisası üzrə biliklərini daha da dərinləşdirir. Hazırda onun ixtisas müəllimi respublikamızın əməkdar artisti Cabir Abdullayevdir. Daha əvvəl isə onun musiqi yolunda mühüm rol oynayan müəllimlərdən biri Vüqar Əliyev olmuşdur. Müxtəlif müəllimlərin təcrübəsindən faydalanmaq Aysunun sənət dünyagörüşünün formalaşmasına və muğam ifaçılığına daha geniş yanaşmasına şərait yaratmışdır.Aysu İsmayılova muğam sənətini yalnız bir ixtisas deyil, həm də milli-mədəni dəyər kimi qəbul edir. O, gələcəkdə peşəkar xanəndə kimi formalaşaraq Azərbaycan musiqisini daha geniş auditoriyalara çatdırmağı, milli musiqi ənənələrimizin yaşadılması və təbliğində öz töhfəsini verməyi qarşısına məqsəd qoymuşdur.Bu yolda onunla birlikdə addımlayan ekiz bacısı Dəniz İsmayılova da onun üçün həm mənəvi dəstək, həm də sənət yoldaşıdır. Birgə inkişaf etmək, bir-birini motivasiya etmək və musiqi sahəsində irəliləmək onların gələcək fəaliyyətlərinə əlavə stimul verir. Dəniz İsmayılova təhsil illərində muğam sənətinin nəzəri və praktik əsaslarını mənimsəmiş, öz üzərində davamlı çalışaraq uğurlu nəticələr əldə etmişdir. 2024-cü ildə kolleci əla qiymətlərlə başa vurmuşdur.Eyni ildə ali təhsil pilləsinə yüksələn gənc xanəndə qəbul imtahanlarında yüksək nəticə göstərərək Azərbaycan Milli Konservatoriyasının Xanəndəlik ixtisasına qəbul olmuşdur. Hazırda təhsilini burada davam etdirən Dəniz Azərbaycanın əməkdar artistləri və Azərbaycan Milli Konservatoriyasının müəllimləri olan Cabir Abdullayev və Yaqut Abdullayevadan muğam və vokal dərsləri alır. O, ikinci kursu uğurla başa vurmuş tələbələr sırasındadır.Dəniz İsmayılovanın gələcək məqsədləri yalnız ifaçılıq fəaliyyəti ilə məhdudlaşmır. O, Azərbaycan milli musiqi irsini daha dərindən araşdırmaq, zamanla unudulmaqda olan musiqi nümunələrini yenidən ifa etməklə onların yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verməyi qarşısına məqsəd qoymuşdur.Bununla yanaşı, Dəniz İsmayılova bacısı və tələbə yoldaşı Aysu İsmayılova ilə birlikdə idarə etdiyi sosial şəbəkə hesablarında muğam dəsgahları, xalq mahnıları və bəstəkar mahnılarını ifa edərək izləyiciləri ilə paylaşır. Bu fəaliyyət onların milli musiqi ənənələrinin qorunması və geniş auditoriyaya çatdırılması istiqamətində atdıqları ilk addımlardır.Aysu və Dəniz İsmayılova bacıları sosial media platformalarında aktiv şəkildə çıxış edərək bəstəkar mahnıları, xalq mahnıları və muğam ifalarını paylaşırlar. Onların fəaliyyəti milli musiqi ənənələrinin təbliği və gənc ifaçıların yaradıcılıq imkanlarının nümayişi baxımından diqqət çəkir.Gənc və tələbə xanəndələrimiz Aysu və Dəniz İsmayılovalara gələcək təhsil və yaradıcılıq fəaliyyətlərində yeni-yeni uğurlar, bol-bol nailiyyətlər arzulayır, onların muğam sənətində özünəməxsus yer tutacaqlarına inanırıq. JALƏ İSMAYILOVA,Elm.İnfo.Az-ın xüsusi müxbiriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.