SALİDƏ ŞƏRİFOVA: "AZƏRBAYCAN POSTMODERN POEZİYASI"

SALİDƏ ŞƏRİFOVA: "AZƏRBAYCAN POSTMODERN POEZİYASI" SALİDƏ ŞƏRİFOVA
filologiya elmləri doktoru
Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçi


AZƏRBAYCAN POSTMODERN POEZİYASI

Azərbaycan postmodern poeziyasının bədii xüsusiyyətləri


Çağdaş Azərbaycan poeziyasında tam təsdiqini tapmamış «postmodern» şeir anlayışı əslində yeni və mübahisələr doğuran anlayışdır. Postmodernizm poeziyada özünü daha çox gənc şairlərin yaradıcılığında büruzə verir. Gənc ədiblər ənənəvi dəyərləri dekonstruksiya etməyə meyllidilər. Məhz, Rasim Qaracanın, Murad Köhnəqalanın, Zahir Əzəmətin, Aqşinin, Şərif Ağayarın, Nərmin Kamalın, Sevinc Pərvanənin, Günel Mövludun və başqa şairlərin şeirlərində postmodernizmin ilkin təzahürlərini və klassik mətnlərin dekonstruksiyasını açıq-aydın görürük.
Postmodern poetik nümunələrdə qaydaların pozulmasının, qeyri-müəyyənliyin, gələcəyə dönüşün (Back to the future), parçalanmanın, ironiyanın, hibridləşmənin, karnavallaşmanın və s. kimi postmodernizm əlamətləri özünü büruzə verir. Məsələn, Rüfət Əhmədzadənin “Azərbaycan, sənə nə versəm” şeirində postmodernist üslub ilk növbədə diqqəti cəlb edir. Müəllif şeirini Amerikalı şair Allen Qinzberqin (İrvin Allen Qinzberq) “Amerika” şeirindən ilhamlanaraq qələmə almasını vurğulayır. Müharibə əleyhdarı və Bit cərəyanının qurucularından biri olan Allen Qinzberq homoseksual (gey) insanların azadlığını müdafiə edir, hətta öz şeirlərində homoseksual olduğunu gizlətmirdi. Allen Qinzberqin “Howl” (İnilti) şeiri Bit cərəyanının manifestinə çevrilmişdir. Həmid Piriyevin tərcümə etdiyi Allen Ginsberqin “Amerika” şeiri ilə Rüfət Əhmədzadənin “Azərbaycan, sənə nə versəm” şeirində oxşar çalarlar intertekstual əlaqələrdə özünü qabarıq büruzə verir.

Amerika, hər şeyimi sənə verdim və indi heç nəyəm...

– deyən Allen Qinzberqdən fərqli olaraq, Rüfət Əhmədzadə qeyd edir ki,

Azərbaycan!
Sənə hər şeyimi verə bilərdim,
Amma qorxuram ki, heç nə olaram…
Allen Qinzberq –
Əslində sən müharibə etmək istəmirsən, Amerika.
Bütün bunlar alçaq rusların əməlləridir, Amerika

– deyə qələmə alırsa, Rüfət Əhmədzadə həmkarından fərqli olaraq qələmə alırdı:

Bir əsgər tapmadınmı
Səninçün canından yox
Nəsli üçün yığdığı milyonlarından keçsin?
Dilin qısadır amma,
Uzun dirəklərinlə öyünürsən…
Sənə nə desəm azdır.

Ədəbi cərəyan olaraq postmodernizmin qafiyənin inkarını yerinə yetirməsi postmodern üslubda qələmə alınmış qafiyəsiz poetik nümunələrə xas əlamətlərdən biridir.
İnkarı inkar nəticəsində yaranmış postmodernizm cərəyanında Nərmin Kamalın qələmə almış olduğu “Paltaryuyan maşın haqda şeir” adlı poetik nümunədə şairənin postmodern düşüncə tərzi özünü göstərir.

Küsülüdür ər-arvad,
qucaqlaşmır, öpüşmür,
yatmırlar neçə gündür
bir döşəyin üstündə
amma ki, paltarları
sıxılıb qucaqlaşır paltaryuyan maşında
qadının ətəkləri,
kişinin şalvarları,
sonra daha naziklər, –
qadınkılar ağ,
kişinkilər qara,
qadınkılar güpür,
kişinkilər pambıq,
qarışıb sevişirlər suların ortasında,
heç küsülü deyillər şüşənin arxasında

Təəssüf doğurucu haldır ki, son dövrlərdə poetik nümunələrdə vulqar ifadələri işlədən müəlliflər bu prosesi postmodernizmlə əlaqələndirirlər. Vulqar sözlərin çox işlədilməsini postmodernizmlə əlaqələndirən qələm sahibləri bu baxımdan, yanlış mövqe tuturlar.
Postmodern şeirlərdə mövcud strukturun və məzmunun dağıdılmasına yol verilir. Postmodernizmi təsbit olunmuş xronoloji hadisə kimi qəbul etməyən, onu hansısa bir mənəvi durum kimi dəyərləndirən Umberto Eko “hər bir dövrün öz xüsusi postmodernizmi” olması amilinə toxunmuşdur. Umberto Ekonun fikrinə əsaslanıb deyə bilərik ki, məhz bu fikir baxımından müxtəlif illərdə qələmə alınmış poetik nümunələrdə bunu qabarıq görmək mümkündür. Postmodern pərdə altında poetik nümunələr qələmə alan şairlərimiz üçün maddi aləmlə yanaşı mənəvi aləm də səthi anlayışdır. Bəşəriyyətin nemətlərini dekonstruksiyaya (yaxud rekonstruksiya) uğradan şairlər üçün kainatın özü bir boşluq idi, onlar üçün hibridləşmə, həmçinin keçmişi təcrübələr məxəzi kimi müasir mətnlərə yeridilməsi əsas idi. Dekonstruksiya anlayışı postmodernizmə aid anlayışdır və özünü şeirin strukturunda əks etdirir. Postmodern şeirlərdə mövcud strukturun dağıdılması ilə məzmunun dağıdılması da özünü büruzə verir.
Poeziyada postmodernizm özündən əvvəl mövcud olan və bu mövcudluğu inkar etmədən mətni dekonstruksiyaya və ya rekonstruksiyaya uğradaraq inkişaf edərək özünü qabarıq şəkildə göstərir. Postmodern üslubda qələmə alınmış poeziya nümunələrinin məzmunca dekonstruksiyaya yaxud da rekonstruksiyaya məruz qalmaları özünü büruzə verir. Poetik nümunə dekonstruksiyaya məruz qaldıqda, bu zaman yeni yaradılan şeirin mətninin məzmunu ironik şəkildə ondan əvvəl yaradılmış şeirlərin məzmununun əksinə olur. Yeni yaradılmış poetik nümunənin məzmunu ədəbiyyata məlum şeirlərin mətninin məzmun ilə əkslik təşkil edirlər.
Azərbaycan Sovet ədəbiyyatında Rəsul Rzanın V.İ. Leninə həsr etmiş olduğu “Lenin” poemasındakı fikirlər postmodernizmdə dekonstruksiyaya uğrayaraq oxucuya təqdim edilir. Rəsul Rzanın

Mən hansı bir insana
bənzədim ki Lenini,
Məzarının başında
cahan ağlamış olsun

– bəndi Murad Köhnəqalanın “Gilas və səbət” şeirində dekonstruksiyaya uğramış mətn kimi təqdim edilir:

Mən hansı bir meymuna
bənzədim ki insanı
meymun onun yanında toya getməli olsun

və ya

Mən hansı bir kişiyə
bənzədim ki bizdən yazan qələm dostumuzu
hamımızı dirigözlü güllələtməmiş olsun

Murad Köhnəqala “Gilas və səbət” şeirinin mətnini bizə məlum Rəsul Rzanın “Lenin” poemasındakı mətni dəyişdirmişdir. Bununla şair sadəcə olaraq, “Mən hansı bir... bənzədim ki” for-masını Rəsul Rzanın “Lenin” poemasındakı “Mən hansı bir insana bənzədim ki” misrasından götürərək dekonstruksiya uğramış postmodern mətn yaratmağa nail olmuşdur. Bu poetik nümunədə postmodern ədəbiyyata xas intertekstual əlaqələr özünü göstərmişdir. Azərbaycan postmodern poeziyasında güclü intertekstual əlaqələr özünü göstərməkdədir. Məsələn, Fikrət Sadığın «Bənzətmə» adlı beş misralıq şeirində Azərbaycan xalq yaradıcılığı, xüsusilə də, “Kitabi Dədə Qorqud” dastanı ilə sıx intertekstual əlaqələr müşahidə olunur. Fikrət Sadığın qələmə aldığı

Oğlağa quzu demədi o Dədə Qorqud,
Gödəyə uzun demədi o Dədə Qorqud,
Bütövə dilim demədi o Dədə Qorqud,
Nadana alim demədi o Dədə Qorqud.
Kim dedi bəs?

- bəndi Dədə Qorquda xas olan

Gəlinə ayran demədim mən Dədə Qorqud,
Ayrana doyuran demədim mən Dədə Qorqud.
İynəyə tikən demədim mən Dədə Qorqud.
Tikənə sökən demədim mən Dədə Qorqud.

- bənd arasında intertekstual əlaqələri müşahidə etmək olur.
Rəsul Rzanın poeması Əlisa Nicatın “Mən hansı bir insana bənzədim ki Lenini” şeirində də dekonstrusiyaya uğrama ilə yanaşı intertekstual əlaqələr özünü büruzə verir.

Mən hansı bir julikə
Bənzədim ki, Lenini
Krupskaya adında
Arvadı ola-ola
Londondan, Cenevrədən
Gətirib Moskvada
İnessa Armand ilə
Kef edib əyyaş olsun.
Hökmüylə min-min şair
Alim, nasir, filosof
Dönüb danabaş olsun.

Postmodern poeziyada real aləmin inkar edilərək xaotik aləmin təsviri də özünü göstərməkdədir. Belə ki, xaotik aləmi təsvir edən şairlər qələmə aldıqları şeirlərdə nizamsız mənəvi meyar və dəyərləri ehtiva etməyən aləmi təsvir edirlər. Ələkbər Əliyev Rasim Qaracanın qələmə almış olduğu şeirdə

yaxşı bir təklifim var
gəlin özümüzü öldürək....
gözəldir təbəssüm dodağında
atılmaq yüzüncü mərtəbədən
sanki uçursan

ya da

alnında tapança lüləsi və
kiçik bir çaxmaq işarəsi
həyatın mənasızlığını

- misralarındakı xaotik aləmin təsvirini “Mənalı dünyamıza bir işıq tutaq” şeirində rekonstruksiyaya uğradır.

Yaxşı bir təklifim var
Gəlin hamımız dirilək

***

Gözəldir təbəssüm dodaqlarda
Ölümə gedərkən
Bu din uğurunda.
Yaxşı bir təklifim var
Gəlin özümüzü dirildək

***

Mənalı dünyamızı çirkabdan təmizləyək!

Rasim Qaraca həyatı mənasız tutması, ölməyi yaşamaqdan üstün tutaraq ölməyi təbliğ edir. Ələkbər Əliyev isə həyatı mənalı, yaşamağı ölümdən yüksək tutaraq yaşamağı təbliğ edir.
Postmodern poeziyanın konkret mövzulara təsiri də diqqətdən yayınmır. Fraqmentarlıq, hibridləşmə, kinayə, karnavalçılıq və s. müxtəlif prinsipləri özündə birləşdirən postmodern poeziyada ritm və qafiyəyə xüsusi diqqət ayrılmayır. Belə ki, Müstəqillik dövrü ədəbiyyatında faciə kimi qələmə alınan Qarabağ mövzusuna münasibət birmənalı olmamışdır. Postmodern ruhunda yazılmış poetik nümunələrdə ironik şəkildə acı istehza və pessimist əhval-ruhiyyə özünü göstərmişdir. Vətəndən Vətənə didərgin düşmüş Şərif Ağayarın qələmə almış olduğu şeirinə diqqət edək:

Gəlin erməniyə verək torpaqları
müzakirəsiz filansız
cıdır düzündə məzə partlatsın
baldırıaçıq haxçılər
əsir düşmüş gəlinlərimizlə
rahatca əylənsin qoyungöz dığalar
babalarımızın qəbrini şumlayıb
yerində andronik bağı salsınlar
məscidlərimizi meyxanəyə döndərsinlər...

Xaqani Hassın qələmə almış olduğu şeir diqqəti cəlb edir:

Qabaqcadan
qapını döyürəm
keçmişin açır
nə vaxtdır evdə yoxsan
küçələrin qocalar evinə getmisən
– İçərişəhərə

Xaqani Hassın qələmə aldığı bu şeirdə İçərişəhər “küçələrin qocalar evi» kimi səciyyələndirilir. İnsanın təkliyə, tənhalığa sürüklənməsi məkanla eyniləşdirilir.
Firuzə Məmmədli postmodern şeir üslubunda qələmini sınamağa cəhd edir. İroniya ilə yanaşdığı səhər gözümüzdə canlandırılır:

Bu səhərin
Xoruzunu
verdilər qoltuğuna. –
Necə banladısa.
səhər
gözünü açdı.

Firuzə Məmmədli digər şeirində isə aclığa da ironik münasibətini bildirməklə sosial ziddiyyətləri qabartmağa nail olur:

Bu dünyada
çörək əvəzi
aclıq yeyir adamlar: –
İş aclığı,
bir isti baxış aclığı,
bir isti söz aclığı,
səmimiyyət aclığı,
şərəf, namus, heysiyyət aclığı,
mərdlik.
cəsarət,
ağıl aclığı,
nuş olsun,
adamlar!

Mənfi-müsbət dəyərləri neytrallaşdırmağa qadir olan postmodernizm poeziyada özünü qabarıq şəkildə büruzə verir. Nərmin Kamalın “Kim kimi” (Maya üçün) şeirində övlad ana məhəbbəti fərqli prizmadan verilməsinə cəhd özünü büruzə verir:

Mən – sənin kürəyini cızdım uzun dırnaqlarımla
çimdirəndə səni,
gərək kəsəydim, necə olub kəsməmişəm
Sən – ay səni, mənim yanağımı, alnımı cızdın
kəsməyə imkan vermədiyin uzun dırnaqlarınla
Gündə neçə dəfə oldu,
mən səni yaraladım, sən də məni
Biz də belə sevirik,
Bədənimiz dolu sevginin izlərilə.
Özünəməxsus düşüncə tərzi olan postmodern şeir fenomeni haqqında bəhs edərkən, ilk növbədə ağıla gələn ironiya və parodiyadır. Ənənəvi şeirimizdən fərqli olan bu şeirdə Jürgen Habermasın qeyd etdiyi kimi, postmodern düşüncənin içindəki modernist elementlərin daha şəffaf şəkildə təqdimi özünü büruzə verir.
Azərbaycan poeziyasında vulqar ifadələrdən geniş istifadə etməni, qafiyədən uzaqlaşmağı, kollaj texnikasından istifadə etməni postmodernizmin əlamətləri hesab edənlər də var: Postmodern poetik nümunə yaradanlar ironiya, “mən”in itirilməsi, hibridləşmə, qeyri-müəyyənlik, parçalanma, qaydaların pozulması, “back to the future”, yəni gələcəyə dönüş “anything goes”, yəni hər şey gedir və kimi önəmli postmodern əlamətlərdən birini qələmə aldıqları şeirlərdə tətbiq etməlidilər.
Postmodern poeziya qonşu xalqların ədəbiyyatında da özünü göstərməkdədir. Məsələn, İran ədəbiyyatında Yeni Nimayi (yeni modern və ya postmodern) ədəbi cərəyanı şair Əli Babaçahinin tərəfindən formalaşdırılmışdır. Əli Babaçahi postmodernizm cərəyanının təsiri ilə 90-cı illərdə pəsanimayi, yəni Nimadan sonrakı şeir cərəyanını yaratmağa nail olmuşdur. Bu şeir cərəyanını İran ədəbiyyatında «pəsamodern», «şeir dər vəziyyət-e digər», «şeir-e fəranimayi», «postmodernizm», «pəsamodernite», «pəsanogerayi», «pəsatəcəddod», «mabəd e-təcəddod» «fəranou», «fəramodern» və s. kimi də adlandırılır.

Azərbaycan postmodern dini poeziyası fenomeni

Çağdaş Azərbaycan poeziyasında postmodern üslubda islam poeziyası xüsusi yer tutur. Azərbaycan postmodern islam poeziyasında iki əsas metodoloji yanaşma formalaşması özünü büruzə verir. Bir tərəfdən islamı aksioloji olaraq tam və ya qismən qəbul edən, lakin antoloji baxımdan inkar edən dünyəvi Azərbaycan bədii ədəbiyyatı. Digər tərəfdən isə islamın aksioloji və antoloji dəyərləri əsasında Azərbaycan dini bədii ədəbiyyatın tədricən yeniləşməsi. Əgər dünyəvi Azərbaycan bədii ədəbiyyatı ümumvətəndaş platforması əsasında müxtəlif kateqoriyalar oxucularına yönəlmiş olursa, dini Azərbaycan bədii ədəbiyyatı sırf məhdud sosial dairələrdə təbliğat instrumenti kimi özünü göstərir. Bu baxımdan müasir dini Azərbaycan bədii ədəbiyyatını şərti olaraq «dinə istiqamətlənmiş bədii Azərbaycan ədəbiyyatı» adlandırmaq olar. Bədii və ideoloji baxımdan xüsusi maraq kəsb etməyən üçüncü yanaşmanı da qeyd etmək olar: dini ritorikadan istifadə edilməsi zamanı islam dəyərlərinin qəsdən və ya savadsızlıqdan dəyişdirilməsi. Bu proses özünü daha çox postmodern üslubda qələmə alınmış nəzm nümunələrində göstərmişdir.
Dünyəvi Azərbaycan bədii ədəbiyyatına aid olunan yazarların yaşadıqları həyat tərzlərində və qələmə aldıqları əsərlərində islamın qayda-qanunlarını qəbul etmələrini müşahidə etmək olur. Ancaq onların islam dəyərlərini, dünyagörüşünü qəbul etməmələri də gözdən qaçmır. Bunun əsas səbəblərindən biri də müasir Azərbaycan ədəbiyyatının Şərq ənənələrini daşımaqla yanaşı Qərb dəyərlərin qəbul etməsini göstərmək olar. Müasir Azərbaycan ədəbiyyatı hələ XIX əsrdən başlayaraq, Qərbçilik ideyalarını, ədəbi mövzu və janrları mənimsəyə çalışmışdır. Azərbaycan ədəbiyyatını əhatə etmiş XIX əsrin sonu-XXI əsrin əvvəllərində, həmçinin XX əsrə xas olan Sovet dövründə islam dəyərlərin bədii refleksiyası geniş yayılmağa başlayır, islam dəyərləri qərbə xas prinsiplər prizmasından qəbul edilir. Məsələn, Cəlil Məmmədquluzadənin 1909-cu ildə qələmə aldığı «Ölülər» tragikomediyasında dini fanatizm və cəhalət tənqid edilir. Əsərdə «ölü diriltmək» qabiliyyətnə «malik olmasını» iddia edən Şeyx Nəsrullah obrazı ilə dini aşağılayan fırıldaqçı din xadimləri ifşa edilir. İsmayıl Şıxlının «Dəli Kür» romanında dini mövzuya toxunulsa belə, müəllif bunu bədii vaxt və məkanın təsviri zamanı tarixi mənzərənin tam açıqlamasına yönəlmiş bədii priyom kimi istifadə edir. Romanda din tam islam dini kimi açıqlanmır, lakin təriqət ayinləri geniş təsvir edilir. Təriqət ayinin təsvir vasitəsi ilə Seyid Nigari təriqəti və onun həyata keçirdiyi mərasim haqqında oxucuda geniş təsəvvür yaradılır. 2013-cü ildə nəşr edilmiş Şəmil Sadiqin «OdƏrlər» romanında islamın antoloji dəyəri şübhə altına qoyulur. Komandirin Məhəmmədlə namaza Rəbbin tövsiyə etdiyi dildə – ərəb dilində ibadət etməsi mənzərəsini yazar açıqlaya bilmişdir: «İkisinin də Allahı, peyğəmbəri, inandığı kitab qibləsi eyni idi. Gözlərini səcdədən çəkmirdilər. Səhih hədislərdən birində deyildiyi kimi, namazda xoruz kimi dənləməyi, it kimi çömbəlməyi və tülkü kimi ətrafa boylanmağı rədd edərək (Əhməd və Əbu Yəla) bir olan Tanrıya sidq ilə ibadət edir, ruhlarının paklanmasını Onda tapırdılar. Amma biri cibindəki möhürü yerə qoyaraq alnını ona vurduğu halda, digəri möhürsüz namaz qılırdı. Biri qolları bağlı, o biri isə qolları açıq və yanına salınmış vəziyyətdə qılırdı namazını.»
Azərbaycan romantizminin parlaq nümunəsi olan Hüseyn Cavidin yaradıcılığında islam mövzusu romantizmə xas qərb ənənələrinə uyğun humanistlik prizmasından refleksiya edilir. H. Cavidin «Bisət», «Dəvət», «Hicrət», «Nüsrət» adlanan dörd pərdəyə bölünmüş «Peyğəmbər» pyesi Məhəmməd Peyğəmbərin rəsul seçilməsi anından İslamın yayılması və genişlənməsi dövrlərini əhatə edir. Burada Peyğəmbərin insanlığa sığmayan mənfur əməllərə etirazı romantizmə xas humanistliklə verilmişdir:

Öylə bir əsr içindəyim ki, cihan
Zülmü vəhşətlə qavrulub yanıyor.
Yüz çevirmiş də Tanrıdan insan,
Küfrü haq, cəhli mə’rifət sanıyor.
Dinləməz kimsə qəlbi, vicdanı,
Məhv edən haqlı, məhv olan haqsız...
Başçıdır xalqa bir yığın cani,
Həp münafiq, şərəfsiz, əxlaqsız.
Gülüyor nurə daima zülmət,
Gülüyor fəzlə qarşı fisqü fücur.
Ah, ədalət, hüquq və hürriyyət
Ayaq altında çignənib gediyor.

XX əsrədək Azərbaycan ədəbiyyatında «dinə istiqamətlənmiş» bədii əsərlər özünə məxsus yer tuturdular. İstər şifahi, istərsə də yazılı Azərbaycan ədəbiyyatında «dinə istiqamətlənmiş bədii ədəbiyyat» özünəməxsus janr və formalarda inkişaf etmişdir. Məsələn, Füzulinin Kərbəla vaqiəsinə, İmam Hüseyn müsibətinə həsr olunmuş «Hədiqətüs-süəda» əsəri Azərbaycan ədəbiyyatında məqtəl janrının formalaşmasına təkan vermişdir. Qurani-Kərimdəki Yusif və Züleyxa qissəsindən götürülmüş mövzu əsasında yaradılmış əsərlər xüsusi maraq doğurur. Türk aləmində bu mövzuya ilk dəfə müraciət etmiş Əli adlı şairin «Qisseyi-Yusif» (Yusif dastanı) poeması hicri 609, miladi 1212-ci ildə, XIII-XIV əsrlərdə Azərbaycan dilində meydana gələn ilk yazılı abidələrimizdən olan Mustafa Zəririn «Yusif və Züleyxa» əsəri hicri 768-ci (miladi 1367-ci) ildə nəzmə çəkilmişdi. XV əsr Azərbaycan şairi Əhmədi Təbrizinin «Yusif və Züleyxa» poeması da bu mövzuda dəyərli əsərlərdəndir. Artıq XX əsrin əvvəllərində islam dəyərlərinə böyük dəyər vermiş Əlabbas Mütəllibzadə Müznib «Yusif və Züleyxa» romanını 1913-cü ildə qələmə almışdır.
XX əsr Azərbaycan ədəbiyyatında dini mövzu və dəyərlər tədricən arxa plana keçir. Sovet dövrü zamanı yaradılan əsərlərə sosrealizm önəmli təsir göstərmişdir. «Dinə istiqamətlənmiş bədii ədəbiyyat»a xas janr formalarından tam imtina edilmiş, bədii əsərlərin tematikasında isə dini məsələlərə ya toxunulmur, ya dini faktlar və dəyərlər əsərlərdə ümumi sosial-ictimai fonun yara-dılması üçün istifadə edilir.
XX əsrin sonu-XXI əsrin əvvəllərində Azərbaycan poeziyasında islam tematikasına diqqət artmışdır. Çağdaş Azərbaycan poeziyasında dini mövzulu şeirlərin əksər hissəsini dünyəvi bədii Azərbaycan ədəbiyyatına, az hissəsini isə «dinə istiqamətlənmiş bədii ədəbiyyat»a aid etmək olar. Ramiz Rövşənin «Mən küsüb gedirəm...» şeiri müsəlman amilləri ilə zəngin olsa belə, əsərdə islamın aksioloji məzmununun qəbul edilməməsi müşahidə edilir. Qərbə xas dünyagörüşə üstünlük verilir. Şairin ilk öncə Allaha qarşı daxili üsyanı gözə çarpır:

İlahi, səndən də sındı ürəyim,
Məni küsdürənin yekəsi sənsən.
Dünyanın ən uzaq...ələ gəlməyən,
Boğazdan keçməyən tikəsi sənsən.

Eyni zamanda şair hamının Yaradanın hüzuruna gedəcəyinə, bu dünyada edəcəyi əməllərə görə də cavab verəcəyinə dair sətirlər islamın aksioloji dəyərlərin əhəmiyyətliyini vurğulayır:

Bir ölüm işığı gəzər üstümdə,
Boşluqdan səs gələr: ” Yubanma tez gəl!...
Sənə çoxdandır ki bu yer üzündə
Hər şey maraqsızdı ölümdən özğə”.
İlahi, gəlirəm, eşit səsimi,
Kimsəyə ümid yox, sən ovud məni...
Bu nəhəng boşluğa atdım özümü,
Sənə arxayınam, özün tut məni!

Vaqif Səmədoğlu yaradıcılığında insan taleyinin və bu taleyi dəyişməyə qadir olan yeganə Allah olmasını təbliğ etməsinin şahidi oluruq:

Ay Allah,
al bu qələm,
bu da alnım!
Fikirləş,
tələsmə,
yaxşı bir şey yaz.

Gənc nəslə aid edilən Cavidanın “Elə-belə” şeirində Ulu Yaradanla dialoq isə başqa aspektdə qurulsa belə, Cavidan da islamın aksioloji məzmununu qəbul etmir. Bu şeirdə müəllifin Allahla tale uyğunsuzluqları bunu göstərir:

Allahın
qanının qara çağlarında
açıb əlimdəki
həyat dəftərimi
planlarımı göstərirəm
əvvəl belə edəcəm,
sonra belə olacaq
sonra da belə,
belə,
axırda da bax belə...»

Həmən
dodaqları qaçır,
gözləri gülür,
qapayıb əlindəki
həyat dəftərimi
planlarını gizlədir –
əvvəl belə edəcəksən,
sonra belə olacaq,
sonra da belə.
belə,
axırda da bax belə...»
Vəssalam...

İslamın aksioloji baxımdan qəbul edilməsi və eyni zamanda antoloji baxımdan qəbul edilməməsi bir sıra əsərlərə də xasdır. Məsələn, Nəbi Xəzrinin «Peyğəmbər» lirik-epik poeması, Çingiz Hüseynovun «Əyilmiş fincandan suyu dağılmağa qoymamalı», Şəmil Sadiqin «OdƏrlər», QaraQanın «A», Cavidan Mirzəzadənin «Namə» romanları və s.
Azərbaycan ədəbi ictimaiyyəti tərəfindən islamın aksioloji baxımdan qəbul etmədyini dolayı olaraq dinə və Tanrıya qarşı yazılan əsərlərə dəstək göstərilməsı də sübut edir. Bu fakt Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzərindən qaçmamışdır. Komitənin keçmiş rəhbəri Rafiq Əliyev müsahibəsində belə dəstəyin Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirildiyini, bu qurumun satanistlərin kitablarına mükafat verməsini iddia etmişdir: «Yazıçılar Birliyinin keçirdiyi kitab müsabiqəsində medal alan kitablar siyahısında satanizm ideyasını təbliğ edən əsərlər var. Yazıçılar Birliyinin üzvləri həmin kitablara rəy verirlər. Yazıçılar Birliyinin üzvləri müsabiqə üçün yazılan kitablarda ola bilsin ki, satanizm ideyalarını görmürlər. Çünki yazılan mətnlərin içərisində satanizm ideyaları çox gizli şəkildə qoyulur».
Dini ritorikadan istifadə edilməsi zamanı islam dəyərlərinin dəyişdirilməsinə bədii əsərlərdə yol verilməsinə də xüsusi diqqət yetirilməlidir. Əsasən, gənc yazarlar arasında bu dəyişdirilməyə yol verilir. Nəticədə mətnin dini «xarakter» daşıdığı zamanı, əsərlərin məzmunu islamın əsaslarını kobud şəkildə inkar edir. Bəzən gənc nəsil özünü Allahla, bəzən isə Allah olmaqla eyniləşdirir. Bu cür təqdim etməni Ə. Qaraqaplanın «Səfil-sərgərdan Tanrı» şeirində rast gəlmək olur. Belə ki, Ə. Qaraqaplan insanın təkliyini (daha doğrusu təhnalığını) Allahın tək olmasına bənzədir. Ə. Qaraqaplan özünü Tanrı kimi tək olduğu üçün özünü ona yoldaş olaraq görür. Günel Eyvazlının «Mən torpaq olacağam» şeirindəki Allahlıq iddiasına düşməsi Tanrı kimi bəşərin fövqündə dayanan bir varlıq olmaq istəyidir. Nərmin Kamal «Allahı bağışlama» şeirində Allahın əvəzinə insanı bağışlayan kimi təsvir edilir. Şeirdə Yaradanla yaradılanın yerləri müəllif tərəfindən dəyişdirilir. Aqşin Yeniseyin yaradıcılığında Allah obrazına ironik münasibəti qabarıq şəkildə görmək olur. Belə ki, A. Yenisey «Yaxşı adamlar öldükcə Tanrı da müflisləşəcək» fikri ilə Tanrı anlayışını yaxşı adamlardan ibarət olmasını təbliğ edir. Emin Pir «Allahın zarafatı» şeirində həyatı zarafat kimi qəbul etməklə, Allahın varlığını inkar edir.
Cağdaş Azərbaycan ədəbiyyatında «dinə istiqamətlənmiş» əsərlərdə isə islamın həm aksioloji və həm də antoloji amillərinə diqqət yetirilir. Hacı Yusif Qulammirzə oğlunun «Allahın elçisi» poemasında islamın zühurundan peyğəmbərin vəfatına qədər olan dövrdə baş vermiş hadisələr əksini tapır. Poemada islam dininin ehkam və ayinlərinin aşkarlanmasına cəhdlərlə yanaşı, Həzrəti Məhəmməd peyğəmbərin müqəddəs obrazı açıqlanır. Həzrəti Mühəmmədin dünyaya gəlməsi, uşaqlıq illəri, demək olar ki, həyatını nəzmə çəkərək oxuculara çatdırmışdır. Poemada müəllif peyğəmbərin həyatını bəhs etməklə yanaşı özünün Allaha olan sevgisini də izhar edir:

Hər şeyi Görənsən Bilənsən Allah!
Müstəqim yolunun yolçusuyam mən
Çətinə düşəndə tut qələmimdən.
Bu yolda büdrəyib yıxılsam yerə
Tut mənim əlimdən qaldır göylərə.

Müəllif poemada surələrə uyğun istəklərini də qələmə alır. «Fatir» surəsində buyurduğu kimi Allaha olan inam əksini tapır:

«Allah diləyənə hər şey verəcək.
İstəsə insana yüksək elm verər
Misilsiz gözəllik sahibi edər.
Əta eylədiyi nemətə heç kəs
Durub maneçilik eyliyə bilməz.
Allah bəndəsindən pak söz eşidər
Saleh əməlin də tez qəbul edər».

Dünyəvi Azərbaycan bədii ədəbiyyatı və «dinə istiqamətlənmiş bədii Azərbaycan ədəbiyyat»ı arasında fərqlər tədricən artmaqda, bu da ölkədə vahid bədii məkanın normal fəaliyyətinə təhlükələr yarada bilər. Dünyəvi Azərbaycan bədii ədəbiyyatı tərəfindən islamın yalnız aksioloji amillərinin qəbulu, islama qarşı sətirlər ozündə əks etdirən bədii mətnlərin geniş yayılması, «dinə istiqamətlənmiş bədii Azərbaycan ədəbiyyat»ının dar oxucu dairəsi çərçivəsində yayımı (əsasən, internet vasitəsilə), əcnəbi müəlliflər tərəfindən yazılan dini istiqamətləndirilmiş bədii mətnlərin respublikada yayımı kimi təzahürlər sonda Azərbaycanda bir-biri ilə əlaqəli olmayan iki bədii məkanın formalaşmasına gətirib çıxara bilər: dünyəvi və dini xarakter daşıyan.

İstifadə edilmiş ədəbiyyat:

1. Ağayar Şərif. Səhra məsnəvisi, Bakı: Vektor nəşrlər evi, 2003;
2. Firuzə Məmmədli. İki damla dəniz. Bakı, “Adiloğlu”, 2011;
3. http://www.azadliq.org/content/article/24669055.html;
4. Səmədoğlu Vaqif. Mən burdayam, İlahi. Bakı, 1996.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Salidə ŞƏRİFOVA: “AZƏRBAYCAN POSTMODERN NƏSRİ” - II hissə

Salidə ŞƏRİFOVA: “AZƏRBAYCAN POSTMODERN NƏSRİ” - II hissə

Humanitar elmlər, Elmi Məqalələr
Salidə ŞƏRİFOVA: “AZƏRBAYCAN POSTMODERN NƏSRİ” - I hissə

Salidə ŞƏRİFOVA: “AZƏRBAYCAN POSTMODERN NƏSRİ” - I hissə

Humanitar elmlər, Elmi Məqalələr
“SALİDƏ ŞƏMMƏDQIZININ KİÇİK BƏDİİ NƏSRİ”

“SALİDƏ ŞƏMMƏDQIZININ KİÇİK BƏDİİ NƏSRİ”

Yeni nəşrlər, Humanitar elmlər
Milli və mənəvi dəyərlərmizə sadiq Güləmail Murad

Milli və mənəvi dəyərlərmizə sadiq Güləmail Murad

Humanitar elmlər, Elmi Məqalələr
«MÜASİR AZƏRBAYCAN BƏDİİ ƏDƏBİYYATININ STRUKTUR TƏRKİBİ...»

«MÜASİR AZƏRBAYCAN BƏDİİ ƏDƏBİYYATININ STRUKTUR TƏRKİBİ...»

Humanitar elmlər
HÜSEYN CAVİD: MİLLİ ROMANTİZMİN FƏLSƏFƏSİ VƏ İNSANLIK İDEALININ BƏDİİ MANİF ...

HÜSEYN CAVİD: MİLLİ ROMANTİZMİN FƏLSƏFƏSİ VƏ İNSANLIK İDEALININ BƏDİİ MANİF ...

Elmi Məqalələr, ADPU
Mənzər Niyarlı:

Mənzər Niyarlı: "SALİDƏ ŞƏMMƏDQIZININ (ŞƏRİFOVA) KİÇİK NƏSRİNDƏ BƏDİİ REFL ...

Humanitar elmlər, Elmi Məqalələr, TDPİ-nin Azərbaycan bölməsi
Akademik İsa Həbibbəylinin elmi tədqiqatlarının əsas istiqamətləri (II hiss ...

Akademik İsa Həbibbəylinin elmi tədqiqatlarının əsas istiqamətləri (II hiss ...

Humanitar elmlər, Elmi Məqalələr, "Zirvə"
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Yeni nəşrlər, Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ (2019-cu il materialları əsasında) - II Hİ ...

AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ (2019-cu il materialları əsasında) - II Hİ ...

"SAZLI-SÖZLÜ BORÇALI"
Azərbaycan ədəbiyyatında Nəsimi yaradıcılığının əks olunması və Nəsiminin b ...

Azərbaycan ədəbiyyatında Nəsimi yaradıcılığının əks olunması və Nəsiminin b ...

Humanitar elmlər, Elmi Məqalələr
«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

Humanitar elmlər, Elmi Məqalələr
Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni nəşrlər, Humanitar elmlər, Nəsr
Böyük ədəbiyyatın təmsilçisi

Böyük ədəbiyyatın təmsilçisi

Ədəbi tənqid, Bədii Tərcümə
Elmi tədqiqatlar (2016)

Elmi tədqiqatlar (2016)

Elmi Məqalələr
Əliağa Kürçaylının lirik poemaları

Əliağa Kürçaylının lirik poemaları

Ədəbi tənqid
“İsa Muğanna yaradıcılığı “İdeal” işığında”

“İsa Muğanna yaradıcılığı “İdeal” işığında”

Humanitar elmlər, Elmi Məqalələr
Elida MUXAYEVA: Müsəlmanlara mesaj

Elida MUXAYEVA: Müsəlmanlara mesaj

MEDİA, Tiflis, Köşə yazılar
Salidə Şərifova: «XX əsr Azərbaycan ədəbiyyatı»na baxış

Salidə Şərifova: «XX əsr Azərbaycan ədəbiyyatı»na baxış

Ədəbiyyat, Ədəbiyyatşunaslıq
Salidə Şərifova: Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və t ...

Salidə Şərifova: Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və t ...

Ədəbiyyat, Ədəbiyyatşunaslıq
Rəy yazın: