"TƏRANƏ MƏMMƏD POEZİYASINDA SÖZÜN FƏLSƏFİ RƏNGİ" Humanitar elmlər, Elmi Məqalələr 6 августа 2026 81 100 1 2 3 4 5 Lütviyyə ƏsgərzadəFilologiya elmləri doktoru Təranə Məmməd… Tanıdığım (həm də tanımadığım) gözəl, istedadlı xanım. Vizual olaraq sevdiyim, yaradıcılığını sosial şəbəkələrdə sevə-sevə izlədiyim, bəzən heyrətləndiyim Təranə xanımı tanıyıram, - deyə bilmək üçün onun mənəvi dünyasını əks etdirən dərin düşüncələri kəşf etmək lazımdır.Aydındır ki, hər kəs cəmiyyət içində müəyyən bir obraz qoruyur. Bir insanı sosial mühitdəki obrazı ilə tanımaq çətindir, lakin yaradıcı şəxsin misraları onun əsl kimliyinin güzgüsüdür. Mən də tanıdığım və ya tanıdığımı sandığım Təranə Məmmədi bir də şeirlərindən tanımaq, fəlsəfi düşüncələrini, istedadının rəngini, misralarındakı sehri, ahəngi, ruhunu, ruhunun aid olduğu məkana gedən yolu izləmək, görünməyən (nədənsə mən insanları daha çox Aya bənzədirəm, görünüən və görünməyən, sirli, mübhəm tərəfləri ilə) tərəflərini görmək istəyirəm. Məşhur yazıçı Mark Tvenin dediyi kimi: "Hər kəsin bir Ayı var və hər kəs kimsəyə göstərmədiyi qaranlıq bir tərəfə sahibdir." İnsanlar da Ay kimidir; kənardan parlaq və sakit görünsələr də, daxillərində gizlətdikləri, heç kimə bəlli olmayan kədərləri, sirli tərəfləri olur. Və hər bir şairin poeziyası onun mənəvi dünyasının, incə ruhunun və həyata fəlsəfi baxışının inikasıdır. Məqalədə, Təranə Məmmədin poeziyasındakı dərin fəlsəfi qatı, misralarından süzülən fəlsəfi düşüncələri və istedadının əsas cizgilərini incələməyə çalışacağıq. Kvant nəzəriyyəsinin banisi, Nobel mükafatçısı və görkəmli alman fiziki, modern fizikanın əsasını qoyan Maks Planka görə, "Elm bizi Allaha aparır". Fransa bioloqu, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisi Luis Pasterə görə isə, "Az elm insanı Allahdan uzaqlaşdırır, çox elm isə ona yaxınlaşdırır." Elmi inqilabın və modern elmin əsasını qoyan Galileo Galileyə görə isə, "Təbiət Allahın yazdığı kitabdır." Fikrimizcə, təbiət və mistika ilə ruhsal bağlılığı olan Təranə xanımın poeziyasını oxumaq “Allahın yazdığı kitabı” oxumaqdır, təbiəti dərk etməkdir. Çünki onun poeziyasında gecə, Ay və ulduzlar sadəcə təbiət elementləri deyil, insanın tənha qaldığı anlarda sığındığı ruhani sirdaşlardır. Onun fəlsəfəsində kainatla insan, insan içindəki təbiət və ya təbiət içindəki insan vahid bir bütövdür: "Ay üzün Ayla yarışsa, qalib gələcək,Rəsmini göydəki ulduz çəkəcək..." (“Bu gecə”).Bu misralar ilk baxışdan nə qədər romantik görünsə də, eyni zamanda şairin varlığın sirlərinə, yaradanın aynaları olan təbiətə heyranlıqla baxan mənəvi dünyasını aydınladırır. Bütövlükdə, Təranə Məmmədin şeirləri (“Bu gecə”, “İncimişəm” və) yaradıcılığı lirik duyğulara, həyat fəlsəfəsinə və təbiət gözəlliklərinə həsr olunmuş nümunələrdən ibarətdir. Şeirlərinin təhlili onun poeziyasının fəlsəfi dərinliyini, lirik emosionallığını və gizli sirli dünyasını üzə çıxarmağa imkan verir. Fikrimizi, müəllifin son yaradıcılıq nümunələrindən olan və saf romantizm üzərində qurulan, təbiətin (Ay, ulduz, meh) insan ruhu ilə harmoniyası və insana bəxş etdiyi mənəvi rahatlıq tərənnüm olunan "Bu gecə" şeiri üzərində təhlillə çatdırmağa çalışacayıq. İzləyək: Ay üzün Ayla yarışsa, qalib gələcək,Rəsmini göydəki ulduz çəkəcək,Bir sərin meh əsərək tellərini titrədəcək,Sənə layla çalacaq Ay bu gecə.Nümunə verdiyimiz bu misralar insanın daxili gözəlliyini təbiətin ən ülvi qüvvələrindən üstün tutan romantik-fəlsəfi təhlildir. Müəllif, yarışda “Ay üzü”n qalib gəlməsi və təbiətin bu zərifliyə xidmət etməsini sərin meh və layla motivləri ilə daxili hüzur və mistik harmoniyanı vurğulayır:Səni sonsuz gecədə seyr edəcək,İşığından gözünə pay verəcək,Hüsnünə nəğmə qoşub söz deyəcək.Sənə layla çalacaq Ay bu gecə.Adətən insanlar Ayı heyranlıqla izləyir, gümüşü işığından pay alır. Bu misralarda əksinə, Ayın insana olan heyranlığı və ona bəxş etdiyi sevgi tərənnüm olunur. Bədii şəxsləndirmələrlə (personifikasiya) zəngin olan bu misralarda Ay həm işıq verən, həm də nəğmə qoşan bir bələdçi kimi çıxış edərək, təbiət ilə insan arasında saf, ilahi bir vəhdət yaradır:Yuxuna huri mələklər gələcək,Ay enib al yanağından öpəcək,Səni bihuş eləyib məst edəcək.Sənə layla çalacaq Ay bu gecə.Bəzəyib nur ilə gültək üzünü,Ay özü hüsnünə heyran olacaq.İtirib külli cahanda özünü,Sənə məftun olacaq Ay bu gecə.Buradakı şəxsləndirmə sadəcə şairin şeirin təsir gücünü artırmaq üçün istifadə etdiyi xüusi bir bədii priyom deyil, şeirin süjetini və fəlsəfəsini təşkil edən əsas sütundur. Müəllifin bədii şəxsləndirməni necə sənətkarlıqla etdiyini təhlil etdiyimiz misralarda dörd əsas funksiya üzərindən görə bilərik. 1.Ayın aşiq və qoruyucu" obrazına çevrilməsini izləyək: “Ay enib al yanağından öpəcək" və "Sənə layla çalacaq Ay bu gecə" misralarında Göy cismi olan Ay insaniləşir. O, sevgisini fiziki olaraq göstərən (öpən), qayğıkeşlik göstərn (layla çalan) sadiq bir aşiqə və ya şəfqətli bir anaya çevrilir. Bu zaman oxucu təbiəti uzaq, soyuq bir məkan kimi deyil, onu qucaqlayan, ona dayaq olan canlı bir varlıq kimi hiss edir. 2. “Rəsmini göydəki ulduz çəkəcək" misralarında isə təbiətin "sənətkar" kimi təsvirini izləyirik. Burada ulduzlar səmada təbii işıq saçan planetlər olmaqdan çıxıb, əlində fırça tutan bir rəssam kimi təsəvvür edilir. Və lirik qəhrəmanın gözəlliyinin heyranı olan ulduzlar bu gözəlliyi əbədiləşdirməyə çalışırlar. 3."Hüsnünə nəğmə qoşub söz deyəcək" misrasında isə Ay həm də söz yazan bir şairə, musiqi bəstələyən bəstəkara çevrilir. 3. Şair mehin (külək) "həssas və nəvazişkar" toxunuşuna missiya yükləyir: “Bir sərin meh əsərək tellərini titrədəcək". Meh burada kortəbii bir hava axını deyil, sevgilinin saçlarına toxunmağa çəkinən, zərif, utancaq və diqqətli bir aşiqdir. Mehin hərəkəti - titrəyiş həm saçın, həm də daxili hisslərin titrəməsidir. 4. Təbiətin "heyran oxucu" roludur. Şair burada iki Ayı qarşı-qarşıya qoyur: göydəki Ay və insanın daxili (mənəvi) Ayı - “Ay üzü”. Göydəki real Ay insanın daxili Ayı - “Ay üzü” qarşısında özünün məğlubiyyətini qəbul edir: "Ay üzün Ayla yarışsa, qalib gələcək". Təbiət insan qarşısında baş əyir, onun ilahi gözəlliyini və ruhunun üstünlüyünü təsdiqləyir. Şairin şəxsləndirməsi şeirdəki dramatizmi artırır, şeir statik mənzərə təsvirindən çıxır və dinamik bir teatr səhnəsinə çevrilir. İnsan özünü kainatda tənha hiss etmir, kainatla bütünləşir, Ay, ulduzlar, meh onun dostuna, sirdaşına çevrilir. Oxucu cansız təbiətin belə bu sevgi və hüzur qarşısında necə hərəkətə keçdiyini hiss edir. Təranə Məmmədin “Bu gecə” şeirinin təhlil olunan misraları klassik Şərq lirikası və sufizm motivlərini mistik bir atmosferdə birləşdirir. Huri mələklər, Ayın təması və ruhun trans vəziyyəti obrazları vasitəsilə bəşəri sevgi ilahi müstəviyə qaldırılır. Şeirdəki "ruhun trans vəziyyəti", insanın maddi dünyadan qoparaq tamamilə mənəvi, ilahi və metafizik bir hüzur mərhələsinə keçməsidir. Şərq fəlsəfəsi və təsəvvüf (sufizm) ənənələrində bu vəziyyət ruhun cismanı qəfəsdən azad olub Haqqa və mütləq gözəlliyə qovuşma anı kimi izah edilir:Bəzəyib nur ilə gültək üzünü,Ay özü hüsnünə heyran olacaq.İtirib külli cahanda özünü,Sənə məftun olacaq Ay bu gecə.Şairənin son bənddə istifadə etdiyi rəmzlər üzərindən bu mistik vəziyyəti yenə dörd əsas mərhələdə açmağa çalışacağıq: "Yuxuna huri mələklər gələcək". Bu maddi dünyadan qopma anıdır. Sufizmdə və mistisizmdə yuxu - ruhun bədən asılılığından qismən azad olduğu zamandır. İnsan fiziki olaraq gözlərini yumduqda, qəlbin bəsirət gözü açılır. Buradakı huri və mələklər saf mənəviyyatın rəmzidir. Mələklərin yuxuya gəlişi lirik qəhrəmanın adi insan qatından çıxıb, ali (sakral) bir aləmə qədəm qoyduğunu göstərir. "Ay enib al yanağından öpəcək". Şeirdə şəxsləndirilmiş Ay, sadəcə bir göy cismi deyil, İlahi Nurun (Təcəllinin) yerdəki əksi, Ayın yanaqdan öpməsinin rəmzi mənası isə cismin müqəddəs enerji və nurla möhürlənməsi, ruhun qaranlıqdan, kədərdən təmizlənməsi (arınması) deməkdir. "Səni bihuş eləyib məst edəcək", - misrasında mənəvi sərxoşluq və vəcd mərhələsini izləyirik. Məlumdur ki, klassik poeziyada "Məst" və "Bihuş" kimi ifadələr heç vaxt maddi içki ilə bağlanmır. Bu, "İlahi eşq şərabı" ilə sərxoş olmaqdır. Ruh bu mərhələdə zaman və məkan məfhumunu itirir. Ağlın sərhədləri sınır, yerini tamamilə hissiyyata və daxili nura verir. Özünü kainatın bir parçası kimi hiss edən insan bu sonsuz gözəlliyin qarşısında "bihuş" (heyran) olur. "Sənə layla çalacaq Ay bu gecə", - misralarında laylanın ritmində əbədi hüzur və qovuşmanı izləyirik. Layla ana bətnindəki təhlükəsizlik və hüzur hissini xatırladır. Trans vəziyyətinin son nöqtəsi ruhun daxili xaotik düşüncələrdən xilas olub mütləq sükunətə, yəni mənəvi evinə qayıtmasıdır. Ayın çaldığı layla ruhu bu trans vəziyyətində incitmir, əksinə onu əbədi bir sevgi harmoniyasına qərq edir.Təranə Məmmədin diqqətimi çəkən şeirlərindən biri də “Rəqibim”dir. Şairə bu şeirində dəniz simvolizminin tamamilə fərqli və orijinal bir qatını açır, dəniz lirik qəhrəmanın sevgisi uğrunda yarışdığı canlı bir rəqibə (rəqibəyə) çevrilir. Bunları şeirin iki bəndini bədii və psixoloji cəhətdən təhlil edərək izləyə bilərik:Səni qısqanıram mavi dənizə,Onu məndən artıq sevidiyin üçün.Alışa bilmirəm bu eşqinizə,Dənizi sevgili seçdiyin üçün.Birinci bənddə təbiətə qarşı insani bir qısqanclıq hakımdır. Dənizi şəxsləndirən və rəqib obrazında görən müəllif, burada dənizi cansız bir su kütləsi və ya sadəcə bir mənzərə kimi görmür. Əksinə, dənizin lirik qəhrəmanın sevdiyi insanın qəlbini oğurlayan, onun diqqətini çəkən bir "rəqib" kimi personifikasiyası (şəxsləndirmə) şeirdə psixoloji təzad yaradır. İnsanın başqa bir insana qısqanclığı təbiidir, lakin dəniz kimi nəhəng, cazibədar və sirli bir elementə qısqanması dözülməz bir mənəvi vəziyyətdir. "Alışa bilmirəm bu eşqinizə", - misrası göstərir ki, sevilən şəxsin dənizə olan bağlılığı o qədər dərindir ki, lirik qəhrəman özünü bu sevgi üçbucağında kənarda qalmış hiss edir. Lirik qəhrəman kimi dəniz də onun sevdiyi insansız tənhadır: Bəs niyə onunla deyilsən bu gün?Sənsiz mavi dəniz tənha görünür…Axı baş əyirsən sən ona hər gün,Ürəyin eşqiylə vurur, döyünür.Buradakı "Sənsiz mavi dəniz tənha görünür", - misrası bədii şəxsləndirmənin daxili dərinliyini göstərir. Təkcə insan dəniz üçün darıxmır, dəniz özü də sevgilisiz (o insansız) tənha və kimsəsiz qalıb. Sevilən insanın hər gün dəniz kənarına getməsi, onun dalğalarına tamaşa etməsi "ona baş əymək" və "ürəyin onun eşqiylə döyünməsi" kimi xarakterizə olunur. Bu, dənizə vurğun olan bir insanın (bəlkə də bir dənizçinin, bəlkə də sadəcə ruhən azadlığa aşiq birinin) portretidir. Lirik qəhrəman isə bu mənzərəni kənardan həm kədərlə, həm də heyranlıqla izləyir.Aşağıdakı iki bəndi daxili fəlsəfi və bədii qatları ilə təhlil edək. Birinci bənddə “görüşə qaçmaq istəyən dəniz”in, təbiətin təlaşı və məkanın darlığı, məkan təzadı (genişlik və darlıq diqqəti çəkir:Dəniz adi deyil, bu gün başqadır,Sənin görüşünə qaçmaq istəyir.Bu geniş sahildə dəniz dardadır,Dərdinə bir əlac tapmaq istəyir.Şair dənizin dalğalanmasını adi bir fiziki hadisə kimi deyil, sevgilisinin görüşünə tələsən, bir insanın qaçışı kimi təsvir edir. Şeirdəki məkan təzadı (genişlik və darlıq) - "Bu geniş sahildə dəniz dardadır" - misrası çox dərin bir fəlsəfi paradoksdur. Bu qədər genişlikdə, həm də darlıq var. Sahil nə qədər sonsuz və geniş olsa da, dənizin içindəki dərd, darıxmaq hissi o qədər böyükdür ki, bu nəhəng coğrafiya ona dar gəlir. "Bu, daxili sıxıntı yaşayan, qəfəsə giriftar olmuş (giriftari-qəfəs) insanın "dünyaya sığmamaq" hissinin təbiətə köçürülməsidir." Dəniz öz daxili təlatümünə, dərdinə əlacı yalnız insanda (sevgilidə) tapır. Müəllif təbiəti insana möhtac edir. Bu normaldır, çünki təbiət insana, insan təbiətə möhtacdır.İkinci bənddə isə insan ilə dənizin darıxmaq təzadı diqqət çəkir:Darıxan hər ürək dönür şəm olur,Yandıqca sahibi saralır, solur.Dəniz darıxanda möhtəşəm olur,Çırpınır, çağlayır, boşalır, dolur.Bu bənd şeirin, bütövlükdə müəllif poeziyasının fəlsəfi kulminasiya nöqtəsidir. Şairə insanın darıxması (şəm effekti) ilə dənizin (möhtəşəmlik) darıxmasını qarşı-qarşıya qoyur. İnsan darıxanda içəriyə doğru yanır, əriyir, səssizləşir. Bu səbəbdən insanın darıxması destruktivdir (dağıdıcıdır), onu içəridən yeyib bitirir: "Darıxan hər ürək dönür şəm (şam) olur". İnsandan fərqli olaraq, "Dəniz darıxanda möhtəşəm olur". Dəniz dərdini içinə atmır, səssizcə ərimir. O, üsyankardır, darıxanda coşur, üsyan edir: "Çırpınır, çağlayır, boşalır, dolur". Dəniz sahili döyəcləyərək çırpınır, nərə çəkib çağlayır, yağışla, dalğayla boşalır və yenidən emosiyalarla dolur. Misradakı feillərin ardıcıllığı dənizin (və əslində, insanın şüuraltı) psixoloji vəziyyətini mükəmməl ifadə edir. İnsandan fərqli olaraq, dənizin darıxması destruktiv deyil, yaradıcı və əzəmətlidir. Təranə Məmmədin “Rəqibim” şeirinin kulminasiya və final nöqtəsini təşkil edən aşağıdakı iki bənd, müasir Azərbaycan poeziyasında dəniz simvolizminin, fədakar sevgi konsepsiyasının və fəlsəfi-psixoloji paralelizmin ən bariz ədəbi nümunələrindəndir. Yaradıcılığının fəlsəfi nüvəsini təşkil edən "insan-təbiət vəhdəti" bu misralarda ali mənəvi fədakarlıq (altruizm) müstəvisinə keçid edir. Hər iki bəndin ədəbiyyatşünaslıq üslubunda, struktur və konseptual təhlilinə nəzər salaq və birinci bənddə antropomorfizm və klassik romantizmi paralelləşdirək.Dəniz insan deyil atıb gedəsən,Dənizin bir dünya sevdası vardır.Onu məcnun kimi gərək sevəsənDəniz sularında min ahı vardır.Burada İnsan-Məkan qarşıdurması (bədii antiteza) yaradan müəllif birinci misrada "Dəniz insan deyil atıb gedəsən", - deyərək, insan xislətindəki vəfasızlığı, subyektiv dəyişkənliyi dənizin əzəmətli sadiqliyi və sabitliyi ilə qarşı-qarşıya qoyur (antiteza). İnsan unuda və tərk edə bildiyi halda, dəniz mütləq bir varlıq kimi tərk edilməzdir. "Onu məcnun kimi gərək sevəsən", - misrasında Nizami Gəncəvi və Məhəmməd Füzuli ənənələrindən gələn klassik sufizm və mütləq eşq arxitipinə (Məcnun obrazına) müraciət edilir. Dəniz sadəcə coğrafi obyekt deyil, səhrada Leylini axtaran bəşəri/ilahi aşiq kimi təqdim olunur. Suların ləpələnməsi və fırtınası "min ah" (kədər, inilti) kimi bədii şəxsləndirməyə (antropomorfizm) məruz qalır. Dənizin suları qəlbin daxili sarsıntılarını vizuallaşdıran poetik ekvivalentə çevrilir. İkinci bənd isə başdan-başa psixoloji katarsis və fədakarlıq (altruizm) manifestidir:Bilirəm dənizin əsirisən sən,Xeyir duanızı özüm verirəm.Qovuş sevdiyinə! O dəniz, o sən!Dənizin xətrinə səndən keçirəm,Çünki… mən də onu səntək sevirəm.Lirik "mən"in psixoloji təkamülünü izlədiyimiz son misralar şeirdəki konfliktin çözüm nöqtəsidir. Birinci bəndlərdəki qısqanclıq və rəqabət hissi bəşəri bir anlayışa, xeyir-duaya translyasiya olunur. Lirik qəhrəman sevgilisinin başqa bir nəhəng qüvvəyə, dənizə əsir olduğunu qəbul edir, "Dənizin xətrinə” ondan keçir". Buradakı konseptual "keçid" (fədakarlıq) eşqdə mənəm-mənəmliyin (eqonun) tamamilə məhv edilməsi, yəni fəna mərhələsidir. Aşiq sevdiyinin xoşbəxtliyini öz mülkiyyətçilik hissindən uca tutur. Şeirin son misrası, "Çünki… mən də onu səntək sevirəm", - bədii effekti pik nöqtəyə çatdırır. Lirik qəhrəman rəqibindən (dənizdən) sevgilisini qorumaq üçün ayrılmır; əksinə, rəqibinə aşiq olduğu üçün sevgilisini ona bağışlayır. Bu, subyekt-obyekt münasibətlərinin bir-birinin içində əridiyi nadir poetik sonluqlardan biridir.Ədəbiyyatşünaslıq meyarları baxımından Təranə Məmmədin şeirlərində təbiət elementlərinin (Ay, Dəniz, ulduzlar) təhlili bizə müəllif üslubunun bütöv bir sistem olduğunu göstərir. Məsələn, "Bu gecə"də kosmik romantizm, idilliya və makrokosmik hüzur hakimdir. Ay və ulduzlar insan hüsnünə baş əyən, sadiq, passiv-mühafizəkar qüvvələrdir. "Rəqibim" və "Dəniz darıxanda"da (eksiztensial təlatüm) dəniz aktiv, dinamik və aqressiv (coşqun) tərəfdaşdır. Burada dəniz insanın daxili eqosunu sınayan, onu fədakarlığa və ya üsyana məcbur edən fəlsəfi güzgüdür. Müəllif klassik heca vəzninin poetik imkanlarından (qafiyə və rədif sistemindən) istifadə edərək, modern insanın daxili tənhalığını və təbiətlə barışmaq simfoniyasını uğurla bərpa edir.Onun “İncimişəm” şeiri isə poeziyasının fəlsəfi-didaktik və sosial-psixoloji qütbünü təşkil edir. Əgər “Bu gecə” və “Rəqibim” şeirlərində lirik qəhrəman təbiətin (Ayın, dənizin, ulduzların) epik əzəmətinə sığınıb mənəvi rahatlıq axtarırsa, “İncitmişəm” şeirində o, sosiomədəni mühitin eybəcərlikləri və insanın mənəvi deqradasiyası ilə çılpaq şəkildə qarşı-qarşıya qalır. Şeir fərdin cəmiyyətdəki səmimiyyətsizliyə qarşı eksiztensial etirazı və daxili qırğınlığı üzərində qurulub. Könlüm sızlayır səhərdən,Özüm də bilmirəm nədən,Yalanı doğrudan seçən,Gözlərimdən incimişəm.Şairə fəlsəfi bir paradoks yaradır. İnsan, adətən korluqdan, həqiqəti görə bilməməkdən və ya aldadılmaqdan şikayət edir. Lirik qəhrəman isə əksinə, yalanı doğrudan ayıran, insanların daxili çirkinliklərini bəsirətlə görən gözlərindən inciyir. Bu, "idrakın fəlakəti" motivinin poeziyada bədii inikasıdır. Həqiqəti dərk etmək fərdə xoşbəxtlik deyil, mənəvi əzab gətirir.Tükəndim arada qoyulan fərqdən,İpək seçilməyir nə vaxtdı bezdən,Bu yalan dünyanı hələ vəsf edən,Sözlərimdən incimişəm.“İpək seçilməyir nə vaxtdı bezdən”- misrası klassik Azərbaycan fəlsəfi poeziya müstəvisindən və atalar sözü gələn sosial bədii təzaddır. İpək (alicənablıq, zəriflik, mənəviyyat) ilə bez (bayağılıq, primitivlik, saxtakarlıq) eyni tərəziyə qoyulub. Bu, cəmiyyətdə keyfiyyət və mənəviyyat iyerarxiyasının dağılmasına poetik üsyandır. İkinci bəndin son iki misrasında şairə bədii sözün funksiyasını sorğulayır. Dünyanın yalan olduğunu bilə-bilə onu sənət müstəvisində estetikləşdirən, gözəlləşdirən “sözlərindən” inciyir. Bu, sənətkarın öz yaradıcılığı qarşısında keçirdiyi psixoloji katarsis və səmimiyyət hesabatıdır. Yoruldum haqqımı sübut etəməkdən,Tükəndim mən oda su çiləməkdən,Gecələr yuxumu hey ərşə çəkən,Xəyallardan incimişəm.Bənddə eksiztensial yorğunluq, xəyal qırıqlığı, fədakarlığın tükənməsi (bədii metafora) hakimdir. Buradakı “Oda su çiləmək”, - ifadəsi xalq frazeologiyasından gələn güclü bir metaforadır. Lirik qəhrəman ətrafındakı münaqişələri, haqsızlıqları və daxili aləmindəki yanğınları söndürmək üçün daim birtərəfli fədakarlıq etdiyini etiraf edir. “Yoruldum” və “tükəndim” feillərinin anaforik ardıcıllığı insanın mənəvi dözüm sərhədinin aşılmasını göstərir. “Bu gecə” şeirində gecə lirik qəhrəman üçün hüzur, trans və sığınacaq məkanı idisə, burada gecə “yuxunun ərşə çəkildiyi” əzab mühitinə çevrilir. İnsanı incidən xarici amillər deyil, daxildən gələn, reallaşmayan “xəyallardır”.Göz yaşım süzülür üzümə dən-dən,Küsmüşəm yenə də özüm- özümdən,Məni sevməyəni dəlitək sevən,Ürəyimdən incimişəm... “İncimişəm” şeirinin bu son iki bəndi əsərin lirik və fəlsəfi dramını katarsis (mənəvi təmizlənmə) nöqtəsinə çatdırır. Müəllif əvvəlki bəndlərdə xarici dünyaya (yalanlara, dəyərlərin itməsinə) qarşı etiraz edirdisə, burada tənqid oxlarını tamamilə öz daxilinə, subyektiv hisslərinə yönəldir. Bütövlükdə, dördüncü bənd: özünəqayıdış və "dəli eşq" paradoksudur, deyə bilərik. “Özündən küsən” lirik “mən” başqalarını günahlandırmaq mərhələsini keçib, o, artıq bütün daxili sarsıntıların səbəbkarı kimi öz saf, lakin idarəolunmaz hisslərini görür. Şairin “Məni sevməyəni dəlitək sevən / Ürəyimdən incimişəm” - misraları “Rəqibim” şeirindəki fədakar, Məcnunsayağı sevgi konsepsiyasının arxa tərəfidir. Bu dəli sevgi xeyir-dua verəcək qədər alidirsə, real həyat zəminində (gündüzün gerçəkliyində) bu birtərəfli eşq insana sadəcə göz yaşı (“üzümə dən-dən süzülən”) və peşmançılıq gətirir. Ürək ağla tabe olmadığı üçün inciklik obyektinə çevrilir.Təranə xanım Məmməd yaradıcılığındakı dərinlik təsadüfi deyil, çünki bu fundamental yanaşma onun elmi potensialı ilə poetik istedadının vəhdətindən qaynaqlanır. Onun ədəbiyyatımızda tutduğu mövqe onun həyat trayektoriyasının, intellektual bazasının və bədii fəhminin kəsişməsində formalaşan spesifik sənətkar profili ilə xarakterizə olunur: Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin məzunu olan müəllif, klassik Şərq poeziyasının təsəvvüf (sufizm) rəmzlərini müasir Azərbaycan şeirinə uğurla transformasiya edir. Onun şeirlərindəki Ay, Dəniz, “külli cahanda özünü itirmək” (fəna), Məcnunluq rəmzləri sadəcə bəzək deyil, fəlsəfi alt qatın sütunlarıdır. O, klassik divan poeziyasının ruhunu modern insanın tənhalığı ilə sintez edir. Azərbaycan ədəbiyyatı tarixində hərbi sistemdən, xüsusən də ehtiyatda olan polkovnik-leytenant rütbəli qadın zabit tərəfindən bu qədər zərif, lirik və fəlsəfi poeziyanın yaradılması nadir hadisələrdəndir. “İncimişəm” şeirindəki dəyərlərin qarışması motivi, onun cəmiyyətdə baş verən sosiomədəni dəyişikliklərə həssas bir sosioloq-şair kimi yanaşdığını göstərir. Müəllif “Rəqibim” şeirinin finalında gördüyümüz kimi (“Dənizin xətrinə səndən keçirəm”), Azərbaycan sevgi lirikasında mülkiyyətçi aşiq obrazından imtina edərək, sevgini azadlıq və fədakarlıq müstəvisinə qaldırır. Bu, müasir poeziyada humanizmin ən uca formalarından biridir.Hər bir sözün öz fəsli, öz sədası və özünəməxsus bir rəngi var. Bəzi sözlər yalnız anlıq duyğuları rəngləyir, bəziləri isə zamanın divarına əbədi naxışlar vurur. Müasir Azərbaycan ədəbiyyatında öz dəsti-xətti və səmimiyyəti ilə seçilən Təranə Məmmədin misralarına toxunanda isə oxucu tam fərqli bir palitra ilə qarşılaşır. Onun poeziyası sadəcə qafiyələnmiş sətirlər deyil, sözün fəlsəfi rəngidir. Şairə hər bir şeirində insan varlığını və ruhun gizli qatlarını araşdıran bir təfəkkür pəncərəsi açır. Onun "İncimişəm" şeiri fəlsəfi kədərin və real dünya ilə mənəvi dünya arasındakı toqquşmanın bariz nümunəsi, haqqın və həqiqətin axtarışına yönəlmiş dərin fəlsəfi bir baxışdır."Şairənin yaradıcılığında kədər nə qədər dərindirsə, kainatın estetik gözəlliyinə, təbiətin və insanın ilahi vəhdətinə olan heyranlıq da bir o qədər fəlsəfidir. O, 'Bu gecə' şeirində olduğu kimi, oxucusunu kainatın sirləri ilə baş-başa qoyur. Müəllif üçün söz sadəcə bir vasitə deyil, mənəvi və müqəddəs bir sığınacaqdır; o, sözlərlə şəkil çəkir, rənglərlə düşünür. Oxucu onun şeirlərində yalnız şairənin səsini deyil, həm də öz daxili dünyasının əks-sədasını eşidir.Son naxış olaraq demək olar ki, Təranə Məmməd poeziyası müasir oxucuya səs-küylü dünyada bir anlıq dayanıb düşünmək, ruhun səssizliyini dinləmək şansı verir. Sözün fəlsəfi rəngini duya bilən hər bir kəs üçün bu poeziya ömür yolunda sadiq bir bələdçiyə çevrilir.Bu məqamda yazımızı yekunlaşdırır, dəyərli Təranə xanım Məmmədə yaradıcılıq yolunda yeni-yui uğurlar və bitib-tükənməz ilham diləyirik."ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.