Lütviyyə Əsgərzadə: "SÖZÜN ƏBƏDİYYƏT ZƏFƏRİ: ALLAHVERDİ AQİL POEZIYASININ FƏLSƏFİ VƏHDƏTİ" Humanitar elmlər, Elmi Məqalələr 19 сентября 2026 10 0 1 2 3 4 5 Lütviyyə ƏsgərzadəFilologiya elmləri doktoruSÖZÜN ƏBƏDİYYƏT ZƏFƏRİ: ALLAHVERDİ AQİL POEZIYASININ FƏLSƏFİ VƏHDƏTİMilli ədəbiyyatımızın və poeziyamızın ən böyük gücü, onun insanın daxili dünyasına, tale sınaqlarına və Yaradanla olan gizli dialoquna ayna tuta bilməsindədir. Hər bir dövrün bədii söz sənəti, oxucusunu sadəcə estetik gözəlliklərlə qidalandırmır, həm də onu varlığın dərin qatlarında fəlsəfi bir yolçuluğa çıxarır. Müasir Azərbaycan poeziyasında bu mənəvi hesabatı, insan ruhunun enişli-yoxuşlu cığırlarını ən orijinal və təsirli şəkildə ifadə edən imzalardan biri də Naxçıvan ədəbi-ictimai mühitinin yetirməsi şair, publisist Allahverdi Aqildir.Çoxillik fəaliyyəti Naxçıvanın əsas mətbuat orqanı olan, neçə-neçə qələm sahibinə yaradıcılıq məktəbi rolunu oynamış “Şərq qapısı” qəzeti ilə sıx bağlıdır. Uzun illər bu qəzetin redaksiyasında çalışan Allahverdi Əsgərov həyatın nəbzini mətbuatın qaynar süzgəcindən keçirən mətbuat veteranıdır. Oxucuların daha çox Allahverdi Aqil imzası ilə tanıdığı şair, həm də bir jurnalist kimi cəmiyyətin ağrı-acılarını, reallıqlarını sətirlərə köçürmüş, lirik misralara çevirmişdir. Onun poeziyası sadəcə qafiyə düzümü deyil, mətbuatın oyaq, həyatın isə sınaqlarla dolu yollarından keçmiş bütöv bir ömrün sətir-sətir vərəqlənən səmimi salnaməsidir.Müəllifin poetik dünyası, ilk baxışda sadə görünən, lakin daxilinə boylandıqca oxucunu böyük bir bəşəri və metafizik suallarla baş-başa qoyan misraların vəhdətindən ibarətdir. Allahverdi Aqilin yaradıcılığında tale, insanın ömür yolu və dəyərlərə sədaqət anlayışı sıradan bir mövzu deyil, ruhun təmizlənmə (katarsis) prosesidir. Bu yazımızda, şairin insan idrakını ucalığa səsləyən, çətinliklər qarşısında sınmayan mənəvi iradəni tərənnüm edən fəlsəfi dördlüyünün işığında, poeziyanın insan həyatındakı o qırılmayan bağlarına nəzər salacağıq.Ayır, yanlışından ayır düzünü, Sevincin öz ünü, dərdin öz ünü. Çəkməyə nə var ki, dərdin özünü, Mən dərdin dərdini çəkirəm, adam.Həqiqi sənətkarı cəmiyyətdən, sıravi insanlardan fərqləndirən əsas cəhət də məhz budur, hamının gördüyü dərdi çəkmək deyil, o dərdin mahiyyətinə varmaq, onun özünün - "dərdin dərdini" çəkməkdir. “Dərdin dərdi”ni çəkən Allahverdi Aqil yaradıcılığının ana xəttini Yaradan və yaradılan arasındakı gizli, müqəddəs bağ təşkil edir. O, dünyanı təkcə maddi varlıq kimi deyil, böyük bir ilahi nizamın təzahürü kimi qəbul edir: “İLAHİ, nəfəs alıb- / verdiyin Ana, şükür. / Yaşatdığın bir belə / vaxta-zamana şükür”. Misralarda ifadə olunan "şükür" hissi insanın kainatdakı yerini, zamanın müvəqqətiliyini, hər nəfəsin, əslində, bir lütf olduğunu dərk edən arif bir insanın səsidir. Şair bu fəlsəfi düşüncələr, sınaqlar və şükranlıqlarla dolu ömür dastanını öz xarakterinə yaraşan bir tərzdə davam etdirir:Şükür, yaşatdın yaz da, Gördüm bürkü, ayaz da. Bir az yorğun, bir az da xəstəhal cana şükür. Misralardakı "yaz", "bürkü" (yay) və "ayaz" (qış) insan ömrünün mərhələləridir. Şair ömrün payızında gələn yorğunluğu, xəstəliyi bir üsyan subyekti kimi görmür; ağrını da yaşamağın bir sübutu kimi qəbul edib "xəstəhal cana şükür" deyir. Yoxluq yerdə var verdin, Bəhər verdin, bar verdin. Yarıcandım, yar verdin- Verdiyin Ona şükür.İnsanın heçlikdən, yoxluqdan yaradılması böyük bir ilahi lütfdür, lakin lirik qəhrəman üçün bu dünyadakı ən böyük "bar" və təsəlli onun yarımçıqlığını tamamlayan "Yar"dır. Şair bu fəlsəfəni öz vicdanı qarşısında verdiyi hesabatla nöqtələyir: “Vardığım uca bir dağ,Üzülmədi sənlə bağ.Alnı açıq, üzü ağOlacaq sona şükür”. Onun qələmindən çıxan bu misralar insan ruhuna toxunan, çox dərin bəşəri və fəlsəfi duyğuları əks etdirir.. Burada şair “Vardığım uca bir dağ” ifadəsi ilə insanın ömür yolunu, mənəvi ucalıq axtarışını "uca bir dağ" metaforası ilə ifadə edir. Bu dağ həm çətinliklərlə dolu bir həyat nərdivanı, həm də insanın öz mənəviyyatında, elmində və ya yaradıcılığında çatmaq istədiyi ən ali nöqtədir. Zirvəyə çatmaq böyük iradə və səbr tələb edir. "Üzülmədi sənlə bağ" ifadəsindəki "bağ" insanın öz kökünə, sevdiklərinə, inancına, onu ucaldan dəyərlərə və ya Yaradana olan görünməz mənəvi bağlılığıdır. Həyatın bütün fırtınalarına, uca dağların gətirdiyi çətin sınaqlara baxmayaraq, o müqəddəs bağın qırılmaması, insanın öz özəyinə və mənəviyyatına sadiq qalmasının ən böyük sübutudur. "Alnı açıq, üzü ağ" olmaq, yəni təmiz vicdanla yaşamaq bir insanın bu dünyada qazana biləcəyi ən böyük sərvətdir. Şair vurğulayır ki, ömür yolunun və ya çəkilən hər hansı bir böyük zəhmətin sonu təmizliklə, şərəflə bitirsə, bu, Yaradana edilən ən böyük şükür səbəbidir. Hər bir çətinliyin sonundakı daxili dincliyin tərənnümüdür.Allahverdi Aqilin poetik dünyasında heç bir ağrı əbədi deyil. Onun "Gedəcək" şeiri insanın müvəqqəti varlığını, zamanın axarını və qaçılmaz qisməti fəlsəfi-lirik müstəvidə əks etdirir. Şairin misralarında fiziki ayrılıq və ya məkan dəyişikliyi deyil, ruhun geri dönməz hərəkəti təsvir olunur. Hər bir an və qəm karvanı öz axarı ilə mənzilə doğru irəliləyir. Müəllif hicran motivlərini qəbul edərək taleyin yazısını müdrikliklə qarşılayır. Zamanın hər şeyi öz axarına salan mütləq gücünə inanan şair "Gedəcək" şeirində insanı ümidsizliyin qaranlığında tənha buraxmır, daxili dünyası sarsılan oxucuya ən doğma sığalı elə insanın öz "könlündə" axtarır. Bu baxımdan şeirin növbəti misraları mənəvi bir təsəlli, ruhun katarsis (arınma) anıdır:Könül, dərdi dərd eləyibüzülmə, bu da gedəcək.Sirr kimi de axar çayaarınsın, suda gedəcək.Müəllif burada Şərq fəlsəfəsinin məşhur "bu da keçər" müdrikliyini xalq inanclarından gələn estetik bir rəmzlə, dərdi suya danışmaq adəti ilə, birləşdirir. Axar su həm zamanın keçiciliyidir, həm də ruhun təmizlənməsidir. İnsana öz daxili acılarını böyütməməyi, onları təbiətin və zamanın sonsuz axınına buraxmağı tövsiyə edən Allahverdi Aqil poeziyasının sehri də elə bundadır. O, ən ağır kədərin içindən belə insanı arındıracaq, ruhunu təmizləyib aparacaq bir ümid işığı tapmağı bacarır.Bu bəndin nüvəsini dünyanın ən qədim fəlsəfi həqiqətlərindən biri olan "hər şey keçicidir" tezisi təşkil edir. Dərdi axar suya demək, Azərbaycan xalq təfəkküründən süzülüb gələn mənəvi boşalma, təmizlənmə (katarsis) üsuludur. Müəllif bu keçiciliyi mənəvi bir xəbərdarlıqla dərinləşdirir:Ümid itsə sabahlara, Yiyə durulmaz ahlara. Savab azsa günahlara qarışıb o da gedəcək.Sevgi qəlbə qəfil dolur, Yaxır canı, heydən salır. Sona İlahi EŞQ qalır, Sevdalar dada gedəcək. “Gedəcək” sadəcə bir ayrılıq şeiri deyil, insan mənəviyyatının, təmizliyinin zamanın axınında necə əriyib gedə biləcəyinin poetik və sarsıdıcı diaqnozudur. Gedəcək" şeirindəki misralar daxili dünyamızın ən böyük qorxusunu üzə çıxarır: "Savab azsa günahlara / qarışıb o da gedəcək." Allahverdi Aqilin poeziyasında insan mənəviyyatının aşınması və ruhun tənhalığı xüsusi bir dramatikliklə işlənir. Müəllifin fəlsəfi təfəkkürünə görə, insanı ayaqda saxlayan yeganə qüvvə sabahlara olan ümiddir. O, xəbərdarlıq edir ki, əgər insan öz yaxşılıqlarını qorumasa, ətrafını saran günah dənizi o kiçik savabları da udub yox edəcək. Dünyəvi sevdalar nə qədər güclü olsa da, zamanın axarında öz dadını itirə bilir; əbədi və sarsılmaz olan yeganə duyğu məhz İlahi EŞQdir. Vəfa, ilqar və alın yazısı kəsişməsində şair xatırladır ki, qədərdə yoxdursa, hər bir sevgi bir gün "yada" qoşulub gedəcəkdir. Şair "Gedəcək" şeirini insanın bu dünyadakı yaşam düsturu ilə tamamlayır:Yaşı da yandırar quru, Toz düşər bulanar duru. Çözməsən yaşam düsturun, Ömür-gün bada gedəcək. Allahverdi Aqil poeziyasının fəlsəfi mənzərəsi onun "Çəkilirəm göy üzünə" şeirində özünün ən mistik mərhələsinə çatır. Şair bu sətirlərdə materializmdən və cismani varlıqdan imtina edərək sufi fəlsəfəsindəki "heçlik" məqamına ucalır:Bu gördüyün mən deyiləm, Məkansız bir ruham daha. Nə yerdə qərar tuturam, Nə də göydə, yoxam daha. Allahverdi Aqilin fəlsəfi dühası onun "Gedəcək" şeirində insanı sadəcə təsəlli ilə ovutmur, həm də onu varlığın ən ağır ekzistensial sualları ilə üz-üzə qoyur. Müəllif insanın cismani dünyadan qopub tamamilə ruhani bir aləmə keçişini bu sarsıdıcı dördlüklə ifadə edir: Bu gördüyün mən deyiləm,Məkansız bir ruham daha.Nə yerdə qərar tuturam, Nə də göydə, yoxam daha.Şair burada insan ruhunun məkansızlığını və dünyəvi bağlardan tamamilə azad olmasını tərənnüm edir. Yaşanan ağrılar, daxili sınaqlar insanı elə bir həddə çatdırır ki, o, artıq görünən cismi ilə vidalaşır. "Nə yerdə qərar tuturam, nə də göydə", - deyən şair, əslində maddi aləmlə bütün körpüləri yandırdığını bəyan edir: "Bu gördüyün mən deyiləm". Müəllif, oxucuya fiziki bədənin sadəcə müvəqqəti bir qəfəs olduğunu xatırladır. Ruhun bu məkansız ucalığa yetişməsi asan başa gəlməyib; bu, yer üzünün amansız ağrılarından keçən bir dözümün yekunudur:Ta ürəyi daş olmuşam, Halıma çaş-baş qalmışam. Dərd ilə qardaş olmuşam, Qəm əlində yaxam daha.Nə ölüyəm, nə də diri, Düyündü ömrün kəndiri. "Ürəyi daş olmaq" burada qəddarlıq deyil, dünyadakı haqsızlıqlara qarşı ruhun qazandığı sarsılmaz müdafiə sipəridir. Müəllif burada insanı sadəcə bir duyğu ilə məhdudlaşdırmır. Misralarda daxilində eyni anda həm fağırlığı, həm zalımlığı, həm sevinci, həm də pərişanlığı daşıyan bəşər övladının daxili mənzərəsini təsvir edən şair, eyni zamanda dərdin ağırlığından donan, ömrün düyümlərində sıxılan və daxili ziddiyyətlərin burulğanında parçalanan insanın fəlsəfi etirafını ortaya qoyur:Nə ölüyəm, nə də diri,Düyündü ömrün kəndiri...Elə qalanıb təndirim Kütə dönür yuxam daha. "Nə ölüyəm, nə də diri" ifadəsi insanın fiziki olaraq var olduğu, lakin ruhən bu dünyadan qopduğu o keçid məqamının bədii formulasıdır. Şair daxilindəki mənəvi ağrını qalanmış təndirə bənzədir; bu təndirin odu o qədər gurdur ki, onun içinə yapışdırılan ömür yuxası "kütə dönür" (yanaraq təndirin dibinə düşür). Ömrün kəndirinin düyünə düşdüyü, arzuların isə daxili atəşdə "kütə" döndüyü bu məqam, əslində təslimiyyət deyil, insanın öz gerçəkliyi ilə ən səmimi, ən ağrılı üzləşməsidir. Şair öz daxili "mən"indəki təzadları - fağırlığı və zalımlığı etiraf edərək fərdilikdən çıxıb bəşəriliyə ucalır: Bitmir bəxtlə qeylü-qalım, Gah pərişan, gah şən halım. Həm fağıram, həm də da zalım, Bir deyiləm, çoxam daha. Bu, sıradan bir yoxluq deyil, ruhun ən ali, ən təmiz məqama ucalmasının poetik təsviridir. Yaşanan sınaqların insan ruhunu necə şaxələndirdiyinin, onu öz daxilində böyük bir izdihama çevirdiyinin poetik sübutudur. Dünyadan köçməzdən əvvəl dünyəvi olan hər şeydən imtina edən, daxili azadlığını məkansızlıqda tapan insanın fəlsəfi manifestidir. Şair, yer üzü ilə bütün bağlarını qopararaq geriyə dönüşü olmayan səfərini möhtəşəm bir final akkordu ilə tamamlayır. Taleyin amansız qanunauyğunluğunu və ruhun geri dönməz köçünü heyrətamiz bir poetik dillə yekunlaşdırır: Yön almışam nişangaha, Yaydan çıxan oxam daha.Görünməsəm ta gözünə,Haray qopar, döy dizinə.Çəkilirəm göyüzünə,Ulduz kimi axam daha. Müəllif burada "yaydan çıxan ox" bənzətməsi ilə geriyə heç bir addımın olmadığını, son mənzilə doğru böyük bir sürətlə hərəkət etdiyini bəyan edir. Dünyanın “ucuz gümanları” və “bahalı ümidləri” artıq geridə qalmışdır. "Göy üzünə çəkilmək" isə ruhun bu fani torpaqdan tamamilə azad olub, öz əbədi məkanına, ulduzların işıqlı dünyasına qovuşmasıdır. Allahverdi Aqil bu möhtəşəm finalla sübut edir ki, insanın bu dünyadan "gedişi" sadəcə bir yoxluq deyil, göy üzündə əbədi bir işıq izinə, axan ulduza çevrilmək qədər ali və müqəddəs bir köçdür. Qeyd edək ki, buradakı "Yaydan çıxan ox" və "axan uduz" şairin sənətkar və insan taleyinin ən güclü rəmzləridir. O, yer üzünün xırda çəkişmələrindən, ömrün amansız sınaqlarından keçərək saflıq rəmzi olan Göy üzünə doğru hədəflənmiş bir nur parçasına çevrilir.Allahverdi Aqil "Sonumuz Bir Ah Olacaq" şeirində isə sanki yaşamın fanilik ssenarisini yazır:Ömrümüzə sirr əkirik, Biləni Allah olacaq.Dəm çəkirik, qəm çəkirik,Sonumuz bir Ah olacaq.Şair insanın yer üzündəki həyatını "sirr əkmək" kimi xarakterizə edir. Hər bir insan öz ömrünü yaşayarkən əslində öz gizli taleyini, daxili suallarını cücərir ki, bunun da son batin həqiqətini yalnız Yaradan bilir. Buradakı "dəm" və "qəm" təzadı isə insan ömrünün keflə kədərin, şadlıqla (dəm) ağrının (qəm) növbələşməsidir. Lakin bu ziddiyyətli axının yekunu birdir: bütün dünyəvi iddiaların sonu sadəcə fani bir "Ah" nidasına çevrilərək yox olmaqdır (heçlik). Şeirin növbəti bəndində şair bəşəriyyətin ortaq yaddaşına, cənnətdən qovulma hadisəsinə müraciət edir. İnsanın yer üzündəki varlığını ilk gündən bir sürgün olaraq görən (haqlı) müəllif, sanki visual olaraq oxucusuna dərgahdan qovulma və Tanrısından cəza alan insanın ilk günahın genetikasını (Adəm və Həvva mifi - İlahi yaddaş) izlədir:Bizik dərgahdan qovulan, Tanrısından cəza alan.Yol azdırdı bizə ilan, Bilmədik günah olacaq.Buradakı ilan (şər qüvvə, nəfs) tərəfindən yolun azdırılması, insanın günah qarşısındakı sadəlövhlüyünü və zəifliyini göstərir. Müəllif yer üzündəki bütün bəlaların kökünü bu ilkin metafizik qırılmaya bağlayır:Ərşdə qaldı məleykələr,Gəlib yerdə gördük nələr...Biz bilməzdik gecə gələr, Bilməzdik sabah olacaq.Misralarda zamanın və məkanın amansızlığı və məsumluqdan zülmətə keçiş, zamanın qəfil tələsi təsvir olunur. Göy üzünün (ərşin) müqəddəs və pak məleykələri yuxarıda qaldığı halda, insan aşağıya, yerin amansız reallığına buraxılmışdır. "Gəlib yerdə gördük nələr" misrası insanın dünyəvi zülm, ədalətsizlik və kədərlə ilk sarsıdıcı qarşılaşmasının ifadəsidir.İnsan cənnət asudəliyində zamanın fərqində deyildi. Yerdə isə insanı sıxan qaranlıqlar (gecə) və hər gün yeni qayğılar gətirən gələcək (sabah) var. Cavidan bir sükutdan zamana məhkum olmağın ağrısıdır bu....Dünən günahim bir idi, Min olub hələ diridi.Bu dünya cəza yeridi, Çətin ki, islah olacaq.Buradakı “günahın çoxalması” ifadəsində “Zaman keçdikcə bəşəriyyətin günah yükünün azalmadığı, həndəsi silsilə ilə artdığı ("min olub hələ diridi"), dünən işlənən bir günahın hələ də diri qalması, günü - gündən artıb çoxalmasına münasibəti maraqlıdır: “Bu dünya cəza yeridi, / Çətin ki, islah olacaq". Anlamağa çalışıram, bu, şairin təəccübüdür, yoxsa təəssüfü? Şair isə ən böyük fəlsəfi diaqnozu qoyur: “Bu dünya bir mükafat və ya rahatlıq məkanı deyil, ora ruhların cəza çəkdiyi sürgün yeridir”. Şairin fəlsəfi dühasının zirvəsi olan "Bu dünya cəza yeridir", - ifadəsi ruhumuzun bu fani torpaqdakı böyük sürgününü heyrətamiz bir səmimiyyətlə ifşa edir.Müəllif burada insan ömrünü cənnətdən qovulmuş, dərgahdan uzaq düşmüş bir ruhun yer üzündəki mənəvi cəzası kimi mənalandırır. Bizlər yerə enəndə zamanın və məkanın tələsinə düşdük, günahlarımızın sayı birdən minə çoxaldı. Şair oxucuya çox acı, həm də müdrik bir həqiqəti pıçıldayır: bu dünya bir islahxana deyil, bura ruhların əzab çəkdiyi bir cəza meydanıdır. Allahverdi Aqil bəşər övladının dünyəvi iddialarını bir misra ilə darmadağın edir və xatırladır ki, yer üzündə nə qədər "dəm və qəm" çəksək də, bu böyük ssenarinin yekunu sadəcə fani bir "Ah"dan ibarətdir. Və ən acınacaqlısı odur ki, bu dünya heç vaxt düzəlməyəcək, "islah" olmayacaq. Dünyanın bu xaosunu qəbul etmək, müdrik bir təslimiyyətin və böyük bir publisistik kədərin ifadəsidir.Allahverdi Aqil poeziyası insanı sadəcə bu dünyanın keçici dərdləri ilə baş-başa buraxmır, həm də onu bəşəriyyətin ilkin yaradılış fəlsəfəsinə, böyük metafizik suallara doğru çəkir. Allahverdi Aqil poeziyasının fəlsəfi dərinliyi onun lirik duyğuları müqəddəs bir məqama ucaltmasında gizlənir. Onun yaradıcılığının ən ovsunlu tərəfi lirik hissləri dünyəvi çərçivədən çıxarıb müqəddəs bir inanc səviyyəsinə qaldıra bilməsindədir. Şairin sşğıdakı bu misralarında, həsrət sadəcə bir ayrılıq deyil, ruhun öz ilahi pənahını axtarmasıdır. Onun ruhu sığallayan "Ay günahım, hardasan?" şeirinə nəzər salaq:"Hardasan güman yerim,Son pənahım, hardasan?Küsgünəm, uman yerim,Könül şahım, hardasan?"Şair dünyadan və insanlardan küsdüyü, mənəvi tənhalığa qovuşduğu an müraciət edəcəyi tək bir varlığı, "güman yerini", “son pənahını” axtarır. Burada sevgili, sadəcə bir insan deyil, ruhun sığındığı "son pənahdır." Könlün şahına edilən bu nidalar, ruhun dünyadan incik düşdüyünü ("küsgünəm"), lakin hələ də qarşı tərəfdən nəsə gözlədiyini ("uman yerim") göstərir:"Olma belə ağrıdan,Qıyma qalım bağrı qan,Çat- çat olan bağrımdanQopan ahım, hardasan?" Bəzən kədər insan daxilində elə bir nöqtəyə çatır ki, o, fiziki olaraq hiss edilməyə başlayır: "bağrı qan olmaq", "bağrın çat-çat olması" kimi. Şair daxilindən qopan hər bir ahın, əslində sevgilidən bir parça olduğunu və həmin ahın öz sahibini axtardığını metaforik bir dillə ifadə edir.Şeir, sadəcə bir həsrət nəğməsi deyil, insan daxilindəki gizli səcdəgahın axtarışıdır. Müəllif “Ay günahim, hardasan?” şeirində sevgini insanı Yaradana bağlayan mənəvi bir körpü kimi təqdim edir: Sevmək sayılar savab,Ay günahım, hardasan?...Ocaq-pirim bildiyim-Səcdəgahım, hardasan?Müəllif burada müraciət etdiyi müqəddəs varlığı "ocaq", "pir" və "səcdəgah" adlandıraraq sevgini və bağlılığı bəşəri duyğuların fövqünə ucaldır. Çat-çat olan bağırdan qopan hər bir ah, əslində sükutun içində itən ruhun öz sahibinə, "könül şahına" doğru etdiyi bir mənəvi hicrət, gizli bir ibadətdir. Şair oxucuya pıçıldayır ki, dünyadan incik düşən ruhun tək bir "güman yeri" və son pənahı var; o pənah isə insanın daxilində qurduğu o təmiz, o toxunulmaz mənəvi səcdəgahdır. Şairin “Səcdəgahım, hardasan?" səslənişində ilahi eşqin izlərini görməmək qeyri-mümkündür. Və Allahverdi Aqil şeirin finalında möhtəşəm bir fəlsəfi təzad yaradaraq sevgini həm ən ali savab, həm də ruhu ağrılara bükən müqəddəs bir "günah" kimi xarakterizə edir. Bu, ruhun suallarla dolu dünyasında yeganə və mütləq cavabı - Eşqi tapmasının poetik manifestidir."Mən bir vida şeiriyəm" isə Allahverdi Aqilin yaradıcılığının poetik və fəlsəfi yekunudur: Pünhanın gerçək olanı, Aşkarın gizlin sirriyəm. Gizlinim MƏN parasında, Tapammazsan, arasan da. Yerlə Ərşin arasında, Ruhu dərbədər biriyəm. Öz ruhuma daş atıram, Bir oyundu, baş qatıram. Sükutam, qulaq batıran harayım çətin kiriyə. Bir az ayrılıq rəngiyəm, Hicranın qəm ahəngiyəm, Alovu-odu səngiyən, Közərən ocaq yeriyəm. Göründüyü kimi, müəllif bu dünyadan fiziki olaraq qopduğunu, ruhunun məkan və zaman fövqünə ucaldığını heyrətamiz bir arifanə səmimiyyəti ilə bəyan edir: Ya Rəbb, görmür çoxu məni,Qövsi-qüzeh toxu məni,Naxış-naxış oxu məni - Mən bir vida şeiriyəm.İnsanların maddi gözü bu mənəvi ucalığı görməkdə acizdir ("görmür çoxu məni"). Şair Yaradana sığınaraq Ondan özünü göy qurşağı (qövsi-qüzeh) kimi rəngbərəng, ilahi bir naxışla toxumasını istəyir: ”Naxış-naxış oxu məni- Mən bir vida şeiriyəm."Və möhtəşəm kulminasiya, şair öz insan kimliyini tamamilə silir və bəyan edir ki, onun bu dünyadakı ömrünün, çəkdiyi dərdlərin və qazandığı müdrikliyin yekun nəticəsi elə bu oxuduğumuz "vida şeiri"nin özüdür. İnsan gedir, amma şeirə çevrilərək əbədiləşir. Allahverdi Aqil də bu şeirlə poeziyanın ən böyük möcüzəsini gerçəkləşdirir: o, öz taleyini naxış-naxış bədii sözə köçürür və fani bir insan ömrünü əbədi yaşayacaq bədii bir abidəyə, şeirin özünə çevirir. Bu, sadəcə bir vida (100 yaşasın) deyil, sözün ölüm üzərindəki mənəvi zəfəridir.Bütövlükdə, Allahverdi Aqilin təhlilə cəlb etdiyimiz "Uca dağ", "Gedəcək", "Bu dünya cəza yeri", "Ay günahım, hardasan?" və "Mən bir vida şeiriyəm" beş möhtəşəm şeiri sıradan bir poeziya nümunələri deyil, insan ruhunun yer üzündəki varlıq dramını addım-addım əks etdirən vahid bir fəlsəfi monoloqdur. Şair bu poetik silsilədə oxucunu fərdi kədərin dar çərçivəsindən çıxararaq, bəşəriyyətin ortaq taleyi və ruhun kosmik tənhalığı üzərində düşünməyə məcbur edir. Eyni zamanda, yolçunu yola dəvət edir.Bu poetik yolçuluq insanın mənəvi ucalıq axtarışı və Yaradanla olan qırılmayan tellərini ifadə edən "Uca dağ" zirvəsi ilə başlayır. "Gedəcək" şeirində insan ruhunun müvəqqəti və məkansız təbiətini, zamanın amansız axarını qaçılmaz bir köç kimi təsvir edən şair, "Bu dünya cəza yeri" şeirində bəşəriyyətin ilk günahına və yer üzünün əsl mahiyyətinə sarsıdıcı bir ekzistensial diaqnoz qoyaraq, buranın ruhların sürgün məkanı olduğunu bəyan edir. Lirik və bədii gərginliyin ən pik nöqtəsi olan "Ay günahım, hardasan?" şeirində sevgini və həsrəti ocaq-pir səviyyəsinə qaldıraraq, insanı Allaha yaxınlaşdıran mənəvi səcdəgahı – Eşqi tapır. Və nəhayət, böyük finalda – "Mən bir vida şeiriyəm" əsərində sözün ölüm üzərindəki mənəvi zəfəri gerçəkləşir; şair öz insani varlığını tamamilə silərək əbədi yaşayacaq bədii bir abidəyə, şeirin özünə çevrilir.Allahverdi Aqil poeziyasının sehri və böyüklüyü də məhz bundadır: o, ən ağır zülmətin, daxili parçalanmanın və ümidsizliyin içindən belə insanı mənəvi cəhətdən arındıracaq, ruhunu təmizləyəcək bir ümid işığı tapmağı bacarır. Onun "qulaq batıran sükutu" əslində dünyanın bütün səs-küyündən daha güclü bir fəlsəfi haraydır. İnsan ömrü gəlib-keçir, dünyəvi iddialar bir fani "Ah"la yekunlaşır, yaydan çıxan ox mənzilinə yetişir; lakin Allahverdi Aqilin naxış-naxış bədii sözə köçürdüyü bu mənəvi irs közərən ocaq yeri kimi daxilimizi isitməyə və insan ruhunun göy üzünə çəkilən o işıqlı, ulduzlu yoluna əbədi olaraq nur saçmağa davam edir. Allahverdi Aqil poeziyası oxucusunu maddiyyatın bataqlığından və xırda qayğılardan qoparıb mənəvi ucalığa qaldıran əbədi bir söz işığıdır. Ləyaqətlə, alnıaçıq və üzüağ yaşanmış mətbuat və yaradıcılıq ömrünün misralara köçən bu fəlsəfəsi, Azərbaycan poeziyasının fəlsəfi lirik qanadında hər zaman öz uca və sayseçmə yerini qoruyub saxlayacaqdır.Yazımızı burada yekunlaşdırır, hörmətli Allahverdi Aqilə cansağlığı və yaradıcılıq uğurları arzulayırıq!!!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.