ZAHİD AVŞAR ELOĞLU (1952)

ZAHİD AVŞAR ELOĞLU (1952) Quliyev Zahid Hacıqulu oğlu - 1952-ci ildə Qarabağ bölgəsinin Avşar kəndində anadan olmuşdur. 1968-ci ildə Ağcabədi rayon N.Gəncəvi adına Avşar kənd 1 saylı tam orta məktəbini, 1978-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakultəsini bitirmişdir. Azərbaycan dili və ədəbiyyat müəllimidir.
Türkiyədə, Kiprdə, Qırğızıstanda, Qazağıstanda və Özbəkistanda keçirilən Uluslararası Türk Dünyası Şeir və Musiqi festivallarına qatılmış, medallarla, fəxri fərman və diplomlarla qiymətləndirilmişdir.
7 (yeddi) kitab müəllifidir. ”Məhəmmədhüseyn Şəhriyarla söhbət” poeması və seçilmiş şeirləri Təbrizdə geniş tirajla çap olunub, yayımlanmışdır. Əsərləri Orta Asiya xalqlarının dillərinə tərcümə olunub. Şeirləri “Turana açılan könüllər” kitabında, Türkiyədə, Özbəkistanda, Qırğızıstanda, Qazağıstanda çap olunan antalogiya və almanaxlarda, qəzet və jurnallarda dərc edilmişdir. Yazıları dövrü mətbuatda müntəzəm olaraq çap olunur.
2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2020-ci ildən Orta Asiya Yazıçılar və Tarixçilər Birliyinin üzvüdür.
Azərbaycan Aşıqlar Birliyinin V, Azərbaycan Yazıçılar birli-yinin XII və XIII qurultaylarının nümayəndəsi olmuşdur.
2022-ci ildə Azərbaycan Yazıçılar Birliyində 70 illik Yubileyi keçirilmiş və AYB tərəfindən “Fəxri Diplom”la təltif olunmuşdur.

Biz də Redaksiya Heyətimiz adından qələm dostumuz tanınmış şair, çox hörmətli Zahid Avşar Eloğluna yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..

MÜŞFİQ BORÇALI,
ZiM.Az



***


AZƏRBAYCAN BAYRAĞI

Qasirğalar qoynunda qaynamışıq, bişmişik,
And içəndə torpağa, bayrağa and içmişik,
Vətən Vətən deyəndə canımızdan keçmişik,
Bizim tale yazımız; bu fırtına, bu vulkan,
Bayrağına can qurban, can qurban, Azərbaycan!

Torpağına, daşına hər birimiz sadağa,
Dünya həsəd aparır, bu arana, bu dağa,
Qanımızı bükmüşük Təbrizə, Qarabağa,
Alnımıza yazılıb bu zəlzələ, bu üsyan,
Bayrağına can qurban, can qurban, Azərbaycan!

Bu bayrağın altında millətlər qardaş olub,
Bir yumruqda birləşib, vəhdət vətəndaş olub,
Adın adlar içində şah cərgədə baş olub,
Ölməzliyi ölümün zirvəsində tutmusan,
Bayrağına can qurban, can qurban, Azərbaycan!

Hər daşında qeyrətin, şan- şöhrətin izi var,
Anaların bəstəsi, babaların sözü var,
Burda tarixin özü, məhəbbətin közü var,
Hüzurunda dayanıb gör neçə milyon insan,
Bayrağına can qurban, can qurban, Azərbaycan!..


DİLİMİZ
(Qəzəl)
Dilimiz şah dilidir, dünyəvi dillər arasında,
“Cəngi”, “Segah” dilidir, cümlə nəsillər arasında.

Babalar tər axıdıb, ləl yoğurub, zər çıxarıblar,
Nənələr bəstə tutub, laylalı güllər arasında.

Yüz arı bal götürüb söz yükümün şəhdi- ləbindən,
Biz onu saxlamışıq qövğalı illər arasında.

Bayatım ağı çəkib, çərxi- fələk daş ələyəndə,
Qopuzum sipər olub ağrıma ellər arasında.

Tozu sovruq aparır, buğdanı xəlbirlə ayırrıq,
Söz ələkdən ələnir, ay Zahid, əllər arasında.

VƏTƏN AZAD OLMALIDIR

Anamiz Vətənin ləl sinəsindən,
Düşmən ilim- ilim qovulmalıdır!
Millət usanıbdı güllə səsindən,
Zalımın zindanı ovulmalıdır!

Bu dövlət nə qədər düşüb, enməli,
Bu millət nə qədər hiddət əmməli,
Bütün yer kürəsi silkələnməli,
Duman da, çiskin də dağılmalıdır!

İsitmir yadların istisi bizi,
Kor etdi lordların tüstüsü bizi,
Dava meydanında boş söz gilizi,
Bizim lüğətdən də yığılmalıdır!

ATƏT- dən yapışdıq, yandı əlimiz,
BMT deməkdən dondi dilimiz,
Hanı, oğul doğan gəlinlərimiz?
Qeyrətli oğullar doğulmalıdır!

Ər gərək qorxmasın bir qaşıq qandan,
Kişi söz yeyincə, qoy, keçsin candan,
Düşmən təmizlənsin Azərbaycandan,
Nankor qan gölündə boğulmalıdır!
Zalımın zindanı ovulmalıdır!..

ŞUŞA

Çəmənlər al- əlvan bir xalı kimi,
Meşələr nənəmin yun şalı kimi,
Çaylar sonsuzluğun timsalı kimi,
Dərələr boyunca baş alıb gedir,
Dağların köksündən boşalıb gedir.

Əfsanə söyləyir bulağı, çayı,
İsağın, musağın harayı, hayı,
Kəkliyin gülüşü, qartalın qıyı,
Elə bil, yerimdən qoparır məni,
Nağıl dünyasına aparır məni.

Burda küləklər də muğam oxuyur,
Kəkotu, qantəpər ətir qoxuyur,
Buludlar leysandan hana toxuyur,
Ərişi, arğacı billurdan təmiz,
İlməsi tər- təzə bənövşə, nərgiz.

Yalçın qayaların qaşı sirlidir,
Torpağı sirlidir, daşı sirlidir,
Hər evin, barının yaşı sirlidir,
Sanki, əsrlərdən uludur Şuşa,
Nədən söhbət açsam doludur Şuşa.

QARABAĞ

Burda hiddətlidir hər daş, hər qaya,
Dağların təkindən qıy qopub gəlir.
Qıy qıya bağlıdır, burda, hay haya,
Çaylar da Heyratı üstə dincəlir.

Zirvələr əl atıb uca göylərə,
Çınqıllar nər kimi diz- dizə durur.
Dərə var, mən dərə deyim ey.., sənə,
Helləsən hellanı yollarda yorur.

Uzaqda dolanan min bölük bulud,
Bir topa dumanın toruna düşür.
Əl uzat, qayanın ətəyindən tut,
Soruş, qismətinə görək, nə düşür.

Bir də görürsən ki, iki ər kimi,
Buludlar qeyzlə baş- başa gəlir.
Şimşək qılıncını sıyırib göylər,
Elə bil, dünyanın bağrını dəlir.

Şıdırğı bir yağış döyür dağları,
Selovlar kükrəyib limhəlim olur.
Qorxudan yarılır kahanın bağrı,
Buludlar sıxılıb bir əlçim olur.

Bu yerdə Vaqifin, Xurşudbanunun,
Cabbarın, Seyidin ruhu dolanır.
Od oğlu Babəkin, Qoç Koroğlunun,
Dədəmiz Qorqudun odu qalanır.

Bir az asta yeri, ehtiramla gəz,
Bu torpaq ərənlər torpağıdır, bil.
Keçilməz qaladır hər gədik, hər gəz,
Bu yurd əyilməyib, əyilən deyil.

Bu yerin hər qarış torpağı, daşı,
Ana laylasıyla yoğrulub, bişib.
Bu döyüşkən yurdun bəlalı başı,
Döyüşə- döyüşə müqəddəsləşib.

TƏZADLAR

Deyirəm, həyatda təzadlara bax,
Xal var ki, üzdə yox, qaşda yaranıb.
Xına lazım idi qız barmağına,
O da qayalarda, daşda yaranıb.

Bənövşə qısılıb kol kölgəsinə,
Çayır uzanıbdı gül köıgəsinə,
İnsan var qayıtmır künəlgəsinə,
Vətən məhəbbəti quşda yaranıb.

Balıq var yaşayır şor suda, lildə,
Qurbağa kef çəkir dupduru göldə,
Böyük güc olsa da dəvədə, fildə,
Döyüşmək həvəsi qoşda yaranıb.

Sevinc olan yerdə kədər də var, bil,
Ömür gödəkləşir çoxaldıqca il,
Ürəyə təsəlli ürəkdə deyil,
Gözdə gilələnən yaşda yaranıb.

TÜRKƏM
Mən zamanın sınağından,
Zaman- zaman çıxan Türkəm.
Mən zülməti, əsarəti,
Parçalayıb yıxan Türkəm.

Bir deyənə beş demişəm,
Beş deyənə şeş demişəm,
Qəhər udub, qəm yemişəm,
Damarlarda axan Türkəm.

Güvənc yerim gözüm olub,
Meydanlarda sözüm olub,
Dizlərimdə dözüm olub,
Zirvələrdə çaxan Türkəm.

Bayrağımda qanım yatır,
Qanımda vicdanım yatır,
Əllərim məşhərə çatır,
Göydən yerə baxan Türkəm.

Qar başıma yağa- yağa,
Yol açmışam neçə dağa,
Kəlbəcərə, Qarabağa,
Bayrağımı taxan Türkəm.

Mən Turana, Qarabağa,
Açıq gözlə baxan Türkəm

ATATÜRK

Atatürkün abidəsi önündə.
(Yusif Kamala nəzirə).

Bayrağının kölgəsinə Pir dedik,
Əlbir oldu ana, bala, ata, Türk.
Hürr çağırdın, Hürr səsinə Hürr dedik,
Bir kəlmənə süvar oldu ata, Türk.

Damarımda qeyrət qanım qaynadı,
Səbrin coşdu, gözündə dan oynadı,
Bu tarixin hər anı bir aynadı,
Kəs kəndiri, qır zənciri, at, a Türk.

Mən nə yazım, sən yazdığın dastana,
Çatan yoxdu ucatdığın ad-sana,
Yetmək üçün bu şöhrətə, bu şana,
Gərək, ovu bərəsində ata, Türk.

Çox Kamallar gəlib, gedib dünyadan,
Mustafalar Kamal gedib dünyadan,
Yer kürəsin məhvərindən oynadan,
Tək doğulub, Türk doğulub, Atatürk...
26. 10. 2022. Adana, Çukurova.

ATATÜRK

“Qənşərində yağı düşmən dayanmaz,
Əlbir olsa ana, bala, ata, Türk”.
Yer titrəyər, Göy kişnəyər, o yanmaz,
Qəhr eləyər, əlin atar ata, Türk.

Çox çəkibdi bu dünyanın cəfasın,
Yoxlayıbdı yarın, dostun vəfasın,
Türk Türkdüsə yarasına od basın,
Qalxıb qanın torpağına qata, Türk.

Bayrağının kölgəsində ər yatar,
Hər kölgənin kölgəsində nər yatar,
Baş oturar, şah danışar, sər yatar,
İnanmaram qolun qola çata, Türk.

Dara düşsə Boz qurd olub ulayar,
Şimşəkləri biləyinə dolayar,
Qılıncının qəbzəsini yalayar,
Allah qoymaz bir dəryada bata, Türk.

Bir dostum var, adı Yusif Kamaldı,
O, dünyanın hər üzündən kam aldı,
Axır dedi; mənim adım Kamaldı,
“Hər Kamaldan ola bilməz Atatürk”.

ALNIMA BİR TURAN DA YAZ

Ay bəxtimə yazı yazan,
Alnıma bir Turan da yaz.
Nə aşığam, nə də ozan,
Aç sinəmi, buramda yaz.

Dərdim köhnə, sözüm tərdi,
Dağa, daşa sərdim dərdi,
Ərənlərim həmin ərdi,
Ər yuxudan duranda yaz.

Söz qılıncdı, saz üsyandı,
Bir ah çəkdim dünya yandı,
Sən gördüyün quru candı,
Qismətimi “Quran”da yaz.

Yaz, sovuşsun bu qan, qada,
Həmin nöqtə, həmin nida,
Söz tamama yetmir, Xuda,
Türk təbilin vuranda yaz.
Alnıma bir Turan da yaz!

QOCA TURAN, AYAĞA QALX

(Ruhun şad olsun, Məmməd Araz)

Qoca Turan, ayağa qalx,
Dünya yaman çalxalanır.
Qalx, dünyaya diqqətlə bax!
Yurd bölünür, xırdalanır.

Şərqdən Qərbə, Qərbdən Şərqə,
At oynadan baban olub.
Meydanlarda zülmə, hərbə,
Meydan açan Yurdun olub,
Oban olub.

Əyilməyib, basılmayıb,
Qılınc çalıb,
nadanlığın kölgəsinə.
Sənin baban kölgə salıb,
Mənəm- mənəm ölkəsinə.

Bu tarixin sınağından,
Biz üzü ağ çıxmalıyıq,
Bu dünyanın qınağından,
Dağ oğlu, dağ çıxmalıyıq.

Ayağa dur! Ayağa qalx!
Qalx ki, dünya silkələnsin!
Arxandadı bu Yurd, bu Xalq,
Qalx, dünyaya Sülh ələnsin.

Ayağa dur! Qoca Turan,
Dünya yaman çalxalanır.
Ayağa dur, Azərbaycan,
Torpağında od qalanır!
Yurd bölünür, xırdalanır...

QALDIR, TÜRKÜN BAYRAĞINI

(Azərbaycanın Əməkdar artisti Azərin xanıma)

Qaldır, Türkün bayrağını,
Dalğalansın zaman-zaman.
Qaldır, Türkün bayrağını,
Dalğaların sınağından.

Atillanın, Atatürkün,
Ərdoğanın nəvəsisən.
Haqq yolunda Haqq hayqıran,
Türk xalqının Haqq səsisən.

Damarında Cavad xanın,
Cavanşirin havası var.
Ölən ölüb, qalan qalıb,
Dadaloğlu davası var.

Qəhr elədin, Qara dəniz,
Nəfəsində dalğalandı.
Bu dalğalar dəniz-dəniz -
Türk xalqının – Hərbi andı.
TURAN oğlu TÜRK oyandı!..

YUXUMA GİRİRSƏN

Yuxuma girirsən hərdən, hər axşam,
Çəmən çiçəyinin xarası kimi.
Göydə bir- birinə dəyib toqquşan,
Qara buludların arası kimi.

Hikmət öyrənirdim hələ, hərədən,
Ovum gəlib vurub keçdi bərədən,
Sellənən göz yaşım dağdan, dərədən,
Axdı çiçəklərin qorası kimi.

Bu necə qismətdi? -Göylərdən enməz,
Bu dərd nə dərddi ki? -Alovu sönməz,
Bəxt yazan yazıbdı, geriyə dönməz,
Yelda* gecəsinin qarası kimi.

Naşılıq cavanlıq vaxtıma düşdü,
Dərd batman bağlayıb taxtıma düşdü,
Ağ saçlar ağ gündən baxtıma düşdü,
Əl çatmaz dağların parası kimi.

Hanı, mən sevdiyim - o qız? Utancaq,
Hanı, uzun saçlar? – Üstündə sancaq,
Onu yuxularda tapıram, ancaq,
Dərin yaraların yarası kimi.
Yelda gecəsi – dekabr ayının 21-i, İlin ən uzun, ən qaranlıq gecəsi.

ZiM.Az


.


Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: