HACI MİRSƏFƏR FƏTİYEVin HAQQA QOVUŞMUŞ KÖNÜL DÜNYASI

HACI MİRSƏFƏR FƏTİYEVin HAQQA QOVUŞMUŞ KÖNÜL DÜNYASI Bu günlərdə “Borçalı” nəşriyyatı tərəfindən “HAQQA QOVUŞMUŞ KÖNÜL DÜNYASI” adlı daha bir xatirə kitabı nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.
Kitab müdrik el ağsaqqalı, tanınmış şair, mərhum Hacı Mirsəfər Fətiyevin əziz xatirəsinə həsr olunub və onun vəfatının birinci ildönümü ərəfəsində işıqüzü görüb.


Hacı Mirsəfər Mircəfər oğlu Fətiyev – 1961-ci il sentyabrın 29-da Bakı şəhərində dünyaya gəlib.
Yardımlı rayonunun Perimbel kəndindəndir.
Beş qız, bir oğul övladı var.
Poeziyaya marağı uşaqlıq illərindən başlayıb.
Sağlığında "Ömür, məni yarı yolda buraxma" və "Həyat yolu" adlı iki şeirlər kitabı çap olunub.
Hacı Mirsəfər Fətiyev 2025-ci il may ayının 27-də dünyasını dəyişib.

"Haqqa qovuşmuş könül dünyası" kitabı Hacı Mirsəfər Fətiyevin əziz xatirəsinə həsr olunub və onun ölümündən sonra işıqüzü görən ilk, ümumi sayca isə üçüncü kitabıdır.

Kitabda onu sevən dostlarının onun haqqında xatirələr və Hacı Mirsəfər Fətiyevin ömrünün son dövrlərində yazılmış şeirləri yazdığı müxtəlif səpkili şeirlər, toplanıb. duyğu və düşüncələr əhatə olunub.

Biz də redaksiya heyətimiz adından müdrik el ağsaqqalı, tanınmış şair, mərhum Hacı Mirsəfər Fətiyevə Allahdan rəhmət diləyir və aşağıda kitabın tərtibatçısı, redaktoru və ön sözün müəllifi - ZiM. Az saytının baş redaktoru “Borçalı” nəşriyyatının redaktoru, “Heydər Əliyev“ fəxri media mükafatı laureatı, şairə-publisist RAMİLƏ ƏLİYEVAnın “İMAN İŞIĞINDA SƏTİRLƏR” sərlövhəli “Ön söz”ünü və “DOSTLUĞA SƏDAQƏTLİ, SAF ARZU, XOŞ NİYYƏTLİ, İMANLI, SƏXAVƏTLİ HACI MİRSƏFƏR...” sərlövhəli xatirə-məqaləsini dəyərli oxucularımıza təqdim edirik.

MÜŞFİQ BORÇALI,
ZiM.Az




İMAN İŞIĞINDA SƏTİRLƏR

(ÖN SÖZ)


HACI MİRSƏFƏR FƏTİYEVin HAQQA QOVUŞMUŞ KÖNÜL DÜNYASI Hacı Mirsəfər Fətiyev
- bu gözəl insanı Nur ocağı ədəbi poeziya məclisinə gələndən sonra tanıdıq.
Onun şair ruhu, şeir ruhu özünəməxsus çalarlara malik idi.
Sakit təbiətinin arxasında ruhunun çağırış səslərini duymaq mümkün idi.
O, şeirlərinin dili ilə hər zaman aktual mövzulara toxunur, öz müşahidə və düşüncələrini nəzmə çəkirdi. Onda güclü müşahidəçilik qabiliyyəti vardı. Və hər zaman da qeyd edərdi ki, mən şair deyiləm.Sadəcə daxilimdən gələn hisslərimi qələmə alıb ürəyimi boşaldıram.
Onun ürəyi isə sanki bir dərya idi, ucsuz-bucaqsız...
O, uşaqlıqdan ruhunda daşıdığı duyğuları sakit və səlis şəkildə ifadə edə bilirdi. Heç vaxt mükəmməllik axtarmırdı. Amma mükəmməl olmağa çalışırdı. Və məhz buna görə də hər zaman düzgün deyilmiş söz, irad onu heç vaxt narahat etmirdi, incitmirdi. Əksinə məmnuniyyət hissi ilə qələmə yenidən sarılıb daha da gözəl duyğuların əhatəsində şeirlər yazır, qələmini müxtəlif mövzularda sınayırdı.

Hacı Mirsəfər imanlı, təqvalı insan idi.
O, Allahına sığınmış sadiq mömin bir bəndə idi.
O, ürəyində vətən sevdası daşıyan vətənpərvər idi.
O, gözəllik vurğunu, o, eşq sevdalısı idi.
Haqsızlıq görəndə haqq səsini ucaltmağı bacaran, Allahın doğru bildiyi yolda iman isığıyla yeriyən sadə, təvazökar bir insan idi Hacı:

Kimlərə dost dedim, könlümü verdim,
Ağrısın, acısın, əzabın gördüm,
Yolunda can qoydum, qəlbimə hördüm,
Allahım, tək sənsən dostum həyatda!

Bu fani dünyada yaşadım, doydum,
İmanı, inamı mən önə qoydum,
Dostları sınadım, həyatdan soy(u)dum,
Allahım, tək sənsən dostum həyatda!

Gözlər görə - görə haqqı danırlar,
Yalanı çevirib doğru sanırlar,
Pislər yaxşılığı hardan qanırlar,
Allahım, tək sənsən dostum dünyada!

Sınadım dostları, tapmadım düzün,
Gördüm namərdlərin əllisin, yüzün,
Ya Rəbbim, Hacıya dayaq ol özün,
Allahım, tək sənsən dostum həyatda!

O, sevdalı bir insan idi; Vətən sevdalı, eşq sevdalı, haqq-ədalət sevdalı, iman sevdalı...
O, hər şeydə gözəllik axtarır, gözəllik görməyə çalışırdı. Onun duyğu dünyası hisslərinin tərcüməçisi idi. O,el üçün yanan fədakar, cəfakeş, zəhmətkeş insan idi. Qəlbini mərhəmət hissi ilə gözəlləşdirmişdi:

Hamıya yanırsan, sənə yox yanan,
Düz sözü söylə sən olsan da yaman,
İndi başqa zaman, kimdir inanan,
Yanmağı qəlbində saxla, yazıqsan.

Oturanda çalış, bil öz yerini,
Danışma məclisdə, saxla dilini,
Əl uzat o kəsə, tutsun əlini,
Dostunu sınayıb yoxla, yazıqsan.

Görəndə bir işi Allahı çağır,
Düzələr, İnşəAllah, olsa da ağır,
Dediyim budur ki, sənə, ilaxır,
Təkcə Allaha bel bağla, yazıqsan.

Ruhun qanadlanıb göyə ucalıb,
Zamanın dərdiylə xəyala dalıb,
Dünyanın dərd - səri sənə mi qalıb?
Az kövrək qəlbini dağla, yazıqsan.

Hacı, kor etmisən elçün gözünü,
El gözü tərəzi, sən, de düzünü,
Çatdır bilməyənə haqqın sözünü,
Bir gün də özünə ağla, yazıqsan...

Bu gün Hacı Mirsəfər haqqında keçmiş zamanda danışmaq çox çətindir. Çünki o,özünün insanlığı və yaradıcılığı ilə könüllərdə öz yerini tutmağı ba-carıb. Və hər zaman onu sevən, duyan, dəyərləndirən insanların xatirindədir.
Məkanın cənnət, ruhun şad olsun, HACI...


****



DOSTLUĞA SƏDAQƏTLİ, SAF ARZU, XOŞ NİYYƏTLİ,
İMANLI, SƏXAVƏTLİ HACI MİRSƏFƏR...


Həyatda insanlar taleyin müxtəlif məqamlarında qarşılaşır, bir-birini tanıyır və bu tanışlıq möhkəm dostluq və səmimiyyətə çevrilir. Mən Hacı Mirsəfər Fətiyevi Nur ocağı ədəbi poeziya məclisindən tanıdım. O, bizim məclisə gəldiyi ilk gündən öz həlim, kövrək xasiyyəti, sakit, amiranə çıxışları ilə hər kəsin rəğbətini qazanmışdı. Onun şeir dünyası onun kövrək duyğularını özündə ifadə edirdi. O, bizim məclisə gələndə biz onun səhhətində olan problemlərdən xəbərdar idik. O, isə hər zaman nikbin idi, ümidli idi, imanlı,təqvalı idi. Dilindən dua, qəlbindən iman işığı əskik olmazdı. Məclisdə şeirlər təhlil olunanda hər kəsin fikir və düşüncələrinə hörmətlə yanaşar, mütəmadi tədbirlərdə iştirak etməyə çalışardı. Zamanı və sağlamlıq imkanları uyğun olanda mütləq təd-birlərə gələr, heç bir məclis üzvünü diqqətdən kənarda qoymazdı.
Mənim məclisdə ədəbi dilin qaydaları və nəzəri biliklərlə bağlı çıxışlarım Mirsəfər müəllimin hər zaman diqqətini cəlb edirdi. Bu baxımdan idi ki, o, öz şeirlərinin təhlilini, redaktə olunmasını hər zaman mənə həvalə edirdi.Və hər zaman deyərdi ki, bəlkə mənim bu cızma-qarama bir əl gəzdirəsən. Mən böyük məmnuniyyətlə onun şeirlərini təhlil edirdim. Çünki onun bütün şeirlərində duyğu, düşüncə, fikir yerli-yerində olurdu.Onunla şeirləri müzakirə etmək, fikir mübadiləsi aparmaq çox maraqlı idi. Sözümə, təhlilimə yüksək dəyər verir, maraq göstərirdi.
Həyatda baş verən çətinliklər məni yoranda Mir-səfər müəllimin əzmi, düşüncəsi, həyata olan sevgisi yadıma düşür və bu məni həyatın çətinliklərinə qarşı motivasiya edirdi. Özünün təbirincə desək həyatın hər yönünü,hər çətinliyini görmüş adam idi.
Səfalı bir torpaqda boya-başa çatmışdı, Hacı Mirsəfər. Təbiətin vurğunu idi. Hər şeydə gözəllik görməyi bacarırdı. Həyatı olduğu kimi qəbul edir, olduğu kimi də sevirdi. Səhhətində olan problemləri Allahın onun üçün bir sınağı kimi düşünürdü.
Onun yaradıcılığı əhatəli idi. Hər şeirində bir ça-ğırış, hər şeirində ürəyinin sızıltısı,qəlbinin həzin, kövrək hissləri vardı.
2024-2025-ci illərdə biz onun üçüncü kitabının üzərində işləyirdik. Bu kitabda o, ən son şeirlərini çap etdirməyi düşünürdü. Və bu şeirlərin ilk oxucusu mən olurdum. Yazan kimi göndərir və zarafatyana bir səs atardı: "Mən yenə bir cızma-qara eləmişəm, bax gör neynirsən. Gör adam içinə çıxarılasıdırmı?"
Mən isə onun hər şeirində ürəyinin yanğısını du-yurdum, hiss edirdim.
Allahdan nicat dilədiyi şeirlərin hər birində ümid dolu misralar onun həyata bağlılığının ifadəsi idi. Onun yaşadığı fiziki, mənəvi ağrıları duyduqca insan həyatda nələrdənsə şikayət etməyə utanırdı. Dözümün, səbrin simvolu idi Hacı Mirsəfər. Hər sözünə,hər kəlməsinə diqqət edən, yaşamaq uğrunda mübarizə aparan və "Allahdan gələn hər bir şey qəbulumdur, qismətimə yazılıbsa deməli yaşamalıyam" deyib bütün ağrı-acılara dözməyi bacaran nikbin ruhlu bir insan idi Mirsəfər müəllim.
Dostluğa olan etibarı, səmimiyyəti, dəyəri bəzən onu xəstə yatağından durub görüşə gəlməyə vadar edirdi. O qədər diqqətli, o qədər məsuliyyətli və alicənab idi Mirsəfər müəllim.
Mən çox təəssüf edirəm ki, onun sağlığında biz onun üçüncü kitabını çıxara bilmədik. Yarımçıq qaldı, şeirlər tamamlanmadı. Amma çox sevinirəm ki, bu gün biz Mirsəfər müəllimin ömrünün son dövrlərinə təsadüf edən şeirlərini və onun haqqında olan duyğu, düşüncə və xatirələrimizi ona həsr olunan bu xatirə kitabında onu sevən insanlara çatdıra biləcəyik. Şair, söz adamı hər zaman şeirlərində yaşayır. Hər kəs özündən sonra bir xatirə qoyub gedir. Amma imanla yaşayıb imanla xatırlanmaq hər insana qismət olmur. Hacı Mirsəfər Perimbelli imanlı yaşadı, öz duyğu dünyasını şeirlərinin yaddaşına köçürdü, özündən sonra dəyərli xatirələr qoyub getdi. O, hər zaman hörmətlə, rəhmətlə xatırlanacaq. Ruhun şad, məkanın cənnət olsun, Hacı.

Dostluğa sədaqətli
Saf arzu, xoş niyyətli,
İmanlı, səxavətli
HACI MİRSƏFƏR.

Haqq yolunda yeridi,
O, sözünün əridi,
Nə söyləsək yeridi,
HACI MİRSƏFƏR.

Dualarda yaşayan,
Kimə dost, kimə həyan,
Unutmarıq heç zaman,
HACI MİRSƏFƏR.


HACI MİRSƏFƏR FƏTİYEVin HAQQA QOVUŞMUŞ KÖNÜL DÜNYASI RAMİLƏ ƏLİYEVA
şairə-publisist

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: