MAHCAMAL: GÜNƏŞIN YOX XƏBƏRİ, ZÜLMƏT İÇİR HƏR GECƏ AY Humanitar elmlər, Elmi Məqalələr 3 мая 2026 239 0 1 2 3 4 5 LÜTVİYYƏ ƏSGƏRZADƏFilologiya elmləri doktoru Məhəmməd Füzulinin məşhur "Qəzəl de ki, məşhuri-dövran ola, oxumaq da, yazmaq da asan ola”, - misraları qəzəl janrının klassik poeziyadakı yüksək yerini, oxunaqlılığını və sənətkarlıq tələblərini ifadə edən ən gözəl poetik ifadədir. “Qəzəlin məşhuri-dövran” olması ilə yanaşı, sadə, aydın, axıcı və musiqili olmasının vacibliyi vurğulanan ifadədəki "asan" kəlməsində yüksək qəzəlxanlıq ustalığının gətirdiyi rahatlıq səhl-i mümtəni nəzərdə tutulur. Səhl-i mümtəni ədəbiyyatda və ritorikada asan görünən, lakin təqlidi imkansız və çətin olan sənətkaranə üsluba verilən addır. İki ərəb sözünün birləşməsindən yaranan terminin birinci tərəfi, Səhl, asan, sadə.ikinci hissəsi mümtəni qeyri-mümkün, çətin, imtina edilən deməkdir ki, bu da qəzəl yazmağın nə qədər çətin, məsuliyyətli olduğuna, yüksək sənətkarlıq tələb etdiyinə işarədir. Yəni “Xirədməndlər (ağıllı, ustad) sənəti hesab olunan qəzəl sadəliklə dərinliyin vəhdətindən yaranmalıdır. Və Füzulinin bu beytləri Azərbaycan ədəbiyyatında qəzəl janrının “meyarı” sayılır.Əsrlər boyu Azərbaycan ədəbiyyatında qəzəl janrı inkişaf etmiş, hər dövrdə böyük ustadlar; Azərbaycan dilində ilk qəzəl yazan şair hesab olunan İzzəddin Həsənoğlunu (XIII-XIV) "Qəzəl mülkünün sultanı" hesab olunan M.Füzulini (XVI), Azərbaycan fəlsəfi qəzəlinin banisi İmadəddin Nəsimini (XIV-XV əsrlər), Füzuli ənənələrini XIX əsrdə həm aşiqanə, həm də satirik qəzəlləri ilə davam etdirən Seyid Əzim Şirvanini (XIX əsr), qadın qəzəlxanlar arasında ən görkəmli sima olan Xurşidbanu Natavanı (XIX əsr), lirik qəzəlləri ilə Avropada tanınmış Mirzə Şəfi Vazehi (XIX əsr), "Qəzəlin sonuncu ustadı" kimi tanınan, müasir Azərbaycan qəzəlxanlıq məktəbinin yaradıcılarından Əlağa Vahidi (XX) yetişdirmişdir. Əlağa Vahidlə birlikdə Süleyman Rüstəm də müasir qəzəlin inkişafında mühüm rol oynamış, filosof şair-dramaturq Hüseyn Cavid (XX) də qəzəl janrında özünəməxsus fəlsəfi nümunələr yaratmışdır. Qəzəllə başlamağımız təsadüfi deyil. Yazımızda Azərbaycan ədəbiyyatında qadın qəzəlxanlar arasında özünəməxsus dəsti-xətti olan Mahcamal Babayevanın yaradıcılığından bəhs edəcəyik. Uzun illər elmi tədqiqat institutlarından brində çalışan Mahcamal xanım ədəbi mühitə bir az geç, 2002-ci ildə "Qobustan" dərgisində çap edilmiş "Səttar Bəhlulzadənin heykəli önündə" şeiri ilə qədəm qoysa da, ədəbi məclislərin: "Şam", "Məcməüş-şüəra", "Ə.Vahid" və s. fəal üzvü olub. Müntəzəm olaraq şeirləri "Azərbaycan" və "Ulduz" jurnallarında dərc edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür (2006). İki kitab müəllifidir. İlk kitabı "Bizim bağın çəpəri yox..." (Bakı, "Səda", 2010), ikinci kitabı isə “Hələ gec deyil” (Bakı, “Təhsil”, 2024) adlı şeirlər kitabı olub. "Bizim bağın çəpəri yox..." kitabı Mahcamal xanımın ədəbi yaradıcılığının ilk mühüm addımı kimi dəyərləndirilir. "Hələ də gec deyil" kitabı isə onun həm vətənpərvərlik, həm də lirik qəzəllərini bir araya gətirən yaradıcılıq nümunəsidir. Müasir Azərbaycan qəzəl janrının ən güclü nümayəndələrindən biri hesab olunan Mahcamalın “Hələ gec deyil” kitabı Vətən müharibəsində qazanılan Zəfər və torpaqlarımızın azad olunması münasibətilə qələmə aldığı bu qəzəllə başlayır:Fəxr eylə Vətən, biz sənə təkrar oğul olduq!Xainliyə, namərdliyə inkar oğul olduq!Şükr eylə vətən, doğma nəfəs duydun axır ki,Uğrunda verib canı xilaskar oğul olduq!Vətəni canlı bir varlıq kimi təsəvvür edən Mahcamal vətənə müraciətlə fəxr olunası, qurur duyulası Zəfərimizdən yazır: “Şükr eylə vətən, doğma nəfəs duydun axır ki,” misrasındakı "doğma nəfəs" ifadəsi ilə uzun illər həsrət qaldığımız torpaqların öz sahiblərinə qovuşmasını, o yerlərdə yenidən Azərbaycan ruhunun canlanmasını, 30 illik işğalın, ayrılığın və intizarın bitdiyini simvolizə edir. Bütövlükdə qələbənin gətirdiyi mənəvi rahatlığı, şəhidlərimizin qanı bahasına qazanılan azadlığı və xalqın birliyinin Milli qürurla tərənnümüdür. Vətəni uzun müddət "nəfəs"siz qalan, doğma insan nəfəsinə həsrət bir varlıq kimi təsvir edən şairə, Zəfərdən sonra bu nəfəsin yenidən duyulmasını şükranlıq hissi ilə vəsf edir. "Şükr eylə vətən" xitabı, xalqın və torpağın illərdir gözlədiyi mənəvi rahatlığı, torpaqlarımızın azadlığı ilə gələn "canlanmanı" tərənnüm edir. Digər bir qəzəlində isə Mahcamal xanım Zəfər tariximizi və sərkərdə-əsgər birliyini Füzulinin "məşhuri-dövran" və "asan yazılmaq" meyarına tam uyğun gələn bu beytlərlə və poetik duyğularla vəsf edir:Sevgili canan Qarabağ eşqinə,Canını qurban edən Əsgər gəlir.Qüdrətinin sərgisidir, ey vətən, Aləmi heyran edən əsgər gəlir!Fərmanı İlham verib, ey Mahcamal, Torpağın ümman edən Əsgər gəlir!Qəzəldə, Azərbaycan əsgərini vətənin gücünün, yenilməzliyinin bir nümayişi-"sərgisi" kimi təqdim olunur. Əsgərin gəlişi sadəcə bir addım deyil, bütün dünyanı ("aləmi") heyran qoyan bir qəhrəmanlıq dastanıdır. Və bu dastan Ali Baş Komandan İlham Əliyevin qətiyyətli əmrləri ilə və bu fərmanından güc alan ordunun gücü ilə yazılır. "Torpağı ümman edən",-ifadəsi ilə əsgərin öz qanı, canı və hünəri ilə quru torpağı sarsılmaz bir güc mərkəzinə, dəniz (ümman) kimi əzəmətli bir qüvvəyə çevirdiyi vurğulayır. Məqtə beytində şairə adını (Mahcamal) işlədərək bu böyük qələbənin sevincini şəxsi hissləri ilə birləşdirir.Mahcamalın "canın canəsi" qədər incə olan başqa bir beytinə nəzər salaq: Ey vətən, vəhdətə Heydər təki mərdandı gələn! Mərdə mərd verdi əlin, vəsildə hicrandı gələn.Ey vətən cənnətə cənnət yaradan candı gələn! Qəlbinin parəsidir, Azərbaycandı gələn!Bu misraları Mahcamal xanımın yaradıcılığında Zəfər və dövlətçilik mövzusunun ən zirvə nöqtəsi saymaq olar. Şairə burada fərdi hisslərdən çıxaraq, qəzəlin dili ilə millətin taleyini və sarsılmaz birliyini vəsf edir. "Heydər təki mərdan", - ifadəsi ilə müasir Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi kursuna və o məktəbdən güc alan mərdliyə işarə edir. "Vəhdət" isə xalq-iqtidar-ordu birliyinin rəmzidir. "Mərdə mərd verdi əlin" misrası Ali Baş Komandan ilə Azərbaycan əsgərinin birliyini, torpaqlarımıza qovuşmaq (vəsl) üçün çəkilən 30 illik ayrılığın (hicranın) artıq bir qələbəylə taclandığını bildirir. “Cənnət yaradan can”, - ifadəsi ilə şairə azad olunan torpaqlara can verən, onu yenidən quran dahi şəxsiyyəti alqışlayır. Qəzəlin ən təsirli yeri, "Qəlbinin parəsidir, Azərbaycandı gələn!" misrasıdır. Bu misrada həm Qarabağın Azərbaycanın ayrılmaz parçası olması, həm də hər bir əsgərin vətənin bir parçası olduğu vurğulanır. Təqdim etdiyimiz bu beytlər Mahcamalın qəzəllərindəki milli qürur və siyasi müdriklik vəhdətini göstərir. O, "məşhuri-dövran" olacaq qəzəlini vətənin ən şanlı tarixinə möhürləyir. Eyni zamanda, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatına həsr olunmuş qəzəlində ağır itkinin gətirdiyi kədəri, Ulu Öndərin sarsılmaz ruhunun vətənə bağlılığını qəzəl janrının dili ilə yüksək sənətkarlıqla ifadə edir.Qəzəlin Heydər Əliyev şəxsiyyəti kontekstində təhlilinə gəlincə, "Vəhdətə Heydər təki mərdan", - ifadəsi ilə ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının birliyinin (vəhdətinin) simvolu və bu birliyi quran "mərd" şəxsiyyət kimi təqdim olunur. Onun gəlişi (və ya ruhunun vətənə dönüşü) bir mərdlik dastanı kimi vəsf edilir. "Mərdə mərd verdi əlin", - misrasında Heydər Əliyevin xalqa olan sədaqəti və onun siyasi irsinin sarsılmazlığı, dahi şəxsiyyətin öz işini, əhdini etibarlı əllərə təslim etməsi vurğulanır. Qəzəlin ən dərin fəlsəfi məqamı "Vəsildə hicran", - ifadəsində vurğulanır. Misrada ümummilli liderin vəfatı ilə fiziki ayrılıq (hicran) baş versə də, onun ideyaları və xalqın ona olan sevgisi sayəsində bir qovuşma (vəsl) yaşanır. O, bu itkini həm də böyük bir vüsalın-əbədiyyətə qovuşmağın başlanğıcı kimi görür. Qəzəldəki "Qəlbinin parəsidir, Azərbaycandı gələn!", - misrası Heydər Əliyevin məşhur "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - kəlamı ilə həmahəngdir. Heydər Əliyev və Azərbaycan adlarını bir-birindən ayrılmaz bütöv kimi təsvir edən şairə onun vətənə olan sevgisini "qəlbinin parəsi" adlandırırır. Qəzəldə ümummilli liderin ölümünü sadəcə bir yoxluq kimi deyil, nura boyanmış əbədi bir dönüş kimi qələmə alan Mahcamalın üslubunda bu qəmli hadisə qürur və ehtiramla ifadə olunur. Şairə Ulu Öndəri hər zaman Azərbaycanın mənəvi atası və milli dirçəlişin memarı kimi qələmə alır. Onun üçün Heydər Əliyev obrazı qəzəllərində "vətəni cənnətə çevirən can" və xalqın "vəhdət nuru"dur.Mahcamal müasir dövrün qəhrəmanlıq salnaməsini - Ali Baş Komandanın qətiyyətini və ordunun gücünü qəzəlin klassik vəzni ilə birləşdirir. Onun qəzəllərində siyasi liderin iradəsi xalqın arzularının tərcümanı kimi verilir. Dövlət rəmzlərinə sevgi bayrağımıza, himnimizə olan sevgi Mahcamalın misralarında "müqəddəs bir and" kimi səslənir. Onun milli-mədəni irsimizə və rəhbər şəxsiyyətlərə həsr olunan qəzəlləri dövlətçilik ənənələrinə sadiqlik rəmzidir. O, qəzəllərində vətənin hər qarışını, hər uğurunu təqdim edir. Mahcamalın yaradıcılığında şəhidlərimizə və millətimizin kədərli tarixinə həsr olunmuş, yüksək sənətkarlıq və bir ana ürəyinin dərin yanğısı ilə qələmə alınmış qəzəllər çoxdur. Onun bu mövzulardakı qəzəllərinin əsas xüsusiyyətlərini belə təsnifləndirmək olar. Şairə şəhidləri "ölməzlik rütbəsinə ucalanlar" kimi vəsf edir, şəhid qanının torpağı vətənə çevirən ən müqəddəs amil olduğunu vurğulayır. Onun qəzəllərində şəhidin gəlişi (şəhadəti) "vətənin şərəf silsiləsi" kimi təqdim olunur. Xocalı haqqında yazarkən şairə təkcə kədəri deyil, həm də "intiqam" ruhunu canlandıraraq unudulmaz bir yaddaş dərsi verir. Onun qəzəllərində illər boyu çəkilən ağrılar, "qisas" və "zəfər" ümidi ilə birləşir. Məhcamal xanım Xocalını həm vətən gövdəsində sağalmaz bir yara, həm də bizi güclü edən bir and yeri kimi təsvir edir.Az əvvəl bəhs etdiyimiz bu məşhur misra: "Şükr eylə vətən!", - nidası, əslində şəhidlərimizin fədakarlığına verilən ən böyük cavabdır. Vətənin duyduğu o "doğma nəfəs" məhz şəhidlərin canı, qazilərin hünəri sayəsində mümkün olub. Ümumilikdə, onun qəzəllərində Xocalı kədəri ilə Zəfər sevinci elə bir vəhdətdə verilir ki, oxucu həm itkilərin acısını, faciənin ağırlığını, həm də o acıdan doğan böyük qüruru hiss edir. Şairə, bu faciəni vətənin qanayan yarası kimi qələmə alarkən, qəzəlin klassik imkanlarından istifadə edərək oxucunun ruhuna nüfuz edir. O, bu ağrını, kədəri elə ifadə edir ki, oxucu həm o soyuq fevral gecəsinin (26 fevral) dəhşətini, həm də Azərbaycan qadınının mətanətini hiss edir. Onun yaradıcılığında Xocalı fəryadı təkcə ağrı deyil, həm də sarsılmaz bir milli iradənin ifadəsi, "fəryadı göylərə çatan məzlumun səsi"dir. Mahcamal xanım Xocalıdan bəhs edərkən, dünyanın bu haqsızlığa sükutunu da qınayır, vurğulayır ki, Xocalı faciəsi sadəcə keçmiş deyil, bizi hər zaman ayıq-sayıq saxlayan bir yaddaşdır. Diqqətçəkəm məqamlardandır ki, şairənin Zəfərdən sonra yazdığı Xocalı mövzulu qəzəllərində artıq kədər məğlubiyyət rəmzi deyil. Xocalı şəhidlərinin ruhunun Şuşada dalğalanan bayraqla şad olduğu vurğulanır. Xocalı faciəsi zəfərlə tamamlanan bir dastan kimi təqdim olunur. Mahcamal xanımın Xocalı haqqındakı misraları sanki o qanlı torpağın dilindən deyilən bir ağıdır, lakin bu ağı həm də bir qəhrəmanlıq çağırışıdır.Mahcamal xanım həm də dərin lirik qəzəllər müəllifidir. O, lirik qəzəllərində Füzuli ənənəsinə (səhl-i mümtəni) uyğun olaraq, dərin mənaları sadə və hər kəs üçün anlaşılan bir dildə ifadə etməyi bacarır. Qəzəllərində M.Füzuli ruhu, Xurşid Banu Natavan kədəri duyulur. Mahcamalın aşağıdakı misraları lirik qəzəlin ən gözəl, eyni zamanda kədər mötivli nümunələrindən biridir:Bir özüm, bir də sözüm bildi varaqlar nə çəkir.Bir əlim, bir də telim bildi daraqlar nə çəkir. Günəşin xəbəri yox, zülmət içir hər gecə ay, Qara tellərdə bitir, güllənir ağlar nə çəkir.Misralarda şairənin daxili aləmi, çəkdiyi iztirablar incə metaforalarla ifadə olunub."Bir özüm, bir də sözüm bildi varaqlar nə çəkir", - misrası yaradıcılıq prosesinin ağrılı, həm də çox məhrəm bir iş olduğunu göstərir, çünki yaradıcılıq prosesində Mahcamal vərəqlərə həm də taledən çəkdiyini, ağır itkisinin əzabını varaqlara pıçıldayır. Onun dərdinə yalnız özü və kağıza tökdüyü sözləri şərikdir. Mahcamal iztirabını hayqırmır. "Bir əlim, bir də telim bildi daraqlar nə çəkir", - misrasında qadın zərifliyi ilə kədərin vəhdətini yaradır. Darağın saçda çəkdiyi əzab, əslində ruhun çəkdiyi sıxıntıların fiziki təsviridir. Mahcamal ağrısını, iztirabını, həsrətini vərəqlərə, misralara səpələyir: "Günəşin xəbəri yox, zülmət içir hər gecə Ay", - ifadəsi ilə işıqlı günlərin uzaqlığını, gecələrin isə kədərlə, həsrətlə dolu olduğunu bildirir. Günəş (xoşbəxtlik) bu dərddən xəbərsizdir. Bundan xəbər tutmaq üçün ağaran saçlara nəzər salmaq kifayətdir. O, saçların ağarmasını, insanın yaşadıqları nəticəsində vaxtsız qocalmasını, o qədər poetik bir dillə təsvir edir ki…"Qara tellərdə bitir, güllənir ağlar nə çəkir", - misrasındakı "ağların güllənməsi" kimi… Bu beytlər həm də Mahcamalın eşq və həsrət mövzusunda nə qədər güclü qələmi olduğunu təsdiq edir. Onun fəlsəfəsinə görə, "Qara tellərdə bitən ağlar" (saçın ağarması) sadəcə qocalıq deyil, həm də bir təcrübə, həyatın çətin imtahanlarından keçmiş ruhun işığıdır. O, insanı həm kədəri, həm də sevinci ilə bütöv qəbul edir. Mahcamalın qəzəllərindəki bu hikmətli tərəf, onun "Dünya bir pəncərədir", - fəlsəfəsinə necə poetik don geyindirdiyini görmək baxımından çox maraqlıdır.Mahcamalın bu tərzdə olan lirik duyğulu, gizli ağrı və kədər motivli qəzəlləri çoxdur. Onun misralarındakı hər kəsə deyil, yalnız o duyğunu yaşayanlara çatır. Necə deyərlər, "Eşq əhli bilir ki, nədir eşq, zahid nə bilsin?" İzləyək.Gecənin bağrına bas, ol ona dildar işiğım, Bəzə güllərlə, gülüstan ilə gülzar işığım.Sən əgər küsməyi tərk eyləməsən biz küsərik. Edərik şami-qəriban, çəkib ah-zar işığım.Şairənin klassik qəzəl ənənəsinə sadiq qalaraq yazdığı bu beytlər, nurun və sevginin qaranlıq üzərindəki qələbəsinin və ümidin həyatverici gücünün obrazlı tərənnümüdür. İşığa müraciət edərək zülməti gözəlləşdirməyi xahiş edən şairə, nurun (və ya sevginin) küsməsinin və ya çəkilməsinin həyatı hicranın qaranlıq axşamına çevirəcəyini vurğulayır. Qəzəlinin məqtə beyti belə tamamlanır:Deyəcək Mahcamalın fəxrilə var nar, işığım,Hələ mehmandır hər xanəyə nar, işığım".Burada, "nar" (bolluq, bərəkət, məhsuldarlıq, sevgi və ölümsüzlük gözəllik, məhəbbət və evlilik bağının möhkəmliyi simvolu kimi) və "işıq" rəmzləri ilə çox maraqlı bir fəlsəfi oyun quran şairə öz varlığını və yaradıcılığını bu nurun, bu müqəddəs odun bir parçası hesab edir. Əvvəlki misradakı "nar danələrinin hər xanəyə mehman olması" həm bərəkəti, həm də birliyi simvolizə edirsə, nar həm də daxili bir yanğının (eşqin və vətən sevgisinin) rəmzi hesab olunur. İşıq rədifli qəzəl bütövlükdə, ümid dolu bir manifestdir. Şairə qaranlıq gecələrdən (zülmətdən) qurtulub, həm fərdi ruhun, həm də vətən torpağının (yad əldə qalan yurdun) nura boyanmasını arzulayır (Şükürlər olsun ki, artıq o arzular çin olub!)Mahcamal yaradıcılığında sənətkarlıqla klassik əruz vəzninin sərt qaydaları ilə müasir insan ruhunun kövrəkliyini birləşdirir. Onun üslubunu bu qədər cəlbedici edən bir neçə əsas məqama nəzər salmaqda fayda var. Qələmindəki səmimiyyət, İşıq və Zülmət təzadı, milli və bəşəri duyğular və s. Şairə "qara tellərdə bitən ağları" təsvir edərkən sadəcə qafiyə xatirinə yazmır, sanki öz ömür yolunu vərəqlərə köçürür. Onun qəzəllərində ümid (işıq) həmişə kədərdən (zülmətdən) güclü çıxır (Xeyir və Şərin savaşı). Bu, müdriklik oxucuya təsəlli verir. Digər tərəfdən, o, həm bir ana, həm bir vətəndaş, həm də bir aşiq kimi danışmağı bacarır. Mahcamalın bu cür "işıqlı" qəzəlləri ruhu dincəltmək üçün ən yaxşı sığınacaqdır.“Ney kimi hər dəm ki, bəzmi-vəslin yad eylərəm”, Ta nəfəs vardır quru cismimdə, fəryad elərəm. Mahcamal, nəqşin kalam eşqi, güli-bülbülü eşq,Böylə aşiqlik edib, hər dəm yarı yad edərəm.Mahcamalın Füzulinin “Ney kimi hər dəm ki, bəzmi-vəslin yad eylərəm”, - misrasını təzmin edərək yazdığı qəzəl Heyran xanımın məşhur qəzəlindəki "Hərçi fəryad edərəm, kimsə yetişməz dadə, / Sən özün dadə yetiş, ol şəhi-fəryadə yetir", - misralarını xatırladır. Bu beyt Heyran xanımda tənhalıq və hicran əzabı çəkdiyi bir vaxtda fəryadının eşidilməsi üçün səsləndirdiyi xitabıdırsa, Mahcamalda eşq və vəsl həsrəti, son nəfəsədək sadiqlik və eşqlə könlü abad etmək arzusunu ifadə edir. Şairə eşqi kainatın nəqşi və həyatın mənası kimi təsvir edərək, vəslin xatirəsi ilə yaşamağın coşqusunu çatdırır. Qəzəl klassik eşq fəlsəfəsinin müasir ruhla vəhdətidir, "Böylə aşiqlik edib, hər dəm yarı yad edərəm", - sadiqlik və vəfa simvoludur. Misraların dərinliyində gizlənən bir neçə mühüm məqama nəzər salaq. Klassik poeziyada aşiqin ən ali məqamıdır – cismi quru bir qəfəs olsa da, ruhu o xatirə ilə nəfəs alır. Şairə "bəzmi-vəslin" (vüsal məclisinin) xatirəsi ilə yaşayır. Onun fəryadı ümidsizlik deyil, eşqin ucalığını dünyaya bəyan etməkdir. Qəzəldəki "Nəqşin kalam eşqi, güli-bülbülü eşq", - ifadəsi göstərir ki, şairə üçün kainatda gördüyü hər bir gözəllik-çiçək də, bülbül də, yazılan hər söz də-eşqin bir təzahürüdür. "Hər dəm yarı yad edərəm", - misrası aşiqin heç bir anını sevgilisiz (və ya ilahi eşqsiz) təsəvvür etmədiyinin göstəricisidir.Mahcamalın Füzulidən təzmin etdiyi, qəzəl ustadından misra və ya beytlərini öz qəzəllərinə daxil etmələri çoxdur. Bu bir tərəfdən onun dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığına olan hörməti, qəzələ bağlılığının nümunəsidirsə, bir tərəfdən də, bir növ ədəbi məktəb davamçılığıdır. Mahcamal Füzulidən təzmin etdiyi "Təriqi-üns tut ki, bir ovuc torpaq bir adəmdir", - beytinə yazdığına nəzər salaq: Hər ovuc torpaq ətir bir neçə gül xanəsi var, Gül də bir adəm olub, canda canın canəsi var. Hər yolun gözləyəni, gözdə zaman hökmü rəvan, Hər gözün söz deyəni, düzməyə dürr danəsi var.Füzulinin fəlsəfi dərinliyi ilə Mahcamalın poetik incəliyinin bu müqayisəsi klassik hikmətlə müasir qəzəlin eyni kökdən qidalandığının təsdiqidir. Bunu misraların müqayisəni incələrkən görmək çətin deyil. Füzuli "bir ovuc torpaq bir adəmdir", - deyəndə o, insanın yaradılışındakı sadəliyə, eyni zamanda kainatın insanda cəmləşməsinə, sufi fəlsəfəsindəki "torpaqdan gəlib torpağa getmək" və “insanın müvəqqətiliyi,”, - fikrinə işarə edir. Mahcamal isə bu fikri daha da rəngarəngləşdirir. Onun üçün torpaq sadəcə "adəm" deyil, həm də bir "gül xanəsi"dir. Şairə "Gül də bir adəm olub", - deməklə təbiətlə insanı eyniləşdirir, hər bir çiçəyə bir ruh, bir can verir. "Gözdə zaman hökmü rəvan", - ifadəsi isə zamanın amansız axışını və insanın bu axışdakı intizarını, kədərini ifadə edir. Ancaq kədərin qarşısında şairənin bir təsəllisi var: "Dürr danəsi". Yəni hər kədərli gözün deyəcək qiymətli bir sözü, inci kimi düzüləcək bir dərdi var.Mahcamal xanımın yaradıcılığındakı ümid işığı, klassik qəzəlin ağır hüznünü sanki şəffaf bir nura boyayır. Füzulidə torpaq daha çox fanilik və yoxluq rəmzidirsə, Mahcamal xanımda o, içində min bir gül gizləyən canlı bir xanədir. Onun "gül də bir adəm olub", - yanaşması, əslində insana və təbiətə olan sonsuz sevginin təzahürüdür. Bu ümid həm də ondan qaynaqlanır ki, şairə kədəri bir son deyil, inciyə (dürr danəsinə) çevriləcək bir proses kimi görür. Azərbaycanın klassik şairlərinə (Füzuli, Nəsimi, Cavid) və muğam sənətinə xüsusi ehtiram bəsləyən şairə muğamı "ruhun qidası", qəzəli isə o qidanın "dadı-duzu" hesab edir. Onun bir çox qəzəli məhz muğamın şöbələrinə uyğun ritmdə və ovqatda yazılıb. Belə qəzəllərindən birini şairə nakam şairimizə, Müşfiqə həsr edib. Yenə Müsfiqlə görüş dərdü ələmlər yığışıb,Yenə dağlarda dönüş gözləri nəmlər yığışıb.Yenə şairlə görüş sözləri cəmlər yığışıb. Yenə dağ içrə məkan, əhli-qələmlər yığışıb.Yenə gül kölgəsi, bülbül ahı, Müşfiq günüdür, Yenə sevdalı könüllər şahı Müşfiq günüdür, Yenə söz məclisi, söz dərgahı Müşfiq günüdür, Yenə dağ içrə məkan, əhli qələmlər yığışıb.Xızı dağlarında ənənəvi "Müşfiq günləri"nin poetik təsviri və şairin xatirəsinə olan dərin hörməti ifadə olunan bu şeirdə Mahcamal Müşfiqin ruhunun təbiətlə və sənət adamları ilə birliyini, kədər və sevgi dolu bir ortamı tərənnüm edir.Yenə yaz sən “Oxu tar”, ah səni ellər unudar,Yenə yaz sən “Oxu tar” bəlkə, bu yellər unudar, Yenə yaz, yoxsa yad avazla o tellər unudar, Yenə dağ içrə məkan, əhli qələmlər yığışıb.Mahcamal xanımın bu sətirləri Mikayıl Müşfiqin "Oxu, tar" ruhunu yaşadan, milli sənətin və istiqlal eşqinin unudulmaması üçün edilən poetik bir cəhddir, çağırışdır. Müşfiq dühasının milli musiqimizi və sözümüzü yad təsirlərdən qoruyan ölməz bir mənəvi mərkəz olduğuna vurğudur: Ey fələk, zülmün ilə soldu gülüstan, çəmənim,Nə ötür bülbülü-şeydam, nə gülüm məst edənim. Nə luzum ki, yox ikən sevgili canan bəzənim.“Pənbeyi-dağı-cünün içrə nihandır bədənim,Diri olduqca libasım budur, ölsəm kəfənim”Mahcamal Füzuli dühası ilə dialoqa girərək, klassik təzmin sənəti vasitəsilə bədii vəhdət yaradır. "Pənbeyi-dağı-cünün..." beytinin istifadəsi aşiqin eşq iztirabına sadiqliyini vurğulayaraq, klassik irsə bağlılığını və "söz varisi" olduğunu təsdiq edir:Etiraz eyləmədim qismətə həmraz ey dil,Qurban etdim cana can, can edə pərvaz ey dil,Min kəlam içrə bunu həkk eləyib, yaz ey dil,“Canı canan diləyib, verməmək olmur ey dil!Nə niyaz eyləyəlim, ol nə sənindir, nə mənim!Füzuli ənənələrinə əsaslanan bu misraları təslimiyyət və eşq fəlsəfəsini tərənnüm edərək, canın canana fəda edilməsini və ruhun azadlığını vəsf edən şairə, canı müvəqqəti əmanət kimi təqdim edərək, bu ilahi və ya vətənpərvərliyin ən ali nöqtəsi olan fədakarlığı şəhidlik zirvəsi ilə vəhdətdə nümayiş etdirir:Könlüm ah etmədə, istər yenə bir Xan oxusun,Arayıb Seyyidi tez Zülfü pərişan oxusun,Vura zəngüləni ellər deyə hər an oxusun,“Oxu ey bülbülü-şeyda, gülü-xəndan oxusun,Görsün öz aşiqini, şur ilə canan oxusun”.Qəzəldə, Xan Şuşinski və Seyyid Şuşinski kimi ustadlara işarə olunaraq, klassik muğam sənətinə olan dərin ehtiramını bildirən şairə zəngülə sənətini vəsf edir. Bülbül və gül obrazları vasitəsilə musiqi, aşiq və canan arasındakı mənəvi vəhdəti “Şur” muğamının coşqusu ilə ifadə edir.Xoş kəlamlarını avazlara qatmış Vahid,Feyziyab etmədə, yetmiş can oyatmış Vahid, Mahcamal arzusuna gör necə çatmış Vahid,“Təbrizin nəğməsini xəlqi yaratmış Vahid,Qoy desin, fikrimə əhsinə bütün ürfan oxusun”.Mahcamal xanımın qəzəl janrının sonuncu böyük ustadı Əlağa Vahidə həsr etdiyi bu beytlər, klassik ənənənin necə yaşadıldığını və şairlərin bir-birinə olan mənəvi bağlılığını göstərir. Misralarda həm sənətə hörmət, həm də milli birliyin poetik vəsfı var. Vahidin qəzəllərinin muğamla, avazla ayrılmaz olduğunu vurğulayan Mahcamalın "Yetmiş can oyatmış", - ifadəsi Vahid yaradıcılığının xalqın tərəfindən sevildiyinə, hər kəsin qəlbinə toxunduğuna işarədir. “Təbrizin nəğməsi” misrası isə qəzəlin ən mühüm siyasi-mənəvi mesajıdır. Qəzəldə, Vahidin Təbriz həsrəti və o taylı-bu taylı Azərbaycan ideyası "xalqın yaratdığı nəğmə" kimi təqdim olunur. Bu da, şairin millətin dərdini özününküləşdirməsinin təsdiqidir. Şairə qeyd edir ki, Vahid öz sənəti ilə ən ali məqsədinə-xalqın sevgisinə nail olub, tarixin yaddaşına köçüb. "Qoy desin, fikrimə əhsən bütün ürfan oxusun", - misrası şairənin öz sənətinin də həmin o "anlayanlar" (ürfan əhli) tərəfindən yüksək qiymətləndirilməsinə olan inamının ifadəsidir. Yazımızda Füzuli, Natəvan, Heyran, Müşfiq və Vahiddən keçərək Mahcamal xanımın yaradıcılıq palitrasını az da olsa, izlədik. Və gördük ki, bu yalnız Mahcamalın qəzəliyyatını izləmək deyil, Azərbaycan ədəbiyyatının qızıl zəncirini izləməkdir. Çünki Mahcamalın yaradıcılığı Azərbaycan qəzəlinin dünəni ilə bu gününü birləşdirən möhtəşəm bir sənət körpüsüdür. Mahcamalın yaradıcılığı bir daha sübut edir ki, qəzəl janrı bu gün də yaşayır, ən müasir ağrıları, sevincləri klassik qəlibdə ifadə edə bilir. Qəzəl oxumaq və dinləmək müəyyən bir estetik hazırlıq tələb edir. "Qara tellərdə bitən ağlar", - obrazını anlamaq üçün insanın gərək duyğu dünyası zəngin olsun. Bəllidir ki, qəzəl kütlə üçün deyil, onu anlayanlar üçündür, yəni qəzəl janrı bir növ "elitar sənət" statusu daşıyır. Mahcamal xanım kimi sənətkarlar da məhz həmin o seçilmiş, "söz sərrafı" olan oxucu üçün yazırlar. Müasir dövrdə qəzəlin bu cür fəlsəfi və ağır dili gənc nəsil tərəfindən kifayət qədər dərk olunmasa da…Halbuki, indiki sürətli və bəsit informasiya dövründə qəzəl bir ruhun sakitlik tapdığı, sözün dəyər qazandığı bir sığınacaqdır. "Yolunu bilənlər"in baş çəkdiyi məkandır. Mahcamalın yaradıcılığı zəngindir, təbii ki, onu bir məqaləyə sığdırmaq olmaz. Burada yazımızı sonlandırır və deyirik, təbiniz tükənməsin, Mahcamal xanım! ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.