“İNCİLƏR” KİTABININ İNCƏ QƏHRƏMANLARI Humanitar elmlər, Elmi Məqalələr 16 ноября 2025 10 0 1 2 3 4 5 MƏNZƏR NİYARLI (HÜSEYNOVA) AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, yazıçıAygün Həsənoğlu istedadlı qadın yazarlarımızdan biridir. Onun böyüklər üçün yazdığı əsərlər həmişə diqqət mərkəzində olub. Uşaqlar üçün yazdığı bir neçə kitabın da müəllifidir. Müəllif realist yazıçıdır. Dilinin rəvanlığı, səlistliyi, axıcılığı ilə diqqət çəkib. Özü də filologiya üzrə fəlsəfə doktorudur. Aygün xanımın on dörd kitabı, bir neçə teatr əsəri var. Axırıncı dəfə çap etdirdiyi “İncilər” kitabını 9-12 yaşlı uşaqlara həsr edərək onların həyata baxışlarını, doğmalarıyla münasibətlərini, söhbətlərini qələmə almışdır. Müəllif özü axarlı, baxarlı, yaşıl meşələrin əhatəsində yerləşən, təbiəti gözəl Qəbələ şəhərində doğulub, böyüyüb. Ona görə də onun əsərlərində təbiət təsvirləri, ormanlar, buz kimi bulaqları görürsən, gülün, çiçəyin ətirini hiss edirsən. Filologiya elmləri doktoru Elnarə Akimova uşaqlara hər etdiyi məqalələrin birində yazır: “Təbiətin öyrənməyin ən gözəl vasitəsi uşaq ədəbiyyatıdır. İnsan böyüdükcə, onun təbiətə münasibəti də dəyişir. O, təbiətdə toxunduğu hər şeyi dəyişib, özünə oxşamağa, insanlaşdırmağa çalışır”. (Elnarə Akimova. Azərbaycan uşaq ədəbiyyatı. Tarix təcrübə müasir uşaq ədəbiyyatında. Səh.29. Bakı, 2024.) Bu əsərdə də biz belə faktlara tez-tez rast gəlirik. “İncilər” kitabını vərəqlədikcə çoxlu maraqlı obrazlarla tanış oluruq. Əsərin əhəmiyyəti ondadır ki, bu kitabı oxuyan uşaqlar özləri ilə çox şeyləri əxz edirlər. Müəllifin kitaba yerləşdirdiyi hər bir hekayəsi ibrətamizliyi ilə seçilir. “Xoşbəxt uşağın nağılı” hekayəsini nəzərdən keçirək. Bu hekayənin qəhrəmanının ikicə yaşı var və bu iki yaşlı uşağın adamlara münasibəti, etdiyi hərəkətlər onların həyat tərzini dəyişir. Hekayə şəhərlərin birində işə, məktəbə, idmana qaçan insanların həyatının təsvir ilə başlayır, həyatları yeksənəq keçən adamların üzü gülmür, bir-biri ilə ünsiyyət qurmağa da həvəssizdirlər. Axşamlar evə yığışan ailə bir-birlərilə soyuq davranırdılar. Onların belə davranışına bilgisayar, pılanşetlər də öz təsirini göstərirdi. Burada üzlərində təbəssüm olan insanlar görünmürdü, uşaq qəhqəhələri eşidilmirdi. Beləcə kədərli, soyuq, səssiz-küysüz yaşayırdılar. Müəllif bu şəhərin adını “Kədərlilər şəhəri” və yaxud “Bədbəxtlər şəhəri” qoymuşdu. Və birdən-birə burda yaşayan ailələrin birinin evinə bir uşaq gəlir. Səssizcə yeməklərini yeyən, bir-birləriylə danışmayan ailə pəncərədən onlara gülümsəyib salam verən uşağı görürlər. Onu götürüb yanlarında saxlayırlar. Uşaq səhər tez durar, anaya, uşaqlara “Salam” deyə-deyə hamını güldürərdi. Bu balaca oğlanı bağçaya qoyurlar, Uşaq bağçada da, qonşular arasında da «Salam» deyib bir ünsiyyət yaradar, onları güldürərdi. Artıq kənd bu uşağın təbəssümü sayəsində bir-biriləri ilə danışmağa başladılar. Uşaq kənddə xoş əhval-ruhiyyə yaratmışdı. Kənd tamamilə dəyişmişdi. Əsərin sonunda uşaq birdən-birə yox olsa da “Bədbəxtlər” şəhərini “Xoşbəxtlər” şəhərinə çevrib gedir və onun yerini balaca bir qız tutur. Bu qız uşağının ilk dil açdığı «salam» sözü olur və hər kəsi güldürür. Hekayənin sonunda müəllif yazır. “İnsanlar bir-birilərinə gülümsədikcə, başa düşdülər ki, əslində xoşbəxt olmaq çox asan imiş. Çünki hər kəsin içində bir xoşbəxt uşaq var”. (Aygün Həsənoğlu. İncilər. İstanbul, 2022, s.18) Bu hekayədə müəllif maraqlı bir sujet quraraq insanlar arasında ünsiyyətin, doğmalığın qorunması məsələsinə toxunur. Bu nəsr nümunələrində qoyulan problemlər insana qayğı, məhəbbət, humanizm, zəhmətə qovuşmaq, düzlük hisslərini aşılayır.Başqa bir esseyə nəzər salaq. Müəllif, yuxarıda dediyimiz kimi, özü Qəbələdən olduğu üçün doğulduğu torpağın payızını balaca bir hekayədə elə gözəl təsvir edir ki, oxucu sanki həmin yerin payız fəslinə düşür və payızın havası ilə nəfəs alır. Müəllifin dili sadə və ürəyəyatımlıdır. Onun uşaqları cəlb edən dilinin oynaqlığına, xalq deyimlərinə, şişirtmə cümlələrinə nəzər salaq. Esse belə başlayır. “Vayhavıy külək əsdi. Şaraq-şaraq ildırım çaxdı. Qapılar tarakkatarak çırpıldı. Damlalar şappaşap töküldü. Şırhaşır yağış başladı. Sonra gürhagur sel gəldi. Sel dayandı, tarappatap dolu tökdü. Nənə cücələri çağırdı “Cip-cip”. Ana toyuq cavab verdi: “Qırt-qırt”. Nənə cücələri hinə yığdı, evə gəldi. Sobanı gurhagur yandırdı. Şabalıdları sobanın üstünə düzdü, üstünü də qapaqla örtdü. Şabalıdlar partapartla düşdü. Hamı şabalıdı “bəh-bəh”lə yedi”. (Aygün Həsənoğlu. İncilər. İstanbul, 2022, s.18) Sözün oynaqlığı, xalq deyimlərinin istifadəsi və s. esseyə bir şirinlik gətirir. Müəllifin yuxarıda deyildiyi kimi, uşaqlara həsr etdiyi hekayələrdəki mövzular balaca oxucunu həm də maarifləndirməyə xidmət edir, onların bilmədikləri və bilmək istədikləri hekayələrdə öz əksini tapır. Bir növ bu hekayələr öyrədici rol oynayır. Məs. “Küsmüş dişlər”, “Günəbaxan”, “Oyuncaqlar qırılanda” hekayələri. “Oyuncaqlar qırılanda” hekayəsində əsas qəhrəman oyuncaqlarını qıran Elnurdu. Birinin başını, birinin qollarını, o birinin gözlərini, maşının təkərlərini qıran Elnur ayağı oyuncaqlara ilişdiyi üçün yıxılaraq qolunu əzib ağlaya-ağlaya anasının yanına qaçır. Ana isə ona başa salır ki, sənin qolun ağrıyırsa, gör sənin qırıb tökdüyün oyuncaqların necə ağrıyırlar, ancaq onlar qışqırmırlar, ağlamırlar. Elnur səhvini başa düşür və bir-bir oyuncaqlarını təzədən düzəltməyə başlayır. “Bilinməyən acılar” hekayəsində İstanbulda bir məktəbin qabağında dayanıb idman dərsində xoşbəxtcəsinə əylənən, gülən uşaqlara baxıb göz yaşı tökən kişiyə polis irad tutanda deyir ki, o Cənubi Azərbaycandandır. Biz uşaqlar fars dilini qavramadığından döyürdülər, incidirdilər. Ona görə ki, 40 milyon azərbaycanlı olan güney Azərbaycanda hələ də Azərbaycan dilində məktəb yoxdur. Biz ancaq fars dilini öyrənməliyik. Müəllif hekayənin sonunda yazır ki, uşaqlar,bəs siz güney Azərbaycan haqqında bilirsinizmi? Bilmirsinizsə, mütləq öyrənin. Çünkli orada qanı, canı, dili sizdən olan bacı-qardaşlarımız var. Onlar da sizin kimi danışırlar, sizin kimi mahnı oxuyurlar, sizin kimi rəqs edirlər. Onlar da sizdəndirlər.“Ağa olmaq istəyən ayı” hekayəsinin əsas ideyası isə ancaq özünü düşünən, hamıdan yüksəkdə duran, hamıya ağalıq və yanındakıları özünə tabe etmək istəyən uzaq Qüzey qütbündən gəlib meşədə məskən salan ayıdan danışılır. İnsanlar arasında da belə özündən müştəbeh adama rast gəlmək olur. Ayı yüksək yerə çıxıb meşədəki heyvanlara səslənir ki, hamı ona tabe olsun. Ona hər gün yemək gətirsinlər. Tülkü, dovşan, balaca günəş ayısı isə ayıya dost olmağı təklif edirlər. Mən dost olmaq istəmirəm. Ağ ayı deyir. Meşədəki heyvanlar ondan uzaqlaşırlar. Ayının tək qalmağının səbəbi isə “ağa” olmaq arzusu idi. Əgər dostluğu qəbul etsəydi tək qalmazdı. “Hər kəsin öz nəğməsi” hekayəsi də ideya baxımından maraqlıdır. Hekayədə özündən razı bir qarğa obrazı var. Qarğa meşədə cəhcəhlə nəğmə oxuyan quşlara əmr edir ki, hamı bərabər olmalıdır və həm də mənim kimi oxumalısınız. Bülbül, qaranquş, sərçə, sağsağan öz etirazını bildirirlər və qarğanın yanından uzaqlaşırlar. Bu mövzuda yazılan hekayə uşaqların tərbiyəsinə, onların insanlara münasibətdə necə olmalıdır yolunu göstərir. Aygün xanımın bədii üslub və ifadə tərzi də yenidir. Onun hekayələrində şifahi xalq ədəbiyyatının təsiri də görünür.Müəllif uşaqlardan yazarkən onların estetik zövqünün formalaşmasına təsir edən mövzulara da toxunur. “Göl suyu”, “Fidanla Nurayın fidanı” və başqa hekayələr. Fidanla Nuray həyətdə bir fidan ağacını qoparıb atan dəcəl oğlanı danlayaraq ağacı evə gətirib dibçəkdə əkirlər. Ağac dirçələndən sonra aparıb təzədən həyətdə basdırırlar. Fidan ağacı böyüyür, yaşıllaşır, həyətə kölgəlik gətirir, gözəlləşir və çoxlu almalar yetişdirir. Dəcəl oğlan isə tutduğu əməldən peşiman olur. Aygün Həsənoğlunun uşaq hekayələrinin bir mövzusu da diqqətimizi çəkdi. Uşaqları məlumatlandırmaq. İnformasiya baxımından da kiçik yaşlı uşaqlar bu hekayələri oxuyarkən çox şey əldə edirlər. Bu da uşaqların dünya görüşünü daha da təkmilləşdirməyə kömək edir. Məsələn “Günəbaxan”, “İpəkqurdu”, “Küsmüş dişlər” və s. “İpəkqurdu” hekayəsində iki bacı Ülkər və Sədəf balaca bir qurd görürlər və onu öldürmək istəyirlər. Nənələri isə onu öldürməyə qoymur və deyir ki, bir tut yarpağı gətirin. Qurd yarpağı görən kimi xarçıltıyla yeyir. Sonra nənə bu qurdun insanlara necə fayda verdiklərindən danışır. Məlum olur ki, bunun adı Barama qurdudur. Nənə o qurda hər gün tut yarpağı yedirdir. Bir gün görürlər ki, qurd ağabaq bir sapa dolaşıb. Məlum olur ki, qurd özünə paltar tikib. Bu onun öz sapıdır. Nənə deyir ki, siz ona hər gün yarpaq verin. O bu paltarın içinə girəcək. Doğrudan da elə olur. Qurd yox idi, ağabbaq paltarı ordaydı və bu bir daşa bənzəyirdi. Qurdun bu paltarın içinə girdiyini görürlər. Buna isə Barama deyillər. Bir müddət keçəndən sonra ağ daşa bənzəyən baramanın bir tərəfi deşilmişdi, üzərində isə bir kəpənək vardır. Bu İpəkqurdu yedikləri tut yarpağı ilə bədənlərindən sap çıxararaq özlərinə yuva hörürlər, sonra kəpənəyə dönərək baramanı deşib uçub gedirlər. Barama da insanlara qalır. İlk dəfə bu baramanın saplarını açmaq fikri Çində baş verib. Sapları açıb ondan parça toxuyurlar. Sonra isə bu Barama qurdunun yetişdirdiyi ipəklər dünyaya yayılır. Nənə sözünə əlavə edərək deyir: “Onu da bilin ki, keçmişdə dünyanın ən məşhur ipəyi bizim Şəki ipəyi idi. Şəki ipəyi Şəki rayonunda toxunur, oradan bütün dünyaya satılırdı. İpək o qədər məşhur idi ki, Çinə qədər uzanan ticarət yoluna “İpək yolu” deyirdilər.”Filologiya elmləri doktoru M.Nəcəfova Aygün Həsənoğlunu romanına həsr etdiyi məqaləsində yazı: “Aygünün yaradıcılığı hansı janrda və kimlər üçün yazılmasından asılı olmayaraq bir missiyanı yerinə yetirirdi. Sözün həqiqi mənasında xalqına və insanlığa xidmət etmək”. (Aygün Həsənoğlunun “Ceyhunun zaman maşını” romanında uşaq tərbiyəsi və ailə. s.316; Mərziyə Nəcəfova. Savaşdan qələbəyə – Azad Şuşa ədəbiyyatda.; Elm və həyat, Bakı, 2023.)İstedadlı yazarımız, alimimiz Aygün Həsənoğlu kitabının ön sözündə yazdığı kimi biz bu “İncilər” kitabında çoxlu maraqlı uşaqlarla, obrazlarla tanış olduq. Heyvanların, çiçəklərin, əşyaların danışdığını eşitdik, xeyli hadisələrin şahidi olduq. Aygün Həsənoğlu qardaş ölkədə yaşasa da, qəlbi həmişə öz xalqı, vətəni üçün döyünür. Biz ona yaradıcılığında uğurlar arzulayırıq. ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.