İNTİQAMLI GÜNLƏR ŞƏHİDLƏRİMİZ 13 апреля 2026 22 0 1 2 3 4 5 Şəhid İntiqam Cəbrayıl oğluAbdullayevin əziz xatirəsinə böyük ehtiramlaŞəki rayonunun Baş Layısqı kəndi. Hər tərəfdən uca dağlarla əhatə olunmuş kənd cənnətə bənzəyirdi. Qışı sərt, yayı da sərin havası insanları valeh edirdi. Dağlardan süzülüb gələn su buz kimi soyuq olurdu hər fəsildə. Çəmənlərdə açan rəngbərəng xırda çiçəklər elə gözəl görünürdü ki, insan gözünü çəkə bilmirdi bu mənzərədən. Yazda, yayda tünd yaşıl rəngdə olan təbiət sanki ətrafa gözəlliyi ilə meydan oxuyurdu. Meşələrdən bütün günü quşların cəh-cəhi eşidilirdi. Şırhaşırla axan bulaqlar təbiətə rəng qatırdı. Tez-tez yağan yağışlar dağları, meşələri cana gətirirdi. Yağışdan sonra dağlarda, meşələrdə yırtıcı heyvanların ləpirləri görünürdü. Qış fəslində ayrı bir gözəllik olurdu bu kənddə. Yağan qalın qar hər yeri ağ yorğana bənzədirdi. Damlardan asılmış buz parçaları azı bir metrə çatırdı. Dağlardan eşidilən güllə səsləri ovçuları bir-biriylə sanki bəhsə girməyə çağırırdı. Ağ qarı qaça-qaça yaran dovşanlar, dağ keçiləri hara gedəcəklərini bilmirdilər. Kəndin daimi qonağı olan bütün ili dağlardan sallanıb kəndə baxan duman, dağların sanki tacı idi. Buz bağlayan yollarda qışqıra-qışqıra xizək sürən uşaqlar bu kəndin gələcəyi, adət-ənənələri yaşadacaq gəncləri idi. Öz gözəlliyi ilə adı dillərdə gəzən bu kənddə evlər az idi. Kəndin köhnə məktəbi, şagirdlərin şən səs-küyü kəndə canlanma gətirirdi. Məktəbin həyətində söhbət edən qızların içərisində Nərgiz adlı bir qız var idi. Öz bacarığı, təmizkarlığı və zirək olması ilə seçilirdi. Çox uşaqlı ailənin qızı olan Nərgiz ev iş-lərində anasına yaxından kömək edirdi. Özündən kiçik bacı-qardaşına baxır, anası ilə sahədə işləyirdi. Zəhmətkeşliyi indidən bəlli olan bu qız anasının və ailənin dayağı idi.Nərgiz artıq məktəbi bitirmişdi. Bütün gənc qızlar kimi o da öz sevdiyi adamla ailə qurmaq istəyirdi. Həm Nərgizin ailəsi, həm də oğlanın ailəsi bu isdivaca çox sevindilər. Böyük sevinclə, razılıq verdilər. Xeyir-dua verərək gənclərə xoşbəxtlik arzuladılar.Nərgizlə Cəbrayıl el adəti ilə evləndilər. Nərgiz yalnız yaşadığı evi dəyişmişdi. İsti ev, doğma münasibət hər şey olduğu kimi qalırdı. Özünü xoşbəxt hiss edirdi. Gəlin gəldiyi ailə də böyük idi. Həyat yoldaşının ailəsini öz ailəsi kimi sevirdi. Nərgiz sayılan, sevilən gəlin oldu bu evdə. Bu evdə, bu ocaqda onun xüsusi yeri var idi. Evdarlığı, cəldliyi, qocaqlığı ilə seçilirdi. Belə gözəl günlərin sayəsində Nərgiz ana oldu. Ailəyə böyük sevinc yaşadan körpəyə İntiqam adını verdilər.Nərgiz öz körpəsini qeyri-adi məhəbbətlə sevirdi. Bu sevgi o qədər qeyri-adi, böyük idi ki, hətta kənardan hiss olunurdu. Nərgiz gecələr körpəsini sinəsinə qısıb, ona gözəl laylalar deyirdi. Gündüzlər qucağında gəzdirir, telinə zərər gəlməsindən qorxurdu. İlahi, demək ana olmaq bu qədər gözəl bir hisdir. Qara qaş, qara göz bu körpə Nərgizi xoşbəxt etmişdi. O, qədər xoşbəxt etmişdiki, heç nədə gözü yox idi. İntiqamla keçən hər saat, hər dəqiqə, hər gün bal kimi şirin görünürdü Nərgizə.İntiqamın qardaşları doğuldu. Artıq o tək deyildi. Emin və Rəşad.Ailə artıq kənddən şəhərə köçmüşdü. Bütün gənc ailələrdə olduğu kimi Nərgizin də ailəsində çətinliklər var idi. Bu çətinliklərə Nərgiz həyat yoldaşı ilə sinə gərir. Birlikdə əl-ələ verərək öhdəsindən gəlir. Oğullarını böyüdür. Üç oğulun böyüdüyü ailə nümunəvi bir ailə olaraq tanınırdı.İntiqam böyümüşdü. Məktəbə gedirdi. Dərslərini yaxşı oxuyurdu. Ananın ən böyük arzusu oğlunun ali məktəbə girməsi idi. Gözəl təhsil alması, işləməsi, ailə qurması. Ana bunları arzu edirdi. Təkcə arzu etmirdi. Bu arzuların çin olması üçün çoxlu əziyyətlə qatlaşırdı. Təki onun İntiqamı xoşbəxt olsun!İntiqam məktəbi yaxşı qiymətlərlə bitirib, ali məktəbə daxil oldu. Ana elə xoşbəxt idi ki, çəkdiyi bütün əziyyətlər, yuxusuz gecələr hamısını unutmuşdu.Bir gün ana işdən gələndə qapını İntiqam açdı. Salamlaşdılar. Ana ayaqqabılarını çıxarıb evə keçdi. İntiqam anasının köhnə ayaqqabılarına baxdı. Heç fikir verməmişdi. Ana, deyərək çağırdı. Sən işə köhnə ayaqqabı ilə gedirsən? Ana gülümsədi. Oğlum mən özüm də ala bilərəm. Ancaq oğlum alan ayaqqabını istəyirəm geyim. Mütləq ana, mütləq alacağam! Sənin üçün hər şeyin yaxşısını alacağam. Ana qürurla oğluna baxdı. Köksü dağa döndü!İntiqam ali məktəbi bitirdi. Yaşıdları kimi o da, hərbi xidmətə yollandı. Ana çox darıxırdı. İntiqamsız keçən hər gün ona bir il kimi görünürdü.Görəsən insanlar xoşbəxtliyi niyə əllərində ömürlük saxlaya bilmirlər?İntiqam hərbi xidmət zamanı şəhid olmuşdu. Özü şəhidlik zirvəsini fəth etmiş, anasına isə şəhid anası adını qazandırmışdı!İlahi! Nərgiz ananın ah-naləsi, fəryadı ərşə qədər gedib çatırdı. Fəryadı dağlara-daşlara düşürdü. Söylədiyi ağılar, göydə quşları, yerdə insanları dondururdu. Az müddətdə ağaran saçları dağların qarına bənzəyirdi! Bu necə tale idi ilahi!İntiqamlı günləri, İntiqamsız günlər əvəz etdi. İllər keçdi. Ana qəlbində hər vaxt sağalmayacaq bir yara ilə yaşayırdı. Bu yaranın heç dərmanı yox idi ki. Gecə-gündüz sızıldayırdı bu yara.Ana əlində təzə-tər güllərlə, İntiqamla üz-üzə dayanmışdı. Onun oğlu, onun İntiqamı! O, anda ananın qəlbindən keçənləri təkcə özü və oğlu bilirdi. Ayrı heç kəs. Ana tez-tez gəlirdi buraya. Oğlu ilə dərdləşir, söhbətləşirdi.İntiqamın ölümü təkcə ananı deyil, atanı da qocaltmışdı. Qohumlar, qonşular, el-oba hamı bu itkiyə çox yanırdı. Ancaq nə etmək olar? Alın yazısının qarşısında hamı acizdir, çarəsizdir!Nərgiz ananın ailəsi böyümüşdü, oğullarını evləndirmişdi. Evdə nəvələri böyüyürdü. Onların içərisində balaca İntiqam da var idi. Hər dəfə ana İntiqama baxdıqca, çiçəklər baharı necə ar-zulayırsa, o da, İntiqamın böyüməsini, ali məktəbə girməsini, onun toyunu görməyi elə arzulayırdı.Yaraları qaysaq bağlayan ana dünyaya artıq balaca İntiqamın gözü ilə baxırdı.O, düşünür və gülümsəyirdi. Yenə bahar gələcək, quşlar oxuyacaq, güllər açacaq, yağışdan sonra İntiqamın sevdiyi göy qurşağı yenə göydə görünəcək! İntiqam mütləq əmisinin adını ucaldacaq! ŞƏFA İBRAHİMLİZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.