Gülər Eldar: "Müəllimin şagirdindən imzalı kitab alması xoşbəxtlikdir!.." Elm » İctimai elmlər 28 мая 2026 61 0 1 2 3 4 5 Abışov Vaqif Şirin oğlu. Orta məktəbdə (Lənkəran şəhər H.Aslanov adına 3 saylı orta məktəbdə) tarix müəllimim olub. Hazırda Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, dosent, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiridir. 22-26 may Elmlər Akademiyasının parkında keçirilən Vİ Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında rastlaşdıq. Yeni nəşr olunmuş “Hiylə” hekayələr kitabımı aldı. Deyərdim ki, müəllimin şagirdindən imzalı kitab alması xoşbəxtlikdir! Həmin gün mən də bu xoşbəxtliyə nail oldum.Bizə Azərbaycan tarixini dərindən öyrədən, bu fənni sevdirən əziz müəllimim. Yaşa dolmuş olsa da üzündəki nur, gözündəki işıq sönməyib. Yadımdadır, “SSRİ TARİXİ” kitabının üstünə “RUSİYA TARİXİ” yazılan kağız yapışdırmağımızı istəyirdi. Deyirdi ki, bu kitab başdan-ayağa Rusiya tarixini təmsil edir. Tarix dərnəyində Məhəmməd Əmin Rəsulzadənin həyatından, mübarizə yolundan danışar, qəlbimizdə Rəsulzadə sevgisi yaradardı. O vaxtlar - 80-ci illər - orta məktəblərdə belə mövzulara toxunmaq qadağan olunsa da, Vaqif müəllim heç kimdən qorxub-çəkinmədən şagirdlərinin qəlbinə milli oyanış, vətən sevgisi, sədaqət toxumu səpirdi. Təsadüfi deyildir ki, o, 80-ci illərin sonu Lənkəranda SSRİ rəhbərliyinə etiraz, Qarabağa dəstək və müstəqillik tələbləri ilə bağlı keçirilən mitinqlərin, Azadlıq Hərəkatının fəalı olmuşdur. Onun bizə gizli öyrətdiyi Azərbaycan tarixi, müzakirələr, şüarlar həmin meydanlarda minlərlə azərbaycanlının, eləcə də biz yetirmələrinin dilindən hayqırdı. Onu da qeyd edim ki, Vaqif Abışov 1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsi (AXC) təşkilatının üzvü olub. 1989-1992-ci illərdə AXC Lənkəran Şöbəsinin (AXC LŞ) İdarə Heyətinin üzvü, iyun 1992 – dekabr 1999-cu illərdə AXC Lənkəran Şöbəsinın (1995-ci ildən AXCP LŞ-nın) eləcə də AXC (AXCP) Zona Əlaqələndirmə Komitəsinin sədri, yanvar-avqust 2000-ci il tarixində AXCP sədri, Milli-Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi vəzifəsində çalışıb. Bu gün 28 may Müstəqillik günündə bu şəkli paylaşdıqda 80-ci ildən bu günə qədər Azərbaycan xalqının yaşadığı tarixin hər bir günü göz önümdən keçir. Bizi vətənpərvərlik ruhunda tərbiyə edən, əziz müəllimim. 28 may Müstəqillik bayramınız mübarək olsun! Yaşasın Azərbaycan! Şəhidlərimizin ruhu şad olsun! GÜLƏR ELDAR,yazıçıZiM.Az.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.