ELMMETRIK DÜŞÜNCƏNİN ƏDƏBİYYATŞÜNASLIQDA YENİ MƏRHƏLƏSİ Elm » Humanitar elmlər 15 июня 2026 94 100 1 2 3 4 5 (Filologiya üzrə fəsəfə doktoru, dosent Zakirə Əliyeva ilə müsahibə)Son illərdə elmi fəaliyyətin qiymətləndirilməsində elmmetrik və bibliometrik göstəricilərin rolu getdikcə artır. Bu istiqamətdə Azərbaycan humanitar elmlərində aparılan araşdırmalar xüsusi maraq doğurur. Müsahibimiz, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt” şöbəsnin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyevadır. Z.Əliyevanın tədqiqatlarında Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslığının populyarlaşması, rəqəmsallaşması, elmi irsin elektron mühitə inteqrasiyası, elmi fəaliyyətin beynəlxalq görünürlüyü, biblioqrafik və elmmetrik araşdırmalar və s. mövzular mühüm yer tutur. Bu yaxınlarda alimin “Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda” adlı monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığında ilk elmmetrik tədqiqatlardan biri kimi ədəbi və elmi mühitə təqdim olundu. Azərbaycan ədəbiyyatşünaslığının və ədəbiyyatşünas alimlərimizin rəqəmsal inkişaf mühitində populyarlaşması baxımından bu elmmetrik araşdırma modeli ilk və təqdirəlayiq addımdır. Hər iki mühitdə maraqla qarşılanan “Filologiya elmləri doktoru Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda” adlı monoqrafiyası haqqında müəlliflə bir söhbətə ehtiyac olduğunu hiss etdik.. Əminik ki, kitabın yaranma ideyası, elmmetriyanın humanitar elmlərdəki rolu və gələcək perspektivlər mövzusunda müsahibəmiz oxuculara həm də adı çəkilən nəşr haqqında dolğun və əhəmiyyətli informasiya əldə etməyə imkan verəcək.- Hörmətli Zakirə xanım, ilk növbədə bir müsahibə çərçivəsində oxucularımıza rəqəmsal humanitar elmlər haqqında fikirlərinizi necə ifadə edərdiniz? – XXI əsrin yaratdığı ənənəvi akademik fəaliyyət ilə rəqəmsal texnologiyaların sintezi nəticəsində yeni elmi ekosistem, hibrid elmi mühit yaranmaqdadır. Süni intellekt, böyük verilənlər bazaları, rəqəmsal korpuslar və elmmetrik sistemlər humanitar elmlərin də inkişafında mühüm rol oynamaqdadır. Gələcək məhz bu istiqamətə məxsusdur. Ümumiyyətlə, rəqəmsallaşma artıq humanitar elmlərin də ayrılmaz hissəsinə çevrilməkdədir. “Elektron Akademiya” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında bu sahədə ciddi islahatlar aparılır. AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin ifadəsi ilə desək “humanitar və rəqəmsal təfəkkürün qovşağında” tədricən beynəlxalq elmi dövriyyəyə daxil olmamız və nüfuzlu qlobal elmi şəbəkələrdə yer almamız daha dinamik inkişafın ilkin təməlləridir. Çalışdığım Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu da daxil olmaqla, alimlərimizin elmi profillərinin sistemli idarə olunması, açıq elm prinsiplərinin tətbiqi və databazaların təşəkkülü, elmi biliklərin rəqəmsallaşması, beynəlxalq görünürlüğünün artırılması, nüfuzlu elmi bazalarda təmsil olunma prosesləri genişlənir. Rəqəmsal texnologiyalar yeni tədqiqat metodları yaradır və bu proses qaçılmazdır. Ədəbiyyat İnstitutunda “Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt” şöbəsinin yaradılması da bu zərurətdən irəli gəlmişdir. - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yeni yaradılmış və rəhbərlik etdiyiniz “Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt” şöbəsi haqqında yığcam məlumat verə bilərsinizmi?- Bildiyiniz kimi, 2025-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” haqqında Fərman və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam” kimi mühüm sənədlər imzaladı. Həmin sənədlərə əsasən və müasir dövrün tələblərinə müvafiq olaraq Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin rəhbərliyi ilə həyata keçirilən islahatlar əsasında akademkin qeyd etdiyi kimi elmi qurumun “Elektron Arxitektura”sı formalaşdırıldı. Bu baxımdan rəqəmsal humanitar elmlər və süni intellekt texnologiyalarının elmi fəaliyyətə inteqrasiyasının ilkin mərhələsi kimi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt” şöbəsi 2026-cı ilin yanvar ayından fəaliyyətə başladı. Ədəbiyyat İnstitutunun mövcud elmi potensialı və Sİ texnologiyalarının sürətli inkişaf potensialı nəzərə alınmaqla şöbənin fəaliyyət istiqamətləri, strateji prioritetləri müəyyənləşdirildi.Hazırda şöbədə rəqəmsal ədəbiyyatşünaslıq sahəsində Sİ tətbiqləri ilə tədqiqat proseslərinin modelləşdirilməsi imkanları, strateji planlaşdırma, rəqəmsal mətnlərin, “Data-xəzinə” korpuslarının yaradılması və idarə edilməsi sahəsində mühüm proseslərə start verilmişdir. Fərəhli haldır ki, şöbədə qısa müddət ərzində Azərbaycan ədəbiyyatşünaslığının və ədəbiyyatşünas alimlərimizin rəqəmsal inkişaf mühitində populyarlaşması baxımından ilk elmi məhsul - ilk elmmetrik araşdırma modeli hazırlanmışdır. “Ədəbiyyatşünas alimin elmmetrik portreti” seriyasından Google Scholar, Web of Science, Academia.edu, ResearchGate, DergiPark Academik və digər nüfuzlu elmi platformalarda H indeksinin göstəricisi ilə fərqlənən ədəbiyyatşünas alimimiz haqqında “Filologiya elmləri doktoru Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda” kitabı nəşr olunmuşdur. - Elə müsahibəmizin əslində əsas mövzusu həm ədəbi, həm də elmi mühitdə maraqla qarşılanan “Filologiya elmləri doktoru Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda” adlı kitabınız haqqındadır. Bu kitabın ərsəyə gəlməsi və ideyanın necə yaranması haqqında məlumat verməyinizi xahiş edərdik.– Son illərdə elmi fəaliyyətin qiymətləndirilməsində elmmetrik göstəricilərin rolu əhəmiyyətli dərəcədə artıb. Dünyada artıq yalnız nəşrlərin sayı deyil, onların təsir gücü, istinad göstəriciləri, beynəlxalq elmi bazalarda görünürlüğü də nəzərə alınır. Mənə maraqlı idi ki, Azərbaycan ədəbiyyatşünaslıq elminin tanınmış nümayəndələrinin elmi fəaliyyəti bu meyarlar baxımından necə görünür. Beləliklə, nəzəriyyəçi alim Salidə Şərifovanın yaradıcılığının elmmetrik təhlili ideyası yarandı və nəticədə bu kitab ərsəyə gəldi.Əsas məqsəd Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq bir alimin elmi fəaliyyətinin elmmetrik modelini yaratmaq idi. Eyni zamanda, məqsəd yalnız faktları toplamaq deyil, həmin faktları vizual şəkildə təqdim etməklə alimin elmi fəaliyyətinin inkişaf dinamikasını göstərmək, infoqrafik nümunələrlə, statistik göstəricilərlə elmi məhsuldarlığı, nəşr dinamikasını və beynəlxalq nüfuzu daha aydın ifadə etmək idi.- Nə üçün məhz Salidə Şərifovanın yaradıcılığını araşdırma obyekti seçdiniz?– Seçim təsadüfi deyil. Bunun bir neçə səbəbi var. Əvvəla, Salidə Şərifova müasir Azərbaycan ədəbiyyatşünaslığının ən məhsuldar alimlərindən biridir. Salidə Şərifovanın geniş elmi fəaliyyəti, zəngin nəşr bazası və beynəlxalq elmi platformalardakı təmsilçiliyi belə bir araşdırma üçün əlverişli nümunə hesab olundu. Onun əsərlərinin mövzu dairəsi olduqca genişdir. Digər tərəfdən, müxtəlif beynəlxalq elmi bazalarda təmsil olunması, aktivliyi, əsərlərinə edilən istinadların sayı və elmi nüfuzu onu elmmetrik tədqiqat üçün maraqlı elmmetrik obraza çevirir. Bundan əlavə, onun yaradıcılığı üzərində aparılan təhlil bütövlükdə Azərbaycan humanitar elmlərinin rəqəmsal görünürlüğü barədə də müəyyən təsəvvür yaradır. Təsadüfi deyil ki, Salidə Şərifova 2024-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “İstinadda rekord” diplomu təltif edilmiş ilk ədəbiyyatşünas olmuşdur. Göründüyü kmi, təqdim edilən elmmetrik diapazon alimin akademik irsinin gələcək tədqiqatlar üçün etibarlı metodoloji baza yaratdığını nümayiş etdirir və bu elmmetrik obraz humanitar düşüncə sistemimizdə elmi inkişafın strateji istiqamətlərini müəyyənləşdirən model kimi önəmlidir.– Humanitar elmlərdə elmmetriyanın tətbiqi bəzən mübahisəli hesab olunur. Siz bu məsələyə necə yanaşırsınız?– Doğrudur, humanitar elmlərin xüsusiyyətləri fərqlidir. Burada yalnız rəqəmlərlə nəticə çıxarmaq mümkün deyil. Müasir dövrdə elmmetriya yalnız təbiət və texniki elmlər üçün deyil, humanitar elmlər üçün də mühüm qiymətləndirmə vasitəsidir. O, alimin elmi nüfuzunu, təsir gücünü, sitat indekslərini və beynəlxalq görünürlüğünü obyektiv şəkildə müəyyən etməyə imkan verir. Məsələn, bir alimin əsərlərinin hansı ölkələrdə oxunduğunu, hansı mövzuların daha çox maraq doğurduğunu, hansı tədqiqatların daha çox sitat aldığını müəyyənləşdirmək mümkündür. Bu məlumatlar elmi siyasətin formalaşdırılması baxımından da əhəmiyyətlidir. Əsas məqsəd yalnız bir alimin elmi fəaliyyətini statistik göstəricilərlə təqdim etmək deyildi. Mən çalışmışam ki, elmmetrik məlumatlar vasitəsilə bir tədqiqatçının yaradıcılıq yolunun dinamikasını, elmi maraqlarının inkişafını və beynəlxalq elmi mühitdəki mövqeyini ortaya qoyum. Bu baxımdan kitab həm də elmi portret nümunəsidir.- Kitabda hansı metodoloji yanaşmalardan istifadə etmisiniz?Araşdırmada bibliometrik, elmmetrik və vebometrik təhlil metodlarından istifadə olunmuşdur. Google Scholar, ResearchGate, ORCID, Academia.edu, Web of Science və digər beynəlxalq platformalar əsas məlumat mənbələri kimi araşdırmaya cəlb edilmişdir. Tədqiqat çoxşaxəli mənbələr üzərində qurulub. Ədəbiyyat İnstitutunun biblioqrafik salnamələri, kitabxanaların elektron kataloqları və s. -bu mənbələr birgə şəkildə alimin elmi fəaliyyətinin daha dolğun mənzərəsini yaratmağa imkan verdi.- Tədqiqat zamanı sizi ən çox təəccübləndirən nəticələr hansılar oldu?Qeyd etdiyim kimi ilk növbədə, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovanın elmi fəaliyyətinin mövzu diapazonunun son dərəcə geniş olması diqqətimi xüsusilə cəlb etdi. O, həm Azərbaycan və dünya ədəbiyyatı, həm də ədəbiyyat nəzəriyyəsi, roman janrı, Qarabağ mövzusu, türk xalqları ədəbiyyatı və digər istiqamətlərdə ardıcıl fəaliyyət göstərmişdir. Onun ədəbiyyat nəzəriyyəsi sahəsindəki tədqiqatları xüsusi əhəmiyyət daşıyır. Xüsusilə roman janrının nəzəri problemləri, janr müxtəlifliyi, müharibə romanları və müasir ədəbi proseslə bağlı araşdırmaları Azərbaycan ədəbiyyatşünaslığında mühüm yer tutur.Salidə Şərifovanın milli ədəbi irsin qorunmasına aid araşdırmaları, xüsusilə, Yunus Əmrə, Şota Rustaveli, Səyat Nəva (Sayat Nova), Molla Cümə və digər ədiblərlə bağlı apardığı tədqiqatları onların mənsubiyyəti, ədəbi təsir dairəsi və mədəni identifikasiya problemlərinin elmi müstəvidə yenidən dəyərləndirilməsini ehtiva edir. Müxtəlif tarixi mərhələlərdə bəzi xalqlar tərəfindən bəzi ədəbi şəxsiyyətlərin fərqli şəkildə mənimsənilməsi və başqa ədəbi-mədəni müstəvidə təqdim edilməsi, alternativ ədəbi-mədəni kontekstlərdə interpretasiya olunması ədəbiyyatşünaslıqda mürəkkəb və çoxqatlı elmi problem kimi özünü göstərməkdədir. Salidə Şərifovanın tarixi mənbələrə və elmi faktlara əsaslanaraq onların Azərbaycan ədəbi-mədəni mühiti ilə bağlılığını əsaslandıran araşdırmaları Azərbaycanda deyil, xaricdə çap edilməsi, həmçinin həmin tədqiqatlara qarşı ciddi elmi etirazların irəli sürülməməsi onların metodoloji əsaslarının və faktoloji dayanıqlığının göstəricisi kimi qiymətləndirilməlidir. Bu tədqiqatların Azərbaycandan kənarda, beynəlxalq elmi nəşrlərdə çap olunması onların yalnız milli elmi mühitlə məhdudlaşmadığını, geniş akademik dövriyyəyə daxil olduğunu bir daha təsdiq edir. Bu fakt həmin araşdırmaların elmi qəbul olunma səviyyəsini və beynəlxalq elmi diskursda rezonans doğura bilmə potensialını artıran mühüm göstəricisidir. Bu istiqamətdə irəli sürülən elmi müddəalara qarşı ciddi və sistemli akademik etirazların formalaşmaması isə milli ədəbi irsin qorunmasında əvəzsiz xidmətləri olan Salidə Şərifovanın araşdırmalarının yüksək akademik obyektivliyə, elmi sistemliliyə və güclü mənbəşünaslıq bazasına söykəndiyinin göstəricisidir.- Bu monoqrafiyanın Azərbaycan ədəbiyyatşünaslığı üçün yeniliyi nədən ibarətdir? - Əsərin əsas yeniliyi ədəbiyyatşünas alimin fəaliyyətinin ilk dəfə sistemli elmmetrik model əsasında araşdırılmasıdır. Bu yanaşma gələcəkdə digər alimlərin də elmi portretlərinin hazırlanması üçün metodoloji nümunə rolunu oynaya bilər. Digər tərəfdən elmmetrik göstəricilər təkcə hesabat xarakteri daşımır. Onlar alimləri daha görünən olmağa, beynəlxalq əməkdaşlığa qoşulmağa və tədqiqatlarının təsir dairəsini genişləndirməyə təşviq edir. Eyni zamanda, bu göstəricilər elmi fəaliyyətin strateji planlaşdırılması üçün də faydalıdır.Mən hesab edirəm ki, Azərbaycan ədəbiyyatşünaslarının elmmetrik portretlərinin hazırlanması ayrıca bir tədqiqat istiqamətinə çevrilməlidir. Gələcəkdə müxtəlif alimlərin və elmi məktəblərin, elmi tariximizin öyrənilməsi rəqəmsal elmi göstəricilər əsasında müqayisəli təhlili bu sahədə yeni nəticələr verə bilər. Bu kitab həmin istiqamətdə ilk addımlardan biridir. Faktiki olaraq müəllifi olduğum “Filologiya elmləri doktoru Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda” adlı monoqrafiyada metodologiya apropasiya edilmiş və formalaşmışdır. Monoqrafiyada Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq konkret bir alimin çoxşaxəli elmi fəaliyyəti həm nəzəri aspektdən, həm də elmmetrik göstəricilər, elmi kommunikasiya imkanları, beynəlxalq görünürlük səviyyəsi, istinad dinamikası və akademik təsir gücü prizmasından kompleks şəkildə araşdırılaraq ictimaiyyətə təqdim edilir. Tam əminəm ki, təqdim olunan monoqrafiyadakı belə yanaşma gələcəkdə ayrı-ayrı alimlərin, elmi məktəblərin və bütövlükdə Azərbaycan filoloji fikrinin inkişaf tarixinin yeni elmi metodologiya əsasında yenidən qiymətləndirilməsi üçün fundamental bazaya çevriləcək. Bu istiqamətin məhz humanitar elmlərdə də rəqəmsal analitika, elmmetrik təhlil və akademik fəaliyyətin sistemli monitorinqi kimi yanaşmaların Azərbaycan elmi mühitində institusional səviyyədə tətbiqinə təkan verəcəyinə də əminəm. Ona görə də müəllifi olduğum bu monoqrafiya yalnız bir tədqiqat işi deyil, eyni zamanda gələcək elmi araşdırmalar üçün yeni metodoloji paradiqmanın başlanğıcıdır.– Son olaraq oxuculara nə demək istərdiniz?– Ümid edirəm ki, oxucular yalnız Salidə Şərifovanın elmi fəaliyyəti haqqında deyil, bütövlükdə müasir elmdə baş verən transformasiyalar haqqında da yeni təsəvvür əldə edəcəklər. Kitab göstərir ki, elmi fəaliyyət artıq yalnız kitab və məqalələrin sayı ilə ölçülmür. Bu gün elmin rəqəmsal izi, beynəlxalq görünürlüğü və təsir gücü də böyük əhəmiyyət daşıyır. Elmi fəaliyyət daim yenilənən və inkişaf edən bir prosesdir. Humanitar elmlər də bu dəyişikliklərdən kənarda qalmamalıdır. Rəqəmsal texnologiyalar və elmmetrik yanaşmalar elmi düşüncənin yeni imkanlarını açır. Əsas məqsədimiz bu imkanlardan istifadə etməklə Azərbaycan elmini daha geniş beynəlxalq elmi məkanda tanıtmaqdır. Müsahibəni apardı: Müşfiq BORÇALI,Azərbaycan Yazıçılar Birliyinin,Azərbaycan Junalistlər Birliyinin vəTuran Yazarlar Birliyinin üzvü,"Ziya" qəzetinin, ZiM.Az, Ziya.info.az,Elm.info.az və Turan.info.azsaytlarının Baş redaktoru,Filologiya üzrə fəlsəfə doktoru,Prezident təqaüdçüsüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.