Əsli İlyasqızı: "O MƏNİM İDEALIM İDİ..." Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!.... 20 октября 2026 13 100 1 2 3 4 5 Kəndimiz – qədim Borçalı mahalının Bolus bölgəsindəki - indiki Gürcüstanının Bolnisi rayonundakı Darvaz kəndi Qoşa armud və Koxa Alımın qoruğuna qənşər, sol tərəfdə Şindi dağı, Ağbaba dağının ətəyində yerləşir. Mənbəyini Şindi dağından alan Keta (Geda) çayı kəndlə dağların arasından keçir...Yayı isti olduğuna görə mal-qaranı, imkanlı ailələr ailə- uşaqlarını Türkiyə ilə həmsərhəd olan Cavaxetiya, Şəmbiyən yaylağına çıxarardılar. Bu dağların dişdonduran bulaqlarından bir dolça suyu heç kim bir dəfəyə içə bilməzdi...Kənd maldarlıq və əkinçiliklə məşğul olurdu. Kəndin içində cəmi üç yerdə nazik bulaq var idi. Ona görə suya gedən bir səhəng suyu bir saata gətirirdi. Çay da kənddən aralı dərədən keçdiyinə görə əkinçiıikdə suvarma aparmaq olmurdu. Yağış olsa məhsil olurdu, quraqlıq olsa məhsul olmurdu.Yayda ailə - uşağını yaylağa göndərən kişilər qış hazırlığına başlayardılar.Kişilər ot biçər, qadınlar da biçilən otları kiçik tayalara yığardılar. Yeniyetmə uşaqlar onlara kömək məqsədi ilə sərin su gətirərdilər.Avqustun axırı köç dağdan arana gələrdi...1939-cu ildə kəndin mərkəzindəki Tut ağacının yanındakı səsgücləndiricidən gələn səs kənd camaatını vahiməyə saldı. İkinci Dünya müharibəsi başlamışdı. Analar oğullarını göz yaşları içində müharibəyə yola salırdılar.İlyas atasını erkən yaşlarında itirmişdi. Atası Ramazan kişi bəy nəslindən olub, Alı bəyin oğlu idi.O atasını tez itirməsinə baxmayaraq anası Bahar ana onu oxudub, təhsil almağına kömək etmişdi.Çağırış gələn kimi atam və xalası oğlu Ənvər müəllim başqa gənclərlə birlikdə Finlandiya müharibəsinə yola düşüblər. Aylarla döyüş meydanında güclü düşmənə qarşı tüfənglə döyüşürlər. Hər ikisi bir-birindən xəbərsiz ayağından yaralanır, səyyar hospitala düşürlər.Atamın danışdıqlarından: Ucsuz-bucaqsız bir səhrada idik. Güclü düşmənə qarşı əlimizdə ancaq tüfəng var idi. Demək olar ki, ölümə gedirdik. Güllələr üstümüzə yağış kimi yağırdı. Nə gizlənməyə bir yer var idi, nə də özümüzü müdafiə etməyə silah-sursat. Düşmən güllələri başımıza yağış kimi yağırdı. Yaralandığımı hiss edib əlimi paltarın altından buduma uzatdım. İsti qan əlimi islatdı. Budun yuxarı hissəsindən yaralanmışdı, nə sarğı qoya bilirdim, nə də kömək edə biləcək bir adam var idi . Hərə öz canının hayında idi. Sağ qalanlar güllə yağışı altında irəliləməyə çalışırdı, yaralılar isə bəlkə təxliyə olunarlar ümidi ilə kömək gözləyirdi.Mən get-gedə zəiflədiyimi hiss editdim. Uzaqdan sanitarların əllərində xərək yaralıları döyüş meydanından çıxardıqlarını gördüm. Görəsən məni də çıxara biləcəklərmi?Qan itirdiyimə görə heyim qalmamışdı. Gözlərim qaralır, az qala huşumu itirirdim. Gözümü açanda sanitarların bir-birinə rus dilində: “On umryot na daroqe. Davay poişim, kto yest jivoy” - dediyini eşitdim. Onlar mənim onsuz da öləcəyimi düşünüb başqasını axtarmağa getmək istəyirlər. Mən son gücümü toplayıb, səsləndim: “Zaberite, menya, a to syrelyat budu”. Bunlar mənim danışdığımı görüb qayıdıb məni götürüb təxliyə etdilər. Onu da deyim ki, atam rus dilində yaxşı danışırdı. Bununla da atam ölümdən qurtulur.Hospitalda atam həyatda olduğu üçün bir tibb bacısına minnətdar olduğunu deyirdi.Atam çox yaraşıqlı idi. Uca boylu, nazik bığları bir Qafqazlı kimi ona çox yaraşırdı. O tibb bacısı başıma firlanırdı, - deyirdi atam: - Bütün günü yemək, sarğı, bir dəqiqə yanımdan aralanmırdı. Artıq özümə gəlmişdim. Amma yaram çirk elədiyi üçün qızdırmam çox yüksək idi. Nəhayət, mənə ayağımın kəsiləcəyini bildirdilər. “Ayağın kəsilməsə sən ölə bilərsən”, - dedilər. Mən isə qətiyyətlə, “Sağ qalacamsa, ayaqlarım yerində olmalıdır. Əks təqdirdə mən yaşamaq istəmirəm!..” - deyib.Məcbur qalıb hər gün atamın yarasını yuyurlar, əməliyyat edib gülləni çıxarırlar. Gənc orqanizm qalib gəlir, atam yavaş-yavaş sağalmağa başlayır. Bir gün sarğı otağında tibb bacısı qonşu oyaqda bir Qafqazlı oldiğunu deyir. Atam xahiş edir ki, onu ora aparsın. Gedəndə həmin oğlanın dogma xalası oğlu Ənvər Aşirov olduğunu görür. Atam deyidi ki, sevincdən ikimiz də ağladıq. Amma bildim ki, Ənvərin ayağını artıq kəsiblər. Dedim, fikir etmə, əsas odur ki, sağıq… Ənvər müəllim sağalandan sonra doğma kəndimizə qayıdıb məktəbdə coğrafiya fənnini tədris etməyə başladı. Ayağına protez etdilər. Çox qoçaq, işgüzar, bacarıqlı, savadlı idi. Səhər saat 6-dan dərs başlayana qədər və dərsdən sonra günü həyətyanı bağçasında keçirdi.Arı saxlayırdı. Bağı elə bil Nəbatat bağı idi. Hara getsə, orada olan nadir bitkilərin toxumlarından gətirərdi.Həm də özünün Gündəlik qeydiyyat kitabı var idi. Kənddə, dünyada olan nadir təbiət hadisələrini qeyd edirdi. Bütün bitkilərin müalicəvi xarakterini yaxşı bilirdi. Kənddə hamının hörmətini qazanmışdı. 94 il ömür surdü… Allah rəhmət eləsin…Atam isə müalicə olunduqdan sonra yenidən müharibə meydanına qayidır. Müharibənin axırına qədər rəşadətlə vurişur. Orden və medallarla təltif olunur. Kəndimizdə demək olar ki, bir başıpapaqlı qalmamışdı. Hamısını atamla birlikdə müharibəyə aparmışdılar. Təəssüflər olsun ki, onların çoxu müharibədən qayıtmadı. Neçə ana oğulsuz, neçə gəlinlər dul qaldı.Belə gənclərdən biri də atamın xalası oğlu Ənvərin qardaşı Cəlal idi. O həmin vaxtlar rayon mərkəzində məsul vəzifədə işləsə də, cəbhəyə könüllü gedib. Zabitlik məktəbini bitirdikdən sonra Krım cəbhəsində, sonralar 1942-ci ildə Qəbr cəbhəsində döyüşüb. Şərəfli döyüş yolu keçib. Bir neçə orden və medallarla təltif olunub. 1943-cü ilin payızında qəhrəmancasına həlak olub. Allah rəhmət eləsin… Əmim Yunis və Suleyman əmi də müharibədə iştirak edərək orden və medallarla təltif olunublar. Suleyman əmi Mazdokdan Berlinədək döyüş yolu keçib.Atam müharibə bitdikdən sonra kəndə qayıdıb pedaqoji fəaliyyətini davam etdirib. Məktəb direktorunun müavini vəzifəsində çalısıb. Dəfələrlə kənd sovetinin deputatı seçılıb. 17 il kənd sovetinin sədri vəzifəsində işləyib.Kənddə ilk rabitə qovşağının açıımasına nail olaraq poçt şöbəsinin rəisi vəzifəsində çalışıb.Atamın yarasından gülləni çıxaranda bir qəlpəni çıxara bilməmişdilər. Qəlpə arteriyanın üstündə olduğundan onu çıxarmaq riskli idi. Ona görə yara vaxt aşırı islanırdı. Müharibədən qayıdandan sonra atam yarasını sarıtmaq üçün tez-tez kənd ambulatoriyasına gəlirdi. Ambulatoriyada işləyən kiçikboylu, ağbəniz, iki uzun qara hörükləri ağ xalatdan aşağı düşən Nənəxanım Binnət qızından xoşu gəlir.Yara quruyada Nənəxanım ona daha gəlmə, yaran yaxşıdır deyib. O da zarafatla bura gəlməyimi istəmirsən, sən bizə gəl. Anam ona mənim sizdə nə işim var? - deyir. Atam ona evlilik təklif edir, deyir ki, mən bura elə ona görə tez-tez gəlirdim, - deyə fikrinin ciddi olduğunu bildirir. Beləliklə evlənirlər. Gözəl, xoşbəxt ailələri olur. Oğlan olsun deyə 10 uşaqları olur. 7 qız, 3 oğlan. Böyük oğlan 1 yaşı olanda tələf olur. İki qız əkizlər sonuncular mənim 5-6 yaşım olardı, 40-ları çıxmamış öldülər. Atamla həmişə fəxr ermişəm. Müdrik el ağsaqqalı idi. Xalqını çox sevirdi. Xalqın rifahı üçün əlindən gələni etməyə çalışırdı. Xalq onu sevir, onun hörmətini saxlayırdı. Onun bir sözünü iki etməzdilər. İki dalaşan olanda onları evə çağırar onlarla elə söhbət aparardi ki, onlar barışıb gedərdilər. Məhlədə bir bizim həyətdə fırnı (kürə) var idi. Çörək bişirmək üçün qonşular nobat (növbə) tutardılar. Qapımız həmişə qonaqlı olurdu. Hürnisə nənə, Gülsəfa, Cənnət, Müsəmbər həmişə həyətdə oturub söhbət edirdilər. O qədər yaxınlıq var idi, sanki öz evlərində idilər. Amma atamın öskürək səsini eşidən kimi hamı özünü yığışdırırdı. Gülsəfa ananın evi ilə bizim ev arasında Mehdi kişi ilə Omar kişigilə gedən bir maşın yolu var idi. Bizim ev ikimərtəbəli idi. Mən anadan olanda tikilmişdi. Gülsəfanın evi isə qara dam idi. Yeri eşıb özlərinə torpaqdan ev düzəltmişdilər - qara dam. Ona görə bütün günü bizdə olurdular. Geniş həyət həmişə səs küylü olurdu. Atam həmişə həyətə yaxınlaşanda bərkdən öskürərdi ki, qəfil gəlişindən kimsə narahat olmasın. Bir gün yenə hamı fırnının qabağında oturmuşdu. Birdən atamın öskürək səsi gəldi. Gülsəfa tez ayağa qalxıb, İlyas gəldi, mən evə qaçım dedi. O birilər: niyə gedirsən? O nə vaxt bizə narazılıq edib? Əksinə bir gün görməyəndə deyir, hardasınız? niyə gəlmirsiniz? O isə cavabında: ayağıma corab geyinməmişəm, ona görə gedirəm. Əsil Azərbaycanlı qadınları idilər. Uzun qırçınlı ətək və kofta geyinərdilər.Bir Moruq ana var idi. Atama İlyas ağa deyə müraciət edərdi.Atamla həmişə gəxr etmişəm. Həmişə kasıblara əl tutub. İdealım, qürur mənbəyim olub. O, 1997-ci ilin mart ayında vəfat etdi... Atamdan 6 ay sonra böyük qardaşım Rizvan da rəhmətə getdi... Bu da mənim atam və ailəm haqqında xatirələrim...Allah dünyasımı dəyişənlərimizin hamısına rəhmət eləsin!.. Amin… ƏSLİ İLYASQIZI, ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.