SÖZÜN QÜDRƏTİNƏ ÖMRÜNÜ HƏSR EDƏN ALİM Humanitar elmlər, Təbriklər 12 ноября 2026 49 100 1 2 3 4 5 Professor İsmayıl Məmmədli - 80Azərbaycan elminin, milli filologiyamızın inkişafında özünəməxsus yeri və xidmətləri olan ziyalılar sırasında professor İsmayıl Oruc oğlu Məmmədlinin adı xüsusi ehtiramla çəkilir. Ömrünün səksən illik zirvəsinə ucalan bu dəyərli alim, pedaqoq və ziyalı həyatını Azərbaycan dilinin tədqiqinə, qorunmasına, zənginliklərinin üzə çıxarılmasına həsr etmişdir.İsmayıl Məmmədlinin həyat və yaradıcılıq yolu zəhmətə, elmə sədaqətə, sözə və ana dilinə sonsuz məhəbbətə söykənən mənalı bir ömür yoludur. O, uzun illər ərzində apardığı elmi araşdırmalarla Azərbaycan dilçiliyinin inkişafına mühüm töhfələr vermiş, xüsusilə leksikologiya, leksikoqrafiya və etnolinqvistika sahələrində dəyərli tədqiqatlar aparmışdır.Alimin elmi fəaliyyətində Azərbaycan dilinin etnoqrafik leksikasının araşdırılması xüsusi yer tutur. Onun bu istiqamətdəki doktorluq tədqiqatı xalqımızın tarixi, məişəti, adət-ənənələri və milli-mənəvi dünyasının dil vasitəsilə öyrənilməsinə mühüm töhfədir.Professor İsmayıl Məmmədli Azərbaycan dilinin izahlı və orfoqrafiya lüğətlərinin hazırlanmasında, eləcə də, müxtəlif filoloji lüğətlərin tərtibi və redaktəsində yaxından iştirak etmişdir. «Azərbaycan dilinin etnoqrafik leksikası», «Qəzet dilinin leksikası», «Ekran, efir və dilimiz» kimi əsərləri onun zəngin elmi yaradıcılığının nümunələrindəndir.İsmayıl Məmmədli yalnız tədqiqatçı alim deyil, həm də öz biliyini gənc nəslə ötürməyi müqəddəs vəzifə hesab edən müəllimdir. Onun elmi rəhbərliyi ilə çoxsaylı gənc tədqiqatçılar yetişmiş, elmi fəaliyyətə qədəm qoymuşlar. Bu gün onun elmi məktəbinin davamçıları Azərbaycan filologiyasının müxtəlif sahələrində fəaliyyət göstərirlər.Alimin xidmətləri dövlət və ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, «Tərəqqi» medalı, Həsən bəy Zərdabi diplomu və mükafatı, Səməd Vurğun mükafatı və digər təltiflərə layiq görülmüşdür.Lakin hər bir böyük şəxsiyyətin həyatında elmi nailiyyətlərdən, fəxri adlardan və təltiflərdən daha üstün bir məqam var. Bu, onun insanlığı, mənəvi zənginliyi, ailəsinə, doğmalarına və ətrafındakı insanlara münasibətidir.Mənim üçün professor İsmayıl Məmmədli, ilk növbədə, yalnız elmi titulları və ictimai nüfuzu ilə deyil, həm də ata adı ilə ucalan böyük bir şəxsiyyətdir. Onun keçdiyi həyat yolu, zəhməti, iradəsi və qazandığı hörmət mənim üçün daim qürur mənbəyi olmuşdur.Atanın övladına qoyduğu ən böyük miras yalnız maddi sərvət deyil, həm də şərəfli ad, zəngin mənəviyyat, bilik və həyat təcrübəsidir. İnanıram ki, İsmayıl müəllimin ömrü boyu yaratdığı elmi irs, yetişdirdiyi alimlər və ana dilimizə bəxş etdiyi töhfələr gələcək nəsillər üçün də qiymətli xəzinə olaraq qalacaq.Əziz atam!Səksən illik ömür yolunuz mübarək olsun! Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və könül rahatlığı arzulayıram. Qoy bundan sonrakı illəriniz də sevinc, xoş günlər və doğmalarınızın məhəbbəti ilə dolu olsun.Sizinlə fəxr edirəm, ata!FƏRİDƏ İBRAHİMOVABakının Nəsimi rayonundakı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi ZiM.Az REDAKSİYADAN: TƏBRİK EDİRİK!..İsmayıl Oruc oğlu Məmmədli - 15 noyabr 1946-cı ildə qədim Qərbi Azərbaycanda - Ermənistan SSR-nin Basarkeçər rayonunun Sətənəxaç kəndində Aşıq Vəlinin oğlu Aşıq Oruc Əhmədovun ailəsində anadan olub. 1948-1953-cü illərdə Azərbaycan türklərinin Ermənistandan – ata-baba torpaqlarından deportasiyası zamanı ailələri Azərbaycan Respublikasının Gədəbəy rayonunun Zəhmət kəndində məskunlaşmışdır. İsmayıl Məmmədli 1952-1962-ci illərdə Zəhmətkənd orta məktəbində oxumuşdur.1967-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun filologiya ixtisasını bitirmiş, elə həmin ildən də Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi və ədəbi nəzarət redaksiyasında transkripsiyaçı-redaktor vəzifəsində əmək fəaliyyətinə, eyni zamanda, elmi fəaliyyətə başlamışdır.1968-1969-cu illərdə hərbi xidmətdə olmuşdur.1969-1970-ci illərdə yenidən Ensiklopediyada böyük elmi redaktor vəzifəsində çalışmışdır. 1970-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda çalışır.1970-1973-cü illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında əyani təhsilini davam etdirmişdir.1974-cü ildə “Kommunist” qəzetinin leksikası” adlı namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.1974-cü ildən 1979-cu ilədək AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nitq mədəniyyəti şöbəsində kiçik elmi işçi, 1980-cı ildən 1989-cu ilədək baş elmi işçi vəzifələrində çalışmışdır. 1989-cu ildən hal-hazıra kimi isə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Tətbiqi dilçilik şöbəsinin müdiridir.1993-cü ildə "Azərbaycan türk dili" indeksi ilə "Azərbaycan dilinin etnoqrafik leksikası - etnolinqvistikası" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək "Filologiya elmləri doktoru" alimlk dərəcəsi almışdır.2008-ci ildə AAK tərəfindən ona “professor attestatı” təqdim edilmişdir.250-dən artıq elmi əsəri və 18 kitabı çap olunmuş, həmçinin xaricdə 7 elmi məqaləsi nəşr olunmuşdur.Əsas elmi nailiyyətlərindən "Azərbaycan dilində etnolinqvistika sahəsinin əsasları"nı göstərmək olar.Kadr hazırlığı sahəsində elmlər namizədlərinin – fəlsəfə doktorlarının sayı 27, elmlər doktoru isə 5-dir.Hazırda filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 7 nəfərin dissertasiya işinə rəhbərlik edir. Təxminən 100 nəfərin rəsmi opponenti, 30-dan çox iddiaçının, publisistin, gənc yazarların əsərlərinin rəyçisi olmuşdur.İsmayıl Məmmədli Respublikamızda elmi konfrans və beynəlxalq konfrans və simpoziumlarda, habelə Orconikidze, Mahaçqala, Maykop, Ufa, Şimali Kipr Respublikasında, Sivasda, Səmərqənddə, Kiyevdə, Kişinyovda, Nukusda keçirilmiş beynəlxalq və respublika konfrans və simpoziumlarda maraqlı məruzələrlə çıxış etmiş, materialları dərc olunmuşdur.İ.Məmmədli institutun ictimai həyatında da yaxından iştirak etmişdir. O, uzun illər institutun həmkarlar ittifaqının sədri, ilk partiya təşkilatı katibi vəzifələrində çalışmış, kollektivin hörmətini qazanmışdır. İ.Məmmədli 1994-cü ildən institutda fəaliyyət göstərən Dissertasiya Şurasının, 2001-ci ildən Yeni Azərbaycan Partiyasının, Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının, Milli Məclisin Mədəniyyət Komitəsinin, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvüdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub (2013-cü il). Əmək veteranıdır. Həsən bəy Zərdabi diplomu və mükafatı laureatı (2004), Səməd Vurğun mükafatı laureatı (2014), "Cəfər Cabbarlı" mükafatı laureatıdır (2024).İnstitutda keçirilən gənc alimlər konfransının təşkili və keçirilməsində fəal iştirakına, leksikologiya və lüğətçilik bölməsinə rəhbərliyinə görə Lüğətçilik şöbəsinin müdiri filologiya elmləri doktoru professor İsmayıl Oruc oğlu Məmmədliyə fəxri fərman təqdim edilmişdir.İ.Məmmədli eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.1993-1995-ci illərdə Azərbaycan Pedaqoji Universitetində müəllim işləmiş, 1993-1999-cu illərdə 291 saylı və 43 saylı liseylərdə Azərbaycan dili və ədəbiyyatı fənlərindən dərs demişdir.1999-2002-ci illərdə Bakı Dövlət Universitetində müəllim, 1994-2002-ci illərdə Bakı Ali Pedaqoji Qızlar seminariyasında (indiki Bakı Qızlar Universitetində) professor vəzifəsində çalışmışdır.İ.Məmmədli bu gün də ictimai elmlərin (dilçilik, ədəbiyyatşünaslıq və etnoqrafiya) müxtəlif sahələrinə aid intensiv tədqiqatlar aparır.Biz də Redaksiya Heyətimiz adından, Azərbaycanın tanınmış filoloq-alimi, Azərbaycan Aşıqlar, Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Oruc oğlu Məmmədlini anadan olmasının 80 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şərəfli elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..MÜŞFİQ BORÇALI,Azərbaycan Yazıçılar Birliyinin,Azərbaycan Junalistlər Birliyinin vəTuran Yazarlar Birliyinin üzvü,Azərbaycan Texniki Universitetinin əməkdaşı,"Ziya", “Şərqin səsi” və"Elm və Təhsil" qəzetlərinin,ZiM.Az, Ziya.info.az, Elm.info.az vəTuran.info.az saytlarınınBaş redaktoru,Filologiya üzrə fəlsəfə doktoru,Prezident təqaüdçüsüZiM.Az.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.