"SÖZÜN XAQANI" ROMANI MÜSTƏVİSİNDƏ ƏFZƏLƏDDİN XAQANİ DÜHASI

"SÖZÜN XAQANI" ROMANI MÜSTƏVİSİNDƏ ƏFZƏLƏDDİN XAQANİ DÜHASI Lütviyyə Əsgərzadə,
Filologiya elmləri doktoru



Azərbaycan bədii nəsri çoxəsrlik inkişaf tarixi boyu mütəmadi olaraq xalqın milli kimliyini, mənəvi ucalığını və tarixi keçmişini əks etdirən monumental əsərlərlə zənginləşmişdir. Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Əzizə Cəfərzadə, İsmayıl Şıxlı, Cəlal Bərgüşad və kimi ustad sənətkarların əsasını qoyduğu tarixi roman ənənəsi, tarixin quru xronologiyasını bədii təxəyyülün sehri ilə birləşdirərək milli yaddaşı dirçəltmək missiyasına xidmət etmişdir. Tarixi roman sənətkar üçün sadəcə keçmiş hadisələrin bədii illüstrasiyası deyil, həm də dövrün psixoloji sarsıntılarını, sosial ziddiyyətlərini və fərdi insan dramlarını bugünün oxucusuna ötürən mənəvi körpüdür.

Müasir ədəbi prosesdə bu varisliyə sədaqət nümayiş etdirən yazıçılarımız keçmişin qaranlıq səhifələrinə yeni bədii-fəlsəfi təfəkkür kontekstindən yanaşmaqla janrın bədii hüdudlarını durmadan genişləndirirlər. Bu baxımdan, klassik irsimizin dahi nümayəndələrinin bədii bioqrafiyalarının yenidən, həm də müasir roman texnikası və təhtəlpsixologiya prizmasından araşdırılması xüsusi aktuallıq kəsb edir. Müasir Azərbaycan ədəbi mühitində tarixi yaddaşın keşiyində dayanan, sözın fəlsəfi və milli gücünü bədii nəsrdə uğurla təcəssüm etdirən fədakar qələm sahiblərindən biri də yazıçı, jurnalist, şair Sona Abbasəliqızıdır (Sona İsmayılova).

"SÖZÜN XAQANI" ROMANI MÜSTƏVİSİNDƏ ƏFZƏLƏDDİN XAQANİ DÜHASI Sona Abbasəliqızı - Qərbi Azərbaycanın Göyçə mahalında, ziyalı ailəsində dünyaya göz açmışdır. Doğma yurdun dağlar qoynundakı əsrarəngiz təbiəti, Göyçə mühitinin zəngin folkloru və aşıq-söz sənəti gənc Sonanın mənəvi dünyasının formalaşmasında mühüm rol oynamışdır. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya gələn yazıçı, indiki Azərbaycan Dövlət Neft və Sənaye Univetsitetini bitirb. 30 ilə yaxındır ki, Neft şirkətində çalışır. Həmçinin Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən Sona İsmayılova, otuz ilə yaxın bir müddətdə neft sənayesində çalışmaqla bərabər, ömrünün böyük qismini jurnalistikaya və bədii yaradıcılığa həsr etmişdir. Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin, habelə İraq-Türkmən və Özbəkistan Yazıçılar Birliklərinin üzvü olan Sona xanım, "Qızıl Qələm", "Abdulla Şaiq" və "Ziyadar" mükafatları laureatıdır. Onun ədəbi-ictimai fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır; o, uzun müddət Türkiyənin "Kaya Haber" Agentliyinin Azərbaycan təmsilçisi olmuş, həmçinin Avrasiya Sənət, Kültür, Ədəbiyyat Federasiyasının (ASKEF) Azərbaycan və Orta Asiya rəhbəri kimi fəaliyyət göstərir. Türk dünyasının mədəni inteqrasiyasına, ortaq ədəbi-mədəni irsin təbliğinə verdiyi töhfələrə görə Türkiyədə "İlin tarixi roman yazarı" ödülünə layiq görülmüşdür.
Müəllifin nəşr olunmuş 17 kitabı, 4 cildlik "Seçilmiş əsərləri" onun geniş yaradıcılıq diapazonundan soraq verir. 2020-ci ildə işıq üzü görən və professor Nadir Məmmədlinin redaktorluğu ilə çap olunan "Sözün xaqanı" romanı yazıçının bədii nəsrdəki ən böyük uğurlarından biridir. Bu kitabda onun "Tale yolu" povesti, habelə "Ümid", "Ürək unutmur" və "Səssizliyin səsi" kimi dramatik insan talelərini və mənəvi aşınmaları əks etdirən hekayələri toplanmışdır. Kitabın onurğa sütununu isə klassik poeziyamızın dahi şairi Əfzələddin Xaqani Şirvaninin keşməkeşli ömür yoluna və fəlsəfi çırpıntılarına həsr edilmiş "Sözün xaqanı" tarixi-bədii romanı təşkil edir.
Azərbaycan poeziyasının klassik dövrünün görkəmli nümayəndəsi, şair-filosof, nasir və Şərq İntibah dövrü ədəbiyyatının ən qüdrətli təmsilçisi Əfzələddin Xaqani Şirvani (İbrahim ibn Əli Nəccar Şirvani) XII əsr ümumdünya mədəniyyətinin yetişdirdiyi nadir dühalardandır. Ədəbiyyat tariximizdə ilk poemanın ("Töhfətül-İraqeyn") müəllifi və fəlsəfi qəsidə janrını əlçatmaz zirvələrə qaldıran böyük sənətkar, Nizami Gəncəvidən əvvəlki dövrün ən böyük söz ustadı hesab olunur. Xaqani poeziyası quru bəlağətdən uzaq, bədii obrazlılığı və ictimai-siyasi kəskinliyi ilə fərqlənən, insanların daxili azadlığını və mənəvi ləyaqətini hər şeydən uca tutan sərbəst bir fəlsəfi sistemdir.
Rəsmi xronologiyaya əsasən, bu il mütəfəkkir şairin anadan olmasının 900 illik yubileyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dahi şair və mütəfəkkir Əfzələddin Xaqani Şirvaninin anadan olmasının 900 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır (28 yanvar 2026-cı il). Xaqaninin 900 illik işığı önündə onun irsinə yenidən qayıtmaq, bədii obrazını müasir nəsrdə canlandırmaq milli yaddaşın bərpası baxımından əvəzsiz əhəmiyyətə malikdir. O, öz bədii misralarında:
"Bir Əcəm türküyəm, dəricə deyən,
yalvac tanıyanam, Tanrı istəyən..."
- deyərək öz soy-kökünü bəyan edən, islam fəlsəfəsində ərəb-fars terminologiyasının hökm sürdüyü bir dövrdə Allah sözünün qarşılığı kimi "Tanrı", peyğəmbər sözünün əvəzinə isə "yalvac" ifadəsini işlədəcək qədər dərin milli təfəkkürə sahib bir oğuz türkü olmuşdur. Həyatı saray şöhrətinin amansızlığı, zindan işgəncələri (Şabran qalası), Yaxın və Orta Şərqin karvan yolları, Məkkə-Mədinə ziyarətləri və nəhayət, Təbrizdə bitən tənha qürbət ömrü ilə zəngin olan Xaqaninin bioqrafiyası Sona Abbasəliqızının təxəyyülündə bədii eposa çevrilmişdir.

"SÖZÜN XAQANI" ROMANI MÜSTƏVİSİNDƏ ƏFZƏLƏDDİN XAQANİ DÜHASI "Sözün xaqanı" romanının süjet strukturunun əsas ölçü vahidini birbaşa insan ömrünün bioqrafik xronologiyası təşkil edir. Lakin müəllif sərbəst nəsr üslubuna sadiq qalaraq, hadisələri sadəcə xronoloji cərgəyə düzməklə kifayətlənmir. O, hər bir tarixi mərhələni, coğrafi məkanı və bədii epizodu Xaqanini əhatə edən daxili mənəvi aşınmalar, psixoloji sarsıntılar fonunda saf-çürük edir. Romanın kompozisiyası Şirvanın Məlhəm kəndində açılır. Gənc İbrahimin (Xaqaninin) əmisi – sufi alimi, loğman, münəccim və filosof Mirzə Kafiəddin Ömər ibn Osmanın yaratdığı "Tibb Mədrəsəsi"ndə elmə yiyələnməsi bədii boyalarla canlandırılır.
Əsərin süjet xətti Xaqaninin Şirvanşahlar sarayına gəlişi, III Mənuçöhr tərəfindən ona xüsusi dəbir (katib) vəzifəsinin verilməsi və sarayın baş şairi (Məliküş-şüəra) Əbül-Üla Gəncəvi ilə münasibətləri üzərində dramatikləşir. Ustadla şagird arasındakı bədii rəqabətin sonradan amansız ideoloji və siyasi düşmənçiliyə çevrilməsi, ismailiyyə (Həsən Səbbah) təriqətinə rəğbətdə ittiham olunma səhnələri romanın gərginlik temperaturunu ən yüksək nöqtəyə qaldırır. Süjet xətti şairin Şabran zindanındakı işgəncəli yeddi ayı, oradan azad olduqdan sonra Şirvanı tərk edib qürbət yollarına düşməsi, Bağdad xəlifələrinin saraylarında fəxri vəzifələrdən azadlıq naminə imtina etməsi, Dərbənd və Gəncə səfərləri, dahi Nizami Gəncəvi ilə səmimi dostluq münasibətləri üzərindən inkişaf edərək, Təbrizdə ailəsini, övladlarını vaxtsız itirmiş tənha bir sufi şeyxinin mənəvi tənhalığı və ölümü ilə tamamlanır.
"Sözün xaqanı" romanını digər tarixi-bədii əsərlərdən fərqləndirən əsas elmi-nəzəri parametrlərdən biri, əsərdə dahi şairin daxili aləminin sufilik və əxilik fəlsəfəsi kontekstində dərindən araşdırılmasıdır. Yazıçı əsər boyu Xaqaninin saray həyatından bezməsini, quru mədhiyyəçilikdən imtina etməsini və azadlıq aşiqinə çevrilməsini sadəcə təbii bir inadkarlıq kimi vermir; o, bu prosesi daxili mənəvi təkamülün - irfani yüksəlişin məntiqi nəticəsi kimi təhlil edir.
Göstərilir ki, Xaqaninin sufilik dünyagörüşünün əsası hələ uşaqlıq və gənclik illərində, əmisi Mirzə Kafiəddinin Məlhəmdəki hücrəsində qoyulmuşdur. Kafiəddin yalnız mahir bir təbib deyil, həm də dövrünün böyük sufi alimi və filosofu idi. O, gənc İbrahimə təbiət elmlərini öyrətməklə bərabər, vahid varlıq (Vəhdəti-vücud) fəlsəfəsinin sirlərini aşılayırdı. Xaqani sonradan öz daxili arınma prosesində əmisindən aldığı dərsləri belə xatırlayır: “...bir”, “iki”, “üç”, “dörd”, “beş” nə deməkdir. “Beş” – hissiyyat üzvləridir, “dörd” – dünyadakı başlanğıclar – su, hava, od və torpaqdır, “üç” – qeyri-üzvi təbiətdir, “iki” – cism və ruhdur, “bir” – Allahdır...” Bu bədii parça Xaqani fəlsəfəsinin plüralist sufi köklərindən xəbər verir. Şair rəqəmlərin simvolikası vasitəsilə kəsrətdən (çoxluqdan) vəhdətə (təkliyə - Allaha) doğru gedən sufi irfan yolunu (təriqəti) formullaşdırır.
Xaqaninin Təbriz və Gəncə dövründə onun mənəvi aləminə təsir edən ən qüdrətli şəxsiyyət isə Aran və Şirvan sufilərinin rəhbəri, dahi filosof İmam Nəsirəddin Bakuvi olur. Romanda Bakuvinin söhbətləri Xaqaninin sufiliyin sol cinahı sayılan əxilik (qardaşlıq) təriqətinə rəğbətini durmadan artırır. Əxilik fəlsəfəsi - mənəvi kamilliklə yanaşı, sosial ədaləti, zəhmətə bağlılığı, məzlumların müdafiəsini və zalım idarəçiliyə qarşı sülh yolu ilə mənəvi müqaviməti nəzərdə tuturdu.
Müəllif Xaqani poeziyasındakı "Həbsiyyə" janrının və saray əyanlarına qarşı amansız satiranın məhz bu əxilik inancından - sosial ədalət prinsipindən doğduğunu elmi-bədii şəkildə sübut edir. Şair saray nümayəndələrinin dəbdəbəli həyatını, məzlum rəiyyətin qanı hesabına qurulan eyş-işrət məclislərini əxiliyin paklıq meyarı ilə rədd edir. O, özünü xaqanların şairi deyil, yoxsulların qardaşı hesab edərək hayqırır: "Mən yoxsullar şairi Xalqaniyəm, Xalqani!"
Sona xanım Abbasəliqızı romanın ekspozisiyasında Şirvan ellərinin bahar təbiətini poetik boyalarla canlandıraraq gənc İbrahimin mənəvi duruluğuna vizual fon yaradır. Əmisi Mirzə Kafiəddinin yanında keçən bu dövr şairin ensiklopedik elmlərə vaqif olması, hesab və ilahiyyatı öyrənməsi ilə səciyyələnir. Romanda gənc İbrahimin bədii dünyagörüşünün formalaşması onun tacik şairi Sənai Qəznəvinin "Hədiqətül-həqayiq" kitabından təsirlənməsi və özünə ilk olaraq "Həqayiqi" təxəllüsü seçməsi epizodu ilə verilir. Müəllif bu mərhələdə gənc şairin əmisinə olan sonsuz ehtiramını və mənəvi borcluluğunu onun dilindən verilən bu bədii nümunə ilə təhlil edir:
“Əmim simürq kimi sərf edib əmək,
Qanadı altına alaraq, Zaltək –
Qaldırdı biliyin Qafına həmən,
Bəsləndim onun öz yuvasında mən.
O oldu həmişə mənə mehriban,
Yaralı könlümə o qoydu dərman.
Gördü söz mülkünə mən bir hakiməm,
Adımı o qoydu: Həssani-Əсәт.”

Yazıçı bu parçada Şərq mifologiyasının ("Simürq", "Zal", "Qaf dağı") simvolik elementlərindən istifadə etməklə Xaqaninin təhsil və mənəvi intibah dövrünü bədiiləşdirir. Burada əminin şagirdi "biliyin Qafına" qaldırması bədii təxəyyüldə elmi idrakın ən yüksək zirvəsi kimi mənalandırılır. Eyni zamanda şairin ilkin olaraq islam peyğəmbərinin dostu ərəb şairi Həssanın şərəfinə "Əcəm Həssanı" (Həssanül-Əcəm) adlandırılması onun söz mülkündə artıq erkən yaşlarında hakim statusu qazanmasına işarədir. Yazıçı bu misralar vasitəsilə Xaqaninin fərdi üslubunun erkən bədii strukturunu uğurla canlandırır.
Romanda Xaqaninin Gəncədən Şirvana gəlmiş Məliküş-şüəra Əbül-Üla Gəncəvinin tövsiyəsi ilə III Mənuçöhrün sarayına gətirilməsi təsvir olunur. On səkkiz yaşlı gənc şair Şirvanşahın hüzurunda ilk dəfə öz məharətini nümayiş etdirərkən quru mədhiyyəçilikdən qaçaraq hökmdarı fəlsəfi eyhamla heyrətləndirir:
“Sənin əlin, Mənuçöhr, yalnız səxavətlə bəxşişlər vermək üçün açılır, təkcə al-qırmızı şərab badəsi götürməkdən ötrü yumulur. Yer üzündəki mövcudatdan heç nə sənin tərəfindən ədalətsizlik gördüyünü söyləyə bilməz, bircə qələm qamışından başqa. Axı o sənin qarşında günahkar deyildi, ancaq sən onun başını kəsdin...”
Bu sərrafca deyilmiş eyhamdan heyrətə gələn III Mənuçöhr gənc şairə rəsmən "Xaqani" təxəllüsünü verir və onu özünün xüsusi katibi (dəbir) təyin edir. Xaqani məclisdə öz sənət rütbəsini belə bəyan edir:
“Öp ayağından şahın, taci-əman al ələ,
Can şirəsi istəsən, Mənuçöhrü mədh elə.
Əməldə bir mələkdir, döyüşdə aslandır o,
Turanı fəth eyləyən Rüstəmi-dastandır o.”
Müəllif bu bədii epizodda Şərq saray poeziyasının struktur mexanizmini açıb göstərir. Xaqaninin "qələm qamışının başının kəsilməsi" fəlsəfi eyhamı onun hələ saray sənətinin ilk illərində yaradıcılıq alətinə olan müqəddəs münasibətini və yazı prosesinin əzablı fədakarlığını göstərir. Şair bədii mətndə III Mənuçöhrü "Turanı fəth eyləyən Rüstəmi-dastan" adlandırmaqla bədii poeziyadakı türk-Turan koloritini saray idarəçiliyinə daxil edir. Yazıçı şairin bu coşqun təbini "şeiriyyətin əngin səmasında pərvaz edən dühaya" bənzətməklə onun saray mühitindəki sürətli yüksəlişini estetik planda əsaslandırır.
Sarayda Xaqaninin şöhrətinin ustadı Əbül-Ülanı kölgədə qoyması, hər mədhiyyə qarşılığında xaqandan aldığı böyük mükafatlar yerli əyanların və bədxahların həsədinə səbəb olur. Ustadla şagird (həm də qayınata ilə kürəkən) arasındakı sənət və nüfuz ixtilafını müəllif gərgin dialoqlar üzərində qurur. Əbül-Üla Gəncəvi kürəkəninin dikbaşlığından, saray əyanlarına qarşı amansız tənqidi mövqeyindən narahat olaraq ona xəbərdarlıq edir:
“Sual etsən məndən, ey Əfzələddin,
Özün doğrusunu eylərsən yəqin.
And olsun o əziz canına, səndən
Xeyli narazıyam, düzünü bilsən...
Mən sənin ustadın, həm də qaynatan,
Sən mənim övladım, göz işığımsan.
Sən məni özünə seçərkən ustad,
Verdim qızımı da, olasan damad.
Nədəndir od kimi üstümə coşmaq?
Nə sən odsan, susan, nə mən yel, torpaq!”
Xaqani isə ustadına öz fərdi sənət manifesti və əxilik fəlsəfəsinə dayanan prinsipləri ilə cavab verir: “Ustadi-möhtərəm, mən öz şeirimin tərbiyəvi gücünə inanıram. Belə düşünürəm ki, hər tərbiyəçi şairliyi bacarmaya bilər. Fəqət, hər şair tərbiyə verməyi bacarmalıdır! Axı mən bəzi şairlər kimi daha yaxşı bəxşiş almaq üçün qəsidələrimi Şirvanşahın eyş-işrət məclisində oxumuram...”
Bu dialoqda yazıçı sənətkarın mənəvi müstəqillik mübarizəsini ortaya qoyur. Əbül-Ülanın dördelmentli ("od", "su", "yel", "torpaq") fəlsəfi müqayisəsi Şərq intibah fəlsəfəsinin təbii-elmi əsaslarına söykənir. Xaqaninin ustadına qarşı "od kimi coşması" onun saray nizam-intizamının gətirdiyi bədii qəlibləri sındırmaq ehtiyacından doğur. "Hər şair tərbiyə verməyi bacarmalıdır" - tezisi ilə sənətkar bədii sözün cəmiyyəti, hətta ən zalım şahları belə islah etmək gücünə malik olduğunu iddia edir. Yazıçı bu toqquşmanı verməklə əsərdə çox mühüm bir sosial-siyasi xətt - sənətkar və hakimiyyət, yaradıcı şəxsiyyət və nizam münasibətlərinin bədii-fəlsəfi həllini yaradır.
İxtilafın kəskinləşməsi nəticəsində Xaqaninin öz ustadını ismailiyyə (Həsən Səbbah) təriqətinə rəğbət bəsləməkdə, yerli əyanların isə öz növbəsində şairi Şirvanşaha qarşı sui-qəsddə ittiham etməsi hər iki sənətkarın Şabran qalasındakı soyuq zindana atılması ilə nəticələnir. Müəllif Xaqaninin yeddi aylıq məhbəs həyatını onun "Həbsiyyə" şeirlərinin fəlsəfi çırpıntıları ilə sintez edir. Şair zindanın qaranlığında öz hayqırtısını misralara tökür:
“Mən məna yaradan tutiyəm, əfsus,
Şabran qalasında olmuşam, məhbus.
Hər səhər qalxar göyə ah ilə əfqanım mənim,
Qərq olar qanda şəfəq tək çeşmi-giryanım mənim.”
Yazıçı Xaqaninin mənəvi dünyasındakı "tutinin dustaq olması" metaforasını onun sənətinin ən böyük faciəsi kimi təhlil edir. "Məna yaradan tuti" bədii mətndə azad yaradıcılıq ruhunun rəmzidir. Məhbəs divarları şairin cismini dustaq etsə də, onun "ah və əfqanı" şəfəq rəngli qan dənizinə çevrilərək kosmik bir vüsət alır. Müəllif "Həbsiyyə" janrının doğulmasını şairin fərdi insan mənliyinin və azadlıq fəlsəfəsinin ən yüksək bədii-estetik zirvəsi kimi təhlil süzgəcindən keçirir.
Zindandan azad olduqdan sonra Xaqani üçün saray həyatı birdəfəlik öz cazibəsini itirir. O, İsfahan, Həmədan, Bağdad, Mosul karvan yolları ilə Həcc ziyarətinə yollanır. Romanda şairin Bağdaddakı "Nizamiyyə" mədrəsəsini, Azərbaycan alimi Xətib Təbrizinin məzarını ziyarət etməsi, yol quldurlarının hücumuna məruz qalaraq oğlu Əmir Əbdülməcidin qumlu səhrada şəhid olması epizodları geniş psixoloji dramatizmlə verilir. Xaqani Kəbə evinin halqasından tutub Tanrıya üz tutarkən daxili arınma prosesini yaşayır: “...Allah sənə yol göstərsin, ey Xaqani... Allah sənə sağlıq versin, ey Həqayiqi... Sən lazım olan dərəcəyə çatdın, bəxtin möhkəm oldu, onu əldən vermə; habelə yaramazlıqlar törədən şərabın söhbətindən çəkin, fəlakətlər doğuran dünyadan həzər et; bu köhnə, murdar qandan canını qurtar, özünü elm və bilik kölgəsində saxla...”
O, öz mənəvi ucalığını sufilik məqamı ilə taclandırır:
“Mən adımla heç zaman fəxr etmədim; Xaqaniyəm,
Ac və çılpaqlar səfində var yerim, xəlqaniyəm!
Ad verib ‘zülmətdəki Xaqani’ ariflər mənə,
Safi adlandır ki, yeydir sufi xaqandan yenə.”
Sona Abbasəliqızı bu parçada şairin şüurunda baş verən böyük təkamülü - saray mədhiyyəçisi "Xaqani"dən xalqın və məzlumların şairi "Xalqani"yə (və ya sufi mənəviyyatlı "Safi"yə) keçid prosesini elmi-bədii baxımdan əsaslandırır. Həmçinin şairin dilindən verilən daxili monoloqu ("Sən lazım olan dərəcəyə çatdın...") epistolyar məsnəvi üslubunda işləməklə, onun məşhur "Tövfətül-İraqeyn" poemasının daxili fəlsəfi strukturunu vizuallaşdırır. Dünyanın fəlakətlərindən həzər etmək, "murdar qandan canını qurtarmaq" çağırışı sənətkarın nəfsi üzərində qazandığı böyük irfani qələbənin bədii təzahürüdür.
Ömrünün son 24 ilini Atabəylər dövlətinin paytaxtı Təbrizdə keçirən Xaqani burada böyük hörmət qazansa da, ailəsini - əmisi oğlu Vəhidi, oğlu Rəşidi, zövcəsi Fatiməni və körpə qızını vaxtsız itirməklə dərin bir yas və matəmə bürünür. Yazıçı onun iyirmi yaşında dünyasını dəyişmiş oğlu Rəşidə oxuduğu ağı-mərsiyəni romanda xüsusi bir dramatikliklə təhlil edir:
“Firqətində bala, bundan da betər yansın atan,
Söndü şəmin, kor olub qüssədən odlansın atan.
Kəkliyim, təşnə dodaqlar ilə uçdun, gözü qan,
Bir turactək sənin arxanca qanadlansın atan.
Ürəyi dərdli anan oldu qəmindən nalan,
Ananın qəlbi kimi yansın, alovlansın atan.
Atanın canı idin, cismini tərk etdin oğul!
O başı daşlını nalan qoyub getdin, oğul!”
Ahıl yaşlarında yetmişi ötmüş şair öz sevimli şagirdi Mücirəddin Beyləqaninin də vaxtsız ölümünün şahidi olur. Mücirəddin ölüm yatağında ustadına öz peşmanlığını bu rübai ilə bildirir:
“Səhər gül səbədən açıldı, soldu,
Nəsimə hekayə deyib sovruldu.
Ömrün vəfasına bax bir həftədə
Qönçələndi, açdı gül xəzəl oldu.”
Xaqani Gəncədə eşitdiyi ölüm xəbərindən sarsılan dahi Nizami Gəncəvinin onun ölümünə yazdığı mərsiyə sədaları altında Təbrizin "Şairlər qəbiristanlığı"nda torpağa tapşırılır:
“Qomanəm bud Xaqani driğaquye-mən başəd
Driğa, mən şodəm əknun driğaquye-Xaqani”
(Hey deyirdim ki, mənə mərsiyə Xaqani yazar,
Heyif, Xaqaniyə mən mərsiyə yazdım axır.)
Yazıçı romanın bu kulminasiya və final mərhələsində "dünyanın vəfasızlığı" və "fani ömür" fəlsəfəsini qədim Şərq poeziyasının rübai və mərsiyə janrlarının daxili ritmi ilə harmoniyada təhlil edir. Oğlu Rəşid üçün oxunan ağıda şairin "kəklik" və "turac" simvollarından istifadə etməsi bədii mətndə saf, günahsız insan ruhunun göylərə pərvaz etməsi rəmzidir. Mücirəddinin "gülün xəzəl olması" rübaisi isə şair ömrünün qısalığı ilə yanaşı, ustad qarşısında vaxtilə etdiyi iddialı təkəbbürün mənəvi etirafıdır. Nizami Gəncəvinin farsdilli misralarının bədii mətnə daxil edilməsi Sona Abbasəliqızının tarixi faktura və sənədlərə olan elmi sədaqətini, eyni zamanda iki böyük sənətkar arasındakı qırılmaz bədii-fəlsəfi varislik tellərini nümayiş etdirir.

Müəllifin "Sözün xaqanı" romanında nümayiş etdirdiyi bədii dil və narrativ üslub individual bədii-estetik prinsiplərə söykənir. Yazıçı XII əsr Şərq reallığını canlandırmaq üçün daxili təhkiyəsini arxaik və klassik Şərq terminologiyası ilə həddindən artıq yükləmir, əksinə, dili maksimum dərəcədə axıcı, universal və anlaşıqlı saxlayır. Bununla belə, dövrün koloriti bədii mətndə yer alan funksional anlayışlar (məsələn: xanəgah, dəbir, qələmiyyə, caizə, mehriyyə, mürəbbi, üləma, mərfəş) vasitəsilə yüksək dəqiqliklə vizuallaşdırılır.
Yazıçı üslubunun ən səciyyəvi xüsusiyyətlərindən biri də, bədii mətndə psixoloji paralelizmlərin uğurlu tətbiqidir. Təbiətdə baş verən təbii kataklizmlər və dəyişikliklər birbaşa obrazların daxili sarsıntıları ilə sinxronlaşdırılır. Məsələn, Şamaxıda baş verən dağıdıcı zəlzələ xəbəri gələndə Xaqaninin boğazını qəhər boğması, Mücirəddinin ölüm yatağındakı saralmış çöhrəsi ilə təbiətdəki payız yarpaqlarının xəzəl olması paralel şəkildə bədii təsvir obyektinə çevrilir. "Müəllif fərdi, sərbəst və lirik-fəlsəfi cümlə strukturları sayəsində tarixi roman janrına polifonik və estetik dinamizm gətirmiş, Əfzələddin Xaqaninin keşməkeşli ömrünü bədii təxəyyülün süzgəcindən uğurla keçirmişdir. Arxiv sənədlərindəki quru tarixi faktlardan fərqli olaraq, romandakı Xaqani fərdi taleyi və daxili dünyası ilə canlandırılmış unikal bir obrazdır. Sona Abbasəliqızının “Sözün xaqanı” əsəri müasir Azərbaycan ədəbiyyatşünaslığında və nəsrində tarixi-bədii janrın fundamental nümunələrindəndir."

Əsərin əsas ideya konturunu təşkil edən mənəvi azadlıq və sözün müqəddəsliyi konsepsiyası romanı sadəcə keçmişdən bəhs edən bir xronika olmaqdan çıxarır, onu bütün dövrlər üçün aktual olan böyük bir insanlıq epopeyasına çevirir. Xaqaninin dilindən səslənən "Bir Əcəm türküyəm... Tanrı istəyən..." beyti şairin anadan olmasının 900 illik yubileyini qeyd etdiyimiz bu tarixi mərhələdə, onun irsinin milli-mənəvi pasportunu təsdiq edən ən böyük bədii-fəlsəfi sənəddir. Sona xanım Abbasəliqızının fərdi üslubu, dil zənginliyi və səmimi bədii təhkiyəsi "Sözün xaqanı" romanını Azərbaycan ədəbiyyatında sözün əbədi və sönməz ulduzuna çevirir.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Lütviyyə Əsgərzadə:

Lütviyyə Əsgərzadə: "BƏDİİ NƏSRDƏ TARİXİN VƏ MİLLİ YADDDAŞIN BƏRPASI"

Humanitar elmlər, Elmi Məqalələr
SƏMƏD AĞAOĞLU HAQQINDA MONOQRAFİYA YAYINLANDI

SƏMƏD AĞAOĞLU HAQQINDA MONOQRAFİYA YAYINLANDI

Yeni nəşrlər, Humanitar elmlər, BDU
“SALİDƏ ŞƏMMƏDQIZININ KİÇİK BƏDİİ NƏSRİ”

“SALİDƏ ŞƏMMƏDQIZININ KİÇİK BƏDİİ NƏSRİ”

Yeni nəşrlər, Humanitar elmlər
Gülzar Şərifovanın “Şeirlər toplusu” işıq üzü görüb

Gülzar Şərifovanın “Şeirlər toplusu” işıq üzü görüb

Yeni nəşrlər, Tiflis
HÜSEYN CAVİD: MİLLİ ROMANTİZMİN FƏLSƏFƏSİ VƏ İNSANLIK İDEALININ BƏDİİ MANİF ...

HÜSEYN CAVİD: MİLLİ ROMANTİZMİN FƏLSƏFƏSİ VƏ İNSANLIK İDEALININ BƏDİİ MANİF ...

Elmi Məqalələr, ADPU
VAQİF SULTANLININ “SƏHRA SAVAŞI” ROMANI SERBİYADA YAYINLANDI

VAQİF SULTANLININ “SƏHRA SAVAŞI” ROMANI SERBİYADA YAYINLANDI

Yeni nəşrlər
QİYMƏTLİ ƏDƏBİ-BƏDİİ ABİDƏ:

QİYMƏTLİ ƏDƏBİ-BƏDİİ ABİDƏ: "ÖLÜM SON DEYİL"

Humanitar elmlər, Elmi Məqalələr, "Elm və Təhsil", Borçalı, Başkeçid, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov

"QARLI AŞIRIM"IN TƏNQİD VARİANTLARI: AZƏRBAYCAN ƏDƏBİYYATINDA YENİ PERSPE ...

Yeni nəşrlər, Elmi Məqalələr, ADPU
AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ (2020-2021-ci illər materialları əsasında)

AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ (2020-2021-ci illər materialları əsasında)

Humanitar elmlər, Elmi Məqalələr
“Cahana sığmayan Düha”

“Cahana sığmayan Düha”

Məktəblər
CƏFƏR CABBARLININ 120 İLLİYİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB

CƏFƏR CABBARLININ 120 İLLİYİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB

Məktəblər
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi qonaqların gözü ilə

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi qonaqların gözü ilə

Humanitar elmlər
İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib

İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib

Azərbaycan, Gəncə, Ədəbi əlaqələr
Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Naxçıvan
Şabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilib

Şabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilib

Regionlar, "Zirvə"
Əliağa Kürçaylının lirik poemaları

Əliağa Kürçaylının lirik poemaları

Ədəbi tənqid
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Elm, "Zirvə", Cənubi Azərbaycan
Dünyanın şair yükü

Dünyanın şair yükü

Ədəbi tənqid, Darvaz, Arxiv
Təbrik edirik, Şərif-TURANım!

Təbrik edirik, Şərif-TURANım!

Borçalı, Qaraçöp, Təbriklər
Rəy yazın: