UŞAQ NƏSRİNDƏ FOLKLOR QAYNAQLARI VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN BƏDİİ TƏCƏSSÜMÜ

UŞAQ NƏSRİNDƏ FOLKLOR QAYNAQLARI VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN BƏDİİ TƏCƏSSÜMÜ RUHƏNGİZ ƏLİYEVA
AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat institutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent


UŞAQ NƏSRİNDƏ FOLKLOR QAYNAQLARI VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN BƏDİİ TƏCƏSSÜMÜ


Giriş

Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf tarixində xalq ədəbiyyatı mühüm qaynaq və bədii-estetik mənbə kimi xüsusi yer tutur. Şifahi xalq yaradıcılığı xalqın tarixi yaddaşını, dünyagörüşünü, həyat təcrübəsini, mənəvi dəyərlərini və estetik düşüncəsini özündə yaşadan zəngin sənət xəzinəsidir. Bu xəzinənin yazılı ədəbiyyata təsiri müxtəlif dövrlərdə özünü göstərmiş, ayrı-ayrı sənətkarların yaradıcılığında yeni bədii keyfiyyətlər qazanmışdır.
Xalq ədəbiyyatı ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından uşaq ədəbiyyatının imkanları xüsusilə genişdir. Çünki uşaqların dünyanı dərk etməsində nağıl, əfsanə, rəvayət, atalar sözü və xalq oyunları mühüm rol oynayır. Bu nümunələr vasitəsilə uşaq yaxşı ilə pisi, xeyirlə şəri, ədalətlə haqsızlığı fərqləndirməyi öyrənir.
XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafında özünəməxsus yaradıcılıq yolu keçmiş Əli Səmədlinin əsərləri bu baxımdan diqqətəlayiqdir. Yazıçının yaradıcılığında xalq təfəkkürünün bədii ifadəsi, folklor süjetlərinin müasir ədəbi düşüncə ilə əlaqələndirilməsi və milli-mənəvi dəyərlərin təbliği mühüm yer tutur.

Məlum olduğu kimi, yazılı ədəbiyyatın, bütünlükdə bədii düşüncənin ən mühüm keyfiyyət hadisələrindən biri xalq yaradıcılığında özünü göstərən mühüm dəyərlərin, ifadə mexanizmlərin hansı səviyyədə mənimsənilməsi hadisdəsidir. Müxtəlif səviyyələrdə tədqiqatların probleminə çevrilən XX əsr Azərbaycan ədəbiyyatı məzmun və forma mündəricəsi, keyfiyyət yeniləşmələri ilə həmişə diqqət mərkəzində olmuş və ciddi yanaşmaları zəruriləşdirmişdir. Çünki hər bir janr özünün ötürücülük funksiyasında təkcə məzmun daşıyıcısı kimi dəyər qazanmır, burada struktur mexanizmləri, həyatın rəng və boyalarının dərk və simvolik işarələnməsi prosesi gedir. Ə.Səmədovun uşaq nəsri həmin sistemin bir bütöv və yaxud da müəyyən formul mexanizmlərinin bədii mətnə hansı səviyyədə gətirilməsi ilə ciddi əhəmiyyət qazanmışdır. Xalq ədəbiyyatı ilə uşaqların zəngin fantaziyası eyni müstəvidə dayanan düşüncə hadisəsidir. Ona görə də Əli Səmədovun uşaqlar üçün yazdığı əsərlərdə folklor elementlərinin, folklor arsenalının təmsil olunması təbii axarlı hadisədir. Nağıl, əfsanə, rəvayət, atalar sözü, təmsil və s. onun əsərlərinin əsas qaynağı olaraq üst qatda dayanır. Çünki istedadlı yazıçı yaxşı bilir ki, hər bir məzmun faktı müəyyən janrın ölçüləri səviyyəsində təzahür edir.

Sənətkar folklordan məhz müxtəlif səviyyələrdə, motiv, hadisə, süjet, janr, struktir, janr formulları səviyyəsində yararlanır. Bu zənginlikdə nağıl elementləri, uşaq nağıllarından gələn simvolika, təhkiyə formaları daha üzdə və qabarıq görünmüşdür. Onu da əlavə edək ki, şifahi ədəbiyyatın başqa janrları kimi uşaq nağılları da Ə.Səmədovun diqqətini özünə cəlb etmiş, tez-tez ondan bir qaynaq kimi yararlanmışdır. “Ayının armud ağacı”, “Əkəndə yox, biƏdəbi irsiçəndə yox, yeyəndə ortaq qardaş”, “Ayı qonaqlığı”, “Tülkü tülkünü buyurdu, tülkü də quyruğunu”, “Çox fikirləşən ayı”, “İbrət dərsi”, “Kök şirindir, yoxsa kələm”, “Ağanəzər”, “İki qardaş”, “Tülkünün tövbəsi”, “Qarlı zirvə”, “Xəsis kişi”, “Qəssab və nökər”, “Bülbül və qarğa”, “Bir parça torpaq”, “Bal arıları və alça çiçəkləri”, “Xoşbəxt küknar ağacı”, “Qarğaların toyu” “Carçı xoruzlar”, “On beş qardaşın nağılı” (8) və s. uşaq nağıllarımızdan bəhrələnmənin faktıdır.
Xalq ədəbiyyatının işlək mexanizmləri bütün tyərəfləri (forma və üsulları) ilə yazılı ədəbiyyat üçün qaynaqdır. Bədii düşüncənin görkəmli nümayəndələri bu mənbələrdən istifadə ilə bütün dövrlərdə ədəbiyyatıin inkişafına istiqamət vermişlər. Ə.Səmədov da eyni uğurlu yolu trutmuş, folklordan gələn məzmun və forma mexanizmləri ilə invariantın sxemlərindən yararlanmışdır. “İki çay”, “Günəşin övladları”, “Soyuq bulaq”, “Yanardağ”, “Sərçənin sədaqəti”, Gecə və gündüz”, “Yeddi qardaş”,“Artıq tamah baş yarar”, “Elnurun sücaəti” (8) və s. bunun gözəl nümunəsidir.
Ədəbiyyatın mühüm xüsusiyyəti məhz tipikləşdirmənin aparılması, təlqin formasının, deyimin uğurlu variantının tapılması ilə xarakterizə olunur. Məlum olduğu kimi, “tipiklik mürəkkəb estetik kateqoriyadır, fərdiləşdirmə ilə ümumiləşdirmənin cəmidir, incəsənətdə estetikliyin, ideya-bədii dərinliyin tələbi, ideyaya yol açmağın (Belinski) vacib şərtidir, ümumiləşdirmə isə həyatda tipik olanı, həyatda hamı üçün maraqlı görünəni” (Çernışevski) seçmək, onu realist-romantik mövqeydən əks etdirməkdir.
Bütün dövrlərdə sənətkar sənətkardır, onda həyatın mürəkkəb proseslərini, bənzərsiz hadisə və əhvalatlarını duymaq, qavramaq və mənalandıra bilmək bacarığı qüvvətlidir. O, dünyaya olan baxışlarını düşüncəsinə hopan faktlardan alır” (6, 98). Məsələn, Ə.Səmədovun “İbrət dərsi” adlı tipik nağıl-hekayəsi var. Müəllif ayrı-ayrı başlıq altında qruplaşmada onu nağıl kimi təqdim edir. Mahiyyətində ciddi problemləri, xalq yaddaşında həmişə özünə dərin kök salmış ədalətli hökmdar məsələsini, şahlıq quşunun simvolikasını bir sistem olaraq daşıyır: “Təzə şah vəz-r-vəkili çağırıb dedi:
-Bir məni agah edin görüm bu şahın günahı nə idi ki, onu belə rüsvay edirsiniz?
Vəzir dedi:
-Şah sağ olsun, o qohumbaz idi.
Şah gülərək:
-Bəs sonra?
Bu dəfə vəkil dilləndi:
-Yerlipərəst idi.
Şah yenə güldü:
-Bəs sonra?
-Acgöz idi.
Şah yenə güldü:
Bəs sonra?
-Rüşvətxor idi.
Şah yenə güldü:
Sonra?
-Aravuran idi.
Şah yenə güldü:
-Bəs siz onu şahlıqdan salandan sonra nə üçün belə ulağa mindirib rüsvay edirsiniz?
Vəzir dedi:
-Şah sağ olsun,- dedi – bunlar hamısı yeni seçilən şaha ibrət dərsi vermək üçün idi” (8, 105). Mövzu və düşüncə yaxınlığı ilə maraq doğuran, təhkiyə formulları ilə eyni xətdə dayanan “Ədalətli padşahla dəyirmançının nağılı”na diqqət yetirək: “Biri var idi, biri yox idi, bir padşah var idi. Onun zülmü yeri-göyü bürümüşdü. Xalqı acgözlüklə soydurub varını-yoxunu əlindən alırdı. Cana doymuş xalq bir yerə toplaşıb, dilbir, sözbir oldular. Bir gün bu padşahı taxtdan saldılar. Xəzinəsini dağıdıb kasıb-kusuba payladılar.
Ölkə qaldı padşahsız. Padşahsız ölkə olmaz, - dedilər. Bəs padşah kim olsun? Başladılar özlərinə padşah axtarmağa. Axtardılar, axtardılar, özlərinə padşah tapa bilmədilər. Heç kim padşahlığı boynuna götürmək istəmirdi. Axırda bir cavan oğlan dedi ki, mən padşah olaram, ancaq üç şərtlə:
Dedilər, buyur şərtini söylə...
Cavan dedi:
-Birinci şərtim budur ki, mənim fərmanlarım hamı üçün qanun olsun və bütün əhli vilayətə vaxtında çatdırılsın.
İkincisi, hər kəs öz zəhməti ilə yaşasın.
Üçüncüsü, nə vaxt məndən narazı olsanız, öz xahişimlə məni taxtdan salarsınız.
Oğlanın bu şərtləri ilə hamı razı oldu” (8, 133). Göründüyü kimi, bu iki nağıl uşaq ədəbiyyatının nümunəsi olaraq müxtəlif vaxtlarda dərsliklərdə, ayrı-ayrı nəşrlərdə özünə yer almışdır. Burada əsas məsələ məzmunun ifadə elədiyi mənanın ciddiliyində, bütün dövrlər və mühitlər üçün gərəkli olan ədalətli hökmdar məsələsinin qoyuluşundadır. Azərbaycan, eləcə də dünya ədəbiyyatının həm şifahi, həm də yazılı ənənəsində ədalətlilik bir problem olaraq həmişə qoyulmuşdu. Klassik ədəbiyyatın nümayəndələrinin yaradıcılığı bizim üçün örnəkdi. Hətta bir qədər geniş şəkildə diqqət yetirsək bu, Azərbaycan ədəbiyyatının bütün nümayəndələrinin yaradıcılığında bu və ya digər dərəcədə özünə yer alır. Bunun ha köklü səbəbləri var və pozulmuş cəmiyyət nizamlarının bərpasına xidmət edir. Bir növ yazıçının yaşadığı şəraitin ifadəsi, mənzərəsi xarakteri daşıyır. Məhz yuxarıdakı nağıllar mətn simvolikası ilə bunları düşünməyi zəruri edir. Nağılın modelləşdirici funksiyası bütün zamanların faktı olması ilə də tipik xarakterlidir.
Bütün bunlar uşaq nəsrində epik folklor simvolikasının və təhkiyə formullarının bir bütöv olaraq nəzəri-estetik mahiyyətini ortaya qoyur. Aydınlıq üçün “Ədalətli padşahla dəyirmançının nağılı”nın sonluğundakı epizodu veririk: “Mən onun ədalətli fərmanından xəbərdaram.
Padşah adamları kor-peşman onun yanına yollandılar və əhvalatı olduğu kimi danışdılar.
Hamı elə bilirdi ki, padşah bu xəbərdən qəzəblənəcək. Ancaq bunun əksini gördülər. Padşah qəh-qəhə çəkib sevinclə güldü və mər etdi ki, həmin kəndlinin mülkünə toxunmasınlar və üstəlik ona mükafat da versinlər.
Vəzir-vəkil qorxa-qorxa bunun səbəbini soruşanda padşah dedi:
-Mən ona görə sevindim ki, mənim fərmanım ədalətlidir. Əgər o, ədalətli olmasaydı, onun sədası ucqar bir meşədə yaşayan kəndliyə gedib çatmazdı” (8, 134). Məsələyə mühit və zaman müstəvisindən diqqət yetirdikdə burada janr məzmununun (nağılın) simvolikası bizə daha ciddi münasibəti, elmi-nəzəri, fəlsəfi aspektli yanaşmaları gərəkli edir. Yazışı uşaq nağılı kimi əsəri təqdim etməklə əslində üslubi formada ikiqat mənalandırmanın gərəkliyini də dolayısı ilə işarələyir. Burada bir istiqamət uşaqlarda padşah, ədalətlilik, ölkə idarəçiliyində qanunların aliliyi, işləkliyi kimi ciddi məsələləri qoyur. XX əsrin ikinci yarısı Azərbaycan ədəbiyyatının nümunəsi olan bu iki hekayə təhkiyə mexanizmi ilə nağıl formullarına hesablanmışdır. Bütünlükdə məzmun və məna yaddaşı ilə nağıl sxemindədir. Mətnin konstruksiyası bizə üslubi fonun işarələdiyi məna yaddaşının alt qatlarını, folklor mətninin poetik-semantik qatlarından gələn formulaların, modelləşdirmənin, arxetipləşmə mexanizminin daşıdığı məzmunu, çatdırmağas çalışdığı ideyanı açmağı zəruriləşdirir. Çünki bunlar hamısı keçən əsrin ikinci yarısı “yeni nəsr” düşüncəsində ciddi transformativ hadisələrlə, mifoloji-genetik arxetiplərə üstünlük verməklə reallaşırdı.
Folklordan gələn ciddi modellər, mətnin funksionallaşma xarakteri, mifoloji-genetik arxetiplərə maraq, mətndə poetik-struktur qəlibləşmənin yeni məzmun çalarları və s. mühit və ədəbi nəsil səviyyəsində bir yaradıcılıq məzmunu kəsb etdi. Uşaq ədəbiyyatı nümunələrində isə bu modellərin, eləcə də milli yaddaşın janr məzmununun, mətn fenomenliyinin aparıcılığı başlıca olan funksiyasında çıxış edirdi. Alleqorik xarakterli mətnlərdə isə bu ənənənin özünəməxsus formaları müstəvisində təkrarlanırdı. Məsələn, Ə.Səmədovun “Tülkünün tövbəsi” nağılında heyvanların uşaq yaddaşında işarələdiyi məzmun xalq təsəvvürünün avtonomluğuna hesablanır və sabit bir düşüncəni ortaya qoyur. “Bir tülkü bir toyuq hininə yamanca dadanmışdı. Hər axşam hamı yatandan sonra asta-asta gəlib hinə girir, beçədən, cücədən birini aparıb meşədə ləzzətlə yeyirdi.
Alabaş tülkünün bu işindən xəbər tutdu. Bütün gecəni yatmayıb Tülkünü pusmağa başladı. Gecədən xeyli keçmiş bir də gördü ki, Tülkü asta- asta gəlir. Alabaş onu lap yaxına buraxdı, hinə girmək istəyəndə quyruğundan yapışdı. Tülkünün qaçmağa halı qalmadı. Alabaşa yalvarmağa başladı:
-Alabaş qardaş, mənə yazığın gəlsin, körpə balalarım var. Tövbə ,tövbə edirəm, bir də toyuq-cücəyə dəymərəm.
Alabaşın tülküyə yazığı gəldi. Tövbəsinə inanıb onu buraxdı. Tülkü qaça-qaça özünü meşəyə saldı. Qorxusundan üç gün evindən çölə çıxmadı. Üç gündən sonra tövbəsi də yadından çıxdı, Alabaşın qorxusu da. Üz qoydu həmin hinə tərəf. Gördü ki, Alabaş gözə dəymir. Alabaş isə hinin arxasında gizlənmişdi. Tülkü hinin qapısını açıb içəri girmək istəyəndə Alabaş onu haqladı. Bu dəfə boynundan tutub ayağının altına basdı. Tülkü yenə yalvarmağa başladı.
-Alabaş qardaş, mənə yazığın gəlsin, körpə balalarım var.
Alabaş pəncəsini onun sinəsinə qoyub dedi:
-Ay məlun, axı sən tövbə etmişdin. Bəs nə oldu?
Tülkü yazıq-yazıq dedi:
-Axı, mən tövbəni toyuq-cücə üçün demişdim. Onların heç birinə dəyməyəcəkdim. Mən ancaq xoruzu aparmağa gəlmişdim. Ona görə ki, tövbə etməmişəm.
Alabaş qəzəblənib onu boğmağa başladı. Tülkü ölümcül halda onun əlindən çıxıb sürünə-sürünə özünü meşəyə saldı” (8, 111-112). Uşaq ədəbiyyatında bu tip nümunələr kifayət qədərdir. Onların hər birisi özünün məzmun fakturası, mətn tipologiyası baxımından diqqəti cəlb edir.
Nağılların qruplaşdırılmasında (4) mühüm bir hissəni alleqorik nağıllar tutur. Azərbaycan xalqının zəngin nağıl yaradıcılı təkcə kəmiyyət baxımından deyil, həm də keyfiyyət fakturası ilə həmişə böyük əhəmiyyət kəsb etmişdir. “Tülkü, tülkü, tünbəki”, “Tülkünün kələyi”, “Tülkü ilə canavar” “Qoca Aslan”, “Hiyləgər tülkü”, “Eşşəklə tülkünün dostluğu”, “Süleyman şah və qarışqa”, “Ağ quş” (1) və s. kimi nümunələri bir istiqamətdə uşaqların dünyagörüşünün inkişafına hesablanmışdır. Klassik ədəbiyyatda N.Gəncəvinin “Sirlər xəzinəsi poemasında “Meyvəsatanla tülkünün nağılı”, “Bülbül ilə qızılquşun dastanı” (5) , M.Füzulinin “Söhbətül - əsmar”, A.Bakıxanovun “Tülkü və qoyun”, “Qurd və ilbiz” (3), Q.Zakirin “Dəvə və eşşək”, “Tülkü və qurd”, “Tülkü və şir”, “Çaqqal və şir”, “İlan, dəvə və tısbağa”, “Tısbağa, qarğa, kəsəyən və ahu”, S.Ə.Şirvaninin “Aslan və iki öküz”, “Qaz və durna”, “Dəvə və eşşəyin yol getməsi”, “Xoruz və çaqqal”, “Siçan balasının sərgüzəşti”, A.Səhhətin “İt və kölgəsi”, “Sərçə və qırğı”, “Qarışqa və milçək”, “Ulaq və aslan”, “Tülkü və qurd”, S.M.Qənizadənin “Tülkü və Çaq-çaq bəy”, “Tülkü və Armudan bəy”, A.Şaiqin “Tıq-tıq xanım”, “Tülkü və xoruz”, “Tülkü və dovşan”, “Dəvə və siçan”, “Dəvə, tülkü və qurd” (2) və s. onlarla sənətkarın yaradıcılığındakı alleqorik nağıl-təmsillər öz qaynağını xalq yaradıcılığından alır və sonrakı dövr ədəbiyyat üçün bir mənbəyə çevrilir. Folklordan gələn işlək mexanizmlər, təhkiyə formaları, mətn konstruksiyası, xalq simvolikası bir istiqamət olaraq davamlı şəkildə müxtəlif rəng və boyalarla təkrarlanır. Klassik ədəbiyyatın görkəmli nümayəndələrinin yaradıcılığında mühüm bir hissəni təşkil edən təmsillər də bu ənənənin faktıdır.

Ə.Səmədovun mühüm bir hissəni heyvanlarla bağlı hekayətlər təşkil edir. Yuxarıdakı nümunədə “Tülkünün tövbəsi” timsalında maraqlı bir mənzərə canlandırılmışdır. Bu tip nümunələr xalq dilinin zənginliyi, metaforik məzmun, assosiativ əlaqəlıərəin rəngarəngliyi, sözün məna yaddaşı, arxetiplərin hərəkəti ilə diqqəti cəlb edir. Burada digər istiqamət əsərin məna yaddaşının işarələdiyi məzmunla bağlıdır. Alleqorik xarakterli nümunələrin mahiyyətində işarələnən ideya, ictimai məzmun uşaqlarda daha təsirli və hərəkətlidir. Çünki burada uşaq marağının bütünlükdə məzmunu heyvanlara olan münasibəti müəyəyənləşdirməklə aparılır. Və müsbət əxlaqi-dəyərlərin, insani keyfiyyətlərin, münasibətlərin, yalançılıq, əyrilik, pislik, xəyanət və s. kimi hallara münasibətin formalaşması məqsədi üstünlük təşkil edir.
Folklorun funksional dinamikası bütün komponentləri ilə ənənədə uşaq ədəbiyyatının nümayəndələrinin marağına uyğun olaraq reallaşmış, mühiti, uşaqların dünyagörüşünü, gerçəklik və həyat münasibətlərini, maraqlarını ifadə məqsədi daşımışdır. Burada maraq doğuran məsələlərdən birisi də təhkiyə mexanizmlərində yazıçının folkloradan gələn formullara müxtəlif elementlərin, epizodik əlavə və fərqli yanaşmaların olmasıdır. Yazıçı etno-milli mədəniyyətin müxtəlif formalarından yararlanmaqla kifayətlənmir, həm də ona özünün əlavələrini edir, mətndə yeni məzmun yaratmaq cəhdində görünür. Məsələn, Ə.Səmədovun “Qızıl inəyin nağılı”nda başlanğıc epizoda diqqət yetirək: “Adətən, nağıllar belə başlanır. – Biri vardı, biri yoxdu, keçmiş zamanlarda... Mənim danışacağım nağıl, bizim günlərin nağılı olduğu üçün, onu belə başlayıram.

Mərcanbulaq kəndində Kərim adlı bir kişi yaşayırdı. Oğul-uşağını pərvazlandırıb hərəsini bir tərəfə uçurmuşdu Qoca qarısı Gülgəz nənə ilə dövran sürüb, ömür keçirirdi. Vardan-dövlətdən yaxşı daş evləri, özlərinə yetdik bağları, baxçaları vardı. Bir də bir qızıl rəngli, qıra buynuzlu, qarğı əmcəkli inəkləri. Özü də qızıl idi, adı da” (8, 143-144). Göründüyü kimi, mətnin adında və daxilində özünə yer tapan təhkiyə üsulu, janr formulu sırf nağıl konstruksiyasında reallaşır. Lakın yaradıcı istedadı folklordan gələn kanonik elementləri bütün vəziyyətlərdə olduğu kimi təkrarlamır, ona özünün əlavələrini də edir. Bütün bunlar və bu kimi faktlar Ə.Səmədovun uşaq nəsrindəki mahiyyət zənginliyini, folklordan bəhrələnmənin sistemli xarakterini düşünməyə əsas verir.

İşin elmi nəticələri: Ə.Səmədovun uşaq nəsri zəngin folklor ənənələri əsasında yaranmışdır.

İşin elmi yeniliyi: Folklordan bəhrələnmə Ə.Səmədov yaradıcılığının mahiyyətində durur. Xalq ədəbiyyatının forma və üsulları, semantik xarakteri onun yaradıcılığında güclü bir istiqamətdir.

İşin tədqiq əhəmiyyəti: Uşaq nəsrinin inkişaf xüsusiyyətini folklor və yazıçı problemini işləmək üçün Ə.Səmədovun nəsri zəngin material verir və bu istiqamətdə araşdırmanın gərəkliyini düşünməyə əsas verir.

ƏDƏBİYYAT:

1. Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar. Bakı: Yazıçı, 1985, 506 s.
2. Azərbaycan uşaq ədəbiyyatı antologiyası. Bakı: Eln, 1998, 300 s.
3. Bakıxanov A. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1984, 475 s.
4.Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı.Bakı: Maarif, 1992, 477 s.
5. Gəncəvi N. Əsərləri. Bakı: Elm, 1985, 640 s.
6.Hacıyev A. Ədəbiyyatşünaslığın əsasları. Bakı: ADPU, 2010, 370 s.
7.Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı. Bakı: Maarif, 1983, 276 s.
8.Səmədov Ə. Hərənin bir ulduzu. Bakı: Gənclik, 1984, 308 s.

NƏTİCƏ

Məqalədə Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əli Səmədlinin yaradıcılığında xalq ədəbiyyatı ənənələrinin bədii ifadəsi araşdırılır. Yazıçının uşaq nəsri nümunələrində folklorun müxtəlif janrlarından – nağıl, əfsanə, rəvayət, atalar sözü, məsəl və təmsillərdən istifadə xüsusiyyətləri təhlil edilir. Xalq müdrikliyinin, milli düşüncə tərzinin, əxlaqi və mənəvi dəyərlərin uşaq oxucusuna çatdırılmasında folklor motivlərinin rolu müəyyənləşdirilir. Əli Səmədlinin yaradıcılığında ənənə və novatorluq münasibətləri, şifahi xalq ədəbiyyatından gələn süjetlərin müəllif təxəyyülü ilə yenidən işlənməsi məsələlərinə diqqət yetirilir.

Açar sözlər: Əli Səmədli, uşaq nəsri, folklor, xalq ədəbiyyatı, nağıl, təmsil, milli-mənəvi dəyərlər, atalar sözləri.


XÜLASƏ

Əli Səmədov XX əsrin ikinci yarısı uşaq nəsrinin istedadlı nümayəndələrindəndir. Onun yaradıcılığında xalq ədəbiyyatından bəhrələnmə mühüm tərəf kimi görünür. Nağıl, əfsanə, rəvayət, təmsil, atalar sözü, məsəl və s. geniş şəkildə özünə yer tapır. Bundan əlavə xalq yaradıcılığından yararlanma motiv, hadisə, əhvalat və s. səviyyədə də maraq doğurur. İstedadlı sənətkar folklordan gələn zənginlik əsasında uşaqlar üçün gərəkli nümunələr yaratmışdır. Bütün bunlar onun keçən əsrin ikinci yarısında ədəbiyyatda yerini müəyyənləşdirməyə imkan verir.


SÜMMARY

Ali Samadov is one of the talanted writers of children's prose of the 20th century. In his creativity seems that he has benefited from the people's literature. Tales, legends, narrates, legendaries and etc. took important place. Beside this, benefiting from the people's creativity as motives, events, stories and etc. is very interesting. Talanted creator on the base of the folk richness created very famous samples for the children. All these could allow to determine its place in the literatures since the second half of the last
century.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ABİD TAHİRLİNİN HƏYAT VƏ YARADICILIQ YOLU ESMİRA İSMAYILOVANIN TƏDQİQATINDA

ABİD TAHİRLİNİN HƏYAT VƏ YARADICILIQ YOLU ESMİRA İSMAYILOVANIN TƏDQİQATINDA

Humanitar elmlər, Elmi Məqalələr, Digər ali məktəblər
“İNCİLƏR” KİTABININ İNCƏ QƏHRƏMANLARI

“İNCİLƏR” KİTABININ İNCƏ QƏHRƏMANLARI

Humanitar elmlər, Elmi Məqalələr
Bəsirə Əzizəli: “BAĞLI BİR QAPIYA AÇAR AXTARSAN, ANCAQ ALİMLƏRDƏ AXTAR, TAP ...

Bəsirə Əzizəli: “BAĞLI BİR QAPIYA AÇAR AXTARSAN, ANCAQ ALİMLƏRDƏ AXTAR, TAP ...

Humanitar elmlər, Elmi Məqalələr, Başkeçid
AZƏRBAYCAN DRAMATURGİYASINDA “ATALAR VƏ OĞULLAR” PROBLEMİ İLƏ BAĞLI MONOQRA ...

AZƏRBAYCAN DRAMATURGİYASINDA “ATALAR VƏ OĞULLAR” PROBLEMİ İLƏ BAĞLI MONOQRA ...

Yeni nəşrlər, BDU
Səadət Şahpələngova:

Səadət Şahpələngova: "UŞAQ ŞƏXSİYYƏTİNİN İNKİŞAFINDA OYUNLARIN ROLU"

Elmi Məqalələr, Uşaq bağçaları
Professor Asif Hacıyevin Rusiyada  yeni dərs vəsaitləri dərc edilib

Professor Asif Hacıyevin Rusiyada yeni dərs vəsaitləri dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

"Zirvə"
Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Avropa
İmran Qasımovun dramaturgiyasında insan amili

İmran Qasımovun dramaturgiyasında insan amili

Humanitar elmlər, Elmi Məqalələr, Ədəbiyyatşunaslıq, Müsabiqə
Etnosdan eposadək: DÖVRLƏŞMƏ KONSEPSİYASI VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ

Etnosdan eposadək: DÖVRLƏŞMƏ KONSEPSİYASI VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ

Naxçıvan, Humanitar elmlər, Elmi Məqalələr, "Zirvə", Ədəbiyyatşunaslıq
Elmi tədqiqatlar (2016)

Elmi tədqiqatlar (2016)

Elmi Məqalələr
“Milli ədəbiyyat tarixində  M.P.Vaqif irsinin öyrənilməsi”

“Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi”

Elmi Məqalələr
Azərbaycanlı yazıçının kitabı Almaniyada çap olunub

Azərbaycanlı yazıçının kitabı Almaniyada çap olunub

Yeni nəşrlər, Avropa, Diaspora
AMEA-da

AMEA-da "Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar p ...

"Zirvə", Folklor
BİR DAHA MİSKİN VƏLİ HAQQINDA

BİR DAHA MİSKİN VƏLİ HAQQINDA

Elmi Məqalələr, ADPU, Folklor
Aşıq yaradıcılığının bədii təsvir və ifadə vasitələri haqqında

Aşıq yaradıcılığının bədii təsvir və ifadə vasitələri haqqında

Elmi Məqalələr, Folklor, Ədəbiyyatşunaslıq
Yeni kitab: “Qabal – bura Vətəndir”

Yeni kitab: “Qabal – bura Vətəndir”

Qabal, "Region-Press"
YENİ TƏDQİQAT İŞİ

YENİ TƏDQİQAT İŞİ

Ədəbi tənqid, Borçalı, Bolus, Darvaz, Müşfiq Borçalı
AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

Elm, "Zirvə", Təbriklər
Rəy yazın: