Məti Osmanoğlu: “SİZƏ KİMDƏN DEYİM...”

Məti Osmanoğlu:  “SİZƏ KİMDƏN DEYİM...” Tanınmış ədəbiyyatşünas alim, Bakı Dövlət Universitetinin dosenti Məti Osmanoğlu 8-10 noyabr 2026-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən və Usatad Aşıq Hüseyn Saraçlının 110 illiyinə həsr olunan "AŞIQ YARADICILIĞI: TƏŞƏKKÜLÜ, İNKİŞAF MƏRHƏLƏLƏRİ VƏ MÜASİR İSTİQAMƏTLƏRİ” adlı Beynəlxalq Elmi Konfransda
"XIX ƏSR AŞIQ SƏNƏTİ: İMPERİYA SİYASƏTİ, MƏKAN TRANSFORMASİYASI VƏ ETNO-SİYASİ RƏQABƏT" mövzusunda maraqlı bir məruzə ilə çıxış etdi.
Konfransın sonunda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tərəfindən imzalanmış Sertifikatı Məti Osmanoğluna təqdim edərkən, o, düz 10 il əvvəl 2016-cı ildə Aşıq Hüseyn Saraçlı ilə bağlı "Sizə kimdən deyim..." sərlövhəli bir məqalə də yazdığını söylədi. Biz də Məti müəllimdən həmin məqaləni bizə göndərməsini xahiş etdik. O, elə həmin gün həmin məqaləni bizə göndərdi. Biz də məqalənin oxunaqlığını nəzərə alaraq dəyərli oxucularımıza təqdim edirik.


MÜŞFİQ BORÇALI,
ZiM.Az



***


Ənənəvi olaraq hər bir folklor nümunəsində - dastanda, nağılda, bayatıda, mahnıda... real həyat hekayələri, tarix və coğrafiya, müasir toponimlər axtarmağa üstünlük verdiyimizə görə əksər hallarda dastandakı epos yaddaşının şərtilikləri, nağıldakı üslub və fikir oyunları, bayatılardakı söz möcüzəsi, mahnılardakı səslənmə sehri, bir sözlə, folklor poetikasının yalnız özünə məxsus olan qanunauyğunluqları diqqətimizdən kənarda qalır. Bu baxımdan, ən talesiz abidəmiz “Koroğlu” dastanı hesab edilə bilər. Hətta XXI əsrdə çap olunmuş kitablarda belə bu epos xalqın yaddaşının dərin qatlarından gələn poetik abidə olmaqdan daha çox, XVII əsrdə Osmanlı imperiyasında dövlətə qarşı baş qaldırmış Cəlalilər üsyanının xronikası kimi təqdim olunmaqdadır. Bəzən daha da ifrata vararaq lap elə sovet dövründəki kimi Koroğlunun kürd olduğunu da iddia edirlər.
Bunların təkzibinə yönəldilən səylər də, necə deyərlər, oxu hədəfdən yayındırır.
Sazımızın və sözümüzün böyük ustadı Hüseyn Saraclının vaxtilə Azərbaycan televiziyasında lentə alınmış video yazıları (“Koroğlunun Dəmirqapı Dərbənd səfəri” və “Koroğlunun Ərzurum səfəri”) dastanla bağlı bir sıra məsələlərin aydınlaşdırılmasına, ümumilikdə dastan ifaçılığının bəzi məqamlarına yenidən nəzər salmağa kömək edən qiymətli mənbə sayıla bilər. (Bu lent yazıları ilə “Youtube” videohostinq serverində tanış olmaq mümkündür).
Hüseyn Saraclının “Koroğlunun Dəmirqapı Dərbənd səfəri”ni müxtəsər şəkildə danışdığı parça öncə kitablara, kitablardan da beyinlərə düşmüş “Kürdoğlunun Çənlibelə gəlməsi” saxtakarlığını aradan qaldırmağa kömək edir.
Ustad aşıq Koroğlunun Dərbənddə Ərəb paşanın qızı Möminə xanımdan doğulmuş oğlunun adının Kürdoğlu qoyulduğunu, yaxud onun el arasında Kürdoğlu kimi tanınması iddiasını birmənalı olaraq inkar edir və buna qəti etirazını bildirir: “Sizə xəbəri kimdən verəcəm – Möminə xanımdan. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə keçəndə dünya üzünə bir oğlu gəlir. Adını qoyurlar Hasan bəy. Bağışlayın, bunun adını Kürdoğlu adlandırıblar... amma mən köhnədən eşitdiyim, ustadan aldığım... – mənim yaşım yetmişdir, mən elə dünənki uşaq deyiləm – Hasan bəydi bunun adı, bunu Hasan bəy adınnan veriblər bizə...”
Onu da qeyd etmək yerinə düşər ki, “Koroğlu” dastanını tacik, gürcü variantları olduğu kimi, türk dilləri ailəsinə mənsub olmayan kürd variantının olmasını da təbii hadisə hesab etmək olar. Ancaq türk epik abidəsinin baş qəhrəmanının başqa etnosu təmsil etməsi həm elmi baxımdan, həm də dastançılıq təcrübəsi nöqteyi-nəzərindən ciddi yanaşma sayıla bilməz. Çünki epos ilk növbədə milli yaddaşın və milli idealların daşıyıcısıdır. Türk Koroğlusunun türk olması qeydsiz şərt olduğu kimi, tacik Koroğlusunun tacik, kürd Koroğlusunun da kürd olması da mütləqdir. Çünki hər bir etnosun və ya xalqın yaratdığı folklor və folklore qəhrəmanı o xalqın özünə aiddir. Rus folklor nəzəriyyəçisi Vladimir Yakovleviç Propp folklorun mənşəyini dilin mənşəyi ilə eyniləşdirir: dil hər bir xalqın (və ya dil ailəsinin) özünə aid olduğu kimi, folklor da yalnız onu yaradan xalqa, etnosa aiddir. “...Genetik baxımdan folklor ədəbiyyat ilə deyil, dil ilə yaxın ola bilər, folklor kimi dili də heç kim yaratmayıb, onun nə müəllifi var, nə də müəllifləri. Dil tam qanunauyğun şəkildə və insanların iradəsindən asılı olmayaraq, xalqların tarixi inkişafında bunun üçün müvafiq şəraitin yarandığı hər yerdə meydana gəlir və dəyişir”. V.Y.Proppun elmi yanaşmasına görə, dünya xalqlarınınn yaratdıqları folklor abidələrinin, o cümlədən dastan süjetlərinin və qəhrəmanlarının oxşarlığı, bəzən də eyniliyi ciddi qanunauyğunluğa əsaslanır. “...folklor əsərlərinin oxşarlığı maddi mədəniyyət istehsalının eyni formalarından eyni və ya oxşar social institutlara, oxşar istehsal alətlərinə, ideologiya sahəsində isə düşüncənin, dini təsəvvürlərin, yaşayış adət-ənənələrinin, dillərin və folklorun eyni formalarına gətirib çıxardan tarixi qanunauyğunluğun xüsusi bir hadisəsidir”.
Hüseyn Saraclının “Koroğlu”sunun ən mühüm məziyyətlərindən biri ustad aşığın ifaçılıq üslubudur. Bu üslubun təhlili həm də dastanın tarixi mətni haqqında daha obyektiv mülahizə yürütməyə imkan yarada bilər. Hüseyn Saraclı danışarkən dastandakı hadisələri həyatda baş vermiş real əhvalatlar kimi deyil, “ustaddan alınmış” əmanət kimi təqdim edir və həmin yaddaş əmanəti ilə dinləyici (tamaşaçı) arasında vasitəçi, əlaqələndirici rolunu oynayır. Aşıq dastanın nəsr (bu termindən
asanlıq naminə istifadə edirik, dastanın nağıl edilən hissələrini, adətən, yurd adlandırırlar) hissələrinin, demək olar ki, hamısını parodiya formasında çatdırır.
Məsələn, Dərbəndə Möminə xanımın sorağına aşıq libasında gələn Koroğlunun zahiri görkəmi gerçək insan portretindən tam fərqli cizgilərlə təqdim edilir:
“Paşaya xəbər verirlər ki, bir aşıq gəlib. Əmr verdi ki, içəri gətirin. İçəri gəldi.
Baxdılar elə bir aşıqdır ki, eni uzunundan bir qarış artıqdır. Bığlar pələ camış buynuzu kimi süysünündən aşıb. Amma bunun sazı da balaca bir şeydir, balaca da olanda, deyir üstündə bir adam bardaş qurub otura bilər...”
“Koroğlunun Ərzurum səfəri”ndəki Aynalı pəhləvanın görkəmi də heyrətdən çox gülüş doğurur (H.Saraclının özünəməxsus intonasiyası bu gülüşü bir qədər də artırır): “...bir adam düşdü, gözləri yoxdur. Cibindən o saat bir ip çıxartdı, qaşınnan əti yuxarı dartdı, bağladı, gözlər açıldı. Aynalı pəhləvan bu idi...”
Hüseyn Saraclı hətta gözəl qadın obrazını – Telli xanımın portretini də ciddilikdən uzaqlaşdırıb, dastan ənənəsindən gələn cizgilərlə bəzəyir: “Amma Telli xanım da qız deyirəm, qızdırma demirəm, ağız püstə, burun fındıq, göz piyalə kimi yanırdı. Dingəsi minar, əl vurma – sınar. Əlini vurma – gendə dur. Ölünün qəbrinin üstünə qoysan, ölü dimdik oturardı...”
Dastanda zaman da şərtidir. Qəhrəman “o zaman aynan ilnən, indi aşıqların müxtəsəri dilnən” yol gedib mənzil başına çatır. Həm dastan dilinin, həm də Koroğlunun özünün zaman anlayışı qeyri-adidir. “Dedi: “Möminə xanım!” Dedi:
“Bəli”. Dedi: “Mən gedəsiyəm”. Dedi: “Bə mən?” Dedi: “Səni də sonra gəlib apararam”. “Neçə gün çəkər? Neçə ay çəkər?” Dedi: “Çox çəkməz, çox çəksin 18-20 il...” Dedi: “Yaxşı vədə verirsən”...
Burada həm “ustadın verdiyi”, yəni yaddaşdan gələn əmanətə sədaqət var, həm də dinləyicinin təsəvvürü, dastana münasibəti ilə incə bir kompromis. Dastan personajlarının yaddaşda qalan, insanların qəhrəmanlıq, gözəllik barədə ilkin təsəvvürlərinin folklorda maddiləşmiş qeyri-adiliyi bu günün dinləyicisinə zarafat və yumor bəzəməsi ilə çatdırılır. Dinləyiciyə Koroğlunun qeyri-adiliyinin həqiqət deyil, məhz “nağıl” olduğunu xatırlatmaq üçün şişirtmə daha da artırılır və söhbət bilərəkdən ciddiyyət çərçivəsindən uzaqlaşdırılır.
Dastanda Koroğlunun Möminə xanımdan olan oğlu Hasan bəyin ətrafdakı insanlara qarşı davranışı da parodiya qarışıq incə bir ironiya ilə təqdim edilir. Eləcə də həm Qırat, həm də Dərbənddə Qıratdan törəyən və Koroğlunun oğlundan başqa heç kəsin minməyə cürət etmədiyi at da həyat reallığından daha çox, epos reallığını, başqa sözlə, dastan poetikasının şərtiliklərinin, sözün müəyyən mənasında, ehkama çevirdiyi təsəvvürləri ifadə edir. Aşığın danışdığı əhvalatlar gerçək dünyadan fərqli olan epos dünyasının şərtlərini qoruyub saxlayır. Çünki dastanın nəsr hissəsini nağıl edərkən ifaçını xilas edə biləcək yeganə sehrli qüvvə bədii söz havası, sənət iqlimi yaratmaqdır. Bu yanaşmanın altındakı mənanı belə izah etmək mümkündür ki, ifaçı tamaşaçıya danışılan əhvalatın şişirtmə, “nağıl” olduğunu qəbul etdirir və “nağılı” daha maraqlı etmək üçün şişirtmənin, qeyriadiliyin ölçülərini bacara bildiyi genişləndirir. Bununla da dastanı dinləyən tamaşaçı üçün dastan öz ədəbiyyat “realizmini”, tarixi salnamə olmaq səlahiyyətini itirmiş olur. Dastan dinləyici tərəfindən özünəməxsus ölçüləri olan poetik hadisə kimi qavranılır və elə bununla da qazanır. Hüseyn Saraclının “Koroğlu”su XX əsrdə olduğu kimi, XXI əsrdə də böyük maraqla dinlənilir. Məlumat üçün diqqəti bir statistika üzərinə yönəltməyi zəruri hesab edirəm ki, mən bu yazını hazırlayarkən Hüseyn Saraclının ifa etdiyi “Koroğlunun Dəmirqapı Dərbənd səfəri”nin “outube” videohostinqində 84 530 ziyarəçsi olmuş ki, azərbaycandilli auditoriya üçün bu, çox böyük göstəricidir.
Dastanın ifasında diqqəti cəlb edən cəhətlərdən biri də mətndəki şeir parçalarının saz havaları üstündə oxunması ilə bağlıdır. Maraqlıdır ki, həm şeir parçaları, həm də şeirlərin səsləndirildiyi saz havaları istisnasız olaraq ciddi intonasiya ilə təqdim edilir, burada heç bir parodiya elementi nəzərə çarpmır. Bizə elə gəlir ki, burada da “ustaddan alınmış” yaddaş əmanəti amili həlledicidir.
Azərbaycan dastanlarında tez-tez rast gəldiyimiz “aldı görək nə dedi” deyimi sadəcə, yaşını dəqiq bilmədiyimiz ənənənin saxlanılmasıdır: Azərbaycan dastanlarındakı dastanın danışıldığı zaman bədahətən qoşulub söylənilmir. Şeirlər dastanın ən mühafizəkarlıqla yanaşılan parçalarıdır. Bu mənada, Azərbaycan aşıq poeziyası yazılı ədəbiyyat hesab edilməlidir, çünki aşıq şeiri, demək olar ki, yarandığı gündən dəyişməz qalır. (Paradoksal hadisə budur ki, Azərbaycan aşıq şeirləri daha çox nəşr edilərkən naşirlər tərəfindən dəyişikliyə məruz qalıb).
Sadəcə, aşıq “saznan dediklərini söznən deyərkən” sərbəstləşir, şeirin mətninə toxunmadan ona müvafiq bildiyi yozumları verir, şərhləri edir. Beləliklə, dastanın “saz” və “söz” hissələrində, nəsr parçaları ilə şeir parçaları, eləcə də musiqisi arasında bir tarazlıq və bütövlük, harmoniya təmin edilmiş olur...
Dastan ifaçısının əsas ustalıqlarından biri də məhz dastanın özündə yaşatdığı tarixiliyi saxlamaqdır. Dastançı üçün də, dinləyici üçün də dastan bədii söz olmaqla yanaşı, həm də yaddaşın yaşatdığı tarixdir. Bu mənada, tarixin əsas qoruyucusu dastanın süjetidir. Hüseyn Saraclı dastan danışarkən mətni nə qədər sərbəst çatdırsa da, şeirlər kimi süjet də yerində qalır, əhvalatların bir-birini izləməsi təhrif edilmir. Bu yalnız qəhrəmanlıq eposu “Koroğlu”ya deyil, bütün dastanlara aiddir. Məhərrəm Qasımlının hələ gənclik illərində yazdığı bir şeirdə deyildiyi kimi:
-Əslini Kərəmə qovuşdur, aşıq!
-Ustad belə tapşırıb,
olmaz, ay olmaz!
2016

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Müşfiq Borçalının daha bir məqaləsi AMEA Folklor İnstitutunun elmi jurnalın ...

Müşfiq Borçalının daha bir məqaləsi AMEA Folklor İnstitutunun elmi jurnalın ...

Humanitar elmlər, Folklor, Darvaz, Müşfiq Borçalı
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
SAZIMIZIN NAR GİLƏSİ - AŞIQ NARGİLƏ

SAZIMIZIN NAR GİLƏSİ - AŞIQ NARGİLƏ

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Tiflis
MOLLA NAMAZ (1882-1962)

MOLLA NAMAZ (1882-1962)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi

Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi "Mədəniyyət" kanalında ya ...

Tv, Elanlar
Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Mədəniyyət, Folklor, Bolus
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

Folklor, Bolus
Borçalıdan gələn qonaq ustad aşıq...

Borçalıdan gələn qonaq ustad aşıq...

Folklor, Borçalı
ALLAH RƏHMƏT ELƏSİN, AŞIQ MƏHƏMMƏD SADAXLI!..

ALLAH RƏHMƏT ELƏSİN, AŞIQ MƏHƏMMƏD SADAXLI!..

Tv, Folklor, Borçalı, Nekroloqlar, Müşfiq Borçalı
AŞIQ HÜSEYN SARACLININ  MƏNALI ÖMRÜNDƏN XATİRƏ

AŞIQ HÜSEYN SARACLININ MƏNALI ÖMRÜNDƏN XATİRƏ

Digər ali məktəblər, Bolus
Könlümüzdən keçən

Könlümüzdən keçən "YAYLAQ SƏFƏRİ"

"Şərqin səsi", Müşfiq Borçalı
YENİ TƏDQİQAT İŞİ

YENİ TƏDQİQAT İŞİ

Ədəbi tənqid, Borçalı, Bolus, Darvaz, Müşfiq Borçalı
Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Bolus
Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Mədəniyyət, Folklor
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
Rəy yazın: