BELA ZƏNGİBASARLI: “ÜZ TUTUB GEDƏSƏN DAĞLARA SARI…”

BELA ZƏNGİBASARLI: “ÜZ TUTUB GEDƏSƏN DAĞLARA SARI…” TARİXLƏRDƏ İLHAM ADI QALACAQ

(Ulu öndərimizinn vəsiyyətini yerinə yetirən oğula)


Düşmənlərə dərin quyu qazana,
Otuz ilin “qara izin” pozana,
Qarabağım, azad oldu yazana,
Tanrı özü hər an kömək olacaq!
Tarixlərdə İlham adı qalacaq!

Torpağımda yallı-halay çəkənə,
Gül yerinə Şəhid qanı əkənə,
Vətənimə, namərd tək göz dikənə,
Dəmir yumruq nədir? başa salacaq!
Tarixlərdə İlham adı qalacaq!

Dünyaya səs saldı İlham, Ərdoğan,
Haqqın zəfərini çatdıran zaman,
Turan birliyini qurduğumuz an,
Düşmənin bənizi, gözü solacaq!
Tarixlərdə İlham adı qalacaq!

Vəsiyyəti gerçək oldu atanın,
Ona halal olsun südü ananın
Əməliylə Ali Baş Komandanın,
Boşalan nə varsa yenə dolacaq!
Tarixlərdə İlham adı qalacaq!

Yurdumuza təşrif etsin qonaqlar,
Alovlansın, daim yansın çıraqlar,
İnşallah alınsa qalan torpaqlar,
Ədalət o zaman zəfər çalacaq,
Tarixlərdə İlham adı qalacaq!


DAĞLARA SARI

Tanrı əsəridir gül üstə jalə,
Sıldırım qayadan axan şəlalə.
Şəfadır baldırğan, gözəldir lalə,
Yığasan başına dost, tanış, yarı,
Üz tutub gedəsən dağlara sarı.

Salxım söyüdlərin kölgəsi düşə,
Toğlunu əlinlə çəkəsən şişə.
Qoyasan köz üstə astadan bişə,
Yediyin, içdiyin nuş ola barı,
Üz tutub gedəsən dağlara sarı.

Yolunu salasan sərin bulağa,
Bir məclis qurasan gələn qonağa.
Gəzdikcə meşəni başdan ayağa,
Görünə zirvənin dumanı, qarı,
Üz tutub gedəsən dağlara sarı.

Quşlar cəh-cəhiylə verə xoş soraq,
Gözəllik ürəkdə yarada maraq.
Gileydən, güzardan olduqca iraq,
Atasan qəlbindən hər ahu-zarı,
Üz tutub gedəsən dağlara sarı.

Təbiət qoynuna tez-tez yol sala,
Beyin dinclik tapa, ruhun zövq ala.
Gördüyün mənzərə yaddaşda qala,
Dinə könüllərin kamanı, tarı,
Üz tutub gedəsən dağlara sarı.
06.07.2024.


ZƏNGİBASAR,
GÖZƏLLƏRİN VAR OLSUN


Danışırıq hey ayından, ilindən,
Adın düşmür bir kimsənin dilindən.
Doğmaların ayrı düşdü elindən,
Bizi səndən ayıranlar xar olsun,
Zəngibasar, gözəllərin var olsun.

Öz adını tarixlərdən silənə,
Dərdimizə ağlamayıb gülənə,
Səni haqsız özününkü bilənə,
Haram olsun, ayıb olsun, ar olsun,
Zəngibasar, gözəllərin var olsun.

Haqq bağını haqsız yerə üzənlər,
Yalanları muncuq kimi düzənlər,
Torpağımda yerli-yersiz gəzənlər,
Yer tapmasın, dünya ona dar olsun,
Zəngibasar, gözəllərin var olsun.

Öyrətmə gəl yağıları özünə,
Dadandırma dağ-dərənə, düzünə,
Biz yoxuqsa, düşmənlərin üzünə,
Gün doğmasın, yağış, boran qar olsun,
Zəngibasar, gözəllərin var olsun.

Düşünürük səni geri almağı,
Qolumuzu bir boynuna salmağı.
Həmişəlik düşmənlərə qalmağı,
Eşitməsin, qulağımız kar olsun,
Zəngibasar, gözəllərin var olsun.

Torpaqların qayıtdığın biləndə,
Bu sevincdən şadlananda, güləndə,
İnşallah ki, biz qayıdıb gələndə,
Bağın, bağçan bərəkətli bar olsun,
Zəngibasar, gözəllərin var olsun.

Ana Vətən, qoynuna tez girməyə,
Güllərindən yeni çələng hörməyə,
Bu tezlikdə səni gəlib görməyə,
Yol açılsın, Tanrı bizə yar olsun,
Zəngibasar, gözəllərin var olsun.
06.11.2024.


DUZU OLAYDI

Nə var istəmirəm, nədəki dövlət,
İstərdim əlimin duzu olaydı.
Dəyər verdiyimin yalnız dilindən,
“Çox sağ ol”, dediyi sözü olaydı.

Qoy yağsın göylərin həzin yağışı,
Yer də qoy eləsin göyə alqışı.
Sevmirəm payızı, sevmirəm qışı,
Ömrümün hər fəsil yazı olaydı.

Kölgəsi gözəldir hətta kolların,
Gücü hədəfinə vuran qolların.
Ürəkdən-ürəyə gedən yolların,
Sevənin sevənə nazı olaydı.

Namərdlə aş yemə, mərdlə zəhər iç,
Əsil dost yolunda sən canından keç.
Nə ola, söz-söhbət olmayaydı heç,
Hər kəs bir-birindən razı olaydı.

Ürəkdən keçənlər nələrdir, nələr?
Xoş avaz, xoş ülfət, gözəl kəlmələr.
Qəlbləri oxşayan şirin nəğmələr,
Aşığın söhbəti, sazı olaydı.

Buzu əriyərdi kaş ürəklərin,
Sonu olmayaydı xoş diləklərin.
Allahdan edilən bu istəklərin,
Çoxu olmasa da, azı olaydı.
12.08.2023


ÇALIŞ AT ÜRƏYİNDƏN

A müştəbeh, ay yazıq, sən özünə gəl bir az,
Hər kəsin sevincini özününkü bil bir az.
Dostların xoş günündə sevin biraz, gül bir az,
O paxıllıq hissini çalış at ürəyindən.

Əgər qanın qaralır, sevinmirsə ürəyin,
Maneçilik törətmə, dəyməsə də köməyin.
İstəyirsənsə olsun dost, qohumlar gərəyin,
O, paxıllıq hissini çalış at ürəyindən.

İçindəki xislətin rahatlıq vermir sənə,
Özünə yer tapmırsan, üzün tutulur yenə.
Məsləhət eyləyirəm, icazə versən mənə,
O, paxıllıq hissini çalış at ürəyindən.

Paxıllığın inan ki, Allaha gedir acıq,
Kimsənin uğuruna niyə olursan qıcıq?
Pis günə düşmə deyə, dinlə sözümü açıq,
O, paxıllıq hissini çalış at ürəyindən.
05.03.2025


ÖZÜN BU MİLLƏTƏ KÖMƏK OL ALLAH

Hansı zəmanəyə gəlib, çatmışıq?
Namusu, qeyrəti niyə atmışıq?
Nədən göz yummuşuq, nədən yatmışıq?
Özün bu millətə kömək ol, Allah!

Pozulub təməli, halal mayası,
Qalmayıb oğulun, qızın həyası.
Dərddən əriyıcək daşı, qayası,
Özün bu millətə kömək ol, Allah!

İtibdir qızların dini imanı,
Oğlanın bir qıza yoxdur gümanı.
Haqlı pisləyirik belə zamanı,
Özün bu millətə kömək ol, Allah!

Bəhsəbəs düşübdür, soyunur hamı,
Şirin ağzımızın itibdir tamı.
Həyatın qalmayıb ləzzəti, kamı,
Özün bu millətə kömək ol, Allah!

Allahdan dönənlər dəyişir özün,
Şişirdir yanağın, dartdırır gözün.
Vecinə almayır kimsənin sözün,
Özün bu millətə kömək ol, Allah.

Bayramlar, Baboşlar bir üz qarası,
Qeyrəti olanın ürək yarası.
Bu dərdin görəsən varmı çarası?
Özün bu millətə kömək ol, Allah!

Kəm baxır qaynata, kəm baxır ata,
Qızına, gəlninə eyləyir xəta.
Məzar da beləsin qoynundan ata,
Özün bu millətə kömək ol, Allah!

Kimə güvənib də, kimə inanaq?
Kimin xatirəsin hörmətlə anaq?
Kimin vəfasıyla alışıb, yanaq?
Özün bu millətə kömək ol, Allah!
30.08.2025.


BORCLUYAM

Qədirbilən xəlbirimdən ələnməz,
Yaxşı insan ürəyimdən silinməz!
“Dost” sözüdür hecalara bölünməz,
Ələyimdə qalanlara borcluyam.

Söyləmişəm hər an sözün düzünü,
Namərdlərin ələmişəm yüzünü.
Acı olan həqiqətin üzünü,
Şirin olan yalanlara borcluyam.

Allah, yağdır yağışını, dolunu,
İslat bir az ağacını, kolunu.
Az da olsa yaxşıların yolunu,
Ürəyimə salanlara borcluyam.

Çəkən varsa gözəllərin nazını,
Sevən varsa baharını, yazını.
Ruhu ilə kamanını, sazını,
Dilləndirib, çalanlara borcluyam.

Gəlməsinlər min bir hiylə, kələklə,
Danışsınlar xoş arzuyla, diləklə.
Qohum, qardaş- kim olursa, ürəklə,
Salamımı alanlara borcluyam.

Yaxşılıqlar yaddaşlarda kaş qala,
Unutmayan xatirinə bir sala.
Bela deyir, dərin-dərin xəyala,
Kövrələrək dalanlara borcluyam.
08.05. 2026


DOSTUYAM

Dost-tanışlar istəyirsə xətrimi,
Çiçəklər tək gözəl olan ətrimi.
Varlığımı, qiymətimi, qədrimi,
Dəyərimi bilənlərin dostuyam!

Dəf edilən yüz bəhanə, kələklə,
Xoş ovqatla, min bir arzu-diləklə,
Gülər üzlə, sevinc ilə, ürəklə,
Şad günümə gələnlərin dostuyam!

Dolu olub, yollarıma yağmayan,
Acığından sifətini boğmayan,
Paxıllıqdan qaş-qabağın yığmayan,
Xoş günümdə gülənlərin dostuyam!

Dənizlərdə batırmayan gəmimi,
Alqışlayan xoş nəşəmi, dəmimi.
Təsəlliylə yox etdiyi qəmimi,
Kədərimi silənlərin dostuyam!

Namus, qeyrət daşıyırsa qanında,
Sevgi, vəfa çağlayırsa canında,
Yıxıldıqda, əl uzadıb, anında,
Əhvalımı bölənlərin dostuyam!

Dar zamanda hamıdan tez gələnin,
Göz yaşımı, əlləriylə silənin.
Duz-çörəyi “Quran” kimi bilənin,
Dost yolunda ölənlərin dostuyam!
12.10.2025.


BİLƏMMƏZSƏN ASTARI NƏ, ÜZÜ NƏ

Başın çıxmaz bu dünyanın işindən,
Biləmməzsən əyrisi nə, düzü nə?
Yaxın sanıb güvəndiyin dostun da,
Biləmməzsən astarı nə, üzü nə?

Dəyər verib, tac edərsən başına,
Dəyərini bıçaq edib saplayar.
Gözləmədən elə zərbə vurar ki,
Dodaqların yüz yerindən partlayar.

Nə pis zaman, nə pis dövran, nə pis çağ,
Qalmayıbdır bir kimsəyə güvənin.
Saflığından inandığın çoxu da,
Görərsən ki, nə tayınmış, nə tənin.

Kaş ki heç vaxt qırmayalar qəlbləri,
Daş yerinə, ürəklərdə gül bitə.
Təkəbbürü, məkirliyi unuda,
Küdurəti, kinliliyi tez itə.

Axı insan bayquş deyil tək qala,
Gərəkdir ki, çevrəsində var ola.
Arzum budur hər bir kəsin yanında,
Əsil qohum, əsil tanış, dost ola.
25.03.2025.


DÜNYANIN NƏ GÜNAHI?

Deyirlər ki, bu dünya
Əzəl gündən yalandı,
Deyirlər ki, bu dünya
Haqqı, düzü danandı,
Dünyanı viran qoyan
Şeytan deyil, insandı,
Qaniçən, acgözlərin
Tükənmirsə tamahı,
Dünyanın nə günahı?

Bir ana körpəsini
Zibilliyə atırsa,
Bir övladın anası
Küçələrdə yatırsa,
İnsan bu alçaqlığı
Tamahına satırsa,
Hər şeyə qadir Allah
Yerdə qoymaz bu ahı,
Dünyanın nə günahı?

Mərdiməzar qəfildən
Adamı salır dərdə,
Yalançı məharətlə
Gözlərdən asır pərdə,
Nadürüstlər, namərdlər
Meydan oxuyur mərdə,
Haqq yolunda olanın
Allahadır pənahı,
Dünyanın nə günahı?

Şərəfsizlik dünyanı
Götürübdür başına,
Zəhər qatır şarlatan
Günahsızın aşına,
Vicdansızlar qıyırsa
Yazığın göz yaşına,
Hücum çəkir üstünə
Xatırladır timsahı,
Dünyanın nə günahı?

Qardaş var öz qardaşın
Pula görə öldürür,
Balasın yetim qoyub
Çırağını söndürür,
Çoxa qane olmayıb
Azı belə böldürür,
Qıymayır doğmasına
Hər hansı bir mətahı,
Dünyanın nə günahı?

Pislik edən hər insan
Unutmasın qoy sonu,
Necə, nə cür olubsa
Sonda görəcək bunu,
Dəyişməsin yüz kərə
Nə sifəti, nə “donu”,
Yamanlıqdan əl çəkib
Düşünsünlər sabahı,
Dünyanın nə günahı?

Dünya cənnət məkandır
Biz onun sakinləri,
Bela deyər, sevin siz,
Duyun gözəllikləri,
Çoxdur hələ dünyanın
Açılmamış sirləri,
Duymuruqsa bu sirri,
Duymuruqsa allahı,
Dünyanın nə günahı?


ZiM.Az




BELA ZƏNGİBASARLI: “ÜZ TUTUB GEDƏSƏN DAĞLARA SARI…”
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: