PEŞƏSİNƏ VURĞUNLUQ, İNSANLIĞA SEVGİ

PEŞƏSİNƏ VURĞUNLUQ, İNSANLIĞA SEVGİ Həkim - cəmiyyətin, bəşəriyyətin sağlam yaşaması üçün elmi bilikləri ilə insanlarda sevinc, hüzur, həyata bağlılıq eşqini gücləndirəcək şəxsdir.
Bizim danışdığımız həkim "Hippokrat" andına sadiq olan, mənəvi keyfiyyətləri, eyni zamanda səmimiyyəti, mehribanlığı ilə seçilən, öz sənətini sevən, sevərək, yorulmadan, səbirlə idarəçilik və insanlıq borcunu yerinə yetirən ali həkimlərimizdən biridir. Biridir, - dedikdə seçilmişlərdəndir ifadəsini nəzərdə tuturam. Çunki çox təəssüflər olsun ki, öz məsuliyyətini dərk etməyən, sənətinin bilicisi olmayan, naşı və biganə “həkimlərimiz” saysız-hesabsızdır. Ona görə də həyatda öz peşəsini sevərək, can yandıran həkimləri görəndə insan duyğusallaşır.

Bəzən düşünürəm ki, Allaha edilən dualarımın nəticəsidir ki, bir neçə dəfədir məni belə insanlarla - həkimlərlə rastlaşdırıb.
Həkimlə xəstə arasındakı təmənnasız xoş münasibət onun sağalması üçün ən önəmli şərtlərdəndir. Həkimə inam və onun xəstəsinə həssaslıqla yanaşıb ruh yüksəkliyi yaratması şəfa yolunun açarıdır.
Könül xanım Bakı şəhər 9 saylı poliklinikanın fizioterapiya şöbəsinin müdiridir. Öz işində dəqiqliyə, məsuliyyətə, səliqəyə önəm verməsi iş prosesində xəstələrin məmnun olmasına, idarə etdiyi kollektivin də tələbkarlığa məmnunluqla yanaşmasına şərait yaradır.
Xəstələrlə xoş münasibəti, kollektivlə səmimi davranışı, xoş ifadələri əsl idarəçilik qabiliyyətinin məharətidən xəbər verir.
Təyinat verdiyi xəstələrlə xüsusi olaraq, maraqlanır, əhvallarını soruşur, hətta tibb bacılarına dəstək məqsədilə işin ən gərgin vaxtlarında onlara kömək edir, belə deyərdim, onları əvəz etməkdən tükənmir. Bu insanlığa sevgi ilə yanaşı öz sənətinə bağlı olan mükəmməl həkimin amalının, məqsədlərinin aliliyindən xəbər verir.
Məmmədova Könül Fikrət qızı 1976-cı ilin mart ayının 6-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır.
Atası Məmmədov Fikrət, anası mərhum Məmmədova Mehriban Bəşir qızı ali təhsilli ziyalılarımızdan olub, ölkəmiz, Vətənimiz, millətimiz üçün elmi bilikləri ilə xidmətlər göstərmiş, o cümlədən, ailədə gələcəyin ən gözəl mütəxəssislərini yetişdirmişlər.
Könül Məmmədova 1984-cü ildə 145 saylı fizika təmayüllü liseyin birinci sinfində təhsil almağa başlamışdır.
1995-ci ildə məktəbi bitirib Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuşdur.
2002-ci ildə Tibb Universitetini bitirib Elmi-tədqiqat Tibbi Bərpa İnstitutunda təhsilini davam etdirmiş, həkim fizioterapevt və reabitolioq şəhadətnaməsini əldə etdikdən sonra müxtəlif klinikalarda həkim fizioterapevt kimi çalışmışdır.

Könül Məmmədova 2016-cı ildə sertifikasiya imtahanından yüksək bal toplamış və həmin il Mərkəzləşdirilmiş İşə Qəbul imtahanında test üsulu ilə yüksək nəticə göstərərək, Bakı şəhər 9 saylı poliklinikaya fizioterapevt həkim təyin olunmuşdur. Həmin gündən indiyə kimi poliklinikada həkim-fizioterapevt kimi fəaliyyətini davam etdirir.

Həqiqətən öz peşəsini mükəmməl öyrənərək, insanların sağlamlığının keşiyində dayanmaq qürur verici haldır.
Müxtəlif xarakterli, eyni zamanda, emosiyaları gərgin xəstələrlə yorulmadan, səbirlə çalışmaq yalnız sənətə və insanlara sevgidən irəli gəlir ki, mən də bütün bunları müalicəm zamanı Könül xanımın timsalında gördüm.
Ona işində daha böyük nailiyyətlər, ugurlar və möhkəm cansağlığı arzulayıram. Qoy xalqımıza xidmətdən yorulmasın, əməyinin sayəsində daha yüksək zirvələrə layiq gorulsun!


İLHAMƏ SABİRQIZI,
"Qızıl Qələm" media mükafatı laureatı,
Publisist-yazar


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: