RAHİB ALPANLI: "ƏZABLI YOLLARLA, YAXUD YAZMAQ İSTƏMƏDİYİM YAZI" ADPU, "Elm və Təhsil", Köşə yazılar 22 июня 2025 366 0 1 2 3 4 5 RAHİB ALPANLI (SƏDULLAYEV) - 1956-cı il, fevral ayının 21-də Quba rayonunun Alpan kəndində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra Keçmiş SSRİ-nin 50-illiyi adına Xarici Dillər İnstitutuna, indiki ADU-ya daxil olmuş və 1978-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən bəri rayonda ingilis dili müəllimi kimi çalışmışdır. O, Xarici Dillər Universitetinin ilk məzunlarındandır. Qabaqcıl təhsil işçisidir. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında baş müəllimdir. İstər ölkəmizdə, istərsə də dünyanın bir sıra ölkələrində Azərbaycanı layiqincə təmsil edən çoxsaylı ardıcılları və müxtəlif peşə sahibləri olan yetirmələri vardır. “Nələr olmur, dünya, səndə...”, “Evin şüşədəndirsə”, “Oğurlanmış həqiqət”, “Yaxşılığın göz yaşları”, “Məktəbin ürəyi”, “Mən dünyaya gələndə” bədii kitabları, iki metodiki vəsaiti nəşr olunub, yüzdən artıq elmi-publisistik məqalə və tərcümələr müəllifidir. Vətən müharibəsi zamanı müzəffər Ali Baş Komandanimız İlham Əliyevin qılınc kimi iti “Qarabağ Azərbaycandır!” şüarına yazdığı məktubundan “Qarabağ Azərbaycandır!” şeiri orta məktəbin VII sinif ədəbiyyat dərsliyinə daxil olunub.Rayonda şair R. Qusarçaylının rəhbərliyi ilə fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisinin üzvüdür. Hazırda ADPU Quba filialında çalışır. Xoşbəxt bir ailə başçısıdır. İki oğlu, iki qızı, nəvələri var.Qabaqcıl təhsil işçisi, YAP-nın üzvüdür.ƏZABLI YOLLARLA, YAXUD YAZMAQ İSTƏMƏDİYİM YAZI Repetitorluq, özəl, fərdi dərs haqqında çox oxudum və müxtəlif müəlliflərin əksər fikirlərinin mənimkilərlə üst-üstə düşdüyünü gördüm. Ona görə də dövrümüzdə bir ənənəyə çevrilmiş repetirtorluq haqqında, məktəb və müəllimin nüfuzunu qorumaq, əksər aillələrə yardımçı olmaq məqsədi ilə bu barədə yazmaq qərarına gəldim.Sözün düzünü uşaqdan soruş Qohumlardan biri söhbət əsnasında bildirdi ki, nəvəsi deyirmiş ki, hamı müəllim yanına gedir, mən də getmək istəyirəm, ancaq atamın imkanı yoxdur. Bu, bir neçə gün əvvəl həmkəndlim Məhəmməd kişinin avtobusda mənə verdiyi sualı yadıma saldı. O, bellərində yekə çanta, avtobusa minib özlərinə ayaq üstdə durmağa yer tapan kimi də əl boyda telefonlarla oynayan neçə-neçə uşaqları seyr edib məndən soruşdu: - Müəllim, bu uşaqlar rayon mərkəzinə dərs öyrənməyə gedirlər, deyəsən. Çəkdikləri çətinliklər az imiş kimi, oxuduqları haqqında düşünməkdənsə telefonla oynayıb öyrəndiklərini də unudurlar. Kəndimizin məktəbində bunların öyrənmək istədikləri fənlərdən dərs deyən müəllimlər yoxdur məgər? Düzü, “görünən şəhərə nə bələdçi” deyib kifayətlənmək istədim, lakin həmsöhbətimin maraqlı sualına “elm axtarmaq savabdır” dedimsə də, nə o, məmnun oldu, nə də mən. Ürəyimdəki narahatçılıq əslində yazmaq istəmədiyim bu yazını yazmağa məcbur etdi məni. Rabindranat Taqorun dediyi kimi, “Sahildə dayanıb sadəcə seyr etməklə dənizi keçmək olmaz.” Ona görə də bu problemə bir qədər yaxından yanaşıb öyrənmək istədim. Bəri başdan deyim ki, ailələr və uşaqlar arasında elmə marağın belə vüsət alması adamda qürur hissi oyadır. Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti, aparteid əleyhinə apardığı mübarizəyə görə 27 il həbsxanada yatmış Nelson Mandelanın təbirincə desək, “Təhsil dünyanı dəyişmək üçün işlədə biləcəyin ən güclü silahdır.” Sirr deyil ki, ötən əsrdə iki müxtəlif rejimin lider ölkələri – Sovet İttifaqı və Amerika ən çox elm sahəsində muharibə aparırdılar. Bəs niyə bu silahı əldə etmək üçün tarix boyu yaranmış məktəb, sinif-dərs sistemi öz funksional missiyasını layiqincə yerinə yetirmir və yetirə bilmir? “Sözün düzünü uşaqdan soruş” – deyiblər. Bəli, bu gün demək olar ki, oxumaq, ali təhsil almaq istəyən hər bir şagird müəllim – repetitor yanına və ya müəyyən adlar altında fəaliyyət göstərən, repetitorlardan təşkil olunmuş hazırlıq kurslarına getməlidir. Bu vəziyyəti həyatın tələbinə çevirən nədir? Niyə keçmiş Sovet məktəbində şagirdlərin böyük əksəriyyəti parta arxasından durub birbaşa ali məktəblərə imtahan verib qəbul olunurdular, indi isə həm uşaqlarda, həm də valideynlərdə “müəllim yanına getməsən ali məktəbə qəbul imtahanlarında uğur qazana bilməzsən” məzmunlu, kütləvi bir xof yaranıb. Ali məktəbə aparan yol haqqında öz təcrübəmdən danışsam, hamı üçün eyni olan o dövrü müəyyən qədər canlandırmış olaram. Mən cibimdə əlli manat pulla, qonşumuza qoşulub Bakıda yaşayan bir kəndlimizin evinə gedib, dörd imtahanı uğurla verib ali məktəbə qəbul olunan biriyəm. Əlifbanı belə tanımayan valideynlərin oğluyam. İndi hər iki valdeyni müəllim, həkim və ya başqa ixtisas üzrə ali təhsilli olan uşaqlar da repetitor axtarır. Onların əksəriyyəti ali məktəbə hazırlıq kurslarnı da bəyənmir, daha yüksək qiymətə, fərdi məşğul olmaq istəyirlər. Bu mənzərə müasir dövrdə əksər insanlarımızın yaşamaq üçün dərmandan, həkimdən asılı olmalarına bənzəyir. Keçmişdə rayon mərkəzlərində iki-üç aptek vardı və bütün rayonu təmin edirdi. İndi addımbaşı aptek görürsən. Yan-yana, qapı qonşuları olan apteklər də var. İnsanların səhhəti böyük biznesə dönüb və bu eybəcər vəziyyət eninə və dərininə inkişaf etməkdədir. Dərmanlardan asılılıq artdıqca apteklərin sayı da sürətlə artır. Keçmişdə nə arıqlamaq üçün dərman qəbul edən vardı, nə də mədəsini kiçildən. Müasir insanlarda öz iradəsinə güvənmək, nəfsinə hakim kəsilmək qabiliyyəti azalıb. Sənətə sədaqət Ölüm cəzasına məhkum olunmuş bir papaz, bir sərxoş və bir mühəndisi edam edirdilər. Birinci papazın növbəsi imiş. Edamı icra edən ondan yuxarıya, yoxsa aşağıya baxmaq istədiyini soruşduqda papaz deyir: - Yuxarı, ən azından ölərkən üzüm tanrıya tərəf olar. Papazın istəyi yerinə yetirilir. Gilyotinin bıçağı yuxarı qaldırılır və aşağı buraxılır, lakin papazın boynuna santimetrlər qalmış bıçaq dayanır. Bunu, Allahın lütfü sayıb papazı azad edirlər. Növbə sərxoşa çatır. Bu ümidlə sərxoş da yuxarı baxaraq edam olunmasını istəyir. Gilyotinin bıçağı yenə sərxoşun boynuna çatmamış dayanır. Bunu da Allahdan bir işarə olaraq qəbul edib, sərxoşu azad edirlər. Mühəndisin növbəsi çatanda o da üzü yuxarı edam olunmasını istəyir. Gilyotinin bıçağı yuxarı qaxan kimi o, bağırıb deyir: - Bir dəqiqə! Bıçağın probleminin nədə olduğunu başa düşdüm. - Mütəxəssis ölüm ayağında belə öz sənətinə sədaqətini nümayiş etdirir. “Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və emosional sferalarının inkişaf etdirilməsi və həyata hazırlanması məqsədi ilə sistemləşdirilmiş bilik, bacarıq, təcrübə və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir.” (Firədun Nadir oğlu İbrahimov, Rüfət Lətif oğlu Hüseynzadə, PEDAQOGİKA I cild Bakı 2012 s. 260) Savadsızlığı tamamilə aradan qaldıran keçmiş Sovet İttifaqında, istərsə də müstəqillik dövründə həm ölkə, həm də dünya elminə töhfələr verməyi bacaran nəsillər yetişdirən məktəbimiz niyə öz şərəfli vəzifəsinin öhdəsindən gələ bilmir? Parta arxasından ali məktəbə gedən yollar niyə bağlandı? Ehtiyac kəşfin anasıdır Heyrət doğuran sual yaranır: - Bu nəticəni biz niyə cəmiyyət olaraq məktəbdən gözləmirik, ondan tələb etmirik, belə də olmalıymış kimi repetitorluqdan umuruq? Görünən odur ki, ailə və məktəb uşaqlara, oxumaq üçün hər cür şəraitin olduğu halda müstəqil çalışmaq, axtarış aparmaq, elmə müstəqil yiyələnmək aşılamaqdansa, repetitor axtarışına çıxırlar. Bu, təknən çörəklə dolu ola-ola qonşudan çörək istəməyə bənzəmirmi? Qartal və bəzi quşlar öz balalarını təbiət qoynunda müstəqil yaşamağa alışdırmaq, uçmaq öyrətmək üçün bir müddət onları yemləmirlər. Aclığın diktəsi ilə yuvadan ayrılmağa məcbur balalar ətrafla tanış olur, özlərini yaşamalı olacaqları həyatın qoynuna atırlar. Günümüzün şagirdləri orta məktəbdə yiyələndikləri bacarıq və vərdişlərlə, müstəqil çalışıb, ali məktəbə qəbul proqramının tələblərinə uyğun hazırlaşa bilməli olduğu halda niyə repetitor axtarır?Böyük problem yoxdur Henri Ford deyirdi ki, böyük problem yoxdur, sadəcə olaraq çoxlu kiçik problemlər vardır. Haqqında danışdığımız məsələ ilk baxışda böyük bir problem kimi görünsə də, tərkib hissələri hamımıza məlumdur. Repetitor müəllim fərdi təhsil üçün yanına gələn şagirdin mükəmməl hazırlaşması naminə, həm maddi maraq, həm də reklam xatirinə, əlindən gələni edir. O, qarşısındakı şagird və ya bir neçə şagirdə daha çox vaxt ayırmaq imkanı qazandığından öyrətdiklərini onların yaddaşına həkk etmək üçün bütün imkanlardan istifadə etməyə, onlara fərdi xüsusiyyətlərinə görə yanaşmağa, müştəri məmnunluğu qazanmağa çalışır. Fərdi dərslər daha çox şagirdyönümlü olduğu üçün şagirdin kiçik uğuru belə onun oxumaq, öyrənmək motivasiyasını inkişaf etdirir, müəlliminə və özünə inam hissini formalaşdırır. Repetitor işini diqqətlə planlaşdırdığı, səbir və təmkinlə öyrətdiyi üçün müsbət nəticə əldə etmək o qədər də çətin olmur. Buraya övladı üçün müəyyən məbləğ ödəyən valideyn nəzarətini də əlavə etsək, mənzərə bir az da aydınlaşar. Yalan ayaq tutar, yeriməz Bu atalar sözü ingilis dilində “Yalanın ayaqları qısadır.” (A lie has short legs.) formasında işlənir. Forma müxtəlif olsa da məzmun eynidir. Qısa ayaqlarla da çox uzağa getmək olmaz. Maddi vəziyyəti özəl dərs almaq üçün imkan verməyən ailələr nə qədər çətinliklər yaşayırsa, oxumaq həvəsi omayan uşaqlarını “palaza bürünüb, elnən sürünərək” repetitor yanına göndərən valideynlər də müəyyən məbləği o qədər israf etmiş olurlar. Fərdi dərs dediyim şagirdlərə mövzu üzrə təkrarlanan səhvlər üzərində işləmələrini tapşırsam da, çalışmadıqlarını görürdüm. Şagirdlər isə inadla işlədiklərini, çalışdıqlarını iddia edirdilər. Eyni testin suallarına paralel suallar hazırlayıb ev tapşırığı verdim. Növbəti məşğələdə əvvəlki səhvlərin əksəriyyətinin təkrarlandığının şahidi oldum. Şagirdlər öz fəaliyyətlərində dəyişiklik etməyə məcbur oldular. Sonradan da tapşırıq verəndə paralel sullarla onların fəallığını artırmağa çalışdım. Demək istədiyim odur ki, fərdi dərsi bəzən uşaqlar dəb naminə seçir və proqramı müəllimin onlara “qaşıqla” yedizdirməli olduğunu zənn edir. Rabindranat Taqorun dediyi kimi: - “Faktlar çox, həqiqət isə bir dənədir.” Tər, dırnaq tökmədən elm öyrənmək mümkün deyil.Çiçəklənən repetitorluq Bu gün repetitor yanına getmək adi bir həyat normasına çevrilib. Kurikulum tətbiq olunmağa başlayanda onun əsas məqsədlərindən birinin repetitorluğun kökünü kəsməyin olduğu yüksək səviyyədə danışılırdı. Kurikulumun repetitorluğa daha da vüsət verdiyi sirr deyil. Bugünkü şagirdin ehtiyac, maraq və meylləri daha böyükdür. Buna görə də öyrənmək vərdşini şagirdin gündəlik həyatının mühüm bir hissəsinə çevirə bilmək müəllimdən böyük pedaqoji ustalıq, məharət tələb edir. Biliyin sadəcə verilməsi ilə kifayətlənmək olmaz. Yenə Rabindranat Taqorun yadigar fikirlərindən birinə müraciət edək: “Təhsil, mümkün qədər, gərək insanın yediyi qidaya oxşasın. Əgər yediyiniz qida lap birinci tikəni ağzınıza alan dəqiqədən sizə ləzzətli görünürsə, mədəniz ağzınızdan da əvvəl oyanıb açılır.” Ailə şagirdin üzləşdiyi kiçik bir problemi onun oxuduğu məktəblə, ona dərs deyən müəllimlə həll etməkdənsə başqa yollar aramağa çalışır. Erkən yaşlarından öyrənmək üçün çalışmaq, əziyyət çəkmək istəməyən şagird ümidini repetitora bağlmağa məhkumdur. Hamıya məlumdur ki, Aristotelin dediyi kimi: “Təhsilin kökləri acı, meyvəsi isə şirindir”.RAHİB ALPANLI (SƏDULLAYEV),ADPU-nun Quba filialının filologiya kafedrasının baş müəllimi,Qabaqcıl təhsil işçisiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.