Salidə ŞƏRİFOVA: “Kamalə Abiyevanın bədii yaradıcılığının problematikası, obrazlar qalereyası və bədii dilinin özəllikləri”

Salidə ŞƏRİFOVA: “Kamalə Abiyevanın bədii yaradıcılığının problematikası, obrazlar qalereyası və bədii dilinin özəllikləri”

Azərbaycan Yazıçılar Birliyinin üzvü Kamalə Abiyeva (1954) “Yağış yağır bu şəhərə” (1999), “Azərbaycan” (2003),“Bu dünyanı nağıl bilək” (2004), “Vətən bir də doğulmur” (2007), “Gizlənqaç” (2014), “Tapmaca” (2016), “İrəvanda diz qoysam” (2019), “Torpaq” (2022), “Bir sevgi” (2023), “O adam” (2024) və s. şeirlər toplusunun müəllifi kimi Azərbaycan söz sənətində imzası olan şairlərimizdəndir. Kamalə Abıyeva “41-Astara şəhidləri” (2021), “21-Bakı şəhidləri” (2024), “DTK-nın qorxunc sirri” (Aleksey Matviyenko, 2016), Firəngiz Əhmədova - Səs ömrü (2017), “Varlan” (İsak Pintoseviç, 2020) və s. kitab və tərcümə əsərlərinin də müəllifidir.

Bədii yaradıcılığına tələbəlik illərindən başlamış Kamalə Abiyevanın şeirləri bu gün də oxucular tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan şairi Kamalə Abıyevanın şeirlərinə mahnılar da bəstələnməkdədir. 2003-cü ildə keçirilən “Nəğmələrin nəğməsi” müsabiqəsinin qalibi Kamalə Abiyevanın şeirlərinə Oqtay Kazımov, Emin Sabitoğlu, Kamal, Aygün Səmədzadə, İqbal Ağayev, Gülşən Rafiqqızı, Aytən İsmixanova, Qismət, Elçin İmanov, Bikə Axundova, Tahir Əkbər, Aynur Adil qızı və digər bəstəkarlar tərəfindən “Müəllim”, “Özün günahkarsan”, “Vətəni anlat”, “Azərbaycan”, “Qocaldım, Ana!”, “Bakı haqqında nağıl”, “Neynim”, “Qarabağım”, “Gəl”, “Bir sevgi”, “Rəsulzadə türküsü”, “Son zəng”, “Ay böyüyən sevincim”, “Özün günahkarsan”, “Görüşərik, ayrılarıq”, “Yarpaqlar titrəsə”, “Məktəb illəri”, “Bakım”, “Vətən savaşı” və s. mahnılar bəstələnmişdir.


Şeirləri rus, türk, ingilis, özbək, belorus və digər xarici dillərə tərcümə edilməkdədir. Ədəbiyyat sahəsində xidmətləri olan Kamalə Abıyevanın kim olmasına aydınlıq gətirmək üçün müsahibələrinin birində ona ünvanlanmış “Kəmalə Abiyeva kimdir?” sualına şairin verdiyi cavab ilə aydınlıq gətirək: “Özünə məsuliyyətlə, özünə və başqalarına hörmətlə yanaşan, həqiqəti qoruyan, ədaləti sevən biridi - İnsandı. Xalqını sevən vətəndaşdı.”
Kamalə Abiyevanın poetik nümunələrinin problematikası
Kamalə Abiyevanın bədii yaradıcılığının problematikası zəngin olduğu qədər, rəngarəngdir. Şair yaradıcılığında cəmiyyəti düşündürən aktual problemlərə poetik dillə münasibət bildirir. Onun Vətən mövzusunda qələmə alınmış “Azərbaycan-qalibiyyət dünyası”, “Qarabağım”, “Vətən savaşı”, “Sən elə azadsan”, “Doya bilsəydim”, “Vurğunam” və s. şeirlərinin problematikasının ana xəttini təşkil edir. Və bu zaman Vətən mövzusu, Qarabağ həsrəti, Zəfər təntənəsi, Vətən müharibəsinin tərənnümü, Vətənə, xalqa məhəbbət duyğuları və s. əsas yer tutur. Kamalə Abiyeva Cənubi Azərbaycan haqqında olan düşüncələrini də bədii yaradıcılğının əsas problematikasına çevirir. “Urmu gölünə”, “Araza” kimi şeirləri bu baxımdan diqqəti cəlb edir. “Ağrı” şeirində həm vətənə olan sevgisi, ehtiramı, həm də Azərbaycan torpaqlarının bölünməsinin acısını ifadə etməsi diqqəti çəkir:

İllərdi Borçalım gözü yaşlıdı,
Dərbənd həsrətində bəndə düşmüşəm.
İllərdi elə bil başım daşlıdı,
elə bil çarəsiz dərdə düşmüşəm...

Qarabağ hadisələri ilə bağlı yazdığı şeirlərdə xalqın mənəvi-əxlaqi dəyərləri prizmasından mübarizəyə çağırış bədii detallarla təqdim edilir. Qarabağ haqqında düşüncələrini poetik dillə təqdim edən Kamalə Abıyeva şeirlərində məhz Vətənə olan sevgisini, Qarabağ yanğısını göstərir. Məsələn, Gülşən Rafiqqızı tərəfindən musiqi bəstələnmiş, Vüsal Hacıyev tərəfindən ifa olunan “Qarabağım” adlı şeirinin mətnində şairin Qarabağ nisgili ilə yanaşı, Zəfər təntənəsi yer almaqdadır:

44 günə sənin boyda böyüdüm mən,
böyüdüm ki, səni görəm, səni sevəm.
heç doyunca görməmişdim səni axı,
Gördüm səni əsgər-əsgər, igid-igid,
gördüm səni Qarabağım.
Heç doyunca sevməmişdim səni axı,
sevdim səni şəhid şəhid,
sevdim səni Qarabağım.

Qarabağa sevgi, Zəfərin tərənnümü, Vətən Müharibəsinin təntənəsi şairin digər poetik nümunələrində də yer alır. İqbal Ağayev tərəfindən musiqi bəstələnib, Kənan Qədimov tərəfindən ifa olunan “Vətən savaşı” adlı poetik nümunədə də bunun şahidi oluruq. Göründüyü kimi, Vətən müharibəsi Kamalə Abıyevanın yaradıcılığında özünəməxsus yer tutan ana xəttə çevrilmişdir. Bu məqam onun yaradıcılığında ictimai-siyasi mövzulu şeirlərin çoxluq təşkil etməsini təsdiqləyir.
“Son sevgimsən” şeirində şair Vətənə olan sevgisini maraqlı ədəbi priyomla təqdim edir. Şeirin problematikasında sevginin sual axtarışına cavab verilməsinə cəhdi maraq doğurur. Şair sevginin ümumi məhfum olmasına rəğmən, onların fövqündə Vətənə, torpağa olan sevginin ali hiss olmasını poetik dillə təqdim edir. Son sevgi deyərək poetik dillə vətənə olan insan sevgisini təbliğ edir.
Kamalə Abıyevanın “Azərbaycan”, “Vurğunam”, “Vətən”, “Doya bilsəydim” və s. bu kimi şeirlərində Azərbaycanın bütövlüyünə olan ehtiramı, sevgisi əksini tapır. Məsələn, “Azərbaycan” adlı şeirində Azərbaycana olan sevgi və ehtiram incəliklə tərənnüm edilir.

Sevgi dolu ürəyimsən,
möhtacınam sənin hər an.
Qovuşaram torpağına
sevgin ilə Azərbaycan.

“Araza”, “Urmu gölünə” kimi şeirlərində Kamalə Abıyeva Cənubi Azərbaycana bağlılığını əks etdirir. Şair Cənubi Azərbaycanı bütöv Azərbaycan kimi poetik dillə təqdim etməyə nail olur. Şair “Urmu gölünə” şeirində Cənubi Azərbaycanın Şimali Azərbaycandan qoparılmasını sağalmaz yara kimi əsrlərlə davam etməsini də əks etdirir:

Azərbaycan, bu nə tale yazısı,
Hər tərəfdə canının bir parası.
Yüz illərdi dərmanım yox dərdin
sağalmır ki, ürəyinin yarası.

“Araza” şeirində də bir xalqı ikiyə bölən sədd kimi qiymətləndirilən Arazın Azərbaycanı ikiyə bölünməsinin poetik dillə təqdimi özünü göstərir:
Kamalə Abıyeva Araz çayını bir milləti iki yerə bölməsinə rəğmən ona kin-küdurətini ifadə etmir, əksinə böyük sevgi ilə təqdim edir. Düzdür baş verən hadisələrə hiddətini poetik dillə əks etdirir, ancaq Araz çayının möhtəşəmliyinə, məğrurluq rəmzi olmasına xələl gətirmir:
Tarixin ən qübarlı
səhəri sənə düşüb.
Bölünən ürəklərin
kədəri sənə düşüb...
Kamalə Abıyevanın şeirlərində yalnız ictimai-siyasi məsələləri deyil, təbiətlə, peyzajla bağlı hissləri qələmə alınmaqdadır. Onun “Yağış” şeiri bu silsilədəndir. “Yağış yağır bu göyün sevgimizə heyrətidir” deyə sevgini simvollaşdırmağa cəhd edir. Sevginin hər şeydən təmizlənərək paklanmasına, paklığına işarə etməklə yanaşı, nakam sevgi üçün göz yaşlarının böyüklüyünü yağışla, təbiətin ağlaması ilə müqayisə etməsi maraqlı ədəbi priyom kimi təqdim edilir.
Kamalə Abıyeva “Görəsən” adlı şeirində insan hisslərini təbiət hadisələri fonunda tərənnüm edir:
Ürəyim buludludu, ürəyim dolub yenə.
Könül həmdəm olubdu
göylərə bu gün yenə…
Əgər göylər ağlasa, ürəyi boşalacaq,
buludlar dağılacaq, üzü güləcək yenə.
Hönkürüb ağlasam mən,
qan-yaş töksəm gözümdən
qəlbimdəki buludlar dağılarmı görəsən?..
Peyjazla bağlı poetik tərənnüm şairin “Bir payız” şeirinin problematikasında da yer alır:
Bir payız gecəsində
evimin bir küncündə
payız gecəsinə düşdüm, üşüdüm...
Şair payız fəslinin fonunda hisslərini sonuncu misrada yekunlaşdıraraq münasibətini sərgiləyir: “bir payız gecəsi adam özünə bənzəməz...”
Kamalə Abiyevanın yaradıcılığında Bakı haqqında şeirlər silsilə təşkil edir. Şair Bakıya olan sevgisini, ehtiramını “Bakı haqqında nağıl”, “Bakım”, “Bakıma”, “Xəzərim” və s. şeirlərində oxucusuna çatdırır.
“Bakı haqqında nağıl” şeirinin problematikasının nağıl başlanğıcı ilə başlanması xalq yaddaşına işarədir. Kamalə Abıyeva şeirini “Bu dünyada nağıl çoxdur, Hamısı da belə başlar, Biri vardı, biri yoxdur...” misraları ilə başlaması bizə nağıllardakı nağıl başlanğıcını yada salır. Bu da şair tərəfindən xalqın qan yaddaşı ilə bağlı olmasını əks etdirir. Xalqın tarixi yaddaşına əsaslanaraq şairin Bakıya olan sevgi və ehtiramı şeirdə ifadə edilir:
Mənim də öz nağılım var.
İstəyirəm danışım
mən bir dənizin sahilində
nağıl olan şəhərimdən.
Kamalə Abiyevanın yaradıcılığında nağılla bağlı məqamlara yalnız Bakıyla bağlı şeirlərində deyil, başqa şeirlərinin problematikasında müraciət edilir. Məsələn, “Mənə nağıl danış” şeirində də bunun şahidi oluruq:
Mənə nağıl danış, nağıl, nə olar,
Gecənin zülməti məni sıxmasın.
O Simurq quşunu çağır nə olar,
İşıqlı dünyaya məni aparsın.
Qeyd etmək lazımdır ki, “Bakı haqqında nağıl” şeirinə Aygün Səmədzadə tərəfindən, “Bakım” şeirinə Elçin İmanov tərəfindən musiqi bəstələnmiş, hər iki mahnı da Eyyub Yauqbov tərəfindən ifa edilib.
Kamalə Abiyeva bir qadın kimi ana, qadın sevgisinə biganə qalmır. Şeirlərinin problematikasında bu məqamı geniş açıqlayır. Məsələn , “Qocaldım, Ana!”, “Bir layla de”, “Bir körpə yatırdı” və s. şeirlərinin problematikasınsa anaya olan sevginin, qadın böyüklüyünün və s. aparıcı yer tutmasının şahidi oluruq. Kamalə Abıyeva “Bir layla de” adlı şeirində ana obrazını canlandırarkən onu keçmiş və bu gününün prizmasından təqdim edərək, şeirin mövzusunda anaya olan məhəbbəti, onun fədakarlığını tərənnüm edir:
Bir layla de, layla, ana,
bir az sakit, bir az rahat yata bilim,
o nağıllı uşaqlığın əllərindən tuta bilim,
Gecələrin sükutunu ürəyimdən ata bilim
“Bir körpə yatırdı” adlı şeirində də şair ananın möhtəşəm obrazını yaratmaqla yanaşı, şeirin problematikasında ana müqəddəsliyi ilə yanaşı, ana zəhmətini, ana qayğısını poetik dillə tərənnüm edə bilir:
Bir körpə yatırdı,
bütün kainat
bir ülvü müqəddəs yuxu görürdü.
Bir körpə yatırdı arxayın, rahat,
çünki keşiyində Ana dururdu.
Kamalə Abiyevanın bədii yaradıcılığında sevgi hisslərini tərənnüm edən poetik nümunələr çoxdur. Bu sevgi özünü müxtəlif aspektdən göstərir. Doğma insanlara, yəni ataya, anaya, övlada olan sevgi, Vətənə, torpağa, xalqa olan sevgi və s. baxımından özünü büruzə verir. “Ürəklərdə ölməyin” adlı şeirində isə insanlara, onların etdikləri yaxşılıqlara, yəni xeyirxah əməllərə sevgi tərənnüm edilir. Şair şeirdə insanlara çağırış edərək, bir-birilərinə dəyər verməyə, sevməyə, “Çalışın ki, ürəklərdə ölməyin siz” deyə səsləyiş edir:
Ey insanlar,
bir arzum var hamınıza
Yaşamağı çox da asan bilməyin siz.
Bu dünyadan köçəcəyik əvvəl-axır,
Çalışın ki, ürəklərdə ölməyin siz
“Son sevgimsən” adlı şeirdə Kamalə Abıyevanın “son sevgimsən” deyə müraciət etdiyi tərəf diqqəti cəlb edir:
Səni bütöv sevirəm mən.
İlk sevgilim deyilsən sən
- Son sevgimsən.
Bu bənddə “son sevgimsən” deyə ünvanladığı sevginin ünvanı isə hamımızın əzizi, şərəfi, müqəddəsi olan Vətəndir. F.e.d.Vaqif Yusiflinin vurğuladığı kimi “bu sevginin obyekti İnsan deyil, sevgili deyil –Vətəndir”. Şair şeirin əvvəlində bu məqamı açıqlayır:
Səni bütöv sevdim elə.
Hər daşını əzizlərəm,
hər ağrını ovudaram.
Yadlardakı hər qarışın dərd evimdir.
Kamalə Abiyevanın sevgi məfhumu yalnız insanların bir-birinə olan sevgisini deyil, onları aşa bilən daha böyük bir məfhumu əhatə edir: Vətənə, torpağa, xalqa olan sevgini… Tədqiqatçı Təbəssüm Muxtarovanın vurğuladığı kimi “Bu sevgi onun şeirlərində yaşayır”.
Kamalə Abiyevanın poetik nümunələrində obrazlar
Kamalə Abıyevanın poetik nümunələrində bədii obrazlar özünü həm geniş, həm də qısa, bəzən isə açıq-aydın şəkildə, bəzən üstüörtülü, eyhamlı şəkildə təqdim edilir. Bu amillərə baxmayaraq, şairin poetik dünyasında görünən obrazlar zəngin və müxtəlif olması ilə seçilirlər. Şairin obrazlar qalereyasında şəhid, Vətən, müəllif məni, Azərbaycan, ana və s. obrazlarla üzləşmək olar.
Kamalə Abiyevanın şəhidlərə məktub şəklində yazdığı “Sən elə azadsan” adlı şeirində canını dogma Vətəninə fəda etmiş şəhidlərin ümumiləşdirilmiş obrazı canlandırılır. Şeirdən bir bəndə diqqət yetirək:
Bu torpaq uğruna fəda etdiyin
həyatına qurban, özünə qurban.
Bağrımı yandıran son nəfəsinin
“Vətənim sağ olsun” sözünə qurban.
Şair Vətən uğrunda canından keçən bu ölməz qəhrəmanların fiziki məhv olmalarına rəğmən, əbədiyaşar olmalarını açıqlamağa nail olur. Şairin “Şəhidlərə”, “Sənin arzuların”, “Vətən savaşı” və s. şeirlərində ölməz şəhidlərimizin obrazı yaşadılır. Kamalə Abiyeva şəhidlərin Vətənə dönməsini poetik dillə tərənnüm etməsi şairin sənətkarlığının təsdiqləyicisidir:
Sən ki arzuladın Vətən olmağı,
Qəlbin bu arzuyla məşələ döndü.
Sən elə sevdin ki, ana torpağı
Torpağa qarışıb Vətənə döndün.
Şairin əksər şeirlərində obraz kimi müəllif məni çıxış edir. Bu müəllif məni Ana Vətən də ola bilir, ana da, körpə də ola bilir, şəhid də... Müəllif məni şairin şeirlərində bir çox obrazlarda çıxış edir. Məsələn, “Mənə nağıl danış” adlı şeirdə müəllif məni nağıl istəyən bir şəxsin obrazı kimi təqdim edilir. Bu yaşlı insan da ola bilər, körpə uşaq da. Məsələn, şeirdən bir bəndə diqqət edək:
Mənə nağıl danış, nağıl, ay ana,
Yatım bu dünyadan bir az xəbərsiz.
Yatım yuxularda nağıllar görüm,
Yatım körpə kimi qəmsiz, kədərsiz.
“Azadlıq” şeirində isə azadlıq arzusunda olan müəllif məni vətəndaş qismində çıxış edir:
Ruhun azadlıq sevər.
Azadlıq istər.
Azadlığı geyinər, sevinər
Kamalə Abiyevanın “Anladığım həqiqət”, “İnanmadım” və digər şeirlərində kamil, dolğun ana obrazı canlandırılır. “İnanmadım” şeirində anasını fiziki itirmiş, lakin mənən onunla yaşayan qadının ana sevgisində ananın obrazı canlandırılır.
Ana, səni özlədim
Ana, səni gözlədim...
Hey yol çəkdi gözlərim
Bu yol gedər-gəlməzdi,
Kimsəni də bir daha
Geriyə gətirməzdi.
“Anladığım həqiqət” şeirində də şairin anayla bağlı nisgilli dünyasının olmasına rəğmən, ananın əvəzolunmamazlığı, həyatda tutduğu mövqeyi obraz səviyyəsinə qaldırılaraq təqdim edilir:
Eşidərək səsini, duyaraq nəfəsini,
Açan çiçəyə, gülə baxmaqdan daha gözəl,
heç nə yoxmuş dünyada.
Elə sənin yanında gözəl imiş dünya da.
Şair bütün gözəlliklərin fövqündə ana varlığının olması ilə yanaşı, onunla bir olma məqamının səadət olmasını, həyatı dərk etməyimizə yol göstərmələrini sərgiləməyə də qadir olur.
“Qocaldım ana” şeirində Anaya olan sevgi fonunda ana obrazı təqdim edilir:
Sənsiz sevinmək də necə çətindir
Bölünmür sevincim, artır ağrılar
Dərd-sərin içimdə gəzirəm indi
Tək sənə deməyə ehtiyacım var
Kamalə Abiyevanın ana obrazı içərisində şəhid anasının obrazı diqqəti cəlb edir. “Şəhid anası” şeirində şair şəhid analarının ümumiləşdirilmiş obrazını canlandırır:
Ağlama gözünün yaşını sil sən
Sənin göz yaşında Vətən boğular.
Ay müqəddəs qadın sənin bətnindən
oğul doğulmayıb Vətən doğulub.
F.e.d. Lütviyyə Əsgərzadənin vurğuladığı kimi “Kamalə xanımın şeirləri bütövlükdə Vətənimizə, Şəhidlərimizə, şəhid analarına sitayişdir, duadır”. Kamalə Abiyeva şeirlərində də ana əzəmətini üstün tutaraq, anaya məhəbbəti qüvvətli şəkildə səsləndirir. Şairin ana ilə bağlı şeirlərindəki ana obrazı ilə onun şəxsiyyətinin də birləşməsinin şahidi oluruq. Ana obrazının simasında özünün də bir ana kimi arzu və istəklərini, düşüncələrini səsləndirir. Bunu ən çox müəllif mənində özünü büruzə verən xoş niyyətin təbliğində müşahidə edirik.
Kamalə Abiyevanın poetikasının bədii dil özəllikləri
Kamalə Abıyevanın bədii yaradıcılığından bəhs edərkən poetik nümunələrinin bədii dilinə toxunmamaq qeyri-mümkündür. Şairin bədii əsərlərinin dil özəllikləri, istifadə etdiyi bədii dilin tərkibi, bədii təsvir və ifadə vasitələri özünəməxsus xüsusiyyətlərə malik olması ilə diqqəti cəlb edir. Bu zaman obrazlılıq, emosionallıq, ekspessivlilik, şeirilik və s. kimi xüsusiyyətlər və fərqliliklər özünü göstərir. Obrazlılıq zamanı Kamalə Abiyevanın şeirlərində istifadə etdiyi söz və ifadələr daha çox məcazi məna daşıyır, metafor, metonimiya, təkrir, bədii təzad, bədii sual, xitab, arxaik sözlər və s. vasitəsilə canlı və təsirli ifadə edilir. Şeirlərinin bədii dilində fikri və hissləri ən təsirli şəkildə ifadə etmək üçün müxtəlif üslubi vasitələrdən istifadə edən şair səs uyğunluğu, alliterasiya, assonans yaratmaq üçün fonetik xüsusiyyətlərdən, arxaik, dialekt sözlərdən, terminlərdən və s. istifadə edərək leksik xüsusiyyətlərdən sənətkarlıqla yararlanır.
Kamalə Abıyevanın poetik nümunələrində xüsusi intonasiya və fasilə ilə ayrılan, ismin adlıq halında işlənən xitaba müraciəti maraq kəsb edir. Məsələn, şairin “Vətənim” adlı şeirində xitaba müraciət diqqətdən yayınmır.
Eşqin ilə alışım,
torpağına qarışım,
hər daşı, hər qarışı
bol sərvətsən, Vətənim.
Müəllif bu poetik nümunəsində “Vətənim” deyə xitabdan istifadə edir. Bəllidir ki, xitab əsasən isim və ismi birləşmələrlə ifadə olunur, ismin adlıq halında olur. Şeiri oxuduqca, məhz Vətənim sözünün xüsusi intonasiya ilə deyilməsini, cümlə üzvlərindən kiçik fasilə ilə ayrılmasını da müşahidə edirik. “Vətənim” şeirində şair xitabı cümlənin sonunda işlədir. Kamalə Abıyeva “Bu sevgidir” adlı şeirində isə “əzizim” deyə xitaba müraciət edir:
Haray salıb sevincdən
İndi sənli günlərim.
Necə deməyim ki, mən,
Bu sevgidir, əzizim.
Şairin istifadə etdiyi xitabın cümlə ilə məna əlaqəsi olsa da, sintaktik əlaqə olmamasının, nitqin qüvvətləndirilməsi üçün işlənilməsinin şahidi oluruq.
Kamalə Abıyevanın arxaik sözlərə müraciət etməsi ilə də üzləşirik. Məsələn, şairin türk dillərində “ər” (igid, qəhrəman) sözündən yaranmış “Ərən” sözünü “igid”, “cəsur insan”, “mənəviyyat sahibi” mənalarında işlətməsini “Qarabağım” adlı şeirində müşahidə edirik:
Ərənlərim...
Sizdən sonra yağış yağır...
Sizdən sonra dayanmır yağış,
dəyişib yağış da...
Ana, ata, bala,
sevgili səsi var yağışda.
Bəllidir ki, türk xalqlarının inanclarında ərənlər, həm döyüşçü, həm də mənəvi dərinliyi olan şəxslər kimi qəbul edilmişdir. “Ərən” sözünün “dünyagörmüş”, “müdrik”, “ağıllı” adam mənasında da işlədilməsi ilə üzləşirik. Kamalə Abıyevanın bu poetik nümunəsində işlədilən “Ərənlərim” ifadəsi hər məqamda yerini tutur. Poetik nümunənin məğzinə vardıqda isə əsasən, döyüşçü kimi təqdim edilməsinin şahidi oluruq.
Bədii ifadə vasitəsi kimi istifadə etdiyi ritorik suallardan məharətlə istifadə Kamalə Abıyevanın bədii yaradıcılığına xasdır. Şairin “Unut” adlı şeirində bədii suallardan istifadə edilməsi diqqətdən yayınmır:
O gözlərdən həyatına boylandınmı?
O saçlarda dolandınmı?
Sən kədəri heç gördünmü?
Bu bənddə ünvanlanan “həyatına boylandınmı?”, “saçlarda dolandımı?”, “kədəri heç gördünmü?” və s. sualları cavablandırmaq əvəzinə sadəcə “bütün dərdlərini unut” deyə təsəlli verir. Poetik nümunədən bir hissəyə fikir verək:
Böynubükük bir tanın
Gözlərində cığır salan,
Bir ananın saçlarında dən-dən olan
Dərd gördünmü?
Bədii suallardan poetik nümunənin emosional təsirini artırmaq məqsədilə fikirlərini sual tərzində çatdırmaq istəyən şair bunu digər şeirlərində də əks etdirir. Məsələn, “Axı” adlı şeirində şair ünvanladığı suallara cavab almaq məqsədi güdmür, hər hansı bir məlumatı dəqiqləşdirmək məqsədi daşımır:
Biz eyni əzabla oyandıq axı...
Bircə ayrılığın əsiri olduq.
Bütün əzablarla barışdıq axı,
Niyə xoşbəxtlikdən küsülü qaldıq?
Kamalə Abıyeva sevən insanların ayrılıq səbəbinin ağırlığını, faciəsini canlandıra bilsə də, cavablandıra bilmədiyi ritorik suala müraciət etməklə fikrini daha emosional şəkildə ifadə etməyə cəhd edir.
Kamalə Abıyevanın şeirlərində məzmunca bir-birinə zidd iki anlayış və vəziyyəti qarşılaşdırlması ilə də üzləşmək mümkündür. Bakıya həsr etdiyi “Bakıma” adlı şeirində şair Bakını bədii təzadla təqdim edir. Şairin antiteza, yəni əks mənalı sözlərin qarşılaşdırılması ilə təqdim etdiyi bədii təzada nəzər salaq:
Köhnə Bakım, təzə Bakım
tarixindən qoparılan,
sökülən daşların kimi
başıma yağan kədərim.
Bu bənddə köhnə və təzə sözləri əksmənalı anlayışların, yəni antonimlərin qarşılaşdırılmasıdır.
Kamalə Abıyeva “Son sevgimsən” adlı şeirində də bədii təzaddan istifadə edir:
Sən uğruna öləcəyim,
sən uğruna yaşadığım varlığımsan
- ana Vətən.
Bu misrada şair bir-birinə zidd iki vəziyyəti təqdim etməklə kontrast yaradır. Bu kontrast “uğruna öləcəyim”, “uğruna yaşadığım” sözlərlə zidd iki vəziyyət kimi hərəkətlər qarşılaşdırılır.
“İnanmadım” şeirində də dünyasını itirmiş ananın yoxluğunu çatdırmaq üçün şair bədii təzada müraciət edir:
nağıllarda gedər-gəlməz yollar vardı
Amma o nağıllarda gedənlər qayıdardı.
Şair bir sətirdə gedər-gəlməz kimi bədii təzada müraciət edərək fikirlərini sənətkarlıqla ifadə edir.
Kamalə Abıyevanın şeirlərində təkrirlərdən istifadə məqamı da diqqətdən yayınmır. Belə ki, eyni sözün və ya söz qrupunun bilərəkdən təkrar edən şair təkririn əsasən iki növünü, yəni anafora və epiforadan istifadə edir. Bədii əsərin təsir gücünü artırmaq məqsədi ilə sözləri təkrar edən şair bunu həm ayrı-ayrı poetik nümunələrinin tərkibində, həm də eyni poetik nümunənin içərisində təkririn anafora və epifora kimi növlərindən istifadə edir. Məsələn, şairin “Doya bilsəydim” adlı şeirində Kamalə Abıyeva həm anaforaya, həm də epiforaya müraciət edir:
Eşqində yuyuna-yuyuna,
Köksümdə döyünə-döyünə,
çöl-çəmənini görə-görə,
gül-çiçəyini dərə-dərə həsrətəm,
Bu bənddə yuyuna, döyünə, görə, dərə sözləri misraların sonunda işləndiyindən epifora hesab edilir.
Həsrətim bircə damcı azalardı,
həsrətim bircə damcı az olardı,
“Həsrətim bircə damcı” ifadəsi ilə başlanan misradakı bu ifadə isə təkririn anafora növünə aiddir.
Kamalə Abıyevanın şeirlərində predmetin müəyyən əlamətinin başqa bir predmetinin üzərinə köçürülməsinin tez-tez şahidi oluruq. Şairin istifadə etdiyi istiarəni “Görəsən” şeirində işlənilməsi məqamına diqqət yetirək:
Əgər göylər ağlasa, ürəyi boşalacaq,
buludlar dağılacaq, üzü güləcək yenə.
Kamalə Abıyeva “göylər ağlasa, ürəyi boşalacaq” misrasında ağlamağı insana xas olan əlamət kimi buluda, təbiət hadisəsinin üzərinə köçürür. İnsanın ağlamaq kimi əlaməti buludun üzərinə köçürülsə də, amma insanın adı çəkilmir. Şairə bənzədilən, yəni insan sözündən istifadə etmir, çünki göylər yox, insan, hər hansı bir canlı ağlaya bilər.
Kamalə Abıyevanın poetik nümunələrində predmeti bildirən söz əvəzinə, onunla əlaqədar başqa söz işlətməsi maraqlı alınır. Şairin metonimiyaya tez-tez müraciət etməsi ilə üzləşmək mümkündür. Məsələn, “Azərbaycan-qalibiyyət dünyası” adlı şeirində metonimiyanın işlənilməsi sənətkarlıqla həyata keçirilir:

Torpağını geyinərəm əynimə,
Kür, Arazı axıdaram könlümə.
Xəzərimi məlhəm edib gələrəm,
Ey Vətənim, dəyən olsa könlünə

Burada Kür, Araz, Xəzər metonimiya kimi işlənilir.

Kamalə Abıyevanın bədii yaradıcılığının problematikasının ana xəttini Vətən mövzusu, Vətən müharibəsinin tərənnümü, doğma Bakının vəsfi təşkil edir. Kamalə Abıyevanın poetik nümunələrinin mövzusunda ananın vəsf edilməsi də xüsusi yer alır.
Şair yalnız Vətəni, Bakını, Vətən müharibəsinin zəfərini, ananı şeirlərinin problematikasında qabartmır, onları obraz səviyyəsinə də qaldırır. Kamalə Abiyevanın bədii yaradıcılığında şəhid, şəhid anası, müəllif məni kimi obrazların kamil şəkildə təqdimi ilə də üzləşirik. Şairin poetik nümunələrinin bədii dil özəllikləri, xüsusilə də istifadə etdiyi bədii dilin tərkibi, bədii təsvir və ifadə vasitələri kamilliyi və dolğunluğu ilə şeirlərində əksini tapır.



Salidə ŞƏRİFOVA,
filologiya elmləri doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədədbiyyat İnstitutu
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Könül HƏSƏNOVA:

Könül HƏSƏNOVA: "Bəxtiyar Vahabzadə poeziyasında dil: kimlik, qürur və müb ...

Elmi Məqalələr, Digər ali məktəblər
Hüsniyyə Çobanova:

Hüsniyyə Çobanova: "DİLÇİ ŞAİRİN POEZİYA DÜNYASI: MAHİRƏ NAĞIQIZININ YARAD ...

Elmi Məqalələr, ADPU
Prof.Dr. Merziyye Necefova: “Elza Məmmədovanın şeirlərinə bir baxış”

Prof.Dr. Merziyye Necefova: “Elza Məmmədovanın şeirlərinə bir baxış”

Humanitar elmlər, Ədəbi tənqid
Mərziyyə Nəcəfova:

Mərziyyə Nəcəfova: "Əkbər Qoşalı poeziyasında Vətən mövzusunun poetik dərk ...

Humanitar elmlər, Elmi Məqalələr
Elçin Muradxanlının

Elçin Muradxanlının "Küsmüşəm" şeirinə bir baxış

Humanitar elmlər, Elmi Məqalələr, Digər ali məktəblər
Poetik üslubu heç kimə bənzəməyən Eldar Hüseynov

Poetik üslubu heç kimə bənzəməyən Eldar Hüseynov

Humanitar elmlər
SAHİBƏ YUSİF QƏLƏMİNDƏN ÇIXAN FİKİRLƏRƏ ƏDƏBİ TƏHLİL, BƏDİİ YANAŞMA

SAHİBƏ YUSİF QƏLƏMİNDƏN ÇIXAN FİKİRLƏRƏ ƏDƏBİ TƏHLİL, BƏDİİ YANAŞMA

Elmi Məqalələr
ÇAĞDAŞ TÜRK ŞEİRİNİN NÜMAYƏNDƏSİ – BÜLƏND ECEVİTİN BƏDİİ YARADICILIĞINA BİR ...

ÇAĞDAŞ TÜRK ŞEİRİNİN NÜMAYƏNDƏSİ – BÜLƏND ECEVİTİN BƏDİİ YARADICILIĞINA BİR ...

Humanitar elmlər, Elmi Məqalələr, Turan
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Yeni nəşrlər, Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "LEYLA ƏLİYEVA POEZİYASINDA ŞEİR VƏZNLƏRİNİN XÜSÜSİYYƏTLƏ ...

Humanitar elmlər, Elmi Məqalələr
Professor Salidə ŞƏRİFOVA:

Professor Salidə ŞƏRİFOVA: "Xalidə Nurayın vətənpərvərlik poeziyası"

Humanitar elmlər, Elmi Məqalələr
Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Yeni nəşrlər
Borçalı ətirli misralar VƏ YA

Borçalı ətirli misralar VƏ YA "DÜNYANI DOLAŞAN SAZ HAVASIYAM"

Ədəbi tənqid, Rustavi, Başkeçid
Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair

Ədəbi əlaqələr
Bahar Bərdəlinin (Bahar Məmmədova) bədii, tənqidi və elmi fəaliyyəti

Bahar Bərdəlinin (Bahar Məmmədova) bədii, tənqidi və elmi fəaliyyəti

Humanitar elmlər, Elmi Məqalələr
BAYRAM İSGƏNDƏRLİNİN MƏNSUR ŞEİRLƏRİNDƏ İCTİMAİ-SİYASİ, MƏHƏBBƏT VƏ TƏBİƏT  ...

BAYRAM İSGƏNDƏRLİNİN MƏNSUR ŞEİRLƏRİNDƏ İCTİMAİ-SİYASİ, MƏHƏBBƏT VƏ TƏBİƏT ...

Naxçıvan, Elmi Məqalələr
İki Vətənin şair övladı

İki Vətənin şair övladı

"Varlıq", Bolus
Xalq şairi  Məmməd Araz:  “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət  axta ...

Xalq şairi Məmməd Araz: “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət axta ...

Ramiz Abdullayev
Bədirxan Əhmədli:  BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI

Bədirxan Əhmədli: BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI

Ədəbiyyat, Ədəbiyyatşunaslıq
Ədəbiyyatşünas-alim, Əməkdar müəllim və istedadlı şair Xanəli Kərimli!

Ədəbiyyatşünas-alim, Əməkdar müəllim və istedadlı şair Xanəli Kərimli!

Naxçıvan, Elm
Rəy yazın: