MÜŞFİQ BORÇALI: "CƏSARƏTSİZLİK" (Hekayə)

MÜŞFİQ BORÇALI:   "CƏSARƏTSİZLİK" (Hekayə) Bu sərlövhəni düz bir həftə gecə-gündüz düşündükdən sonra seçməli oldum…
Keçən həftənin bu günkü günü, yəni bazar ertəsi idi. Son günlərdə redaksiyaya daxil olmuş hekayələrdən çapa layiq olan-ları dərc üçün hazırlayırdım. Birdən qapı döyüldü.
- Buyurun, - söylədim.
İçəri uca boylu, enli kürək, iyirmi səkkiz-otuz yaşında bir kişi daxil oldu.
-Gün aydın!
-Gün aydın!

-Ədəbiyyat şöbəsinin müdiri?..
-Bəli, buyurun, əyləşin. Eşidirəm sizi. Aydın Dəmirli - deyə özümü təqdim etdim. O, əlimi sıxıb mənimlə üzbəüz oturdu.
-Ərxan Boruslu. Şəhər xəstəxanasında uşaq həkimi işləyirəm - söylədi.
- Çox gözəl.
- Gözəl… - Deyəsən «Gözəl bəxtin olsun», - demək istədi, la-kin tez düzəliş Verdi: - Gözəllik sizə yar olsun, Aydın bəy!
Mən başımla minnətdarlığımı bildirdim.
- Bir-iki hekayə qələmə almışam. Dedim bəlkə… hər halda fikrinizi bilmək, məsləhətinizi eşitmək istərdim.
-Borcumuzdur. Vəzifəmiz də elə bunu tələb edir.
Ərxan bəy «diplomat» çantasından üç hekayə çıxarıb masanın üstünə qoydu. Mən hekayələri götürüb həmişəki qayda üzrə, əvvəlcə sərlövhələrə nəzər yetirdim: «Sevilin Rasifə kələyi», «Şahmərdan və Validə Əbüdəal» və «Cəsarətsizlik». Üçüncü sər-lövhə diqqətimi cəlb etdi. Eynəyimi taxıb hekayəni oxumağa başladım:
«Yaxşı yadımdadır. Mən orta məktəbi bitirmişdim. O ili sə-nədlərimi instituta verib, imtahanlardan yaxşı qiymətlər alsam da müsabiqədən keçə bilməmişdim. Odur ki, kəndimizdəki sov-xozda fəhlə işləyirdim. Bir gün yolum şəhərə düşmüşdü. Sinif yoldaşım Məhsətinin…»
«Məhsəti!» Doğrusu, bilirəm hamı - xüsusilə ədəbiyyatçılar və eləcə də ədəbiyyatla maraqlananlar, bu adı eşitcək xalqımızın öl-məz sənətkarı Məhsəti Gəncəvini xatırlayırlar. Amma mən… Məhsəti xanım, bağışla məni, baş əyirəm ehtiramla sənin ruhun qarşısında. Əminəm ki, sən məni «duyursan». Axı, belə anları özün də yaşayıbsan. Yanıbsan…
Gözlərimi yumdum. Zəhra kimi mərhəmətli, ürəyi-yumşaq, Rabiə kimi xeyirxah və Bilqeys kimi ağıllı bir qız - o uzun saçlı, gözəl Məhsəti «gəlib durdu» gözlərim önündə…
Qeyri ixtiyari:
-Ərxan bəy, bağışlayın, yersiz də olsa, hansı eldən, hansı obadansınız?
-Qarayazının Qaratəpə obasından.
Az qaldım özümü itirəm. Hətta «Məhsətinin yerlisisən. Necə-dir Məhsəti?» - deyə sual vermək fikrinə də düşdüm. Amma həmsöhbətimə biruzə vermədən özümü ələ aldım. Gözlərimi vərəqə dikib, oxumağımı davam etdirdim:
«Sinif yoldaşım Məhsətinin universitetə daxil olması xəbərini bir az əvvəl eşitmişdim. «Gəlmişəm, gedim görüşüm, sevinəcək, həmişə bir-birimizə bacı qardaş demişik. Həm də universitet hə-yatı ilə tanış olum…» - deyə fikrimdən keçirdim.
Məhsəti məni görcək sevincini gizlədə bilmədi:
-Təsadüfə bir bax! Elə bu gün mənim ad günümdür.
On səkkiz yaşım tamam olur.
Mən onu təbrik etmək istədikdə, - Yoox, - dedi Məhsəti. - Axşam balaca bir «gecə» keçiririk. Səni də dəvət edirəm. Xahiş edirəm ki, gələsən və məni elə tələbə yoldaşlarımın yanında təb-rik edəsən. Mən də fərəhlənərəm, deyərəm, sinif yoldaşım məni unutmayıb, ad günümdə yada salıb, təbrik etməyə gəlib.
…Bir-birinə bənzəməyən maraqlı, mənalı, sevinc və fərəh dolu tələbələlik illəri! Hər bir günü, hər bir saatı şirin bir nağıl, şən bir nəğmə olan beynəlmiləl yataqxana həyatı! Necə də gözəl-dir!.. Hamı rəqs edirdi. 87 nömrəli…»
Bizim sabiq yataqxanadır; Məhsətinin ad günü… - Bu sözləri ürəyimdə söylədim. Hətta əlimlə ağzımı da tutdum ki, birdən özümdən asılı olmayaraq, dilim də ürəyimdən keçəni söyləyər.
«87 nömrəli otaq böyük və işıqlı rəqs məclisinə bənzəyirdi. Burda mərmər döşəmələr, ipək pərdələr, büllur çilçıraqlar olmasa da çılğın ehtirasla rəqs edən gənclərin dövrə vurub fırlanması üçün rəqs salonlarına məx-sus genişlik var idi. Hər tərəf qızılı rəngə qərq olmuşdu.
Doğrusu, mənrəqs etməyisevməsəm də, bu havadan xoşum gəlirdi. Hətta onu bəzən dodaqaltı zümzümə edib yamsılayırdım da. Birdən gözüm pəncərənin yanında dayanmış uca boylu bir qıza sataşdı. Qızın ala gözləri oyur-oyur oynayırdı. Sehrlədi bu baxışlar məni. Harada olduğumu da belə unutdum. Və… gözlə-nilmədən qızın ipək kimi yumşaq olan baxışını üzümün soyuq əzələsi üstə hiss etdim. Baxışlar toqqaşdı…
Hər tərəfdən qəh-qəhələr, məlahətli səslər eşidilsə də mən təkcə ona, hamıdan incə və qəşəng görünən qıza baxırdım.
- Qəşəng qız, sizi rəqsə dəvət etmək olarmı?
Qız dönüb mənə baxdı. İlk dəfə görürmüş kimi başdan ayağa süzdü, sonra saçlarını tilsimli bir şəkildə yellənərək sol əlini mənə uzadıb başını aşağı əydi. Mən onun ağ yumşaq əlindən tutdum, ovsunlanmış bir halda gözümü qırpmadan rəqs «meydançası»na daxil oldum. Qız xüsusi əda ilə əllərini çiyinlərimə qoydu. Mən də öz növbəmdə qollarımı onun nazik belinə «doladım». Qız nazik paltarda mənə çılpaq kimi göründü. «İlahi, bu naziklikdə də qız olar? Elə bil indicə üzüləcək…» Ehtiyat edib qollarımı «açdım», əvəzində çiyinlərindən «yapışdım». Rəqsə başladıq… Çılpaq qız çiyinləri…. Ovuclarımın içi yanırdı. Sanki nağıllar aləmindəydim. Haoldan-hala düşürdüm. Həyəcandan qırıq nəfəs alırdım. Nəfəsimqızın üzünə toxunacağından qorxaraq üzümü azacıq yana çevirərək saçlarının ətrini dodaqlarımın üstündə dadırdım. Gözlərinə belə Baxa bilmirdim. Qorxurdum ki, gözlə-rindən çıxan Alov birdən özlərimi qarsayar və bununla da ona baxmaqdan həmişəlik məhrum olaram. Qız isə deyəsən analmışdı məni. Mənim indicə ona eşqə, sevgiyə dair nəsə deyəcəyimi qabaqcadan duyaraq rəqsin qurtarmasını gözləyirdi. Lakin rəqs nədənsə uzanır-uzanırdı… Mə nonu rəqsə dəvət etdiyimə görə özümdən çox razı idim. Və rəqs məclisinin uzanmasını arzulayırdım. Amma…
«- Sizinlə rəqs edərkən bilirsən nə qədər sevinirəm!
Elə bu oldu sözümüz-söhbətimiz. Elə bu qaldı mənim xati-rimdə. Qız, qəşəng qız. Elə bir qız ki, qaşları kaman, gözləri şəh-la, yanaqları lalə, dodaqları qönçə, saçı nuripək, burnu hind fın-dığı, sinəsi Səmərqənd kağızı, yerişi tovuz yerişi; baxanın ağlını aparır. Bir sözlə, elə bil ki, allah-taala dünyada olan gözəlliyin hamısını bu qızın başına tökmüşdü… Mən o qıza çox sözlər de-mək istəyirdim. Amma… Allah, insanı dildən nə qədər aciz ya-ratmısan və nə qədər ki, sən insana hiss-həyəcan vermisən, bu-nun müqabilində dünyanın sözləri dəryanın yanında damla deyil-mi?.. Bəli, mən o qızı itirdim. Adını belə bilmədim. Səbəbi? - Susmaq! Utanmaq! Bir kəlmə söz deməyi bacarmamaq! Cəsarət-sizlikdir bu! Sevən gəncin, aşiqin ən böyük düşməni olan CƏSA-RƏTSİZLİK!..»
Gözlərimi vərəqdən çəkib Ərxan bəyə bir-iki kəlmə deyib, söhbət etmək istədim. Ancaonun, mənim ürəyimi gözlərimdən oxuyacağından ehtiyat edib gözlərimi vərəqdəq ayırmadım.
- Pis deyil, - dedim: - İlk qələm təcrübəsi olmasına baxmaya-raq yaxşıdır. Məncə, bunlar haqqında da, - mən masanın üstün-dəki digər iki hekayəyə işarə etdim, - müsbət rəylər söyləməli olacağıq… Baxarıq, hər halda redaksiya ilə əlaqə saxlamanızı məsləhət bilirik…
Ərxay bəy «Sağ olun» deyib qalxanda, «Məhsətini görəndə məndən salam söyləyin» gəldi dilimin ucuna. Amma dodaqlarımı açammadım. Ərxan bəyə demək istədim ki, sənin aşiq olduğun gözəl hazırda bizim redaksiyada işləyir, adı Məryəmdir, məhsəti türküdür. Deyəsən o «cəsarətsiz» də «səni» gözləyir. Hekayədəki bu sözlər gəlib durdu gözlərim önündə: «Mən o qızı itirdim. Adını belə bilmədim.» Fikrimdən daşındım. Ərxan bəyə təsəlli vermək istədim:
«Sən bir dəfə görüb və itiribsən. Mən yazıq beş il bir qrupda təhsil almışam, beş il bir yataqxanada, bir binada, hətta bir mər-təbədə - beşinci mərtəbədə yaşamışam. Nə fayda? O, 87-ci otaq-da, mən 90-cı otaqda olurdum. «Aramızda» ikicə otaq vardı… Nə fayda? Könlümü aça bilməmişəm. Beş il ürəyində, son ayrılıq günü isə dili ilə üzümə qarşı yarıciddi-yarızarafat «Cəsarətsiz ya-zıq» deyən Məhsəti dörd il məni gözlədi. Faydası?.. Altı bacının ilkiydi Məhsəti. Beş bacı yolu kəsmişdi Məhsəti. Açmalıydı o yolu… Dördüncü kursun sonuna yaxın «nişanlandı»… Açarı da 1945-ci ilin 6 avqustunda Xirosima şəhərində vayşüyan zamanı it-bata düşmüşdü… Görürsən, Ərxan qardaş, əsil cəsarətsizlik mənim cəsarətsizliyimdi. Ən cəsarətsiz də elə mən özüməm - Aydın Dəmirli!..» Amma yenə də özümü ələ aldım: «Qoy təsəl-lim qalsın sonraya…» Nə isə… Səbəbi? Cəsarətsizlik! Mənim cəsarətsizliyimin səbəbi isə - o, məndən gözəl idi, o, məndən savadlı idi. (Universiteti bitirdikdən sonra məni «Borçalı» qəze-tinə müxbir, onu isə Qarayazı rayon qəzetinə redaktor müavini təyin etdilər. İndii o redaktordur, mən şöbə müdiri.) Nə isə…
* * *
Bu sərlövhəni düz bir həftə gecə-gündüz düşünəndən sonra seçməli oldum. «Hadisə» düz bir həftə əvvəl, yəni keçən bazar ertəsi baş vermişdi. Bu gün Ərxan Boluslu, qəzetimizdə özünün ilk iki hekayəsini oxuyacaq. «Bəs, müdirin «yaxşıdır» söylədiyi «Cəsarətsizlik»?, deyə düşünəcək… Günlər ötüb keçəcək. Və bir gün… Ərxan bəy qəzeti gözədən keçirərkən «Cəsarətsizlik» adlı sərlövhəyə rast gələcək, sevinəcək, hamı kimi o da hekayəni oxumamış imzaya baxacaq. Baxacaq ki, imza onun imzası deyil. İmza yerində yazılıb:
«Cəsarətsiz Yazıq, Tiflis, 5.02.1990»…
Darvaz, 1990.


MÜŞFİQ BORÇALI

«Milli Qurtuluş» qəzeti,
3 avqust, 1993.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: