“Baxmış bu müsəlmanlara qəm pəncərəsindən” Mədəniyyət 7 июня 2026 95 0 1 2 3 4 5 Filmdə Mirzə Cəlil Sabirdən bu misranı sitat gətirir. Elə bəhsi keçən filmin adı da məhz buradan götürülüb — “Qəm pəncərəsi”. Qaranlıq bir axşam Mirzə evinə gəlir və Həmidə xanıma qəfil xatırladığı bir şəkildən danışır. Bir vaxtlar “Molla Nəsrəddin” jurnalında dərc edilmiş həmin illüstrasiyada göstərir: çadralı iki qadın pəncərəli bir evə baxaraq arzulayırlar ki, kaş onların da belə bir evləri olaydı. O dövrdə pəncərələri olan evlər adətən imkanlı şəxslərə məxsus idi. Kasıb insanlar isə pəncərəsiz, gün işığı düşməyən daxmalarda yaşayırdılar. Bu şəkil Cəlilə uşaqlığının keçdiyi Nehrəm kəndini və orada yaşadıqlarını xatırladır. O, pəncərədən baxarkən gözünün önünə həm öz uşaqlığı, həm də kədərlə xatırladığı Zeynəb gəlir. Beləcə, “Danabaş kəndinin əhvalatları” povestinin motivləri əsasında hazırlanmış filmdə keçmişə, XIX əsrin sonu – XX əsrin əvvəllərinin həyatına bir “pəncərə” açılır.“Qəm pəncərəsi” filmi iki hissədən ibarətdir. Birinci hissədə əsas etibarilə insanların cəhaləti, kənd mollasının və kəndxudasının riyakarlığı tamaşaçıya göstərilir. İlk hissədə biz həmçinin Danabaş kəndinin məktəbi pyesindən də götürülmüş bir hissənin ekranlaşdırıldığını görürük. Bu əsərdə yazıçı insanların öz övladlarını dünyəvi məktəblərdən yayındırmaq üçün müxtəlif bəhanələr uyduraraq onları kol-kos dibində gizlətdiyini yazıb göstərmişdir. Bu hadisəyə bənzər bir hissəyə filmdə yer verilir. İkinci hissədə isə kəndxuda Xudayar bəyin dostu Kəblə İsmayılın (əsərdə adı Kərbalayı Heydər idi) dul qalmış arvadı Zeynəbi min bir fırıldaq və zorakılıqla özünə necə arvad etməsi, kasıb Məmmədhəsən kişinin malına və övladına necə zülm etməsi təsvir olunur. Filmdə həmçinin Xudayar bəyin hərisliyi ucbatından Məmmədhəsənin yeganə oğlu Əhmədin faciəli ölümü də əks etdirilir.Bu filmi təhlil edərkən mənə maraqlı gələn məqamlardan biri Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin baş qəhrəmanı olan Kefli İsgəndərin də burada yer almasıdır. O, bir səhnədə mollanı ərəbcə bilməməyi ilə məsxərəyə qoyur və kənddən axan çay vasitəsilə Həzrət Abbasa məktub göndərəcəyini deyərək onu ələ salır. Buna sadəlöhvcəsinə inanan molla bir müddət sonra özünü çay kənarında məktub yazarkən tapır.Daha sonra İsgəndər məscidə gəlib fransızca danışır və camaata müraciət edərək soruşur: “İndi niyə ağlamırsınız?” İnsanlardan biri cavab verir ki, dediklərini başa düşmürlər. Bunun üzərinə İsgəndər onlara belə cavab verir: “Bəs necə olur ki, bayaq molla ərəbcə danışanda ağlayıb özünüzü öldürürdünüz, halbuki onu da anlamırdınız?” Bu səhnə o dövrün insanların anlamadıqları şeylərə kor-koranə inanmasını və düşünmədən hərəkət etməsini çox təsirli şəkildə göstərir. İsgəndərin sözlərinə cavab tapa bilməyən insanlar onun məscidə içkili gəlməsini bəhanə edərək onu daş-qalaq etməyə çalışırlar. Filmdə Cəlil vurğulayır ki, o, həyatı boyu çox İsgəndər görüb. İnsanlar onları qəribə adlandırırdılar. Həqiqətən də onlar geyimləri, danışıq tərzləri və düşüncələri ilə cəmiyyətin digər fərdlərindən fərqlənən insanlar idilər.Filmdə diqqət çəkən başqa bir məqam isə insanların düçar olduqları ağır maddi vəziyyətə baxmayaraq “Kərbəlayı” adını almaq uğrunda yarışmalarıdır. Xəstələnəndə özünü müalicə etdirməyən Məmmədhəsən kəndlilərin məsləhəti ilə arvadının qızıllarını sataraq bir ulaq alır. Ümumiyyətlə, Məmmədhəsən dinə bağlı biri kimi yadda qalır. Onun xəstə yatağında belə əsas dərdi namazı necə qıla bilməsi idi. Əl qərəz, Xudayar bəy çox keçmədən həmin ulağı “vacib iş” adı ilə ondan alır və şəhərdə sataraq əldə etdiyi puldan qazıya rüşvət vermək üçün istifadə edir. Məqsədi Zeynəbi zorla özünə almaq idi. O, qazıya “şirinlik” vermək məqsədilə iri bir kəllə qənd alır. O dövrdə şəkərin olduqca baha və qiymətli olması bu səhnədə xüsusi vurğulanır.Ulağın arxasınca şəhərə qədər qaçan Məmmədhəsənin biçarə oğlu Əhməd isə orada Xudayar bəy tərəfindən döyülür və əliboş şəkildə kəndə qayıtmağa məcbur olur. Yorğunluq və dərddən xəstələnən Əhməd çox keçmədən həyatını itirir. Bu hadisə filmin ən faciəli məqamlarından biridir.Xudayar bəy isə nəhayət istəyinə çatır. Zeynəbin razılığı olmadan onunla kəbin kəsdirir və mərhum Kəblə İsmayıldan qalan var-dövləti ələ keçirir. Bu nikah qazının qənd müqabilində verdiyi razılıq və Zeynəbin saxta qardaşının iştirakı ilə həyata keçirilən gizli bir sövdələşmə nəticəsində baş tutur. Film bununla dövrün ədalətsizliyini, qadının cəmiyyətdəki aciz vəziyyətini və din adı altında edilən saxtakarlıqları açıq şəkildə göstərir.Filmin sonlarında isə balaca Cəlilin ailəsinin ilkin razılığı olmasa da, öz istəyinə nail olaraq Qoriyə oxumağa getdiyi göstərilir. Faytonla gedərkən onun yolu kəndliləri Kərbəlaya aparan çavuşla kəsişir. Cəlil tək idi, onunla bərabər təhsil üçün gedən başqa bir uşaq yox idi. Oradan Kərbalaya gedən insanların sayı isə onlarla idi. Çavuşun uzun baxışlarından sonra karvan və Cəlilin faytonu fərqli istiqamətlərdə yollarına davam edirlər. O yol ayrıcı, sözsüz ki, simvolik bir məna daşıyırdı. “Qəm pəncərəsi” yalnız bir dövrü deyil, bütöv bir cəmiyyətin faciəsini və düşüncə tərzini tamaşaçıya göstərən təsirli ekran əsəridir. JALƏ İSMAYILOVA,Elm.İnfo.Az-ın xüsusi müxbiriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.