ŞƏFA İBRAHİM: "YAŞIL QAŞLI ÜZÜK" (Hekayə) Ədəbiyyat » Nəsr 18 апреля 2026 11 0 1 2 3 4 5 ŞƏFA İBRAHİM - 1980-ci il iyulun 7-də Şəki rayonunun Baş Layısqı kəndində anadan olub. 1987-ci ildə Baş Layısqı kənd orta məktəbinin 1-ci sinfinə gedib. 1995-ci ildə natamam orta təhsilini bitirib və Şəki Pedaqoji Texnikumuna daxil olub. 1999-cu ildə həmin texnikumu - indiki Şəki Pedaqoji Kollecini müvəffəqiyətlə bitirib. Dogulduğu kənddə müəllim işləyib. Hazırda Bakıda yaşayır. Ailəlidir. İki övladı var.Şəfa İbrahim orta məktəb illərindən bədii yaradıcılıqla da məşqul olur. Şeirləri və hekayələri ilk dəfə “ZiM.Az” və “Zirve.info” saytlarında, “Borçalı”, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərində, daha sonra isə “Canım Azərbaycanım”, “Odlar Yurdu”, “Vətən”, “Turan”, “Buta”, “Ziya”, “Zirvə”, “Zirvəyə ucalanlar”, “Zəfər”, “Zəfəri qazananlar”, “Müəllimlərimiz”, “Heydər Zirvəsi”, “İlham çeşməsi”, “Şam işığı”, “20 Yanvar - Qan yaddaşı”, “Xocalı - əsrin faciəsi”, “Gənc istedadlar” və s. ədəbi məcmuələrdə dərc olunub.“Borçalı” nəşriyyatı tərəfindən çap olunmuş “Dünya analarla gözəldir” (2025) və “Yaşıl qaşlı üzük” (2026) adlı iki kitabın müəllifidir.Biz də Şəfa xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun bir hekayəsini dəyərli oxucularımıza təqdim edirik!..Müşfiq BORÇALI,ZiM.AzYAŞIL QAŞLI ÜZÜK(Hekayə)Səhər quşların səsi ilə açılırdı. Günəş sanki gülümsəyirdi. Naxıra sürülən mal-qaranın səsi qoyun-quzunun səsinə qarış-mışdı. Gözəl bir yay səhəri insanları salamlayırdı.Bütün bunlardan xəbərsiz bir körpə qışqıra-qışqıra dünyaya göz açdı. Qarşıdakı uzun bir ömür, acı tale, keşməkeşli günlər. Yaxşı ki, bunlardan xəbərsiz idi. Yoxsa heç ağlamağı, çığırmağı dayanmazdı. Elə ağlayardı ki, günəş bir də gülümsəməzdi. Yağan leysanlar onun yanında susardı. Yaxşı ki, xəbərsizdi. Yaxşı ki, heç nə bilmirdi.1980-ci il. Hər tərəfdən dağlarla əhatə olunan qədim bir kənd. Köhnə evlər, dar küçələr, çardaqlar. Bir-birindən çəpərlə ayrılmış evlər, çörək bişirmək üçün palçıqla suvanmış təndirlər. mal-qaranın qış ehtiyatı olan ot tayaları. Yolların kənarında şırhaşırla axan bulaqlar. Yaşı yüz ilə söykənən palıd, qoz, şa-balıd, fındıq ağacları. Yazda bir-biri ilə bəhsə girən, gül açan zo-ğal, alça, alma, armud ağacları. Gecəsi, gündüzü olmadan hə-yətləri qoruyan itlər. Tənbəl-tənbəl yatan qara Məstan. Bütün günü uşaqlarını səsləyən anaların zil səsi. Kəndin səhərini qarşılayırdı. Bu kənddə hər şey gözəl idi!İşıqlanan səhər gözəl bir xəbərlə açıldı. Gülər tələbə adını qazanmışdı. Düz on il sakit keçən məktəb həyatı yerini tələbə həyatına vermişdi. Gülər müəllim olacaq, öz sevimli müəlliminin arzusunu yerinə yetirəcəkdi. Onun yolunu davam etdirəcəkdi. Dörd ildən sonra kəndə müəllim olaraq qayıdacaqdı. Sevincinin həddi-hüdudu olmayan Gülər bu yayı ailəsi ilə bərabər keçirib, yeni dərs ilindən şəhərə yollanacaqdı.Gülər bilmirdi ki, bu yay onun xoşbəxt keçirəcəyi sonuncu yaydır. Sabah nə olacaq heç kim bilmir.Yay çox isti keçirdi. Kənd qonaqlarla dolu idi. Şəhərin bür-küsünə dözməyən insanlar kəndə gəlib dincəlirdilər. Gülərgilin qonşusunda da qonaqlar var idi. Səs-küy, danışıq səsləri aləmi bürümüşdü. Gülərgilin evlə qonşu evi köhnə çəpər ayırırdı. Həyətdəki oğlanı Gülər birinci dəfə idi ki, görürdü. Hündürboy, qarabəniz, yumru sifət oğlan bütün günü şən bir səslə danışırdı. Qəhqəhələri kəsilmirdi. Gülər onun adını dünən bildi. Orxan de-yə çağırırdılar onu. Bu oğlan Gülərin diqqətini qeyri-ixtiyari olaraq cəlb etmişdi. Bütün günü qulağı qonşunun həyətindəki söhbətlərdə idi. Oğlan da hərdən bir bəhanə ilə çəpərə yaxın-laşıb Gülərgilin həyətinə boylanırdı. Günlərin bir günü baxışları toqquşdu. Lal-dinməz bir-birinə baxırdılar. Deyəsən olanlar ol-muşdu. Gülər vurulmuşdu. Oğlan da laqeyd deyildi. Ancaq məsələyə o qədər ciddi yanaşmırdı. Yaxından tanımadığı bu oğ-lanı bu qədər sevməsi onun özünə də qəribə gəlirdi. Bu hərarətli yay, qəfil baş verən tanışlıq. Bir baxışla yaranan sevgi. Nə qədər düzgün idi? Gülər özü də bilmirdi. Ancaq qəlbinə söz keçirə bilmirdi. Həyətdə heç kim olmuyanda danışırdılar. Bir gün Orxan ona hərbi xidmətə çağırıldığını dedi. Gülər fikirləşdi ki, Orxan xidmətini başa vurub gələndə Gülər də təhsilini bitirəcək. Onlar artıq sərbəst insanlar olacaq. Oğlan hər şeyə rəğmən sevincli idi. İmumiyyətlə Orxan həyata, hadisələrə, hər şeyə zarafatla yanaşırdı. Heç nəyə ciddi yanaşmırdı. O cümlədən də bu ayrılığa. Hər ikisinin ailəsi xoş qarşılamadı bu tanışlığı, sev-gini. Səbəblər çox idi. Ancaq bu səbəblər Güləri heç maraq-landırmırdı. Amma bu səbəblər böyük bir səhvin başlanğıcı idi. Bu səbəblər gözəl bir sevgi dünyasının dağılması, uçuruma yu-varlanması idi. Bu səbəblər bir ömrün faciəsi idi. Bu səbəblər günahsız göz yaşları, boşuna keçən illər, geri qayıtmayan cavanlıq, solub gedən gənclik idi. Bu səbəblər bir körpənin dünyaya gəlmədən ölməyi idi, sanki. Yeni dərs ili başlamışdı. Gülər artıq tələbə idi. Tələbə yoldaş-larına, məktəbə, müəllimlərə heç alışa bilmirdi. Çox darıxırdı. Dərslərini bacardığı qədər yaxşı oxumağa çalışırdı.Kirayə qaldığı ev şəhərin kənarında böyük iki mərtəbəli evin birinci mərtəbəsində kiçik otaq, darısqal yerdi. Həyətində rəng-bərəng qızılgüllər var idi. Əvvəllər çox varlı adamın evi olub-muş. Əşyaların artıq köhnə, amma nə vaxtsa bahalı olduğu bilinirdi. Ev sahibəsi kobud, qaraqabaq, ciddi bir qadın idi. Gü-lərdən razı idi. Gülərin dərslərindən sonra heç yerə getməməyi, yalnız dərs oxumağı qadının çox xoşuna gəlirdi. Ev sahibəsi bu gün çox sevincli idi. Bacısı oğlu qonaq gələcəkdi. Öz uşağı olmadığı üçün meylini ona salmışdı. Çox sevirdi. Bu gün Gülər dərsdən gələndə həyətdə bir oğlanı gördü. Hündürboy, kök gözlərindən sevinc axıb tökülən şən bir oğlan. Salamlaşdılar. Xalasına bənzəyən bu oğlan maraqlı söhbətlər edirdi. Gülərin gənc bir qızın bu qədər səssiz olması oğlanı çox təəc-cübləndirirdi. Gülərin isə öz aləmi, öz xəyalları var idi. O, yalnız Orxanı düşünürdü. Dörd ilin nə vaxt gəlib keçəcəyini fikir-ləşirdi. Oxuduğu məktəb şəhərin yuxarı hissəsində qədim bir bina idi. Gülər sinifdə qızlara qoşulmur, söhbət etmirdi. Dərs-dən sonra gəzməyə getmirdi qızlarla. Onun öz dünyası var idi Orxanla, dağlarla, dərələrlə xəyal etdiyi bir dünya, bir aləm.Beləcə günləri sayılan dörd il bitdi. Gülər öz doğma kəndinə müəllim olaraq qayıtdı. İşlədiyi məktəb evlərinə yaxın idi. Şagirdləri onu tez sevdilər. O, da uşaqlarla tez dil tapdı. Günləri rəvan və gözəl keçirdi.Bu gün xalası qızından aldığı xəbər Güləri göyün yeddinci qatına sanki qaldırdı. Orxan əsgərlikdən sağ-salamat evlərinə dönmüşdü. Gülər onu görmək üçün səbirsiz olur, tələsirdi. Axır ki, görüşdülər. Orxan bir az sınıxmışdı. Amma əvvəl ki, kimi şən idi. Dil boğaza qoymur, hərbi xidmətdəki həyatından danışırdı. Əsgərlik xatirələri və əsgər yoldaşlarından. Ancaq əziyyət çəkdiyi bəlli idi. Bir ay beləcə keçdi. Hərdən görüşür söhbət edirdilər. Gələcək haqqında öz arzuları var idi hər ikisinin. Gülər işdən gəldikdən sonra sözləşdikləri kimi çay kənarına endilər. Orxanın sevinci gözlərindən bilinirdi. O, Gülərə nişan gə-tirəcəklərini, hər şeyin çox yaxşı olacağını söylədi. Hər ikisi se-vinir, bir-birinə baxmaqdan doymurdular.Hər iki ailə bu işə qarşı olsalarda, gənclərin istəyi qarşısında susdular. Öhdələrinə düşən hər işi layiqincə yerinə yetirdilər. Qırmızı lent bağlanmış xonçalar, gözəl yaylıqlar, yaşıl qaşlı möh-təşəm bir üzük günə son qoydu. Nişanlandılar. Gülər bar-mağındakı yaşıl qaşlı üzüyə baxdı. Üzündəki xəfif təbəssüm nə qədər xoşbəxt olduğundan xəbər verirdi. Yaşıl qaşlı üzük!Səs-küy kəsilmək bilmirdi. Hamı danışır, deyir-gülürdü. Şirniyyatlar, nabatlar süfrəni bəzəyirdi. Plovun ətri hər yeri bü-rümüşdü. Qonaqlar yeyib-içir söhbət edir, gənclərə xoş gələcək arzu edirdilər. Yaşlılar öz xeyir-dualarını verirdilər.Gülər birdə barmağındakı yaşıl qaşlı üzüyə baxırdı. Heç kim bilmirdi ki, bir vaxt olacaq bu üzük heç kimə lazım olmuyacaq. Ailələr bu üzükdən utanacaqlar.Nişandan bir ay keçmişdi. Orxanla Gülər həyatın gözəlliklərini doya-doya yaşayırdılar. Bu gün yenə bağda vədələşdikləri yerdə görüşdülər. Orxan sözlü adama oxşayırdı. Çox fikirli görünürdü. Gülər soruşdu ki, nə olub sənə? Orxan məsələni açdı. O, dedi ki, qısa bir müddətə qürbət ölkəyə gedir. İşləmək üçün. Ayrılacaqları Güləri kövrəltdi. Ancaq heçnə demədi. Sus-du. Tez ayrıldılar. Artıq verilmiş qərarı dəyişmək mümkün de-yildi. Gülər heç cəhdə etmədi də.Orxan getdi. Arxasınca ancaq xatirələri, gülüşləri qaldı. İllər keçir ailələr arasında səbəbsiz soyuqluq, gərginlik yaranırdı. Ge-diş-gəliş azalmağa başlayırdı. Gülər başını şagirdlərinə qatmışdı. Məsuliyyətli müəllim olaraq çox sevilirdi. İş yoldaşları ona hörmətlə yanaşırdılar. Hər işi bir nümunə idi işlədiyi məktəbdə.Orxanın gedişindən beş il keçirdi. O, nə zəng edir, nə də mək-tub yazırdı. Gülərin səssizliyi, susqunluğu hamını təəccüblən-dirirdi. Heç bir xəbər yox idi. Dəryaya atılan daş kimi. Yoxa çıxmış, qeyb omuşdu Orxan. Heç kimin bir fikri yox idi. Gülər səbirlə gözləyirdi. Hərdən görüşdükləri yerə gedir. Ətrafa baxır hey baxırdı. Cırcıramaların səsi ona çox pis təsir edirdi. Çünki onlar axşamlar görüşüb, söhbət edəndə Gülər həmişə cırcırama-ların səsini dinləyir və böyük bir zövq alırdı. Bu səs elə bil onu ovsunlayır, sehrli bir aləmə salırdı. Ancaq indi bu səs onun qəl-bini dərindən yaralayırdı. Ona nişanlısını xatırladırdı. Görəsən Orxan hardadır? Nə işlə məşğuldur. Güləri heç yadına salırmı?Kənddə dolaşan xəbərlər Gülərin də qulağına çatdı. Gülər sanki donmuşdu. Heçnə düşünə bilmirdi. Orxanın qürbətdə evlənmək xəbəri ildırım sürəti ilə yayıldı. Hər iki ailə sükut içərisində otururdular. Heç kimin bu hadisə ilə bir əlaqəsi yox idi. Gülər bu insanları heç nədə ittiham edə bilməzdi.Səhər Gülər özünü qəribə hiss edirdi.Bu gün işə getməyəcəkdi. Çay kənarına enmək istəyirdi. Çayla dərdləşmək istəyirdi. Güzgünün qarşısına keçdi. Saçlarına ordan-burdan dən düş-müşdü.Birdən qəhər boğdu onu. Gözlərindən süzülən yaş yanaqlarına axdı. Həm yanaqları, həm də qəlbi yandı. Saçlarını daradı. Üzünü yuyub evdən çıxdı. Əllərini cibinə saldı. Üzük cibində idi. Elə bil əlləri yandı. Tez əllərini çəkdi. Yavaş-yavaş gedirdi. Tələsmədən. Elə bil ayaqlarından daş asılmışdı. Zorla yeriyirdi. Bir həftədə kədərdən, qəhərdən arıqlamışdı. Gözəl bənizi solmuş, gözləri çuxura düşmüşdü. Gülər kəndin kənarından çaya çatdı. Çay həmişə olduğu kimi sürətlə axıb gedirdi. Quşlar oxuyurdular. Amma Gülər daha bu gözəllikdən zövq almırdı. Həmişə Orxanın oturduğu daşın üstündə oturdu. Axırıncı gö-rüşlərini xatırladı. Ona verdiyi o şirin vədləri yadına saldı. Heyif çox heyif. O, gözəl günlərə, o şirin vədlərə, o xoş arzulara. Aya-ğa durub çaya yaxınlaşdı. Cibindən yaşıl qaşlı üzüyü çıxartdı. Üzüyə diqqətlə baxdı. Gülümsədi. Əlini yuxarı qaldırıb üzüyü çaya atdı. Yaşıl qaşlı üzük çayda yox oldu. Çay üzüyü özü ilə aparıb getdi. Kaş ki, yaşıl qaşlı üzük Gülərin bütün kədərini, üzüntüsünü də apara bilsəydi. Yer üzündəki bütün ayrılıqlara, həsrətlərə son qoysaydı.Gülər elə bil rahatlaşdı. Çiynindəki ağır yükdən qurtardı. Daha gözləri yolda qalmayacaqdı. Gecələri xəlvətcə ağlamaya-caqdı. Qəhərdən, dərddən üzülmüyəcəkdi. Cırcıramaların səsini dinləməyəcəkdi.Gülər gəldiyi yolla geri kəndə sarı qayıdırdı. Qeyri-ixtiyari olaraq əllərinə baxdı.Barmağında yaşıl qaşlı üzüyün izi qalmışdı.ŞƏFA İBRAHİM,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.