HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TƏHSİLİ Köşə yazılar 4 мая 2025 133 0 1 2 3 4 5 Böyük dövlət xadimi, xalqımızın ümummili lideri Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının memarı və qurucusudur. Onun Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri misilsizdir. Müstəqil Azərbaycanın dirçəliş dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycanı dirçəldərək, xalqın gələcəyini düşünürək onun təhsil sahəsinə böyük önəm verirdi. "Təhsil millətin gələcəyidir." Heydər ƏLİYEV Təhsil hər bir xalqın və dövlətin inkişafının əsas dayaqlarından biridir. Güclü dövlət yalnız savadlı və mədəni cəmiyyətin üzərində qurula bilər. Bu baxımdan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev təhsili milli inkişafın əsas prioriteti kimi qiymətləndirmiş, bütün fəaliyyətində bu sahəyə xüsusi diqqət ayırmışdır. Onun "Təhsil millətin gələcəyidir" fikri bu gün də milli təhsil siyasətinin ideoloji sütunu olaraq qəbul edilir. Heydər Əliyev təhsilə yalnız bir sahə kimi deyil, həm də milli kimliyin, dövlət müstəqilliyinin və vətəndaşlıq şüurunun formalaşmasının təməli kimi baxırdı. “Təhsil sistemi bizim böyük sərvətimizdir və mən tam ümidvaram ki, Azərbaycanda hər bir insan öz övladını təhsilləndirə bilər və bunlada bizim xalqımızın bilik və mədəni səviyyəsi arta bilər.” - deyən ümummilli liderimiz xalqın gələcəyinə istiqamətlənmiş strateqiyasında təhsili millətimizin inkişaf strukturu kimi qiymətləndirirdi. Azərbaycana rəhbərlik etdiyi dövrlərdə təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşırdı. Onun tapşırığı ilə həyata keçirilən təhsilin bütün pillələrini və maddi-texniki bazasını əhatə edən islahatlar buna əyani sübutudur. Heydər Əliyev 1969-cu ildə Azərbaycan SSR rəhbərliyinə gəldikdən sonra ölkənin sosial-iqtisadi inkişafında yeni bir mərhələ başlandı. O dövrdə təhsilin maddi-texniki bazası zəif idi, kadr çatışmazlığı geniş yayılmışdı. Heydər Əliyev bu sahədə ciddi islahatlara başladı. Onun təşəbbüsü ilə ucqar kəndlərdə belə məktəblər tikildi, müəllim çatışmazlığının qarşısı alındı və məktəblərin təchizatı yaxşılaşdırıldı. ümummilli liderin 1972-ci ildə gənclərin ümumi orta təhsilə keçidininin başa çatdırılması və ümumtəhsil məktəblərinin daha da inkişaf etdirilməsi, 1973-cü ildə isə kənd ümumtəhsil məktəblərində iş şəraitini daha da yaxşılaşdırılması haqqında qərarlarının icrası nəticəsində ölkədə orta məktəb şəbəkəsi genişləndirildi,əsaslı keyfiyyət əldə olunmasına imkan yarandı. Onun hakmiyyəti illərində məktəblərin dərsliklərlə təminatı problemi həllini tapdı və 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsinə başlanıldı. Heydər Əliyevin təhsilə xüsusi diqqət-qayğısı məktəb tikintisində də özünü göstərirdi.1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci il ilə müqayisədə üç dəfədən çox artaraq 2117-yə,1982-ci ildə isə 4267-yə çatdı.1970-1980-ci illərdə Azərbaycanda 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verildi. Bu say 1946-1970-ci illərdəki müvafiq göstəricilərdən iki dəfə çox idi.Şagirdlərin sayında da artım qeydə alındı.Əgər 1970-ci ildə şagird sayı 368 min idisə 1980-ci ildə artıq bu say 710 minə yüksəlmişdi. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə peşə məktəblərinin sayında da artım baş verdi.1965-ci illə müqayisədə peşə məktəblərinin sayı 1,7, təhsilalanların sayı isə 2,5 dəfə artdı.Onun təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirildi.54 yeni texniki peşə təhsili müəssisəsi fəaliyyətə başladı. Heydər Əliyevin hədəfində milli kadr potensialının gücləndirilməsi də var idi.O bunun üçün əvvəlcə ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlərə başladı.1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açıldı və ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək artdı.Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəbdə 105 fakültə, 450 kafedra var idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Heydər Əliyev Azərbaycanda ali məktəblərin sayının artması üçün əlindən gələni etməklə yanaşı ölkə hüdudlarından kənarda təhsil almaq istəyənlərə də dəstək olurdu. Məhz Ulu Öndərin təşəbbüsü və himayəsi sayəsində gənclər 1970-ci ildən başlayaraq SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. Ümummilli liderin bu qayğısı nəticəsində 1970-1980-ci illərdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına şərait yaradıldı. Ən mühüm addımlardan biri isə azərbaycanlı gənclərin Moskva və digər şəhərlərin nüfuzlu ali məktəblərinə göndərilməsi oldu. Heydər Əliyev bu yolla milli elitanın formalaşmasını, ölkədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etdi. Bu, bir strateji baxış idi - gələcəyin liderlərini yetişdirmək üçün onlara keyfiyyətli təhsil imkanları yaratmaq. "Heydər Əliyev tez-tez azərbaycanlı tələbələrlə görüşərək onların problemlərinin həlli üçün bütün imkanları səfərbər edirdi.Onları “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirirdi.Elə bu amil də Azərbaycanda milli kadr potensialının daha da gücləndirilməsində mühüm rol oynadı.Ölkədə hərbi kadr hazırlığının bünövrəsi də məhz Heydər Əliyevin rəhbərliyi illərində qoyuldu.Ulu Öndəri düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərin orduya hazırlığı və hərbi məktəblərə cəlbi idi. Heydər Əliyevin təşəbbüsü və uzaqgörənliyi nəticəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı.Bu məktəbdə yüzlərlə Azərbaycan vətəndaşı təhsil almağa başladı.Elə o vaxtdan başlayaraq Cəmşid Naxçıvanski adına Hərbi Lisey, milli zabit kadrların hazırlanmasında və Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna rol oynadı. Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra qarşılaşdığı siyasi və iqtisadi böhranlar təhsil sahəsini də ciddi şəkildə təsirləndirdi. Lakin 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı bu sahəyə də yeni nəfəs verdi. O, təhsili dövlətin əsas inkişaf sütunlarından biri kimi müəyyənləşdirdi və islahatlara başladı. Bu dövrdə təhsil sahəsində planlı və ardıcıl addımlar atıldı. Təhsil sisteminin əsaslı şəkildə yenidən qurulması üçün hüquqi baza formalaşdırıldı. Məktəb və universitetlərin idarəetmə mexanizmi müasirləşdirildi. Elmin, texnikanın və informasiya texnologiyalarının təhsilə inteqrasiyası təşviq olundu. 1995-ci il Konstitusiyasında təhsil hüququ ilk dəfə olaraq dövlət səviyyəsində təsbit olundu. 1999-cu ildə qəbul edilən “Təhsil haqqında Qanun” isə bu sahədə hüquqi sabitlik yaratdı. Həmçinin, 1998-ci ildə qəbul olunan “Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Proqramı” beynəlxalq təcrübəyə əsaslanaraq yeni kurikulumlar, təhsilin mərhələliliyi və ixtisasların çevikliyi istiqamətində mühüm addımlar atdı. Bu sənədlər sayəsində təhsildə idarəetmə demokratikləşdi, məktəblər və universitetlər daha müstəqil qərar qəbul etməyə başladılar. Məktəbəqədər təhsildən tutmuş ali təhsilə qədər bütün sahələrdə struktur dəyişiklikləri həyata keçirildi. Heydər Əliyev daim gənclərə xüsusi önəm verirdi. Onun dövründə Azərbaycan ilk dəfə olaraq gənclərin xarici ölkələrdə təhsil almasını təşkil etdi. Bu, ölkənin gələcək elmi və texnoloji inkişafına böyük töhfə verəcək əsaslı bir addım idi. Xaricdə təhsil alan azərbaycanlı gənclərin geri dönərək ölkənin inkişafında iştirakı Heydər Əliyevin düşünülmüş strategiyasının nəticəsidir. O, təhsili milli təhlükəsizlik və dövlətin gələcəyinin təminatı kimi dəyərləndirirdi. Bu siyasət daha sonra Prezident İlham Əliyev tərəfindən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə davam etdirildi. Heydər Əliyev müəllimləri cəmiyyətin ən dəyərli təbəqəsi kimi qiymətləndirirdi. Onun sözləri ilə desək, “Müəllimlik peşəsi şərəfli və müqəddəsdir”. Ulu Öndər bu peşənin nüfuzunun artırılması üçün həm maddi, həm də mənəvi dəstəyi vacib hesab edirdi. Onun təşəbbüsü ilə müəllimlərin ixtisasartırma kursları genişləndirildi, təqaüdlər və mükafatlandırma sistemi tətbiq olundu. Müəllim əməyinin qiymətləndirilməsi təhsilin keyfiyyətinə birbaşa təsir edən amil kimi dəyərləndirildi. Bu sahədə islahatlar bu gün də davam etdirilir və müəllimlərin cəmiyyət içindəki nüfuzu daha da möhkəmləndirilir. Ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsilə və onun inkişafına xüsusi diqqət göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil haqqında belə demişdir: “Peşakarlığın, biliyin, savadın intellektin əsası məhz məktəblərdə qoyulur. Ona görə məktəbdə verilən təhsil insanın həyatında həlledici rol oynayır və hər bir insan üçün onun gələcəyi, onun taleyi məktəb illərində dərslərə verdiyi diqqətə birbaşa bağlıdır.” Azərbaycan təhsili dünyada ən öndə gedən ölkələr siyahısındadır. Heydər Əliyev Fondunun yaradılması və fəaliyyəti Ulu Öndərin təhsil siyasətinin davamı kimi çıxış edir. Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr - “Yeniləşən Azərbaycana yeni məktəb”, “Diqqət mərkəzində uşaqlar”, “Təhsilə dəstək” proqramları çərçivəsində yüzlərlə məktəb, uşaq bağçası və tədris mərkəzi inşa olunmuş, minlərlə şagird və müəllim müasir təhsil şəraiti ilə təmin olunmuşdur. Fondun fəaliyyəti təkcə ölkə daxilində deyil, eyni zamanda xaricdə yaşayan soydaşlarımızın təhsili və mədəniyyətinin qorunması istiqamətində də mühüm addımlar atır. Bu, Heydər Əliyev irsinin müasir dövrdə uğurla davam etdirilməsinin bariz nümunəsidir. Heydər Əliyev Azərbaycan təhsilinə yüksək dəyər verən, strateji düşüncə sahibi və əsl xalq lideri olan bir şəxsiyyətdir. Onun yaratdığı baza və qoyduğu irs bu gün də Azərbaycan təhsil sisteminin dayanıqlılığının əsas təminatçısıdır. Müasir Azərbaycanın təhsil uğurları, beynəlxalq sıralamalarda yüksələn göstəriciləri, yeni məktəblərin, universitetlərin açılması, müəllim və şagirdlərin uğurları Heydər Əliyev siyasətinin nəticəsidir. Heydər Əliyev öz xalqına və gələcək nəsillərə ən qiymətli mirası - bilik, savad, milli şüur və gələcəyə inam bəxş etdi. Onun “Təhsil millətin gələcəyidir” fikri bu gün də hər bir azərbaycanlının yoluna işıq tutur və gələcək nəsillərin yetişməsində mühüm rol oynayır. Müdrik dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla həyata keçirilir. GÜLDANƏ HƏSƏNOVA, “Sənət dünyasının nuru” jurnalının baş redaktor müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Xurşidbanu Natəvan” Fəxri Medal Mükafatçısı, “Ədəbiyyat Səfri” Fəxri Diplom Mükafatçısı, Jurnalist-publisist, pedaqoq, ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.