Bolnisidə akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş Anım tədbiri keçirilib Humanitar elmlər, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov 20 июня 2026 3 0 1 2 3 4 5 2026-cı il iyunun 20-də Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə görkəmli türkoloq, tanınmış dilçi-alim, istedadlı publisist və ictimai xadim, Beynəlxalq Turan Akademiyasının, Türk dili Qurmunun və Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun xatirəsinə həsr olunmuş Anım tədbiri keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd akademik Mədəd Çobanovun zəngin elmi irsinin təbliği, onun həyat və yaradıcılığının gənc nəslə tanıdılması olub.Tədbir başlamazdan əvvəl Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların, eləcə də, akademik Mədəd Çobanovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Rezo Həsənov qonaqları salamlayaraq akademik Mədəd Çobanovun şərəfli ömür yolu, zəngin elmi yaradıcılığı, geniş elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında ətraflı məlumat verib.Ardınca akademik Mədəd Çobanovun yetirməsi və Anım tədbirinin əsas təşkilatçılarından olan Tahirə Əliyeva iştirakçılara vaxtı ilə ali məktəbdə təhsil aldığı illərdə ona dərs demiş akademik Mədəd Çobanovun mənalı həyat yolu, görkəmli alimin geniş elmi yaradıcılığı, ana dilimizə, milli mədəniyyətimizə və türkologiya elminə verdiyi dəyərli töhfələr barədə geniş təqdimatla məruzə edib.Tədbirdə müəllimlər, ziyalılar, mərhum alimin tələbələri, ailə üzvləri və Darvaz ictimai məktəbinin şagirdləri çıxış edərək akademik Mədəd Çobanovla bağlı xatirələrini bölüşüblər. Gürcüstan Parlamentinin iki çağırış deputatı olmuş tanınmış tarixçi-alim və ictimai xadim Ramiz Bəkirov, Bolnisinin fəxri vətəndaşı, Faxralı ictimai məktəbinin müəllimi Bayram Abbasov, Kəpənəkçi və Darvaz ictimai məktəbinin müəllimi Zakir Məmmədov, akademik Mədəd Çobanovun vaxtı ilə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Unuversitetində çalışdığı illərdə dərs dediyi keçmiş tələbələrindən Tinatin Əliyeva, Kifayət Cəfərli, Minarə Gərəkova, Nənəxanım Bayramova və başqaları çıxış edərək, mərhum alimlə bağlı xatirələrini söyləyiblər, onun Azərbaycan elminə və türkologiyaya əvəzsiz töhfələr verdiyini, zəngin elmi və mənəvi irs qoyub getdiyini vurğulayıblar. Çıxışlarda akademikin gənclərin savadlı, vətənpərvər və geniş dünyagörüşlü yetişməsi naminə yazdığı kitabların, həmçinin ona həsr olunmuş əsərlərin, çoxsaylı məqalələrin və şeirlərin əhəmiyyətindən də bəhs olunub.Daha sonra Darvaz ictimai məktəbinin yuxarı sinif şagirdləri Mələk Bayramova, Gülandam Səfərova, Aytac Bayramova, Məryəm Aslanova, Süphanə Bayramova və Nərgilə Musayeva akademik Mədəd Çobanovun həyat və yaradıcılığına həsr olunmuş şeirləri səsləndiriblər, hazırladıqları təqdimatları tədbir iştirakçılarına təqdim ediblər.Tədbir iştirakçıları akademik Mədəd Çobanovun zəngin elmi və mənəvi irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayaraq, bu kimi tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd ediblər.Tədbirin sonunda akademik Mədəd Çobanovun oğlu Müşfiq Borçalı (Çobanov) tərəfindən tədbir iştirakçıları üçün göndərilən kitablar və digər hədiyyələr şagirdlərə və qonaqlara təqdim olunub, xatirə üçün foto şəkillər çəkdirilib.Tədbirdən sonra iştirakçılar üçün çay süfrəsi təşkil olunub.Svetlana MƏMMƏDOVA,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.