Lütviyyə Əsgərzadə: "BƏDİİ NƏSRDƏ TARİXİN VƏ MİLLİ YADDDAŞIN BƏRPASI" Humanitar elmlər, Elmi Məqalələr 10 августа 2026 100 100 1 2 3 4 5 Lütviyyə ƏsgərzadəFilologiya elmləri doktoruBƏDİİ NƏSRDƏ TARİXİN VƏ MİLLİ YADDDAŞIN BƏRPASI(“Ayrılığın sonu varmış” romanının fəlsəfi alt-qatları)Yunan filosofu Aristotel özünün məşhur “Poetika” əsərində “poeziya tarixdən daha fəlsəfi və daha ciddi bir sənətdir” yazır və bu üstünlüyü dörd fundamental fərqlə izah edir: Tarix baş vermiş konkret, fərdi hadisələri və real şəxslərin nələr etdiyini, yaxud onların başına nələrin gəldiyini təsvir edərək yalnız faktlara əsaslanır. Poeziya isə ola biləcək, ehtimal olunan və ya zərurətdən doğan ümumi, bəşəri həqiqətləri əks etdirir; o, konkret hadisədən uzaqlaşıb insan təbiətinin mahiyyətini göstərir.Tarix müəyyən bir zaman və məkanda sıxılıb qalır, hadisələri təbii xronologiya ilə təqdim edir. Poeziya isə müəyyən xarakterə malik insanın hər hansı şəraitdə ehtimal olaraq necə davranacağını nümayiş etdirir. Bu səbəbdən bədii əsər universal xarakter daşıyır və hər dövrün insanına xitab edir. Tarix həyatı olduğu kimi – bütün nizamsızlığı, təsadüfləri və ədalətsizlikləri ilə köçürdüyü halda, poeziya hadisələri daxili bir məntiqlə, səbəb-nəticə əlaqəsi daxilində nizamlayır. Yazıçılar isə tarixə sadəcə baş vermiş faktları sadalamaq üçün müraciət etmirlər; onlar həyatı təkcə olduğu kimi deyil, ola biləcəyi və ya olmalı olduğu kimi təsvir edirlər. Onlar tarixin içindəki konkret hadisələri götürüb bədii şəkildə ümumiləşdirir, xalqın taleyini, sevgini, nifrəti və insan təbiətini fəlsəfi bir müstəviyə qaldırırlar.Yazıçı Asif Muradzadənin “Ayrılığın sonu varmış” romanından bəhs edən məqaləmizə Aristotelin sözləri ilə başlamağımız təsadüfi deyil. Aristotelin dövründə “poeziya” anlayışı indiki mənada yalnız nəzmlə yazılmış şeirləri deyil; bədii yaradıcılığı, uydurmanı və bədii ədəbiyyatı (dram, epika və nəsri) ifadə edirdi. Bu səbəbdən filosofun formulasında “poeziya” sözünü müasir təfəkkürdəki “nəsr” və ya “bədii ədəbiyyat” anlayışları ilə əvəz etsək, fikir öz dəqiqliyini tam tapar. Tarix Zəngəzurda neçə kəndin yandırıldığını, hansı tarixdə köç qərarlarının verildiyini rəqəmlərlə qeyd edir. Nəsr isə o kəndlərdən didərgin düşən insanların daxili qorxusunu, ümidini və Fərmanla Anahitin timsalında saf hisslərin necə paralandığını göstərir. Tarixdə hadisələr xaotik baş verə bilsə də, nəsrdə yazıçı süjeti elə qurur ki, hər bir hadisə insan xarakterinin daxili məntiqindən və bəşəri qanunauyğunluqlardan doğur. Aristotelin dediyi kimi, bədii əsər həyatı "ola biləcəyi və ya olmalı olduğu kimi" nizamlayır.Tarix kitabları müəyyən bir dövr keçdikdən sonra yalnız mütəxəssislər üçün maraqlı qala bilər, yaxşı yazılmış tarixi nəsr əsərləri isə yüz il sonra da oxucuya insan mənəviyyatının, sevgi və nifrətin universal düsturunu çatdırır. Bu baxımdan bədii nəsr tarixin quru faktlarına can verən və onu fəlsəfi fəhmə qaldıran ən güclü vasitəyə çevrilir. Biz də Aristotelin uzaqgörən fəlsəfi formulasından çıxış edərək, tarixin bədii nəsrdə necə canlandığını Asif Muradzadənin “Ayrılığın sonu varmış” tarixi romanı üzərindən izləməyə və təhlil etməyə çalışacağıq.İlk öncə qeyd edək ki, Zəngəzur və Qarabağ həqiqətlərinə həsr olunmuş bu əsərdə müəllifin tarixə müraciəti sadəcə keçmiş hadisələri xatırlamaq məqsədi daşımır; bu, həm bədii, həm də ictimai-siyasi motivləri olan, dərindən düşünülmüş strateji bir addımdır. Romanın Zəngəzur mövzusunu mərkəzə çəkməsi bir neçə mühüm sosioloji və milli səbəblə şərtlənir: tarixi yaddaşın və milli kimliyin qorunması, toponimlərin pasportlaşdırılması, keçmişin aynasında bu günü anlamaq və tarixdən dərs çıxarmaq. Tarix bəzən rəqəmlərdən, xəritələrdən və quru faktlardan ibarət soyuq bir salnamə kimi görünür. Lakin bədii ədəbiyyat həmin soyuq faktlara can verir, onları insan taleyinin aynasında yenidən canlandırır. Asif Muradzadənin "Ayrılığın sonu varmış" romanı məhz belə əsərlərdəndir. Roman bizi yaxın keçmişimizin ən ağrılı, həm də ən strateji nöqtəsinə – Zəngəzura aparır və bu coğrafiyanın şifrələrini bədii dillə sındırır. “Ayrılığın sonu varmış” romanının süjet xətti Rusiya imperiyasının Cənubi Qafqazı işğal etdikdən sonra İrandan və Osmanlıdan gətirdiyi erməniləri Azərbaycanın tarixi torpaqlarında – Zəngəzur, İrəvan və Qarabağda məskunlaşdırması ilə başlayır. Əsər oxucunu 1905–1920-ci illərin qanlı-qadalı, geosiyasi baxımdan son dərəcə mürəkkəb bir dönəminə aparır. Bu qanlı tarixin mərkəzində isə aborigen xalqın mərdliyi və ata-baba yurdunu qorumaq uğrunda apardığı ölüm-dirim mübarizəsi dayanır. Əsərin fəlsəfi nüvəsini el ağsaqqalı Hacı Atakişinin dilindən deyilən bu müdrik kəlamlar təşkil edir:”Deyim sən də bil ki, Zəngəzurun tayı-bərabəri yoxdu, vətən kimi bizə əzizdi, amma keçid kimi çox vacib yerdi. Bu torpaqlarda doğulmağımız Allahın bizə bir lütfüdür. İstanbuldan, Urisiyətdən gələn karvanlar Zəngəzurdan keçib birbaşa Çinə gedir...”Bu sözlər sıradan bir el sədası deyil; bu, regional və qlobal geosiyasətin bədii xülasəsidir. Hacı Atakişi oxucuya milli identikliyin və təhlükəsizliyin iki mühüm sütununu xatırladır: emosional və rasional baxış. Zəngəzur bizə sadəcə "vətən kimi əziz" deyil, həm də qitələri, sivilizasiyaları birləşdirən "keçid kimi çox vacib" məkandır. İstanbuldan Çinə uzanan qədim İpək Yolunun mərkəzində dayanmaq bu torpağın insanına həm böyük bir ilahi lütf bəxş edib, həm də onu böyük imperiyaların maraq toqquşma meydanına çevirib. Haçı Atakişinin dediyi kimi, bu coğrafiyada doğulanların mənən dərindən yaşadıqları ağrılar əslində, gələcək nəsillər üçün bir strateji ayıqlıq xəbərdarlığıdır.Müəllif əsəri qələmə alarkən real arxiv sənədlərinə və tarixi xronologiyaya tam sadiq qalsa da, bədii təxəyyül vasitəsilə quru faktlara canlı nəfəs verə bilib. "Erməni-müsəlman davası" adı ilə tarixə düşən hadisələr, eləcə də 1918–1920-ci illərdə Andranik, Dro və Nijdenin quldur dəstələrinin Zəngəzur və Qarabağda törətdiyi kütləvi qırğınlar tamamilə real tarixi sənədlərə əsaslanır. Zəngəzurun onlarla kəndinin xəritədən silinməsi prosesi romanda arxivlərdə olduğu kimi dəqiqliklə əks olunub. Lakin yuxarıda qeyd etdiyimiz kimi, tarix kitabları bizə sadəcə soyuq rəqəmləri – neçə kəndin yandırıldığını, neçə insanın qətlə yetirildiyini deyir. Asif Muradzadə isə bədii təxəyyülün gücü ilə həmin rəqəmlərin arxasındakı fəlsəfi fəhmi və insan faciələrini canlandırır. Fərmanla Anahitin sevgisi, Hacı Atakişinin nəsihətləri, Səmayənin göz yaşları bədii təxəyyülün məhsulu olmaqla bərabər, həm də dövrün ictimai-siyasi mənzərəsini tamamlayan rəmzlərdir.Yazıçı bu dramatik bədii xətlər vasitəsilə oxucuya çox mühüm bir həqiqəti və xəbərdarlığı çatdırır: qarşı tərəf bizim torpaqlarımızı təkcə silah gücü ilə deyil, həm də səmimiyyətimizdən və qonaqsevərliyimizdən istifadə edərək, daxilimizə yerləşdirdikləri "Anahit"lər vasitəsilə ələ keçirməyə çalışıb. Beləcə, romandakı qadın obrazı Anahid qədim əfsanədəki "Troya atı" misalı, qalanın içdən fəth olunması və casusluq strategiyasının bədii təcəssümünə çevrilir.Romandakı Fərman və Anahit xətti sadəcə iki gəncin dramatik sevgi hekayəsi deyil, bədii nəsrin fəlsəfi qatında iki fərqli xalqın psixologiyasının, milli təfəkkürünün və qarşıdurma fəlsəfəsinə baxışının toqquşmasıdır. Azərbaycan gənci olan Fərman saf sevgini, səmimiyyəti, dürüstlüyü və mütləq etibarı təmsil edir. O, sevdiyi qadına qəlbini açarkən, onun milli mənsubiyyətini və bu mənsubiyyətin arxasında gizlənən kollektiv intiqam ideologiyasını görməzdən gəlir. Anahit isə bu münasibətdə məhz qalanın içərisinə buraxılan, ilkin baxışda zərərsiz və gözəl görünən o gizli "Troya atı"dır. O, Fərmanın səmimiyyətindən və ailəsinin qonaqsevərliyindən istifadə edərək ən həssas strateji məlumatları daxildən toplayan və öz millətinə ötürən bir casusdur.Bir haşiyə çıxaraq qeyd edək ki, tarix, sadəcə döyüş meydanlarında deyil, bəzən ən səssiz otaqlarda, ailə ocaqlarının istisində yenidən yazılır. Qədim Troya divarları on il boyu amansız hücumlara sinə gərmişdi, lakin şəhərin süqutu kənardan gələn zərbə ilə deyil, sülh maskası altında içəri buraxılan o nəhəng taxta atla başladı. Bu gün tarixin bu acı dərsi etnik münaqişələrin və milli kimlik mübarizələrinin sosioloji qatlarında fərqli bir formada təzahür edir. Bəzən nikah diplomatiyası və ya ailə bağları, fərqində olmadan, bir millətin daxili qalasının qapılarını yad təsirlərə aça bilir. Bu kontekstdə, yad ünsürlərin daxilə sızması ssenarisi mənəvi və strateji sferada qalanın içdən fəth olunması fəlsəfəsini xatırladır. Çünki əsl təhlükə, qarşısında sipər çəkdiyiniz düşmən deyil, sülhün və doğmalığın rəmzi kimi evinizə, məişətinizə və gələcək nəsillərinizin düşüncə sisteminə daxil edilən gizli "Troya atları"dır.Əsərdə də bu münasibətlərin sonu bədii məntiqlə elə nizamlanır ki, Aristotelin bəhs etdiyi "olmalı olduğu kimi" formulası öz təsdiqini tapır. Anahitin xəyanətinin üzə çıxması və bu sevginin faciəvi sonluğu, saf duyğuların ideoloji nifrət qarşısında necə silaha çevrildiyini göstərir. Romanın sonunda bu sevgi bağının paralanması, fərdi hisslərin milli reallıqlar və tarixi həqiqətlər qarşısında tab gətirə bilməməsinin bədii sübutudur. Yazıçı bu sonluqla oxucuya amansız, lakin real bir mesaj ötürür: Daxili hisslərinə qapanıb milli ayıqlığını itirənlər, gec-tez öz evlərində bəslədikləri "Anahit"lərin xəyanəti ilə üzləşməyə məhkumdurlar. Fərmanın faciəsi, fərdi səmimiyyətin kollektiv hiyləgərlik qarşısındakı acı məğlubiyyətidir.Müəllif romanda ustalıqla fərdi dramla milli dramı paralelləşdirir. Fərman və Anahitin xəyanətlə bitən nakam sevgi hekayəsi, əslində, daha böyük bir itkinin – Zəngəzurun bütöv bir xalqdan qoparılmasının simvolik təzahürüdür. Hacı Atakişi və Məşədi Fərman əsərin ideya yükünü daşıyan iki fərqli və mühüm milli qütbü təmsil edir. Yazıçı bu iki obraz vasitəsilə həm xalqın tarixi müdrikliyini, həm də faciəyə rəvac verən hədsiz inamı və saf qəlbi bədii şəkildə qarşı-qarşıya qoyur. Romandakı hər bir xarakter, əslində, bir millətin çəkdiyi acıların və dövrün amansız reallıqlarının canlı simvoludur.El-oba təəssübünü çəkən, ömrünü yurdun müdafiəsinə həsr edən və bu müqəddəs yolda şəhidlik zirvəsinə ucalan Hacı Atakişi obrazı romanın mərkəzi sütunudur. Lakin bədii fəhm baxımından yanaşsaq, romanın əsl baş qəhrəmanı Zəngəzurun özüdür. Hacı Atakişi isə sadəcə bir fərd deyil; o, torpaqlarımızı işğal edən erməni daşnaklarına qarşı sinəsini sipər edən və sonda şəhid olan müdrik ağsaqqal və qəhrəmanlıq simvoludur. O, Zəngəzur və Qarabağda cərəyan edən qanlı 1905–1920-ci illər hadisələrini, düşmənin məkrli siyasətini fəlsəfi mülahizələri ilə şərh edir. Hacı Atakişi xalqın başına gələn müsibətləri qabaqcadan duyan, daxilə sızan gizli təhlükələri vaxtında görən və bu ağrıları ən dərindən yaşayan kamil bir el ağsaqqalı kimi çıxış edir. Onun nəsihətləri, düşmənin hiylələrinə qarşı yönəlmiş xəbərdarlıqları, əslində, millətin qorunma refleksinin bədii təzahürüdür. Müəllif romanda millətin daxili bütövlüyünü və sarsılmaz köklərini milli adət-ənənələrə sadiq Məşədi Fərman və Məşədi Muradxan obrazları vasitəsi ilə nümayiş etdirir. Hər ikisi də hadisələrin gedişatını düzgün qiymətləndirən, xalqın çəkdiyi tarixi dərdləri və mənəvi iztirabları dərindən ifadə edən xarakterlərdir. Romanda yer alan Sevindik, Səmayə, Abbasqulu və Zeyqəm kimi digər önəmli surətlər isə daşnak vəhşiliklərinə qarşı amansız mübarizə aparan, yaxud bu qanlı münaqişənin məsum qurbanına çevrilən fərdlərdir. Yazıçı onların hər birinin taleyində fərdi ağrını deyil, bütöv bir xalqın fəlakətini ümumiləşdirir. Bütövlükdə "Ayrılığın sonu varmış" romanı, sadəcə Zəngəzurun məcburi şəkildə boşaldılmış qədim kəndlərini, dağılmış və yandırılmış ata-baba ocaqlarını xronoloji ardıcıllıqla təqdim etmir; o, bu coğrafi məhvolma prosesini oxucunun yaddaşına silinməz bir bədii ağrı ilə köçürür. Romana daxil edilən real tarixi şəxsiyyətlər Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünün ağrılı mənzərəsini tamamlayan mühüm faktorlardır. Müəllif 1918–1920-ci illərin hadisələrini sadəcə yerli kəndlilərin dili ilə deyil, dövrün dövlət xadimlərinin baxış bucağından da təqdim edir. Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəyli kimi cümhuriyyət liderlərinin dialoqlarına geniş yer verilməsi əsərin sənədli-tarixi yükünü daha da artırır.Bu dialoqlarda gənc respublikanın qarşılaşdığı ən böyük çətinliklər – bir tərəfdən şimaldan gələn bolşevik təhlükəsi, digər tərəfdən isə Zəngəzur, Göyçə və Qarabağda Andranikin rəhbərliyi ilə törədilən amansız erməni qırğınları müzakirə olunur. Liderlər xüsusilə, Zəngəzur və Qarabağın qorunması üçün təxirəsalınmaz hərbi və siyasi addımların atılmasının vacibliyini vurğulayırlar. Dövlət rəhbərlərinin canla-başla qurulan müstəqilliyi qorumağa çalışarkən daxili xəyanətlər, bolşevik təhdidləri və böyük dövlətlərin təzyiqləri qarşısında yaşadıqları çarəsizlik və dərin narahatlıq olduqca təsirli bir bədii dillə ifadə olunur. Bu dialoqlar bədii təxəyyülün məhsulu olsa da, səsləndirilən fikirlər o dövrün real siyasi böhranını və AXC-nin Qarabağ-Zəngəzur siyasətini tam dəqiqliyi ilə əks etdirir.Ən mühüm məqamlardan biri də budur ki, bu dialoqlar oxucuya çatdırır ki, Fərmanın fərdi taleyində yaşanan xəyanət, aldanış və daxilə buraxılan o "Anahit" (Troya atı) fiquru, əslində dövlət səviyyəsində də Azərbaycana qarşı qurulan böyük geosiyasi oyunların mikromodeli, kiçik bir parçası idi. Bütövlükdə, roman həm fərdlərin (Fərman, Hacı Atakişi), həm də bütöv bir millətin və onun rəhbərlərinin (Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli) eyni zaman kəsiyində yaşadıqları böyük bir tarixi dramı və "ayrılığın" acı nəticələrini ortaya qoyur.Asif Muradzadənin “Ayrılığın sonu varmış” tarixi romanı, sadəcə bədii bir eşq və xəyanət hekayəsi deyil; o, tariximizin qanlı səhifələrindən dərs çıxarmaq, milli yaddaşı diri saxlamaq və qalanın daxildən fəth olunmasına imkan verməmək üçün gələcək nəsillərə yazılmış fundamental bir xəbərdarlıq sənədidir. “Ayrılığın sonu varmış” romanı bədii təxəyyüllə sənədli üslubun mükəmməl sintezidir. Əsər həm dinamik bir bədii roman, həm də obyektiv bir tarixi xronika xarakteri daşıdığı üçün müəllif canlı bədii təsvirlərlə sənədli publisistikanı ustalıqla birləşdirib. Bu fərqli sintez özünü obrazların dilində də qabarıq büruzə verir. Məsələn, Cümhuriyyət liderləri Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəylinin dialoqlarında dil daha rəsmi, siyasi və analitik xarakter alır. Üslublararası bu rəvan keçidlər romandakı hadisələrin sadəcə bir kəndin nağılı və ya lokal bir faciə deyil, bütöv bir dövlətin və millətin ortaq taleyi olduğunu oxucuya dərindən hiss etdirir.Romanın dili axıcı, təsvirləri canlıdır və oxucunu hadisələrin gedişatına asanlıqla cəlb edir. Müəllif əsəri sadəcə bədii təxəyyül məhsulu kimi deyil, arxiv sənədlərinə, real xronologiyaya və tarixi həqiqətlərə əsaslanan sanballı bir tarixi roman kimi qələmə alıb. Romanda tarixilik prinsipi dəqiqliklə qorunub və bu keyfiyyət özünü aşağıdakı mühüm amillərdə göstərir: Əsərin strukturu Azərbaycanın ən çətin və ziddiyyətli dövrlərinin dəqiq xronoloji çərçivəsini izləyir. Çar Rusiyasının Cənubi Qafqazda törətdiyi ilk hərbi-siyasi gərginliklər, 1905–1907-ci illərin erməni-müsəlman davası və daşnakların ilk kütləvi qırğınları real tarixi faktlar əsasında təsvir edilir; Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Andranik, Dro və Nijdenin rəhbərlik etdiyi erməni silahlı dəstələrinin Zəngəzur, İrəvan və Qarabağda (1918–1920) dinc əhaliyə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti sənədli dəqiqliklə canlandırılır; Rusiya imperiyasının Cənubi Qafqazı işğal etdikdən sonra İrandan və Osmanlıdan gətirdiyi erməniləri Azərbaycanın tarixi torpaqlarında məqsədli şəkildə məskunlaşdırması əsərin təməl tarixi sütunudur. Bu demoqrafik proses romanda sadəcə sönük bir fon deyil, baş verən bütün milli faciələrin əsas hərəkətverici səbəbi kimi tarixi sənədlərə uyğun izah olunur; Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəyli kimi real dövlət xadimlərinin obrazlarına yer verilməsi əsərin tarixiliyini rəsmi müstəviyə qaldırır. Onların Cümhuriyyətin çöküşü ərəfəsində – daxili xəyanətlər və şimaldan gələn bolşevik təhdidləri qarşısında apardıqları dialoqlar o dövrün real siyasi böhran mühitini tam dəqiqliyi ilə əks etdirir: Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti Zəngəzuru qorumaq üçün rəsmi müstəvidə kəskin və təxirəsalınmaz addımlar atmışdır. Hərbi nazir Səməd bəy Mehmandarov və nazir müavini Əliağa Şıxlinskinin hesabatlarında Zəngəzurun Ermənistan tərəfindən işğalının Qarabağı da tamamilə təhlükə altına salacağı rəsmən qeyd olunurdu. Bu strateji zərurəti nəzərə alaraq, 1919-cu ilin yanvarında AXC hökuməti Zəngəzur və Qarabağı əhatə edən Qarabağ general-quberniyasını yaratdı və Xosrov bəy Sultanovu qubernator təyin etdi. Hökumətin bəyanatlarında Andranikin qanunsuz dəstələrinin bölgədən dərhal çıxması qətiyyətlə tələb olunurdu. Lakin müttəfiq dövlətlərin (xüsusilə ingilislərin) yürütdüyü ikili standartlı siyasət və 1920-ci ilin aprelində cümhuriyyətin bolşeviklər tərəfindən işğalı Zəngəzurun tam qorunmasına imkan vermədi. Romandakı dövlət rəhbərlərinin dialoqlarında məhz bu regional çarəsizlik və tarixi ədalətsizlik böyük sarsıntı ilə qabardılır.Asif Muradzadənin bu ağrılı mövzuya müraciət etməsi təkcə bir yazıçı marağı deyil, həm də onun genetik yaddaşı və şəxsi taleyi ilə sıx bağlıdır. Müəllif özü əslən qədim Zəngəzur mahalındandır. Onun ailəsi və babaları dövrün erməni daşnak vəhşiliklərini, didərginlik və köç fəlakətlərini şəxsən yaşamış, o coğrafiyanın ağrısını ruhunda daşımış insanlardır.Müsahibələrində və kitabın təqdimatlarında bu romanı ərsəyə gətirməyin onun öz ata-baba yurduna, Zəngəzurda qanı axıdılan şəhidlərin ruhuna olan mənəvi borcu olduğunu vurğulayan müəllif ailəsinin canlı xatirələrində qorunub saxlanılan ağrı-acını arxiv sənədləri ilə sintez edərək gələcək nəsillərə mesaj ötürür: "Tarixi unutmaq olmaz!" Uzun illər sovet ideologiyasının Zəngəzur və Qarabağda törədilən erməni vəhşiliklərini gizlətməsi, "xalqlar dostluğu" pərdəsi altında tariximizi silməyə çalışması qarşısında, yazıçı Asif Muradzadə bədii yaradıcılıq vasitəsilə həqiqətləri bütün çılpaqlığı ilə ortaya qoymağı özünə mənəvi bir missiya seçmişdir.O, “Ayrılığın sonu varmış” romanında ustalıqla fərdi dramla milli dramı paralelləşdirmişdir. Fərman və Anahitin xəyanətlə bitən nakam sevgi hekayəsi, əslində, sadəcə iki gəncin uğursuz münasibəti deyil; o, daha böyük və amansız bir itkinin – Zəngəzurun bütöv bir xalqdan qoparılmasının simvolik təzahürüdür. İnsanların öz doğma yurdundan didərgin salınması, yanan ocaqlar və paralanan ailələr tarixin amansız üzünü göstərir. Lakin publisistik və bədii təfəkkür məhz bu nöqtədə sarsılmaz bir həqiqəti üzə çıxarır: Torpaq sadəcə coğrafiya deyil, o, millətin ruhudur.Məhz bu məqamda əsərin adı – “Ayrılığın sonu varmış” ifadəsi həm fərdi, həm də ümummilli miqyasda böyük bir fəlsəfi tutum qazanır. Əsərdəki "ayrılıq" yalnız iki gəncin nakam taleyini əks etdirmir; bu, bütöv bir xalqın öz əzəli, doğma ata-baba yurdu olan Zəngəzurdan məcburi şəkildə qovulmasını – yəni ümummilli bir coğrafi didərginliyi simvolizə edir. "Sonu varmış" ifadəsinin acı fəlsəfəsi romandakı qəhrəmanların real taleyində ölüm, xəyanət, yanan ocaqlar və birdəfəlik itirilən doğma torpaqlar kimi labüd bir fəlakətlə yekunlaşsa da, yazıçı oxucunun qəlbində gizli bir ümid işığı buraxmağı bacarır. Tarix hər nə qədər amansız olsa da, bədii nəsr bu qanlı keçmişin dərslərindən yeni bir gələcək inşa etmək gücünə malikdir. Müəllif bu adı bədii dövriyyəyə daxil etməklə mesaj verir ki, xalqın çəkdiyi bu yüzillik ağrıların, yurd nisgilinin və didərginlik əzablarının mütləq bir sonu olmalıdır və olacaqdır! Romanın adındakı fəlsəfi alt-məna, əslində, rəqəmlərə çevrilmiş tarixin bəşəri duyğularla yenidən canlanması, itirilmiş torpaqlara mütləq qayıtmaq inamı və bu böyük, ağrılı ayrılığın bir gün mütləq son bulması ümididir.Aristotelin dediyi kimi, həyatı "olmalı olduğu kimi" nizamlayan bu qiymətli nəsr əsəri, Zəngəzurun tarixi yadddaşını qorumaqla yanaşı, həm də o qədim ocaqların sönməyən ümid çırağını gələcək nəsillərə ötürür. Və bu günün müasir geosiyasi reallıqları, milli dirçəlişimiz fonunda biz tam bir qətiyyətlə anlayırıq ki, o ağrılı ayrılığın sonu həqiqətən də varmış... ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.