Elxan Məmmədlinin 80 illik yubileyinə həsr olunmuş elmi-mədəni tədbir keçirilib

Elxan Məmmədlinin 80 illik yubileyinə həsr olunmuş elmi-mədəni tədbir keçirilib

Görkəmli folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlinin anadan olmasının 80 illiyinə həsr olunmuş “Elxan Məmmədli: sazın, sözün və ömrün harmoniyası” adlı yubiley tədbiri keçirilib.
Tədbir Elxan Məmmədlinin Azərbaycan folklorşünaslığına, xüsusilə aşıq yaradıcılığının tədqiqinə verdiyi töhfələrin xatırlanması və elmi irsinin dəyərləndirilməsi baxımından əlamətdar olub.


Elxan Məmmədlinin 80 illik yubileyinə həsr olunmuş elmi-mədəni tədbir keçirilib

Tədbirin əvvəlində Elxan Məmmədlinin elmi və bədii yaradıcılığını əks etdirən nümunələr və onun haqqında yazılmış tədqiqat materiallarının yer aldığı yeni nəşr olunmuş kitablardan ibarət sərgi təqdim olunub.

Tədbir iştirakçıları ilk olaraq mərhum alimin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.


Elxan Məmmədlinin 80 illik yubileyinə həsr olunmuş elmi-mədəni tədbir keçirilib

ZiM.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev alimin elmi irsi və Azərbaycan folklorşünaslığındakı xidmətlərindən bəhs edib. Bildirilib ki, 2025-ci ilin mart ayında 79 yaşında vəfat edən Elxan Məmmədli Azərbaycan folklorşünaslığında yalnız tədqiqatçı kimi deyil, həm də milli-mədəni missiyanın daşıyıcısı kimi xüsusi yer tutur. O, folklora “yaşayan sistem” kimi yanaşan, araşdırmalarını əsasən canlı mühitdə – aşıq məclislərində, ekspedisiyalarda topladığı materiallar əsasında aparan alim kimi səciyyələnib.

Hikmət Quliyev alimin Borçalı folklorunun toplanması və sistemləşdirilməsi sahəsindəki xidmətlərini xüsusi vurğulayıb. Qeyd edib ki, onun tərtibçisi olduğu və nəşrə hazırladığı “Borçalı Folklor Örnəkləri”nin iki cildi, eləcə də “Azərbaycan Folklor Külliyyatı”nın 30-cu cildində yer alan Borçalı dastanları bu sahədə fundamental mənbələrdir.

Direktor vurğulayıb ki, Elxan Məmmədlinin topladığı Koroğlu dastanının “Ağcaquzu” qolu folklorşünaslıq baxımından xüsusi əhəmiyyət daşıyır. Alim bu qolu eyni söyləyici – ustad aşıq Aslan Kosalıdan 1989, 2006 və 2012-ci illərdə üç fərqli variantda qeydə alaraq nadir elmi material ortaya qoyub. Bu fakt şifahi ənənənin dinamik təbiətini və performansın zaman-mühit kontekstində dəyişkənliyini aydın şəkildə nümayiş etdirir.

Elxan Məmmədlinin tərtibçisi olduğu “Borçalı Folklor Örnəkləri” ilə yanaşı, “Yardımlı Folklor Örnəkləri” də bölgə folklorunun toplanması və elmi dövriyyəyə gətirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayan Hikmət Quliyev alimin radio və televiziya fəaliyyətini folklor yaddaşının geniş auditoriyaya çatdırılması və canlı ənənənin təbliği istiqamətində mühüm xidmət kimi dəyərləndirib.

Elxan Məmmədlinin 80 illik yubileyinə həsr olunmuş elmi-mədəni tədbir keçirilib

Daha sonra Folklor Studiyasının hazırladığı, Elxan Məmmədlinin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilib.
Filmdə alimin elmi axtarış yolu, topladığı folklor nümunələri, çap etdirdiyi fundamental tədqiqatları və xatirələri əksini tapıb.

Tədbir Elxan Məmmədlinin elmi fəaliyyətinə həsr olunmuş məruzələrlə davam edib.

Elxan Məmmədlinin 80 illik yubileyinə həsr olunmuş elmi-mədəni tədbir keçirilib Elxan Məmmədlinin 80 illik yubileyinə həsr olunmuş elmi-mədəni tədbir keçirilib Filologiya elmləri doktoru, professor Asif Hacıyev “Elxan Məmmədli: aşıq yaradıcılığının mahir bilicisi” mövzusunda çıxış edərək, alimin aşıq sənətinin poetikası, janr xüsusiyyətləri və ifaçılıq ənənələri ilə bağlı apardığı araşdırmaların elmi əhəmiyyətini vurğulayıb. Professor Asif Hacıyev çıxışında qeyd edib ki, Elxan Məmmədli folklorun yalnız mətn qatını deyil, həm də onun daxili mahiyyətini və estetik enerjisini duymağı bacaran bir alim idi. Onun formalaşdığı Borçalı mühiti zəngin aşıq ənənəsi ilə seçilmiş və bu mühit, alimin elmi istiqamətinə böyük təsir göstərmişdir.
Professor əlavə edib ki, Elxan Məmmədli ömrünün sonuna qədər folklor mühitindən ayrılmayıb, topladığı materiallar və xatirələri ilə həmin mühitin canlı daşıyıcısı olmuşdur. O, çıxışının sonunda alimin kitablarının nəşrində əməyi olan ailə üzvlərinə və AMEA Folklor İnstitutuna təşəkkürünü bildirib.

Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Səmimi "Unudulmaz Elxan müəllim" adlı məruzəsində Elxan Məmmədlinin alimlik və insanlıq keyfiyyətlərini geniş şəkildə təqdim edib. 30 illik dostluq münasibətlərinin olduğunu vurğulayan Tacir Səmimi qeyd edib ki, Elxan Məmmədli böyük intellektə və elmi mükəmməlliyə sahib olmaqla yanaşı, həm də mənəvi zənginliyi ilə də fərqlənirdi. Onun elmi fəaliyyətindəki uğurlar, şəxsi etik dəyərlər və insanlıq anlayışları bir-birini tamamlayaraq, alimin həyat və elmi irsinin əsasında dururdu.
Tacir Səmimi əlavə edib ki, Elxan Məmmədli sadəlik və təvazökarlığı ilə həm akademik mühitdə, həm də gündəlik həyatda nümunəvi bir şəxsiyyət olub. Elxan Məmmədli şəxsi münasibətlərində də səmimiyyəti və humanizmi ön plana çəkərək, hər zaman ətrafındakı insanlara dəstək olub. Bu, onun yalnız böyük bir alim deyil, eyni zamanda ruhən zəngin, böyük bir insan olduğunu bir daha sübut edir.

Filologiya elmləri doktoru, dosent Şakir Albaliyev “Təcnis yaradıcılığının poetikası (E. Məmmədlinin tədqiqatlarında)” mövzusunda məruzə ilə çıxış edərək alimin bu mürəkkəb poetik fiqurun elmi təhlilinə gətirdiyi yeni yanaşmaları diqqətə çatdırıb.
Elxan Məmmədlinin “Təcnis sənətkarlığı” monoqrafiyasını Azərbaycan aşıq poeziyasının nəzəri əsaslarını sistemli şəkildə araşdıran sanballı elmi əsər kimi dəyərləndirən Şakir Albalıyev vurğulayıb ki, müəllif təcnisin şeir janrı deyil, bədii-poetik fiqur olduğunu faktlar və mətn təhlilləri ilə əsaslandıraraq ədəbiyyatşünaslıqda və folklorşünaslıqda uzun illər mövcud olmuş yanlış təsəvvürlərə aydınlıq gətirib. O qeyd edib ki, əsərdə həm Şərq poetik ənənələri, həm də Azərbaycan filoloji fikri kontekstində aparılan müqayisəli təhlillər tədqiqatın elmi sanbalını daha da artırır və aşıq şeirində cinas sisteminin funksional mahiyyətini dolğun şəkildə üzə çıxarır.
Şakir Albalıyev bildirib ki, monoqrafiyada Qurbani başda olmaqla bir sıra ustad aşıqların təcnis yaradıcılığı elmi-nəzəri müstəvidə təhlil edilir və saz-söz sənətinin estetik imkanları yeni baxış bucağından qiymətləndirilir. Onun sözlərinə görə Elxan Məmmədlinin araşdırması aşıq poeziyasının daxili inkişaf qanunauyğunluqlarını ortaya qoymaqla yanaşı, təcnisin janr deyil, poetik struktur elementi olduğunu elmi əsaslarla sübuta yetirir və bu sahədə gələcək tədqiqatlar üçün möhkəm nəzəri baza yaradır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Elxan Məmmədli Borçalı-Qazax aşıq dastanlarının toplayıcısı, naşiri və tədqiqatçısı kimi” mövzusunda çıxış edərək, alimin region folklorunun toplanması və nəşri istiqamətindəki sistemli fəaliyyətini diqqətə çatdırıb. O, Elxan Məmmədlinin Borçalı və Qazax aşıq ənənələrinin elmi dövriyyəyə daxil edilməsindəki mühüm rolunu xüsusi olaraq vurğulayıb. İlhamə Qəsəbova bildirib ki, Elxan Məmmədli yalnız aşıq dastanlarını toplamaqla kifayətlənməyib, eyni zamanda onları elmi cəhətdən təhlil edərək, bu materialların Azərbaycan folklorşünaslığında dəyərli bir yer tutmasına zəmin yaradıb.
İ.Qəsəbova vurğulayıb ki, alimin folklora marağı, sadəcə akademik yanaşmalarla məhdudlaşmayıb, o, öz babasından da saza və sözə olan sevgini öyrənmiş və bu sevgi onun həyat yolunda əvəzsiz rol oynamışdır. Elxan Məmmədlinin bu irsi yaşatmaq məqsədilə apardığı tədqiqatlar, folklorun dərin qatlarını üzə çıxarmaqla yanaşı, həm də regionun mədəniyyətinin zənginliyini dünyaya tanıtmışdır.

Əli Şamil “Elxan Məmmədli və İran türklərinin folkloru” mövzusunda çıxışında, alimin Azərbaycan folklorunu ümumtürk kontekstində araşdırmaq istiqamətində apardığı tədqiqatlardan geniş şəkildə bəhs edib. O, Elxan Məmmədlinin folklorşünaslıq sahəsindəki yanaşmalarının təkcə Azərbaycan mədəniyyəti ilə məhdudlaşmadığını, həm də ümumtürk dünyasının zəngin folklor ənənələrinə olan marağını xüsusi olaraq vurğulayıb. Əli Şamil qeyd edib ki, Elxan Məmmədli İran türklərinin folklorunu da dərindən öyrənərək, bütöv Azərbaycan folklorunu diqqət mərkəzinə gətirirdi.
Əli Şamil əlavə edib ki, Elxan Məmmədlinin İran türklərinin folkloruna verdiyi töhfələr yalnız etnoqrafik məlumatların toplanması ilə məhdudlaşmayıb, həm də bu folklor nümunələrinin tarixi və mədəni bağlarını təhlil etməklə, ümumtürk folklorunun vahid bir sistem kimi araşdırılmasına imkan yaradıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli “Xoş avazlar unudarmı Elxanı?!” mövzusunda məruzə ilə çıxış edərək Elxan Məmmədlinin saz-söz mühitində qazandığı dərin hörməti və onun adının folklor tarixində daim yaşayacağını vurğulayıb. Aşıq Altay Məmmədli qeyd edib ki, Elxan Məmmədli yalnız alim olaraq deyil, həm də saz və söz dünyasının dərindən tanıdığı, qiymətləndirdiyi bir şəxsiyyət kimi yadda qalıb. Onun saz-söz mühitinə verdiyi töhfələr, sadəcə akademik təhlillərlə məhdudlaşmayıb, həm də aşıq sənətinin ruhunu yaşatmağa, onun gələcək nəsillərə ötürülməsinə böyük diqqət yetirib. Altay Məmmədli Elxan Məmmədli ilə olan xatirələrindən danışarkən mərhum alimin “elə bir şeir yoxdur ki, onun yurd yeri olmasın” fikrini səsləndirib. Ardınca Elxan müəllimin 2 şeirinin “yurd yerini” – tarixçəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Altay Məmmədli Elxan Məmmədlinin adının yalnız akademik çevrələrdə deyil, həm də aşıqlar və xalq arasında daim xatırlanacağını, onun folklorşünaslıq sahəsindəki əvəzsiz yerinin hər zaman qorunacağını vurğulayıb. O, çıxışının sonunda Elxan Məmmədliyə həsr etdiyi şeirini səsləndirib.

Tədbirdə məruzələr dinlənildikdən sonra çıxışlara yer verilib. Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Hacıyev çıxışında Elxan Məmmədlinin doğulub boya-başa çatdığı Borçalı mahalının – Faxralı mühitinin zəngin ədəbi-mədəni ənənələrindən söz açıb və alimin şair Nəbinin yaradıcılığının toplanılması və öyrənilməsi sahəsindəki xidmətlərinə nəzər yetirib. O qeyd edib ki, XX əsr bu torpağa dörd mühüm şəxsiyyət – folklorşünas alim bəxş etmişdir: Valeh Hacılar, Elxan Məmmədli, Arif Acaloğlu və Asif Hacılı. Məruzəçi bildirib ki, bu “dördlük” yalnız elmi tədqiqatları ilə deyil, həm də folklor xəzinəsinin toplanması, qorunması və sistemləşdirilməsi istiqamətində gördükləri işlərlə milli-mədəni yaddaşın zənginləşməsinə mühüm töhfə vermişlər.

Əməkdar jurnalist, şair, publisist Tahir Talıblı çıxış edərək Elxan Məmmədlinin folklorşünaslıq sahəsindəki dərin elmi təhlillərini və Azərbaycan xalq mədəniyyətinin qorunub inkişaf etdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərini qeyd edib. O, alimin sənətə və folklora olan sonsuz sevgisini, eyni zamanda bu sahədəki zəngin tədqiqatlarını təhlil edərək, Elxan Məmmədlinin adının folklor tarixində daim yaşayacağını vurğulayıb.

Daha sonra Aşıq yaradıcılığı şöbəsinin əməkdaşları Həlimət Məmmədovafilologiya üzrə fəlsəfə doktoru Sahibə Paşayeva Elxan Məmmədli ilə bağlı xatirələri bölüşüblər.

Tədbirin sonunda söz alan mərhum alimin qardaşı Eldar Məmmədli tədbirin təşkilində əməyi olanlara, çıxış edən məruzəçilərə və iştirakçılara minnətdarlığını ifadə edib, həmçinin AMEA Folklor İnstitutunun rəhbərliyinə göstərilən diqqət və ehtirama görə xüsusi təşəkkürünü çatdırıb. O vurğulayıb ki, alimin irsinin yaşadılması və dəyərləndirilməsi ailə üzvləri üçün ən böyük mənəvi dayaqdır.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ozan sənətinin mahir bilicisi və ya  30 ilə söykənən dostluq

Ozan sənətinin mahir bilicisi və ya 30 ilə söykənən dostluq

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
TANINMIŞ FOLKLORŞÜNAS ALİM, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ ELXAN MƏMMƏDLİ VƏFAT  ...

TANINMIŞ FOLKLORŞÜNAS ALİM, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ ELXAN MƏMMƏDLİ VƏFAT ...

Humanitar elmlər, Folklor, Bolus, Nekroloqlar
NƏZAKƏT XANIM MƏMMƏDLİNİN ƏZİZ XATİRƏSİNƏ

NƏZAKƏT XANIM MƏMMƏDLİNİN ƏZİZ XATİRƏSİNƏ

Nekroloqlar
ELXAN MƏMMƏDLİ:

ELXAN MƏMMƏDLİ: "DİLÇİLİK ELMİMİZİN YORULMAZ VƏ MƏHSULDAR ARAŞDIRICISI"

Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov

"Göyçay tarixi"

Yeni nəşrlər
Ədəbiyyat İnstitutunda Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi ses ...

Ədəbiyyat İnstitutunda Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi ses ...

Humanitar elmlər
Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Nekroloqlar
TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

Folklor, Tiflis, Bolus

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin səkkizinci toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"
Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

Naxçıvan, Folklor, Turan
“Zaqatala folklor örnəkləri” kitabı işıq üzü görüb

“Zaqatala folklor örnəkləri” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Regionlar, Folklor
Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Tv, Folklor, Borçalı
AMEA-da

AMEA-da "Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar p ...

"Zirvə", Folklor
Eynəli bəy Sultanov haqqında çap edilmiş iki monoqrafiyanın təqdimatı olub

Eynəli bəy Sultanov haqqında çap edilmiş iki monoqrafiyanın təqdimatı olub

Naxçıvan
28-ci Dədə Camal məclisi:

28-ci Dədə Camal məclisi: "Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi"

"Borçalı" Cəmiyyəti
AzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilib

AzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilib

AzTU
Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Elm, Humanitar elmlər, Folklor, Bolus, Təbriklər
İşıqlı Atalı: Elxan Məmmədliyə saz ömrü diləyilə...

İşıqlı Atalı: Elxan Məmmədliyə saz ömrü diləyilə...

Folklor
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

Elm, "Zirvə", Təbriklər
Rəy yazın: