AKADEMİK MƏDƏD ÇOBANOV – ANA DİLİMİZİN, TÜRK ƏDƏBİ DİLLƏRİNİN VƏ MİLLİ ELMİ FİKRİN FƏDAKAR TƏDQİQATÇISI

AKADEMİK MƏDƏD ÇOBANOV – ANA DİLİMİZİN, TÜRK ƏDƏBİ DİLLƏRİNİN VƏ MİLLİ ELMİ FİKRİN FƏDAKAR TƏDQİQATÇISI

AKADEMİK MƏDƏD ÇOBANOV – ANA DİLİMİZİN, TÜRK ƏDƏBİ DİLLƏRİNİN VƏ MİLLİ ELMİ FİKRİN FƏDAKAR TƏDQİQATÇISI

(Elmi-publisistik portret)

Azərbaycan elminin çoxəsrlik inkişaf tarixində elə şəxsiyyətlər yetişmişdir ki, onların ömür yolu, elmi axtarışları və mənəvi dünyası bütöv bir xalqın milli-mədəni yaddaşının ayrılmaz hissəsinə çevrilmişdir. Belə şəxsiyyətlərin fəaliyyəti yalnız əldə etdikləri elmi dərəcələr, tutduqları vəzifələr, nəşr etdirdikləri kitablar və yazdıqları məqalələrlə ölçülmür. Onların həqiqi elmi böyüklüyü qarşıya qoyduqları problemlərin əhəmiyyəti, elmi düşüncəyə gətirdikləri yeniliklər, yetişdirdikləri mütəxəssislər və gələcək nəsillərə qoyduqları intellektual irslə müəyyən olunur. Azərbaycan dilçilik elminin, türkologiyanın və onomastika tədqiqatlarının inkişafında özünəməxsus mövqeyi olan görkəmli alimlərdən biri də filologiya elmləri doktoru, professor, Beynəlxalq Turan Akademiyasının və Nyu-York Elmlər Akademiyasının akademiki Mədəd Namaz oğlu Çobanovdur (1937–2023). Onun həyat və yaradıcılıq yolu ana dilinə, milli-mənəvi dəyərlərə, türk xalqlarının ortaq tarixinə və elmi düşüncənin inkişafına həsr olunmuş fədakar bir ömrün nümunəsidir.

Akademik Mədəd Çobanov Azərbaycan dilçiliyinin müxtəlif istiqamətlərində apardığı araşdırmalarla, dialektologiya, dil tarixi və ümumtürk dilçilik məsələləri, onomastika, xüsusilə də, antroponimika, toponimika ilə bağlı tədqiqatları ilə seçilmişdir. O, dilin yalnız ünsiyyət vasitəsi olmadığını, xalqın tarixi yaddaşını, dünyagörüşünü, milli kimliyini və mədəni varlığını yaşadan əsas mənəvi sərvətlərdən biri olduğunu elmi fəaliyyətinin başlıca istiqamətlərindən birinə çevirmişdir. Alimin elmi irsinin diqqətəlayiq cəhətlərindən biri də onun araşdırmalarının coğrafi və elmi sərhədlərinin genişliyidir. Borçalıdan başlayan elmi axtarışlar Azərbaycan dilçiliyinin müxtəlif problemlərinə, oradan isə ümumtürk elmi və mədəni əlaqələrinin öyrənilməsinə qədər genişlənmişdir. Bu baxımdan akademik Mədəd Çobanovun həyat və yaradıcılığını araşdırmaq həm Azərbaycan filologiyasının müəyyən mərhələsini, həm də türkoloji düşüncənin inkişaf istiqamətlərini öyrənmək deməkdir.

Mədəd Namaz oğlu Çobanov 1937-ci ildə qədim Borçalı mahalının Bolulus elində, indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Darvaz kəndində dünyaya gəlmişdir. Onun uşaqlıq və gənclik illəri Borçalının zəngin milli-mədəni mühiti, Azərbaycan dilinin canlı xalq danışıq ənənələri, el-obanın adət-ənənələri və mənəvi dəyərləri ilə bağlı olmuşdur. Darvaz kimi qədim yaşayış məskənlərində formalaşan dil mühiti, şifahi xalq yaradıcılığı, yerli danışıq xüsusiyyətləri və toponimik zənginlik gələcək alimin elmi maraqlarının formalaşmasına təsirsiz qalmamışdır. Sonralar onun Borçalı şivələri, Azərbaycan şəxs adları və Borçalı toponimləri haqqında apardığı araşdırmalarda bu mühitin izlərini görmək mümkündür. 1955-ci ildə Darvaz orta məktəbini müvəffəqiyyətlə bitirən Mədəd Çobanov ali təhsilini Tbilisidə davam etdirmiş, 1960-cı ildə A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinin Azərbaycan bölməsini uğurla başa vurmuşdur. Daha sonra elmi fəaliyyətə istiqamətlənərək Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun dissertanturasında təhsil almışdır. 1973-cü ildə filologiya elmləri namizədi, 1992-ci ilin fevralında filologiya elmləri doktoru elmi dərəcəsini almış, həmin ilin oktyabrında professor elmi adına layiq görülmüşdür. Bu elmi mərhələlər onun uzun illər ərzində apardığı tədqiqatların, topladığı dil materiallarının və formalaşdırdığı elmi baxışların nəticəsi idi.
Mədəd Çobanovun alim kimi yetişməsində Azərbaycan dilçiliyinin klassik ənənələri ilə yanaşı, Gürcüstanda yaşayan azərbaycanlıların dil və mədəniyyət mühitinin də mühüm rolu olmuşdur. O, müəllimlik fəaliyyətindən başlayaraq ali məktəb müəllimliyinə, dosentlikdən professorluğa qədər yüksəlmişdir. Müxtəlif dövrlərdə pedaqoji və elmi vəzifələrdə çalışmış, tələbələrin və gənc tədqiqatçıların hazırlanmasına əmək sərf etmişdir. Mədəd Çobanovun elmi fəaliyyətinin əsas xüsusiyyətlərindən biri nəzəri biliklə praktik təcrübəni birləşdirməsi idi. O, dilçilik problemlərini yalnız kitab və arxiv materialları əsasında deyil, canlı dil faktlarına, bölgələrin danışıq xüsusiyyətlərinə, xalqın adqoyma ənənələrinə və tarixi coğrafiyasına əsaslanaraq araşdırmağa çalışmışdır.

Mədəd Çobanovun elmi fəaliyyətinin ilkin mühüm istiqamətlərindən biri dialektologiya olmuşdur. Onun namizədlik dissertasiyası “Gürcüstan SSR Bolnisi rayonu Azərbaycan şivələrinin leksikası” mövzusuna həsr edilmişdir. Alim bu tədqiqatını 1973-cü ildə Daşkənddə Özbəkistan Elmlər Akademiyasının Dilçilik İnstitutunda müdafiə etmişdir. Bu mövzunun seçilməsi təsadüfi deyildi. Borçalı bölgəsi Azərbaycan dilinin zəngin danışıq mühitinə malik tarixi ərazilərindən biridir. Burada işlənən sözlər, ifadələr, fonetik və leksik xüsusiyyətlər Azərbaycan dilinin regional inkişafını öyrənmək üçün qiymətli materiallar təşkil edir. Dialekt və şivələr hər bir xalqın dil tarixinin canlı şahidləridir. Onlarda keçmiş dövrlərdən qalan sözlər, qədim məişət anlayışları, təsərrüfat terminləri, sənət və peşə adları, qohumluq münasibətlərini ifadə edən sözlər, təbiət hadisələri ilə bağlı leksik vahidlər qorunub saxlanılır. Mədəd Çobanovun Bolnisi rayonu Azərbaycan şivələrinin leksikasına müraciət etməsi məhz bu baxımdan əhəmiyyətlidir. O, bölgənin danışıq materiallarını elmi araşdırma obyektinə çevirməklə Azərbaycan dilinin regional zənginliyinin öyrənilməsinə töhfə vermişdir.
Bu tədqiqatın başqa bir əhəmiyyəti Azərbaycan dilinin Gürcüstan ərazisində yaşayan soydaşlarımız arasında qorunub saxlanılan xüsusiyyətlərinin elmi dövriyyəyə daxil edilməsidir. Dilin regional xüsusiyyətlərinin araşdırılması yalnız dilçilik üçün deyil, həm də xalqın tarixi məskunlaşması və mədəni əlaqələrinin öyrənilməsi baxımından vacibdir. Alimin sonrakı yaradıcılığında onomastika məsələlərinə geniş yer verməsi də dialektoloji materiallarla apardığı işin təbii davamı kimi qiymətləndirilə bilər. Çünki bölgə danışığı, yer adları və şəxs adları bir-biri ilə sıx bağlı olan dil hadisələridir.
Mədəd Çobanovun elmi irsində xüsusi yer tutan istiqamətlərdən biri onomastikadır. Onomastika xüsusi adları, onların yaranmasını, mənşəyini, quruluşunu, semantikasını, tarixi inkişafını və işlənmə xüsusiyyətlərini öyrənən dilçilik sahəsidir. Onomastikanın əsas bölmələrindən olan antroponimika insan adlarını, toponimika isə coğrafi obyektlərin adlarını araşdırır. Bu sahələrin elmi əhəmiyyəti olduqca genişdir. Çünki şəxs adları və yer adları xalqın tarixindən, etnik yaddaşından, mədəniyyətindən, dini və dünyagörüşü xüsusiyyətlərindən xəbər verir.

Mədəd Çobanovun onomastika sahəsindəki xidmətlərini qiymətləndirərkən onun bu elmin həm nəzəri, həm də praktik problemlərinə diqqət yetirməsi xüsusi qeyd olunmalıdır. 1995-ci ildən Azərbaycan Onomalogiyası Mərkəzinin İdarə Heyətinin üzvü və Onomastika üzrə Əlaqələndirmə Şurası sədrinin müavini olması onun bu elmi istiqamətdəki fəaliyyətinin təşkilati tərəfini də göstərir.
Alimin araşdırmaları Azərbaycan onomastikasının müxtəlif problemlərinin sistemli şəkildə öyrənilməsinə yönəlmişdir. O, şəxs adlarının mənşəyini, semantik xüsusiyyətlərini, quruluşunu, yazılışını və adqoyma ənənələrini tədqiqat predmetinə çevirmişdir. Bu sahədəki fəaliyyəti onun elmi yaradıcılığını fərqləndirən əsas cəhətlərdən biri kimi qiymətləndirilməlidir.

Mədəd Çobanovun onomastika sahəsində ən mühüm əsərlərindən biri “Azərbaycan antroponimiyasının əsasları”dır. Bu əsərin elmi əhəmiyyəti Azərbaycan şəxs adlarının ayrı-ayrı nümunələr şəklində deyil, bütöv bir dil sistemi kimi araşdırılmasında özünü göstərir.
Mədəd Çobanov ilk dəfə olaraq pedaqoji universitetlərin filologiya fakültələrinin tədris planında nəzərdə tutulmuş “Dilçilikdən xüsusi kurs” proqramı əsasında 1981-ci ildə “Azərbaycan antroponimiyasının əsasları” adlı proqram, 1983-cü ildə isə “Azərbaycan antroponimiyasının əsasları” adlı dərs vəsait hazırlamışdır. Həmin proqram və dərs vəsaiti Gürcüstan Təhsil Nazirliyi tərəfindən təsdiq olunduqdan sonra Tbilisidəki “Qanatleba” nəşriyyatında nəşr edilmişdir.
Alimin “Familiya. Təxəllüs” (Tbilisi, 1987) adlı ayrıca əsəri də bu mövzunun onun elmi yaradıcılığında xüsusi yer tutduğunu göstərir.
Mədəd Çobanovun “Azərbaycan şəxs adlarının semantikası və orfoqrafiyası” (1990) adlı tədqiqatı isə adların mənalarının və düzgün yazılışının araşdırılması baxımından diqqətəlayiqdir.

Mədəd Çobanov Azərbaycan antroponimiyası ilə bağlı tədqiqatlarını sonralar da davam etdirmiş, bu mövzuda doktorluq dissertasiyası yazmış və 1992-ci ilin fevralında həmin dissertasiyanı (“Azərbaycan antroponimikasının əsasları, DDA, Bakı, 1992), “Osnovı azeрbaydjanskoy antрoponimiki” (ADD, Baku, 1992)) Bakı Dövlət Universitetində uğurla müdafiə etmiş (Tanrıverdi, Ə., 2012, s.29), ona keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən filologiya elmləri doktoru elmi dərəcəsi verilmiş, 1993-cü ilin oktyabr ayında isə professor seçilmişdir. (Həmin diplom və attestat 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiyadan keçmiş və təkrar təsdiq edilmişdir. – Red.)
“Bu onun Azərbaycan antroponimlərinin tədqiqinə xüsusi maraq göstərdiyini sübut edir. Məhz həmin əsərlərə görə Mədəd Çobanovun adı türkologiyada N.A.Baskakov, E.Beqmatov, N.Qarbova, T.Jamzakov kimi, Azərbaycan dilçiliyində A.Qurbanov, M.Adilov, H.Əliyev kimi alimlərlə bir sırada çəkilir.” (Tanrıverdi, Ə., 2007)
“Mədəd Çobanov olduqca aktual və həllinə zəruri ehtiyac hiss olunan problemin işlənməsini qarşıya məqsəd qoyub, dilimizdəki şəxs adlarının əmələ gəlməsini, yayılma regionunu, istifadə dərəcəsini, inkişaf tarixini və s. cəhətlərini araşdırmağa çalışmışdır... Son illərə qədər meydana gəlmiş elmi-tədqiqat işləri təhlil olunur, hər bir fikrin, mülahizənin elmi qiyməti verilir. Müxtəlif illərin məhsulu olan hər bir əsər elmi süzgəcdən keçirilərkən müəllifin xronoloji prinsipi gözlədiyi, onun obyektiv mövqe tutduğu müsbət hal kimi diqqəti cəlb edir. Müəllif onomastikaya dair istər respublikamızda, istərsə də ondan kənarda keçirilən konfranslarda qoyulan məsələlərə də toxunur, əlaqədar məsələlərin təhlilini verir, əldə olunan ümumi elmi baxışları, nəticələri faydalı hesab edir... Ümumiyyətlə, əsərdə ayrı-ayrı dövrlərin ictimai-siyasi vəziyyətinin, mədəni səviyyəsinin nəzərə alınması dil faktlarının düzgün şərh edil-məsinə əsas vermiş, dissertasiyanın elmi keyfiyyətinin artmasına səbəb olmuşdur... Dissertasiyanın bütün fəsillərində dilçiliyin nəzəri bünövrəsinə uyğun olan bir sıra xüsusi elmi metodlardan istifadə edilmişdir. Müasir dilçiliyin müqayisəli, tarixi və kəmiyyət metodlarına daha çox müraciət olunması əsərin keyfiyyətini daha da artırmış, müəllifin məqsədinə nail olmasına imkan yaratmışdır. Mədəd Çobanovun bu əsəri, həqiqi mənada, dərin araşdırmaların və gərgin əməyin məhsuludur... Bu əsəri türkoloji dilçilikdə antroponimiya məsələlərinə dair zəngin dil materialları üzərində qurulmuş orijinal tədqiqat işi kimi qiymətləndirmək olar. Əsərin müsbət məziyyətləri çoxdur. (Qurbanov, Afad. M.Çobanovun doktorluq dissertasiyasına yazılmış rəsmi opponent rəyindən. Bax: Cəfərov, N., 2012, s.65)
“Azərbaycan dilşiliyində lüğət tərkibinin geniş bir sahəsini əhatə edən antroponimlər bu vaxta qədər ayrıca tədqiqat mövzusu kimi monoqrafik planda öyrənilməmişdir. Doktorant bu mövzunu seçərkən şəxs adlarının inkişaf şəraitini, dil rənga-rəngliyini və bir sıra başqa mühüm səciyyəvi cəhətləri nəzərə almışdır. Dissertasiyanın məzmunu göstərir ki, M.Çobanovun elmi-nəzəri cəhətdən müşahidəçilik qabiliyyəti, müstəqil tədqiqatçılıq vərdişi və türkoloji hazırlığı vardır... Ümumiyyətlə, dissertasiya böyük zəhmət tələb edən bir əməyin məhsuludur. Dissertasiyanın müsbət cəhətlərindən biri kimi bunu xüsusi qeyd etmək istəyirik ki, tədqiqat işinin bütün fəsilləri arasında qarşılıqlı əlaqə, elmi-məntiqi ardıcıllıq və üzvi bağlılıq vardır...” (Mollazadə, Səyyarə. M.Çobanovun doktorluq dissertasiyasına yazılmış rəsmi opponent rəyindən. Bax: Cəfərov, N., 2012, s.66)
Mədəd Çobanovun doktorluq dissertasiyası əsasında hazırladığı “Azərbaycan antroponimiyasının əsasları” kitabı 1995-ci ildə Bakıda “Azərbaycan” nəşriyyatı tərəfindən rus dilində (“Основы азербайджанской антропонимики”, Баку, “Азербайджан”, 1995, 332 ст.) nəşr olunaraq geniş oxucu kütləsinin ixtiyarına verilmişdir. 1998-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi təsdiq olunmuş və “Maarif” nəşriyatı tərəfindən nəşr edilmişdir. (Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları. Elmi redaktoru: akademik Afad Qurbanov, rəyçisi: professor Qəzənfər Kazımov. Bakı: “Maarif”, 1998, səh. 332 - https://dil-cilik.az/kitabxana/arasdirmalar/M%C9%99d%C9%99d%20%-C3%87obanov_%20Az%C9%99-rbaycan%20Antroponimiyas%C4%B1n%C4%B1n%20%C9%99saslar%C4%B1%20(1998).pdf)
Prezident Kitabxanasının kataloqunda əsərin 1998-ci ildə Bakı şəhərində “Maarif” nəşriyyatında çap olunduğu, 332 səhifədən ibarət dərs vəsaiti olduğu göstərilir. Kitabın elmi redaktoru akademik Afad Qurbanovdur. Əsərdə onomastika haqqında ümumi məlumat, antroponimikanın tədqiqat obyekti, Azərbaycan dilçiliyində antroponimiyanın öyrənilmə tarixi, antroponimlərin inkişafı, ad sistemi, familiya, təxəllüs, ləqəb, adların mənşəyi və semantikası, adqoyma ənənələri, adların quruluşu və poetik antroponimiya kimi məsələlər araşdırılır. Bu problemlərin hər biri Azərbaycan dilçiliyi üçün mühüm elmi əhəmiyyət daşıyır. Şəxs adları ilk baxışdan adi sözlər kimi görünə bilər. Lakin onların arxasında xalqın tarixi, dünyagörüşü, mənəvi dəyərləri, dini təsəvvürləri və ictimai münasibətləri dayanır. Hər bir ad müəyyən tarixi şəraitdə yaranır, cəmiyyətin düşüncə tərzinə uyğun şəkildə yayılır və zaman keçdikcə müxtəlif dəyişikliklərə məruz qalır. Məsələn, şəxs adlarının mənşəyinin araşdırılması onların hansı dil qatına aid olduğunu, hansı tarixi-mədəni əlaqələr nəticəsində meydana gəldiyini müəyyənləşdirməyə imkan verir. Adların semantik təhlili isə həmin adların ifadə etdiyi mənaları və xalqın adqoyma motivlərini üzə çıxarır.
Mədəd Çobanov bu məsələləri sistemli şəkildə araşdıraraq Azərbaycan antroponimikasının elmi əsaslarının öyrənilməsinə mühüm töhfə vermişdir. Əsərin digər mühüm cəhəti familiya, təxəllüs və ləqəb məsələlərinə də yer ayrılmasıdır. Bu vahidlər insanın cəmiyyətdə tanınması, sosial və mədəni mövqeyi, yaradıcılıq fəaliyyəti və ailə mənsubiyyəti ilə bağlıdır.
Həmin kitabın yenidən hazırlanmış və əlavələr olunmuş üçüncü nəşri 2017-ci ildə “Borçalı” nəşriyyatı tərəfindən nəşr olunmuşdur. (Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları. Bakı: “Borçalı”, 2017, səh. 412 - http://web2.anl.az:-81/read/page.php?bibid=vtls000551626). Kitabda onomastika haqqında ümumi məlumat, antroponimika və onun tədqiqat obyekti, Azərbaycan dilçiliyində antroponimiyanın tədqiqi tarixi, antroponimlərin inkişafı məsələləri, ad və ad sistemi, familiya, təxəllüs, ləqəb, adların əsası və semantikası, antro-ponomik hadisələr - müştərək adlar, adqoyma ənənələri, adların quruluşu və mənşəyi, poetik antroponimiya və s. hərtərəfli təhlil olunmuşdur.
2017-ci ildə “Azərbaycan antroponimiyasının əsasları” əsərinin təkmilləşdirilmiş üçüncü nəşrinin çap olunması bu mövzunun alimin elmi yaradıcılığında davamlı istiqamət olduğunu göstərir. Mədəd Çobanovun antroponimika sahəsindəki fəaliyyətini qiymətləndirərkən bir məqam xüsusi vurğulanmalıdır: o, şəxs adlarını yalnız dil vahidi kimi deyil, milli-mədəni yaddaşın daşıyıcısı kimi araşdırmışdır. Bu yanaşma adların elmi tədqiqini tarix, etnoqrafiya və mədəniyyətşünaslıqla əlaqələndirir.
Mədəd Çobanovun elmi fəaliyyətində mühüm yer tutan digər istiqamət toponimikadır. Alimin Müşfiq Çobanlı ilə birlikdə hazırladığı “Borçalı toponimləri” əsəri bu sahədə diqqətəlayiq tədqiqat nümunələrindəndir. Əsər ilk dəfə 1993-cü ildə çap olunmuş, sonrakı illərdə müxtəlif nəşrləri işıq üzü görmüşdür. Bu kitabın əsas elmi əhəmiyyəti Borçalı bölgəsinin yer adlarının sistemli şəkildə araşdırılması, onların dil və tarixi-coğrafi xüsusiyyətlərinin öyrənilməsidir. Toponimlər sadəcə coğrafi obyektlərin adları deyil. Onlar müəyyən ərazidə yaşamış insanların dilini, məskunlaşma tarixini, təsərrüfat fəaliyyətini, təbiətə münasibətini və mədəni əlaqələrini özündə əks etdirir. Bir kəndin, dağın, çayın, bulağın, dərənin və ya yaylağın adı bəzən yüzilliklər boyu dəyişmədən yaşaya bilir. Həmin adın tərkibində qədim sözlər, tayfa və şəxs adları, təbiət hadisələri, təsərrüfat anlayışları və tarixi hadisələrin izləri qorunub saxlanılır. “Borçalı toponimləri” əsərində yer adlarının müxtəlif semantik qruplar üzrə araşdırılması diqqətəlayiqdir. Bu istiqamətdə antroponimlərdən yaranmış toponimlər, etnotoponimlər, hidrotoponimlər, zootoponimlər, fitotoponimlər, xatirə xarakterli adlar və digər qruplar üzərində dayanılır. Məsələn, Quşçu, Ulaşlı, Türklər kimi adlar etnotoponimik baxımdan, Qarabulaq, Qırxbulaq, Südbulaq kimi adlar hidrotoponimik baxımdan, Armudlu, Qamışlı, Zoğallı və Palıdlı kimi adlar isə bitki adları ilə bağlı toponimlər kimi araşdırılır. Bu cür təsnifat yer adlarının yalnız siyahıya alınması ilə kifayətlənməyərək onların yaranma motivlərini və məna əlaqələrini öyrənməyə imkan verir.
Əsərdə “Kitabi-Dədə Qorqud” dastanında rast gəlinən qədim yer-yurd adları ilə Borçalı toponimləri arasında müqayisələr aparılması da xüsusi diqqətə layiqdir. Baydar, Bəytəkər, Sarvan, Ulaşlı və Qızlar bulağı kimi toponimlərin tarixi-mədəni baxımdan araşdırılması bölgənin dil yaddaşının öyrənilməsi üçün maraqlı materiallar təqdim edir. Təbii ki, hər bir toponimin etimologiyası yalnız səslənmə oxşarlığı ilə müəyyən edilə bilməz. Onun tarixi yazılış formaları, fonetik dəyişmələri, coğrafi mövqeyi, qədim mənbələrdə işlənməsi və yerli tarixi məlumatlar birlikdə nəzərə alınmalıdır. Bu elmi prinsip toponimik tədqiqatların etibarlılığını təmin edən əsas şərtlərdəndir.
Mədəd Çobanovun Borçalı toponimlərinə müraciəti bir bölgənin coğrafi adlarını öyrənməklə yanaşı, Azərbaycan xalqının tarixi-mədəni yaddaşının mühüm bir hissəsini elmi tədqiqata cəlb etmək baxımından da əhəmiyyətlidir.
Mədəd Çobanovun elmi yaradıcılığının ən geniş istiqamətlərindən biri türkologiya ilə bağlıdır. Alim Azərbaycan dilini türk dilləri ailəsinin mühüm qollarından biri kimi araşdırmaqla yanaşı, türk xalqlarının ortaq dil və mədəniyyət dəyərlərinin öyrənilməsinə də xüsusi diqqət yetirmişdir. Onun bu sahədəki əsas əsərlərindən biri “Türk ədəbi dillərinin birliyinə doğru” adlı tədqiqatıdır. Əsərin ilk nəşri 2000-ci ildə, təkmilləşdirilmiş nəşri 2008-ci ildə, ikinci kitabı isə 2012-ci ildə çap olunmuşdur. İkinci kitab VII Beynəlxalq Türk Dili Qurultayına həsr edilmişdir. Bu tədqiqatda türk xalqlarının tarixi, milli-etnik inkişafı, türk dillərinin müasir vəziyyəti, ədəbi dillərin qarşılıqlı əlaqələri, ortaq dil və mədəniyyət məsələləri geniş şəkildə nəzərdən keçirilir.
Mədəd Çobanovun türk ədəbi dillərinin birliyi ideyasına münasibəti yalnız dil oxşarlıqlarının müəyyənləşdirilməsi ilə məhdudlaşmırdı. O, türk xalqları arasında elmi, ədəbi, mədəni və təhsil əlaqələrinin gücləndirilməsini də bu birliyin mühüm şərtlərindən hesab edirdi. Ortaq elmi terminologiyanın hazırlanması, türk dilləri arasında qarşılıqlı tərcümə imkanlarının genişləndirilməsi, ortaq lüğətlərin və ensiklopediyaların yaradılması kimi məsələlər bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Alimin müxtəlif beynəlxalq elmi toplantılarda iştirak etməsi və məruzələrlə çıxış etməsi onun türkoloji problemlərin müzakirəsində fəal mövqeyini göstərir.
2000-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən IV Beynəlxalq Türk Dili Qurultayında “Türk ədəbi dillərinin birliyinə doğru” mövzusunda, 2001-ci ildə Trabzonda keçirilən beynəlxalq simpoziumda isə “Altay dilləri ailəsində Azərbaycan-türk dilinin mövqeyi” mövzusunda tədqiqatlarını təqdim etmişdir. 2008-ci ildə Ankarada keçirilən VI Beynəlxalq Türk Dili Qurultayında da türk ədəbi dillərinin birliyinin linqvistik aspektlərinə dair məruzə ilə çıxış etmişdir. Bu faktlar Mədəd Çobanovun elmi fəaliyyətinin yalnız milli çərçivədə qalmadığını, ümumtürk elmi müstəvisində də davam etdiyini göstərir. Onun türkoloji baxışlarının müasir dövr üçün əhəmiyyəti də məhz burada üzə çıxır. Bu gün türk dövlətləri və xalqları arasında iqtisadi, siyasi, mədəni və təhsil əlaqələrinin genişlənməsi dil məsələlərinə olan marağı daha da artırır. Ortaq elmi platformaların, tərcümə layihələrinin və terminoloji əməkdaşlığın inkişafı alimin irsində əksini tapan problemlərin yenidən araşdırılmasını zəruri edir.
Hər bir alimin elmi irsinə obyektiv münasibət onun xidmətlərini yüksək qiymətləndirməklə yanaşı, irəli sürdüyü nəzəri müddəalara da elmi tənqidin prinsipləri əsasında yanaşmağı tələb edir. Mədəd Çobanovun yaradıcılığında türk xalqlarının qədim tarixi, dil əlaqələri, Şumer və Altay məsələləri ilə bağlı mülahizələr də mövcuddur. Bu mövzular onun “Türk ədəbi dillərinin birliyinə doğru” əsərinin ikinci kitabında geniş yer tutur. Burada mühüm bir metodoloji məqamı xüsusi vurğulamaq lazımdır: elmi tədqiqatda müəyyən dil oxşarlıqlarının mövcudluğu öz-özlüyündə iki dilin qohumluğunu sübut etmir. Bunun üçün müntəzəm fonetik uyğunluqlar, sistemli qrammatik paralellər, tarixi dil materialları və müqayisəli-tarixi metodun tələblərinə cavab verən dəlillər tələb olunur. Şumer dili ilə türk dilləri arasında irəli sürülmüş əlaqə mülahizələri də müasir tarixi-müqayisəli dilçiliyin qəbul etdiyi sübut olunmuş dil qohumluğu faktı kimi təqdim edilə bilməz. Belə məsələlərdə fərziyyə ilə elmi nəticəni fərqləndirmək, mövcud faktları müxtəlif elmi məktəblərin mövqeləri ilə müqayisə etmək vacibdir. Bu yanaşma Mədəd Çobanovun bütün elmi irsini dəyərləndirərkən də əsas götürülməlidir. Alimin antroponimika, toponimika və dialektologiya sahəsində topladığı faktik materiallar, hazırladığı dərs vəsaitləri və türkoloji tədqiqatları ayrıca elmi qiymətləndirməyə layiqdir. Elmi tənqid alimin əməyini inkar etmək deyil. Əksinə, elmi irsin gələcək nəsillər tərəfindən daha dərindən öyrənilməsi, yeni faktlarla zənginləşdirilməsi və müasir metodologiya əsasında inkişaf etdirilməsi üçün zəruri şərtdir. Məhz belə yanaşma Mədəd Çobanovun elmi fəaliyyətinə həm hörmətlə, həm də akademik məsuliyyətlə yanaşmağa imkan verir.
Mədəd Çobanovun fəaliyyətinin mühüm istiqamətlərindən biri də elmi-pedaqoji fəaliyyətdir. O, uzun illər ali təhsil müəssisələrində çalışmış, dilçilik fənlərinin tədrisinə, dərslik və dərs vəsaitlərinin hazırlanmasına, gənc mütəxəssislərin elmi hazırlığına diqqət yetirmişdir. Onun “Azərbaycan dilinin tədrisi metodikasına dair” (1981, 1986), “Mətnin linqvistik təhlili” (1984, 1987), “Azərbaycan dili - Nitq mədəniyyəti” (2003, 2004, 2005, 2006) və digər tədris xarakterli əsərləri dilçilik biliklərinin tələbələrə və müəllimlərə çatdırılması baxımından əhəmiyyətlidir.
Alimin bu və ya digər əsərinin təkrar nəşrlərinin olması bu sahəyə onun uzun müddət diqqət yetirdiyini göstərir. Mətnin dil vahidləri, məna əlaqələri, üslub xüsusiyyətləri və struktur baxımından öyrənilməsi dilçilik təhsilində mühüm yer tutur.
Mədəd Çobanovun elmi-pedaqoji fəaliyyətinin təşkilati tərəfi də diqqətəlayiqdir.
O, 1973-cü ildən 1994-cü ilədək A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun, sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universiteti, hazırda isə İlya Unuversiteti adlanan həmin ali təhsil ocağının Azərbaycan bölməsində - Azərbaycan dili və ədəbiyyatı kafedrasında düz 21 il - müəllim, dosent, professor, kafedra müdirinin müavini və kafedra müdiri vəzifələrində çalışmışdır.
Mədəd Çobanov 1994-cü ildən elmi-pedaqoji fəaliyyətini Bakıda davam etdirmirdir. “Futuroloq” Fasiləsiz Təhsil Kompleksində vitse-prezident, Azərbaycan Futurologiya Uni-versitetində prorektor, Azərbaycan Elitar Universitetində rektor, Azərbaycan Dövlət Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda “Ali məktəb müəllimləri” fakültəsinin dekanı vəzifələrində çalışmış, 1996-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində - Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində “Dillər” kafedrasının müdiri seçilmiş və uzun illər həmin vəzifədə şərəf və ləyaqətlə çalışmışdır.
O, eyni zamanda, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə Ekspert Şurasının üzvü olmuş, çoxsaylı doktorluq və namizədlik dissertasiyalarının opponentliyində və rəyçiliyində iştirak etmişdir. Bu fəaliyyət onun elmi müzakirələrdə və elmi kadrların hazırlanmasında iştirakını göstərən mühüm faktlardandır.
Alimin öz bioqrafik məlumatlarında onun 80-dən çox kitabının, 26 tədris proqramının, 580-ə yaxın elmi məqaləsinin və 220-dən çox bədii-publisistik oçerkinin çap olunduğu qeyd edilir. Həmçinin 60-a yaxın kitabın redaktoru, rəyçisi və tərcüməçisi olduğu, 102 elmi konfransda iştirak etdiyi, 95 doktorluq və namizədlik dissertasiyasının opponentliyində və rəyçiliyində çıxış etdiyi bildirilir. Bu rəqəmlər alimin uzunmüddətli fəaliyyətinin miqyasını göstərir.

Mədəd Çobanovun elmi fəaliyyətinə müxtəlif dövrlərdə Azərbaycan və xarici ölkə alimləri tərəfindən münasibət bildirilmişdir. Alimin 2000-ci ildən Türk Dili Qurumunun üzvü, 2001-ci ildən Nyu-York Elmlər Akademiyasının akademiki olması onun elmi fəaliyyətinin beynəlxalq əlaqələrini göstərən bioqrafik faktlardandır. Azərbaycan-Gürcüstan elmi və mədəni əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə müxtəlif mükafatlara layiq görülməsi də onun fəaliyyətinin ictimai əhəmiyyətini nümayiş etdirir.

Onun elmi-pedaqoji fəaliyyətinə həsr olunmuş əsərlər arasında görkəmli türkoloq-alim və tanınmış ictimai xadim, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərovun 2012-ci ildə “Elm və təhsil” nəşriyyatında çap etdirdiyi “Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq” adlı monoqrafiya xüsusi yer tutur. Bu əsər Mədəd Çobanovun elmi yaradıcılığına, pedaqoji fəaliyyətinə və türkologiyadakı mövqeyinə verilən qiymətin mühüm nümunələrindən biridir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, ZiM.Az saytının redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Salidə Şərifovanın "Türkologiya" jurnalının 2023-cü ildə N: 02-ci sayında (səh.45-52) çap olunmuş “Akademik Mədəd Çobanov – Türk ədəbi dillərinin tədqiqatçısı” adlı elmi məqaləsi əsasında hazırlanaraq ayrıca eyniadlı kitabça şəklində təkrar nəşr edilərək oxucuların ixtiyarına verilməsi alimin yaradıcılığına müasir elmi marağın göstəricisidir.

Müşfiq Borçalının AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Tədqiqlər” beynəlxalq elmi jurnalının 2026-cı il 1-ci sayında (Cild 80, səh. 47–65) dərc olunmuş elmi məqaləsində “Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafında akademik Mədəd Çobanovun rolu” araşdırılmışdır.

Müşfiq Borçalının “Mədəd Çobanov və Onomoloji Məsələlər” adlı araşdırmasının “Akademik Tarih ve Düşünce Dergisi” jurnalında dərc olunması da alimin elmi irsinə marağın davam etdiyini göstərir. Məqalə jurnalın 2026-cı ildə 13-cü cildinin 3-cü sayında nəşr edilmişdir. Həmin araşdırmada Mədəd Çobanovun antroponimika, toponimika, dialektologiya və türkologiya sahəsindəki fəaliyyəti sistemli şəkildə nəzərdən keçirilir. Onun elmi irsinin Azərbaycan onomastika məktəbinin inkişafına təsiri, digər alimlərin münasibətləri və tədqiqatlarının metodoloji əhəmiyyəti təhlil olunur.
Bu əsərlər Mədəd Çobanovun elmi irsinin yalnız xatirə xarakterli yazılarla deyil, yeni tədqiqatlarla da öyrənilməsinin vacibliyini təsdiqləyir.

Akademik Mədəd Çobanovun elmi irsinə müasir dövrdə münasibət yalnız keçmiş fəaliyyətin xatırlanması ilə məhdudlaşmamalıdır. Onun əsərləri yeni tədqiqat istiqamətləri üçün də mühüm materiallar təqdim edir. Xüsusilə üç istiqamət diqqətəlayiqdir.
Birincisi, Azərbaycan antroponimiyasının daha geniş elektron bazasının yaradılmasıdır. Alimin şəxs adları ilə bağlı tədqiqatlarında toplanmış materiallar müasir lüğətçilik, adların mənşəyi, semantikası və orfoqrafiyası sahəsində yeni araşdırmalara cəlb edilə bilər.
İkincisi, Borçalı və digər tarixi Azərbaycan bölgələrinin toponimlərinin sistemli şəkildə toplanması, tarixi mənbələrlə tutuşdurulması və elmi izahlarının hazırlanmasıdır. Bu istiqamətdə Mədəd Çobanovun “Borçalı toponimləri” əsəri mühüm başlanğıc materiallarından biri kimi dəyərləndirilə bilər.
Üçüncüsü, türk dillərinin müqayisəli öyrənilməsi və ortaq elmi terminologiyanın inkişafıdır. Alimin türk ədəbi dillərinin birliyi ideyası müasir türkoloji tədqiqatlarda dil əlaqələrinin, tərcümə problemlərinin və elmi əməkdaşlığın araşdırılması üçün aktual mövzulardan biridir.
Bunlarla yanaşı, alimin əsərlərinin tam biblioqrafiyasının hazırlanması, müxtəlif nəşrlərinin müqayisəli öyrənilməsi, elmi məqalələrinin elektronlaşdırılması və həyatına dair arxiv materiallarının toplanması da mühüm elmi və mədəni vəzifələrdəndir. Belə işlər yalnız bir alimin irsinin qorunmasına deyil, bütövlükdə Azərbaycan dilçilik elminin tarixinin daha dolğun öyrənilməsinə xidmət edər.

Akademik Mədəd Çobanovun həyat və yaradıcılığına nəzər saldıqda onun elmi fəaliyyətinin arxasında böyük zəhmət, ardıcıl axtarış və ana dilinə bağlılıq dayandığını görürük. Borçalıdan başlayan həyat yolu onu Azərbaycan elminin və türkologiyanın tanınmış nümayəndələrindən birinə çevirmişdir. O, yaşadığı və çalışdığı müxtəlif elmi-pedaqoji mühitlərdə Azərbaycan dilinin, həmçinin, Azərbaycan ədəbiyyatının öyrənilməsinə, qorunmasına və təbliğinə xidmət etmişdir. Onun fəaliyyəti bir daha göstərir ki, elmi şəxsiyyətin böyüklüyü yalnız qazandığı adlarla deyil, ömrünü hansı ideallara həsr etməsi ilə ölçülür.

Mədəd Çobanovun ana dilinə münasibəti, bölgələrin dil zənginliyinə diqqəti, şəxs adları və yer adlarının araşdırılmasına verdiyi əhəmiyyət, türk xalqlarının ortaq elmi-mədəni əlaqələrinə marağı onun yaradıcılığının əsas mənəvi istiqamətlərini müəyyənləşdirir. Alimin 2023-cü ildə dünyasını dəyişməsi Azərbaycan elmi üçün itki olsa da, onun çoxşaxəli elmi irsi yaşamaqda davam edir. Çünki həqiqi alimlərin ömrü yalnız təqvimlə ölçülmür. Onların ömrü yazdıqları əsərlərdə, araşdırdıqları problemlərdə, yetişdirdikləri tələbələrdə və gələcək nəsillərə ötürdükləri elmi düşüncədə davam edir.

Akademik Mədəd Namaz oğlu Çobanovun elmi və pedaqoji fəaliyyəti Azərbaycan dilçilik elminin, xüsusilə antroponimika, toponimika, dialektologiya və türkologiya sahələrinin inkişafı tarixində özünəməxsus yer tutur. Onun “Azərbaycan antroponimiyasının əsasları”, “Azərbaycan şəxs adlarının semantikası və orfoqrafiyası”, “Familiya. Təxəllüs”, “Borçalı toponimləri”, “Mətnin linqvistik təhlili”, “Türk ədəbi dillərinin birliyinə doğru” və digər əsərləri müxtəlif dilçilik problemlərinin araşdırılması baxımından diqqətəlayiq elmi mənbələrdir. Alimin xidmətlərini yalnız əsərlərinin sayı ilə qiymətləndirmək düzgün olmazdı. Onun əsas elmi xidmətlərindən biri Azərbaycan dilinin zənginliyini müxtəlif istiqamətlərdə öyrənmək, bölgələrdə qorunub saxlanılan dil materiallarını elmi tədqiqat predmetinə çevirmək, şəxs adları və yer adlarının milli-tarixi əhəmiyyətini göstərmək, türk dillərinin qarşılıqlı əlaqələrinin öyrənilməsinə diqqət yetirmək olmuşdur.

Akademik Mədəd Çobanovun elmi irsi yeni nəsil tədqiqatçılar üçün həm mənbə, həm də araşdırma istiqamətidir. Bu irsin müasir elmi metodlarla yenidən öyrənilməsi, onun əsərlərinin biblioqrafik baxımdan sistemləşdirilməsi və elmi ictimaiyyətə daha geniş təqdim olunması vacibdir.
Bir həqiqət isə mübahisəsizdir: ana dilinin tarixini, sözlərin mənşəyini, insan adlarının mənasını, torpağın yaddaşında yaşayan yer adlarını araşdırmaq xalqın özünü tanımasına xidmət edir.
Mədəd Çobanov da elmi ömrünü məhz bu istiqamətdə sərf etmiş alimlərimizdəndir.
Alimin ən böyük ömrü onun xalqına qoyub getdiyi elmi irsdir.
Mədəd Çobanovun ömür yolu bir daha sübut edir ki, insanın cismani ömrü sona çatsa da, elmə, dilə və millətin mənəvi sərvətlərinə həsr etdiyi zəhmət zamanın sərhədlərini aşaraq yaşayır.
Akademik Mədəd Çobanovun da adı Azərbaycan dilçilik tarixində yalnız bir professorun, akademikin adı kimi deyil, ana dilinin, milli yaddaşın və ümumtürk elmi düşüncəsinin öyrənilməsinə böyük əmək sərf etmiş tədqiqatçının adı kimi uzun illər yaşayacaqdır!..



ƏDƏBİYYAT:

1. Çobanov, M. N. Azərbaycan dilinin tədrisi metodikasına dair. (Orta məktəb müəllimləri üçün dərs vəsaiti). Tbilisi, 1981, 1986.
2. Çobanov, M. N. Azərbaycan antroponimiyasının əsasları. (Dilçilikdən xüsusi kurs). Proqram. Tbilisi: “Qanatleba”, 1981.
3. Çobanov, M. N. Azərbaycan antroponimiyasının əsasları. (Dilçilikdən xüsusi kurs). Dərs vəsaiti. Tbilisi: “Qanatleba”, 1983.
4. Çobanov, M. N. Mətnin linqvistik təhlili. (Ali məktəb tələbələri və orta məktəb müəllimləri üçün dərs vəsaiti). Tbilisi, 1984, 1987,
5. Çobanov, M. N. Familiya. Təxəllüs. Tbilisi, 1987.
6. Çobanov, M.N. Azərbaycan dilində antroponimik hadisələr. Azərbaycan onomastikası problemləri II. Azərbaycan onomastikası problemlərinə həsr olunmuş II elmi-nəzəri konfransın materialları (15-16 aprel, 1988). Bakı: APİ, 1988, s. 96.
7. Çobanov, M.N. Azərbaycan şəxs adlarının semantikası və orfoqrafiyası. (Orta məktəblərin Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün vəsait - Gürcüstan Respublikası Xalq Təhsili Nazirliyi tərəfindən kimi təsdiq olunmuşdur). Elmi redaktoru: prof. Q.Kazımov, rəyçiləri: T.M.Əhmədov və prof.T.Əfəndiyevadır. Tbilisi: “Qanatleba”, 1990, 160 səh. http://web2.anl.az:81/read/page.php?bibid=vtls000069439
8. Çobanov, M.N. Azərbaycan antroponimikasının əsasları. DDA, Bakı, 1992,
9. Çobanov, M.N. Osnovı azeрbaydjanskoy antрoponi-miki. ADD, Baku, 1992. (Rus dilində: Чобанов М.Н. Основы азербайджанской антропонимики. Баку: “Азербайджан”, АДД, 1992.)
10. Çobanov, M.N. Azərbaycan kişi adları. Türkiyə, Ərzurum, 1993, 96 səh.
11. Çobanov, M.N. Osnovı azeрbaydjanskoy antрoponimiki. Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları. (Rus dilində: Чобанов М.Н. Основы азербайджанской антро-понимики. Баку: “Азербайджан”, 1995, 332 ст.)
12. Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları. Elmi redaktoru: akademik Afad Qurbanov, rəyçisi: professor Qəzənfər Kazımov. Bakı: “Maarif”, 1998, 332 s.
13. Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları. Yenidən hazırlanmış və əlavələr olunmuş üçüncü nəşri Bakı: “Borçalı”, 2017, səh. 412. http://web2.anl.az:81/read/page.php?bibid=vtls000551626
14. Çobanov Mədəd, Çobanlı Müşfiq. Borçalı toponimləri. Bakı, “Sərbəst düşüncə”, № 04 (38), iyun, 1993.
15. Çobanov Mədəd, Çobanlı Müşfiq. Borçalı toponimləri. Bakı, “Təhsil”, 1993.
http://web2.anl.az:81/read/page.php?bibid=42095&pno=2
16. Çobanov Mədəd, Çobanlı Müşfiq. Borçalı toponimləri. Bakı, “Təhsil”, 1996.
http://web2.anl.az:81/read/page.php?bibid=32361&pno=3
17. Çobanov Mədəd, Çobanlı Müşfiq. Borçalı toponimləri. Bakı, “Borçalı”, 2012, 356 s. http://web2.anl.az:81/read/page.php?bibid=vtls000271454
18. Çobanov Mədəd, Çobanlı Müşfiq. M.M., Borçalı toponimləri. Bakı, “Kredo”, 2011.
19. Çobanov Müşfiq. “Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafında akademik Mədəd Çobanovun rolu”. AMEA Nəsimi adına Dilçilik İnstitutu, “Tədqiqlər” beynəlxalq elmi jurnalı, 2026-cı il, N: 1, cild 80, səh. 47–65.
20. Çobanov Müşfiq. “Mədəd Çobanov və Onomoloji Məsələlər”. “Akademik Tarih ve Düşünce Dergisi” jurnalı, 2026, N: 03, 13-cü cild, səh. 1-15.
21. Çobanov Müşfiq. “Mədəd Çobanov və Onomoloji Məsələlər”. Slovak international scientific journal # 104, (2026), səh. 105-113. https://zenodo.org/records/18677920 https://sis-journal.com/wp-content/uploads/2026/02/Slovak-international-scientific-journal-%E2%84%96104-2026.pdf
22. Cəfərov, Nizami. Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq. Bakı: AzAtaM, “Elm və təhsil” nəşriyyatı, 2012, 140 s. https://www.anl.az/el/c/Azf-266649.pdf
23. Şərifova Salidə. “Akademik Mədəd Çobanov – Türk ədəbi dillərinin tədqiqatçısı”. "Türkologiya" jurnalı, N: 02, 2023, səh.45-52; 2026
24. Tanrıverdi, Əzizxan. Mədəd Çobanov və onomalogiya məsələləri. “Şərqin səsi” (N: 03 (198), fevral, 2007); “Hakimiyyət və gələcək” (N: 06 (146), 04 aprel, 2007)
25. Tanrıverdi, Əzizxan. Türk mənşəli Azərbaycan şəxs adlarının tarixilinqvistik tədqiqi. Bakı, 2012, 214 s.. https://anl.az/el/Kitab/92429.pdf


SEVİL AZADQIZI,
Azərbaycan dili və ədəbiyyatı müəllimi,
AJB, AYB-nin üzvü,
Ədəbi təhlil-tənqidçi,
yazar-publisist-filoloq.


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ELM və MƏDƏNİYYƏT SALNAMƏMİZİN AĞSAQQALI: Akademik Mədəd Çobanovun çoxşaxəl ...

ELM və MƏDƏNİYYƏT SALNAMƏMİZİN AĞSAQQALI: Akademik Mədəd Çobanovun çoxşaxəl ...

Humanitar elmlər, ADPU, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ:  PROF ...

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROF ...

Humanitar elmlər, Gürcüstan, Borçalı, Başkeçid, Bolus, Darvaz, Mədəd Çobanov
Müşfiq Borçalının daha bir məqaləsi “TƏDQİQLƏR” Beynəlxalq elmi jurnalında  ...

Müşfiq Borçalının daha bir məqaləsi “TƏDQİQLƏR” Beynəlxalq elmi jurnalında ...

Humanitar elmlər, Darvaz, Təbriklər, Mədəd Çobanov, Müşfiq Borçalı
ADI DİL ƏZBƏRİ - MƏDƏD ÇOBANOV

ADI DİL ƏZBƏRİ - MƏDƏD ÇOBANOV

Poeziya, Tiflis, Borçalı, Başkeçid, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Humanitar elmlər, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
SADİQ ZAMAN:

SADİQ ZAMAN: "Elmə, Vətənə sevgi: Professor Mədəd Çobanovun ömür salnaməsi ...

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Akademik Mədəd Namaz oğlu Çobanovun elmi fəaliyyəti haqqında həmkarlarının  ...

Akademik Mədəd Namaz oğlu Çobanovun elmi fəaliyyəti haqqında həmkarlarının ...

Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI:

ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI: "AZƏRBAYCAN VƏ TÜRK DÜNYASININ DƏYƏRLİ ALİMİ - M ...

Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
RAMİZ BƏKİROV:

RAMİZ BƏKİROV: "YURD sevdalı BÖYÜK ALİM - MƏDƏD ÇOBANOV"

"XXI əsrin Ziyalıları", Gürcüstan, Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
HACAN HACISOY:

HACAN HACISOY: "VƏTƏNPƏRVƏR və YURDSEVƏR ALİM - MƏDƏD ÇOBANOV"

"XXI əsrin Ziyalıları", Gürcüstan, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcə ...

Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcə ...

Yeni nəşrlər, Humanitar elmlər, "Şərqin səsi", "Elm və Təhsil", "Təhsil" EİM, "Zirvə", "XXI əsrin Ziyalıları", Tiflis, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Elanlar, Zirvə.info, Mədəd Çobanov
DOSTUM  MÜŞFİQ BORÇALIYA  BAŞSAĞLIĞI ƏVƏZİ

DOSTUM MÜŞFİQ BORÇALIYA BAŞSAĞLIĞI ƏVƏZİ

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

"Elm və Təhsil", Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
MƏDƏD ÇOBANOV - ZİYALI  İTKİSİ (Esse)

MƏDƏD ÇOBANOV - ZİYALI İTKİSİ (Esse)

Humanitar elmlər, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib

Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib

Gürcüstan, Borçalı, Bolus, Darvaz, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
YUBİLYARDAN  HƏDİYYƏ

YUBİLYARDAN HƏDİYYƏ

Yeni nəşrlər, Mədəd Çobanov
PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

Darvaz, Elanlar, Mədəd Çobanov
MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ

MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ

TDPİ-nin Azərbaycan bölməsi, ADPU, Mədəd Çobanov
Professor Mədəd ÇOBANOV - 60

Professor Mədəd ÇOBANOV - 60

TDPİ-nin Azərbaycan bölməsi, Elm, Mədəniyyət, Tv, Borçalı, Mədəd Çobanov
Rəy yazın: