Elnarə Akimova: "ZAMANLA YARIŞ, YAXUD İLK ELMMETRİK ARAŞDIRMA MODELİ" Humanitar elmlər, Elmi Məqalələr 12 ноября 2026 53 100 1 2 3 4 5 Elmi biliklərin cəmiyyətdə rolu artdıqca, dünya bilik meridianlarında elmmetriya göstəriciləri tədricən elmi nailiyyətlərin praktik tətbiqinə və tədqiqat sahələrinin tənzimlənməsinə nüfuz edir. Dövlət elmi siyasəti üçün etalon rolunu oynayır və vahid elmi-innovativ mühiti dəstəkləmək, həmrəyliyini təmin etmək üçün təsirli bir vasitə kimi çıxış edir. Elmmetriyada bəlkə də ən aktual və geniş müzakirə olunan məsələlərdən biri tədqiqatçıların tədqiqat effektivliyinin qiymətləndirilməsidir. Bütövlükdə isə məqsəd elmin inkişafını, elmi əlaqələri və tendensiyaları ölçmək və dəyərləndirməkdir. Daha miqyaslı yanaşdıqda isə bir az da zamanla yarışmaqdır: dövr necə dəyişir, mən necə dəyişirəm?! Bu suallara verilən cavab özündə həm də fərdin zamana adaptasiya reallığını ehtiva etmiş olur.Elmmetrik yanaşma filologiya elmində tədqiqatçı fəaliyyətinin strukturunu, təsir mexanizmlərini və akademik dövriyyədəki rolunu obyektiv qiymətləndirməyə imkan verən müasir elmi-metodoloji model kimi çıxış edir. Bu kontekstdə təqdim olunan bu kitab filologiya elmləri doktoru Salidə Şərifovanın elmmetrik obrazını meydana çıxarmaq, onun elmi-nəzəri fəaliyyətinin sistemliliyini, tematik çoxyönlüyünü və beynəlxalq elmi mühitdəki təsir gücünü analitik baxımdan ortaya qoymaq üçün əlverişli mənbədir.Digər elm sahələrində olduğu kimi, müasir humanitar elmlərdə də elmmetrik göstəricilər alimlərin elmi fəaliyyətinin kəmiyyət və keyfiyyət parametrlərinin obyektiv qiymətləndirilməsində mühüm metodoloji alətə çevrilmişdir. Kitabda təqdim olunan diaqram, cədvəl göstəriciləri obyektiv olaraq Salidə Şərifovanın elmi fəaliyyətinin beynəlxalq və milli elmi mühitdəki təsir gücünü, sitat indekslərini, tematik ixtisaslaşmasını və akademik nüfuzunu sistemli şəkildə xarakterizə edir. Analitik təhlil və şərhlərlə müşayiət olunan bu elmmetrik göstəricilər alimin tədqiqat xəttinin coğrafi hüdudlarını, mövzu rəngarəngliyini, klassik və müasir ədəbi-mədəni irsə elmi baxışlarının konseptual bütövlüyünü nümayiş etdirir.Salidə Şərifova uzun illərdir ki, ədəbiyyat tariximizdə çoxyönlü tədqiqatları, müasir elmi-nəzəri düşüncənin müxtəlif problemlərinə nüfuzu ilə seçilən məqalələri, ədəbi fikrimizin demək olar ki, bütün cərəyanlarını və yaradıcılıq metodlarını əhatə edən tutumlu nəzəri işləri ilə yeni dövr ədəbiyyatşünaslığımızın bu sahədəki nailiyyətlərini ümumiləşdirən alimdir. Həmçinin danılmaz faktdır ki, Salidə Şərifovanın monoqrafik tədqiqatları elmi məqalələrlə funksional şəkildə tamamlanaraq vahid elmi massiv yaradır. Elmmetrik baxımdan da bu, nəşr intensivliyi – mövzu davamlılığı – sitatlanma zəncirinin formalaşmasına gətirib çıxarır. Belə struktur alimin elmi məhsuldarlığının keyfiyyət göstəricisi kimi qiymətləndirilir.Salidə Şərifovanın həyat və fəaliyyətinin yaş dinamikası, nəşr və dil dinamikası üzrə elmmetrik portret göstəriciləri dünya ədəbiyyatı, müqayisəli ədəbiyyatşünaslıq və mədəniyyətlərarası ədəbi əlaqələr sahəsində davamlı elmi fəaliyyətinin göstəriciləri də hesab oluna bilər. Alimin fikirlərinin, elmi ideyalarının digər tədqiqatçılar tərəfindən istifadə olunması onun elmi təsir əmsalını (scientific impact) formalaşdıran əsas göstəricilərdən biridir ki, bu göstəricilər gələcəkdə Salidə Şərifovanın filologiya elmində ən çox istinad olunan tədqiqatçılardan biri kimi qəbul edilməsinə imkan verəcəkdir.Kitabda Salidə Şərifovanın göstərilən elmmetrik obrazında mühüm komponentlərdən biri də onun beynəlxalq elmi platformalarda (Google Scholar, ResearchGate və s.) təmsil olunmasıdır ki, bu platformalarda alimin əsərlərinin indeksləşdirilməsi onun elmi irsinin qlobal elmi informasiya məkanına inteqrasiyasını təmin edir. Akademik göstəricilər onun tədqiqatlarının transmilli elmi mühitdə dolaşımda olduğunu təsdiqləyir. İstinadların təkcə milli elmi mənbələrlə məhdudlaşmaması, həm də beynəlxalq tədqiqatlarda istifadə olunması onun elmi nəticələrinin transdisiplinar və transkultural xarakter daşıdığını göstərir. Bu fakt elmmetrik baxımdan alimin elmi təsir radiusunun genişliyini nümayiş etdirir.Zakirə Əliyevanın apardığı elmmetrik təhlillər Salidə Şərifovanın elmi maraq dairəsinin əsas istiqamətlərini müəyyənləşdirməyə imkan verir. Salidə Şərifova uzun illərdir ki, tədqiqatlarında, əsərlərində Azərbaycan ədəbiyyatının beynəlxalq kontekstdə elmi tədqiqinə və ədəbiyyat sahəsində mənimsəmələrə qarşı mübarizəyə, ədəbiyyat nəzəriyyəsinin problemlərinin araşdırılmasına, türk xalqları ədəbiyyatının qarşılıqlı tədqiqinə üstünlük verir. Bu tematik spektr alimin elmmetrik xəritəsinin mərkəzi nüvəsini formalaşdırır ki, monoqrafiyada məhz bu amillər prioritet istiqamətdə araşdırma predmetinə çevrilir.Elmmetrik təhlilin digər mühüm aspektlərindən biri Salidə Şərifovanın elmi kommunikasiya şəbəkəsindəki yerinin müəyyənləşdirilməsidir. Onun beynəlxalq indekslərdə təmsil olunması, müxtəlif elmi platformalarda aktivliyi tədqiqat nəticələrinin qlobal elmi ictimaiyyətə açıq olduğunu göstərir. Bu, filologiya elmində Azərbaycan elminin beynəlxalq elmi diskursa inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır.Peşəkar biblioqraf, filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva nəticə etibarilə elmmetrik parametrlərin rəqəmsal mühitində yalnız kəmiyyət deyil, həm də keyfiyyət göstəricilərinin vəhdətində Salidə Şərifovanın elmi nüfuzunun, tədqiqatlarının aktuallığının və davamlılığının mənzərəsini yaradır. Təqdim edilən elmmetrik diapazon filologiya elmləri doktoru Salidə Şərifovanın humanitar elmlər sahəsində akademik irsinin gələcək tədqiqatlar üçün etibarlı metodoloji baza yaratdığını nümayiş etdirir. Bu gün Salidə Şərifovanın elmmetrik obrazı təkcə fərdi elmi nailiyyətlərin göstəricisi deyil, eyni zamanda humanitar düşüncə sistemimizdə elmi inkişafın strateji istiqamətlərini müəyyənləşdirən model kimi önəmlidir.Elmmetriya tədqiqatlarının əksəriyyəti biblioqrafik verilənlər bazalarının və əlaqəli analitik vasitələrin məhdudiyyətləri, müxtəlif mənbələrdən məlumatların inteqrasiyası zərurəti kimi tipik problemlərlə üzləşir. Bu çətinliklərin aradan qaldırılması elmi tədqiqatlara, o cümlədən performans monitorinqinə elmmetriya yanaşmasının tətbiqi üçün imkan yaradır. Akademik İsa Həbibbəyli qeyd edir ki, “21-ci əsr bütün dünyada ən sürətli dəyişmə əsri hesab olunur. Bundan öncəki əsrlərdə zamana çatmaq, zamanı qabaqlamaq barədə düşünürdüksə, indi bəşəriyyət zamanı idarə etmək, zamanı istiqamətləndirmək kimi bir mərhələyə gəlib çatıb. Gedən proseslər göstərir ki, texnoloji və rəqəmsal inkişaf ənənəvi inkişafı üstələməkdədir”. Azərbaycan ədəbiyyatşünaslığının və ədəbiyyatşünas alimlərimizin rəqəmsal inkişaf mühitində populyarlaşması baxımından Salidə Şərifovanın yaradıcılığına həsr olunmuş bu elmmetrik araşdırma modeli ilk və təqdirəlayiq addımdır.ELNARƏ AKİMOVAAzərbaycan Respublikası Milli Məclisinin deputatı,filologiya elmləri doktoruZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.