Vahid Ömərlini tanımaq istəyənlərə kiçik bir məlumat Qarayazı, Təbriklər 5 сентября 2025 84 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!.. Vahid Ömərli. Şəxsən tanımırdım onu. Məndən 7 il əvvəl bitirmişdi Kosalı orta məktəbini... Məktəbdə oxuyarkən ən çox sevdiyim müəllimlərimdən biri - Azərbaycan dili müəllimim İmdad Məmmədov mənim dilimizə, bədii ədəbiyyata, poeziyaya olan həvəsimi görür, “səndən yaxşı ədəbiyyatçı çıxar” deyə ədəbiyyatçı olmağımı istəyirdi. İmdad müəllimin dərslərində (elə dərsdən kənar vaxtlarda da) çox sevə-sevə məşğul olduğumuz işlərdən biri cümlə təhlil etmək idi. Bununla bağlı unudulmaz müəllimlərim İmdad Məmmədovdan və Qabil Əsədovdan (Qabil müəllim mənə dərs deməsə də, cümlə təhlili ilə bağlı tez-tez ondan məsləhətlər alırdım) aldığım məsləhətlər, bu insanlarla cümlə təhlili prosesindəki “mübahisələrimiz” indi də məktəb illərinin ən xoş və unudulmaz anları kimi xatırimdədir. İmdad müəllimin dediyinə görə onun nə vaxtsa dərs dedikləri şagirdləri arasında ən yaxşı cümlə təhlil edənlərdən biri də mən olmuşam. İmdad müəllim bunu həmişə qeyd edirdi və məni daha da həvəsləndirmək üçün tez-tez məndən əvvəlki illərdə oxumuş və ondan dərs almış ən yaxşı cümlə təhlil edən 2-3 şagirdinin adını çəkirdi. Vahid Ömərlinin adını da ilk dəfə bu “ən yaxşı”ların sırasında eşitmişdim. Digər tərəfdən də, bir qədər sonralar bizim kənddən - Kosalıdan olan elmlər namizədləri sırasında da Vahid Ömərlinin adını eşidirdim. Tale elə gətirdi ki, bir ara Xəzər Universitetində birlikdə işləməli olduq. Xəzər universitetində çıxan “Xəzər-Xəbər” jurnalında, əvvəlcə korrektor, sonralar məsul katib işlədiyi təxminən 10 illik bir dövrdə daha yaxından tanıdım Vahidi. İşgüzarlığına, fəallığına söz ola bilməz, məsuliyyət onun varlığının ayrılmaz hissəsidir, kifayət qədər maraqlı həmsöhbət, yol yoldaşıdır Vahid. Bir fərqləndirici keyfiyyəti də var Vahidin. Azərbaycanın elm aləmində, təhsil sahəsində, özü də yalnız məşğul olduğu fəlsəfə sahəsində deyil, eləcə də digər sahələrdə olan alimləri, mütəxəssisləri eyni dərəcədə yaxşı tanıyır Vahid. Bu onun bir tərəfdən ünsiyyət qurma bacarığından, yaradıcı insanlarla çoxlu ünsiyyətdə olmasından irəli gəlirsə, digər tərəfdən də onun daimi elm aləminə yaxın olmaq istəyindən irəli gəlir. Amma bu keyfiyyətləri varlığının yalnız bir hissəsidir Vahid Ömərlinin. Vahid Ömərli hələ gənc yaşlarından anadan olduğu, boya-başa çatdığı Kosalı kəndinin, daha geniş anlamda Qarayazının tarixi ilə maraqlanmış və yəqin ki, yaradıcılığının əsas hissəsini məhz doğma yurdunun tarixinə həsr edəcəyinə öz vicdanı qarşısında and içmişdir. Yoxsa, onun bu qədər intuziazmla, bu qədər həvəslə, bu qədər enerji ilə və bu qədər inadkarlıqla bu məsələlərlə məşğul olmasını izah etmək bir qədər çətindir. Hələ ali məktəbi bitirərkən Qarayazının danışıq xüsusiyyətləri ilə bağlı mövzuda diplom işi müdafiə edən Vahid, sonralar ciddi bir tədqiqatçı kimi Qarayazını, ümumilikdə Borçalı mahalının azərbaycanlılar yaşayan bölgələrini addım-addım gəzdi, müəllimlərlə, el-obanın yaradıcı insanları ilə, ağsaqqallarla, ağbirçəklərlə görüşdü, onların hər sözünü-söhbətini qələmə aldı. Məhz Vahidin ciddi əməyinin nəticəsi olan 3 cildli “Qarayazı” kitabı kifayər edərdi ki, Vahid öz doğma kəndi, el-obası, Qarayazı qarşısında üzüağ, şax vüqarla gəzsin. Lakin bunun üçün yazmadı bu kitabı Vahid. Sadəcə olaraq varlığının əsas mənəvi borcu hesab edirdi o, bu işləri. Elə buna görədir ki, Qarayazı tarixinin bütöv bir dövrünü özündə əks etdirən bu kitabla da öz işini bitmiş hesab etmədi Vahid. Başqalarının yaratdıqlarını xalqa çatdırmaq da məncə Vahid üçün onun öz əsərləri qədər xoş bir işdir. “Aşıq Aslan Kosalının ozan dünyası” adlı kitabın işıq üzü görməsində də təşəbbüskar və işin əsas ağırlığını öz üzərinə götürən Vahid Ömərli oldu. Məndə olan məlumata görə hazırda Vahid Ömərli Borçalı mahalının ən ustad aşıqlarından olan Aşıq Alxan Qarayazılının şeirlərini kitab şəklində dərc etdirmək üzərində çalışır, eləcə də el-obamızın neçə başqa yaradıcı insanlarının, el şairlərinin fəaliyyəti ilə bağlı bəzi layihələr üzərində işləyir. Məncə doğma el-oba üçün ən qiymətli işlərdir Vahidin elədiyi və eləmək istədikləri. Vahid Ömərli Kosalıdan çıxmış elm adamları arasında Kosalıya ən tez-tez səfər edənlərdən biri və yəqin ki, birincisidir. Bu bir tərəfdən onun yaradıcılığının xüsusiyyətləri ilə bağlı olsa da, digər tərəfdən də bu torpağa, elə-obaya sıx bağlılığının, sevgisinin əlamətidir. Ömür adlı sarayın 70-ci pilləsini qalxır Vahid. İnanıram ki, usanmaz enerji və istəyi ilə hələ çox xeyirxah işlər görəcək, Qarayazı tarixinin hələ neçə açılmamış səhifələrini açacaq, el-obanın neçə-neçə “papaq altda yatan” yaradıcı insanlarını “kəşf edəcək”, onların yazdıqlarını elimizə, obamıza, xalqımıza bəxş edəcək Vahid. Elə bu niyyətlə də dostum Vahid Ömərliyə möhkəm cansağlığı və uğurlar arzulayıram. İSAXAN İSAXANLI ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.