ADU-DA MAGİSTRATURA TƏHSİLİ: ELM, TƏCRÜBƏ VƏ BEYNƏLXALQ BAXIŞ BİR ARADA Təhsil » Digər ali məktəblər 24 октября 2025 89 0 1 2 3 4 5 Müsahibimiz Azərbaycan Dillər Universitetinin magistratura şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru,dosent FİRUZƏ RZAYEVAdır.– Firuzə xanım, hazırda Azərbaycan Dillər Universitetində magistratura təhsilinin əsas prioritet istiqamətləri hansılardır?– Hazırda universitetimizdə magistratura səviyyəsində təhsilin keyfiyyətinin artırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı əsas prioritetlərimizdəndir. Magistratura proqramlarımız daim əmək bazarının tələblərinə uyğun yenilənir, məzmun baxımından zənginləşdirilir və tələbələrin praktik, elmi-tədqiqat bacarıqlarının formalaşmasına yönəlir. Məqsədimiz gənclərə elmi nailiyyətlərində müxtəlif istiqamətlər üzrə töhfə verməkdir.– Universitetdə beynəlxalq əməkdaşlıq və mübadilə proqramları barədə nə deyə bilərsiniz?– Bu istiqamət universitetimizin əsas prioritet hədəflərindən biridir. Azərbaycan Dillər Universiteti beynəlxalq əməkdaşlıqda olduqca fəal mövqe tutur. Hazırda 73-dən çox mübadilə proqramı həyata keçirilir. Bundan əlavə, Portsmouth Universiteti ilə ikili diplom proqramı, Orhun Mübadilə Proqramı kimi beynəlxalq layihələrdə də uğurla iştirak edirik. Bu proqramlar tələbələrimizə həm ölkə daxilində, həm də xaricdə təhsil alaraq çoxşaxəli təcrübə qazanmaq imkanı yaradır.– ADU-nun Portsmouth Universiteti ilə birgə həyata keçirdiyi proqram barədə məlumat verərdiniz.– Bəli, bu bizim ən uğurlu beynəlxalq əməkdaşlıq layihələrimizdən biridir. Portsmouth Universiteti ilə 1+1 modelində təşkil olunan ikili diplom proqramı tələbələrə bir il Londonda, bir il isə Azərbaycan Dillər Universitetində təhsil almaq imkanı verir. Bu proqramı bitirən məzunlar həm ADU-nun, həm də Portsmouth Universitetinin diplomunu əldə edirlər. Bu tələbələrimiz üçün beynəlxalq təcrübə, keyfiyyətli təhsil, ixtisaslaşma, karyera imkanları, özünüinkişaf və mədəni zənginlik baxımından çox önəmlidir.– Yeni 2025/2026-cı tədris ili üçün hansı yeniliklər nəzərdə tutulur?– Ötən tədris ilindən etibarən magistr proqramlarının təkmilləşdirilməsi istiqamətində mütəxəssislərimiz intensiv fəaliyyət göstəriblər. Nəticədə 2025/2026-cı tədris ilindən beynəlxalq standartlara uyğunlaşdırılmış və əmək bazarının tələblərinə cavab verən yeni proqramlar tətbiq olunub. Hazırda 1-ci kurslarda yeni tədris planı qüvvədədir, 2-ci kurslarda isə əvvəlki plan üzrə dərslər davam edir. Qeyd edim ki, hal-hazırda 1-ci kursda 38, 2-ci kursda isə 45 ixtisaslaşma mövcuddur.– Dərslərin axşam saatlarında təşkili barədə nə deyə bilərsiniz?– Dərslərin axşam saatlarında keçirilməsi tələbələrə həm təhsil almaq, həm də paralel olaraq işləmək imkanı yaradır. Bu, xüsusilə magistratura səviyyəsində oxuyan gənc mütəxəssislər üçün çox önəmlidir.– Universitet rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən “Kölgə kabineti” layihəsi barədə nə deyə bilərsiniz?– Bəli, analoqu olmayan və tələbələrin ən sevimli layihələrindən biridir. Rektor, akademik Kamal Abdullanın təşəbbüsü ilə həyata keçirilən “Kölgə kabineti” layihəsi tələbələrin universitetin idarəetmə prosesində iştirakına şərait yaradır. Layihə gənclərdə liderlik bacarıqlarını formalaşdırır və onların idarəetmə prosesinə praktik baxımdan inteqrasiyasına imkan verir. Tələbələr bir gün ərzində rektor, prorektor, dekan və şöbə müdiri vəzifələrini icra edir, sürücülərlə təmin olunur, bir günlük əməkhaqqı alırlar. Bu, onların məsuliyyət hissini, idarəetmə və özünüidarəetmə bacarıqlarını inkişaf etdirir.– Tədris prosesində tələbələrin aktivliyini artırmaq üçün hansı tədbirlər görülür?– Bizim üçün tələbələrin elmi, analitik və yaradıcılıq potensialının inkişafı çox vacibdir. Bu məqsədlə mütəmadi olaraq dəyirmi masalar, debatlar, ikili rəhbərlik sistemi, ixtisasa uyğun mühazirələr üçün yerli və xarici professorların dəvəti həyata keçirilir. Dünən Helsinki Universitetinin tələbələri təcrübə və tədqiqat aparmaq üçün dərslərimizdə iştirak ediblər. Bu kimi beynəlxalq görüşlər tələbələrin aktivliyinə müsbət təsir edir.- Rektor, akademik Kamal Abdullanın elmi fəaliyyətinin göstəricilərindən biri olan H-indeksinin 18 olması universitetin elmi mühitinə və magistratura səviyyəsində aparılan elmi işlərə necə təsir göstərir?– Akademik Kamal Abdullanın elmi göstəriciləri, xüsusilə H-indeksinin 18 olması bizim üçün böyük motivasiya mənbəyidir. Bu, bir tərəfdən ADU-nun beynəlxalq elmi nüfuzunu artırır, digər tərəfdən gənc tədqiqatçılara nümunə göstərir. Rektorun elmə verdiyi dəyər, onun şəxsi elmi fəaliyyəti universitetin bütün fakültə və şöbələrində, o cümlədən magistratura pilləsində ciddi şəkildə hiss olunur. Biz magistrantları elmi araşdırmalara cəlb edir, onlarda məsuliyyət və maraq hissini gücləndiririk. Hər bir tələbə başa düşür ki, universitet rəhbərliyinin elmi uğurları həm də onların inkişafı üçün yaradılmış şəraitin göstəricisidir.-Universitetin elmi mühitində tanınmış alimlərin fəaliyyəti magistratura təhsilinin keyfiyyətinə necə təsir göstərir?– Universitetdə elmi mühitin inkişafında və magistratura səviyyəsində tədrisin keyfiyyətinin yüksəldilməsində akademik Muxtar İmanov, professor Azad Məmmədov və dosent Jalə Qəribova kimi təcrübəli alimlərin rolu böyükdür. Onların elmi istiqamətləri, metodoloji yanaşmaları və magistrantlarla mütəmadi elmi müzakirələri tələbələr üçün mühüm təcrübə məktəbidir. Bu alimlərin iştirakı tədris prosesinə həm elmi baxımdan dərinlik, həm də praktik dəyər qatır. Onların rəhbərliyi ilə aparılan elmi tədqiqatlar gənc tədqiqatçıların formalaşmasına, eləcə də universitetin elmi potensialının güclənməsinə ciddi töhfə verir.– ADU-da magistrantların elmi-tədqiqat fəaliyyətinə necə önəm verilir?– Magistrantlarımız elmi fəaliyyətə aktiv cəlb olunurlar. Hər semestrdə onların tədqiqat bacarıqlarını inkişaf etdirmək üçün metodoloji seminarlar, infosessiyalar, elmi-praktik konfranslar, dəyirmi masalar və təcrübə mübadilələri keçirilir. Hər bir magistrant elmi rəhbərin nəzarəti altında tezis və məqalə yazmağı, elmi tədqiqat aparmağı öyrənir və nəticədə praktik əhəmiyyət daşıyan magistr işi müdafiə edir.– Xarici professorların dərs deməsi və beynəlxalq təcrübənin proqramlara inteqrasiyası necə həyata keçirilir?– Universitetimiz mütəmadi olaraq müxtəlif ölkələrdən tanınmış alim və professorları dəvət edir. Onlar ixtisaslara uyğun olaraq dərslər aparır, tələbələrlə elmi mövzularda müzakirələr keçirirlər. Bu, tələbələrimizin dünyagörüşünü genişləndirir və onları beynəlxalq təhsil mühitinin bir hissəsinə çevirir.– Magistrantların karyera dəstəyi istiqamətində hansı işlər görülür?– ADU-da fəaliyyət göstərən Karyera və Məzunlarla İş Şöbəsi magistrantlarla sıx əməkdaşlıq edir. İşəgötürənlərlə görüşlər, təcrübə proqramları və “Karyera günləri” təşkil olunur. Məqsəd odur ki, məzunlarımız yalnız nəzəri biliklərlə kifayətlənməsin, həm də praktik mühitdə öz potensiallarını nümayiş etdirə bilsinlər. Universitet bölgələrdəki məzunların peşə vərdişlərinin təkmilləşdirilməsi və çətinliklərin aradan qaldırılması üçün təlimlər və seminarlar təşkil edir.– Tədris prosesində innovativ texnologiyalardan necə istifadə olunur?– Müasir dövrdə rəqəmsal bacarıqlar təhsilin ayrılmaz hissəsidir. Dərslər elektron tədris platformaları və interaktiv metodlarla aparılır.– Gələcək planlar barədə nə deyə bilərsiniz?– Əsas məqsədimiz magistratura təhsilini beynəlxalq səviyyəyə çıxarmaq, yeni ikili diplom proqramlarını genişləndirmək və elmi-tədqiqat fəaliyyətini gücləndirməkdir. Artıq bir neçə Avropa universiteti ilə yeni əməkdaşlıqlar barədə danışıqlar aparılır. Biz inanırıq ki, yaxın illərdə ADU-nun magistratura proqramları regionda nümunəvi modelə çevriləcək.– ADU-da tədrisin dil müxtəlifliyi barədə nə deyə bilərsiniz?– Azərbaycan Dillər Universitetində tədris çoxdilli mühitdə aparılır və 20 dil tədris olunur. Fənlər Azərbaycan, ingilis, rus, alman, fransız və digər dillərdə keçirilir. Bu, magistrantlara həm dil bacarıqlarını inkişaf etdirmək, həm də müxtəlif akademik ənənələrlə tanış olmaq imkanı yaradır. Qeyd edim ki, universitetimiz QS reytinq cədvəlində müasir dillər üzrə 201–250-ci yerlər arasındadır ki, bu da böyük nailiyyətdir.– Universitetdə tələbələrin sosial həyatı və könüllülük fəaliyyəti necə təşviq olunur?– ADU-da tələbə həyatı çox aktivdir. Magistrantlar elmi və sosial layihələrdə fəal iştirak edirlər. Könüllü qruplar, debat klubları və “Gənc alimlər birliyi” kimi təşəbbüslər onların liderlik bacarıqlarını və ictimai məsuliyyət hissini artırır. Aktiv tələbələrimizi universitetdə əməkdaşlığa da cəlb edirik.– Müəllim heyətinin peşəkarlığının artırılması istiqamətində hansı addımlar atılır?– Tədris heyətimizin davamlı inkişafı bizim üçün prioritetdir. Müəllimlərimiz mütəmadi olaraq xarici təlimlərdə, beynəlxalq layihələrdə və akademik mübadilə proqramlarında iştirak edirlər. Bundan əlavə, universitet daxilində seminarlar və innovativ tədris proqramları həyata keçirilir. Hal-hazırda bir neçə müəllimimiz Anlaşma Memorandumu (MoU) çərçivəsində Özbəkistan Dövlət Cahan Dillər Universitetinə ezam olunub.– Sonda, gələcəkdə ADU magistrantlarını hansı yeniliklər gözləyir?– Qarşıdakı illərdə magistratura səviyyəsində “mentor müəllim” modelinin tətbiqi planlaşdırılır. Hər bir magistranta fərdi mentor təyin olunacaq. 2026-cı ildən etibarən beynəlxalq ikili diplom proqramlarının sayının artırılması, yeni plan yerlərinin təqdimatı və təlimlərin təşkili nəzərdə tutulur. Məqsəd – yeni üfüqlərə doğru irəliləməkdir. Müsahibəni apardı: MƏLAHƏT BABAYEVA,“TURAN” İnformasiya Mərkəzinin – Turan.info.az saytının redaktoru,filologiya üzrə fəlsəfə doktoru, dosentElm.info.az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.