İNAM ATA (ASİF ATA) – 90 Digər » UNUTSAQ, UNUDULARIQ!.... 25 сентября 2025 29 0 1 2 3 4 5 AYDINLARIMIZ İNAM ATA (ASİF ATA) HAQQINDASentyabrın 25-i Mütləqə İnam Fəlsəfəsinin Yaradıcısı, Ruhsal Ocaq Atası, Dahi Azərbaycan Filosofu İnam Atanın (Asif Atanın) 90-cı ildönümüdür (1935-1997). “Aydınlarımız İnam Ata (Asif Ata) haqqında” başlığı altında yazını təqdim edirəm. SAYĞIYLA: İŞIQLI ATALI *** Asif Ata fenomen kimi tarixə daxıl olub. Beynində qanadlı, fantastik, çılğın şüur, damarında qeyri-adi mifik, mistik enerji axırdı. Vərəqlərə qələmindən süzülən yığcam, lakonik antitezaların, çox sərt paradoks və təzadların düzümündə və vəznində ruhunun, pərvazının ahəngi, qəlbinin vurğusunun avazı və ritmi döyünürdü. Hissin qiyamı və sözün üsyanı zahirən idillik, qılaflı və bəzəkli gerçəkliyin örtüyünü sökür və açılan yarğandan çılpaq iç, təzadlı dialektika görünürdü. Ali məktəbi tez qurtardı ki, həyat məktəbini öyrənməyə başlasın; özü demişkən, fəlsəfə dərsindən həmişə qaçdı ki, gedib həqiqi fəlsəfəni öyrənsin. Sovet rejiminin ona verdiyi bütün diplomları, titulları bir tərəfə atdı ki, hamıya qürurla elan və bəyan etdiyi Atalıq rütbəsinə gəlib çatsın. Həqiqi mənəvi və əxlaqi dəyər axtarışı – onun ömrü boyu yol getdiyi məna və məqsəd idi. Heç nədə sərhəd və ölçünü sevmirdi. Yalnız indi bir tərcümeyi-halda ölümdən sonra sevdiyi sərhədsizliyə qovuşdu. Bənzərsiz, sxemsiz, çərçivəsiz ziyalı şəxsiyyət kimi yaddaşlara həkk oldu. Bənzərsiz qaldı hər şeydə, hətta ölümündən sonra da, ölümünün və dəfninin tərzində də…Yaşar Qarayev, AMEA-nın müxbir üzvü*** Atanın fikri, amalı çox aydındır, dərindir. Mən öz araşdırmalarımda çoxunun fikrini qəbul etməmişəm. Ancaq Atanın bütün fikirlərini qəbul etmişəm və bununla qürur duyuram. Elməddin Əlibəyzadə, filologiya elmləri doktoru, professor***Asif Ata o qədər ilhamla, məhəbbətlə mühazirə oxuyurdu ki, bir tələbənin də səsi çıxmazdı. Onun dərslərində təkcə tələbələr deyil, müəllimlər də gəlib iştrak edirdilər. O, ədəbiyyatdan danışanda da fəlsəfənin dərin qatlarına gedib çıxırdı. Həqiqətən də Asif Ata məktəbə çevrilə bildi. Çox istedadlı adamlarda müəyyən qəribəliklər olur. Asif Atanın öz aləmi vardı. Bir dəfə də onu Kiyev Universitetinə ixtisasartırma kursuna yollamışdılar. O isə bir həftədən sonra qayıdıb gəldi. Arxasınca da bir məktub yolladılar. Demə, mühazirə oxuyan müəllimlərin səviyyəsi onu qane etməyib. Deyib ki, siz heç nə bilmirsiniz, səviyyəniz çox aşağıdır... Onu həmişə sayğıyla xatırlayıram.Qəzənfər Paşayev, professor*** Asif Ata ilə iftixar edirəm. Abbas Abdulla, şair, publisist***Asif Atanın hamıdan fərqli öz fəlsəfəsi var. O, dünyada gözü, umacağı olmayan, heç nə istəməyən, əksinə, ona verməyə çalışan insan idi. O, insanları ülviliyə, təmizliyə, bəşəri duyğulara səsləyir. Dərs deyəndə də, yazılarında da elə idi. Orta məktəbdə oxuyanda Asif Atanın təsirinə düşmüşdüm. Məqalələrini oxuyurdum və onun kimi yazmağa çalışırdım. Həmin dəftərçəmin adını “Ululuq” qoymuşdum. Ora öz fikirlərimi yazmışdım, amma təsir Asif Atadan gəlmişdi...Aqil Abbas, yazıçı, millət vəkili***Asif Ata Azərbaycanın fenomenal şəxsiyyətidir. Mənim həyata baxışımın formalaşmasında onun rolu olub. İşıq Asif Atanın daxilindən gəlirdi. Onun böyüklüyünü təsvir etmək çətindir. Asif Ata zamanın çərçivəsindən çıxıb. Kitabları ona əbədiyyət qazandırıb. Bəşəriyyətin əbədi yaddaşına yazılacaq insandır Asif Ata.Adil Əsədov, fəlsəfə üzrə elmlər doktoru***Tələbəlik vaxtı Asif Atanın çıxışları əsarətdə saxlanılan normativ düşüncələrdən seçilən mülahizələrin ictimai rəyə çatdırılmasının mümkünlüyünə bizi inandırırdı. Bu inamın sayəsində tələbələrin bir çoxu düşünməyə, fərqli fikir söyləməyə cəhd göstərirdi. Müəllimlik həm də kimisə buna öyrətmək deyilmi?! Asif Ata yaşadığı ömürlə də sübut etdi ki, son hamı üçündür: amma həm də elə yaşamaq olar ki, əsərinlə, sözünlə, fikirlərinlə sondan sonra da anılasan, xatırlanasan. Arif Əmrahoğlu, ədəbiyyatşünas***Moskvada oxuyanda məşhur müəllimlərimdən biri dərsə Asif Ata ilə şəkillərini gətirdi, dedi ki, Bakıya gedəndə Asif müəllimə salam deyərsən. 1980-ci illərin əvvəlləri idi. Bakıya gələndə Asif Ata ilə görüşdüm, Ataya həmin müəllimimin salamını yetirdim. Dedi ki, mən Moskva həyatımın üstündən xətt çəkmişəm, məsləhət görürəm sən də xətt çəkəsən. Aydın Dadaşov, kinoşünas ***Asif Ata dünyaya bir naxış idi – gəldi bu dünyaya, fikirlərini bizə yadigar qoyub aramızdan getdi...Aydın Kazımzadə, kinoşünas***Asif Ata ilə ilk görüşümüzdə onun fikirləri mənə heyranlıqla mütailə etdiyim yunan alimləri sayaq təsir etdi. O vaxt “Gənc qələmlər” məclisini mən aparırdım. Bir dəfə Asif Atanı oraya gənclərlə görüşə dəvət etdim. Axı onlar da ideal axtarırdılar... Cəmil Əlibəyov, yazıçı***Mənim üçün Asif Ata Azərbaycan ədəbi-bədii, tənqidi fikrində çox görkəmli, özünəməxsus dünya duyumu, dünyabaxışı, orijinal düşüncə tərzi olan bir mütəfəkkir idi. Mən onu həyatda görmüşəm, müşahidə eləmişəm, söhbətlərinə qulaq asmışam. Həmişə bunun şahidi olmuşam ki, o, adlarına, vəzifə məqamlarına baxmadan ədəbiyyat adamlarına münasibətdə həmişə çox cürətli davranıb. Çingiz Əlioğlu, şair***Sovet dövlətinin qılıncının dalının, qabağının kəsdiyi bir çağda həqiqəti qorxmadan söyləmək hər kəsin işi deyildi. Asif Atanın “Etik və Estetik Tərbiyə Klubu” o dövrün minlərlə gəncinin milli yaddaşının korşalmasının qarşısını aldı. Həyatda nə qazanmışamsa, uğurlarıma görə ilk olaraq Asif Ataya borcluyam. Ata tək şəxsiyyət idi ki, biz gənclər mübahisə edərkən ancaq onun sözünə əsaslanırdıq. Onun Sözü dartışmamızı kəsir, nöqtə qoyurdu. Ən çətin məqamımızda onu özümüzə doğma sanırdıq. Kitabxana sanki onun evi idi. Onun oxuduğu kitabların siyahısı tutulsaydı, heyrətamiz bir mənzərə alınardı. Əhməd Oğuz, şair, araşdırmaçı***Asif Ata Azərbaycan fəlsəfəsində, elmində, ruhaniyyatında böyük bir iz qoymuş şəxsiyyətdir. Atanın yaradıcılığında Azərbaycanın bütövlüyü məsələsi başlıca yer tutur. Əkrəm Rəhimli, tarixçi ***Asif Ata özündən öncəki nəzəriyyə və təlimlərin insana onun gerçəkliyinə dayanma yönündən yanaşmalarını məqbul saymadı. İnsana öz mahiyyətindən, mütləqliyindən dəyər verdi və bəşərin nicatını insanlaşmaqda gördü. “İnsanlaşın-İnsanlaşdırın!” harayı ilə yurddaşlarını, dünyadaşlarını İnsanlıq Erasının silahdaşları, yurddaşları olmağa səslədi.Əlisahib Əroğul, yazıçı***O bütün fikirlərini böyük cəsarət və uzaqgörənliklə, peyğəmbərcəsinə söyləyirdi. Esmira Fuad,ədəbiyyatşünas-publisist***Asif Ata zəngin mənəviyyatlı bir insan kimi yadaşımda qalıb. Bizi ədəbiyyata bağlayan, geniş mənada ədəbiyyatı tanıtdıran Asif Ata oldu. Moskvada şahidi olduq ki, Atanın ağıllarda necə güclü obrazı, təsiri var.Eyvaz Borçalı, şair ***Asif Ata xatirimdə açıq fikirliyi, cəsarətli davranışları, məşhur yazıları ilə qalıb. Böyük idrakına həmişə heyran olmuşam. Onun həyatını öyrəndim, gördüm ki, başına olmazın çətinliklər gəlib, ancaq yenilməyib. Fəxrəddin Əli, rəssam***Asif Ata ilə hər söhbətdə adam durulaşırdı. O, insanı dərindən tanıyırdı. Atanın İnamı – İnsanlıq, Vətənpərvərlik Fəlsəfəsidir. Yadımdadır, Asif Ata səhərdən axşamacan kitabxanada oxuyur, yazıb-yaradırdı. Axşam hamı gedirdi, ancaq Ata hələ də kitabxanada oxuyurdu, oxumaqdan, öyrənməkdən, yazıb-yaratmaqdan zövq alırdı. Xəlqi olmaq çətin işdir. Asif Ata isə bunu bacardı.Elxan Məmmədli, alim ***Asif Ata müdrik bir şəxsiyyətdir. Azərbaycanın birliyi, bütövlüyü məsələsi ilə bağlı dəyərli fikirlər söyləyib. Asif Atanın fikirləri dərindən öyrənilməlidir. Əliyar Səfərli, ədəbiyyatşünas *** Atanın qəribə xasiyyəti vardı: onun danışığı, davranışı, fikirləri adi adamlardan bütünlüklə fərqlənirdi. Bu mənada mən Asif Atanı özüm üçün kəşf etmişdim. Asif Ata xalqımız üçün böyük bir fəlsəfi irs yaradıb. Biz Atanın müqəddəs fəlsəfəsini həmişə dəyərləndirməliyik.Söhrab Tahir, xalq şairi *** Asif Ata öz dünyasını yaratdı. O dünya müqəddəsliyə, insanlığa bağlı bir məsləkdir. Deyərdi, sənin yaradıcılığını ona görə sevirəm ki, ağacı, dağı, torpağı insanlaşdırıb, onlara məna verməyi bacarırsan. Asif Atanı həmişə sayğı ilə xatırlayıram.Musa Yaqub, xalq şairi***Asif Atanı Moskvada da çox gözəl tanıyırdılar. Yüksək erudisiyalı insan idi. Elmləri dərindən bilirdi, geniş idrakı ilə rus alimlərinə meydan oxuyurdu. Asif Ata haqqında ardıcıl araşdırmalar aparılmalı, gərəkliyi topluma çatdırılmalıdır.Gülnaz Abdullazadə, fəlsəfə elmləri doktoru, professor*** Asif Atanı həmişə öz sözü olan, cəsarətli, müdrik bir şəxsiyyət kimi tanımışam. Heç zaman dediyindən dönməzdi. Asif Atanın şəxsiyyəti, dünyabaxışı xalqımız üçün çox gərəklidir. Asif Ata şöbəmizdə çalışarkən “Muğam Fəlsəfəsi” adlı məşhur əsərini yazdı.İnqilab Kərimov, AMEA-nın müxbir üzvü***Yadımdadır, o zaman şimşək kimi çaxırdın, aləmə nur saçırdın. Bax, o zaman aşiq olmuşdum sənin vüqarına, əzəmətinə, haqqa qovuşmaq eşqilə döyünən ürəyinə. O zaman sən deyirdin: “Dünyada var ancaq bir həqiqət, o da həqiqət yolunda ölmək!”İslam Ağayev, filologiya elmləri doktoru***Böyük ziyalı Asif Atanı həmişə yolundan dönməyən, öz sözü olan bir şəxsiyyət kimi tanımışam.İsmayıl Vəliyev, professor ***Asif Atanın şaqraq, əzəmətli səsi indi də qulaqlarımdadır. Kimsəyə bənzəmirdi, özünəməxsus idi, heç zaman çərçivədə danışmırdı. Onun dediklərinə adamın öncə inanmağı gəlmirdi, sonradan dediklərini düşünəndə görürdün ki, düz danışır. İndi onun düşüncələrinə insanlarımızın ehtiyacı gündən-günə artmaqdadır.İsmayıl Məmmədov, professor***Asif Ata sözlə ifadəsi mümkün olmayan, son dərəcə ağır işin öhdəsindən mərdanəliklə gəldi. O, təqiblərə, təhqirlərə məruz qalsa da, inadından, inamından heç zaman dönməyən, orijinal bir məktəbin əsasını qoymuş dahi bir şəxsiyyətdir.Kələntər Kələntərli, şair-publisist***Ata fəlsəfəsi gələcəyin fəlsəfəsi, həyat tərzi olacaq. Asif Atanın kitabları, ideyaları hələ bundan sonra yurdumuza, müstəqilliyimizə, xalqımıza daha böyük xidmətlər edəcək.Maarif Teymur, ədəbiyyatşünas ***Tənqidimizdə mən Asif Atanı fenomenal, nə özündən öncə, nə də sonra hələ də təkrarlanmayan, tamamilə yeni cığır açan və özündən başqa bir tənqidçinin getməyə cəsarət etmədiyi fenomenal fiqur hesab edirəm. Ümumiyyətlə, Asif Atanın irsi ilə tanış olanlar onun yaradıcılığını üç mərhələyə bölə bilərlər: tənqidçilik, filosofluq və peyğəmbərlik dövrü. Bunların hər üçündə Asif Ata orijinal idi: tənqidçi kimi də, filosof kimi də, hətta peyğəmbər kimi də. O, tamamilə orijinal fəlsəfə, inancla çıxış edirdi.Əsəd Cahangir, tənqidçi ***Asif Ata milli fəlsəfə elmimizin iftixarı idi. Moskvada akademik Afanasyevin başçılıq etdiyi kafedrada müdafiə edəndə bütün rus filosofları ona heyran qaldı. Mən orada iştirak etmişəm.Onun işıqlı ideyaları bəşər durduqca yaşayacaq. Əsədulla Qurbanov, professor***Asif Atanın özünəməxsus dili var – yığcam və amiranə. Sözü deyir, nida qoyur ki, bu, belədir. Hamı yaxşı nədir, pis nədir anlayışını bilmək üçün hökmən Ata kitablarını oxumalıdır. Fikrət Sadıq, şair***Atanın dünyabaxışı çox adamın formalaşmasında böyük rol oynadı. Mübaliğəsiz deyə bilərəm: əgər gürcülərin Asif Atası olsaydı, bütün dünyada səs salardılar! Asif Atanı öyrənməyə hamının ehtiyacı var. O, ümumbəşərilik anlamında İnsanlıq örnəyidir. Atanın sözüylə desək, həmişə böyüklüyü qıraqda axtarırıq, ancaq özümüzdəkini görmürük. Asif Ata yeni dünyabaxış hadisəsidir. Giya Paçxataşvili, şair-tərcüməçi *** “Müdriklik səlahiyyəti” kitabı özümüdərkimdə böyük rol oynadı. O kitabda böyük humanistlik, yüksək düşüncə gördüm. Asif Atanın mənə verdiyi kitabına yazdığı avtoqraf çox doğma xatirədir. Gülxani Pənah, yazıçı, publisist*** Asif Ata esseistikaya, tənqidimizə yeniləşməni, təfəkkürü gətirdi. Asif Ata nə eləyibsə, nə yazıbsa, təsadüfdən eləməyib, təsadüfdən yazmayıb. Onun yazdıqları bizim üçün bu gün də örnəkdir.Məti Osmanoğlu, ədəbiyyatşünas***Ataya sonsuz sevgim yarandı, sözündə bahar mehri vardı. Televiziya çıxışlarında da vəcdə gəlirdi, adamlara gözəl təsir edirdi. İndi danışdıqca Atanın bütün halları gözümün qabağında canlanır. Asif Ata deyir: “İnsanlaşın, İnsanlaşdırın!” Yer üzündə bundan böyük söz yoxdur!Mustafa Çəmənli, yazıçı***Asif Ata doğrudan da Azərbaycanın çox görkəmli ziyalılarından idi. Yaddaşımda gözəl bir filosof kimi, qələm, söz sahibi kimi qalıb. Onun ruhu qarşısında hörmətlə baş əyirəm.Nahid Hacızadə, yazıçı***Asif Atanın təlimindəki bütün müddəalara fikir vermiş olsaq, orada həqiqətən də əsl insanlığa gedən yolun əlifbası, teoremləri, tərifi, fəlsəfəsi verilib. İnsanlaşmağa da aparan yol şübhəsiz, mənəviyyatdan, əxlaqdan keçməlidir. Nizami Tağısoy, professor***Asif Atanın böyük irsinə, bizim mənəviyyatımızdakı dəyərli varlığına hər gün böyük ehtiyac yaranır. Dünyanı dəfələrlə gəzmişəm. Əgər dünyada iki-üç böyük mənəvi dünyası, öz təlimi olan şəxs, adı böyük hərflərlə yazılan həqiqi filosof varsa, onların birincisi Asif Atadır. Çox xoşbəxtəm ki, Atanı canlı görmüş, dinləmiş, dediklərinə inanmışam. Mənim yaradıcılığımın qanında o böyük bulağın, duru suyun mütləq bir damlası var. Mən Atadan öyrənirəm və həmişə də öyrənəcəyəm.Paşa Qəlbinur, şair, professor***Asif Atanın fikrini, fəlsəfəsini anlamışam – özəliklə ədəbiyyat sahəsində. Ədəbiyyatın fəlsəfəsini açan fikirlərini ayrıca dəyərləndirmişəm.Qəşəm Nəcəfzadə, şair**Asif Ata bütöv xarakterə malik insan, dediyini eləyən, yaşayan, fikrini sübuta yetirən inadlı, böyük ziyalı idi. Onun yüksək estetizm səviyyəsində yaradıcılığı, yazıları hamını heyran edirdi. Asif Ata milli mədəniyyətimizin, müstəqilliyimizin fədaisi, milli azadlığımız yolunda canından keçən işıqlı bir insani, böyük düşüncə, yol yiyəsi idi. Ramiz Duyğun, şair***Asif Ata unikal dünyası olan bir şəxsiyyət idi. İctimai fikir tariximizdə belə insanlar demək olar, zamanında başa düşülməyib. Yalnız müəyyən dönəmdən sonra xalq belə şəxsiyyətlərin həqiqətlərini anlaya bilir.Ramiz Məmmədzadə, şair***Asif Ata filoloji düşüncəmizə poeziyanı gətirdi. O, öz düşüncələrini sistemə sala bildi. Neçə yüz il idi bizdə belə mütəfəkkir yox idi ki, öz düşüncələrini sistemli təqdim eləsin. Bu sistemlə razılaşmaq, razılaşmamaq da olar. Ancaq bu sistemin mövcudluğu, təqdimatı özü çox böyük hadisədir. Asif Ata yeganə Azərbaycan filosofudur ki, özünün fəlsəfi sisteminə milli kodları gətirdi. Onu fəlsəfi sistemi millətin obrazının bütövlüyünə yönəlib. Asif Ata öz baxışlarını inanca çevirə bildi.Rüstəm Kamal, ədəbiyyatşünas ***Asif Ata fikirlərin sintezindən çıxış etmədi, kompromisə getmədi. Fəlsəfi ideyalarında da cəmiyyətin, sosial mühitin rolunu nəzərə almadan, bütün fikirlərini fərdi-mənəvi aləmin təkmilləşdirlməsinə, insani kamilliyin önə çəkilməsinə yönəltdi.Səlahəddin Xəlilov, fəlsəfə üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü***Asif Ata varlığı, yaradıcılığı ilə gündəlik işlərimizdə, yaradıcılığımızda bizim üçün ölçü ola bilər. Atanın yaradıcılığı fəlsəfənin qüdrətli və parlaq nümunəsidir.Səyavuş Məmmədzadə, şair-tərcüməçi***Mənim ömrümdə ailədən aldığım ədəb-ərkandan daha çox Asif Atanın verdiyidir və bir də seçmə klassiklərin. Asif Atanı oxumasaydım, indiyə kimi nəyə nail olmuşamsa, bəlkə onların heç biri olmazdı.Seyfəddin Mənsimoğlu, ağac üzərində xəttoyma ustası ***Ata, sənə sözüm var:İnamında gözüm var!Əzm varsa, dözüm var!Bəlkə dözən dözmədi?***Bilən – səbrə dözümlü,Ölən-qəbrə dözümlü,Gedən-cəbrə dözümlü,Bəlkə gələn dözmədi?***Can cəfaya dözəcək,Qəlb bəlaya dözəcək,«Ruh cəfaya dözəcək,Bəlkə bədən dözmədi!»* (* Beyt Asif Atanındır) Şahin Fazil, şair-alim, professor*** Asif Atanın kəlamları, düşüncələri haradasa fəhmlə, vəhylə gəlirdi. Dünyanın ən böyük kitabları fəhmlə, vəhylə gəlib. Konkret olaraq Ataya gələnlər vəhylə idi. Asif Ata həyatdan tez getdi. Ancaq o, az bir vaxtda özünün möhtəşəm əsərlərini yaratdı. Böyüklük hansısa bir quruluşa, dövrə, zamana sığmır. Asif Ata belə bir şəxsiyyət idi.Tahir Talıblı, şair-publisist***Ata ilə söhbətlərdə çox suallarıma cavab tapmışam. Ən çətin illərdə orijinal, inamlı fikirləri ilə insanların ürəklərini, ağıllarını ehtizaza gətirirdi.Teyyub Qurban, şair-dramaturq***Asif Ata böyük mütəfəkkir, elm adamı, filosofdur. Onun hər şey haqqında fikirləri var. Çox şadam ki, Asif Atanı görmüşəm, tədbirində iştirak etmişəm. O, mənim çalğıma yüksək dəyər verirdi. İndi Asif Ata kimi insan var? Sanki dünya boşalıb. Asif Ata kimsənin demədiyini deyirdi.Vamiq Məmmədəliyev, tarzən, xalq artisti*** Asif Atada gerçəkliyi dərindən bilmək və ifadə etmək gücü vardı, həyat materialına hərtərəfli yanaşa bilirdi. Asif Atanın özünəməxsus ölçüsü vardı, həmişə bu ölçüdən çıxış edirdi.Vaqif Arzumanlı, filologiya üzrə elmlər doktoru, professor***Asif Ata Türk Dünyasının, Bəşərin min ildə bir yetişdirdiyi nadir şəxsiyyətlərdəndir. O, ədəbiyyatı gözəl bilirdi, şeiri dərinliyinə qədər anlayırdı. İnsan göründüyü kimi olmalı, olduğu kimi görünməlidir. Mən həyatım boyu yalnız Asif Atanı bu cür görmüşəm.Vəli Xramçaylı, şair ***Atanın gördüyü işlər ölməzdir. Vaxt gələcək, xalqımız Asif Atanın böyüklüyünü daha aydın dərk edəcək.Vüqar Əhməd, şair, filologiya elmləri doktoru, professor*** Asif Ata bir Həqiqət, Haqq kimi bizə və bütün bəşəriyyətə mənəviyyatlı, kamil gələcəyi gətirmək üçün lazımdır. Məhz kamil, hərtərəfli, xoşbəxt gələcək üçün Asif Ata bizə mənəvi qida, mənəvi istinad nöqtəsi, bir yolgöstərən mayak, ulduz kimi lazımdır – ucalıq, zirvə kimi. Mənə elə gəlir ki, Asif Atanın böyüklüyünü, ucalığını, bəşəriyyət üçün dəyərini verməkdən ötrü zaman və məkanca məsafə lazımdır. 100-200 il sonra Asif Ata bugünkündən qat-qat daha yaxşı dərk olunacaq, daha çox seviləcək, insanların qəlbinə, ruhuna hopacaq.Xeyrulla Ağayev, yazıçı-publisist***Asif Ata öz sözü, nüfuzu, şəxsiyyəti, qüruru olan bir insan idi. Mən onu belə görmüşəm.Yusif Nəğməkar, şair***Asif Atanı qiymətləndirmək – Azərbaycan xalqını qiymətləndirməkdir. Onun Azərbaycanda fəlsəfi fikrin inkişafında ayrıca yeri var. Asif Ata həm də ədəbiyyatın, ədəbiyyatşünaslığın filosofu idi. “Müdriklik səlahiyyəti” kitabında yazıçılara, şairlərə dəyər verirdi. Onun qiyməti adi ədəbiyyatşünas dəyərləndirməsi deyildi – filosof qiyməti idi. Asif Atada bir neçə cəhət birləşmişdi. Onun Azərbaycan ədəbiyyatına, fəlsəfi fikrinə etdiyi təsir çox dəyərlidir və əvəzsizdir.Zahid Xəlil, şair, filologiya elmləri doktoru, professor***Gənclik çağımda yaradıcılığımın formalaşmasında Asif Atanın duyulası rolu olub. Onun fikirləri dəqiq, inandırıcı idi.Ziyadxan Əliyev, əməkdar incəsənət xadimi, sənətşünas*** Asif Ata müdriklər müdriki idi. Elm və sənət müridlərinin mürşidi idi. Bir kəlmə sözü ilə yüz minləri ovsunlayan Asif Atanı dinləmək, məclislərinin iştirakçısı olmaq hər kəs üçün şərəf idi. O zamankı gənclərin dünyagörüşünün formalaşmasında Asif Ata ideyalarının öz payı var. Asif Ata bulağından içilən suyun mayası möhkəm olurdu. Bilal Alarlı, araşdırmaçı ***Çağdaş Azərbaycan fikir tarixində, mənəvi dəyərlər sistemində, milli düşüncənin formalaşmasında Asif Ata ideyaları, onun fəlsəfi təfəkkürü ayrıca yer tutur. Bu gün Asif Atanın ideyaları ona görə gündəmdədir ki, o, yeni bəşəri bir dünyabaxışın əsasını qoyub. O, “İnsanlaşın, İnsanlaşdırın!” ideyası ilə gündəmə gəlir. Bu isə təkcə Azərbaycana sığmır, bəşəri bir ideyadır. Asif Ata ideyaları özünü və dünyanı anlayan, kamilləşən insanlar yetişdirir. Adıgözəl Məmmədov, psixoanalitik*** Asif Atanın hər bir fikri, sözü ürəkdən gəlir. O qədər gözəl, əhatəli danışardı ki, heç sual verməyi də düşünməmişəm. Adamın gözləri görmürdü onu, ürəyi görürdü...Məcnun Göyçəli, şair*** Ata heç kəsin demədiyini deyirdi, duymadığını duyurdu, düşünmədiyini düşünürdü. Ona görə də həmişə Asif Atanı ideal bir şəxs olaraq tanımışam və sevmişəm.Asif Ata mənəviyyata çağırırdı, həmişə bizim qolumuzdan tutacaq. Gələcəyimizi Asif Ata ideyaları ilə xoşbəxt görürəm.Mədəd Coşqun, şair-publisist***Asif Atanın universitetdəki estetika klubunda apardığı tədbirlərin dinləyicisi və təbliğatçısı olmuşam. O, bizim bir çoxlarımızın insan kimi, vətəndaş kimi formalaşmağımızda böyük rol oynayıb. Azad Qaradərəli, yazıçı ***Gəncliyimdə Asif Atanın müdrik kəlamları minlərlə həmyaşıdım kimi mənim də yaddaşımda möhkəm qalıb. Asif Ata fikrini həmişə açıq deyirdi. Onu insanlara sevdirən də bu idi. Eldəniz İbrahimov, sənətşünas***Asif Ata müstəqil söz sahibi idi və sonacan da öz mövqeyində qaldı. Telman Əliyev, professor***Asif Atanın böyüklüyü ondadır ki, öz ardıcıllarını yetişdirdi. Ardıcılları olan isə həmişə yaddaşlarda qalır və unudulmur. İndi Asif Ata ruhunda yeni bir Atalılar nəsli yetişməkdədir.Sərvaz Hüseynoğlu, şair*** Təəssüf etməliyik ki, onu dərindən tanımırıq, tanıda bilmirik. Gərək Asif Atanı tanımaq gücünə çataq. Fəxr edirəm ki, təbiət bizə Asif Ata kimi şəxsiyyət bəxş edib. Mən dünyanın sonuna onda inanaram ki, insanlıq bitər. İnsanlıq varsa, dünyanın sonu mümkün deyil.Məleykə Alıqızı, rejissorZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.