MÜŞFİQ BORÇALI: "BORÇALIŞÜNASLIQ BAĞLAMINDA Prof. ŞURƏDDİN MƏMMƏDLİNİN TƏDQİQLƏRİ"

MÜŞFİQ BORÇALI: "BORÇALIŞÜNASLIQ BAĞLAMINDA  Prof. ŞURƏDDİN MƏMMƏDLİNİN TƏDQİQLƏRİ" TƏBRİK EDİRİK!..

ŞURƏDDİN MƏMMƏDLİ - 70


Giriş

Azərbaycan ədəbiyyatı, Azərbaycan bədii məfkurəsi tarixən olduğu kimi, bu gün də yalnız milli coğrafiya ilə məhdudlaşmır, onun sərhədlərini aşaraq daha geniş bir ərazini əhatə edir. Qədim əzəlliyə malik Azərbaycan ədəbiyyatının bu xüsusiyyəti 20-ci yüzildə də davam etmiş, anadilli ədəbiyyatımız Gürcüstanda da inkişaf etmişdir. Qonşu ölkədəki Azərbaycan dilli bədii düşüncə milli ədəbiyyatımızın kamil bir qolu olaraq onu mövzu, problematika, obraz, dil, üslub və s. baxışlarından zənginləşdirir. Hətta bir müddət Tiflisdəki Azərbaycan ədəbi mühit bütövlükdə Azərbaycan mədəniyyətinin fövqündə dayandığı bəllidir. Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə kimi klassiklərin Tiflis ədəbi ortamında yazıb-yaratmaları, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Abdulla Şaiq kimi klassiklərin məhz bu ədəbi mühitdə yetişməsi, “Tiflis əxbarı”, “Ziya”, “Ziyayi Qafqaziyyə”, “Kəşkül”, “Molla Nəsrəddin”, “Şərqi Rus”, “Dan yıldızı” vs kimi mətbuatların burada nəşr edilməsi, bu mühitin Azərbaycan ədəbi prosesiylə bütünləyici əlaqəsini tənzimləmişdir. Dədə Qorqudla köklənən ozan aşıq sənətimiz saz-söz yurdu, igid ərənlər məkanı, salğarlı Borçalı mahalında şair Nəbi, Alxas ağa, Emin Hacallı, Həsən Məcruh, Mühəqqər, şair Ağacan, Xındı Məmməd, Təhlə Novruz, Musa Qaraçöplü, Aşıq Teymur, Sadıq Sultan, Quşçu İbrahim və başqalarının nəfəsiylə isinmiş, ozanlığın qoşa qanadları Dədə Əmrahın və Hüseyn Saraçlının səsiylə rövnəqlənmiş, Xan Kamandarın sazıyla zirvələr fəth etmişdir.
Bu sürəc 20-ci yüzilin 50-ci illəri sonrası dönəmdə də uğurla gəlişmişdir. Poeziya günəşimiz xalq şairi Zəlimxan Yaqub başda olmaqla Məmməd Hüseyn Bəxtiyarlı, Dünyamalı Kərəm, Əli Səngərli, Abbas Abdulla, İsa İsmayılzadə, Vilayət Rüstəmzadə, Eyvaz Borçalı, Tahir Hüseynov, Hamlet İsaxanlı, Hidayət Bayramov, Eldar Eloğlu, Mədəd Coşqun, Alxan Binnətoğlu, Nəriman Əbdülrəhmanlı, Eyvaz Əlləzoğlu, Nizami Saraclı, Səadət Buta, Osman Əhmədoğlu, Rafiq Hümmət, Allahverdi Təhləli və bir çox başqaları məhz bu ədəbi bağçanın bəhrələridir, bu ədəbi ocağın kamillik göstərgələridir.
Gürcüstanda yaşayıb-yaradan şair və yazarların yaradıcılığı bir zamanlar yalnızca “Sovet Gürcüstanı” / “Gürcüstan” adlı respublika qəzetində və rayon qəzetlərində, “Çeşmə” (Tbilisi, 1980), “Dan ulduzu” (Tbilisi, 1987, 1989, 1990), “Ağır elli Borçalı” (Bakı, 1990, Ərzurum, 1997), “Aşıqlar” (Bakı, 1991), “Dağlar dərdə düşsə” (Marneuli, 1992), “Addımlar” (Bakı, 1995, 1996, 1997) və s. ədəbi toplu və məcmuələrdə, “Qarapapaqlar”, “Meydan” jurnallarında, “Çənlibel”, “Təhsil”, “Maarif”, “Region-Press”, “Ədəbi Gürcüstan”, “Varlıq”, “Yeni yol” və s. qəzetlərində işıq üzü görürdüsə, sonralar Bakıda və Tbilisidə nəşr edilən “Aşıq Pəri Məclisi” (Bakı, 2004), “Ədəbi Gürcüstan” (Tbilisi, 2007, 2012), “Azərbaycan ədəbiyyatı antologiyası: Borçalı” (Bakı, 2008), “Sazlı-sözlü Başkeçid” (Bakı, 2015-2025), “Sazlı-sözlü Borçalı” (Bakı, 2015-2025), “Bolnisi: dünən və bu gün” (Bakı, 2020-2025), “Vətən” (Bakı, 2020-2025), “Canım Azərbaycanım” (Bakı, 2020-2025), “Zirvə” (Bakı, 2015-2025), “Zəfər” (Bakı, 2020-2025), “Ziya”, “Şərqin səsi”, “Şah dağı”, “Ləlvər dağı” (Bakı, 2020-2025) və s. kitab toplularında yer almışdır. Bu xüsuslar Gürcüstandakı Azərbaycan ədəbi prosesinin bir mühit faktı olaraq araşdırılmasını və öyrənilməsini güncəlləşdirən önəmli amillərdir.


Həyatı və elmi karyerası

Filologiya üzrə elmi tədqiqlərdə yazar və şairlərin bədii yaradıcılığıyla yanaşı, onların ömür yollarının da öyrənilməsi önəm kəsb edir. Akademik İsa Həbib-bəylinin vurğuladığı kimi, “Ədəbi şəxsiyyətlərin tərcümeyi halı yalnız şəxsi vərəqələrdəki göstəricilərlə müəyyənləşdirilməməlidir. Sənətkarların uzun illər boyu uğrunda mübarizə apardıqları böyük ideallar da digər adamlardan fərqli olaraq onların tərcümeyi hal dünyasına daxil olur. Hətta sənətkarların amal və idealları arasındakı ciddi fərqlər onların özünəməxsus, bənzərsiz ədəbi portretinin yaradılmasında mühüm əhəmiyyətə malik olur. Görkəmli romantik şair Abbas Səhhət də məsləkim tərcümeyi halımdır dedikdə həm də bunu nəzərdə tutmuşdur” (Həbibbəyli, 2004, s 4).
Məhz bu baxışla Şurəddin Məmmədlinin mənalı ömürlüyünə nəzər salmaqda, zəngin və çoxşaxəli elmi, ədəbi yaradıçılığının önə çıxan məqamlarından bəhs et-məkdə fayda vardır düşünürük. Xatırladırıq ki, hələ 1994-cü ildə Bakıda nəşr olunmuş “Çağdaş Borçalı ədəbi məktəbi” monoqrafiyamızda (ss 94-98, 146, 201), 1996, 2014 və 2015-ci illərdə Bakıda və Tbilisidə yayımlanmış “Bu dostluğun yaşı çox...” (Azərbaycan-gürcü ədəbi əlaqələri), 1997, 1998, 2000 və 2006-cı illərində Bakıda və Təbrizdə çap edilmiş “Gürcüstanda Azərbaycan mətbuatı (“Ziya”dan “Çənlibel”ədək)” və s. kitablarımızda, elmi jurnallardakı və qəzetlərdəki məqalələrimizdə, həmçinin “Gürcüstanda Azərbaycan ədəbiyyatının inkişaf meylləri (1960-2010)” mövzusunda 2016-cı ildə müdafiə etdiyimiz dissertasiyada və d. yazılarımızda Şurəddin Məmmədlinin elmi qənaətlərinə də müraciət etmişik.
Şurəddin Bahəddin oğlu Məmmədli 28 fevral 1956-cı il Gürcüstanın Bolnisi bələdiyyəsinin Kolagir kəndi doğumludur. 1973-cü ildə doğma kənddə orta məktəbi bitirib və A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (indiki İlya Universitetinin) filologiya fakültəsinin Azərbaycan bölməsinə daxil olub, 1978-ci ildə həmin bölməni fərqlənmə ilə bitirib. Gürcüstan radio və televiziya komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında tərcüməçi kimi əmək fəaliyyətinə başlayıb, hər gün saat 19.30-dan 20.00-dək efirə çıxmış “Danışır Tbilisi” verilişlərinin hazırlanmasında böyük əmək və qeyrət sərf edib.
1984-cü ildə Tbilisidə Azərbaycan dilində yeganə respublika mətbuat orqanı olan “Sovet Gürcüstanı” qəzetinə dəvət edilib, 2006-cı ilədək ədəbiyyat, incəsənət və mədəniyyət şöbəsi müdiri vəzifəsini icra edib. Paralel olaraq da vaxtilə ali təhsil aldığı institutda pedaqoji fəaliyyət göstərib. 1994-1997 illərində “Azərbaycan” (Bakı) qəzetinin, 1997-2007 illərində “Şərqin səsi” (Bakı) qəzetinin Gürcüstan təmsilçisi olub.
1999-2004-cü illərdə Tbilisi Humanitar Universitetində association professor (dosent) işləyib. 2004-cü ildə İvane Cavaxişvili Tbilisi Dövlət Universitetindən professor sertifikatı alıb. 2002-2006-cı illərdə Tbilisi Dövlət Universitetinin Kvemo Kartli filialında, Tbilisi Dövlət Pedaqoji Universitetinin Marneuli şöbəsində, 2007-2010-cu illərində Türkiyənin Qars Kafkas Üniversitesində, 2010-cu ildə Marneulidəki Gürcüstan Azərbaycan Tədris Universitetində professor dərəcəsində çalışıb.
Həm də səriştəli elmi çalışmalarını davam etdirib, Gürcüstan azərbaycanlılarının tarixi, etnoqrafiyası, mədəni-sosial varlığı haqqında mühüm tədqiqat əsərləri ərsəyə gətirib.
1988-ci ildə “19-cu yüzil Gürcü mətbuatında Azərbaycan ədəbiyyatı məsələləri” mövzulu namizədlik, 2004-cü ildə “Borçalı ədəbi mühiti (1920-ci ilə qədər)” mövzulu doktorluq dissertasiyalarını Bakıda Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müdafiə edib.
Gürcüstanın ali dövlət mükafatı olan “ღირსება” - “Şərəf” ordeninə layiq görülməsi onun vətəndaşı olduğu torpağa sədaqətinin təsdiqidir (https://azertag.az, 2022-10-10). “Türk Dünyasına Hizmət Ödülü” ilə təltif edilməsi də qoşa vətəndaşı olduğu Türkiyəyə və Türk könül coğrafiyamıza bağlılığının ifadəsidir.
2010-cu ilindən universitet müəllimi fəaliyyətini ömür gün yoldaşı, Gürcüstanda Azərbaycan dilli məktəblərimizin, təhsil yaddaşımızın tədqiqçisi Gülnara Qocayeva Məmmədova (Dr. Gülnara Goca Memmedli) ilə birlikdə Türkiyənin Ardahan Üniversitesində davam etdirir. Hazırda bu universitetdə bölüm başqanı (kafedra müdiri) görəvindədir.


Elmi yayınlarının təhlili

Ədəbiyyatşünaslıq sahəsində sanballı monoqrafiyaların, məqalələrin, elmi məruzələrin müəllifi Şurəddin Məmmədli son dərəcə işgüzar və zəhmətkeş elm xiridarı olaraq tanınır. “Paralanmış Borçalı”, “Alın yazımız”, “Borçalı ədəbi mühiti”, “Ədəbi Borçalı”, həmçinin, gürcücə “Gürcüstan azərbaycanlılarının ədəbi ənənələri”, “Səhnə ülfətimizdən” tədqiqat əsərləri populyardır.
Doğma yurdu Borçalının tarixi müqəddəratıyla ilgili hafizələrdən və arxivlərdən səbirlə topladığı materialları bir araya gətirərək, 1991-ci ildə “Paralanmış Borçalı…” adlı ilk kitabını oxucuların təqdirinə verdi. Bakıda “Azərnəşr”də işıq üzü görən bu kütləvi publisistik esse oxucular və ümumiyyətlə geniş ictimaiyyət arasında böyük maraq doğurdu. Şair Abbas Abdulla həmin kitaba “Borçalım: alınmaz qalam mənim” sərlövhəli ön sözündə: “Borçalı Güney Qafqazda ən qədim insan məskənlərindən biridir. Bu torpağın ilk sakinləri bizim ulu dədələrimiz olub… Qarapapaqlar miladdan öncə bu torpaqlara həyat gətirmiş, tarixdə Oğuz, Qıpçaq, Tərəkəmə, Yörük adlarıyla Doğu Anadolunun da ilk sahibləri olaraq tanınmışlar… Bunların hamısı bugünkü Azərbaycan Türklərinin soykökündə özlərinə möhkəm yer tutublar. Beləcə Borçalını Borçalı edən bir xalq bugün öz dədə baba yurdunda sıxışdırılır, diskriminasiyaya məruz qalır” deyə cəsarətlə vurğulamışdır (Məmmədli, 1991, 1995, s. 3).
Bəs necə olub ki, Borçalı parçalanıb? Borçalının yarısı nə vaxt, niyə və kimlər tərəfindən Ermənistana bəxşiş verilib?.. Bu suallar, əlbəttə, düşündürücüdür, maraqlıdır. Tarixi ədalət baxımından əhəmiyyətli olan həmin sualların cavablarını, eləcə də Borçalının uzaq və yaxın keçmişi haqqında ətraflı məlumatı oxucu 1991-də “Azərnəşr” tərəfindən işıq üzü görmüş “Paralanmış Borçalı və ya 1918-ci il Ermənistan-Gürcüstan müharibəsinin acı nəticəsi” kitabından tapa bilər (Borçalı, 1992). Böyük rəğbət qazanan bu kitab haqqında bir birinin davamınca mətbuat səhifələrində övgü dolu rəylər yayınlandı.
Müəllifi Borçalının yurdsevər övladı, Azərbaycan-Gürcüstan mədəni, tarixi, ədəbi əlaqələrinə dair məqalələri, habelə coşqun şeirləri, Gürcü ədəbiyyatından tərcümələri, elmi və publisistik yazıları ilə tanınan, “Gürcüstan” qəzetinin şöbə müdiri Şurəddin Məmmədli, rəyçisi Nəsib Nəsibzadə, redaktoru Firudin Ağazadə olan kitab haqqında “Azərbaycan müəllimi” qəzetinin 24 yanvar 1992-ci il və “20 Yanvar” qəzetinin 6 fevral 1992-ci il tarixli saylarında dərc etdirdiyimiz məqalədə (Borçalı, 1992) cəmi 5.000 nüsxəylə buraxılmış “Paralanmış Borçalı...”nın “tariximizi öyrənənlər, tədqiq edənlər və ümumiyyətlə bütöv Azərbaycan tarixiylə maraqlanan yurdsevər oxucular üçün böyük və əvəzsiz əhəmiyyətini nəzərə alaraq, daha böyük tirajla, həm də rus dilində də nəşrini” arzu etmiş, bunun “xeyirxahlarımıza mənəvi dayaq, bədxahlara isə görk olacağı”nı vurğulamışdıq (Borçalı, 1992). İlk tirajı qısa bir müddətdə tükəndiyindən “Paralanmış Borçalı…” 1995-ci ildə eyni nəşriyyatda 15 min tirajla təkrar yayımlanmışdı. 2008-ci ildə həmin kitab “Paralanmış Borçalı: Qarapapaq Cümhuriyyəti” adıyla İranda Farsca da nəşr edilmişdir.
1997-ci ildə alimimizin “Alın yazımız” adlı ikinci kitabı işıq üzü görmüşdür. Tbilisi Pedaqoji Universiteti Azərbaycan dili və ədəbiyyatı kafedrası müdiri, professor Valeh Hacıyevin redaktorluğuyla Gürcüstanın Samşoblo (vətən) nəşriyyatında hazırlanmış kitabda qədim Borçalı məmləkətinin keçmişi, dünəni və bugünü yönündə müəllifin araşdırmaları yer almışdır. Bir çox faktlar və sənədlər ilk dəfə üzə çıxarılaraq, Gürcüstandakı soydaşlarımızın, ağır ellərimizin mədəni-sosial varlığı ilk dəfə təfərrüatıyla işıqlandırılmışdır. “Əzəli qaynaqlar”, “Orta yüzillər”, “On səkkizinci yüzil”, “On doqquzuncu yüzil” və “İyirminci yüzil” bölmələrindən ibarət kütləvipublisistik açıqlamalarıyla geniş oxucu kütləsinə ünvanlanmış bu əsər müəllifin gərgin əməyinin barı bəhrəsi olmuşdur.
“6 il öncə 1991-ci ildə “Azərnəşr”də nəşr edilən və qısa müddətdə rəğbət toplayan “Paralanmış Borçalı” kitabı kimi, təcrübəli qələm sahibi Şurəddin Məmmədlinin “Alın yazımız” adlı ikinci kitabı da oxucular və bütün borçalısevərlər tərəfindən böyük maraqla qarşılanmışdır” (Borçalı, 1997). Kitab Gürcüstandakı soydaşlarımızın mənəvi mədəniyyətini araşdıranlar üçün sözün əsl mənasında masaüstü bələdçi rolunu oynamışdır.
Tbilisidə yayımlanmış, yerli qaynaqlar əsasında qələmə alınmış “Gürcüstanın xalq artisti İbrahim İsfahanlı” (1997) və “Səhnə ülfətimizdən” (1998) kitabları Gürcüstanda Azərbaycan teatrı mənzərəsini tam təsəvvür etməyə imkan verən dəyərli tədqiqat əsərləri kimi qiymətlidir. Kitabda qeyd edilmişdir ki, Tiflis teatrımızın müqtədiri İbrahim Hüseynzadə İsfahanlı güclü fəhmlə səhnənin hər cür incəliklərini duyuraq, daim çağlayan qüdrətli daxili ehtirasdan bacarıqla istifadə edən bu aktyor, rejissor fitrətən sənətkar doğulmuş, mətanəti, iradəsi və ən əsası alovlu sənət məhəbbəti ilə çətinliklərin fövqündə dayanmağı bacarmışdır.
“Səhnə ülfətimizdən” (1998) adlı kitabda Mirzə Fətəli Axundzadənin komediyası ünlü gürcü şairi Akaki Tseretelinin tərcüməsində 1898-ci yanvarın 31-də Tiflisdə Gürcü səhnəsində tamaşasının 100 illiyi münasibətilə topladığı araşdırmalar cəmlənmişdir.
2002-də Tbilisidə gürcücə yayımlanan “საქართველოს აზერბაიჯანელთა ლიტერატურული ტრადიციები” (Gürcüstan azərbaycanlılarının ədəbi ənənələri) əsərində Dədə Qorqud, Koroğlu, Aşıq Qərib dastanlarının Gürcüstan azərbaycanlılarının folkloruyla bağlılığına ilişkin faktlar ortaya qoyularaq, 16-20-ci əsrlərdə Gürcüstanda yaşayıb-yaratmış və gürcülərlə Azərbaycanlıların polad dostluğunu ilhamla tərənnüm etmiş onlarca azərbaycanlı şair, nasir, dramaturq, publisist və onların çoxsaylı əsərləri haqqında diqqəti çəkən bilgilər vermişdir (https://azertag.az, 2002-03-07). Bu əsər gürcü elm ictimaiyyəti tərəfindən də müsbət qarşılanmışdır. Professor Nodar Canaşia və dosent Otar Tabusadze yazmışlar: "Boynumuza almalıyıq ki, bizimlə eyni torpaqda, eyni günəş altında, eyni dərd sərlə, eyni sevinclə güzəran keçirən yüz minlərlə azərbaycanlı əhalimizin ədəbi mədəni həyatı haqqında çox az bilgiyə malikik. Məhz Şurəddin Məmmədlinin Gürcücə nəşr edilmiş bu kitabı bizə həmin sahədə önəmli bilgilər verir. Diqqətə layiqdir ki, Gürcüstan azərbaycanlılarının aşıq sənəti bütün Türk aləmində ən öncül yer tutur” (Əbdülrəhmanlı, 2025, s 6).
Ustad alimin 2000-2005-ci illərdə yayımlanan “Borçalı ədəbi mühiti: qaynaqları, təşəkkülü, inkişafı”, “Ədəbi Borçalı: bədii ədəbiyyatda Borçalı mövzusu”, “Gürcüstan azərbaycanlılarının ədəbi ənənələri”, “Azərbaycan ədəbiyyatının Borçalı qolu”, “Borçalı-Ahıska-Kars ortaq ədəbi arealı”, “Kəlamına min şükür”, “Gürcüstan Azərbaycanlıları” kitablarında Gürcüstandakı Azərbaycan ədəbi mühitinin dolğun mənzərəsi gözlər önündə sərilir, Gürcüstandakı varlığımız pasportlaşdırılır.
2016-cı ildə Almaniyanın LAP (Lambert Academic Publishing) uluslararası yayınevində ərsəyə gəlmiş “Gürcistan Azeri Türklerinin Âşık Şiiri Gelenekleri” monoqrafik kitabıında Borçalı'da ortaya çıkan əzəl, özəl, gözəl aşıq sənəti məhsulları incələnməkdədir (Məmmədli, 2016).
2018-də Bakıda Akademik Mədəd Çobanov adına Beynəlxalq Xeyriyyə Fondu tərəfindən “Borçalı” nəşriyyatında təqdimlənən “19-cu yüzil Azərbaycan Gürcü teatr ülfəti” adlı monoqrafiyasında Tiflis Azərbaycan teatrının ilk qədəmləri, Axundzadənin Lənkəran xanının vəzirinin sərgüzəştləri komediyasının Gürcü səhnəsində tamaşası barədə ilkin məxəzlər, xatirələr və başqa qaynaqlar əsasında önəmli faktlar irəli sürülür (Çobanova, 2018). Müəllif önsözdə yazır: “1980-2000-ci illərdə elmi dissertasiya mövzumla ilgili Gürcüstanın və Azərbaycanın arxivlərini, qəzetlərini, jurnallarını birər birər irdələyərkən Azərbaycan Gürcü teatral ilişkilərinə aid də çoxsaylı materiallar toplamışdım. Bu tapıntılar işığında bir neçə məqalə dərc etdirmişəm. Bu mövzuda kitab da yayımlatmaq istəyirdim. Üzərində daha ciddi işləmək inadıyla kitabın nəşri bu günə qədər yubanmışdır. Adından bəlli olduğu kimi, əsərimizin mövzusu zaman və içərik müstəvisindən konkretdir, yalnızca 19-cu yüzilin ikinci yarısını, Azərbaycan və Gürcü xalqları teatr əlaqələrini əhatə etməkdədir... Mövzuya ilişkin təməl tədqiqatlar incələmə süzgəcindən keçirilməkdədir. Dolayısıyla, hörmətli ustad professor Abbas Hacıyevin Tiflis Azərbaycan teatrının fəaliyyətiylə ilgili kitablarının, məqalələrinin güncəlliyini xüsusi vurğulayaraq, bu mövzuda araşdırmalarımın, incələmələrimin sonuclarını qiymətli oxucuların, mütəxəssislərin təqdirinə təqdim etməkdəyəm.” (Məmmədli, 2002, s. 3-4).
Həmin dövrdəki ədəbiyyat-incəsənət ilişiklərinin diqqətə layiq iki önəmli faktı - Tiflisdə Azərbaycanca ilkin tamaşalar və Azərbaycan klassik dramnəvisi Mirzə Fətəli Axundzadənin ölümsüz komediyasının ünlü şair Akaki Tseretelinin tərcüməsində gürcücə səhnələşdirilməsi önə çəkilməkdədir. Məxəzlər sözü keçən dövrə aid Tiflisin, qismən də Bakının arxivlərindəki önəmli bəlgələr, Tiflisin Azərbaycanca, gürcücə, rusça dövri qəzetləri, jurnallarıdır. O cümlədən, Gürcüstan milli arxivinin, Gürcüstan teatr muzeyinin, Gürcüstan əlyazmalar milli mərkəzinin, Azərbaycan əlyazmalar institutunun aidiyyətli materialları, Tiflisdə gürcücə yayınlanmış “Akakis tviuri krebuli”, “Droeba”, “İveria”, “Kvali”, “Teatri”, “Tsiskari”, “Tsnobis purtseli”, Azərbaycan dilində “Kəşkül”, “Ziya”, rusca “Kavkaz”, “Novoe Obozrenie”, “Tiflisskiy listok” və digər mətbu nəşrlərin ilgili yazıları araşdırmaya cəlb edilib. Kitabın “Tiflisdə Azərbaycan teatrının qədəmləri” adlanan birinci bölümündə Gürcüstanda Azərbaycan xalq teatrı gələnəkləri, Tiflisdə Azərbaycanca başlanğıc tamaşaları, Tiflis Azərbaycan səhnəsinin ilkin repertuarı, Tiflisli ilk səhnə fədakarlarımız haqqında məlumatlar verilir. “Axundzadənin əsəri gürcü səhnəsində” adlanan ikinci bölümdə “Xanın Vəziri” komediyasının gürcücə səhnə həlli, tamaşanı gerçəkləşdirənlər haqqında orijinal bilgilər diqqətə çatdırılır. M. F. Axundzadə gürcü mətbu teatr tənqidi meyarında mövzusu ilk dəfə olaraq elmi incələməyə cəlb edilir.
Professor qələmdaşımız Türkiyədəki yayınlarında da Gürcüstandakı varlığı-mızın faktoqrafik sübutlarıyla zəngin araşdırmalarını daha geniş arealda oxuculara təqdim edir. “Gürcistan'da Türk edebiyatı” (Ərzurum, 2018), “Azərbaycan ədəbiyyatı Gürcü mətbuatında: 1850-1905” (Ankara, 2022), “Gürcüstan-Azərbaycan teatr dostluğu: 19-cu yüzil” (Ankara, 2024) vs monoqrafiyaları məhz bu cəhətdən dəyərlidir.
2022-ci ildə işıq üzü görmüş “Azərbaycan ədəbiyyatı gürcü mətbuatında (1850-1905)” monoqrafiyası (Ankara: Sonçağ Akademi yayınları) müəllifin 1988-ci ildə müdafiə etdiyi PhD dissertasiyası zəminində hazırlanmışdır. Kitabda 1850-1905-ci illərdə Tiflisin gürcücə nəşr olunmuş dövri mətbuatda Azərbaycan ədəbiyyatıyla ilgili yazılar elmi irdələmə, araşdırma müstəvisinə alınır, mətbu materiallar işığında ədəbi əlaqələrimizin əhatəli bir mənzərəsi göz önündə canlandırılır. Xoş məramlı gürcü ictimaiyyətinin Azərbaycan xalqına, mədəniyyətinə, ədəbiyyatına rəğbətinin ifadəsi əyani olaraq gürcü mətbuatında seyr edilir.
Həmmüəllifi olduğu “Türkiye Türkçesi - Azerbaycan Türkçesi: farklı sözcükler” (Ankara, 2023) lüğəti praktik önəmiylə diqqəti çəkir. Formaca eyni, mənaca müxtəlif sözlər təkcə danışıqda və yazıda deyil, tərcümədə də tez-tez önümüzə çıxır, çox zaman yanlış anlaşılmalara səbəb olur. Böyük zəhmət tələb edən bu çalışma məhz həmin yanıldıcı kəlmələri ehtiva edir.
Şurəddin Məmmədli bu gün də elmi araşdırmalarında Borçalı ədəbiyyat mühitini və Azərbaycan-Gürcü ədəbiyyat-mədəniyyət əlaqələrini süzgəcdən keçirməkdədir. O, beynəlxlq elmi konfranslarda və simpoziumlarda fəal iştirak edir, elmi məruzələriylə alimlərin diqqətini doğma Borçalıya yönəldir.
Alimin elmi fəaliyyətinin başlıca yönlərindən biri də Borçalıda yaşamış maarifçilərin, şairlərin, yazıçıların, publisistlərin, el şairlərinin, aşıqların hayatlarını və əsərlərini aşkarlayıb araşdırmaqdır. “Borçalı aşıqları” (həmmüəllif) toplusu, “Azərbaycan klassik ədəbiyyatının Tiflis əlyazma nüsxələri”, “Azərbaycan poeziyasında Novruz”, “Aşıq Şenlik və Borçalı”, “Kəpənəkçi Emin Ağa”, “Şair Zabit kimdir”, “Ziya Borçalı və cüng bəyazı”, “Borçalı ədəbi mühiti: qaynaqları, inkişafı”, “Gürcüstanda aşıq sənətinin öncülləri”, “Gürcüstanda Azərbaycan ədəbiyyatının inkişafı mərhələləri” və s. kimi sanbalı elmi məqalələriylə məhz bu missiyanı bacarıqla yerinə yetirmişdir.
Azərbaycan-gürcü ədəbi ünsiyyətinin tədqiqatçısı və təbliğatçısı kimi bu ədəbi dostluğumuzun ortaq yönlərini önə çəkməkdədir. Özünün qeyd etdyi kimi, coğrafi durumumuzun, iqlim ortamımızın oxşarlığı, eyniliyi minillərin işıq, su, hava, torpaq qonşuları olan bu iki xalqı çox vaxt əkində, biçində, yaylaq yerində, qışlaq yolunda görüşdürmüş və bu, onların bədii sözündə səsləşmə doğurmuşdur. Bizdə “Gün çıx çıx” mərasim nəğməmiz olduğu sayaq, gürcülərdə də “Mze amodi amodi”, yəni eynilə “Gün çıx çıx” nəğməsi var. Gürcülərin əzəl əkin-biçin, süfrə nəğmələrində Gəncə, Bakı, Göy Xəzər məkan adları tez-tez xatırlanır. Qədim bir gürcü xalq mahnısında “Tatarits şeni dzmaa”, yəni “Azərbaycanlı da sənin qardaşındır” deyilir. Özünün tədqiqat əsərlərində bu cür oxşar tipolojilərin qarşılıqlı olduğunu vurğulayan, “Avesta və gürcü tədqiqatçısı”, “12-ci yüzyıl gürcü şairi Şota Rustaveli və Novruz”, “Akaki Tsereteli Mirzə Fətəli Axundzadə haqqında” və s. məqalələriylə Azərbaycan-gürcü ədəbiyyat ülfətinə vacib töhfələr verir. Həmçinin də təcrübəli tərcüməçi kimi gürcücədən bədii çeviriləri iki mehriban xalq arasındakı mənəvi körpünü bir qədər də möhkəmləndirir. Gürcüstanda gəlişən Azərbaycan ədəbiyyatı kimi, burada tərcümə sahəsində addımlar, yayımlanmış kitablar geniş və hərtərəfli təhlil üçün faktllarla zəngindir və bunlar problemin həllində önəmli rol oynayır.


Şairliyi haqqında

Şurəddin Məmmədli həm də istedadlı lirik şair kimi bilinir. Qarapapaq təxəl-lüsüylə yazdığı coşqun, cəngi axarlı şeirləri “Çeşmə” (1980), “Dan ulduzu” (1987, 1989, 1990), “Ağır elli Borçalı” (1990), “Dağlar dərdə düşsə” (1992), “Addımlar” (1996, 1997), “Ədəbi Gürcüstan” (2007, 2012), “Azərbaycan ədəbiyyatı antolo-giyası: Borçalı” (2008), “Sazlı-sözlü Başkeçid” (2015-2025), “Sazlı-sözlü Borçalı” (2015-2025), “Bolnisi: dünən və bu gün” (2015-2025), “Zirvə” (2015-2025), “Anadoludan Kafkaslara” (2019) və s. ədəbi məcmuələrdə, almanaxlarda, qəzet və jurnallarda işıq üzü görüb. Seçmə qoşqularından ibarət “Borçalıda sular axar...” kitabı 1997-ci ildə Tbilisidə oxucuların təqdirinə verilib.
Müqəddəs ata yurduna, doğma elinə-obasına qırılmaz tellərlə bağlı olan şairin şeirləri ana Kürün, Anaxatırın pıçıltıları misallı coşqundur. Onun lirik pıçıltılarında minillik yaddaş var, insanın əhədini kəsən ayrılıq var, şipşirin qovuşma arzusu var.

Orda-burda Kür adında sonam var,
Orda-burda Qarayazı uzanar,
Orda-burda qovuşuqdur şah dağlar,
Anadan ayrılmış baladır yurdum!


Ana dilini, ana vətənini, doğma kəndini, ata yurdunun müqəddəs, bərəkətli torpağını, sevimli el-obasını böyük sevdayla tərənnüm edir.

Göz açır dünyaya insan beşikdə...
Analar laylayla durur keşikdə…
Müqəddəs beşikdir sevdiyim vətən...
Qoynunda uyuyan bir körpəyəm mən!


Yaxud:

Bilmirəm, bu şeri necə yazardım,
Öz duyğu odumda alışmasaydım.
Yəqin kəsə yolu çoxdan azardım,
Mən yurdum naminə çalışmasaydım!


Alim şairimizin “Babakər”, “Beşik”, “Vətən”, “Yarandım ki…”, “Düşünək dünyanın taleyini biz” və s. şeirləri bu qəbildəndir.
1990-cı illərdə Bolnisi bələdiyyəsində türkcə toponimlərin, qədim-qayım yer-yurd adlarımızın dəyişdirilməsinə qarşı həyəcan təbili çalaraq belə hayqırmışdır:

Bu torpaqda ocaq mənim,
Od mənimdir, dəymə ona!
Bu torpaqda ağac mənim,
Ot mənimdir, dəymə ona!

Kök atdığım yurddur bu yurd...
Hər qəbirdə dərd uyuyur...
Nər nər oğullar böyüyür...
Dad mənimdir, dəymə ona!

Tanrı şahid, elat qədim...
Bu elatda qıryat qədim...
Bu kənd qədim, bu ad qədim...
Ad mənimdir, dəymə ona!
(Məmmədli, 1997).


Mənsub olduğu toplumla daim birgə nəfəs alan, xalqının uğurlarına sevinən, dərdlərinə şəriklənən, ağrılarına acıyan, hər daim haqqın, ədalətin yanında duran, azadlıq carçısı, qeyrət qalası, şərəf simvolu kimi tanınan alim şairimiz “Haqqım hey!..” şeirində ədalət(sizlik) dünyasına xitabla yazır:

Xalqa qəsd olardımı?
Haqqa qəsd olardımı?
Qulaqların kardımı,
Ədalət, hey!.. Haqqım, hey?!

Azadlıq! Adın şirin!
Azadlıq! Dadın şirin!
Gözündən vurub şərin
Hayqırım, hey!.. Qalxım, hey!..

Şəhidlərim anddımı?
Sabahım əyandımı?
Axır ki, oyandımı
Millətim, hey!.. Xalqım hey!..


Çənlibeldə çəkdiyi nərənin səsi, Misri qılıncının şaqqıltısı, Qıratının şücaəti, qəhrəman dəlilərinin igidliyi, telli sazının zənguləsi turan ellərinə yayılan Qoç Koroğluya müraciətlə cəngi haraylı “Haydı, qoç Koroğlu, haydı” şeirində çağırış motivi güclüdür:

Nəvələrin düşüb dara,
Haydı, qoç Koroğlu, haydı!
Qövr eləyir dərin yara,
Hoydu, qoç Koroğlu, hoydu!..

Çənlibeldə duman, çəndir...
Andımız Torpaq, Vətəndir...
Nər igidlər himə bənddir...
Huy de, qoç Koroğlu, huy de!

Dəliləri başına yığ,
Telli sazı köksünə sıx,
Haqqı çağır, nahaqqı yıx,
Hay de, qoç Koroğlu, hay de!
Haydı, qoç Koroğlu, haydı!


Şöhrətli yurddaşımız, akademik Kamal Talıbzadənin yubileyinə ithaf etdiyi şeirində şair yazır:

Elmin kəhkəşanında
Ulduzlar nurlu nurlu uğurların...
Gərilmiş qanadların...
Amaldır...
Kamaldır...
Kamal müəllim...
Borçalımda körpə körpə oğulların...
Hərəsi bir Nəriman...
Hərəsi bir Şaiqdir...
Hərəsi bir Kamaldır...
Kamal müəllim...


Başqa bir şeirində də səlis deyir:

Köküm - Qarapapaq...
Köçüm - qara torpaq...
Ovqatım pakdı, pak...
Nərəm, nər olacam...

Borçalı - öz yurdum,
Burda binə qurdum,
Səf səf durur ordum...
Varam, var olacam!..


Şurəddin Qarapapağın “lirik məni yeri gələndə qalxıb kükrəməyi, öz haqqımı istəməyi, sinəsini şərə qalxan eləməyi də bacarır.” (Əbdülrəhmanlı, 2025, s. 6).


Nəticə

Ulu Borçalımızın, ümumən Azərbaycanımızın görkəmli alimləri, dəyərli ziyalıları, istedadlı qələm sahibləri arasında özünün orijinal tədqiqatçı tərziylə, zəngin və kamil elmi-ədəbi irsiylə, həmçinin pedaqoji və ictmai fəaliyyətləriylə seçilən professor Şurəddin Məmmədli zəhmətkeş alim, təcrübəli müəllim, bacarıqlı publisist, prinsipial jurnalist, peşəkar tərcüməşi, yurd duyğulu şairdir. El obasını sevən, millətinə, məmləkət torpağına vurğun olan alim şairin həm elmi tədqiqlərində, həm də poeziyasında Borçalı sevdası var, Borçalı ədəbi mühitinin təsdiqi var.
Ana vətənin vətəndən qırağındakı ziyalımız professor Şurəddin Məmmədlinin həyat və yaradıcılığının milli ədəbiyyat və mədəniyyət xəzinəmizin öyrənilməsi kontekstində daha konkret və müfəssəl araşdırılması güncəl əhəmiyyət daşıyır.

P.S.: 2026-cı il fevralın 28-də dəyərli söydaşımız, görkəmli Borçalışünas-ədəbiyyatşünas alim, təcrübəli jurnalist, xoş avazlı şair-tərcüməçi, vətənpərvər, yurdsevər, qayğıkeş və xeyirxah insan, dostcanlı ağsaqqal, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin 70 yaşı tamam olur. Biz də fürsətdən istifadə edərək, hörmətli ziyalımızı yubileyi münasibətilə ürəkdən təbrik edirik, ustadımıza uzun ömür, cansağlığı, şəxsi həyatında, çoxşaxəli elmi, ədəbi-bədii yaradıcılığında, pedaqoji və ictimai fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!..


Ədəbiyyat:

1. Borçalı, Müşfiq (1992). “Paralanmış Borçalı”. “Azərbaycan müəllimi” qəzeti, Bakı, 24 yanvar; “20 Yanvar” qəzeti, Bakı, 6 fevral.
2. Borçalı, Müşfiq (1996, 2014, 2015). Bu dostluğun yaşı çox... Bakı; Tbilisi.
3. Borçalı, Müşfiq (1997). Yeni nəşrlər. “Təhsil” qəzetu, Bakı, sentyabr, 95.
4. Çobanlı (Borçalı), Müşfiq (1990, 1996). Ağır elli Borçalı: Çağdaş Azərbaycan şairləri Borçalı haqqında. Bakı; Ərzurum.
5. Çobanlı (Borçalı), Müşfiq (1997, 1998, 2000, 2006). Gürcüstanda Azərbaycan mətbuatı: “Ziya”dan “Çənlibel”ədək. Bakı; Təbriz.
6. Çobanov (Borçalı), Müşfiq (2016). Gürcüstanda Azərbaycan ədəbiyyatının in-kişaf meylləri (1960-2010). Dissertasiya, Bakı.
7. Çobanova, Aygül (2018). Ədəbiyyatşünas alim Şurəddin Məmmədlinin kitabı. Zim.az, 12 fevral.
8. Əbdülrəhmanlı, Nəriman (2025). Yaddaş və alın yazısı. Gürcüstan, qəzet, Tbilisi, 81-82.
9. Həbibbəyli, İsa (2004). XX əsrin əvvəlləri Azərbaycan yazıçıları. Bakı: Nurlan.
10. Mədədoğlu (Borçalı), Müşfiq (1994). Çağdaş Borçalı ədəbi məktəbi. Bakı: Azərbaycan.
11. Məmmədli, Şurəddin (1987). İlyanın “İveriya”sı və Azərbaycan ədəbiyyatı. “Sovet Gürcüstanı”, qəzet, Tbilisi, 7 iyul.
12. Məmmədli, Şurəddin (1991). Gürcü ədəbiyyatından ərməğan. “Gürcüstan”, qəzet, Tbilisi, 25 iyul.
13. Məmmədli, Şurəddin (1991, 1995). Paralanmış. Bakı: Azərnəşr.
14. Məmmədli, Şurəddin (1997). Alın yazımız. Tbilisi: Samşoblo.
15. Məmmədli, Şurəddin (1997). Borçalıda sular axar... Tbilisi: Kolori.
16. Məmmədli, Şurəddin (2000). Borçalı ədəbi mühiti: qaynaqları, təşəkkülü, inkişafı. Bakı: Elm.
17. Məmmədli, Şurəddin (2002). Ədəbi Borçalı: bədii ədəbiyyatda Borçalı möv-zusu. Bakı: Borçalı NPM.
18. Məmmədli, Şurəddin (2003). Azərbaycan ədəbiyyatının Borçalı qolu. Tbilisi: Kolori.
19. Məmmədli, Şurəddin (2006). Gürcüstan Azərbaycanlıları. Tbilisi: Kolori.
20. Məmmədli, Şurəddin (2007). Tarix boyunca Azərbaycan-Gürcü ədəbi əlaqələri. Qarapapaqlar, dərgi, Marneuli, 5.
21. Məmmədli, Şurəddin (2016). Gürcistan Azeri Türklerinin Âşık Şiiri Gele-nekleri. Almanya: LAP.
22. https://azertag.az/gurcustan_azerbaycanlilarinin_edebi_eneneleri-882488. AzerTAc, 2002-03-07.
23. https://azertag.az/soydasimiz_gurcustanin_ali_mukafatina_layiq_gorulmusdur-962786. AzerTAc, 2002-06-06.
24. https://azertag.az/soydasimiz_gurcustan_milli_akademiyasinin_-heqiqi_uzvudur-968399. AzerTAc, 2002-10-10.



RESEARCH BY Prof. Dr. SHUREDDIN MEMMEDLI
IN THE CONTEXT OF THE LITERARY RICHNESS OF BORCHALY


MUSHFIG BORCHALI (CHOBANOV)
Azerbaijan Technical University, PhD in Philology
ORCID 0009-0008-86842722; [email protected]


Summary


The article discusses the Azerbaijani literature that emerged in Georgia and the Tbilisi literary critic, especially the one who grew up in this literary environment, who showed fruitful activity as a hardworking scholar, experienced teacher, talented poet, skilled publicist, principled journalist, professional translator and public figure, and was recognized as one of the pioneers of the contemporary literary environment. At the same time, he devoted a large part of his life to the study of this literary environment and conducted a number of commendable studies in this field. The meaningful life of the prominent literary critic and scholar Academician Shureddin Memmedli, who enriched the study of Borchaly with a number of valuable works in the field of literary studies and literary criticism, which have been turned into scientific facts in Azerbaijan, Georgia and Turkey, is considered, and his rich and multifaceted scientific and artistic creativity is examined.
It is shown that he was born and raised in Borchaly, worked for a while in the editorial office of the Azerbaijani language programs of the Georgian Radio and Television Broadcasting Committee, then in the “Gürcüstan” (Georgian) newspaper, the only official state press published in Azerbaijani in Tbilisi and Georgia in general, and later worked as a teacher at the Tbilisi State Pedagogical University and the Tbilisi Humanitarian University, and currently continues his scientific and pedagogical activities in fraternal Turkey, and is the head of the Department of Modern Turkish Dialects and Literatures at the University of Ardahan and Head of the Delegation of the International Charity Foundation named after Academician Madad Chobanov in the Republic of Turkey, our esteemed colleague, prominent literary scholar, Doctor of Philological Sciences, Professor, Shureddin Memmedli, is also engaged in scientific research as a Borchaly scholar, studying the past of Borchaly, the past and present of this ancient land, as well as the history of Georgian Azerbaijanis, He conducts commendable research on ethnography, cultural, socio-economic life. At the same time, the research works of Shureddin Memmedli, known as a very active and hardworking researcher and scholar, who is the author of dozens of books, several valuable research works, hundreds of scientific articles and publicistic writings on Azerbaijani-Georgian literary and cultural relations, are positively received and highly appreciated in the scientific circles of Azerbaijan, Georgia, and Turkey.
In 2002, for his outstanding services in the study of Georgian-Azerbaijani literary and cultural relations, involvement in scientific research, development of scientific and literary relations, fruitful scientific and literary activity, and high-level translation of works of Georgian classics into Azerbaijani, our valuable compatriot - Shureddin Memmedli, who was awarded the highest state award of Georgia, the Order of ღირსება Honor. In 2004, he was awarded the “Golden Book” for his achievements in scientific activity and the “Borchaly” award for his services in the study of the literature and history of Azerbaijanis in Georgia. In 2019, he was awarded the “Service to the Turkic World” award for his scientific research.

Keywords: Georgia, Tbilisi, Azerbaijan, literary environment, literature, literary criticism, poetry, national, press, literary relations, literary translation, scientist, poet, translator, Shureddin Memmedli.


BORÇALIŞÜNASLIQ BAĞLAMINDA
Prof. ŞURƏDDİN MƏMMƏDLİNİN TƏDQİQLƏRİ


MÜŞFİQ BORÇALI (ÇOBANOV)
Azərbaycan Texniki Universiteti, filologiya üzrə fəlsəfə doktoru
ORCİD 0009-0008-86842722; [email protected]


Xülasə


Məqalədə Gürcüstandakı Azərbaycan ədəbiyyatı və bu ədəbi mühitdə yetişmiş, zəhmətkeş alim, təcrübəli müəllim, istedadlı şair, prinsipial jurnalist, peşəkar tərcüməşi və ictimai xadim, çağdaş ədəbi gedişatın öncüllərindən biri kimi tanınmış, fəaliyyətnin əsas qismini Borçalı ədəbiyyat gələnəyinin tədqiqinə həsr etmiş, ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində qələmə aldığı, Azərbaycanda, Gürcüstanda və Türkiyədə elmi dəyər qazanmış bir sira qiymətli əsərləriylə Borçalışünaslığı zənginləşdirmiş professor Şurəddin Məmmədlinin (1956) mənalı ömür yoluna nəzər salınır, onun kamil və çoxşaxəli elmi və bədii yaradıçılığı irdələnir.
Borçalıda doğulub boya başa çatan, bir müddət Gürcüstan radio və televiziya komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında, Gürcüstanda Azərbaycanca yeganə rəsmi dövlət mətbuatı olan “Gürcüstan” qəzetində şöbə müdiri, Tbilisi Pedaqoji Universitetində müəllim, Tbilisi Humanitar Universitetində kafedra müdiri işləmiş, hazırda pedaqoji fəaliyyətini qardaş Türkiyədə davam etdirən, Ərdahan (Ardahan) Universitetində Çağdaş Türk ləhcələri və ədəbiyyatları bölümü başqanı (kafedra müdiri) və Akademik Mədəd Çobanov adına Beynəlxalq Xeyriyyə Fondunun Türkiyə Respublikasındakı nümayəndəliyi rəhbəri vəzifəsində şərəflə çalışan, filologiya elmləri doktoru, professor, Gürcüstan Milli Akademiyasının (özəl) həqiqi üzvü Şurəddin Məmmədli həm də Borçalışünas olaraq davamlı şəkildə elmi tədqiqatla məşğul olur, bu ulu diyarın dünənini, bugününü araşdırır, habelə Gürcüstan azərbaycanlılarının tarixi, etnoqrafiyası, mədəni-sosial həyatı haqqında təqdirə şayan faktlar üzə çıxarır. Öncəlikli olaraq, Azərbaycan-Gürcü ədəbi-mədəni əlaqələrinə dair onlarca kitabın, bir-birindən önəmli neçə-neçə tədqiqat əsərlərinin, yüzlərcə elmi məqalənin və mətbu publisistik yazıların müəllifi kimi tanınan Şurəddin Məmmədlinin qələm məhsulları həm Azərbaycanın, həm Gürcüstanın, həm də Türkiyənin elmi ictimaiyyətində yüksək qiymətləndirilir. Qarapapaq təxəllüsüylə yazdığı lirik və cəngi ovqatlı şeirləri də oxucular tərəfindən maraqla qarşılanır.
Dəyərli soydaşımız 2002-ci ildə Gürcüstan-Azərbaycan ədəbi-mədəni münasibətlərinin araşdırılmasında, elmi tədqiqata cəlb edilməsində, elmi-ədəbi əlaqələrinin inkişafındakı görkəmli xidmətlərinə, səmərəli elmi-ədəbi fəaliyyətlərinə, Gürcü klassik şair və yazarlarının əsərlərini Azərbaycan dilinə üstün səviyyədə tərcümə etdiyinə görə Gürcüstanın ali dövlət mükafatı olan “ღირსება” - “Şərəf” ordeninə layiq görülüb.
2004-cü ildə elmi fəaliyyətindəki uğurlarına görə “Qızıl Kitab” və Gürcüstan azərbaycanlılarının ədəbiyyatının, tarixinin tədqiqindəki xidmətlərinə görə “Borçalı” mükafatlarına da sahiblənib. Həmçinin 2019-cu ildə önəmli elmi araştırmalarına görə Türk Dünyasına Hizmət Ödülü ilə təltif edilib.

Açar sözlər: Azərbaycan-Gürcü ədəbi əlaqələri, Borçalı ədəbi mühiti, Gürcüstan azərbaycanlıları, Tiflis, ədəbiyyat, ictimai xadim, ədəbi tənqid, poeziya, milli, mətbuat, ədəbi əlaqələr, bədii tərcümə, alim, şair, jurnalist, tərcüməçi, Şurəddin Məmmədli.


MÜŞFİQ BORÇALI: "BORÇALIŞÜNASLIQ BAĞLAMINDA  Prof. ŞURƏDDİN MƏMMƏDLİNİN TƏDQİQLƏRİ"MÜŞFİQ BORÇALI
Azərbaycan Texniki Universiteti,
"ZİYA" qəzetinin,
"ZİYA" və "TURAN”
İnformasiya Mərkəzlərinin,
"ZİYA" və “Turan”
Beynəlxalq dərgilərinin,
ZiM.Az, Ziya.info.Az,
Elm.İnfo.Az və Turan.İnfo.Az
saytlarının Baş redaktoru,
Filologiya üzrə fəlsəfə doktoru,
AYB-nin, AJB-nin və
Turan YB-nin üzvü,
Prezident mükafatçısı

ZiM.Az
Aem.Az
Elm.İnfo.Az
Yurd.İnfo.Az
Ziya.İnfo.Az
Turan.İnfo.Az
Zirve.İnfo.Az
Zefer.İnfo.Az
Bolnisi.Az
Borcali.org




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Müşfiq Borçalının  “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ...

Müşfiq Borçalının “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalının Praqanın nüfuzlu jurnalında daha bir elmi məqaləsi çap ol ...

Müşfiq Borçalının Praqanın nüfuzlu jurnalında daha bir elmi məqaləsi çap ol ...

Yeni nəşrlər, Humanitar elmlər, Elmi Məqalələr, AzTU, Avropa, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalının Avropanın nüfuzlu jurnalında elmi məqaləsi çap olunub

Müşfiq Borçalının Avropanın nüfuzlu jurnalında elmi məqaləsi çap olunub

Yeni nəşrlər, Humanitar elmlər, Elmi Məqalələr, Ədəbi əlaqələr, Avropa, Gürcüstan, Müşfiq Borçalı
“GECİKMİŞ MƏHƏBBƏT”

“GECİKMİŞ MƏHƏBBƏT”

Yeni nəşrlər
Milli Məclisin Komitə sədri Baş redaktoru təbrik etdi

Milli Məclisin Komitə sədri Baş redaktoru təbrik etdi

Milli Məclis, Humanitar elmlər, AzTU, Turan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Zirvə.info, Müşfiq Borçalı
YUBİLEYİNİZ MÜBARƏK, ƏZƏZ və HÖRMƏTLİ EMİN ELSEVƏR!..

YUBİLEYİNİZ MÜBARƏK, ƏZƏZ və HÖRMƏTLİ EMİN ELSEVƏR!..

Humanitar elmlər, Başkeçid, Təbriklər
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb

Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
PROFESSOR BƏDİRXAN ƏHMƏDLİNİN 3 CİLDLİK FUNDAMENTAL DƏRSLİYİ ÇAP OLUNUB

PROFESSOR BƏDİRXAN ƏHMƏDLİNİN 3 CİLDLİK FUNDAMENTAL DƏRSLİYİ ÇAP OLUNUB

Yeni nəşrlər, Humanitar elmlər
SEVİMLİ ŞAİRİMİZ, BUTALAR BUTASI SƏADƏT BUTANIN “MƏN TÜRKƏM” ADLI YENİ BİR  ...

SEVİMLİ ŞAİRİMİZ, BUTALAR BUTASI SƏADƏT BUTANIN “MƏN TÜRKƏM” ADLI YENİ BİR ...

Yeni nəşrlər, Başkeçid, Təbriklər

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 13-cü toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Borçalının sənət butası Səadət Buta

Borçalının sənət butası Səadət Buta

Tv
BORÇALI ZİYASI

BORÇALI ZİYASI

Elm, AzTU, Bolus, Darvaz, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti
29-cu Dədə Camal Məclisi:

29-cu Dədə Camal Məclisi: "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu ...

"Borçalı" Cəmiyyəti
KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

Yeni nəşrlər, MEDİA, Gürcüstan, Darvaz, Müşfiq Borçalı
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflis, Borçalı, Darvaz, Arxiv
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
ƏZiZ DOSTLAR!...

ƏZiZ DOSTLAR!...

Əsas xəbər, Azərbaycan, Müsabiqə, Borçalı, Arxiv, Haqqımızda, Dünya
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Əsas xəbər, Borçalı, Darvaz, Arxiv
Rəy yazın: