Elçin Kamalın 60 illik yubileyidir ADPU, MEDİA, Təbriklər 9 августа 2025 103 100 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Qrup yoldaşlarımız, əzizlərimiz bir-bir 60 yaşın qapısını döyür. Həm sevinirəm, şükür edirəm, həm də nə gizlədim, qüssələnməyə də bilmirəm. Ömrün qürubuna yaxınlaşırıq hər halda.Bu gün də Elçin Kamalımızın, necə deyərlər, qrupumuzun qaymaqlarından birinin ad günü və 60 illik yubileyidir. Məni tanıyanların heç birindən gizli deyil, Onun AZƏR.TAC-da - ölkənin ən vacib xəbər portalında çalışmasından həmişə qürur hissi duymuşam. Çünki onun qeyri-adi bir insan, istedadlı bir jurnalist, hərtərəfli dərin düşüncəyə və analitik zəkaya malik olmasına hər zaman qəlbən inanmışam.Mənimlə birlikdə "Libraff" və "TEAS Press" əməkdaşlarından mənə yaxın olanların "Mərcanın Hünkarı" deyə tanıdığı Elçin hələ tələbəlik illərindən çox fərqli, bütün standartlardan kənar bir insandı. Sovet ali təhsilinin bütün nizam-intizam tələblərinin qeyd-şərtsiz icraçısı olan mən, sözün açığı, o vaxtlar bu istədiyi dərsə girən, istədiyinə girməyən (hətta fakültənin qarşısında zağ-zağ kəsdiyi Tağı Xalisbəylinin belə), amma cavab verəndə dərin və hərtərəfli biliyi ilə bizi mat qoyan bu oğlanı heç cür başa düşmürdüm. Gözə girmək, özünü reklam etmək yoxdu Elçində, amma qabağından yemək, hansısa müəllimin qarşısında da çəkinmək kimi bir xasiyyəti də yoxdu. Yeri gələndə sözünü də deyə bilirdi. Etika həddini aşmadan, uzatmadan, qısaca və kəskin. Müəllimləri belə susduraraq...İllər ötdü, artıq Elçini tələbəlik illərində olduğundan yaxşı tanıyıram. Əziz Mərcanımıza layiqli bir ömür-gün dostu olması, çox sevdiyimiz, "Görən, kimə qismət olacaq, dəyərini biləcəklərmi?" dediyimiz qızın etibarlı əllərdə olmasından necə məmnun olmaya bilərik ki? İllərin, hadisələrin axarında dostluğuna, mərdliyinə, qayğıkeşliyinə, mərhəmətinə, ailəcanlılığına, alicəablığına daha yaxşı bələd oldum. Neçə-neçə kitabın müəllifi olan bir yazıçı kimi də rəğbət bəslədiyim, təhkiyəsini, üslubunu, mövzu dairəsini çox bəyəndiyim qələm sahibidir. Bu gün Elçin Kamalın saysız-hesabsız məziyyətlərinə həm də sevimli qazi balamız Kamalın atası olmaq da əlavə olunub. Və çox sevinirəm ki, Elçin Kamal kimi dəyərli bir ziyalı ilə qrup yoldaşıyıq.Təbriklər, Elçin, ömrün uzun, canın sağlam, o təmiz, mərd ürəyin daim xoş sevinclərlə dolu, qədrin-qiymətin uca və özünə yaraşan olsun! ƏMİNƏ İBRAHİMLİ,filologiya üztə fəlsəfə doktoruREDAKSİYADAN:Biz də əziz və dəyərli həmkarımız Əminə xanımın təbrikinə qoşulur, bütün yaradıcı heyətimiz adından əziz və dəyərli qələm dostumuz, çox hörmətli Elçin Kamalı anadan olmasının 60 illik yubileyi münasibətilə ürəkdən və səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, şərəfli fəaliyyətində yeni-yeni uğurlar və daha böyük nailiyyətlər arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Azelm.info.az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.