Atam haqqında düşüncələrim: onun ən böyük arzusu Qarabağda Azərbaycanın qələbəsi idi Gürcüstan » Qarayazı 25 сентября 2025 86 0 1 2 3 4 5 Sentyabrin 26-da atam Allahverdi Alı oğlu Ömərovun (1930-1995) vəfatından 30 il keçir.Atam - Allahverdi kişi el arasında deyildiyi kimi “İsaxan öldüyü il” 1930-cu ildə Omar oğlu Alı kişi və Alcanlı Qərib kişinin qızı Gülüstanın ailəsində anadan olmuşdu. 12 yaşından özü demiş “çöllərə düşmüşdü”, heyvandarlıqla məşğul olmuşdur. Qarağacda, Ağlağanda, Keçəl Qorada, Təhlə dağlarında-yaylaqlarda qoyun-quzu bəsləmişdi, buzlu bulaqlardan su içmişdi: özü də təbii idi, bulaq kimi saf idi, səxavətli idi, halal idi, həyata iti baxışları vardı, özünün sözü, özü-nün sifəti, özünün nəfəsi, həssas duyumu, özünəməxsus dünyagörüşü vardı.Savadsız idi. Həmişə xatırlayırdı ki, “sən demə mən özüm özümü öz əlimlə kor qoymuşam, məktəb yaşım çatanda, o vaxtlar məcburi təhsil olduğundan məktəbdən müəllimləri uşaqları mək-təbə cəlb etmək üçün ailələrə göndərirdilər. Müəllimlərdən bir neçəsi 1937-ci ildə bizə gəldi. Mən öz mal-qaramızı otarırdım. Müəllimlərlə qanoyun arasında rastlaşdım. Bir dəli comuşumuz vardı. Ancaq mənə yaxınlıq verirdi. Hoppandım belinə mindim: müəllimlər yaxın düşə bilməyib getdilər. Daha dərsə gedə bilmədim, heç məni xatırlayan da olmadı. Beləliklə, savadsız qaldım”. Kolxozun heyvandarlıq briqadiri olub. İşini çox yaxşı bilirmiş. Hətta elə “tanımal” olub ki, kolxoz idarə heyətinin qərarı ilə əsgəri xidmətə buraxılmayıb.1963-cü ildən həyatının sonuna qədər (1995-ci ilədək) 32 il Qaradüzdə Samqori suvarma kanalında “cuar”(suçu) işlədi. Hər sahədə bacarıqlı, qabiliyyətli, istedadlı idi. Allah savaddan məhrum etsə də, bacarığı, qabiliyyəti əsirgəməmişdi. Ali təhsilli, diplomlu ancaq bacarıqsız gürcü melioratorlarını mat qoyurdu: suyu elə yerlərlə gətirirdi ki, meliorasiya sahəsində görünməmiş iş hesab olunurdu. Bütün rəhbərlər, sovxoz direktorları, melioratorlar, suvarma rəisləri onunla hesablaşırdılar. Neçə hektarlarla əkin sahəsinə elə su cığırları açırdı ki, yuxarıdan buraxdığı suyu elə məqamında kəsirdi ki, bir damcı su da sahədən kənara çıxmırdı, əkin sahəsində 1 sm yer quru qalmırdı. Bunu bütün rəisləri, bütün sovxoz direktorları etiraf edirdilər. Bir dəfə sovxoz direktoru və meliorator nə qədər çalışırlar, əlləşirlər lazım olan yerə su çıxara bilmirlər. Atam Allahverdi kişi də burada onları müşahidə edirmiş. O, sovxoz direktoruna yaxınlaşıb: qatso, o yerdən su çıxmaz deyir, sonra suyun başqa səmtdən çəkilməsini israr edir. Meliorator etiraz edir ki, göz görəsi o yerdən su çəkmək qeyri-mümkündür. Lakin atam inadla dediyinin üstündə durur. Direktor melio-ratora: «O dediyi yerdən çəkin, onsuz da bu tərəfdən su çıxmır», - deyir. Atamın göstərişilə işə başlayırlar və su sahəyə axıdılır. Mat-məəttəl qalan rəislər: təəssüf ki, Allahverdi, təəssüf ki sən gürcü deyilsən, gürcü olsaydın Sosialist Əməyi Qəhrəmanı adna təqdim edərdik! - deyirlər. Ona görə də əvəzsiz işçi olduğunu nəzərə alıb direktorlar dəyişdikcə atamı da bir-birinə tapşırırdılar ki, onu əldən buraxma.Sözünü şax deməkdən çəkinməzdi. Ədalətsizliyə, yalançılığa qarşı çıxardı, heç vaxt hər “cızığından çıxanın” dərsini verməsə sakit dura bilməzdi. Bir gün Saqareco rayonunun “Udabno” sovxozuna yenicə direktor təyin edilmiş “Qeroy” adlanan Georqadze familiyalı birisi bütün işçiləri yığıb bərk danlayırmış. Sonra dönüb üzünü suçulara tərəf tutub:” Sizin də üzünüzü körmək olmur”,- deyəndə, həmişə işində -gücündə olan, tapşırılan işi canla-başla yerinə yetirən atam: “Biz sənin üzünü çöldə görmüşükmü ki, sən də bizi görəsən” - deyə dillənir. Direktor onun sözlərindən gülməyə başlayır. Otaqdakı gərginlik aradan qalxır. İclas qurtarandan sonra bütün işçilər onun başına yığılıb: “Malades Allahverdi, bizim üzümüzü danlamaqdan yaman qurtardın”- deyirlər. Gördüyü iş bir briqadanın işi həcmində olardı, ona görə də yüksək maaş alardı; ona əvəz olmadığından dediyi şərtlərə əməl edərdilər. Bir dəfə gürcü direktorlardan biri onun təcrübəsini öyrənmək üçün beş-on gürcü gənci onun sərəncamına göndərir ki, öz iş sirrini onlara öyrətsin. Atam nə qədər çalışsa da onları öyrədə bilmir. Direktor başqa üsula əl atır. Atamın maaşını kassir özü gətirib birbaşa sahədə hamının gözü qarşısında verir. Atam isə maaşı Tbilisi şəhərinə yaxın Samqori Su İdarəsindən alırdı. Direktor bununla anlatmaq istəyirdi ki, kim Allahverdi kişi kimi çalışsa, onun aldığı qədər maaş alacaqdır. Lakin bu tədbir də faydasız qaldı və ona əvəz davamçı yetişdirə bilmədi.Səxavətli idi. Atamın süfrəsi qonaq-qaralı olardı. Onun çörəyini hər millətdən olan çoxlu insanlar gəsmişdi. Üstünə gedəni naümid qaytarmazdı. Bəzən ona büvüsü Niyar deyərdi ki, evin tikilsin ay Allahverdi toğlunu toyuq əvəzinə kəsirsən. O isə gülümsünüb: “Allah əvəzini yetirər, təki cansağlığı olsun”- deyərdi. Hər yerdə: Qaraçöp mahalında da,Təhlədə, Candarda, Qaratəpədə, Borçalının hər yerində dostu, tanışı vardı; gürcülər arasında çoxlu dostları vardı - onlar atamı çox vaxt üzüm yığımı bayramlarına, toya dəvət edərdilər. Sözünə bütöv idi, köhnə kişilərə xas keyfiyyətləri vardı: yanında “əyər-əksik” hərəkətlərə yol verməzdi. Sözlə demək istədiyini baxışları ilə çatdırırdı. Qayğıkeş, mehriban və yeri gələndə sərt adam idi. Halallığı, ailə sədaqətini, dosta vəfalılığı hər şeydən uca tuturdu. Dünyada və ətrafda baş verən hadisələrə xüsusi qiymət vermək bacarığı vardı: Səddam Hüseyni bütün dünya ilə vuruşa bildiyinə görə, Dudayevi məğlubedilməzliyinə (ümumiyyətlə çeçenləri), qoçaqlığına görə sevirdi. Həmişə tövsiyə edirdi ki: “Yaxşı padşahların (o, hökumət başçılarını bu cür adlandırırdı) üzünə ağ olmaq, əstəğfürullah. Allahın üzünə ağ olmaq deməkdir”. Qorxu nə olduğunu bilməzdi, qorxaqlara da nifrət edərdi həmişə: “Qurddan qorxan qoyun saxlamaz” məsəlini tez-tez işlədərdi.Sürətlə gedən bir atı vardı. Atı elə öyrətmişdi ki, yarğanın üstündən atıla bilirdi. Bir gün mən atı sürdüm yarğanın qaşına çatanda dayandırdım. Başqa yolla getdim. O hirslənmişdi.Geri qayıdanda məni danladı:”Atın yüyənini niyə çəkirsən,atı öz yolundan döndərdin,özünə də universitet diplomu veriblər,utanmırsanmı?"-dedi.Xüsusi çoban itləri bəsləyirdi.Danışırdı ki keçmişdə Sarvan tərəflərdə Səmədağa adlı bir ağa varıymış.Qaban ovuna çıxanda həmişə Omar babamın yırtıcı cüt itlərini apartdırarmış:itlər qabanı görəndə aşağı yatar,qaban yaxınlaşanda itlər ona çatar,hərəsi bir tərəfdən qulaqlayıb yerə yıxarlarmış. Qohumcanlı idi: küsülüləri barışdırırdı. Mərhum ata-anasının ruhuna daim xeyrat paylayırdı.1995-ci il sentyabrın 26-na keçən gecə saat 2-15 dəqiqədə vəfat etdi.Arzuları yarımçıq qaldı.Qarabağda Azərbaycanın qələbəsini çox arzulayırdı: qələbə gününə qurbanlıq bir cöngə bəsləmişdi. Heyif ki, amansız, çarəsiz xəstəlik arzularını yarımçıq qoy-du.Lakin onun bu arzusu II Qarabağ müharibəsində Azərbaycan qalib gəldikdə gerçəkləşdikdən sonra biz övladları onun arzusunu yerinə yetirdik: qardaşım Alı bir cöngə kəsib Moskvada imkansızlara payladı, bir cöngə kəsib Bakıda şəhid ailələrinə və qazilərə payladıq, bir cöngə də kəsib Kosalı kəndində qonum-qonşuya payladıq. Çox arzulayırdı ki, Kosalıda məscid tikilsin, o, tez-tez gedib orada oturub namaz qılsın. Çox arzulayırdı ki, oğul nəvəsinin toyunu görsün. “Qarayazı» kitabının çap olunduğu günü səbrsizliklə gözləyirdi.Elimizin qeyrətli və gözəl oğlanlarından olan Əşrəf Əhməd oğlu Abdullayevin Allahverdi kişini tanıyanların fikirlərinin ifadəsi olan sözlərini olduğu kimi nəzərinizə çatdırıram:. “Təmənnasız yaxşılıqlar sahibi, elimizin arlı-namuslu, ömrü boyu halal zəhmətli, elə bunlara görə də ömrünün axırına qədər gülərüzlü Allahverdi kişiyə Allah rəhmət eləsin!”Allah Kosalıdakı və ümumən Qarayazıdakı dünyasını dəyişən bütün yaxşı kişilərə rəhmət eləsin!Baş daşı üzərində yazılmış şeir. Oğulluq borcundan irəli gələn düşüncələrim onun ölümündən sonra yazdığım “Ay ata” şeirində öz ifadəsini tapmışdır. Bu şe`rdən bir neçə bənd atamın qəbir daşı üzərində yazılmışdır. AY ATA Ömürdən payını o Allah verdi, El-obada bir ad aldın, ay ata. Cəfa çəkdin, nazımızla oynadın, Könlümüzü hər vaxt aldın, ay ata. Yeri gəldi, bəzən oldun şah kimi Bəzən kövrək oldun bir uşaq kimi, Arxamızda sən durmuşdun dağ kimi, Ağzımızda şirin baldın, ay ata. Qaraxaçda, Qaradüzdə yurd qurdun, Çətinliyə sinə gərdin, mərd durdun Qonaqlıqlar verdin, aclar doydurdun, Ürəklərdə daim qaldın, ay ata. Qohum-qardaş, bacı, övlad çox əsdi,Qara yellər yamanca vaxtsız əsdi Şöhrətli ömrünü yarımçıq kəsdi,Sağalmaz azara saldı, ay ata.Tükənməz xəznəydin ağızı bağlı,Ağlına çatmazdı yüz alim ağlı,Gözəl ömür sürdün aranlı, dağlı,Hara getdin cığır saldın, ay ata. Sonsuz ayrılığın acıdı, acı,Gözümüzün nuru, başmızın tacı,Vahid olub hər sözünün möhtacıCavanlıqdan ağsaqqaldın, ay ata,Cismin getdi, ruhun qaldı, ay ata! Vahid Allahverdi oğlu ÖmərovZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.