Ekstermal situasiyalarda müəllim nə etməlidir? – ekspertlər yol göstərir Köşə yazılar 12 Ocak Son günlər ölkə mediasının gündəmində müəllim-şagird münasibətləri ilə bağlı xəbərlərlə qarşılaşırıq. Məktəb kameralarına düşən görüntülər sosial şəbəkələrdə geniş paylaşılır, müzakirə mövzusuna çevrilir. Heç kəsi şagirdin nə etdiyi, ona nə üçün əl qaldırıldığı maraqlandırmır. Hər kəs müəllimi qınayır. Onun yanlış addım atmaqda günahkar bilir. Bu günlərdə elə 9 nömrəli məktəbdə də buna bənzər hal baş verdi. Məktəb rəhbərliyi şagirdi yüngülcə cəzalandırdığına görə axırıncı xəbərdarlıq edilməklə töhmət aldı. Bundan əvvəl də şagirdə əl qaldırdığına görə pedaqoji fəaliyyətindən kənarlaşdırılan müəllimlər haqqqında eşitmişdik. Maraqlıdır, bəs görəsən müəllim tədris prosesində çətin tərbiyə olunan uşaqlarla necə davranmalı, hansı tərbiyə üsullarından istifadə etməlidir ki, nəticə də özü cəzalandırılmasın? Təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmli hesab edir ki, davranışla əlaqədar hər hansı bir tənzimləmə ümumtəhsil məktəblərində mövcud deyil. Hansı situasiyada hansı davranışın göstəriləcəyini müəllimlər də bilmir, şagirdlər də bilmir: “Çünki, elə bir sənəd nümunəsi yoxdur. Ona görə də necə gəldi situasiya özünü göstərir. Hamı öz dünyagörüşünə uyğun davranır. Şagirdlərə vəzifələri, məsuliyyətləri xatırladılmır. Və bu qaydalara uyğunlaşmayacağı təqdirdə onları nə gözləyir, bu da şifahi şəkildə deyilir. Şagir və müəllimlər üçün standart prosedur olmadığından hərə bildiyi kimi davranır. Ona görə də tövsiyə edərdim ki, məktəb rəhbərliyi öz məktəbi üçün gözlənilən qaydaları çıxarsın. Buna əməl edilməyəcəyi təqdirdə addımbaaddım nə olunacağı da qeyd olunsun. Bu bəlkə yayındırıcılıq xarakteri ola bilər. Bu qadağalar dərsdən sonra sinifdə qalma, tənəffüsdə sinifdə qalma, bir-iki saat kitab oxuma və s. Əgər humanist metodlar işə yaramasa bir neçə gün məktəbdən uzaqlaşdırma kimi sərt addımlar atıla bilər. Müəllimlərə gəldikdə isə onlara olunan xəbərdarlıqlar gizli şəkildə olmalı, ictimaiyyətə təqdim olunmamalıdır”. Təhsil eksperti Kamran Əsədov hesab edir ki, ibtidai və orta məktəblərdə, xüsusən də yuxarı siniflərdə şagird nizam-intizamına nəzarət və sağlam mənəvi mühitin yaradılması olduqca çətindir. “Aydın məsələdir ki, bütün dünya bu problemdən əziyyət çəkir. Əksər ölkələrdə məktəbdə aqressiya ilə mübarizə üçün xüsusi proqramlar tərtib olunur, pedaqoji heyətə hərtərəfli təlim keçirilir, məktəblərdə psixoloq işi və sosial iş təşviq olunur. Azərbaycanda da bu mövzu günü-gündən aktuallaşır. Nəzərə almaq lazımdır ki, heç bir direktor və ya müəllimin həddini aşaraq şagirdi şəxsi və ailə vəziyyətinə görə mühakimə etmək, alçaltmaq, köməkdən məhrum etmək və məktəbi meşə qanunları ilə idarə etmək hüququ yoxdur”. Ekspertin sözlərinə görə vəziyyətdən çıxış yolu kimi təhsil müəssisələrində zorakılıq məlumatlılığının səviyəsinin öyrənilməsi üçün sorğular keçirilməli, uşaqlar, valideynlər və işçi heyəti arasında zorakılıqla bağlı maarifləndirmə işləri təşkil olunmalıdır.Zorakılığın önlənməsi üçün məsul şəxslərin təyin olunması və hər kəsin bunla bağlı məlumatlandırılması, “Qaynar xəttin” yaradılması vacibdir. Həmçinin işçi heyəti üçün “Stress and Anger Management”, “Ünsiyyət və Konflikt Management” təlimlərinin keçirilməsi, ildə 2 dəfə Psxoloji Superviziyaların təşkil edilməsi və peşə yanmalarının müəyyən olunması lazımdır. Təhsil üzrə mütəxəssis professor, Şahlar Əsgərovun fikrincə, müəllim-şagird münasibətləri cəmiyyətdə müzakirə mövzusu olmamalıdır. Çünki, cəmiyyətin özündə də söz-söhbət olur. Ailədə, evdə anlaşılmazlıq baş verir. Cəmiyyət bu anlaşılmazlığı qəbul edir. Amma məktəbdə müəllim şagirdinə əl qaldıranda cəmiyyət bunu qəbul etmir. Əvvəllər belə idi ki, valideyni nəticə maraqlandırırdı. Uşağının təhsilini düşünürdü. İndi isə tam əksinədir. Müəllimin cəzalandırılmasına gəlincə Şahlar Əsgərov hesab edir ki, buna görə müəllimə töhmət verilməməlidir: “Çox olsa, cəza kimi qanunvericilikdə nəzərdə tutulan mükafatlardan məhrum edilə bilər, maaşından tutulmalar ola bilər”. Psixoloq Fərqanə Mehmanqızı fikrincə istənilən hadisə əvvəlcə araşdırılmalı analiz olunmalıdır: “Ümumiyyətlə müəllim bu gün cəmiyyətimizdə aqressiya hədəfinə çevrilib sanki. Hər stiuasiyada müəllimi günahlandırırlar. Bizdə həmrəylik psixoligiyası çox inkişaf edib. Toplum onurğa sütunu ilə düşünür. Müəllimin hər hansı hərəkəti bizə görünən tərəfidir. Araşdırılıb, analiz edilmədən mühakimə yürütmək doğru deyildir. Uşağın, müəllimin psixoloji durumu, müəllimi affect vəziyyətə gətirən səbəblər araşdırılmalıdır. Uşaq ailədə nizam-intizam qaydalarına uyğun yetişdirilməyəndə o hər hansı bir mühütə düşəndə ona əməl etməyəcək. Hər insanın özünün xarakteri var. Bu xarakterində formalaşması dövrü ailədə baş verir. Ailə uşağa şiddətlə təsir etdiyi üçün uşaq şiddətlə anlayır, yox əgər baxışla, müzakirə ilə təsir edirsə belə qəbul edir. Əgər şagird müəllimi avtoritet kimi qəbul edirsə, onun dediklərinə əməl edir, affekt halına gətirib çıxarmır. İstənilən halda şagirdin tərbiyəsi ailədən gəlir. Uşaqları nizam-intizam qaydalarına riayyət etməyi öyrətməyən valideynlər də müəllimi psixoloji şiddətə məruz qoyur. Buna görə də şagird birinci evdən tərbiyələndirilməli məktəbə göndərilməlidir”. Valideynlər də məktəbdə müəllimin şagirdinə əl qaldırmasının əleyhinədir. Valideyn Arifə Əliyeva deyir ki, müəllim yalnız şagirdin valideyninə onun davranışları barəsində məlumat verə bilər, ondan tədbir görməsini xahiş edə bilər. Lakin onun şagirdə əl qaldırmağa haqqı yoxdur.Digər bir valideyn Güney Mahmudova da hesab edir ki, müəllim şagirdə əl qaldırmamalıdır. O mümkün qədər əsəblərini cilovlamalı, tənbehedici mövqe tutmalıdır. Belə məqamlarda şagirdlərlə təklikdə söhbətlər yaxşı nəticələnə bilər.Müəllim Gülbəniz Valehova belə məsələlərin cəmiyyətdə qınaq hədəfinə çevrilməsinin əleyhinədir: “Müəllimin şagirdinə yüngülcə toxunuşla vurduğu sillənin müzakirə mövzisina çevrilməsi yolverilməzdir. Belə hallar bütövlükdə müəllim nüfuzuna xələl gətirir. Çox vaxt şagirdlərin dözülməz hərəkətləri müəllimi onlara yüngülcə əl qaldırmasına səbəb olur. Bunu böyük bir məsələ kimi gündəmin müzakirəsinə çıxarmaq doğru deyildir”. Problemin müzakirəsindən belə qənaətə gəlmək olar ki, istənilən halda müəllimi nüfuzdan salmaq yolverilməzdir. Onun tələbkarlığını, ciddiliyini, cəmiyyətimiz üçün layiqli vətəndaş yetişdirmək uğrundakı çabalarını mənfi quymətləndirmək doğru deyildir. Müəllim cəmiyyətin ziyasıdır, bu ziyanın nurundan məhrum olanlarsa həyatda uğur qazana bilməz. Dilşad Xaqaniqızı,"Şərqin səsi" qəzetinin redaktoruZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.