Aliyə NURUYEVA: “Təki sən yaxşı ol...” Köşə yazılar 6 Ekim "Kənarın gurultusunu deyil, qəlbinin pıçıltısını dinlə". (M.C.Rumi)Salam. Necəsən? Mən yaxşıyam. Əslində sən mənim necə olduğumu bilirsən, amma mənim səndən heç xəbərim yoxdur. Gəl üzləşək, sənə deyəcəklərim var. Gəl oturaq iki yaxın dost sirdaş, dərddaş kimi. O dostlar ki, biri cəfakeş fədakar, digəri vecsiz, inadkar və qədir bilməz. İcazə ver əyləşim. Mən danışım sən dinlə. Açığı özümü onu min bir zəhmətlə böyütmüş ata-anasını qocalar evinə atan əclaf kimi hiss edirəm. Həm borclu, həm vicdansızlığın vicdan əzabı, həm də çarəsiz. Gülümsəyirsən... qurban olum elə baxma xəcalət çəkirəm. Bir-bir etdiklərimlə sənə necə ağrılar verdiyimi və etməlı olub, etməyə cəsarət etmədiklərimlə məyusluq çəkdirdiyimi bilirəm.Mən səni qızmar Günəş altında ucsuz-bucaqsız səhrada ünvansız, mənzilsiz bir köhlən at kimi çapdım, nə su verdim nə də qoydum dincələsən. Hər qazanacağım uğurum üçün səni dinləmədən amansızcasına incitdim, yordum. Bir azca büdrəyən kimi qəmlərlə, qüssələrlə boğdum səni. Reallıq, imkan və faktları götür-qoy etmədən, gənclik çılğınlığı ilə düzgün seçmədiyim insanlara , düşüncəsiz qərarlara görə səni nə alovlara atdım. Ah, Sənə nələr etmədim ki mən... Çoxlu pul qazanıb istədiklərimi almaq üçün mənə bəxş etdiyin nə qədər incə, zərif nüansları(hisssləri) qətl etdim mən bu fanı dünya üçün. “Məqsəd” dedikləri o maddiyyat üçün gecələr yatmadan, gündüzlər dincəlmədn düşüncəli məngənələrdə saxladım səni. Qazandıqca Elə hey yenə nəsə istədim, nə səni dinlədim, nə özüm dayandım. “Bu da olsun, bunsuz tam olmaz, onsuz yarımçıq qalar” deyə-deyə bir də baxdım ki, özümü natamam, əskik etmişəm. Söylə ey mən, varmı sənə məndən böyük düşmən, varmı ikincı bir qəddar bəndə. Bütün etdiklərimə və etmədiklərimə görə məni bağışla. Utancımdan gözlərimi yerdən qaldıra bilmirəm. Heç olmasa bir şey pıçılda: “Təki sən yaxşı ol...”Aliyə Nuruyeva,Bakı Slavyan Universitetinin jurnalistika və filologiya fakültəsinin məzunu ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.