Professor Nadir Məmmədlinin 65 yaşı tamam olur Humanitar elmlər, "XXI əsrin Ziyalıları", Təbriklər 19 Eylül 198 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Sentyabrın 19-da Azərbaycanda dilçilik elmi sahəsində mühüm xidmətləri ilə məşhur olan görkəmli alimlərimizdən biri, dilimizin yorulmaz tədqiqatçısı, AMEA Nəsimi adına Dilçilik İnstitunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin 65 yaşı tamam olur.Professor Nadir Baloğlan oğlu Məmmədli - 19 sentyabr 1959-cu ildə Bakıının Bülbülə qəsəbəsində anadan olub. 1977-1979-cu illərdə Moskva şəhərində hərbi xidmətdə olub. 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Filologiya fakültəsini, 1988-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki xarici dillər fakültəsinin iki illik Fars dili şöbəsini əla qiymətlərlə bitirib.1989-1992-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunda təcrübə keçib. 1992-1994-cü illərdə Moskva şəhərinin arxivlərində çalışıb. Həmçin Təbriz şəhərindəki Dil və Ədəbiyyat Universitetində də təcrübə keçib.1985-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda işləyib, 1992-ci ildən 2021-ci ilin oktyabr ayına qədər Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında müəllim və dosent vəzifəsində çalışıb.Rus bölmələrində "Azərbaycan dili", Azərbaycan bölmələrində "Nitq mədəniyyəti" və “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənlərindən dərs deyib. Magistr qruplarda isə "Ali məktəb pedaqogikası" fənnini tədris edib.1989-cu ildə "Müasir Azərbaycan dilində feli sinonimlər" mövzusunda namizədlik, 2000-ci ildə isə "Müasir Azərbaycan dilində alınma terminlər (1920–1991-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Filologiya elmləri doktorudur. 1995-ci ildə dosent, 2007-ci ildə professor elmi adını alıb.Nadir Məmmədlinin çoxşaxəli fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. 2004-cü ildə Türkiyə Cümhuriyyətinin Qazi Universitetində (Ankara), 2012-ci ildə Çin Xalq Respublikasının Konfutsi Universitetində (Anxoy vilayəti) alınma, beynəlmiləl sözlərlə bağlı ekspress-mühazirələr oxuyub.Dünyanın ən nüfuzlu Beynəlxalq konfranslarında çıxış edən N.Məmmədlinin əsərləri Təbriz (İran), Trabzon, İstanbul (Türkiyə), Oş, Bişkek, (Qırğızıstan), Perm, Ufa, Mahaçqala (Rusiya), Quvahati (Hindistan), Okinava (Yaponiya), Estern (Şri-Lanka) başqa şəhərlərdə nəşr olunub.Professor Nadir Məmmədli bir sıra elmi təşkilatlarda üzv seçilmişdir.AMEA Nəsimi adına Dilçilik İnstitutu nəzdində filologiya elmlər doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının sədridir. Yaponiyada Higher Education Forumun (bax: Warm Regards, Higher Education Forum), Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür."Filologiya məsələləri" elmi jurnalının redaksiya heyətinin üzvü və rəyçisidirProfessor Nadir Məmmədli yaşadığı 65 illik ömründə fədakar alim və dəyərli naşir kimi daim nümunəvi olub. Onun yaradıcısı olduğu “Elm və təhsil” nəşriyyatının Azərbaycan ziyalılarının əsərlərinin ictimaiyyətə təqdim olunmasında müstəsna rolu var.O, alim-naşir fəaliyyətinə görə 1995-ci ildə Təhsil Nazirliyinin hümanitar sahə üzrə təsis etdiyi "Gənc alimlər müsabiqəsi"nin laureatı olub, Mahmud Kaşqari Fondunun mükafatına, Azərbaycan Yazıçılar Birliyinin "Rəsul Rza" və "Bəxtiyar Vahabzadə" mükafatlarına, 2000-ci ildə "Alınma terminlər" monoqrafiyasına görə Təhsil Nazirliyinin "Ən yaxşı elmi iş" müsabiqəsinin qalibi adına layiq görülüb.27 oktyabr 2021-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə filologiya elmləri doktoru, professor Nadir Məmmədli AMEA Nəsimi adına Dilçilik İnstitunun direktoru vəzifəsinə təyin edilib.Hazırda Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik edən alim böyük dilçilik ordusunun, kollektivin böyük rəğbətini qazanıb. Nadir Məmmədli Azərbaycan dilçiliyinin və Azərbaycan dilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, Azərbaycan dilinin müasir dilçilik metodlarının tətbiq edilməsi ilə tədqiqi, Azərbaycan dilinin tarixi morfologiyası, müasir dilçilik cərəyan və məktəblərinin dərindən və hərtərəfli öyrənilməsi, nəzəri dilçilik istiqamətində tədqiqatların genişləndirilməsi istiqamətində aparılan işlərə başçılıq edir.Onun elmi və publisistik fəaliyyətinə nəzər saldıqda alimin müasir dilçiliyin problemləri ilə də yaxından məşğul olduğunun şahidi olarıq.Dilçiliyimizin keşiyində dayanan nadir tədqiqatçılardan olan Nadir Məmmədli 17 kitab, 6 monoqrafiya, 150-dən artıq elmi məqalə, 300-dən artıq publisistik və elmi-publisistik məqalə, 1 metodik göstəriş,1 danışıq kitabçası, 4 dərslik və 4 lüğətin müəllifidir.Professor Nadir Məmmədlinin dilçilik elmi qarşısındakı böyük xidməti kommunikasiya mədəniyyətinə həsr olunmuş irihəcmli dərsliklərdir ki, buraya “Azərbaycan dili və nitq mədəniyyəti”, “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” daxildir.Alimin elmi kadrlar yetişdirmək sahəsində fəaliyyəti də təqdirəlayiqdir. Azərbaycan dilçilik elminin potensialının güclənməsində bu elmi kadrlar böyük rol oynayır.Professor Nadir Məmmədlinin Azərbaycan dilçilik elminin inkişafı üçün çəkdiyi zəhmət, onun yaratdığı sanballı əsərlər, yetişdirdiyi kadrlar xalqa təmənnasız xidmətin, yüksək mənada vətəndaşlığın, fədakar alim fəaliyyətinin parlaq nümunəsidir.Görkəmli alim dünyanın bir çox ölkələrində keçirilmiş dil qurultaylarında, konfrans, simpozium və konqreslərdə məruzələrlə iştirak edib, doğma vətənimizi layiqincə təmsil edib.Alimin yaradıcılığının ən pik nöqtəsi isə Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin çapı ilə bağlıdır. Belə ki, Türk dillərinin tarixi inkişafını, tarixi leksikologiyasını öyrənməkdə, müqayisəli qrammatikasını tərtib etməkdə əvəzsiz mənbə olan bu əsər 86 ildən sonra – 2023-cü ildə Dilçilik İnstitutunun arxivindən tapılıb və üç cilddə nəşr edilib.Professor Nadir Məmmədli Türkiyə Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun qərarı ilə Türk Dil Qurumunun fəxri üzvü seçilib. O, türdilli dövlətlər arasında yaratdığı körpüyə görə Qırğızıstan Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun fəxri akademiki adına layiq görülüb.Professor Nadir Məmmədlinin gerçək yaşı kitablarında, əsərlərində yaşamaqdadır. Onun ömrü kitablarıdır, yaşı yaratdıqlarıdır.Yeni yaşlarla, yeni əsərlərə doğru yolunuz əbədi olsun, hörmətli Nadir müəllim!Sizi Yubileyiniz münasibətilə ürəkdən təbrik edirik!..Sizə uzun ömür, möhkəm cansağlığı, şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.