GÖRKƏMLİ ÇOĞRAFİYAŞÜNAS ALİM ZAKİR EMİNOV Yeni nəşrlər, Digər bölmələr 1 Eylül 794 20 1 2 3 4 5 TƏBRİK EDİRİK!.. Zakir Namin oğlu Eminov - 1967-ci ildə Azərbaycan Respublikası Neftçala rayonu Yuxarı Qaramanlı kəndində anadan olmuşdur. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakultəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə SSRİ ordu sıralarında xidmət etmişdir. Z.N.Eminov 1991-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş və AMEA Coğrafiya İnstitutuna göndərilmişdir. Həmin ildən Coğrafiya İnstitutunun “Azərbaycanın əhalisi və sosial inkişaf coğrafiyası” şöbəsində işləmişdir: əvvəlcə baş laborant, sonra kiçik elmi işçi, elmi işçi olmuş, 2001-ci ildən aparıcı elmi işçi, 2015-ci ildən baş elmi işçi vəzifəsində çalışmışdır.2017-ci ildə yeni yaradılmış “Tibbi coğrafiya” şöbəsinin müdiri təyin edilmişdir. Z.N.Eminov Azərbaycan Respublikasında və keçid dövründə olan digər ölkələrdə əhalinin sosial-demoqrafik vəziyyəti, əmək ehtiyatlarından istifadə edilməsi, yaşayış məntəqələrinin inkişafı, aparılan iqtisadi islahatlar, onların bu proseslərə təsiri məsələlərini öyrənir. Azərbaycanda əhalinin məskunlaşmasının iqtisadi və sosial-demoqrafik problemlərinə dair 90-a qədər elmi məqalə və tezisin müəllifidir. Elmi əsərləri ABŞ, Böyük Britaniya Rusiya Federasiyası, Ukrayna, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Rumıniya və s. ölkələrdə çap edilmişdir.Z.N. Eminov institutda işlədiyi müddət ərzində qiyabi yolla 1991-1995-ci illərdə İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin aspiranturasında təhsilini davam etdirmiş, 1997-ci ildə AMEA İqtisadiyyat İnstitutunda “Azərbaycan Respublikasında əhalinin Vahid Məskunlaşması Sisteminin (VMS) formalaşması və inkişafı” (Gəncə iqtisadi rayonunun timsalında) mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 2007-ci ildə Z.N.Eminova dosent elmi adı verilmişdir. Z.N.Eminov 2012-ci ilin sentyabrında “Azərbaycanda əmək ehtiyatlarının formalaşmasının demoqrafik problemləri” mövzusunda doktorluq dissertasiyası işini tamamlamış və müdafiə etmişdir. Z.N.Eminovun uzun illər apardığı tədqiqatların nəticəsi olaraq 6 monoqrafiyası işıq üzü görmüşdür. Müəllifin “Azərbaycanın əhalisi” monoqrafiyası 2005-ci ildə çap olunmuşdur (Bakı, “Çıraq” nəşriyyatı, 2005, 560 s.). 2010-cu ildə “Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası” (proseslər, problemlər, konstruktiv aspektlər) monoqrafiyası çap olunmuşdur (N.Ə.Paşayev və N.H.Əyyubovla birlikdə). “Azərbaycan Respublikası Milli Atlasının” hazırlanmasında yaxından iştirak edən Z.N.Eminov iqtisadi, sosial və demoqrafik məzmunlu xəritələrin tərtib edilməsində iştirak etmiş, 17-yə qədər xəritənin müəllifi olmuşdur. Z.N.Eminov coğrafiyanın tədrisi və geniş oxucu kütləsi arasında təbliği üçün xeyli işlər görmüş, böyük həcmli kitablar və vəsaitlər hazırlamışdır. Onlardan birincisi 2000-ci ildə çap edilmiş, 2005-ci ildə yenidən işlənərək “Coğrafiya” məlumat kitabı adı altında nəşr olunmuşdur (Bakı, “Çıraq” nəşriyyatı, 2005, 656 s.). 2012-ci ildə Z.N.Eminov orta ümumtəhsil məktəbləri üçün tədris vəsaiti kimi nəzərdə tutulan iki cildlik “Coğrafiya ensiklopediyasını” hazırlamışdır (Q.M. Səmədovla birgə): 2015-ci ildə orta ümumtəhsil məktəblərində tədris olunan kurikulum proqramı əsasında VIII siniflər üçün “Coğrafiya” dərsliyi və “Müəllimlər üçün metodik vəsaitin” həmmüəlliflərindən biridir. 2015-ci ildə AMEA Coğrafiya İnstitutunda “Azərbaycan Respublikasının coğrafiyası” adlı üç cildlik fundamental kitab çap olunmuşdur. Professor Z.N.Eminov kitabların ikinci (İqtisadi, sosial və siyasi coğrafiya) və üçüncü (Regional coğrafiya) cildlərinin əsas müəlliflərindən biridir.Həmin kitablara görə 2016-cı ildə elm sahəsində bir qrup coğrafiyaşünas alimlər (akad. Ramiz Məmmədov, prof. Elbrus Əlizadə, c.e.d Zakir Eminov, c.ü.f.d Məhərrəm Həsənov) Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.Z.N.Eminovun tədris fəaliyyəti BDU və ADPU ilə bağlıdır. O, BDU-da “Azərbaycanın əhalisi”, “Azərbaycanda əhalinin VMS-nin problemləri” və “Azərbaycan və qonşu ölkələrin əhali coğrafiyası” kursları üzrə mühazirə və seminar məşğələləri aparır.ADPU-da “İstehsalın texniki-iqtisadi əsasları” və “Əhali coğrafiyası” fənnləri üzrə mühazirə oxumuşdur. O, 5 fəlsəfə doktoru üzrə dissertanta, 5 doktoranta elmi rəhbərlik edir. İndiyə qədər onun elmi rəhbərliyi ilə 7 nəfər coğrafiya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Ailəlidir, iki oğlu vardır. Bu günlərdə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişi ilə Coğrafiya üzrə elmlər doktoru, Dövlət mükafatı laureatı, professor, AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Namin oğlu Eminovun rəhbərliyi ilə "ŞUŞA" - Şuşa inzibati rayonunun coğrafiyası: təbii şərait və sosial-iqtisadi inkişaf potensialı" adlı kitabı işıq üzü görmüşdür. Sevindirici haldırki, bu kitabda "Şuşanin mədəni irsin keçmişi və indisi" adlı məqaləm də yer almışdır. (Bax: səh. 235.) Bu münasibətlə Zakir müəllimi ürəkdən təbrik edirik, həm də ona öz dərin təşəkkürümüzü bildirməklə yanaşı, uzun ömür, mohkəm can sağlığı və yeni-yeni uğurlar arzulayırıq! Əlləz Vəliyev (Ormeşənli),Azərbaycan Yazıçılar Birliyininvə Azərbaycan Jurnalistlər Birliyinin üzvü,“Qızıl Qələm” mükafatı laureatı.Prezident təqaüdçüsü (2020-2021).ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.