AzTU-da 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib Təhsil » AzTU 6 Kasım 412 0 1 2 3 4 5 Noyabrın 8-də Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən 3 il ötür. Bu münasibətlə Azərbaycan Texniki Universitetində (AzTU) tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, şəhid ailələrinin üzvləri, qazilər, Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının və universitetinin nümayəndələri iştirak edib.Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində ordumuzun düşməni məhv etdiyi görüntülərdən hazırlanan videoçarx da tədbir iştirakçılarına təqdim olunub. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbriklərini çatdıran AzTU-nun rektoru Vilayət Vəliyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başladılan 44 günlük Vətən müharibəsində ordumuzun savaş strategiyasından danışıb. Bildirib ki, Azərbaycan Ordusunun 44 günlük müharibədə müasir texnologiyalardan istifadə edərək düşməni məğlub etməsi dünya hərb tarixində bir ilk idi. Rektor onu da qeyd edib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ bölgəsində başladığı və 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin hər bir yerində dalğalanır. Bu şərəfli tarixləri bizə yaşadan şəhidlərimiz və qazilərimizi hər an qürurla xatırlayırıq. 44 günlük müharibədə AzTU-nun tələbə və məzunları arasından 35 nəfər, lokal xarakterli antiterror əməliyyatlarında isə 2 nəfər şəhidlik zirvəsinə ucaldı. Tələbə və məzun şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində universitetdə müxtəlif tədbirlər həyata keçirilir. Onların adları təhsil aldıqları auditoriyalara verilib. Şəhidlərin əziz xatirəsi hər zaman universitetdə yad olunur və bu belə də davam edəcək.Sonra AzTU məzunları, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Rauf Əliyevin valideyni Səxavət Əliyev və Elçin Həsənlinin valideyni Xatirə Həsənli çıxış ediblər. Qeyd olunub ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasında şəhid və qazilərin xidmətləri əvəzolunmazdır. Azərbaycan xalqı var olduqca, bayrağımız yüksəklərdə dalğalandıqca şəhidlərimizin xatirəsi də əbədi yaşayacaq.Daha sonra AzTU TV studiyasının hazırladığı fləşmobun videoçarxı nümayiş olunub.Tədbir tələbələrin ifasında şeir və musiqi nömrələri ilə davam edib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.