Qazax təəsüratlarım

Qazax təəsüratlarım
Şair-publisist Xəlil Zeynalov
26.10.2022-ci il.


Hörmətli oxucular, Azərbaycan ədəbiyyatı və incəsənətinin bir qolu olan qərb zonası Qazax odlar yurdu Azərbaycana görkəmli şəxslər vermişdir. Bu baxımdan dövlət başçımızın sərəncamı əsasında Qazax şəhərində tikilmiş və fəaliyyət göstərən “Ədəbiyyat muzeyi” prezidentimizin ədəbiyyatımıza, incəsənətimizə və mədəniyyətimizə hörməti ülvi hislərinin və qayğısının nəticəsidir. Buna görə də bir qələm əhli kimi möhtərəm prezidentimizə öz minnətdarlığımı bildirirəm. O əzəmətli ədəbiyyat ocağının inşasına, daxilinin bəzədilməsində, nümayiş etdirilən sənədlərin toplanmasında Qazax rayonunun ziyalılarına, cəmi sakinlərinə, səliqə-səhmanla yığılmasında zəhməti olan hər bir kəsə sağ olun deyirəm.

Əlbəttə, burada çox zəhməti olan şair Barat Vüsalın təşkilatçılığı danılmazdır. O, “Mədəniyyət muzeyi” qərb bölgəmizin güzgüsüdür. O, bölgədə ədəbi mühitin daha da yaxşı inkişafına bir töhfədir (Bir zaman gələcək, mən buna inanıram, Gözü nəmli Göyçəmizdən, Borçalıdan sənətçilər bir yerə cəm olub gözəl məclislər keçirəcək). Hələ bir neçə il bundan öncə – 2008-ci ildə yeni çapdan çıxmış “İllərin o tayında kitabımı şair dostumuz Barat Vüsala vermişdim. O zaman hələ “Ədəbiyyat muzeyi” inşa olunmamışdı. Bir mərtəbəli bir neçə otaqdan ibarət olan tikilidə fəaliyyət göstərirdi. Hər dəfə yolum Qazax şəhərinə düşəndə gedib Barat Vüsalnan görüşürdüm. Təbii ki, məlum hadisələrə görə 1988-ci ildə mənfur, kütbeyin qonşularımız tərəfindən dədə-baba yurdundan qovulmuş qohumlarım orada məskunlaşıblar. Hər il onlarla görüşməyə gedirəm. Bu dəfəki görüşümdə Barat müəllimin yanında dörd nəfər şair vardı. Hər biriynən görüşəndən, qısa söhbətləşmədən sonra Barat müəllim yanındakılara hərəniz bir şeir deyin, amma məhəbbətdən olsun dedi. O dörd nəfərdən biri, “Barat müəllim biz başqa mövzuda yazırıq” deyə bildirdi. Barat müəllim başını mənə tərəf çevirib, Xəlil, sən söylə məhəbbətdən bir şeir. Biri digərindən fərqli iki şeir dedim. “Yenəmi sevərsən, ay qağa?” Barat soruşdu. “Canda ilham, sevgi olmasa şeir haradan yaranar” dedim. Maşallah deyib gülümsündü və dedi: “Şeirimizin qartalı Səməd Vurğunun belə bir şeiri var,

Göylərə baş çəkir Göyəzən dağı,
Axşam açıq olur ayın qabağı.
Bizim gəlinlərin bayram qabağı,
Fəsəli yaymağı yadıma düşdü.
Şair burada nə demək istəyir?”

– “Barat müəllim, siz təsəvvür edin ki, vətəndən uzaqlarda Moskva şəhərində Lomonosov adına universitetin ədəbiyyat fakültəsində təhsil alırsınız. Birdən elin-oban, yaxınların, dostların yadına düşür. Necə olarsan onda? Səməd Vurğun kimi yox, ancaq buna bənzər şeir yazarsan” dedim. Cavabım şairi qane eləmişdi. Yenə bir sual verdi, onu da cavablandırdım. Barat Vüsal məni sanki imtahan edirdi:

– Yaxşı, de görüm bu şairlər vətənində şeir yazacaqsanmı?
– Barat müəllim, bəyəm şairin buynuzu olur? İlhamdı gəldi, şeir yazılmalıdır.

Bu anda bədahətən bir şeir dedim:

Qazaxa getmişdim qonaq qalmağa,
Olub-keçənləri yada salmağa.
Vurğun sənətindən ilham almağa,
Barat da qoymadı şeir yazmağa.

“İndi bildim ki, sən də şairsən, qağa” - dedi.

Şeirin iki bəndini də sonradan yazdım:

Bu elin meyvəsi, barı şirindi,
Zirvənin ağaran qarı şirindi,
Hər kəsə sevdiyi yarı şirindi,
Barat da qoymadı şeir yazmağa.

Vaqifin, Səmədin ana vətəni,
Xəlil qəlbən sevib, unutmaz səni.
Vəsf etmək istədim çölü-çəməni,
Barat da qoymadı şeir yazmağa.

2022-ci ildə “Təsəlli ver mənə” kitabım çapdan çıxdı. May ayının ikinci yarısında şairlər vətəni Qazaxa getmişdim dincəlməyə. Ədəbiyyat muzeyində şair Barat Vüsalnan görüşdüm. Səmimi söhbətimizdən sonra yuxarıda qeyd etdiyim kitabımın birini şairə verdim. Məni təbrik etdi, yaradıcılıq uğurları arzuladı və kitabı açdı. “Qazaxa getmişdim” rədifli şeiri oxuyub gülümsündü. Bir xeyli söhbətdən sonra muzeyin ikinci mərtəbəsinə qalxdıq. Bizi şeirimizin qartalı Səməd Vurğunun portreti qarşıladı. Muzey çox xoşuma gəldi.
İyirmi gün azlıq elədi mənə dincəlmək. Səhərisi gün Bakıya yola düşəcəydim, bu şeiri yazdım:

Dağ döşündə dumanları damcılar,
Ceyrançöldə ceyranları sancılar.
Sökülən dan ötən günü qamçılar,
Gedirəm, ay Qazax, gedirəm səndən,
Doymadım ləhcəndən, bir də şeirdən.

Bir də ələ düşməz heç belə çağlar,
Gördükcə uzaqda silsilə dağlar.
Qəmlənib mənimtək buludlar ağlar,
Gedirəm, ay Qazax, gedirəm səndən,
Doymadım ləhcəndən, bir də şeirdən.

Qazax – Damcılıda bülbüllər ötər,
Hünər göstəribdir Qaratel, Yetər.
Könlümü qızdırdı günəşdən betər?
Gedirəm, ay Qazax, gedirəm səndən,
Doymadım ləhcəndən, bir də şeirdən.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: